Əlabbas Bağırov - Köhnə kişi
Murad yenə dan üzü oyandı. Çoxdan idi, yuxudan gecənin itlər yatan vaxtı ayılır, arvadının yanından səssiz-ünsüz sivişib qalxır, səssiz-ünsüz də geyinib çıxırdı. Bu gecəsə ışləri lap əvvəldən düz gətirmədi; siftə şalvar yoxa çıxdı, qaranlıqda əl havasına yan-yörəyə baxmağın da bir köməyi olmadı, o, kibrit çəkib künc-bucağa göz gəzdirdiyi yerdə hənirtiyəmi, işığamı təsadüfən Gülab yuxudan ayıldı və bir xeyli dinməz-söyləməz ərinin üzünə baxıb, hikkəylə şalvarı balıncının altından çıxara-çıxara:
-Ala,-dedi,-özünü çox həlak-yesir eləmə!
-Mən də deyirəm, görən, nec olub bu andıra qalmış soyxa?–Murad burnunda mızıldandı,-heç demə, burdaymış. İşə bax ee!...
Gülab qalxıb yerinin ıçındə oturmuşdu. Qımırından dinib-danışmır, köynəyinin iplərini düyə-düyə ərinin hara hazırlaşdığına key-key, yazıq-yazıq tamaşa eləyirdi. Gecə elə bayaqkı sükutda, otaq elə həmin qaranlıqda idi. Gülab da sanki ərinin özünü yox, qaraltısını görür, yun corabı ayaqlarına necə çəkməyini, sırıqlını əyninə nə cür ehmal-ehmal geyməyini ancaq-ancağa sezirdi.
Çox keçmədi, qapı açılıb-örtüldü, eyvanda kibrit alışıb-söndü: yəqin ki, Murad siqaret yandırırdı...
Pilləkəndən addım səsləri, həyətdən isə darvazanın cırıltısı da birdəfəlik çəkilib gedəndən sonra Gülabın dili açıldı:
-Səni məndən yana tez məəttəl qalaydın! Qalaydın məndən yana məəttəl!...
***
Səfi bacısının ardınca səsə çıxanda it özünü yırtıb-tökürdü. Qar yeri düm ağ ağartsa da, elə zülmət idi, sanki gecəni dibigörünməz, dərin bir quyuya sallamışdılar. Səfi hənirti gələn tərəfə – tövləyə səmt yeridi və divarın qurtaracağına çatanda Qaratelin çəpəri asdığını görüb yubanmadan küləş tayasına söykəli uzunsap yabaya tərəf yüyürdü, intəhası çəpərin o biri üzündə bacısından nəsə soruşub asta səslə öskürən adamın Murad olduğunu biləndə ağlına gələn birinci şey bayaqdan bəri qarı-buzu cırmaqlaya-cırmaqlaya özünü didib-dağıdan iti açıb ötürmək oldu. Amma heyvanın səs-səmirinin kəsilməyi ilə, deyərdin bəs gecə də gecəliyini, qorxuncluğunu birdəfəlik itirdi.
Sən demə, Bənəyin də özünü öldürməyi varmış: açılmağı ilə sümsünə-sümsünə harasa üz qoymağı bir oldu. Neçə illər idi, elə o soyuq yuvaydı, o ağır dəmir zəncir idi və gecənin hansı bir əyyamındasa, kəndin harasındasa itlər elə şirin-şirin hürüşürdülər ki, elə bil ömürləri boyu nə təklik, nə də zəncir adında şey görmüşdülər.
Əl boyda dilini sallayıb ləhləyə-ləhləyə geri qayıdandasa dünya çoxdan işıq üzünə dönmüş, yer-yurd, həyət-baca qarrəngi nura bələnmişdi. Ayrı heç nəyin yox, təkcə həyətin o biri başında əllərini nəfəslərilə isidə-isidə qonşu damın qarını növbə ilə muğanlayan uşaqların şad-şalayın səsi gəlirdi...
Səfi təxminən elə bu vaxt – qarın ağ, günün qızılı işığı bir-birinə qarışanda arvadını ıçəri cağırıb əlacı yerdən-göydən üzülmüş kimi tapşırırdı ki, getsin ora, o gedən deyil, yapışsın o qancığın saçlarından sürüyə-sürüyə gətirib qatsın bu xarabaya, o indi yaxşı bilir nə eləmək lazımdı.
-Özüncə getsənə, a Səfi, bilirsən, zəhləm qaçır ondan.
-Nə deyirlər ona bax, arvadsan, arvad yerində öl!
-A Səfi, dərdin ürəyimə, niyə axı özün?...
-Axı özün... Axı özün...-Səfi arvadının ağzını əydi,-niyə mən bilmirəm, nə danışıram?! Deməli, belə məsləhətdi ki, belə deyirəm.
Şahnaz könülsüz-könülsüz çiynini çəkdi ki, di neynim. Amma ərinin belə xoruzlanmağı, deyəsən, yaman ləzzət eləmışdı ona; dodaqlarını əliylə tutub gülürdü ki, səsi çıxmasın, cünki düz-dünya gün işığından hələ təzəcə bəzək tutmuşdu, yatası vaxtına bir dünya vaxt vardı.
***
Gülabın üzü elə o qarlı-çovğunlu qış gecələrinin birində döndü. Qapını daldan kilidləyib:
-Üzükmə buralara,-dedi Murada,-bəsdi başımıza oyun açdığın! Nə vaxtacan biz siçan-pişik oyunu oynayacağıq?
Murad qapının çöl üzündə durmuşdu. Səsi onsuz da astadan eşidilirdi. Bu sözdən sonra isə səmiri bir az da aşağıdan gəldi:
-Bəs uşaqlar?–deyə canıyananlıqla soruşdu.
-Mən billəm, uşaqlar bilər, o sənə qalmayıb.
Bu həmin qarlı-püsəkli gecə idi ki, iti vursaydın, damından çıxmazdı. Bütün kənddə, bəlkə də, Murad bayırda olan yeganə adam idi. O, çiynində sırıqlı, eyvandaca oturub uzun müddət tutqun-tutqun titrəşən kənd işıqlarına tamaşa eləyə-eləyə papiros çəkdi. Qalxıb məhəccərə söykənərək bir müddət də qarın yağmağını seyr elədi. Külək az-maz səngiyən kimiydi və qar elə dənər-dənər tökürdü ki, elə bil ulduzları şadaraya doldurub ələyirdilər.
Bir dünya vaxt keçəndən sonra fikirli-fikirli məhəccərdən aralanaraq pəncərəyə yaxınlaşıb, istidən tutqunlaşmış şüşəni sırıqlısının qolu ilə sildi. Onlu da-onsuz da heç nə görünüb eləmirdi: gülsüz, köhnə narıncı pərdə elə əvvəlki yerində idi.
Axır ki, dirsəyini pəncərənin dəmir çərçivəsinə, alnını isə ovcuna söykəyib dayanmaqdan da bezdi və haçandan-haçana altı əl qalınlığında uzunboğaz çəkmələrini taxta döşəmədə qəsdən taqqıldada-taqqıldada çıxıb getdi ki, qoy arvadı da, oyaqdırsa, lap uşaqları da bilsinlər ki, lazım gəlsə, Murad qalmağa yer tapar...
***
-Getdi kimə çəkdi, kimə oxşadı bu sıpanın qızı, bilmirəm,-Səfi belə deyirdi ki, bəlkə, Muradla olan bugünkü söz-söhbəti yaddan çıxarda, ancaq danışdıqca lap da odlanırdı. Həmişə bu vaxtlar çoxdan yatmış olan arvadının da yuxusu indi elə bil ərşi-fələkdə idi. Durub-durub birdən o da başlayasan:
-Görüm Allah onun üzünü hər iki cahanda qara eləsin, necə ki, o bizim üzümüzü eləyib. Amma deyirəm, Səfi, allah heç kimə göstərməsin, çətindi e belə şey. Yazıq qızın getdiyinin heç ili də tamam olmamışdı əri əsgər gedəndə. Ər da barı bir ər olaydı! Arvaddan qabaq yatan kopoyoğluydu. Yazıq, başıdaşlı Qaratel olmasın, elə biri mən özüm olum, neylərəm?!... Belə getsə, deyir, çatını salıb boğazıma boğacam özümü, daha bəsdir dözdüyüm.
-Elə bircə o qalmışdı. Görsün əlimizi kəsə bilərmi dost-tanışın ətəyindən, cında qızı, cında.
-Aaz, deyirəm, o Murad nədi elə vurulmusan ona, elə bil Həmədan eşşəyidi yekəlikdə. Özünün gül kimicə fağır ərin... Buy Allah, itin olum, eşşək qaçıb palanı salmadımı? O yandan qayıt ki...
-Həmədan eşşəyi sənin ərindi, hıı?-Səfi arvadının, guya, yarımçıq qalmış sözünü bitirirdi.
Görünür, fitnə-fəsad dağarcığı onun xətrinə dəymək istəmədi ki:
-Yox, dedi,-ta o qələti də eləmədi, ancaq Muradın, deyir, bir kəsik dırnağına da dəyişmənəm onu... Buy ağız, üzə bərəkət, yüz il yüz ilə qala, mən neçə ilin arvadıyam, belə sözü dilimə də gətirəmmənəm... O deyir, Şahqulu dədə görməyib, elə bilir, öz dədəsi də bir kişidi, lap onun nağılına döndü bununku. Elə gecəm də Muraddı, gündüzüm də, deyibcə durur. O da deyirəm, gəldi-gedər şeydi, a başıdaşlı, onun arvadı, səndən yekə qızı, ev-eşiyi. Budu, bu gün-səhər ərin gəlir, bə nə fikirdəsən? Cəhənnəmə ki, deyir, görüm onu heç salamat gəlməsin, gəldiyi yerdə. Elə ərə gəldim-gəlmədim, günüm qara, çörəyim para olub. Ta gördüm buna söz qandırmaq zülm Allahü-Əkbərdi, məni, dedim, qardaşın göndərib ki, ərin gələnəcən gəlib qalasan bizdə. Gəlmişdim da, deyir, qalmalı olsaydı, qalardım, mən qağamda gördüyümü gördüm. Qağacığazının dərdi olsun, dedim, sənin kimi bacının ürəyinə ki, yaxşılıqlarına qərəm kor oldun. Dedim, qalxdım, ta heç bilmədim, ağlamağı harda qaldı, dalımca qarğış tökməyinin axırı nə oldu?... Şahnaz bunu deyib bir qədər susdu, sonra yenidən cuşə gəldi:
-Sən adam olanın qudurmağına bir bax?! Xalqlar gəlsin Səfi kimi qardaşdan yana burnunun ucunacan göynəsin, bu da dursun pirinə şıllaq atsın! Qəhbənin biri, qəhbə!... Sənin yerinə mən olam, heç qoymaram buralara itbaxandan da baxa, bərkini tutduqca ayağı yer alır.
***
Nə vaxt ki, Murad evə qayıdırdı, onda gecə çoxdan yarıdan keçmişdi. Qapını bağlamaq ya yaddan çıxıb qalmışdı, ya da olsun ki, Gülab bunu bilə-bilə eləmişdi. İçəri girib arvad-uşağın yuxuda olduğuna tam əmin olandan sonra bir müddət heç nə eləmədən yalnız balalarının sifətinə tamaşa eləməklə baş qatdı. Elə diqqətlə baxırdı, sanki dost-doğma ciyərparalarını birinci səfər idi görürdü. Həmişəki kimi, xırda qızın üstü yenə də açılmışdı. Murad çəkib yorğanı düzəldəndən sonra uzun müddət uşaq kimi dizlərini qucaqlayaraq lal-kar halda arvadının balıncının yanında oturub qaldı. Elə ha qəsdlənirdi ki, səsləyib onu durğuzsun, amma nədənsə ürək də eləmirdi. Elə bil Allahdan oldu: Gülab birdən-birə yerində qurcalanıb yorğana büründü və Murad o saat başa düşdü ki, yatmaq nədi, Gülab bəlkə də, yerinə girənin oyağıdı. Bilsə də ki, arvadının ayrı şey ömür-billah ağlına da gəlməz, dinməz-söyləməz, paltarlıca onun böyrünə uzanıb, əlbəəl yaltaqlandı ki, fikri varsa belə, qoy heç nə soruşmasın o.
-Hələ yatmamısan?-deməyə bundan münasib süz tapmasa da, həmışəki məhrəmlik və doğmalıqla əllərini onun sifətində gəzdirməyi də unutmadı. İntəhası o sifətə gülüş deyilən şey gəlmədi və Murad başa düşdü ki, yoox... boş şeydi bu qılıq-filan. Bununla belə qabaqdangəlmişlik elədi, uşaq kimi fağır-fağır, yazıq-yazıq:
-Bilirəm,-dedi,-adam deyiləm mən, Gülab, qalınların qalınıyam. Kim olsa, inciyər, amma...
O heç bilmədi, nə desin, nəyi bəhanə eləsin ki, bəlkə, arvadı Allaha-tanrıya baxa... Tərs kimi qadın da bircə kəlmə döndərmirdi: nə ağ, nə qara... Lap axırda, o vaxt ki, bu sükut, bu lallıq Muradın sözündən sonra bir tərəfdən Gülabın əri ilə barışmağına da oxşayırdı, onda arvadın lap astadan, pıçıltıyabənzər səsi eşidildi:
-Muraad!
-Hıım?!
-Azar hıım?!
-Düz deyirsən,-Murad cani-dildən razılaşdı.
Aradan xeyli keçəndən sonra yenidən Gülabın səsi gəldi:
-Muraad!
-Hıım!-Murad yenə fikri ayrı yerdə olan adamlar kimi vecsiz-vecsiz mızıldandı.
-Ay Murad!-Gülab səs-səmir tamam kəsiləndən sonra bir də səsləndi.
-Nədi, a Gülab?-Muradın səsi bal kimi şirinləşdi,-nə deyirsən axı?
-Ağu deyirəm, dərd deyirəm, vərəm deyirəm... Deyirəm, səni görüm heç oğul üzü görməyəsən.
-Ta nə deyirsən?
-Deyirəm, hər şey nazikliyindən sınar, adam qalınlığından. Deyirəm, sənin heç insanlığın yoxmuş, sən namərdlərin namərdiymişsən.
Murad bic-bic mırtdandı:
-Sən ölməyəsən, dilbilməz əlində qalmışam e!
-Axı özün də bilirsən ki, ora getməyində deyiləm. Səni bu yaşda gözüdağınıq görəndə tüstüm təpəmdən çıxır. Əvvəl dinmədim ki, bəlkə, özün başa düşəsən, qaxılıb oturasan xarabanda. Sənin də ölmüş gününə idi dünyanı vecinə alasan, nə bilirsən, onu da eləyirsən. Daha fikirləşmirsən ki, işinin çətini innən belədi. Altı qız ərə verməlisən. Bilmirəm, başa düşmürsən bu nədi, ya qız külfətiylə zarafat eləyirsən? Ellə bir adın-sanın vardı. Bu hərəkətinlə özünü elə gözdən salmısan ki, bir vaxt bu kəndə, bu adamlara elədiyin yaxşılıqlar indi bir qara qəpiyin yerində də deyil...
Muradı birdən-birə elə bir titrəmə tutmuşdu ki, dişi-dişinə dəyirdi və düz birinci xoruz banınacan elə-eləcə də qaldı. Amma Gülabda da insaf deyilən şey yoxumuş: nə çəkilib yanında ona yer elədi, nə də könülalan bir söz dedi ki, əri utanıb eləmədən, adam balası kimi soyunub uzansın.
-Niyə məni belə bədbəxtlik basıb, xudaya-pərvərdigara?!-deyəndən sonra Murad ehmal-ehmal qalxdı, şalvar-pencəyini dəyişdi, hardansa köhnə şapqasını da tapıb başına keçirtdi və hələ çox ertədən olmasına baxmayaraq, getdi ki, mal-heyvanı yemləsin.
***
Lopa-lopa qar ələnən qış gecəsinin o vədəsi idi ki, itlər hərdənbir hürür, aradabir haradasa uzaqlarda çaqqal ulayırdı. Onların – Muradla Qaratelin gecəsi isə elə bil indicə düşmüşdü.
-A Məjnun qızı, Məjnun,-deyirdi Murad,-heç gör yadıma düşürmü soruşum? Nəsir bəylə söhbəti nə yerdə qoydunuz?
-Nə var nə yerdə qoyaq? Gəldi də, payını alıb, qayıtdı da. Deyir, indi bir iş idi oldu, ərini əsgərlikdən saxlatdırammadıq, bə sən niyə xar elədin bizi el içində? Axı sən mənim ağıllı balamıdın. Bala, vallah, səni qızlarımdan ayırıramsa gözümə su yensin. Bəsdi, dedim, sizin nazınızla oynadığım, o oğlun, o da sən. Qurtardıq daha... Səfi də oturub, əli qulağının dalındaca qulaq asır. Elə bunu dediyimi gördüm. Məni aldı, nə aldı! Meyidimə-meyidimə çəkdi.
-Yaxşı görək, indi bir-iki şıllə vurub-vurmayıb, o saat dəvədən fil düzəldirsən.
Qaratel oymasını çəkdi, baldırı-budu haracan açıldı.
-Di haa,-dedi,-bax gör mənim zülmümü. Meyidin buynuzu-zadı olmur ki?!
Murad yalnız onun nə halda olduğunu görəndən sonra fağırlaşdı. Qızın canının gömgöy yerlərini sığallaya-sığallaya:
-Coxmu ağrıyır?- soruşdu.
-İndi yox,-deyə Qaratel gülümsündü,-bircə sən yanımda olanda ağrımır...
***
Səfi gələndə qar təzə-təzə səngiyirdi. İtə çörək atdı ki, hürüb səs-küy salmasın. İki gün əvvəl olduğu kimi, indinin özündə də inanmağı gəlmirdi ki, sırağagün günorta çağı Muradın kəndin o başından basa-basa qapılarına gəlməyi, hətta o təhərsiz dərəcədə yumşaqlığı ona hədə-qorxu gəlmək olmasın: “Yəqin ki, gəlməzdim bura, Səfi, amma çox götür-qoydan sonra qərarım bu oldu ki, ikilikdə söhbətləşsək, pis olmaz. Dediyim odur ki, gərək hər şeyi ölçüb-biçəydin, itin-qurdun sözünə baxıb sataşmayaydın mənə. Axı mən ta qoca kişiyəm. Unutma ki, bu kəndin yolunda sən ağırlıqda tər tökmüşəm. Bunu başa düşməyin cəhənnəm, hələ bir farağat da durmursan. Qulağıma çatıb ki, gedib orda-burda şeytançılıq eləyirsən ki, ay nə bilim sədrlikdən yığdıqlarını indi xırıd eləyir, özünə bir dam-daş saldırıb ki, şah sarayı... Kənddə elə bir adam tapmazsan ki, əlindən lələdağlı olmasın... Bəs bir vaxtlar bilmirdin ki, birləşib adamı sədrlikdən salmaq nə deməkdir? Aparıb adamın atını dağdan uçurtmağın axırı nə təhər olur? Qova-qova, axırı, məni namərd elədiniz, qansız uşağı, qansız, yoxsa hələ başımı o qədər itirməmişdim ki, belə qurumsaqlığa qol qoyam. İndiyəcən dinməməyim, sakit dolanmağım da kəndçiliyə, adamlığa görə olub. Amma siz, bu kəndin arvadcan qeyrəti olmayan kişiləri bunu ayrı cür başa düşdünüz. İndi get, gör şalvardan-pencəkdən nəyin var, qoy qabağına, xırda-xırda fikirləş. Onu da yaxşı yadında saxla ki, bacının namusunu ananın qarnında ikən çəkərlər...”
***
Qapının cırıltısının eşidilməyi ilə Səfi dərhal qaranlığa sindi ki, bacısı onu görməsin. Çünki otağın işığı açıq qalmış qapıdan enli zolaq kimi onun yanında dayandığı ot tayasının düz həndəvərinəcən uzanıb gəldi. Qaratelin çıxmağı ilə çaydanı eyvandakı səhəngdən suyla doldurub qayıtmağı bir dəqiqəcən ancaq çəkdi. Heç ağlabatan şeyə oxşamırdı ki, tək adam olasan, gecənin bu vaxtınacan oyaq qalasan, üstəlik hələ bundan sonra da çay tədarükü görəsən. Deməli, Murad burdaydı ki, ityosunlu belə əl-ayağa düşmüşdü. Daha gedib nə elədilər, nə danışdılar, bu, Səfi üçün öləcəyi günü bilmədiyi kimi qaranlıq bir şey idi. Heç ağla gələrdimi, orda söz-söhbətin ləzzəti gecəylə tən yarıdı:
-Bəs Gülab xala buna necə baxır?
Murad da sual verdi:
-Gülab xalan?! Yaxşı arvaddı Gülab xalan. Arvadım olduğuna görə demirəm, adamın üstdə Allahı var. Sənə də düzünü deyim ki, o mənə həmişə qardaş etıbarında, bacı vəfasında olub. Onun yerinə kim olsaydi, çoxdan bulaqda-zadda tutub saçlarını yolardı.
-Deyənlərim az idi, sən də bir yandan. Dünən eşidəm ki, Xatın xalanın yasında məni hərbələyirmiş ki, heç eybi yox, görər nə gətirirəm onun başına!
-Həlbət ağzıgöyçəklərin, sizi istəməyənlərin çıxartmasıdı. Aranızı vurmaq qəsdilə deyib.
-Nə bilim, bəlkə də,-deyib Qaratel də, ümumiyyətlə, o fikirdə olduğunu bildirdi və boynuna aldı ki, çalışır, hər dedi-qoduya, söz-sova o qədər də inanmasın. Lap axırda isə gülə-gülə belə bir şey danışdı:
-Hələ onu qoyum, bunu deyim. O günü bulaqdan gəlirəm. Bir də baxam ki, Gülab xala... Deyirəm, gülürəm, qızlarla zarafatlaşıram, görüm hələ nə eləyəcək? Gəl, çat, özü də düz gözlərimin içinə baxır. Hal-xoş elədi, kefimi xəbər aldı. Mənə eşitdirə-eçitdirə Bəyim arvadın o xırda qızı nədi, ona da ki, nə olar adamın anası yanında olmayanda, elə adam nə bildi, onu da eləyər? O nə pəstahlardı Qara İbrahimin bağında o müəllimlə çıxardırmışsan? Gərək qadın qisminin namusu südündən ağ, südündən təmiz ola. Ölsəydim, ondan yaxşıydı. Elə onu bildim ki, qoydum qaçdım. Qorxdum, daha nəsə deyib eləyə, xəcalətimdən öləm. Sənəyimi də qızlar dalımca gətirmişdilər.
Bu yerdə Murad da zarafatından qalmadı:
-Gör,-dedi,-bir o kimin arvadıdı?
-Bura bax, Murad!
-Nədi?
Qaratel gözlənilmədən xəbər aldı:
-Məni çox istəyirsən, Gülab xalanı?
-Axmaqlama, səfehin biri, səfeh! Bu nə sualdı? – Muradın, həqiqətən, hirslənməyini həm də ondan başa düşmək olardı ki, Qaratelin başını sinəsindən ayırıb ehmalca özündən kənar elədi.
-Qorxursan, inciyəm? – Qaratel düz kişinin gözlərinin içinə baxa-baxa mehribancasına onun tüklü, enli çiyinlərindən yapışıb yenidən isti sinəsində sifətinə yer elədi,-qorxma, kinli-zad deyiləm, ürəyində nə tutmusansa , de, amma düz...
Nə təhər ki, ağıllı, üzüyola uşağı öpüb əzizləyərlər, eləcə də Murad Qaratelin alnından öpüb narınca-narınca güldü və:
-Gecələr səni çox istəyirəm,-dedi,-gündüzlər Gülab xalanı.
-Səni heç vaxt aldatmaq olmur, Murad, hətta gecələr də,-Qaratel gözlərini qıyıb bic-bic qımışdı.
-Yaxşı, daha sözü çox çeynəmə,-Murad nədənsə səbri kəsilmiş kimi dilləndi.
Qıpqırmızı qızarmış odun sobasının içindəki ağacların çatırtısı eşidilir, hardansa, qonşu evlərin hansındansa asta-asta, aram-aram həvələnən hananın yeknəsəq taqqıltısı gəlirdi. Elə bil bu ahəngdar taqqıltılar da anbaan, dəqiqəbədəqiqə ömrü gödələn gecənin çox pünhan bir sirrini öz vamınaca höccələyə-höccələyə təkrar edirdi.
-Çey-nə-mə... Çey-nə-mə...
Bir azdan əsrar dolu səssizlikdə hər şey sanki əbədi sükuta qərq olmuşdu...
***
Belə bir şəbi-yelda dünya üzünə, bəlkə, bir də heç vaxt gəlməmişdi və elə bil təzədən güclənən qar da onunçün yağırdı ki, qurtarmaq bilməyən uzun gecənin üzünü ağartsın. Kim bilir, indi bu gecənin elə belə gəldiyinə Səfinin özü kimi sevinən ikinci bir adam tapmaq olardı, ya yox? Çünki Murad ona deyəndə ki, dəyib-toxunma Qaratelə, o indi səndən mənə yaxındı, sözün-filanın olub eləsə, gələrsən bacıngildə dərdləşərik, Səfi fikirləşmişdi ki, onu elə burda, öz həyətlərindəcə qanına qəltan eləmək, yəqin ki, ən azı uşaqlıq olar. Odur ki, demişdi:
-Darıxma, dərdləşməyə yer də taparıq, vaxt da...
Ancaq heç vaxt inanmazdı ki, Murad sözünün üstdə belə möhkəm durar. O hətta vaxtını da demişdi: birisigün, gecəyarısı...
İllah da Səfini yandıran Muradın “eşidəm-biləm, bundan sonra o qıza əl qaldırmısan, öz bəxtindən küs” deməyi olmuşdu.
İndi güllə bilər, Murad bilərdi. Tüfəngçün evə gedib qayıtmaqdan ötrü ona uzaqbaşı yarımca saat vaxt lazım idi, artıq yox..
********
İt səslərinin qeyb olmağından da bilinirdi ki, gecənin damarı çoxdan qırılıb. İntəhası deyəsən, həyətdə it həvirləşirdi və hərdən-birdən gələn o hənirti-filan da evdən elə eşidilirdi ki, yalnız dünyadan kam alıb uyumuş adam o səsi o cürə eşidə bilərdi.
-Bəs Gülab xala demir ki, gecələr hara gedirsən?
-Əvvəl deyirdi, o vurulmuş nə matah olub ki, ondan yana ev-eşiyindən didərgin düşürsən? İndi də sözünü dəyışıb. O, uşaqdı, deyir, duza gedən vaxtıdı, qanıb-qandırmır, bəs sənə nə olub? Sənin ondan yekə qızın var axı, heç abır-həya elımirsən boy-buxunundan? Güldüm. Görür axı bunu eynimə almıram, elə ağılda tay gələrsiniz, deyir, yaxşı tapmısınız bir-birinizi.
Qaratelin sifəti gül kimi açıldı, istilədiyindən yorğanı sinəsindən aşağı çəkdi və soruşdu, bəs o, Murad özü buna nə deyir?
-Demək nə lazım? Onsuz da özü bilir hər şeyi, uşaq ha deyil. İndi bir yol deyirəm, gedim gecəquşuma baş çəkim, o kimdi elə, soruşur, olmaya bu da təzədi, xəbərimiz yoxdu?! Yox, dedim, a Gülab, özün allah şahidisən ki, mənim bircə gecəquşum var. O da oylağıma ancaq gecələr gəlir. Yazıq arvad nə qədər yandısa, qayıtdı ki, xoşuna gələrmi, Səfi sənin qızına, arvadına sataşa? Nə deyərdim, qaldım üzünə baxa-baxa. Sonra da başa saldım ki, ona özümdən də çox inanıram, kişi kimi, qılınc kimi arvaddı. Uşaqdımı al dilimə aldana? Bilir ki, könlünü almaq niyyətilə deyirəm, elə-belə... O vaxtdan neçə aylardı, sifətimə hələ bir dəfə şax baxdığı olmayıb. Zarafata salıram, dilə tuturam, bişirirəm, olmur ki, olmur. Get deyir, bu mazaqları öz gecəquşunla, axşamtoyuğunla elə, ta mənim zarafatlıq halım yoxdu.
-Amma mən səni həmişə, gecə də, gündüz də, lap yuxuda olanda da çox istəyirəm, Murad. Heç özüm də bilmirəm, necə oldu şeytan kimi qəlbimə girdin?!...
***
Qar kəsmişdi, göyün bir yarısı ulduzla dopdolu idi.
Çölə çıxıb həyətdəki yad köpəyi tulanın yanında görən kimi Murad dedi:
-Sənə dedim axı itinin qonağı gəlib.
Qaratel əlini dodağına tutub xımır-xımır gülərək,-bıy?-elədi,-qağamgilin itidi ki! Hardan-hara da gəlib e?!
-Onu gətirən gətirib,-Murad astadan dilləndi və daha yubanmadan, həmişəkinin əksinə olaraq bu dəfə həyətin tən ortasıyla yox, divarın böyrü ilə sivişib kərdiliyə adladı, ordan da birbaşa bostan yerinə tullanıb yola çıxdı.
Qaratel bunun səbəbini başa düşməsə də, heç nə soruşmadan həmişəki kimi Murad iydəliyin altını ötənə qədər pilləkənin ayağında gözləyib-gözləyib axırı içəri qayıtdı.
Dünyanın bir üzü qaranlığa, bir üzü tərtəmiz ay işığına idi. O işıq olmadan bu gecənin ayrı bir aləm olduğuna dürüst məna vermək mümkün olan şey deyildi. Ancaq elə bu heyndə açılan qəfil güllədən sonra ayın gümüşü sığalı düzün-dünyanın üstündən sanki birdəfəlik çəkilib getdi. Nə vaxtdan idi, bu kəndin itləri belə quva verib hürməmişdilər. Nə vaxtdan idi, bu kəndin gecəsi belə qəfildən diksinib ayılmamışdı...
Paltarını çiyninə atıb eyvana çıxanda Qaratelin ağlına da gəlməzdi ki, ilk gözünə dəyən, tulanı dal ayaqları üstdə qalxıb xalis uşaq kürlüyü ilə zing-zing zingildəyən görməyi olacaq. Heyvandan beş-altı addım o yana Səfi dayanmışdı, əlində də tüfəng. Hardasa uzaqlarda, kəndin yuxarılarında bir-birini çağıran, yuxulu-yuxulu nəsə soruşan adamların anlaşılmaz səsi də gəlirdi.
-Qurban olum, Səfi, ayağının altında ölüm, yazıqdı dəymə, qarğış tökər. Dəymə ona, dəymə, qurban olum, yenə həyət-bacaya həyandı,-deyib Qaratel yalvar-yaxar elədi, ancaq görəndən sonra ki, qardaşı tüfəngi doldurub yenidən ayağa çəkdi,-vurarsan, əlin qurusun,-deyə bu dəfə qara-qara qarğış tökdü,-zəlil qalasan, gözündən olasan, on iki ayı bir yan üstdə yatasan.
İkinci güllə də açıldı və havaya fışqıran qan bircə anın içində təzəcə yağmış ağappaq qarı öz rənginə boyadı. Qaratel yalnız indi, başını eyvanın dirəyinə söykəyib zar-zar zarıyanda başa düşdü ki, Murad niyə həmişəki sayaq həyətdən deyil, bostan yerindən keçib gedirmiş...
***
Görünməz iş: arvad xaylağı olasan, sınmamış sümüyünü qulağının dibində qoyalar, səninsə cınqırın da çıxmaya... Bundan da gözlənilməzi hirsi-hikkəsi az-maz soyuyandan sonra Səfinin oturduğu yerdən qəfildən durub balışı qaldırmağı, ordakı siqaretləri səssizcə götürməyi oldu. Amma gecmi-tezmi belə olacağını qadın çoxdan gözünün altına almışdı, çünkı içərinin Muraddan qalma siqaret iyi hələ tam çəkilib getməmişdi və onun bu sözləri dediyi də uzaqbaşı yarım saat əvvəlin söhbəti ola-olmaya idi: “Başımın altına ikicə siqaret qoy, elə bil onda evdən kişi qoxusu gəlir”
-Bu nədi, a şortu? Bircə bu qalmışdı dadanmayasan?
Səfi nəyə görəsə daha heç nə demədi, elə əyri-əyri, yanı-yanı baxıb sakitləşdi, bir də əllərini nəyəsə hazırlaşan adamlar kimi bir-birinə sürtdü. O, tüfəng dizinin üstdə, qapının ağzından üzü bəri oturmuşdu. Elə həmışəki görkəmində: mazut-benzin iyi gələn nimdaş şofer pencəyi, uzunboğaz çəkmə, yanakı qoyulmuş şapqa...
-Fikirləş bir,-o birdən-birə səsini alçaldıb deyirdi,-sən onun qızıyla yaşıdsan axı. Ağlın qaçıb, başınımı itirmisən? Deyirsən, hamınızı qırıb gedib girim dama? Bə mənim arvad-uşağımın axırı nə olsun? Fikirləş gör, kimnən eşitmisən, sən yaşda bir qız uşağı altmış yaşda kişiyə aşiq olsun?
Fikirəş bir...
Nə fikirləşsin? Fikirləşsin ki, düz iş görməyib? Təzədən nə xeyri? Əgər bu sözlər o günlər ki, Murad gecələri səhərəcən bu həyətin itini aramsız-qərəmsiz hürdürməyə başlamışdı, onda deyilsəydi, bəlkə də...
Çünki bu günlər o günlər idi ki, hələ bütün yaşıdları kimi Qaratel də Murada dayı deyirdi və o xəlvəti gecələrin birində ki, ta bu həyətin iti Murada hürmədi, tanıyıb hürə bilmədi, o vədə Qaratel bildi ki, fikirləşməyinin daha kor qəpiklik əhəmiyyəti yoxdur. İşin tərsliyindən, Murad da o gecə yerini lap şirin saldı:
-Di bəsdi,-dedi,-ta ağlamaq nəyə lazım? O ki belə oldu, çıxıb qoyub gedərəm... Amma məni nahaq söydün, mən səni bu söyüşlərsiz də pis başa düşmürəm... Di salamat qal!... Amma gör nə deyirəm! – Murad lap çıxhaçıxda – astanada dönüb barmağını silkələdi,-bu söhbəti bir sən bilirsən, bir mən, bir də iki daş...
Elə doğrudan da, əməlli-başlı çıxıb getdi – səssiz-səmirsiz, dönüb geri baxmadan...
Bundan sonra Muradın dalınca qaçıb onu geri qaytarmamaqdan ötrü Qaratel gərək taleyi ilə ömürlük barışmış olaydı. Ancaq qaçdı o, qaçıb həyətə endi. Murada iydə kollarının yanında çatdı. Bu o yer idi ki, ikimi-üçmü addım o yana it bağlanmışdı, yal görmüş kimi ağız-burnunu yalaya-yalaya şöngüyüb Murada baxırdı. Murad da ki, elə yeriyirdi, elə bil atdan indicə düşmüşdü.
-Murad!
Elə-belə, dayısız-filansız, Murad, vəssalam.
Murad bicin biriydi: əvvəl nə döndü, nə dindi, nə baxdı.
-Murad!-deyə Qaratel arxadan bir də səslədi.
Bu dəfə o yeriyə-yeriyə döndü, çiyninin üstündən baxdı, ancaq yenə dayanmadı.
-Getmə, Murad, qayıt!
Bu dəfə Murad, həqiqətən, ayaq saxladı. Qaratel də ona sanki ikicə addımda çatdı və atılıb uşaq kimcə kişinin boynuna sarılaraq yaşdan islanmış yanaqlarını onun təzəcə qırxılmış isti üzünə sürtə-sürtə:
-Yox,-dedi, elə ağlaya-ağlaya,-yox... yox...
Murad onun saçlarını tumarlayıb o gecə o iydə çəpərinin dibində göz yaşının duz təmində, od istisində olduğunu, bəlkə də, ömründə ilk dəfə diliylə, dodağıyla hiss eləyə-eləyə:
-Ay səni,-dedi,-ölmüşün yamanlığına baxırsanmı?
***
Yolun o yerində ki, bir siqaret də alışdırmaq olardı, Səfi orda da sükandan dördəlli yapışmışdı; baxmayaraq ki, hər şey ötüb keçən bu bircə günün içində sakitləşib əvvəlki qaydasına düşmüşdü, amma yenə də rayona tələsən bu maşının uğultusundan bu dəqiqənin ıçındə də elə bir səs süzülüb gəlirdi ki, deyərdin bəs kimsə onu olduğu kimicə təkrarlayır: “Öldür məni, qağa! Səni el ıçındə başıaşağı, diligödək eləmişəm. Amma düzünü de, daha işin düzəlibsə, başlarının kölgəsi o prokuror dostundan daha asılacağın yoxdursa, çıxıb gəlim evimizə. Sonra məni tanınmaz, bilinməz, yad, uzaq bir yerə verərsən, rədd olub gedər, ta ölüncə gözünə də görünmərəm. Həlbət, mənim də qismətimə bədbəxt olmaq yazılıbmış...”
Bu tənə-təhdiddən sonra Səfinin dili, ağzı qurumuş, gözləri hədəqəsindən çıxmış, gödək boğazı uzanmışdı. O qədər uzanmışdı ki, kəl peysəri çöp kimi nazilmişdi. Bu nə sözlər idi o eşidirdi? Bu qız bu dilləri hardan öyrənmişdi belə? Handan-hana xəbər almışdı ki, o, niyə bədbəxt olur? Gör bir kimlərlə qohum olublar?
“Elə orda başıma daş düşdü ki, arvadınla sənin felinə uydum. Yadında, məni dilə tutduğun günlər? Deyirdin ki, əgər Məhəmmədə ərə getməsəm, əskiyin gəldiyinə görə səni dama basarlar. Belə oldu bax, sən bilə-bilə, öz işinin xətrinə mənim həyatımla oynadın. Daha fikirləşmədin ki, pişik pişikdir, onu da divara qısnayanda bir gün qayıdıb adamın üzünü cırmaqlayır. Di öldür, öldür məni, nə durmusan? Niyə öldürmürsən? Çünki sən qorxaqsan. Tutulmağından qorxursan, axşamacan içində dostunun evinə cəmdək daşıdığın maşınınçün qorxursan. Qorxursan ki, dostun səndən heç nəyin üstündə üz döndərər. Amma axı özün də bilirsən, o sənin yox, arvadının dostudur. Sən bunu, onu gətirib evə dadandıran gündən bilirsən. Di gəl özünü elə aparırsan, guya, heç nədən xəbərin yoxdur. Amma arxayın ol! Arvadında o üz ki var, səni sədr də eləyəcək. Eləməsə, it kimi ularam. Yoxsa elə bilirdin, dağda-daşda, qarın-yağışın altında, çoban keçəsinin arasında çürüyəcəksən?! Yoox, o göyçək, qonşu bağrı çatladan arvadın sənin əlini elə adamın ətəyinə bənd eləməyib ki, indi beş kişinin biri olmayasan. Indi zaman dəyişib. Pulun, paranın hesabına gədə-güdələr də kişi olurlar. Amma sənə bunu da deyirəm, məni tikə-tikə doğrasan da, doğrayıb qanım süzə-süzə şişə taxsan da, lap Muradı tutdursan da, durub-oturub onun sözünü deyəcəyəm. Deyəcəyəm ki, kişi adamdı Murad. Hər yerdə deyəcəm, yasda da, toyda da...”
-Bəlkə, gedib əllərindən öpüm o dəyyusun, ayağına düşüm o qurumsağın? Özünə də şirin-şirin yeznə deyim? Bircə onu görməyəcəksən. İşin quyruğunu onsuz da düydürmüşəm. Sənin o kişi adamının başını elə əkdirim ki, bir də qulağının dalını görəndə bu kəndi görsün.
“Onsuz da əlinizdən yaxşı iş gəlməz. Gedin birləşin, bəlkə, başını tez yeyəsiniz. Buynuzlayıb sədrlikdən saldınız, üstünə şər atdınız... O dilsiz-ağızsız, bir elin yaraşığı atının başına ta nə müsibət qaldı gətirməyəsiniz?!... Həə... Həə... Siz elədiniz... Atları da siz öldürdünüz, itləri də siz güllələdiniz, bu kəndin adamlarını da iki yerə siz bölüb bir-birinə düşmən elədiniz! Siz! Siz! Sən, bir də sənin dostların!”
***
-Nə vaxt əl çəkəcəksən bu saymazlığından?-bir gün uşaqlar evdə olmayanda Gülab Muradın başına ağıl qoyurdu,-özün heç, mən cəhənnəm, bu balalarını yazıq, qaragünlü eləyəcəksən.
Muradın oyun çıxartmağı da dərdli arvadın ağlamağı kimi idi: əlinin içindəcə...
-İndi də məni uşaqlarla qorxuzursan?
-Ağlın yerindən oynayıbsa, əgər daha ayrı cür fikirləşə bilmirsənsə, qoy sən deyən olsun. Amma sən də kişi kimi buralara qayıtma. Mən uşaqları necə saxlaram, özüm billəm. Amma bir sözdür deyirəm sənə, qayıtsan, mən də bilirəm nə edəcəm.
-Nə edəssən? Qoyunlarımı körpüdə böləssən?-Murad gülə-gülə xəbər aldı.
Gülab durduğu yerdə əl atıb saçlarını yoldu:
-Bax belə eləyəcəm,-dedi,-belə... belə... Oğlunu da öldürəcəm, özümü də. Mənə sənin uşağın-zadın lazım deyil. Mən başıma bəla doğammaram, yekəlib səndən artıq olmayacaq ki?!
Muradın Gülabamı yazığı gəldiyini, oğul adı eşidib ondan yanamı ürəkləndiyini heç bir vəhclə demək olmazdı, intəhası doğru işə nə söz: o, arvadının biləklərindən yapışıb:
-Bəsdir, bəsdir,-deyə səsini başına atdı,-gör itin-qurdun üstümə ayaq aldığı bir vaxtda özünü öldürüb məni yaman günlərə qoya bilirsənmi?- görəndən sonra ki, həqiqətən, Gülab sakitləşib dinməz-söyləməz ağlamağa keçdı, yalan, ya düz belə dedi:
-Ora-bura qaçmağıma baxma, özün ki bələdsən mənə. Düzdü, boynuma alıram, tələdəki yem sirindir, amma dünyada sən mənə hamıdan əzizsən, əziz də olaraq qalacaqsan. Nə demək olar, bu da bir işdir gəlib başıma. İndi Qurana əl bassam da, mənə inanmazsan, amma sonra, hirsin-hikkən soyuyanda səni adam kimi başa salıram ki, bunlar hamısı nəyə görəymiş...
O barədə söz-söhbəti Murad elə burdaca da qurtarıb Gülaba tapşırdı ki, bir yaxşı bəzirgani bışırsın, çoxdandır, həsrətdir o bişirən yeməklərə. Yalan-gerçək, onu da dedi ki, guya, onun yeməklərinin dad-tamını heç nə vermir.
Günortaüstü uşaqlar da dərsdən qayıtdılar və həmin gün Murad heç hara gedib eləmədən kürt toyuq kimi balalarını da başına yığıb ta gecə yarıyacan onlarla deyib-güldü. Nə vaxtdan idi, öz evində, arvad-uşağının yanında belə şad-xürrəm olmamışdı.
***
Qaratel neçə gündən bəri yan-yörəsi tey qan olan it damının yanında vurnuxanların canavar olduğunu onların gözlərinin bir cüt fənər kimi yanmağından başa düşdü və çaydanı tullayıb birbaşa içəri yüyürdü. Bir müddət arxası qapıya dayanıb-dayanıb hiss edəndən sonra ki, bu qorxu-filan hamısı əbəsdir, əlini ürəyinin üstündən götürüb pəncərəyə yaxınlaşaraq şappan-şappan gülləri olan pərdəni dibə yığdı və baxdı ki, həyət bomboşdur, neçə müddətdən bəri ölüsü ortada qalmış itdən də heç bir əsər-əlamət yoxdur. Təkcə uzun, dəmir zəncir mıxdan asılı qalmışdı.
Bir azdan pərdəni sifətinə basıb nə təhər ki, uşaq içini çəkə-çəkə hıçqırar, Qaratel o təhər hıçqırırdı. İndi bundan heç fələk də baş aça bilməzdi ki, o niyə ağlayır: qorxudanmı belə olmuşdu, təklikmi onu əldən salmışdı, ya bəlkə, itə görə?...
Amma Qaratel sanki elə Muradın gəlməyinə bənd imiş: nə qədər gözlənilməz olsa da , onu qapının ağzında görməyi ilə diz çökməyi yalnız bir an çəkdi və məhz bu hadisədən sonra qəti demək olardı ki, bu həyəcanlar hamısı Murada görəymiş...
Murad qapının ağzında, ayaq üstdə, Qarateldən cəmi ikicə addım aralıda bitili daşa dönmüşdü: bu nə iş idi düşdü? Elə bircə bu çatmırdı? Axı Gülab yazıq özünü öldürdü ki, getmə oralara, elə bil mənə ayan olub, başında nəsə var, bir çıxacağın olmalıdır... Niyə qulaq asmadı Gülaba? Axı nəyi itmişdi buralarda? Əgər istədiyi Səfidən qisas almaq idisə, nəyə lazım idi bu boyda həngamə? Bunun üçün bu qapıya elə bircə gecə gəlmək də kifayət edərdi ki, dedi-qodu kəndi ağzına alsın... Elə onda da görərdilər ki, Murad hələ Muraddır..
Döndü. Ehmalca səs salmadan geri qayıtdı. Eyvanı da tərəddüdsüz keçdi. Çıxmışdı ki, baş götürüb getsin, intəhası pilləkənin başında dayansı oldu, çünki bir ayağı gedir, o biri getmirdi... Bir-iki pilləni də elə üzzoruna yendi... Sonra bir addım atdı, onun dalınca bir ayrısı da gəldi, üçüncüdə... nə illah elədisə, gördü bu dəfə ayaqlarının heç biri yerimir ki, yerimir... və bildi ki, yox!
Qayıtdı. Düz o yerə ki, Qaratelin dizləri orda qatlanmışdı. O, qadının başını dizi üstə alıb təntiyə-təntiyə bət-bənizi ağarmış sıfətini yumşaqca şıllələyəndə məhrəm səslə:
-Nə oldu sənə, ay qız?-soruşurdu,-nə oldu birdən sənə? Aç gözlərini, gör nə deyirəm?!
Aradan xeyli keçəndən sonra Qatarelin sifətinə ehmal-ehmal qızartı çökdü, yavaş-yavaş dodaqlarının altı-üstü nəmçidi, gözlərinin yanı səyridi. Məhz bu qəribə, bu mühüm həyat əlamətlərini görəndən sonra Murad qəhərini heç cür boğub uda bilmədi və gör dünyanın harası idi ki, yaşı altmışı haqlamış, altı qız atası olan bu adamın da yanağında yarma boyda ikicə gilə yaş durmuşdu...
Qaratelin dili söz tutar-tutmaz:
-Bilirsən, nə olub, Murad?-dedi,-nə yaxşı neçə gündür gəlmirsən. Dalbadal üç-dörd gecədir, dalınca milisə göndərirlər, səni tutmağa gəlirlər, özü də bütün kənd yatandan sonra...Çıx qaç, olar ki, elə indi də gələrlər...
Qız belə deyib qollarını Muradın boynuna dolayaraq susdu, ancaq onun indicə ağlayacağı yəqin idi: səsi aramsız olaraq titrəyir, dodaqları bir yerdə qərar tutmur, tez-tez, fasilə vermədən udqunurdu. İntəhası hələ ağlamır, özünə gəlib ağıaya bilmirdi, gözünün yaşı ürəyində, ürəyinin dərin-dərin qatlarında hələ təzə-təzə ilinir, ilinib hələ təzə-təzə yaş olurdu...
-Ürəyimə dammışdı ki, səni tutacaqlar, Murad. Bilirdim ki, bizimki uzun sürməyəcək. Öldür məni, qoy o günü görməyim. Yoxsa yazıq olaram mən,-deyəndə də o titrəyən barmaqlarını ağzına tutmuşdu ki, sakit, rahat, boğulmadan danışa bilsin, ancaq vur-tut bir-iki dəfə burnunu çəkəndən sonra hönkürtüsü otaqla bir oldu.
Murad uşaq deyildi: onu dilə tutub eləmədən, hətta toxunmadan belə dərhal ciddiləçdi ki, qoy özünü ələ alsın. Deyəndə ki:
-Bəs deyilmi uşaqlıq elədiyin, dəlinin biri dəli, bu nə ağlamaqdı başlamısan, özün də əlini çək yaxamdan, kimdi məni tutan?-səsini qaldırmışdı, amma qızın sir-sifətini, qançır-qançır olmuş boyun-boğazını diqqətlə süzəndən sonra ürəyi yuxaldı,-yenə nə olub? Üz-gözünə nə gəlib belə?-soruşaraq onun camalını oxşadı, dəsmalını çıxarıb gözünün yaşını sildi, yaralarını sığalladı, lap axır-axırda könlünü almaq niyyətilə bir ehmalca burnunun ucuna toxunub,-eybi yox, ağlama!-deyə hələ ürək-dirək də verdi,-sağalar, keçib gedər hamısı. Qardaş şapalağından zaval yoxdu.
Bu sözü deyəndə azca gülümsünən kimi olsa da, ta Qaratel kiriyənəteyin bir kəlmə də döndərmədi.
Oturmuşdular, danışıb eləmirdilər. Təkcə Qaratel ağlayıb kirimiş uşaq kimi hərdən-birdən içini çəkib hıçqırırdı. Onun bu halına baxıb-baxıb Murad azca gülümsündü.
-Ölməyəsən səni,-dedi,-axırı, məni də ağlatdın, dəli qız! Çox deyrdin, kişilər ürəyi daş olurlar... Düz de görüm qəfildən nə oldu sənə?
-Tutacaqlar səni, Murad,-qız bunu qəfil xəbər kimi dedi,-bəlkə də, elə indi gəlib apardılar. Vurulmuş elə girəvə gəzir ki, səni buralardaca yaxalasın. Səfinin dostunu deyirəm, bilirsənmi, o sonsuz kopoyoğlunu.
-Belə dee,-sanki Murad ayılan kimi oldu,-bəs hardan bildin?
-Neçə gündü, anadan əmdiyim burnumdan gəlib. Dustaq kimicə qatıb içəri, gecələr milisələr, günüzlər də Səfi özü qarovulumu çəkirlər ki, sənə xəbər edə bilməyim. Dünən də milisələr gedəndən sonra elə bir gözüm qalmışdı qapıda ki, görüm Səfi gəlmirsə, qaçım xəbərə. Onda olur axı belə şeylər. Nə vaxt gələcəyini dəqiq bilmirsən. Bir də baxırsan ki, tula tayadan düşməmiş özünü yetirib. Ya da görürsən ki, mal yemləyəndə alıb qapının ağzını. Bilirəm axı nəyə gəlir. Amma yenə də soruşuram: noolub, olmaya bir xəbər-zad var? Yoox, deyir, elə-belə...
Murad təmkinin pozmasa da, görünür, Səfi söhbəti onu bezdirdi ki:
-Sonra nə oldu?-deyə xəbər aldı.
-Evdən çıxırdım ki, qapı döyüldü. Əvvəl elə bildim, sənsən. Ürəyimdə də qoymuşdum ki, deyəm, tez çıx aradan, güdürlər səni. Qapını açam ki, Səfinin prokuror qağası... Bi ayağı çöldə, biri içəridə, gözləmirdin, deyir? Niyə ki, deyirəm? Həmişə gəldiyin ev deyil, niyə gözləməyim ki? Öz qohumunun evidi, gəlmisən. Gülür... Ay səndə də dillər var haa, deyir... Keçib təklifsiz-zadsız oturub, özü öz diliylə çay istəyir, sonra da soruşur ki, çörəkdən-filandan niyə hazırlamıram? Deyirəm, bəs eşıtməmisiz, gec gələn qonaq öz kisəsindən yeyər? Amma doğrudan da, durdum ki, yemək hazırlığı görüm. Yaxşı, deyir, səni sınayırdım görüm, hələ nə eləyirsən, gəl otur, aclığım yoxdur. Sağ olsun qardaşının arvadını, əntiqə plov süzmüşdü.... Sən onu de görək ki, bu işləri nə yerdə qoyaq? Qurudum qaldım ki, bu nə axmaq söhbətdi başlayıb? Elə bil o da hiss elədi ki, durduğum yerdə nətəri oldum. O saat soruşdu ki, mənim məsələni uzatmaqdan xoşum gəlmir, bəri başdan de görüm nə boyun olursan, qurtarım Muradı? Özü də elə gülür, elə bil kimsə buna maraqlı bir şey danışır.
Murad sakitcə, heç nə demədən, heç nə soruşmadan, hətta nədənsə bir az-maz da gülümsünən kimi qulaq asırdı.
-Yoxsa, deyir, ona elə qulaqburması verrəm ki, dədəsinin toyu yadına düşər. Dalağım elə onu qapıda görən dəqiqədən sancmışdı, odur ki, əvvəlcə özümü heç onda qoymadım ki, bir şey başa düşürəm, ya yox? Bu da gah başlayıb ki, çoxdandır səni görmürəm, maşallah əməlləşmisən, indi qəşəng olmusan, heç qız vaxti belə deyildin. Gah Məhəmməddən məktub alıb-almadığımı soruşur, özü də cavab verir ki, yox, almamış olmazsan, gedəndə dilimlə özüm tapşırmışam ki, tez-tez kağız yaz, qoy əmigəlini darıxmasın. Bir də görürsən bu söhbəti burda yarımçıq qoyub, cavan olsaq da deyir, bizim də bu yolda az-çox səriştəmiz var, lazım gələndə adamın qulağını elə kəsirik, heç ruhu da incimir. Amma əgər bir ış düzəlsə, sənin o diziyamaqlı Muradına, gözün üstdə qaşın var, deyən də olmayacaq. Düzəlməsə, ayrı söhbət. Məsələni elə yavaşcalıqla, elə ustufca həll eləyəcəm ki, Muradın heç cınqırı da çıxmayacaq... Həə, nə deyirsən, razılaşarıq, ya yox?! Əcəb adamsız e, dedim, axı mən nə eləyə billəm? Özünü deyir, nə uşaqlığa qoymusan? Bilmirsən ki, ölürəm səninçün? Ölürsən, dedim, get Mazandarana, bura nəyə gəlmisən? Nə danışırsan, deyir, səni dünyanın daş-qaşına tutmamış, hara ölürəm? Belə deyir, özü də başlayıb zəvvar yabısı kimi dışlərini ağardır. Lazım olsa, dedim, məni zərə-zibaya bürüyən tapılar, siz hədər yerə əziyyət çəkməyin. Necə olur, deyir, o bitli-birəli Muradçün hədər olmur, bizimçün hədər olur? Bura bax, dedim, bilirsən nə var, indi ki, belə oldu, Murad bilər, mən billəm, yox, əgər başqa ədavətin varsa, get özü ilə çək. Onsuz da ölmüş eşşəyin nalını sökmək köhnə peşənizdi. Bildinmi indi? Qəhbə öz arvadın, öz bacılarındı, axta eşşək! Tüpürüm sənin kişiliyinə! Yoxsa elə bilirdin səni ona görə qulluğa qoyublar ki, əlindən nə gəldi, onu da eləyəsən?!... Daş orda başıma oldu ki,-deyib o, təəssüflə başını buladı,-qab-qaşığı əndərmədim təpəsinə. Durub gic-gic ağlayırdım elə...
Söhbətin məhz bu yerindən sonra Muradın bir gözü xırdaldı, o biri gözü böyüdü. Sozalana-sozalana fikirli halda:
-Ağlabatan şeydi,-dedi,-məni aradan götürmək çoxdankı kamlarıdı, amma neçə illərdi, əllərinə tutarlı bir şey keçirə bilmirdilər. Bir tərəfdən baxanda yaxşı fürsətdi, ilişdırə bilərlər. Işın də ən pis tərəfi odu ki, Səfinin beli bərk yerdən bağlıdı. Yaman girib o düdüyün qılığına... Eşitdiyimə görə, böyün-səhər kişini ambardar keçirdirlər. Gözü ayağının altını heç görməz daha. Yadında varmı, o yazıq Mahanın oğluna bircə şillənin üstündə beşcə il işi də Səfinin əli ilə verdilər. Bunu aləmdən-aləmə hamı bilir.
Murad durdu, təzə siqaret yandırdı, sobaya təzə odun qoydu. Elə bil dedikləri də Qaratelçün təzə şey idi:
-Deyirəm, dünyanın işinə bax, sən allah! Bu kəndin adamlarına əlimdən gələn o yaxşılıq qalmayıb ki, eləməmiş olum, amma bu namərd uşağı, namərd az qalır qanıma yerikləsin. Məsləhət vermişəm, elə biliblər, sədrliyimdən istifadə eləyirəm. Əyri əllərini kəsmişəm, fikirləşiblər ki, ad-sanıma görədir. Bir ara dadanmışdılar kolxozun malına. Bir ara da alverə qurşandılar. Elə o vaxtdan Səfi də qoşuldu onlara. Çağırdım hamısını, ağsaqqalları yığdım, tədbir tökdüm, dedilər bəs paxıllığımdandır. Axırda o qədər hirsləndim ki, cızığımdan çıxıb ana-bacı söyüşü də elədim. Dedim, köpək oğlanları, eşidəm-biləm alver adıyla bir başıpapaqlı ayağını kənddən qırağa qoyub, anasını ağlar qoyacam. Ondan sonra qoy heç kim məndən inciməsin. Gəlin, dedim, burda şərtləşək ki, xırmanda yabalaşmayaq. Nə qədər qolumuzda qüvvət, dizimizdə taqət var, bu kəndin, bu kolxozun yolunda qoymalıyıq. Qoy bizdən sonra gələnlər dədəmizi söyməsinlər ki, el-oba üçün gün ağlamayan oğraşlar! Kimə deyirsən?! Tamam arvadın oğlu bunun üstündə kəndi atıb qaçdı ki, Muradla bir yerdə, bir kənddə yaşamaq ilanla bir yuvada qalmaqdan betərdi, sən adamı yaşamağa qoymursan. Alsöyünün xırda qardaşı burdan çıxıb gedəndə, dedi, o qədər zakon, zakon deyəcəksən ki, axırı, bir yol baxacaqsan, kənddə özündən savayı, heç kim qalmayıb. Nə olar, həmişə sən sədr olmayacaqsan ki?! Həlbət, bizlərin də dövranı gəlib çıxar. Onda sənə Zakon Murad deyənlər çoxdan qarışqalara yem olacaqlar... Həəə, belə-belə işlər, Qaratel qız, bu vələdüznalar, bu fırıldaqlar, bu əliəyrilər, bu dəyyuslar hardan törəyib artdılar, dünyanı necə doldurdular, baş acammıram. Məni təkləyib ucalardan saldılar, dizlərimi yerə vurdular, yoxsa bu adamlarla nə eləmək lazımdı, mən bilərdim...
Murad susub matdım-matdım tavana baxdı, qollarını qoynundan saldı, sonra dərindən köks ötürüb nəzərlərini divarda gəzdirdi, nəhayət, Qaratelin üzünə baxıb gülə-gülə:
-Sən də ki qorxdun, həə?-soruşdu.
Qaratel diliylə heç nə deməsə də, qorxduğunu başıyla bildirəndən sonra kişi dilləndi:
-Mənə də Dədə Murad deyərlər, qız, nə bikef olursan? Bir fikirləş gör, yel qayadan nə aparar?
-Demə, Murad, hamısı it kimi ləj düşüb sənnən, baş götür get buralardan. Sonra ərim salamat olmamış gəlib çıxar, qağamın hirsi-hikkəsi soyuyar, ara yat-yüt olub, iş ovdanına düşəndə qayıdıb gələrsən. Yoxsa yazıqdı o qızlar, yazıqdı Gülab xala, günləri qara olar.
-Qurtardıq, a Məjnun qızı,-Murad kürəyi ilə divarın arasına qoyduğu balıncı düzəltdi,-qurtardıq bu söhbəti, gecənin gecə söhbəti var.
Qatarel dediyindən dönmədi:
-Çeynənən saqqız tez çürüyər, Murad, axı sən bu sözü niyə deyirsən? Ta o vaxtların keçib ki, qılıncının dalı da kəsə, qabağı da. Niyə tərslik eləyirsən? Deyirlərsə, deməli, tutacaqlar. Haray bu başdan, iş yoğunlamamış qaç...
-Yaxşı,-deyə Murad gülə-gülə razılaşdı,-tutaq ki, sən deyəndir, getmişəm, yoxam, bəs özün?!
-Ehh, özüm... özüm... Onsuz da özüm olmuşam təpəsi töhmətli, gözü kölgəli, bundan belə nə qorxacam? Yəni qaradan da tünd rəng var?! Həm də biz arvadları sən hələ yaxşı tanımırsan, duz dağıyıq, ha əriyərik, heç qurtarmanıq.
Höcət, inad Muradınsa dünya vecinə də deyildi, zarafat idi ki, eləyirdi:
-Görəsən, məni tutsalar, Gülab xalan çox yanar, ya sən, a dəli qız?
-Biz niyə belə elədik, ay allah?! Niyə belə elədik biz? Niyə? Niyə? Axı sən böyük idin, Murad, niyə belə səhv elədin? Niyə?!–Qaratelin gözləri yenidən öz-özünə, on dörd-on beş yaşlarında ilk sevgi məktubu alan qız uşağının gözləri kimi sakit-sakit, ehmal-ehmal doldu, dolub kipriklərini aşdi,-niyə belə günaha batdıq, allah?!
-Bəs ağlamaq niyə, a başıyox?-Murad toxtaqlıq niyyətilə dedi, amma əvəzində onun qəhər dolu:
-Murad!-deyən səsini eşitdi.
-Nədi?
-Ay Murad!
-Nədi, nə deyirsən, a gözü yaşla dolanım?-kişi onun saçlarını nəvazişlə tumarlasa da, həm bu qəribə sorğu-sualdan, həm də irilib-xırdalan gözlərindən hiss eləmişdi ki, naqafil bir xəbər eşidəcək. Elə də oldu. Axır ki, qadın özünü yığışdırıb canını dişinə tutaraq:
-Get burdan,-dedi,-Murad!
Muradın qarabuğdayı sifəti hələ şirinləşib gülüş olmayan ağappaq bir rəngə bələndi. O, barmağının ucu ilə Qaratelin kirpiyində silələnmış yaşı ehmallıca, onu incitmədən sildi və şirin-şirin qımışdı.
-Bə belə niyə?
Daha söz deyilmişdi, bərkimək asan idi.
-Get, Murad! Artıq söz lazım deyil. Qurbanın olum, get burdan! Elə indi çıx get, bu saat! Onsuz da hər şey mənasını itirib.
Duruxa-duruxa, asta-asta olsa da, getməyinə Murad getdi, amma qapının ağzınacan... Orda – astanada hiss elədi ki, burdan elə-belə, səssiz-səmirsiz çıxıb gedə bilməyəcək, ya nəsə demək, ya da nəsə eləmək lazımdır. Geriyə də elə bununçün döndü. Uzaqbaşı bir də onunçün ola bilərdi ki, görsün, kim bilir, bəlkə də, lap ömürlük ayrıldıqları bir məqamda Qaratel nə eləyir?
Qadının qapının dəstəyindən yapışıb dayanmış Muradı səsləməyi də, qollarını yana açaraq ona sarı yüyürməyi də bir vaxtlar Muradın bu evdən həmişəlik çıxıb getmək istədiyi zaman elədiyi hərəkətlərin sanki eyni idi.
-Axı bu nə tilsimdi, Murad?-deyə qız indi də onun qarşısında diz çöküb sitayiş eləyənlər kimi əllərini yuxarı qaldırmışdı,-axı bu nə sehrdir mən düşmüşəm, Allah?! Nə?!...Nə?!... Amma yox! Get, Murad, mən dözməyi də bacararam. Nə istəyirsən elə! Gözlərimi çıxart, səndən ayrı kişi görməyim, saçlarımı kəs, ona yad əli dəyməsin! İstəyirsən, məni tikə-tikə doğra, amma bir də buralara dönmə! Eşidirsən, nə deyirəm, Murad?! Qurban olum, dönmə buralara, yalvarıram sənə!...
Murad onun biləklərindən yapışıb qaldırdı və kişi kimi söz verdi:
-Dönmə deyirsən, dönmərəm, nə deyirəm ki? Amma...
Ləngidi o, duruxdu, gedib-gedib dayandı. Bunu sezən Qaratel titrək səslə:
-Dayanma,-dedi,-qurtarıb hər şey, çıx get.
Asta addımlarla geri qayıdan Murad cavab əvəzində ehmalca onun çənəsindən yapışaraq qaldırıb öz sifətilə üzbəüz saxladı və gözünün birini o cür ki, o qıydı, adamı yalnız sınayanda gözü o cürə qıyarlar. Qız da uzun və qəşəng kipriklərini aralayıb onu elə o halda görəndən sonra Murad dedi:
-İndi ki, mənimşün belə qorxursan, niyə o vurulmuş dediyinə bir şey boyun olmadın?
Bir vaxtlar Murad Qaratelin başına çox oyunlar açmışdı: acılayıb saatlarla danışdırmış, qəlbini qırıb dörd divar arasında qoyaraq çıxıb getmiş, qayıdan gün ağlada-ağlada, gözünün yaşını tökə-tökə onu lümlüt soyundurub səhərəcən eləcə saxlamış, hətta bəzən vəcdə gəlib təzəcə doğulmuş körpəsini yalayan canlı tək qızı təpə-dırnaq yalayaraq ən qəmli anlarında onun saçlarıyla gözünün yaşını qurutduğu vaxtlar da az olmamışdı. Ən inanılmazı isə Muradın bu hərəkətlərindən Qaratelin özünün də kam və ləzzət ala-ala yaşaması olmuşdu. Hətta sonralar Murada dediyinə görə, onu belə sevimli eləyən də məhz elə bu qəribəlikləri imiş... Hərdən sərt, hərdən mülayim, hərdən əzazil, hərdənsə pilə kimi yumşaq...
Amma ondan – Muraddan belə söz eşitmək?!
Birdən-birə Qaratelin matı-mutu elə qurumuşdu ki, diksinib dümdüz Muradın gözlərinin içinə baxırdı və görünür, eşitdiyinə inanmadığı üçün bir də soruşası oldu:
-Nə dedin?
-Eşitdiyini!-Murad hətta gülümsündü də və işi şübhə altına alan da elə o gülüş oldu ki, o, ciddimi danışır, ya zarafat eləyir?!
Ciddi, ya qeyri-ciddi, hər halda şillə açıldı və bu elə qəfildən, elə gözlənilməz, həm də elə tutarlı oldu ki, Muradın gözünün qarşısında haçanacan yaşılı-bənövşəyi rənglər oynaşdı.
-Nə əclafmışsan sən, Murad?! Necə olub mən səni tanımamışam?-Qaratel yaxasıdan yapışıb Muradı ağac kimicə silkələyirdi,-səninçün nəyəm mən?! Həə, nəyəm səninçün mən?!... De də! De!... Nəyəm?
Gərginlik tədricən, ancaq çox gec sovuşub getdi, hər şey əvvəlki sakitliyinə qayıdanda otaqda hələ görünməmiş bir sükut yaranmışdı. Qaratel başıaşağı idi; sakitcə, əlləri dodaqlarında, böyük günah işləmiş adamlar kimi... Muradsa üzünü - şillənin yerini ovuşdurur və dinmirdi. Amma elə birinci də onun səsi eşidildi:
-Deməli, belə...-deyib o, aram-aram köks ötürdü.
-Belə, hələ beş də artıq! Etibarsız insan!-deyən qadının üz-gözündən hələ də nifrət yağırdı.
-Sən düz elədin!-deyib Murad onu oxşaya-oxşaya, ovuda-ovuda bu dəfə ən istəkli balası kimi sinəsinə sıxıb gülümsündü,-bəsdi kürlük elədiyin, bir iş idi, oldu, keçdi...
Nə baş verdiyini yalnız indi anlayan Qaratel dərhal da piləyə döndü:
-Belə eləməməliydim, Murad, başa düşürəm ki, düz eləmədim, əlim quruyaydı səni vurduğum yerdə. Bağışla, vallah, birdən oldu, bilmədim.
***
Axır ki, gecənin qulağı sükutdan dəlindi.
-Niyə dinmirsən?
-Dinim, nə deyim?-Murad həvəssiz-həvəssiz cavab verdi.
-Qaçmırsan da?
-Səfehsən, Qaratel, vallah səfehsən. Qaç...Qaç... Axı kişilər qaçmırlar. Bir də ki, tutulmaqdı, tutulmaqdı, ta niyə qaçım? Adam tutulanda qaçar?... Qaçım, hara qaçım, Allahın altından qaçmaqmı olar?... Təvəkkül Allaha, nə olar, olar! Dələduzlardan, anasının əmcəyini kəsən oğraşlardan, dəyyuslardan ötrü balalarımı, Gülab xalanı, səni atıb qaçmanam. Qaça bilmənəm, istəsəm də, qaça bilmənəm, Qaratel, heyifsən sən... Qoy deyim, ürəyimdəkiləri sən də bil: əvvəllər sənə ayrı gözlə baxırdım. Səndən itirdiyim günlərin, itirdiyim ad-sanın hayıflarını çıxırdım. İçimdə hamıdan xəlvət çəkdiyim ağrıların qisasını səndən alırdım. Deyirdim, qoy görsünlər ki, dəvə nə qədər ölü olsa da, dərisi bir eşşəyə yükdü. Fikirləşirdim ki, Səfi indi qanar adama sataşmaq nə cür olur. Fikirləşirdim ki, üç gün, beş gün, axırı atıb çıxıb gedərəm. Amma bacarmadım, Qaratel. Bacara bilmədim özümlə. Hara getdimsə, ürəyim burda qaldı, harda oldumsa, səni fikirləşdim. İndi öldürsələr də, diri-diri soysalar da, atıb qaçmanam. Nəyim var, hamısı sənindi... Axı özün de, ay qara tellim, biz hələ nə yaşamışıq ki, qoyub qaçım da?... Sən hələ mənə bundan sonra gərəksən, Qaratel! Başa düşürsən, nə deyirəm, Gülab xalan mənə oğul doğmadı axı... Doğmadı Gülab xalan mənə oğul!... Allaha yalvardım, tanrıya üz tutdum, taledən bircə oğul dilədim, çünki kişinin oğlu olar, Qaratel, oğlu olar kişinin... Gülab xalan isə hər dəfə dərd doğdu, bəla doğdu, amma oğul doğmadı... Doğmadı oğul!
***
Muradı elə o ilin bir yağışlı-çiskinli yaz günündə cağırıb idarəyə apartdıqları vaxtdan bir də gördüm deyən olmamışdı. Murad elə o gedən getmişdı...
II
Sakit bir yay axşamı...
Kənd yeri, yay vaxtı, özü də gül-çiçək qoxusu gələn bir gecə...
Kəndi yenə qurbağaların səsi başına almış, o səsdə ay doğmuş, ulduz çıxmışdı. Bu kənd yenə dünyanın aylı-ulduzlu səmasının bitib-tükənməyən genişliyində gümüşü sükuta batmışdı.
-Aaaz, evdəsən, Qaratel?!-Qırçının səsi gecənin belə bir vaxtında eşidildi.
Aydın məsələ idi: gələn kimi yenə də başlayacaq ki, dünən filankəs dükandan arvadına alt paltarı alıbmış, amma əyninə dar gəlib. Gədəsi aparıb dəyişməyə, dükançı da qayıdıb ki, bizim ölkədə bundan yekə alt paltarı tikilmir, bala, get dədənə de, arvadı dəyişsin.
Dünən də gəlib ki, deyir, Muraddan məktub gəlibmiş, yazıb ki, məni elə bir yerə gətiriblər ki, burdan o yana sudan savayı, heç nə yoxdur. Altı ay gecə olur, altı ay da gündüz...
-Nə təhərsən, aaz, canıyanmış?-Qırçın həyətə girər-girməz Qarateli xələtlədi,-dayıdostugildən gəlirdim, gördüm bayırdasan, dedim bir baş çəkim görüm nə qayırırsan bu təkliyin əlindən... Çətindi, vallah, sənin ışın allaha qalıb,-oturub yerini rahatlayan kimi başladı,-deyirəm, aaz, nə təhər araqatanlar var e, Qaratel, cici-bacılarından kimsə gedib Gülabın ovcuna qoyub ki, guya, sən demiş olasan ki, gördünmü onu necə qapı-qapı gəzən qarayaylıq qancıq elədim?! Hələ harasıdı, keşkə o qədər ölməyəydim, Muradın qayıdıb gəldiyi günü görəydim, onda Gülaba göstərəydim ki, Murad onundu, ya mənim?! Guya, o da demiş ola ki, ləçər getdi alışdı-verişdi, ərimin başını əkdi, balalarımı dədəli yetim elədi... Gedib onun abrını ətəyinə büksənə, aaz? Mən nə iyyamdı görə bilmirəm, yoxsa itdən alıb, itə verərəm onu, vallah!
Qaratel:
-Qurtardınmı?-sualını elə tərzdə verdi ki, gəlin yerindən dik qalxıb mızıldana-mızıldana:
-Bu da mənim yaxşılığım,-dedi,-kül mənim başıma...
-Axı bilmirəm nə görmüsüz bu qapıda?-elə qışqırırdı ki, elə bil Qarateli cin atına mindirmişdilər,-sən gedirsən, Dilpara gəlir, Dilpara gedir, Güləmbər gəlir... Gülab elə dedi, Gülab belə dedi, filan elədi, beşməkan elədi... Onu mən özüm bilərəm, nə eləmək lazımdı. Bəs deyilmi məni boğaza yığdığınız? Nə istəyirsiniz axı məndən? Nə vermisiniz, ala bilmirsiniz? Nə? Nə?...
***
Yağış elə həmin günün səhərisi yağdı. Hardasa uzaqlarda, yerlə üfüqün birləşdiyi səmtdə göy qurşağının yaşılı, al-əlvan zolağı göydən-yerə uzanmışdı. Qızlar bunu görüb səslərini başlarına atdılar:
-Fatma nənə gəbəsini uzatdı, Fatma nənə... Fatma nənə...
Bu o günlərdən biri idi ki, yenə Gülabın dərd içini, yaş gözünü yeyirdi: iri, ikitağlı pəncərənin qənşərində əli qoynuna, dili yalvarışına dustaq idi.
-Gülab xala! Ay Gülab xala!
Arvadın əli o saat qoynundan düşdü: çəpərin o tərəfindən səsi gələn Qaratel idi.
-Ay Gülab xala!
Uzun müddət içəridən səs çıxmadı, handan-hana pəncərənin bir tağı açıldı və Gülabın sifətini görər-görməz Qaratelin üzü güldü: “Bu bəxt ki, məndədi, yenə qızım olacaq, Qaratel, baxarsan, bir sözdü deyirəm sənə. Onsuz da vaxtına bir şey qalmır Gülab xalanın, vur-tur dördcə ay...”
-Ay Gülab xala!
-Nə istəyirsən, a qan əkən? Başımı qara, balalarımı başıkəsik qoyduğun bəs deyil, hələ mənə xala da deyirsən, a ölməz-itməz?!
Ayazımışdı, iynəgözü çisələyirdi. Elə bil qövsü-qüzehin o biri üzünə ağ tül çəkmişdilər. Bəri tərəfə gün düşürdü. Yarıağ-yarıqara buludların arasından bir parçası gömgöy göyərən səmanın tən ortasında günəş elə alışıb-yanırdı ki, elə bil onu qızıl suyundan indicə çıxartmışdılar. Səmanın lap dərinliklərində qayğısız- qayğısız süzən iki qara şahin də günəş kimi buludlardan çox-çox qəlbilərdə görükürdü.
-Nə deyirsən de, Gülab xala, gedən deyiləm. Ya qızlardan birini yolla, ya da özün ayağını qoy aşağı, bircə kəlmə sözüm var. Yaxşı deyil durmağım, ordan-burdan görən var.
-Xeyrin olsun, üz yiyəsi!-Gülab bu sözü Qaratelin səssiz-səmirsiz dayanıb baxdığını görəndən sonra dedi və pəncərəni örtən kimi çəkilib yox oldu. Ancaq heç yarım dəqiqə keçməmış qapı açıldı və Gülab orda göründü...
Qaratelin üstünə sanki ordu gəlirdi: qabaqda alma tək bir-birinə oxşayan uşaqları, arxada isə qadın özü...
Əcaib bir iş: Qaratel biri o birindən bir qarış uca qızları bağrına basıb üz-gözlərindən elə öpürdü ki, deyərdin bəs öz qarnından çıxmış dost-doğmaca balalarını öpür. Astanada əli dodaqlarında quruyub qalan Gülabın burda olub-olmamağının da sanki mətləbə dəxli-filanı yox idi. Amma Allah tərəfi, bu dəqiqənin içində arvadın sifətində gülüşqarışıq elə ilıq bir ovqat vardı ki, boylu qadında sirri-xuda idi o şirinlik...
Xülasə...
-Di öldür məni, Gülab xala!-onlar pilləkənin yanında üzbəüz gələndə Qaratel deyirdi,-öz əllərinlə boğ öldür. Nə deyirsən, de indi. Həyasız de, üzünün suyu tökülmüş de... Qurbanın olum de, Gülab xala, de bəlkə, ürəyindən tikan çıxa. Sənin qarşında mənim günahlarım çox çoxdu, hər nə desən, qəbulumdu.
-Belə durun görüm,-Gülab əl-ayağa dolaşan uşaqları kənar eləyib heç nə deməyən, heç nə eləməyən Qaratelin saçlarından yapışaraq başını artırmanın dirəyinə çırpdı.
-Neynirsən, ay ana?-deyə qızların ən yekəsi – Sənəm aralığa girdi,-bizi xalxla qanlı eləmə, öldürdün ki, yazığı...
-Qoy görüm nə dilini işə salıb bu çərhəya? Sən nəyinə gərəksən adam göndərtdirib bulağa çağırtdırır bu ləçər?... Elə bilirsən, ağlamaqla ürəyimi yumşaldacaqsan? Əcirindi sənin, çək... çək...
***
Yenə həmin bomboş, quş yuvası ilə dolu eyvan... Yenə küllük, orda toyuqlarla birgə eşələnən uşaqlar, onarlın aləmi başına alan cığır-bağırı... Tut... Günəş...
Hamısı köhnə, lap min ilin tanışına oxşayırdı. Axşamlar quşlar da qayıdıb gələr, həyətdəki tənha, quru tutun budaqlarındaca gecələyərdi. Elə bil o günəş, o tut kimi o quşlar da bu həyətin minillik quşları idilər, sanki Qaratel də onların hamısını birbəbir tanıyırdı.
-Qaratel xala!-deyən səs eşidiləndə gün günortadan çoxdan əyilmiş, o quşların qayıdıb gəlməyinə də bir o qədər vaxt qalmamışdı,-anam dedi, gəlsin bizə.
Qadın, səsi eşidən kimi sıçrayıb həyətə endi, qızı qucaqlayıb bağrına basaraq üz demədi, göz demədi... öpdü, çünki qızdan bir az-maz süd qoxusu gəlirdi, bir az-maz qızlar bulağından hələ təzə-təzə su içən qız qoxusu gəlirdi, ən çox da Muradın məhrəm iyi... və o süd qoxusuyla, o qız qoxusuyla, Muradın o məhrəm iyi ilə Tutu Qaratelə elə belə, dost-doğma da olmalıydı... Odur ki, Qarateldən bundan başqa söz gözləmək də ağılsızlıq idi:
-Qurban olum sənə, Tutu, həmişə gəl bizə, sənə öz balam kimi baxaram, yaxşımı? Axı özümünküsən sən. Bu ev-eşik, bu qapı-baca, lap bu canım da qurbandı sənə. Nəyim var, hamısını sənə verərəm. Biz bu balaca komada hamıdan xoşbəxt yaşayarıq,-o, danışığına ara verib qızdan soruşdu ki, yoxsa anasının ağrısıdı, gəlib?
Qaratel qızın mızıldanmasından bir şey anlaya bilməsə də, başını aşağı salıb durmağından başa düşdü ki, məsələ, yəqin, elə öz dediyi kimi olar. O biləni, Gülabı onu çağırmağa məcbur eləyən yeganə şey olsa-olsa, bircə bu ola bilərdi. O səbəbdən də üzünü Haçalıya – qibləyə tərəf döndərib sidq-könüldən:
-Ey yerin-göyün ağası kişi,-dedi,-sən Gülab xalaya bir oğul, bu qızlara bircə qardaş payı ver, yazıqdılar. Neçə illərdi əlləri sənə uzalı qalıb.
Gülab bu sözü Qaratelin dilindən o yağışlı gündə eşitmişdi: “Bu biabırçılıqdan sonra heç vaxt üzünə çıxmağa ürək eləmirdim, Gülab xala. Amma bilsən ki, daha nələr qalmamışdı bu qulaqlarım eşitməyə, onda özün görərsən ki, məndə də günah yoxdur. Sənəmi də bulağa bundan yana çağırtdırmışdım. İndi özün de, neyləməliydim mən?! Məni elə buna görə söyürdün? Başımı dirəyə elə buna görə çırpırdın? Mənmi tutdurdum Muradı, Gülab xala? Canımdan da artıq sevdiyim bir adamı mənmi bada verdim? Görüm ona qıyanın qapısı vurulsun... Təndiri od, əyni qırmızı görməsin... O bircə Allahdan istəmişəm...”.
Gülabın köhnə dərdi sanki bundan sonra təzələnmişdi: “Tutulanda nə olar, iş kişi başına gələr. Məni yandıran o dərddi ki, axı mən bədbəxt hansı günahın yiyəsiydim ki, Allah bu sitəmi eylədi mənə? İndi bircə dayaq duranım yoxdur ki, deyəm, ondan sonra ümidim, gümanım bu adama gəlir. Bir gün düşəm öləm, axırıdı bu yetimlərin. Əmi yox, dayı yox, hamısı da qız uşağı... Gərək, məni altı dədəsizlə bir dərədə qoyduğu yerdə Allah fərasətini kəsəydi Muradın. Qalan heç nə eynimə gəlmir, bircə ortalarda qalan balalarını fikirləşəydi bədbəxt”
Qaratel ordan çıxan başını götürüb qaçmış və sonralar onunla cəmi bircə yol, yas yerində üz-üzə gəlmişdi. Aralığa salıb utana-utana, əriyə-əriyə arvadın halını xəbər alanda, yaxşı ki, qulağı şəklənmiş sözbaz adamların yanında Gülabdan elə xoş üz görmüşdü ki, deyirdi bəs o vaxtdan üstündən ağır bir dağ götürülüb.
***
-Aaaz, deyir, Gülabın halı qarışıb, onlar – Qaratellə Tutu iydəliyi keçən kimi rastlarına ilk çıxan Şamama arvad xəbər verdiyi, ya soruşduğu heç nəyindən anlaşılmayan bir səslə dilləndi və Tutunu Qaratelin yanında görüb,-aaz, bala, ananın nəyidi, nə olub ona?-deyə əlavə elədi,-dünən sağından gəlirik, kimsə deyir, Gülab yatıb qızı olub, öz-özümə deyirəm, arsızın biri, arsız, ətin tökülsün, sümüklərin ağara qalsın, nənəmdən də yekəsən, təzədən uşaq doğmaq sənin harana yaraşır? Əbülfəzl-Abbas haqqı, çoxun da çox dərdi var. Uşaq istəyəndə ağıl adında şey yoxdu. Bu dünyanınkı odu ki, yeyəsən, içəsən, kef eləyib, öləndə də öləsən...
-Yatıb ki, anan?-Qaratel yuxudan qəflətən oyadılmış adam kimi dinib-danışmayan qıza sarı döndü.
-İki gündü. Axşam Məryəm xala gəlmişdi, deyir, gecə zəfər toxunub.
Onlar üçü də birlikdə döngəni dönüb kəndin axar-baxarına çıxan kimi aşağıdan anlaşılmaz qışqırıq səsləri eşidildi. Bunu görən Qaratel onlara:
-Siz qaçın,-dedi,-mən bu saat... Bu, nə xəbərdi, ay Allah, bu nə işdi gəldi yazıqların başına?-o qaça-qaça öz-özünə təkrar eləyirdi.
Gəlin idarənin dalında böyür-böyürə vermiş maşınlara birbəbir göz gəzdirib sədrin minik maşınını görəndən sonra bircə anlığa ayaq saxladı və dərhal də hərəkətə gəlib yolu o tərəfə adlayaraq sürücünü hayladı:
-Nəcəf! Ay Nəcəf!
Səs dartıb salxım söyüdün kölgəsində oturmuş adamları tərs üzünə döndərdi, ancaq heç kimdən səs çıxmadı. Bayaqdan bəri dik qoyulmuş şapqalarının arxasından və qırmızı-qırmızı boyunlarından savayı, heç harası görünməyən kişilərin sifətində ağappaq dişlər peyda oldu.
-Nəcəf!-deyə Qaratel bir də səslədi.
Bu dəfə şəhərdə, dəmiryol vağzalında kassir işləyən əlli yaşlı Nəcəf kişi yerindən dik qalxıb arsız-arsız, şirin-şirin:
-Hay can!-elədi,-nə buyurursan?
-Ehh, sən də...
Səs “rədd ol başımdan” ahəngində idi, yoxsa o yaşda kişi niyə qayıdıb suyu süzülə-süzülə gedəydi ki?
-Səni çağırıram, səni!
-Mənimi?-təəccübündən onun-bunun üzünə baxa-baxa qalan o biri Nəcəf barmağını sinəsinə tuşladı.
Çox keçmədi ki, əsgərlikdən ikimi, ya üçmü ay əvvəl qayıdıb, indi sədrin maşınını sürən bəstəboy oğlanın azca allanmış sifəti o biri sifətlərin içindən ayrıldı, ayrılıb irilə-irilə yaxınlaşdı.
-Nədi, nə olub belə əsirsən, Qaratel bacı, rəngin də ağappaq. Olmaya bir hadisə-zad?...
-Başına dönüm, ay Nəcəf!-deyə heç gözlənilmədən Qaratel yalvar-yaxara başladı,-deyir, Gülab xalanın halı qarışıb, mən gələndə arvadlar hamısı ora gedirdi.
-O niyə, durduğu yerdə?
-Qaç maşını tərpət. Bir iş görmək lazımdı, bəlkə, rayona çatdıra bildik. Lap tez. Yubanma daha!
-Bilirsənmi?-deyib Nəcəf başını qaşıya-qaşıya nəm-nüm elədi.
-Tez ol qaç, nə durmusan, bəlkə, Allah yar-kar oldu, nə bilmək olar, dünyanın işidi.
-Onda sən get,-Nəcəf tezcə boyun qaçırtdığı kimi tezcə də yola gəldi,-sədrə deyib gəlim, yoxsa yaxşı düşməz, özün ki Fərəməz dayını yaxşı tanıyırsan...
***
Qaratel gələndə Gülabın sifətində hər şey ülvi bir sakitlikdə qərar tutmuşdu. Ona baxa-baxa heç cür ağıla gətirmək olmazdı ki, bu bədəndə hər şey artıq özünün son həddindədir. Bənizində hərdən xırdaca səyrimələr olmasaydı, onun yaşadığını güman eləmək qeyri-mümkün idi.
İfadəsiz və qırpımsız gözlər bu varlığın içində nəyinsə, isti bir şeyin həmişəlik söndüyünü anbaan xəbər verir, bu təndə hər şey sanki öz əbədi heçliyinə qovuşurdu: arvadın sifətində buz kimi soyuq bir rəng titim-titim titrəyirdi... Bununla belə, o, başının hərəkətiylə Qarateli yanına çağıra bildi və bu onun sonuncu süurlu hərəkəti oldu...
-Aparın qızları!-içərini sarmış hönkürtü, vay-şivən səsləri arasından arvadların ən ağbirçəyi olan Seyid Məryəmin səsi eşidildi,-çatladı bağırları, yazıqdırlar.
Sözünü qurtarıb ağır-ağır qibləsi çoxdan düzəldilmış Gülabın baş tərəfinə keçdi: yəqin ki, vaxt idi, onun gözlərini sığamaq məqamı çatmışdı...
***
Uşaqlar elə o ilin dağların marala qalan bir günündə yol-rizin quşlarını uçurda-uçurda, qapıların itlərini daşlaya-daşlaya qaçıb gəldilər, Qarateli eyvanda görər-görməz ağız-ağıza verib uzaqdan ac canavar kimi ulaşdılar:
-Muştuluğumu ver, Qaratel xala! Muştuluğumu! Məhəmməd gəldi, Məhəmməd!...
Qaratel nə vaxtacan yol yenışə götürülən, qayıdıb papaq üçün, nişan üçün ərinin qabağına yüyürüşən, qarğı atlara süvar bir dəstə məhəllə uşağından, onların səs-küyündən savayı, heç nə görüb eşitmədi. Amma özü də məəttəl qalmışdı: ərinin qabağınamı çıxsın, onu burdamı gözləsin? Ya bəlkə, qayıdıb özünü içəridə heç nədən xəbəri olmayan kimi məşğul göstərsin? Birdən-birə belə soyuq hərəkəti, görəsən, ayrı məna verməzdi ki?!
Məhəmməd eyvana çatanda eşitdiyi ilk səs uşağın çığırtısı oldu. O, təpiklə necə ilişdirdisə, qapı taybatay açıldı, tağların yan-yörəsindən toz-torpaq töküldü.
Uşaq qırmızı güllü yorğana bürülü, küncdəki yaylı çarpayının üstündə idi. Məhəmməd üç addım atmaqla onun yanında oldu. O əyilərək qəzəblə tamaşa eləyirdi. Üzünün qanı, qırmızısı hələ əməlli-başlı çəkilib getməyən körpənin böyründə yarı süd dolu şüşədən, yaxasına sancaqla bərkidilmiş əmzikdən başqa, heç nə yox idi.
-Qaratel!-deyə Məhəmməd elə otaqdanca fəryad qopardı.
-Həə, bu saat!-arvadının hardansa aşağıdan – həyətdənmi, zirzəmidənmi, ya təndirəsərdənmi eşidilən səsi elə arxayın, elə sakit bir ahəngdə idi ki, elə bil o kiminləsə çox maraqlı bir şey barədə söhbət eləyir və ondan ayrıla bilmirdi.
Məhəmməd, hər şeydən əvvəl, məhz bunu gözləmirdi, o ümiddə idi ki, arvadı onu görcək qaçıb ayaqlarına qapanar, bağışla məni, deyərək yalvar-yaxar eləyər. Onu başa salar ki, bir işdir olub. Doğrudan, axı həyatda kimin səhvi olmur ki?
Bəs belə saymazlıq olardı? Əsgərlikdən o boyda əri gəlib, onun isə əngi qızışıb, yenə kiminləsə qeybət qırır, hətta iş o yerə gəlib çatıb ki, bu adam maraqlanmır görsün, onu səsləyən kimdir?
Məhəmməd çıxan kimi Qarateli dördbir yanı adamboyu taxtalarla səliqə ilə dövrələnmiş qoyun aulunda üzü o tərəfə oturub keçini sağa-sağa zümzümə eləyən gördü:
Başımda sarı sancaq,
Ağ sancaq, sarı sancaq,
Nə qız oldum, nə gəlin,
Odlara yandım ancaq.
O, səsini alçaldan kimi Məhəmməd dabanını təkrar-rəkrar artırmanın döşəməsinə döyüb:
-Karsan, ay eşşək?-dedi.
Qaratel döndü, baxdı, keçini buraxıb qalxaraq, guya, onu birinci dəfə görürmüş kimi:
-Buy, sən nə vaxt gəldin, görmədim?!-dedi,-mən də deyirəm bəs Bənövşədi, canıyanmış çağırır ki, təndir keçdi, deyirəm, həə, oldu, bu saat...
Həyətin tən ortasında qarşılaşdılar. İlk sözü Qaratel dedi:
-Gəlmisən.
O, sual-zad vermirdi, demək istəyirdi ki, deməli, belə, axırı gəlib çıxdın. Amma salamsız-kəlamsız, şükürsüz-filansız...
Başındakı təmiz ağ çalmadan, nimdaş, qısaqol donun üstündən geydiyi əldə toxunma yun köynəkdən tutmuş ayağındakı qaloşlaracan hər şey indi Qaratelin qız ərköyünlüyündən çox-çox uzaqlarda olduğundan xəbər verən ilk nişanələr idi.
Əri dinib-danışmasa da, gəlin onun duruşundan hiss eləyirdi ki, fikri nədir. Əsgər dişlərini elə qıcamışdı ki, Qaratel yubanmadan:
-Vur məni!-dedi,-sakitləşərsən!
O, həqiqətən də, vurdu, amma Qarateli yox, ilk və son zərbə qızın əlində tutduğu badyaya ilişdi, köpüklü, isti, təzə keçı südü qadının üst-başına calandı. Onun gözləri bir müddət torpağın ehmal-ehmal öz canına çəkdiyi südə dikili qaldı və nəyisə doğma, əziz bir şeyi həmişəlik itirmiş adamlar kimi udqunub ərinin gödəkboğaz çəkmələrindən ensiz, uzun bığlarınacan zənn ilə süzərək, istehza ilə:
-Kişiləşmisən,-dedi,-maşaallah.
-Hürmə!
Hər şeyin elə bununla da bitməsi onun yumruğunu badyaya niyə tutuzdurmasına yaxşı sübut idi. Əgər bu, təsadüf olmasaydı, birinci və sonuncu olmağı nə üçün idi bəs? Görünür, Qaratel onu çox yaxşı tanıdığından sakit təmkinini pozub eləmədən:
-Nahaq belə elədin,-dedi,-mən indi, payızın bu vaxtı hardan süd tapacam? Ölər, yəqin, o körpə səhərəcən.
-Bircə itə-qurda küçük saxlamağımız qalmışdı.
-Qızışma görək, ayıbdı, baxırlar. Nə yaman səbirsiz olmusan. Qalx yuxarı, nə sözün var, gecə təklikdə deyərsən...
Məhəmmədin əli elə havadaca qurudu.
********
O vaxt, nə vaxt ki, dost-tanış da çıxıb getdi, onda kəndə çoxdan çənli-çısəkli bir payız axşamı düşmüşdü. Elə çənçənəlik idi ki, ən yaxın qonşu evlərinin işığı da tül pərdə arxasındakı kimi zəif-zəif közərirdi. Aradan keçən hər dəqiqə bu evə gecənin ən üzüntülü anlarını yaxınlaşdırırdı. İndimi, bir az sonramı çək-çevir başlanmalıydı: niyə belə elədin? Bu nə oyundu gətirdin başıma? İndi necə baş gəzdirəcəm el içində? Durub-oturub üzümə tüpürməyəcəklər?
Kim bilir, bəlkə, daha pis...
Qaratel susmaq, deyilənlərin heç birinə cavab verməmək, hər şeyi mümkün qədər sakit qarşılamaq niyyətilə qalxdı. Su, aftafa, iri ağ ləyən, dəsmal və sabun gətirdi. Bunu görüb Məhəmməd də qalxdı. İntəhası elə qalxdı ki, Qaratel onun başını, ayağını yudurtmaq fikrində olmadığını o saat anladı: iki ilin ayrılığından sonra Məhəmmədin evə döndüyü bismillah indiydi. Qohum-qardaş, tanış-biliş təzəcə çəkilib getmişdi, evdə ikicəciyi idi, üstəlik də gecə... yada baş-ayaq yudurtmaqmı düşərdi?
Həqiqətən də, elə oldu. İntəhası Məhəmməd ayrı şeyi bəhanə elədi: ki bəs yuxusu gözündən tökülür...
-Qaçmır ki