Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - GÖRƏSƏN NiYƏ BİZİM QÜRBƏTÇİLƏRİMİZ ÜRƏKLƏRİN VƏTƏNƏ GÖNDƏRMİRLƏR...

VAQİF OSMANOV - GÖRƏSƏN NiYƏ BİZİM QÜRBƏTÇİLƏRİMİZ ÜRƏKLƏRİN VƏTƏNƏ GÖNDƏRMİRLƏR...

VAQİF OSMANOV - GÖRƏSƏN NiYƏ BİZİM QÜRBƏTÇİLƏRİMİZ ÜRƏKLƏRİN VƏTƏNƏ GÖNDƏRMİRLƏR...
Ədəbi tənqid
admin
Müəllif:
14:59, 27 mart 2021
1 283
0
VAQİF OSMANOV - GÖRƏSƏN NiYƏ BİZİM QÜRBƏTÇİLƏRİMİZ ÜRƏKLƏRİN VƏTƏNƏ GÖNDƏRMİRLƏR...




 Sözlə musiqinin – iki vəfalı və uzunömürlü sevgilinin sarsılmaz birliyindən, doğmalığından yaranıb bəşəriyyət. Musiqi insan qəlbinin həyəcanı və rahatlığı, ilk eşitdiyimiz nəğmə-ana laylası, son ucu ölümlü dünyanın eşitmədiyimiz nəğməsi-ağıdır.
Musiqi bəşər övladının ən uğurlu tapıntısı, ümumi dilidir. Musiqini anlayanlar ən istedadlı poliqlotlardır, yüzlərlə dildə həmplanetliləri ilə ünsiyyət yarada bilirlər. Musiqi haqqında ünlü filosof Safruhun yaddaşımdan silinməyən iki deyimi var: “Bəşəriyyətin fəhminə inanıram, inanıram ki, o, bir muğam yaratmağın qitələrarası raket sistemi yaratmaqdan daha çətin, daha gərəkli olduğunu dərk edəcəkdir”. Və “Üzeyir bəyin, Üzeyir bəy sənətinin ömrü nə qədərdir? Azərbaycan xalqının ömrü qədər. Artığını deyə bilmərəm, nə qədər ki, dünyada bircə nəfər Azərbaycanlı var, Üzeyir sənəti də var olacaq”.
Şair-qazi Rəfail Tağızadə də musiqini – “beynəlxalq dili” poeziya qədər mükəmməl bildiyini “Şopenin ürəyi” poemasında sübut etmişdir. Mən də şairin “Şopenin ürəyi” poemasını – “simfoniya”sını dinlədim, musiqi və poeziya dili ilə dünyanın nəbzini, ovqatını öyrənməyə çalışdım. Bildim ki, musiqi və ilahi söz həzin, lirik, həm də hayqıran səsiylə bəşəriyyətin xilası uğrunda vuruşan, çalışan sərkərdə-müəllimdir.
“Şopenin ürəyi” poetik “simfoniya”sının “üvertura”sı (başlanğıcı, müqəddiməsi, proloqu) məni qədim Polşaya səyahətə çağırdı; Varşavanın Müqəddəs Xaç kilsəsinə, Visla çayının sahillərinə. Oradakı “axşam duası – orqan səsinə” köklədi məni. “Dilini anlamadığı bir şəhərdə” Rəfail Tağızadə “lal kimidir”:
Yalnız Şopen musiqisi
bu anda həmdəmdi mənə,
ilham pərisi qapımı döyür yenə –
dur get Müqəddəs Xaç kilsəsinə,
qulaq as orqan səsinə.
Bir şam yandır kilsədə
Şopenin ruhuna.
Unut özünü, sözünü,
bu gecə yarısı
Şopen girəcək sənin yuxuna.

Niyə sözə və musiqiyə həssas Rəfail müəllimi ilham pərisi Müqəddəs Xaç kilsəsinə səsləyir? Sizi bir az intizarda saxlayım. Sonra deyəcəm.
21 yaşında Vətəndən ayrılan, Fransada yaşayan, bütün ömrü boyu sevimli Polşasının ağrıları, həsrəti ilə nəfəs alan Şopenin yaradıcılığı Polşa musiqisinin inkişafına yönəldi. Vətəninin musiqisini Avropa səviyyəsinə qaldıran bu böyük bəstəkar Polşa musiqisinin klassikidir. Yaradıcılığını bütünlüklə fortopianoya həsr etmiş yeganə bəstəkardır, onu “fortopiano şairi” adlandırırlar.
“Şopenin ürəyi”nin ikinci hissəsi “Polonez”də (Polşada təntənəli rəqs, “marşların kralı”) Rəfail Tağızadə ecazkar Varşava gecəsinə – Şopenin musiqi dünyasına xəyali qonaqdır, düşünür ki, indicə ilahi bir aləmə düşəcək:
Və sanki illərin arxasından
Şopen gəlib qapını döyəcək bu an.
Varşavadan Parisə
Parisdən Varşavaya
uzanan bir yol –
bir nöktürn qədər qısa,
bir həsrət qədər uzun.
Bir not dəftəridi həyat –
hər vərəqdə bir sevda,
Ümid, ayrılıq, hüzn...

“Həyatı not dəftəri”nə bənzədən şair “paltosunun boynunu qaldırmış Şopeni görür “Novotel”in 26-cı qatından:
Pan Şopen gülümsəyər,
sirli-sirli baxar mənə
və mənim damarlarımdan
Şopen musiqisiylə qarışıq
bir şeir axar yenə...

Şopenin musiqisi səslənir
şəhərin qulaqlarında...
Qibtə ediləcək
bir azadlıq hissi var
bu gün mənim qəlbimdə, ruhumda.
Sanki bir sehirli, azadlıq və Vətən eşqli aləmdəyəm: dünya musiqinin və sözün ağuşunda uyuyur, “durna qatarına dönür musiqi, göydə Ayın rəqs etdiyi gecələrdə”:
...Varşava küçələri,
Varşava gecələri...
Şopenin musiqisi
Ağ qanadlı mələk kimi
Qanad açıb uçur..., uçur...

Rəfail Tağızadəni həm də bəşər duyğulu bir bəstəkar kimi tanıdım – “Şopenin ürəyi” ilə. Ona görə də poemanı “simfoniya” kimi təqdim etdim və “dinləyib” duyğulandım. “Simfoniya”nın üçüncü hissəsində – “Mazurka”da (Polşa xalq və bal rəqsi) “sevinc və kədərin qarışığında Ay işığı sayrışır, həsrətlə sevincin qaynaqlarında barmaqlar od tutur”. Uzaq panlar ölkəsində həzin musiqi ənginliyində də Qarabağ həsrətli şair bir an da olsa Vətəni unutmur:
Gözəl günlər uçub gedər,
uçub gedər, gəlməz daha,
ana yurddan ayrı düşdük,
üzümüz də gülməz daha.

Bu da ana yurda rekviyemdi, kövrək bir nöktürndü. Şair “Şopenin ürəyi”ni yazanda 2010-cu il idi. 10 ildən sonra ana yurda qovuşduq, Rəfail müəllim. Səbrimizin də səbri çatmadı daha səbir etməyə, ərənlər qələbə yollarını açdılar. Vətənin içindəki səngərləri tərk etdik, irəlilədik. Üzümüz güldü.
Vaqif Səmədoğlunun ürəyimizi ehtizaza gətirən poeziyası ilə başlanan “simfoniya”nın dördüncü hissəsi “Nöktürn”dür – istəkli, arzulu, gecə xəyalları kimi əlçatmaz həzin gecə musiqisi. Nöktürn şairi özündən alıb “qoparır, bir qara piano dünyanın ortasında, Şopenin başı bəlalı xəyalı pianonun arxasında” həsrət nəğməsi zümzümə edir – ağ-qara dilləriylə:
Qoy süzülsün barmaqlardan
Şopenin göz yaşları –
həzin bir melodiya,
bu dünya bir şirin yuxu,
bu dünya bir acı röya.

Çevik, cəld musiqi lövhəsi Alleqrodur. Beşinci hissədə – “Alleqro”da “dağlar yenə oynayır, Xeyirlə Şər savaşır, göydə buludlar qaynaşır, dünya od tutub yanır” qoca dünya “Cəngi” havasındadı. “Ümid çiçəyi – Şopenin ürəyi tərk edir yurdu”. Bu “çevikliyin” içində bir kövrək ürək Vətəndən aralı düşür:
Şopen musiqi çalır
gözlər yarı yumulu,
Polşa üçün döyünən
ürəyi dərdlə dolu.

Amma Şopen musiqiylə
dua edirdi Yaradana,
qaranlığın ortasında
alışıb yana-yana.
“Alleqro”da bir müqəddəs savaş var; Şopen musiqisiylə, Nazim Hikmət misralarıyla vuruşur:
Nazim Moskvadan,
Şopen Parisdən
insanlığa bağırırdı.

“Vals” – altıncı hissə “Paqanininin taleyini” arzulayan Adil Mirseyidin lirikası ilə başlanır. Rəfail Tağızadə ürək dostuna bir sirdaş nəğməsi oxuyur “İlham pərisinin qanadlarında, gecələr qəlbinə ayrılıq dolanda, həzin poloniya havalarından bir təsəlli arayıb” ruh ortağına bir ismarış göndərir uzaq ellərdən:
Amma bu tənhalıq ümidsiz deyil,
ümidsiz deyil yozduğum şeir,
sənə ərmağandı uzaq Polşadan
Şopen havasına yazdığım şeir.

“Simfoniya”nın finalı “Rekviyem”lə bitir. “Rekviyem”də
“bir cüt xəyal rəqs edir,
öz musiqisinə oynayır Şopen
ilham pərisi Avrora Düpen ilə.

Kimdir Avrora Düpen? Bu Jorj Sand təxəllüsü ilə məşhurlaşan Şopenin sevgilisinin əsl ad və soyadıdır. Şopenlə məhəbbəti dillər əzbəri olan Jorj Sand onu başa düşməsə də və ayrılsa da, Şopenin yaradıcılığının çiçəkləndiyi məhsuldar dövr Jorj Sandla birgə yaşadığı illərə təsadüf edir. 1827-1846-cı illərdə Frederik Şopen solo fortopiano üçün 21 pyes yazıb. Bunlar dünya musiqisinin ən yaxşı qısa instrumental solo əsərləri sayılır. “Yağış” valsı daha populyardır.
Rəfail müəllimi ilham pərisi niyə Müqəddəs Xaç kilsəsinə səsləyir? Nəhayət, intizarında qaldığınız suala aydınlıq gətirim. Ağır vərəm xəstəliyindən vəfat etmiş Şopen Parisdə dəfn edilir. Şopenin ürəyi isə öz vəsiyyətinə görə Polşaya aparılır və bu günədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.
Şopenin heç vaxt Vətəndən ayrılmayan ürəyi və ruhu Müqəddəs Xaç kilsəsini “bəxtəvər” etdi.
Və mən dərin düşüncələrin içində haldan-hala düşdüm.
İnanıram ki, Rəfail Tağızadə də poemanı yazanda belə əhval-ruhiyyədə olub. Görəsən niyə ömrünü əcnəbi ölkələrdə başa vuran soydaşlarımız Şopen kimi vəsiyyət etməyiblər? Biz Vətənimizi pan dostlarımızdan azmı sevirik? Müqəddəs Xaç kilsəsi əbədi ürək abidəsidir. Niyə bizdə belə abidə yoxdur?..
Şopen bir müqəddəs məbəddi – Vətən üçün ədədi döyünən ürək məbədi...
Əbədi döyünən ürək məbədi - Vaqif Osmanov yazır
Vaqif Osmanov
 
Mənbə:manevr.az
 
Xudaferin.eu
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)