Fərid Muradzadə - "Dəfnə" əsəri üzərində düşüncələr
Əgər sual versək ki, həyat nədir? Böyük əksəriyyətimiz ənənəvi olaraq həyatın mübarizə olduğunu söyləyəcək. Bir qisim insanlar da daha dərin
fəlsəfi qatlara dalacaq və həyatın müəyyən mənada anlaşılan tərəfdən tərifini verəcək. Amma gənc yazıçı dostumuz Nemət Mətin "Dəfnə" romanında yazır ki, "həyat etirazdır" və Nemət bunu lakonik, amma çox da gözəl izah edir. Əslində etirazçılıq bütün canlının, təbiətdə artıb-törəyənin fitrətində qərar tutub.
Romanı ilk oxuyanda gənc, modernist, enerjili, ədəbiyyatı və incəsənətin digər növlərini yaxşı bilən bir yazıçının pafosdan uzaq romanının sonluğunun nə ilə nəticələnəcəyini oxumayan oxucu əsərin qəhrəmanının cənab T olduğu qənaətinə gəlir və roman bu istiqamətdə öz axıcılığı ilə gedir və… Kitabın 93-cü səhifəsində açılan kod oxucunun roman haqqındakı bütün stereotiplərini qırır. Yəni romanın əvvəllərində oxucu qəhrəman kimi qəbullandığı cənab T-ın macəra dolu həyatından birbaşa insanı içdən titrədən, əslində bütün romanı nəql edən məsum bir varlığın hekayəsinin təsirinə düşür. Dünya ədəbiyyatında doğulmamış körpələrin dilindən yazılan məşhur əsərlər var, Q.Q.Markesin "Əzizlərim"i, V.Nabokovun "Bəyaz gecələr"i və s. Azərbaycan ədəbiyyatında da bu nümunələrə rast gəlmək olur. Miri Rəsulzadənin "Gözəl qızıma" hekayəsi olduqca təsirlidir. Lakin Nemətin "Dəfnə"si bundan daha fərqlidir. Nemətin Dəfnəsi öz hekayəsindən qabaq baş vermiş hadisələri də nəql edir. Oxucuya iki gəncin təsadüfi tanışlığından, onların sevgi münasibətlərindən, ailə qurmaqlarından, incəsənətdən, qədim Yunan mifologiyasından, kitabdan, incəsənət muzeyində "Atalanta və Hippomen"in təsvir olunduğu rəsmə baxıb -"Görəsən, sonra onlar xoşbəxt yaşaya biliblərmi? kimi sual verən xanım A-ya cənab T-ın cavabından sonra bəlkə də bir ömür ailəsindən belə münasibət görməyən, gözləri yaşaran muzey bələdçisindən, Dəfnədən, Davuddan bəhs edir.
"Dəfnə"nin mövzusu həyatdan alınıb. Müəllifin uşaqlıq illərində gördüyü bir səhnə illər sonra yazıçı təxəyyülü və gerçək həyat hadisəsinin məhsulu olaraq romanlaşdırılıb. Müəllif olduqca həssas bir mövzunu seçib. "Dəfnə" onlarla, yüzlərlə Dəfnələrin, xanım A-ların və cənab T-ların həyat hekayəsidir. Bu roman neçə-neçə insanları titrədib inlədəcək. Neçə qəlbin qaysaq tutmuş yaralarını qoparacaq, kül altda qalan qoru közərdəcək, çünki "Dəfnə" həyat hekayəsidir. Dəfnə deyir:
"Mən xoş bir gün görməmiş, gözləri açılmamış körpəyəm. Mənim kimi körpələr çoxdur. Biz hamımız valideynlərimizin həyatını bir film kimi izləyirik."
Fiziki olaraq dünyaya gəlməmiş bir varlığın valideynlərini tanıyandan sonra həyatın gözəl olması qənaətinə gəlməsi, həyatı sevməsi, sevilib əzizlənməyin fiziki olaraq necə bir xüsusiyyət olduğunu bilməyən varlığın ruhi hiss və düşüncələri mənə görə çox gözəl təsvir olunub. Beşik qismət olmayan bir körpənin məzarını ziyarət edən valideynlərin ona oyuncaqlar gətirmələri, uyuduğu torpağı bəzəmələri, ruhi aləmdə olan varlığın düşüncə və xəyallarda yaşaması Dəfnənin dilindən elə gözəl təsvir olunub ki…
Dəfnə(Dafna) adı qədim Yunan mifologiyasından götürülüb. Dəfnə ölümsüzlük və təmizlik simvolu sayılır.
Son səhnələrin təsviri də olduqca maraqlıdır. İnsan cismən ölsə də, ruhu əbədiyaşardır və cisim adlı qəfəsi tərk edən ruh kənardan seyirçi kimi insan həyatını, dünyanı daha rahat, maneəsiz şəkildə izləyir. İnsan həyatı Tanrının ən möhtəşəm senarisidir. Əzizlərini itirən insanların ən yaxşı təsəllisi xatirələr və şəkillərdir. Şəkillərdə hamı göründüyü kimidir, eyni yaşdadır, eyni zamandadır. Şəkillərdə hamı sağdır. Elə Dəfnə də, anası da...

