Edebiyyat.az » Proza » Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ

Azad Qaradərəli    -   MORQ ÇİÇƏKLƏRİ (roman)  İKİNCİ HİSSƏ
Proza
Nicat Heşimzade
Müəllif:
01:47, 12 sentyabr 2019
3 068
0
Sayqılı oxucular! Yazıçı Azad Qaradərəlinin “Morq çiçəkləri” romanından bir parçanı təxminən 5 ay əvvəl saytımızda yayımlayandan sonar əsərə ilgi artdı. Belə ki, həmin parçanı oxuyan oxucular həm müəllifə, həm də bizə suallar ünvanladılar və əsərlə bütöv tanış olmaq istədiklərini bildirdilər. “Yazı” dərgisində yayımlanan əsəri, müəllifin razılığı ilə bütöv halda - hissə-hissə oxucuların sərəncamına veririk.




Sayqılı oxucular!

Yazıçı Azad Qaradərəlinin “Morq çiçəkləri” romanından bir parçanı təxminən 5 ay əvvəl saytımızda yayımlayandan sonar əsərə ilgi artdı. Belə ki, həmin parçanı oxuyan oxucular həm müəllifə, həm də bizə suallar ünvanladılar və əsərlə bütöv tanış olmaq istədiklərini bildirdilər. “Yazı” dərgisində  yayımlanan əsəri, müəllifin razılığı ilə bütöv halda - hissə-hissə oxucuların sərəncamına veririk.




                        AZAD  QARADƏRƏLİ



                        MORQ ÇİÇƏKLƏRİ


                                  (roman)



            



                                       İKİNCİ HİSSƏ


                        (Birinci hissəni buradan oxuya bilərsiniz)

https://mail.edebiyyat.az/proza/627-azad-qaradereli-morq-ccekler-roman-birinci-hisse-.html



















                                                       12


            


          ...İki gündən bir rayona gedirdim ki, işdi şayət, bir yenilik olsa kəndimizin camaatını xəbərdar edim. Belə günlərin birində təsadüfən cəbhəçilərin toplantısında iştirak etdim. Bir çoxları dostlarım olsa da, mənə qısqanclıqla yanaşır, təkliflərimi qulaqardına vururdular. İlk kitabım təzə çıxmışdı və bu kiçik rayonda hamı artıq məni yazıçı kimi tanıyırdı. Rayon rəhbərliyi də məni tədbirlərinə çağırır, fikirlərimə hörmətlə yanaşırdılar. Ancaq cəbhəçilərin fikirlərini müdafiə etməyimə onlar da təpki verirdilər. Qəribəydi: nə o tərəf, nə bu tərəf. Bəs hansı tərəf? Üçüncü tərəf, deyəsən, elə mən idim. Tək canımla ayrıca bir tərəf olmuşdum... Nəysə, Xalq Cəbhəsinin toplantısında belə fikir səsləndi ki, rayonlar bir-bir işğal edildikcə, bizim rayonun müdafiə həlqəsi daralır. Bəs çıxış yolu nədədir? 

            Mən söz aldım. Bildirdim ki, bizim bir yolumuz qalır: Naxçıvanla aramızdakı 40 kilometrlik məsafəni – Meğri rayonu ələ keçirməklə Naxçıvanla birləşib mübarizəni davam etdirməliyik...

            Bakıdan gələn nümayəndə mənim fikrimi müdafiə etdi. Sonra şagirdim olmuş gənc cəbhəçilər də məni dəstəklədilər və səs çoxluğu ilə mənim fikrim keçdi. 

            Kəndə qayıdanda  adamları yığıb olanları danışdım. Və izah etdim ki, Qubadlı və Cəbrayılın işğalından sonra  bizim rayon mühasirəyə düşə bilər. Ona görə də bir yolumuz qalır ki, hücuma keçib Meğri rayonunu götürək, Naxçıvanla birləşək. Yaxın günlərdə, olsun ki, bu hadisə baş versin. Biz buna hazır olmalıyıq. Əli silah tutan hər bir adam bu işdə yaxından iştirak etməlidir. Hətta lazım gəlsə, partizan dəstələri də yaradacağıq.

            İlk etiraz edən Nəriman müəllim oldu:

            -Ay Süleyman müəllim, tələbəm də olsan, sənə hörmətim var. Savadlısan, qələmin itidir... Amma bu məsələdə səninlə razı deyiləm. De niyə? Ona görə ki, Meğri Dağlıq Qarabağın ərazisi deyil, Ermənistanındır. Bizimkilər ora girən kimi, ATƏT-MATƏT dəyəcək bir-birinə...

O biri rayonlar necə, biz də heylə... 

            -Nə edək, əlimizi qaldırıb təslim olaq?!- Qeyzlə qışqırdım.

            -Niyə, hələ ki, Qaradiz yolu açıqdır, biz də çıxaq gedək buralardan... Biz mülkü əhaliyik, döyüşçü deyilik...

            -Xeyir, biz lazım gəlsə, döyüşəcəyik!..

            -Kiminlə? O dılqır cəbhəçilərlə? Tazıyevlə?

            -Tazıyev kimdir?!- Yenə eyni sələ bağırdım.

            -Əşşi, camahat o müdafiə naziri Qazıyevə Tazıyev deyir, mən də çaşdım...

            Və adamlar soyuq-soyuq gülüşdülər.  Beləcə mənim ciddi söhbətimi lağa qoydular. Axırda Nəriman müəllim lap gerçəklədi:

            -Ermənilər heç bizim rayona girmiyəcək. Deynən niyə? Ona görə ki, Kişi hakimiyyətə gəlib dünən... Onnan it kimi qorxurlar... Bax, burda deyirəm: əgər ermənilər bizim rayona girsə, mən it olub hürərəm...

            Nə yazıqlar ki, ermənilər bir xeyli sonra Qaradiz yolunu bağladılar və bizim rayon mühasirəyə düşdü. Qalanını da bilirsiniz...

            Bir  söhbət eşitdim sonralar. Döyüşçülərimizin başçısı olan polkovnik İranda əli silah tutan kişilərə müraciət edib ki, gəlin hamımız İmişliyə gedək burdan , oradan da geriyə, Daşburuna dönək. Partizan dəstələri, diversiya qrupları yaradaraq düşmənə sarsıdıcı zərbələr vuraq. Onda da Nəriman müəllim əli ilə o tayda görünən erməni tanklarını göstərib deyib:

            -A kişi, siz o tankların  heylə hoqqa çıxartmağına baxmayın, iki gün keçməz, o Kişi bizim rayonu qaytarar. Ermənilər Ondan it kimi qorxurlar. Siz ortalığa pərxaşlıq salmayın. İmkan verin, o Kişi işini görsün... bax, sizə deyirəm, uzağı bir həftəyə rayonumuzu qaytaracaqlar... Əgər dediyim olmasa, mən it kimi hürərəm...

            Nəriman müəllimin sözünə qüvvət verən kəndlərimizin kişiləri deyiblər:

            -Əşşi, kişi düz deyir də! O hələ Siyasi Büronun üzvü olanda ermənilər ondan üfüdürdülər. İndi allahın köməyi ilə yerini bərkitsin, qaytaracaq torpaqlarımızı. Biz də Nəriman müəllimin sözünə şərikik...

            Orada olanlar danışırdılar ki, elə bil buna bəndmişlər: Arazın o tayından – Mincivan qəsəbəsindən bir sürü yiyəsiz it üzünü bu biri taya tutub uzun uzadı ulamışdı:

            -Ham-ham-ham.............................................................................................

            Sonra da bu sahibsiz itlər üzlərini göyə tutub ulamış, ulamışdılar...




                                                   13




            (“Beşdi, əllidi, beş yüzdü... Bunlar yarıdılar. Beş onun yarısıdı. Əlli yüzün. Beş yüz də minin. Tama əlin çatmırsa, yarıya yallah de. Bir yarıya çatmaq var, bir də yarını ötmək. Uşaq beş yaşını keçdisə, sümükləri bərkiyər, dirəşər, insan halına gələr. Zehni də yerinə oturar. Ona görə bir il sonra məktəbə verərlər.Yaxşı oxudusa, qiyməti “beş”dir... Əlliyə çatdınsa, kamilləşirsən, müdrikləşirsən. Ağır oturub batman gələcəksən. Ev-eşik, gün-güzəran qayğıların artacaq. Əməllicə kişi olacaqsan. Qapına elçi gələcək, ya sən bir qapıya gedəcəksən. Yəni dizinin dirəklənən vaxtıdı...  Amma əlli həm də qorxulu yaşdı. Kişinin ölüm yaşıdı. Onu addamısansa, zaval yoxdu saa. Öküzün yeri fırlada bildiyi qədər güc var əllidə. Qəsd qoysan, yeri də tərpədərsən. Buranı keçdinmi, geyiminə-keçiminə diqqət elə. Ailənə bağlan. Gennən gedən gözəllərə göz yetirmə. Çox kişinin evi, ailəsi əlliyə çatmamış, yaxud əllidə dağılıb. Əllidə kişiyə fövqəladə güc gələr. Yüz qadına dov gələsi ereksiya yaranar. Atar-tutarsan, vurub yıxarsan, enib-qalxarsan. Qadınları dəyişməyi sevərsən. Amma axşama doğru evinə gələcəksən. Birmi, ikimi, üçmü... ayrı yerdə gecələdin, sonundu... 

            Elm adamısansa, biliyin ikiqat artacaq əllidə. Şairsənsə, sözü sözə calamaqda qabağına çıxan olmayacaq. Həkimsənsə, fəhmin birə min artacaq. Bir rəncbər babasansa, bir əksən, on olacaq, yüz olacaq, bəlkə min olacaq! Min əfsanədi, mifdi. Amma yüz olan şeydir. Qazancın yüzdüsə, gözün qıza bilər. Hə-hə! Axı yüz namərddir. Gəlirin birə yüz artıbsa, si...in taxçalar gəzəcək, elə yüz arvaddan keçməz hala gələcəksən. İnsafsız, kəmfürsət olacaqsan. Qız-gəlin demiyəcəksən!.. Qız məməsi əmmək üçün – “qız südü qıtraq südü”, onda kişiyə güc verəcək iksir var – alışıb yanassan! Bir ayrısının halalı olmuş həyalı gəlinləri yoldan çıxartmaqçün sino gedəcəksən... Ama, əfəndim, yüz namərddi dedim axı. Yüz yaşamaqdan çəkinin! Yüzdə qəddin bükülər, dişin tökülər, gözün ətəyinnən uzağı görməz, həcətin itər-batar, yalnız işəməyə yarar, çoxdan ölmüş arvadın qalsa belə sənə qarıyıb-qartımış bacı olar, dilin dönməz, qulağın eşitməz. Lağ-luğaz yeri olarsan... Allah minnən qorusun, əfəndim! Min qorxulu rəqəmdir. Min var-dövlətin pik həddə çatması, azğınlıq, müharibə, ölüm-qandır, vəbadır, atomdur, sondur... Əhalisinə  doğru-düzgün çörək verməyən oyuncaq dövlətlər pulu altına yığıb atom bombası eşqinə düşməzmi?! Dedim axı, min mifdi...” 

            Bu sözləri Lələnin şamandan eşitdiyi kəsindir. Amma mən hardan bilirəm, bundan heç allah da baş açmaz?! Çün bu bir gündə başıma gəlməyən tapmaca, bilməcə qalmadı. Hələ Morqun həyətində o gecə gözü çıxarılan komediya, yaxud faciə nəydi, ay allahım?! Bundan da hər şeyi üstünə atdığımız o yazıq allahın xəbəri yoxdur, əlimin içi kimi bilirəm...)


            -Ayaq götür, başıa dönüm. Bırdan oracan xeyli yolumuz var. Eşşəyi az bizdə, götü yara olar, şələmiz dalımızda qalar...

            -Bizdəməsəm getmir axı! Minirəm yavaş yeriyir, minmirəm, heç yerimir... Gərək elə çubuğu soxam...

            Bu boz eşşək var ha, axmağın biridi. Yerimir də, qardaş. Nənəm də deyir ki, bizləmə. Bizləməsəm, gərək axşamacan yol gedək. Mənim axı qayıdıb dərs oxumağım var, tapşırıqlarımı  yazmağım var. Nənəmin nə vecinədi... Yox, bunu yandığımdan dedim. Bu arvad neçə illərdir ki, bu boz eşşəyin belinə yüklədiyi şey-şüyü aparıb Mincivan bazarında satır, pul-para qazanıb həm evimizi saxlayır, həm də məni oxudur. Hələ yamangünnük pul da yığıblar anamla. Bilirəm, göy yastığımızın içinə basıblar. İki minəcən var. Üstünü də düzəldəcəklər ki, məni instituta qoysunlar. Bə nədi? Mən yaxşı oxusam da, pulsuz ora girmək müşkül məsələdir. “Beş” heç vermirlər, “dörd” əvəzinə isə “üç” verib konkursa salırlar... Bunu Nəriman müəllimdən eşitmişəm. Özü əmək təlimi müəllimi olsa da, bizimlə belə-belə şeylərdən təkcə o danışır. Hətta pulu olanları yanına salıb Bakıya aparır, oradakı tanış-tunuşunun əliynən instituta uşaq düzəldir. Sonra da gedib “Azərbaycan” mehmanxanasında (indi adını dəyişiblər) lotuluq eləyir. Ona görə Nərimanın adının yanında Odundan savayı bir Baz sözü də vardı. Kimisi üçün o, Odun Nərimandı, kimisi üçün də  Baz Nəriman...

           Qalan müəllimlərimiz qalstuku boyunlarına bağlayıb elə sıxırlar ki, az qala özlərini boğacaqlar. Nə olub, a balam?! Elə bil adam deyillər, heykəldilər, kukladılar. Guya yemirlər, içmirlər, tualetə də getmirlər... Biz də axmağıq, vallah! İnanmışdıq bu kimi şeylərə. Hələ gör sinifkomumuz İltimas nə deyir dərsdə: “Ə, bı məllimlərimiz var e, kişi məllimlər, onnar arvadlarıynan yatıllar?” Novruz da başına əliynən çırpır: “Ay eşşək, yatmasalar, arvadları nə təhər doğar?! Görmürsən hərəsinin 3-4 qırılmışı var!?”

            Bu il doqquzdayam, gələn il onu bitirəcəm, sonra da Bakıya imtahan verməyə gedəcəm. Öyrənmişəm, ədəbiyyat fakültəsinə ana dili və ədəbiyyatdan yazılı və şifahi, tarixdən şifahi, xarici dildən də şifahi imtahan verməliyəm. Ana dili və ədəbiyyat  şifahidən aşağısı “dörd”üm var, tarixdən də “dörd” olacaq sağlıq olsun. Qaldı inşa, bax, bunu gözüm yemir. Gərək konspektdən gizlicə köçürüm. Xəttim də yaxşı deyil. Bir də mənim bir illətim var: öldür, üzündən köçürə bilmirəm. Bir-iki cümlə köçürdümmü, sonra özümdən asılı olmadan gözümü yumuram, özümdən döşəyirəm. Onda da xiyar əyri bitir. Müəllimlər “iki”ni yapışdırırlar danqırıma!.. (Bunu lap sonralar başa düşdüm: mən əslində yazıçı, jurnalist olmağa hazırlaşırmışam o “döşəmək”lə. Amma o insafsız müəllimlər özümdən yazdığıma görə danqırıma çırpırdılar “2”ni). Xarici dildən isə onsuz da “üç” verəcəklər, çünki keçməmişəm bunu. İnstitutda işləyən qohumumuz deyib ki, qoy bir az “a”-yı, “t”-yı öyrənsin, direktor attestatına qiymət yazsın, mən burda tapşıracağam, imtahandan “dörd” yazdıracam... Ona görə bax, belə axmaq məsələlərə görə o yastığın içindəki pullar artmalıdır...

            -Hokkuş, a bala fikrin hardadı, eşşək yoldan çıxdı axı?!

            -Cəhənnəm ol belə də! Açu! – Eşşəyin boynuna ağacla vururam. Nənəm acıqlanır:

            -Vırma heyvanı! Allah ona min can versin... Şələmizi dalımızdan o alır... 

            Örən bağa çatırıq. Nənəmin tapşırığıynan eşşəyi iri çınar ağacından bir az aralıda hörükləyirəm. Sonra palanın üstündən xaşalara yığdığımız qısa saplı beli,  kiçik   ağızlı külüngü götürüb adına Doşab torpağı dediyimiz yerə yönəlirik. Bura tülkü dəməyindən bir az gen olan yeraltı kufuldur. Təxminən iki metrəcən çəpinə dərinliyi oalar. Hündürlüyü də yarım metr ola, olmaya. Yəni bunun içində sərbəst hərəkət eləmək çətin məsələdir. Girdinmi içəri, ancaq dalı-dalı çıxa bilərsən, özü də sürünə-sürünə.

            Beli-külüngü götürüb sürünərək  içəri girmək istəyirəm. Nənəm qoymur.

            -Dayan, ağzında bir yalav eliyək. Tüstü verək içəri. Tülkü-mülkü, ilan-çayan girmiş olar, saa xətər toxundurar, əvim yıxılar.

            Tez alışan süpürgə, quru sılıf otu yığıb kalafanın bir az içərisində  kibritlə odlayıram. Sonra bellə söndürüb tüstünü içəri ötürürəm. Bir şey görünmür. Arxayın olandan sonra nənəmin verdiyi köhnə sırıqlını pencəyimin üstündən geyib içəri sürünürəm. Gəc kimi sarımtıl doşab torpağının xoş ətri vurur məni. Ağzı iti külünglə torpağı sağdan-soldan qazmalayıram. Təxminən yarım saat qazandan sonra dalı-dalı sürünüb çıxıram. Bir az nəfəsimi dərib xaşanı və beli götürüb yenə içəri girirəm. Bu qəfə qazdıqlarımı xaşaya yığıb qıçalarımın arasından nənəmə uzadıram. Amma o çəkib çıxarda bilmir. Özüm çıxmalı oluram və torpaqla yarım xaşanı da sürüyıb çölə gətirirəm. 

            Qan tərin içində çaya tərəf cumuram. Üzüm-başıb tamam torpaqdır. Həm də boğazıma toz dolub, nəfəsim tıncığır. Soyunub çaya girirəm. Yaxşıca yuyunuram. Nənəmin səsi gəlir:

            -Tez ol, a bala! Bı yannan sızaq əsir, soyuq alar səni.

            Sentyabrın axırıdır. Dağdağan və qarağac ağaclarına dırmaşaraq yaxşı bar vermiş  üzümlərimizi səbətlərə yığmışıq. Nənəm satdığını satıb, satmadıqlarını isə teştlərə töküb ki, doşab torpağını aparıb qatışdıraq. Sonra da ayaqlarımızı salavatlayıb girək içinə, əzək, doşab bişirək. 

             Doşab (bəzi kəndlərdə bəhməz deyirlər), can dərmanıdır. Nənəm deyər ki, öskürəyi bıçaq pendiri kəsən kimi kəsər. Sinənin dərmanıdır. Qan artırır. Qara ciyəri saflaşdırır...

            -Bı doşabdan ötən il Bakidəki qohumumuz  Həmzə məllimə iki bodulka göndərmişdim. Bilirsəmı nə deyib? Mamama deyin, bınnan genə göndərsin, nəvəsinə nə kömək lazımdı eliyəcəm!.. İndi aparax torpağı, doşabımızı bişirək,  yııkı il (nənəm gələn ilə belə deyir), allah qoysa beş bodulka göndərəciyəm ona... Qoy saa  inistuta girməyə yaxşı köməy eləsin...



                                                        14

            

             Biz tərəflərdə   tut, üzüm  o qədər bar verər ki, yığıb-yığışdırmaq olmaz. Şəhər-bazardan da uzaqdayıq, hər adam sata  bilməz məhsulun. Bəziləri qaynadıb mət bişirərdilər. Amma bu mət, çox qalmaz, qıcqırıb xarab olardı. Ona görə qədimlərdə tutu qurudar, üzümü  də bircə burum qaynadıb  kölgə yerdə  sərər, qaxsıdıb meviz* edərmişlər. Kimi də ya gizlində araq çəkər, ya da çaxır düzəldərmiş. Ta ki, adına gah bəhməz, gah doşab dediyimiz  nemətin sirri tapılanacan...

            Nənəm danışırdı ki, çox-çox qədimlərdə biz tərəflərdə bir kişi olub. Adına Ağ kişi desələr də, adam qaraşın imiş. And içirmişlər ki, gecə düşdümü, Ağ kişi görünməz olurmuş – gecəyə qarışırmış.

----------------------------------------------------------------------------------------------------------------------------------------

*Meviz – kişmişə bənzəyir, amma kişmiş tumsuz olur. Meviz tumlu üzümün qurudulmuş formasıdır.    



             Bu adam bəzən aylarla yoxa çıxar, haralara isə gedər, qayıdanda hökmən təzə bir şey gətirərmiş. Bir dəfə yoxa çıxandan altı-yeddi ay sonra özüylə bir torba kartof gətirib əkib həyətində. Kartofun məhsulunu yığanda kənddə hamıya toxumluq verib. Kartof  belə gəlib çıxıb buralara.

            Başqa bir vaxt Ağ kişi geri dönəndə pomidor gətirib. Bunun da özünü yeyib, toxumunu əkib. Kəndə pomidorun gəlişi belə olub... Lobyanı da o gətirib kəndə.

            Bir dəfə hinduşka gətirib. Sonra yapon ördəyi, daha sonra nələr, nələr...

            Və kənd əhli bu kişiyə daha Ağ kişi deməyib, Ağakişi deyib. Kəndimizin adı o gün, bu gün, qalıb Ağakişilər...

            Amma bunun da tarixi var...

            ...Ağ kişi bir gün yenə yoxa çıxıb. Aylar ötüb, il dolanıb, o şəvə kimi qapqara kişi dəyirmanın unnuğunda una bulaşıb ağarmış dəyirmançı kimi gəlib çıxır. Üzünü arvadına tutub deyir ki, paltarımı bir vannaya çırp, qoyma tozu yerə-yurda tökülə, sonra özümü də qoy o vannaya, bədənimdəki bu ağ tozu sil-süpür tök vannaya. 

            Arvad kişinin dediyin edir, vannada bir xeyli una oxşar toz qalaqlanır. Sonra kişi bir səbət üzümü o tozun içinə töküb deyir ayaqlayın. Bir xeyli ayaqlayandan sonra, tapşırır ki, şirəni süzün, cecəni atın toyuq cücəyə. Süzülmüş şirəni bu dəfə cunadan keçirdib, qazana tökdürür, deyir altını qalayın. İçinə adam yerləşən qalaylı qulpsuz mis qazandakı şirə düz üç gün, üç gecə qaynayır, qazanın dibində bala qazanla bir qatılaşmış qapqara mət qalır. 

            Kişi kənd əhlini çağırır və deyir hər biriniz bir dəfə  barmağınızı bu qara şeyə batırıb yalayın. Adamlar barmaqlarını yalayan kimi gözlərinə işıq, qollarına güc, ürəklərinə təpər gəlir. 

            -Bu nədi, Ağ kişi?-deyə soruşurlar.

            Kişi hönkürüb ağlayır. Deyir qonşu mahalda bazarı gəzirdim, bu şeyi gördüm orda. Bir gümüş pul verib, beş qaşıq qədərincə aldım. Elə ordaca barmağımı batırıb yaladım. Gördüm ki, canımdakı bütün yorğunluğum getdi. Ağrıyan sümüklərimim sızıltısı keçdi. Ürəyim çırpınırdı, o da səngidi. Çətin nəfəs alırdım, onu da rahatlatdı. Dedim, ay qardaş, bunun adı nədi? 

            Gərək əvvəlcə deyəm ki, o vilayətdə yaşayanlar bizim dildə danışmazlar. Öz dilində qayıtdı ki, buna doşab deyərik. 

            Dedim, ayə, bəs bu nə təhər əmələ gəlir?

            Dedi, bu, sirdir. Sən bu mahaldan deyilsən. Sirrimizi sənə verə bilmərəm.

            Əlacım kəsildi, qaldım oralarda ki, görüm bunu nə təhər əmələ gətirirlər. Bir az gümüş pulum, bir də  ikicə qızıl sikkəm vardı. Verdim evində qaldığım kişiyə. Yalvardım ki, bu sirdən məni agah elə. Dedi, gərək üzüm yetişə, ya da tut dəyə, sonra səni başa salaram. Çarəm nədi? Gözlədim, qış ötdü, yaz gəldi, barama qurdu xiriyə gedən vaxt kişi məni apardı dağın ayağındakı təpəliyə. Bir tülkü dəməyinə oxşar yer vardı, qabaqcan özü girdi. Əlindəki gödək saplı baltayla qazıb dəyirmanın ard ununa oxşayan torpaq çıxartdı. Dedi ki, bunu aparıb qatacağıq tuta, ya da üzümə. Əzib şirəsini bu torpaqdan keçirəcəyik. Üç gün, üç gecə qaynadacağıq, o gördüyün min dərdin dərmanı doşab hasil olacaq. 

             Sonra məni saldı o qazmaya. Bir adamın yerləşəcəyi dəliyə güclə girdim. Gördüm ağappaq torpaqdır hər tərəf. Amma kiran kimi bərkdir. Gərək qazmayla, yaxud baltayla qazasan. Xüləsey, bir xeyli qazdım ki, yığam torbaya özümnən gətirərəm kəndə. Kişi dedi, çoxları bizim sirrimizi oğurlamaq istəyib, qoymamışıq. Səni də sərhəddən keçəndə buraxmazlar torpaqnan. Bir də bilsələr ki, bu sirri mən sənə açmışam, bunu məndə qoymazlar. Torpağı da götürüb gəldik evə. Ev yiyəsi necə demişdi, torpağı qatdı  ağacdan çırpılmış tuta. Ayaqlarını təmiz yuyub girdi içinə. Ayaqlayıb əzmələdi. Sonra üç-dörd dəfə şirəni süzdü, qazana töküb üç gün qaynatdı. Doşab hasil olanda üzünü mənə tutub dedi:

            -Gətirdiyimiz torpağın yarısı qalır. Sənin bədəninə doşab çəkəcəyəm. Üstünə də torpağın tozundan dağıdacağam. Torpaq yapışacaq bədəninə. Paltarını geyinib gedərsən, səndən şübhələnməzlər – onsuz da qarasan. Evinə çatanda arvadına deyərsən, bıçaqla bədənindən rorpağı qaşıyar, tökər tutun, yaxud üzümün içinə. Sonra doşab bişirə bilərsən... Daha sonrası sizlikdir: bizim babalarımız bu torpağı tapmaq üçün bu təpəlikləri dəlmə-deşik eləyiblər. Siz də qazın, axtarın, tapın.

            Qalanını da bilirsiniz. 

            İndi cavan-çoluq hərə bir külüng götürsün, gedək Örən bağ səmtə. Məncə, o təpəliklərdən tapa biləcəyik o torpağı.

            Düz bir ay kəndin adamları o dərə-təpədə əsir-yesir olur. Doşab torpağı tapılmır ki, tapılmır. Hamı qayıdır geri, amma Ağ kişi inadından dönmür. Deyir, mən o torpağın iyisin almışam. Buralardadı. Tapacağam.

            Bir gün Ağ kişi, doğrudan da ağ appaq cilddə gəlir kəndə. Adamlar onu görüb qorxurlar. Kişi kipriklərinəcən ağ tozun içində imiş. Üzünü kənd əhlinə tutub deyir:

            -Örən bağ sirrini verdi. Torpağı tapdım. Amma bir şeyi unutmayın: orda bütün kənd əhlinin təri, qanı, əməyi var. O torpağa xəyanət eləmək, haram qatmaq, murdarlamaq  olmaz. Yad mahal əhlinin doşab dediyinə biz bunnan belə bəkmət deyəcəyik – onsuz da torpaqsız bişirdiyimizə mət deyirdik, qoy bu da olsun bəkmət*, yəni bərk mət. Xarab olmayan, qıcqırmayan bərk mət... Beş səbət üzümnən bir aş qazanı bəkmət çıxacaq. Bu qırx qanın mayasıdı. Min dərdin əlacıdı...

            Camaat  sonralar   Ağ kişinin bəkmət dediyini bəhməz elədi. Amma ilk gəldiyi yerdə doşab deyildiyinə görə, doşabı da yadlarından çıxartmadılar. Gah bəhməz, gah doşab dedilər...

            O ili Ağ kişi də dünyasın dəyişir, deyilənə görə.

            Ağ kişinin adı Ağakişi, kəndlərinin adı isə Ağakişilər  qaldı...



-----------------------------------------------------------------------------------------------------------                                                                 

*Mahmud Kaşğarlının “Divani-luğat-it-türk” əsərində bu oğuz sözü pəkməs kimi gedib.  Sonrakı dövrlərdə söz pəkməz, bəkməz və nəhayət bəhməz formasına düşüb. Dilimizdə alınma doşab sözü ilə paralel bəkməz sözü də işlənməkdədir. (Müəllifin qeydi.)


                                                                          15





            Məstanın 35-36 yaşı olardı. Çox qəşəng, yaraşıqlı qız idi. Doğuş zamanı inçəsindən zədə almışdı. Bir ayağını çəkir, sağ böyrü üstə yanpörtü yeriyirdi. Daldada  qız-gəlin ona Əyrimçə Məstan deyirdi. Kənd əhli isə qızıl-qırmızı Çolaq Məstan qoymuşdu adını.

            Qızının şikəstliyini anlayan Tükəz arvadı Məstanın beş yaşı olanda, bizim kəndlilərin dili ilə desək, vurğun vurdu. (O zaman qəfil yatağa düşüb ağzı əyilən, gözü çəpləşən, dili tutulan xəstələrə belə deyirdilər. Yəqin ki, indiki iflic olma anlamındaymış.) Gənc qadın yorğan-döşəyə düşdü, bu heç, amma yazığın dili də tutuldu. İlk əvvəllər sağ əli ilə yaza bilirdi deyə, fikrini yazı ilə çatdırırdı. Amma zaman keçdikcə qadının barmaqları da büküldü və qələm tuta bilmədi. 

Düz otuz il idi ki, Tükəz yataq xəstəsi idi. Dərslərini bülbül kimi ötən Məstanı oxutmaq arzuları ər-arvadın ürəklərində qaldı. Əslində ata da, ana da bunu çox istəyirdilər, amma Məstan razı olmadı. “Mən oxumağa getsəm, anama kim baxar? Anamın altına kim qab aparar? Əyin-başını kim dəyişər, kim çimizdirər, kim nə  dediyini  bilər?” 

           Bu “kim nə dediyini bilər?” elə belə, gəlişigözəl söz deyildi. Danışırdılar ki, anasının dodaqlarının tərpənməyindən qız nə istədiyini bilirmiş, oxuyurmuş. Gözünü açıb-yummağından, alnını turşutmağından, gözlərini dolandırmağından anlayırmış onu. Hətta bir kərə qız anasının dodaqlarından oxuybmuş:”Səni istəyən var, atanla mən razıyam. Elçi gələcəklər. Hazırlıq gör.” 

          Qız daş atıb başın tutsa da, ürəyində sevinən kimi də olur. Bunu ana da hiss edir. (Tövlələrində su qızdırıb çimmiş, daranmış, bəzənib-düzənmişdi. Onsuz da gözəl olan qızın üstünə sultan çulu çəkilmişdi. Alışıb-yanırdı!)

           Elçilər gəlir və Məstan baxıb görür ki, bu gələnlər Dana Zərbəlinin atasıynan anasıdır. Zərbəli də ki nə Zərbəli?! Başı anadangəlmə keçəl, keçəlliyi cəhənnəmə, küy olmasın şaftalı boyda. Eşşək   kimi, yox e, camaat demiş, dana   kimi bədənin üstündə  şaftalı boyda baş, bilirsən nəyə bənzəyərdi? Elə bil inəyin başını kəsib yerinə qoyun başı  qoymuşdular. Bu da cəhənnəmə, Zərbəlinin yay-qış burnu ilikli olardı. Pencəyinin qollarına fırtığını o qədər silərdi ki, gümüş kimi parıldayardı... (Heyf gümüşdən!)

            Qız Zərbəlinin atasıynan anasını görəndə ilk gözünə görünən onların oğlanlarının parıldayan qolları oldu və öhö eləyib qusdu evin ortasına. Sonra da üzünü gələnlərə tutub dedi:

            -Mən oğlunuzdan iyrənirəm. Qolları gözümün qabağına gələn kimi qaytardım...

            Qapıdan çıxhaçıxda Zərbəlinin anası götünü burcudub demişdi:

            -Əyrimçəni gördün?! Gündə beş dəfə Tükəzin poxun barmaxlamağınnan danışmır, mənim gül parçası kimi oğlumun qollarınnan danışır!? Çolax qəhbə!

            Məstan, arvadın götünü burcudub onu yamsılamasından sonra dediyi o iyli sözlərdən də iyrəndi və təkrar qusdu. Sonra da üzünü anasına tutub hönkürə-hönkürə dedi:

            -Ay ana, saa qurban olum! Bir də maa belə söz demə! Allah maa bəxt versəydi, belə şikast doğulmazdım, sən xəstə olmazdın... Mənimki də belə gəlib... Mən taleyiminən barışmışam. Day məni umudlandırma...

            Amma Zərbəlinin ürəyində bir Məstan yarası vardı. Qızı harda görsə, dalına düşər, irişər,  qolunu burnuna silib ah çəkərdi. Məstan da bunu heç eyninə almaz, görməməzliyə vurardı. 

            Zərbəlinin əmisi Nəriman bizim məktəbdə əmək təlimi dərsi deyirdi. Yaşı qırxı ötən bu adam məktəbimizin ən bivec müəllimlərindən idi. Hələ sinifdə dərs deyən görmədik onu. Əmək təlimi dərsi başlayan kimi odun anbarına basırdılar bizi. Oğlanlar odun doğrayırdı, qızlar da doğranmış odunları siniflərdə gurhagurla yanan odun sobalarının yanına daşıyırdılar.

            Yazda isə bu dərsdə ya futbol oynayırdıq, ya da məktəbin həyətin belləyərdik. Hərdən də bizi maşına doldurub meşəyə məktəb üçün odun yığmağa aparırdılar. Təbii, üstümüzdə də Nəriman müəllim gedirdi. Uşaqlar ona Odun Nəriman deyirdilər.

            Bu adam  Zərbəlinin atası İnqilab  kişinin qardaşı oğlu olsa da, əmi-bala küsülü idilər. Deyilənə görə, Nərimanın atası öləndə qardaşını çağırıb deyib ki, mənim oğlumu  böyüdərsən, oxudarsan. Sonra da evləndirib ev edərsən. (Kişi rayonda uzun zaman univermağın müdiri işləyib. Orada bir arvadı, qızları varmış. Sonralar gəlib kənddə də bir qız alıb, ev-eşik tikib. Nəriman beşdə oxuyanda kişi öz VOLQA maşınında qəza törədib. Ağır yaralanıb. Xəstəxanada olanda qardaşını yanına çağırıb deyib ki, rayon mərkəzindəki arvad-uşağımdan nigaran deyiləm. Ev-eşikləri, pul-paraları var bəsdi deyincən. Amma Nərimannan nigaran gedirəm. Anası yaraşıqlı olsa da, başdan seyrəkdir. Ona ürək qızdıra bilmirəm. Sən bu açarla mənim kabinetimdəki seyfi açarsan, orada bir kiçik torba qızılım var, onu götürərsən...)

            İnqilab kişi, eləmə tənbəllik, kəndin ən yaraşıqlı qadını olan qardaşı arvadı Müşafərimi yanlayır, deyir ki, qardaş ki, öldü, arvadı qayınındı. Müşafərim də bir az nəm-nüm eləyir, amma elə ərinin qırxı çıxan kimi İnqilabı salır evinə. O da öz arvadının çəm-xəminə baxmır, bir gecə öz evində, bir gecə də Müşafərimin yanında qalır. Allahın da qəribə işləri var. Kəndin arvadları götün açıb uşaq doğanda İnqilabın arvadı Zərbəlidən savayı uşaq doğa bilmir. Müşafərimin isə, yalançılar sözü, uşaqlığında xəstəlik tapılır. Nə qədər dava-dərman eləsələr də, uşağı olmur.

            İnqilab qardaşının vəsiyyətinə əməl edib Nərimanı pedoqoji texnikuma qoyur. O da oranı bitirib olur əmək təlimi müəllimi. Sonra altdan-altdan öyrənir ki, atası əmisinə qızıl veribmiş. Kəsir kişinin üstünü ki, mənim qızıl payımı ver. O da qayıdır ki, a bala, nə qızıl-gümüş salmısan, anan da allah şahididir ki, atan maa verdiyi amanatla səni oxutmuşam... 

           Amma  Nəriman  nuh deyir, peyğəmbər demir. Kişini döyüb evlərindən qovur. Anasına da təpinir ki, sən sən olsaydın, atam qızılımızı əmimə yox, sənə verərdi... 

            Beləcə, əmi-bala qanlı-bıçaq olmuşdular.

            





                                                              16




           Kənddə söz gəzirdi ki, İnqilab qardaşının əmanətinə xəyanət elədiyinə görə, allah onu cəzalandırıb. Bir düz-əməlli zürriyyət verməyib Zərbəlidən savayı. Zərbəli də nə Zərbəli! Yuxudan duran kimi başlayırdı zarın-zarın ağlamağa. “Ə, niyə ağlayırsan?” Elə ağlaya-ağlaya deyirdi:

            -Ma cı yumta...

            Yəni, mənə yumurta çığırtması bişirin. Anası allaha asi-kafir ola-ola ona qayğanaq bişirərdi hər səhər. Gədə (özü böyüsə də, ağlı artmırdı – tüklü şəftəli boyda başın içində nə ağıl olasıydı ki), iyirmi yaşındaydı, amma bir işin qulpundan yapışa bilmirdi. Heyvan dalıncan göndərirdilər, yarısın itirib gəlirdi. Hinduşkaları qabağına qatırdılar, azı üçün-dördün tülküyə verirdi. Ona görə allahın verən günü aralıq-bacada küllənirdi. Daha ona iş də buyurmurdular. 

            Və bir gün əmisi oğlu Nəriman Zərbəlini yannayıb demişdi:

            -Xəbərin var, Məstan sənnən ötrü ölür?! Dədənə de, qoy elçi gedib onu alsın saa!

            Ayrı söz beyninə batmasa da, bu söz batmışdı. Elə axşam düşməmiş evə cummuş, anasına demişdi:

            -Məştan maa iştiyil...

            Arvad əvvəl fikir verməsə də, gədə əl çəkməmişdi. Elə dediyini deyib durmuşdu. Və söz anasının da beyninə batmışdı. “Nə olsun başı yoxdu, şeyi ki var! Bəlkə allah irast saldı, bir zürriyyəti oldu, yurdumuz kor qalmadı.”

            Ərini dilə tutmuşdu. Zərbəlinin dilə gəlməsini, Məstanı istəməsini kişiyə qandırmışdı. Kişi də əvvəl-əvvəl “ə, o yana elə bu batmışı, onnan kişi çıxası dəyil, bizi biyabır eliyəcəy” demişdi. Sonra gədənin hərdən tumançaq olanda qabağından sallananına baxmış və fikirləşmişdi ki, niyə olmasın ki? Arvadın sözünü niyə qəribçiliyə salıram? Həcəməti ki, var... vallah olacaq kimi görünür bu iş...

            (Kəndlərində Qərənfil adında qarı vardı ki, iki oğlu Bakıda yaxşı vəzifədə idilər. Bir oğlu da vardı Sərvər adında, dəliydi yazıq – ada bax də, səni allah – amma Qərənfil onu bir gözü mayıf  qızla evləndirib oğul-uşaq yiyəsi elədi. Day çox dərinə getmirəm, siz bunu “Dəli Sərvərin dəli olmağı” hekayəmizdə oxumusunuz – müəllif).

            Və Zərbəliyə kostyum almışdılar. Cibinə dəsmal qoymuşdular. Hətta bir dəsmalı da dörd qatlayıb çöldən yaxa cibinə   taxmışdılar. Sonra da elçi getmişdilər...

            Səhəri gün Məstan bulağa suya gedəndə Nəriman müəllim qızı yanlamışdı:

            -Bıy aaz, ay ölmüyəsən, Zərbəlinin elçilərin niyə qaytarmısan?

            -Neynirəm onu, məllim, quşbeyindi. Qolunun sadırından ürəyim bulanır...

            İkisi də şaqqa çəkib gülmüşdülər.



                                                                    17



            Bir də gördüm bir arvad qaranlığa bürünüb yerlə sürünə-sürünə gəlir. Arvad olduğunu arxasıncan sürünən şalından bildim. Hıqqıltısı aydınca eşidilir – gələnlərdən yalnız bunun səsi çıxır, o da hıqqıltı şəklində. 

            -Bu, Tükəz arvaddı. Məstanın anası. Burda da sürünür qızının dalınca. Məstan yadındadı də? Qıçını çəkirdi e?Amma gözəl idi yanmış. Bilirsən də, onun başına nə iş gəldi?

            ...Məstan girmişdi Örən bağdakı doşab torpağı olan lağıma. Orağın burnu ilə dəhmərləyir, qopardığı doşab torpağını əli ilə toplayıb böyründəki torbaya yığırdı. Təxminən bir saat idi ki, qız bu qəbir kimi dar lağımda idi və hiss edirdi ki, havasızlıqdan  ürəyi döyünür. Həm də çəkdiyi qıçı torpaqda çox qaldığından quruyub keyimişdi. Ona görə dalı-dalı sürünüb çölə çıxdı, səndirləyə-səndirləyə  -  onsuz da adi vaxtda belə o sərbəst yeriyə bilmirdi, indi havasızlıqdan, yorğunluqdan başı gicəllənirdi – özünü sürüyüb çaya saldı. Əvvəl üzünü yudu, sonra ayaqlarını çayın sərin suyuna salladı. Sonra xoşhallandı,  donunu qurşağınacan qaldırıb çaya girdi. 

            Göz yaşı kimi dumduru su bədəninə, illah da can evinə yayıldıqca qızın əti ürpəşir, elə bil çay həddi-buluğa çatmış oğlana dönüb qızın bədəninə sarılırdı. O, lap özünü əldən qoydu. O yan-bu yana boylandı, donunu çəkib başından atdı, darbalağını belə iki barmağı ilə dartıb çıxartdı və lüt anadangəlmə özünü suyun ağuşuna atdı. 

            Pak su əvvəl onun aşağı orqanlarını imsilədi. Can evinə təkrar ağız atdı. Sonra yanbızlarını qucdu. Yuxa yerinə baş vura-vura gəlib göbəyini tumarladı və yavaş-yavaş sinəsini, yupyumru, ucu moruq kimi qızaran məmələrini yaladı. Qız özünə gəlməmiş su-oğlan onun  tunc sifətindən öpdü, dodaqlarını ağzına alıb sordu. Məstan içindən silkələndi. Orqazm  yaşadığını duydu. Və bu hal təkrar-təkrar baş verdiyində qız elə bil ayıldı. Hardansa ona iki gözün zilləndiyini duydu. Bəlkə elə bu baxışların təsirindən orqazm yaşamışdı. Yoxsa bu uydurma su-oğlan nə deməkdir?

            Bir göz qırpımında sudan çıxdı. Əlüstü geyinib lağıma tərəf  getdi. Baxdı ki, qazdığı torpağın yarısı hələ lağımda qalıb. Doldurduğu balaca torbanı böyüyə boşaldıb, boşunu  əlində tutaraq  yenə lağıma girdi. Sürünüb qazdığı yerə çatdı. Torpağı təzəcə torbaya yığırdı ki, kimsə əlləri ilə onun ayaqlarından tutub özünə tərəf çəkdi. Sonra qızın donunu qaldırıb darbalağını barmaqları ilə geri sürüşdürdü. Müqavimət göstərmək mümkün deyildi – ağzı qazdığı torpağa dirənmiş, qolları dar lağımda bükülü qalmışdı. Geri qanrılıb çıxmaq istəsə də, bacarmadı – altda qalan şikəst qıçı bərk ağrıdı. Əllərsə çöx güclü idi...


                                                                        


                                                               18




           ...-Möhtərəm hakim, mən müəlliməm. Kəndimizin bütün uşaqlarına dərs demişəm. Elə Məstana da, Zəbiyə də. Düzdü, Zəbiyə sonralar evlərində dərs keçdim. Həm əmioğlu kimi, həm də qardaş sayılırdıq axı. 

            -Zəbi kimdir? – Hakim soruşdu.

            Nəriman müəllim gülümsədi (bü gülümsəməyilə   çox rahat və sərbəst olduğunu çatdırmaq istəyirdi sanki məhkəmə heyətinə və zalda oturanlara), sonra başını Zərbəliyə tərəf döndərib irişdi:

           -Zərbəliyə, möhtərəm hakim, biz əzizləmə mənasında Zəbi deyirdik...  Hə, Məstan savadlı qız idi, dərslərini əla oxuyurdu. Amma anası xəstə olduğunnan təhsilini davam etdirə bilmədi. Həmişə buna heyfsilənmişəm... Zəbi isə... Zəbinin əqli və fiziki qüsuru var, bunu siz də yaxşı bilirsiniz. Dördüncü sinfəcən adını jurnalda saxladıq ki, bəlkə ağıllanar. Amma olmadı. Get-gedə zayılladı. Ona görə də maarif şöbəsindən ona ayrıca dərs demək üçün müəllim ayırdılar. Bunu heç bir müəllim boynuna götürmədiyinnən, mən ona evlərində həm ana dili, həm əmək, həm də rəsm dərsləri keçmişəm... Əslində, Zəbinin əqli qüsuru olsa da, məncə fiziki qüsuru yox idi. O, fiziki cəhətdən sağlam idi. Üzr istəyirəm, mən onu örüşdə dəfələrlə eşşək, dana, qoyun-keçilərlə  cinsi əlaqədə olan zaman görmüşəm.

            (Əvvəl bu “cinsi-əlaqə” sözünü zaldakılar yaxşı anlamırlar. Sonra kimsə astadan “ə qayrışmaxdı dana” deyəndən sonra zalda gülüşmə və söyüş səsləri eşidilir. Kimsə Nərimanın özünü söyür.)

            -Möhtərəm hakim! Ona görə də, əmimə də, əmidostuma da Zəbini evləndirməyi mən təklif etmişəm. Bunun həm də onun həyata bağlanmasına, bəlkə də əqli inkişafına kömək edəcəyini düşünürdüm bir pedoqoq kimi...

            -Sonra, sonra. Gəl mətləbə, mövzudan kənara çıxma. Bura məktəb deyil, - deyə hakim Nəriman müəllimin sözünü kəsdi.

            -Möhtərəm hakim! Mən ov həvəskarıyam. Qoşalülə zaverim var. Ovçular cəmiyyətinin də üzvüyəm. Həmin o məşum hadisə olan günü ova çıxmışdım. Bizim Qala daşı səmtdə, Örən bağın yaxasındakı Halallıca dediyimiz zəmi yerində yaxşı kəklik olur...

            -Kəkliyi burax, mətləbə gəl! - Bu dəfə prokuror acıqlandı.

            -Ehsan tutunun üstündəki qayaların arasından enib izinə düşdüyüm kəklik sürüsünü təqib edə-edə gəlib Doşab torpağı dediyimiz yerin yaxınlığına çıxdım. Bir də gördüm ki, bir adam Doşab torpağının dəliyinin ağzında əyilib-düzəlir. Əvvəl elə bildim ki, kimsə doşab torpağı qazır. Yaxınlaşanda gördüm ki, bu, bizim Zəbidir. Bir qadının qıçları, üzr istəyirəm, bunun çiynindədir... Oğlan qadına arxadan təcavüz edirdi.

            -Sən onun qadın olduğunu hardan bildin? Axı onun bədəninin qurşaqdan yuxarısı torpağın altında idi? – Bu sualı vəkil verdi.

            -Bunu bilməyə nə var ki?! Qadının ağappaq qıçları bunun – qəfəsin bir küncünə qısılıb oturmuş Zərbəlini göstərdi – çiynində idi.

            Nəriman irişdi. Zaldakılar da soyuq-soyuq gülüşdülər. Bayaqdan heç nəyə reaksiya verməyən Zərbəli birdən dartınıb qəfəsdən çıxmaq, nəyisə başa salmaq üçün boğuq səslər çıxardı. O səslərin içərisində yalnız “Mən... mən... Məştan...Məştan... Nırt... ırt...” kimi mənalı-mənasız sözlər anlaşılırdı. Əvvəllər nələrisə qandıra bilən Zərbəlinin deyəsən qorxudan nitqi təmiz tutulmuşdu. Bu balaca şəftəli başıynan toqquşdurduğu sözləri heç kim anlamadı. O yenə “Mmmmən... zzzzzddd... Məştan... Nırt... Irt...” eləyib başını qəfəsin dəmirinə vura-vura zarıdı.

            -Caaan, nənən ölsün. Ay dilsiz-ağızsız bala! Ay qana düşən bala! Ay allah! Sən axı bu haxsızlığı necə götürürsən?! – Zəbinin anası bunları deyib dırnaqları ilə üzünü diddi, qan sifətinə yayıldı.

            -Sakit! Sakit! Bir də icazəsiz danışsan, səni zaldan çıxardacağam! – Hakim qadına acıqlandı.

            -Ay möhtərəm hakim, bu Nərman məllimin anasın, mənim ərim almışdı atası öləndən sonra. Qardaşı arvadın almışdı... Bı Nərman o qısası alır bizdən. Oğluma şər atır, bax o qabağındakı kitab haqqı!..

            -Sakit ol, ay arvad! Sənə söz veriləndə bunları deyərsən... Tibbi-ekspertizanın  rəyi gələnə qədər məhkəmə iclası təxirə salınır... – Hakim bunu deyib qovluğunu qoltuğuna vurdu ki, getsin.

            Hə, orasını deyim ki, mən həmin o dəhşətli il orta məktəbi bitirirdim və sənədlərimi ali məktəbə verməyə hazırlaşırdım. Bəzi sənədlər vardı ki, onları rayon mərkəzindən almalıydım. Ona görə qəsəbəyə gəlmişdim. Sənədlərimi düzəldəndən sonra gördüm ki, bizim kəndlilər  məhkəməyə axışırlar. Mən də maraqlanıb ora getdim və bu oxuduqlarınızın şahidi oldum. 

            -Getmiyinnnn!!!

            İniltili, amma qəzəbli bir çığırtı eşidildi. Lap arxa sıralardan gəlirdi bu səs. Hamı kimi mən də dönüb ora baxdım. Yanımdakı qadın pıçıldadı ki, bu otuz ilin xəstəsi Tükəz arvadın - Məstanın anasının səsidir. Arvad  uşaq kimi ərinin qoltuğuna qısılmışdı.  Kəndimizin biz yaşda olanları Tükəz arvadı heç görməmişdik. (Amma mən, anamla bir-iki dəfə onlara gedəndə xəstə qadını yataqda görmüşdüm deyən, sifəti ağ-qara şəkil kimi yadımda qalmışdı.) Həyatının mühüm hissəsini yataqda keçirən bu qadını bizim yaşıdlarımız harda görə bilərdi axı? Və biz bir şeyi də dəqiq bilirdik ki, bu qadın həm də lal kimidir. Nitqi də yoxdur. Xəstəliyi ilə bağlı dili tutulmuşdu. İndi birdən-birə bu qadının ərinin qoltuğunda məhkəməyə gəlməsi, üstəlik də dil olub dillənməsi hamının təəccübünə səbəb olmuşdu.

            Ayaq saxlayan hakim iclasçının birindən nəsə soruşdu. O da nə cavab verdisə, geri qayıtdı. Zala üz tutub, “xahiş edirəm, bir dəqiqəliyə əyləşin” dedi. Sonra iclasçılarla, prokurorla, vəkillərlə xosunlaşıb dedi:

            -Mənə verilən məlumata görə, bu qadın mərhumun illər xəstəsi olan anasıdır. Maraqlısı həm də odur ki, onun nitqi də yoxmuş bu illərdə. Məhkəmənin gedişi zamanı qadının nitqi açılıb. Bizim praktikada rast gəlinən nadir hallardandır. Gəlin onu dinləyək.

            Əri Tükəzin qolundan bərk-bərk tutmuşdu. Qadının sol böyründəki adam da o biri qolundan tutdu və çox çətinliklə onu ayağa qaldıra bildilər. Bunu görən hakim həyəcanla dilləndi:

            -Xahiş edirəm, əyləşin. Oturduğunuz yerdə danışın. Biz sizi dinləyirik.

            Qadın başını qaldırıb zalı süzdü. Sonra qəfəsdəki Zərbəliyə baxdı. Bir də başını qaldırıb Nəriman müəllimi süzdü. Ağır-ağır nəfəs alıb yorğun səslə kəkələyərək dedi:

            -Mmmmən dddanışa bilmiğəm... Ama yazdı...

            Əri cibindən bir qatlanmış kağız çıxartdı, Tükəz arvadın qoluna girən qadına uzatdı. (Bu, Tükəzin bacısı, Məstanın  rayon mərkəzində ərdə olan xalası imiş – sonralar bildim.) O, ayağa qalxıb kağızdakıları oxumağa başladı:

            -“O xəstə uşağın günahı yoxdur. Düzdür, o mənim qızımı istəyib, amma Zərbəlinin huşu belə şeyi kəsməz. Məstan danışırdı ki, Nərman mənə deyir, sən Zərbəliyə get, mən səni özüm saxlayacam. Biz sənilə gizlində görüşərik, sevgili olarıq. Məstan bunları mənə danışdı. Sonra da dedi ki, ana, mən onun təklifini irədd elədim. Özünə də ağır sözlər söylədim... Heç üstündən bir ay keçməmiş bu bədbəxt hadisə baş verdi. Mənim qızımın qatili Nərimandır.”

            Zalı heyrət nidaları bürüdü. Zərbəli qəfəsdə ayağa qalxıb başını qəfəsin dəmirinə döyür, nəsə deyirdi. Nəriman isə yerində quruyub qalmışdı.

            Birdən zalda səs-küy düşdü. Tükəz arvad ərinin qolları arasında düşüb qalmışdı. Nə qədər eləsələr də qadın özünə gəlmədi. Elə məhkəmə zalındaca keçindi. 


                                                            ***


             Hamının gözlədiyinin əksinə olaraq, Nərimanı tutmadılar. Üstəlik, məhkəmə tibbi-ekspertizasının rəyi də onun xeyrinə verilmişdi. (Söz gəzirdi ki, Nəriman atasından qalan qızılların hesabına özünü təmizə çıxarda bilib.) Zərbəlini türməyə, oradan isə dəlixanaya yolladılar. 

            Məstanın anasının dəfnindən bir həftə sonra Zərbəlinin anası öldü. Nəriman müəllimin arvadı isə havalandı. 

            İnanın: mən özüm də bu sətirləri yazanda havalanan kimiyəm. 

             Bizim havamız  bu gündədir. 

             Havamız alınmasa, şar kimi partlaya bilərik.



            

                                                              19



             Şaman demişdi:

            “Sən, seçilmişlərdənsən. Evin, ailən, malın-mülkün, varın-varidatın olmayacaq. Sən bir şaman  kimisən. Gəzəcəksən dədələrinin gəzdiyi yerləri. Yuxarıda göy, aşağıda yazqı-yaban çöl sənin tayfanındır. Başın üstündəki ala buluda salam ver, bozqıra dirə dizini. Arayıb-axtar... Haq sözü lazım olanda deyəcəksən, lazım bilmədiyin məkanda toxum salıb gedəcəksən. Toxum da ki, bitəridir. Bu il bitməzsə, yııda bitər, yııda bitməzsə, altdakı il bitər, beş il sonra bitər. Təki toxum özü salamat olsun. Yeri düzənli olsun. Qalanını burax yaradana. Onun məsləhəti varsa, bitəcək...

            Gözlərində bir nigarançılıq görürəm. Qalma nigaran. Sənin nəslin cırlayıb, bu düz. Amma vaxt gələr, o cır nəsildən köklü-köməcli övladlar  törəyər. O cır nəslin, adı ağıza alınmağa layiq olmayan, ayıbına kor olmayan nəslin yerində ağıl, mərifət sahibi, vuran-yıxan oğullar, görüb-götürən qızlar yetişər. “Hardan?” soruşmaq istəyirsən? Soruşma bunu. Bu dünyanın sirri-sirpici o qədər çox ki, yaradanın özünə də qaranlıq gələr. 

            “Maral sağan mələklər” əfsanəsi yadındamı? 

            O maralların yerinə ətənəsin udan inəklər gəlmədimi?

            İnsanınız bir-birinin ətini yemədimi?

            Müqəddəs torpaqda – harda bəkməz torpağı var, ora müqəddəsdir – bir qız uşağının heysiyyətini murdarladıqları bəs deyil, onu o qazmada, havasız yerdə boğmadılarmı?

            Tanrının ağıldan zayıl bəndəsinə böhtan atıb əvvəl türməyə, sonra dəlixanaya saldırmadılarmı?

            O qızın da, oğlanın da analarının bağrı çatlamadımı? 

            Nahaq qana bais olan  aralıqda gəzmədimi?

            Sən bunları bilə-bilə, görə-görə niyə təəccüb içindəsən, bilmirəm.

            “Maralları mələklər sağarmış...”(Bu nə deyimdi, pərvərdigara!? Hardan eşitmişdi bu kəlmələri? Ha fikir-zikir eləsə də, bir yana vara bilmirdi.)

            Bil və agah ol: kainatın qara dəliyi sənin kimi bir neçə adam-mələyin əlindədir. Sizlər var olduqca, o qara dəlik olduğu qədərində qalar, böyüməz.  Amma vay o gündən ki, siz də nəfsinizə aldanasınız, siz də insan oğlu kimi düşünəsiniz...

            Kainatın qara dəliyi bu gün bilirsənmi haradır? Sizin kəndin yuxarısında, Örən bağdakı Bəkməs dəliyində...

            Sizlər mələksiniz axı. İnsan cildində mələk. Kimliyinizi unutsanız, dünya tar-mar olar. İnəklər ətənəsin udar, insanlar bir-birinin ətin yeyər, qızların namusuna təcavüz edilər, oğlanlar işsizlikdən avara-sərkərdan olar, dəlilərə böhtan atarlar, körpəcə qızlar ana bətnində məhv edilər, göyərçinlərin qanadı qırılar... 

            Sənin öhdəndə bir gün var. O kutsal gündə sən insanları gözlənilən bəladan xilas edəcəksən. İnsanlığı bir böyük, qara dəlik təhdid edir. O böyük  dəliyin böyüməməsi üçün tanrının uzatdığı əli tutacaqsan.

            Unutma, sən insan cildində mələksən...Yuxarıdakı Tanrını da sən özün yaratmısan. Ora ucaltmısan. Tanrı da sənin çiynindədir. Nəbadə çiynini çəkəsən. Tanrı da, Dünya da məhv olar... Sən özün də heçə dönərsən...” - bu sözləri Şaman Lələyə demişdi deməyinə. Amma mən də eşitmişdim Lələnin qulağıyla. Burdan belə Lələylə mənim sözlərim qarışsa, təəccüblənməyin – biz doğuşdan bir olmuşuq. Bir bədəndə iki can kimi.Yaxud iki bədəndə bir can kimi...

            

                                                            ***

             SÖZLƏ BEZİN QATIŞIQ DÜŞƏCƏYİNDƏN EHTİYATLANAN MÜƏLLİF BU YERDƏ SÜKANI MÜVƏQQƏTİ ƏLƏ KEÇİRİR.

 Lələ  bir az əvvəl qəbul etdiyi içkinin təsirindən sozalsa da, yatmadı. Şamanın sözləri bir qılınca dönüb qəlbinə saplanmışdı. O qılıncı çıxartmağın günü bu günmüş. Əlamətlər düz gəlir: alimin dəfni, morqdakı uşağın dirilməsi (bunu Haqverdi qulağına pıçıldamışdı), Dılının göyərçinləri, Süleyman müəllimin Morq məhləsinə gəlişi... Və qəlbindəki çağırış səsi. Hava qaranlıqlaşmaq üzrə ikən onu içindən gələn bir səslə harasa çağırırdılar. “Gün bu gündür bəlkə?”  deyib paltarını geyindi. (Əslində heç soyunmamışdı ki. Elə bircə dəst paltarı vardı. Xeyirə-şərə də, başqa ölkəyə gedəndə də onu geyinərdi. O paltar üçün deyil, paltar onunçün mövcuddu. “Geyimi geyim edən rəngi, materialı, keyfiyyəti deyil, içindəkidir” düşüncəsi vardı onda. Ona görə də, geyimə çox da önəm verməzdi. Amma təmiz və səliqəli geyinməyə çalışardı.)

            Lələ Süleymanı görəndə əvvəl çaşmışdı. Bu adam onun ruh əkizi kimi idi. Elə bil bir ata-ananın övladları idilər. İkisi də bir-birinə tez yovudu. Haxverdinin ara-sıra müdaxilələrini saymasaq, onlar   elə bil bir-biri üçün danışır, dərdləşir, get-gedə isinişir, qaynaşırdılar. Lələ anladı ki, bu adamı məhz bu gün görməliymiş...

            Bu Süleyman ki var...

             Süleymanın babası Teymur kişi  bir övliya timsalıymış. Hamıya əl tutar, yıxılanı qaldırar, əyiləni düzəldər, sınığı sarıyardı. Teymur kişi ağır müharibə illərində rayonu kənd-kənd gəzər, insanların qırılmış inamlarını qaytarar, ərsiz qadınlara kömək edər, məktəbdən yayınan uşaqları aparıb müəllimlərə təhvil verər, əkilməyən torpaqları əkdirərmiş... İki sinifli rus-tatar məktəbini bitirən Teymur kişi özü boyda  nur   topası olub qaranlıq könüllərə işıq tutarmış...

            Əvvəllər vəzifələrdə işləsə də, ömrünün son çağlarında öz ərizəsi ilə işdən çıxmış, yeganə qız nəvəsi Süleymanın təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 

            “Tale mənə oğul payı qıymadı. Barı sən mənim gümanımı yanıltma. Atan tərəfi bir az axmaq tayfadı, amma adamın adam olması üçün hansı tayfadan olmasından çox, kimdən dərs alması əsasdır. Mən evimi, varidatımı, biliyimi, ağlımı, ən əsas ürəyimi sənə verib gedəcəm. Hər şeyimi itirsən olar. Bir ağlımla ürəyimə arxa çevirmə. Məni baba yox, ata bil. Bir də sənə bir təmiz ad qoyub gedəcəm: rayonda kimin qapısın açsan, adıma görə səni başları üstündə saxlayarlar... Tək bircə adama əl qaldırmışam, onu da allahın izni ilə düz elədiyimə əminəm. Bilmirəm, bəlkə  sərt olub o qərarım, amma yenə düz etdiyimi düşünürəm...”

            ...Teymur kişi eşidir ki, bir kənddə əsgər ailəsinə sataşıblar. Arvad özünü asmaq istəyib, güclə xilas ediblər. Onda kolxoz sədri işləyən Teymur kişi gecəynən atını minir, sürür o qadına sataşan adamın qapısına. Kinə yeməkdən sapsarı saralaraq xəstə adıyla müharibədən yayınan bu  hərifin əl-qolunu bağlayıb salır atın qabağına. Gethaget, gethaget, gedib çıxırlar Araz qırağına. Yəhərin qaşına bağladığı tüfəngini çıxardıb gədəni güllələyir, salır Araza. (Onda hələ İranla indiki kimi tikanlı məftildən sərhəd çəkilməmişdi.) Bunu lap sonralar, ölüm ayağında olanda  özü də etiraf edirmiş. Deyirmiş ki, bu iş hökümət əli ilə olsaydı, məhkəmə-filan qurulacaqdı, qadının, uşaqlarının  qaysaqlanan yaraları təzədən qopacaqdı. Ona görə “samasud” elədim. Bir-iki dəfə məni silisə çağırdılar, danışdırdılar, buraxdılar. Axırda da “İrana keçib” adıyla işi bağladılar. Amma bütün rayon bildi ki, onu öldürüblər. Özü də nə üstə. Daha bir köpək oğlu o qələti eliyə bilməzdi...

            “...Bu dağlarda maralları mələklər sağarmış...”

              Süleyman babasından  eşitmişdi bu rəvayəti.

             Bir kişi gecə yuxudaykən səs eşidir. O səs zarıya-zarıya deyirmiş: “Ölürəm, dərdimə çarə var, amma maral döşündədir.” 

            Kişi qalxır. “Lailahəillallah” deyib eşiyə çıxır. O səsi yenə eşidir. Əvvəl qorxur. Amma ona vəhy gəlir ki, qorxma, sənə allahın əmri ilə bir  buyruq gəldi bu axşam. Evdən bir mis cam götür, get Keçməli pir səmtinə.

            Kişi çölə çıxmağıynan özünü Keçməli pirin yanındakı dağda görür. Bu vaxt bir maral haf-haf edə-edə gəlir dayanır kişinin qabağında. Ayaqlarını aralayır, dolu yelinindən süd axır. Kişi eşitdiyi nidanı yadına salır:”Ölürəm, dərdimə çarə var, amma maral döşündədir.” 

            Tez mis camı uzadır maralın yelininin altına. Elə əlini aparıb bir-iki kərə sığayan kimi cam dolur. Maral da rahatlanıb gedir. Kişi gözünü yumub-açır, görür bir qapıdadır. Yenə bayaqkı səsi eşidir. İçəri girəndə görür ki, bir cavan gəlin qan-tər içində ah-uf edib dad çəkir. İki körpəsi də yanında ağlaşırlar.

            Qadın kişini görəndə gözləri işıqlanır:

            -Gəldinmi, ay allahın mələyi, - deyib camı kişidən alır, başına çəkib dirçəlir. Əllərini göyə uzadıb deyir:

            -Ey qadir allah! Şükür sənin kərəminə. Mələk əlinnən maral südü içdim, dirildim.

            Kişi evinə qayıdanda görür ki, arvadı həyətdə bir maralı sağır. Soruşur ki, nə baş verir? Arvadı cavab verir ki, mən sənnən soruşacaqdım, sən məni qabaqladın. Gecə gözü durub gedəndə maral-maral deyə-deyə çıxdın qapıdan. Sənin dalıncan maralların səfi başladı. Səhərdən onuncu maraldır sağıram. Bu gedir, o biri gəlir. 

            Kişi barmağını dişləyir. Onu mələk bilən xəstə qadının dili ilə çatdırılmışdı missiyası...


            

            



                                                                20



            

            MORQ MEYDANINDAN REPORTAJ

            (Bu reportajı kim alıb, niyə alıb, bunu sonra biləcəyik. İş ondadır ki, burda tək qələm adamı mən deyilmişəm. Haqverdi demiş: bura Gələsən-Görəsən qalasıymış...)


            “Bakıda doğulmaq özü bir əlamətdir. Yerli əhalidən olmaq (türk olmaq), bir başqa fəzilətdir, bakılı olmaq bir başqa. (Məndən hələ   13 il əvvəl böyük  Lev Landau doğulub burda. Mənim həsrət qaldığım Nobel mükafatını da o ala bilmişdi...) Mən burada doğulanda hələ kim olacağımı anlamırdım. Amma boynuma böyük bir missiya qoyulduğunun fərqində idim. Bütün yəhudi uşaqları kimi mənim də uşaqlığım ciddi nizam-intizama tabe idi. Bunu əvvəllər valideynlərim istəmişdi, sonra özüm alışdım. İrana getmək taleyin ironiyasıydı bəlkə. Yəni orada qalsaydım, indiki  Lütfizadə olmazdım. Bu səhvi taleyin əli ilə valideynlərim düzəltdi. Və biz ABŞ-a köçəndə bildim ki, mənə həvalə olunan işin arxasındayam. Tale qarşıma çıxardığı maneələri dəf etməkdə yardımçım olurdu. Mən oxuduqlarımı nəinki fərqli qavrayırdım, həm də onlara fərqli baxışlar sərgiləyirdim. İstər ali məktəbdə oxuyanda, istərsə də artıq alim kimi formalaşanda anlayırdım ki, bu fərqliliyin arxasında Azərbaycan, İran, bütövlükdə Şərq dayanır. Xüsusilə, Bakı torpağı mənə bu fərqliliyi bəlkə hələ ana bətnindəykən aşılamışdı. Bir baxın, bu torpaqdan olan  bir yazıçı illər öncə mənə məktub yazıb. “...Mən bir sadə yazıçı kimi sizin nəzəriyyənizi özüm başa düşdüyüm şəkildə öyrənməyə çalışdım. Orada deyilir: əvvəllər elmdə belə bir baxış hökm sürürdü ki, konkret olaraq ağ ağdır, qara da qara. Doğru doğrudur, yalan da yalan. Düzgün olan hər şey dəqiqdir. Lütfizadə isə sübut etdi ki, bizim fikirlərimiz və düşüncələrimiz tam dəqiq deyil. Tam ağ və tam qara yoxdur. Ağ və qara rənglərin başqa çalarları da var. Eləcə də tam yalan və tam doğru da yoxdur. Doğru olan hər şey tam dəqiq deyil... Bir neçə buğda dənəsi ilə buğda anbarını götürək. Hər ikisi bir buğda dənəsindən çoxdur.Lakin hər iki çoxluq arasında bərabərlik yoxdur və sair... Beləliklə, böyük alim bu kimi incə məqamları elmə tətbiq etməklə elmdə yeni kəşf, yeni dünyagörüş, bir sözlə inqilab yaradaraq özünün QEYRİ   SƏLİS  MƏNTİQ nəzəriyyəsini ortaya qoydu.

            Cənab professor! Gəlin razılaşaq ki, bu cür məntiqlə yalnız şərqli adam, Bakıda, yaxud Təbrizdə doğulmuş bir Azərbaycan türkü düşünə bilərdi. Niyə?Gəlin faktlara müraciət edək.Görün sizin babalarınız olan türklərin dilində (mənim iliyimə qədər şərqli olmağımdandır ki, bu adam məni  milliyyətcə türk zənn edirmiş – Lütfizadə.) təkcə qara sifətinin neçə məna çaları var: qara, qaramtıl, qaraca, qaraşın, qaratəhər, qaraqabaq, qaradinməz, qarabəxt, qaragünlü, qarasaatlı, qarabəniz, qarasevdalı, qaraürəkli, qarafikirli, qaraniyətli, qaramat,   zil qara, şəvə qara, qara-qura, qapqara, qara-qara, üzüqara, üz qaralığı... Bu siyahını uzatmaq da olar...”

            Çox doğru yanaşmadır. Bir ədəbiyyat adamının belə fikir sərgiləməsi adama ləzzət verir. Heyf ki, mən o zaman bu məktuba cavab verə bilməmişdim. İndi sizdən xahiş edirəm ki, mənim təşəkkürümü o yazıçıya çatdırasınız. Və vəsiyyətnaməmdə qeyd etmişdim ki, məni mən edən Bakı torpağında dəfn edərsiniz... Gözlərinizdə bir yığın sual görürəm.  İzninizlə cavablayım:  mən bura yaşamağa gəldim. Şərq daimi, Qərb müvəqqətidir. Düzdür, mənim nəzəriyyəmə görə, tam daimi, tam müvəqqəti deyilən bir şey yox, amma reallıq belədir. Yox, Amerikanın su altında qalacağı fikrinin bura az dəxli var. Sadəcə, mən ora, Şərqə, Odlar Diyarına can atırdım. Ölüm –meyidim oranı istəyir... Bir də məni   morqda çox saxlamayın demişdim. Morqun buzxanası qoca sümüklərimi üşüdər...

            Və sonda. Mən orda tək idim.  Xanımım Fanyanı öz vəsiyyəti ilə öləndən sonra yandırıb okeana səpmişdilər. Qızım Stella ölmüşdü. Oğlum Norman isə... Normanın Bakıda dəfnimdə iştirak etməyəcəyini bilirdim. Xahiş edirəm, bunu burdakı həmvətənlərimə  düzgün izah edin ki, anlayışla qarşılasınlar.”

            Bir az əvvəl qaranlıqda qəfil peyda olan Lələnin döş cibindən çıxardıb əzbər oxuduğu  kağızda yazılanlardır bunlar. (Ona görə əzbər ki, bu qaranlıqda mən heç onun üzünü görə bilmirdim, nəinki olsun kağız oxumaq. Görünür, kağızda yazılanları o qədər oxuyub ki, əzbərləyib. Ya da bu gecənin əlamətlərindən biridir  – qaranlıqda da yazılanları oxumaq olurmuş. Bir də ki, məni qınayan olmayasdı, elə Lələni də ölmüş-getmiş bilərdim. Zatən bu ruhlardan az fərqlənir biçarə.) Bir az aralıda izdihama qarışmayan, tək-tənha dayanıb siqar çəkən alimin gözü məni alır, Lələni neçə illərin dostu kimi  salamlayaraq baxışları ilə deyir (bura belədir, baxışıyla da deyə bilirlər):

            -Lələ nə deyir, düz deyir. Norman bilirsiniz niyə gəlmədi? Siz onun adını Nəriman eləmisiniz, o da acığa düşüb mənim dəfnimə gəlmədi. Deyir, bir Nərimanları vardı, müstəqil hökümətlərini ruslara satdı, bir Nərimanları vardı, günahsız qızı başı torpaqda daldan zorlayıb öldürdü, odu e, odaha, qohumuna qoşulub it kimi hürür. İndi də mənnən özlərinə təzə Nəriman düzəltmək istəyirlər. Ay zırt! Gedin, onlara deyin ki, mən Nəriman yox, Normanam. Vsyo! Sikdirin başımdan!.. Vallah, gərək bağışlayasınız, bu sonuncu arqo deyim də Normanın öz sözləridir...

            Ya bəlkə  yuxarıdakı sözləri bu sirli izdihama qarışan Lütfizadənin özündən eşitmişdim? Nə bilim, vallah! Bir onu bilirəm ki, ha çalışsam da, bu izdiham məni qəbul eləmir. Onlara tərəf addım atıram, ayaqlarım getmir. Aramızda sirli məsafə var. Yalnız uzaqdan seyr edə bilirəm bu ölmüşləri.

            Lələ isə vurub gedib lap ortalarında dayanıb hər biri ilə ayrıca çənə vurur. Yalvarmışam ki, danışıqlarını telefonumun yaddaşına yazsın. (Lələnin mobil telefonu yoxdur.  Özümünkünü güclə cibinə qoydum diktafonunu açaraq.)

            Bu son yazdıqlarıma ciddi-ciddi etiraz edən biri varmış. Az sonra biləcəyik onun etirazının haqlı olub-olmadığını. Yəni... Gəlin tələsməyək...


                                                            

21




            “Bu nə mərəkədir? Mən hardayam? Yerimək əvəzinə ayağımı qaldıranda elə bil uçuram. Dillənmək istəyirəm, səsim çıxmır. Yanımdan ötüb keçənlər elə bil məni görmürlər. Bayaqdan bu izdihama tərəf gedə bilmirdim. Amma indi qarışmışam onlara. Çoxu da tanışdır. Elə bil kəndimizdir. Min illərin ölüb-getmiş adamları ətrafımda qaynaşır. Ən qəribəsi də bilirsinizmi nədir? Yüz il, bəlkə min il əvvəl yaşamış və hələ mən anadan olmamış bu dünyadan köçüb getmiş adamları tanıya bilirəm. Bax, o Ağ kişidir. Ağ kişi yox, əslində Ağakişi demək lazım. Çox istəyirəm danışam onunla. Mən axı az-çox qələm adamıyam. Bu adamlar mənə hava-su kimi lazımdır. Amma heç məni görmürlər. Ya bəlkə görməməzliyə vururlar? Əcaba, mən o dünyada nə səhv buraxdım ki, bu adamlar məni görməzdən gəlirlər? Bax, o da ata babam Cəfər kişidir. Məni görüb tez gözünü yayındırır və bir az aralıda əlini belinə vurmuş ana babam Teymur kişiyə göstərib qəzəbli-qəzəbli nəsə deyir. O da məni görən kimi hirslə ayağını yerə vurur. İki qoca bir-birinə girirlər. Ay daaa! O dünyada da adamlar düşmənçiliklərini davam etdirirlər. Bu nədi, ə?! Kişilər bir-birinin saqqalından yapışıb yerə yıxılırlar. Nə qədər onlara sarı getsəm də, ayaqlarım geri gedir. O biri adamlar - əslində ölülər – məni göstərərək şaqqa çəkib gülürlər. Babalarımı ayırmaq əvəzinə, iraq olsun,  it boğuşduranlar kimi qızışdırır, qısqırdır, əl çalır, fitə basırlar.

            -Hüşt-hüşt-hüşt! Görüm ha! Can Teymur kişi!

            -Cəfər kişi, yapış görüm! Saqqalınnan, saqqalınnan yapış!

            -Ham-ham-ham! – Bu axırıncı  Nəriman müəllimdir, girib iki savaşan ağsaqqalın arasına, hürür hürə bildikcə.

            (Bu babalarımın məsələsini gərək sizə aydınladam. Anam – Gülgəz və atam  Fərrux mən uşaq olanda ayrılıblar. Niyəsini indi də bilmirəm. O yazıqlar heç bir-biri ilə o qədər də düşmənçilik-filan etməyiblər, əvəzində babalarım Teymur kişiylə Cəfər kişi barışmaz düşmən olublar. Hətta o dərəcədə düşmənçilik edirmişlər ki, birinin atı su içən yerdən o birinin atı içməməliymiş, birinin atı ot yeyən yerdən o birininki yeməməliymiş, birinin atı kişnəyən yerdə, o birininki kişnəməməliymiş!?. Hə, bu elə-belə söz deyil!.. Nənəm Ağabəyim xanım danışırdı ki, babam Teymur kişinin  dələbə gələn madyanı örüyü qırıb gedib Cəfər babamın ayğır atının yanına. Bu at da eləməyib tənbəllik, ayaqlarını qaldırıb madyanı basıb. Cəfər babam əlini əlinə vurub gülüb və bərkdən deyib: “Pəh! Teymur uşağının maydannarı bizim ayğırlardan maya tutmuyunca, tasfasası yatmaz!” 

          Bunu eşidən Teymur babam uşaq göndərir,  madyanı gətizdirir, tüfəngini çıxardıb güllələyir. Sonra da oğul-uşağa göstəriş verir ki, atın cəsədini qol-bud edib töksünlər bir az aralıdakı köhnə dən quyusuna, üstünü də torpaqlasınlar... 

         İşə bax ki, bu kişilərin o dünyadakı düşmənçiliyi bu dünyada da davam edir... Bir-birinin saqqalını elə yolurlar ki, elə bil üzüm tənəklərinin dibindən alaq çəkirlər...)

            Qəfil at kişnəyir, meydan lərzəyə gəlir. At üstündə bir igid tüfəngini çəkib göyə iki güllə atır. Babalarım əl saxlayıb ona baxırlar və özlərini yığışdırırlar.

            -Ə, bu dayım Qaçaq Fərzalıdı ki! Buy sən gələn yollara qurban olum, ay dayı! – bunu ana babam deyir.   Cəfər babam da baş endirir və məlul-müşkül halda bu zəhmli adamın qarşısında boynunu bükür. Mən istəyirəm ki, qaçağa yaxınlaşıb ondan kitab yazdığımı deyəm, amma o heç məni görmürmüş kimi hirsli-hirsli atını sürüb gedir.

            Bu vaxt bir qadın mənə yanaşır. Əlindəki zərfi bərk-bərk tutaraq deyir:

            -Sən Süleyman müəllimsən? Teymur kişinin nəvəsisən?

            Səsim çıxmır. (Heç qadının da səsi çıxmır, eləcə dodağını tərpətməyindən başa düşürəm dediklərini.) Ona görə başımı tərpədirəm. Qadının dodaqlarındakıları “oxuyuram”:

            -Bu məktubu “dovestrebovaniya” ilə göndərə bilərsən?

            Yenə başımla “hə” deyirəm. O zərfi ovcuma qoyub mənə göz vurur. Gedə-gedə yenə göz vurur və dodaqları tərpənir:

            -Teymur baban mənə  dedi sənə çatdırım ki, burda çox yubanma. Bura sənin yerin deyil. O məktubu isə yollayarsan. Qəzetə vermə ha. Ayıbdır. Oğul-uşaq oxuyar, biyabır olaram. Namusu itə atıblar, it də yeməyib. Ode, sizin kəndçiniz var e, Nəriman müəllim, məktub əlimdən düşdü, baxıb quyruğunu buladı. İkicə dəfə ham elədi... Bax ha, mənim məktubumdan sui-istifadə eləsən, day buralara ayağın dəyməsin! Baxmaram Teymur kişinin nəvəsisən! Səni bu dünyaya həsrət qoyaram!.. Nə key-key baxırsan?! Axır yerin bura deyil? 

            Başımı tərpədirəm. Qadın adamlara qarışır.    

             Bu vaxt bir köpək quyruğunu bulayaraq yanımda “ham-ham” eləyib əlləri üstdə dayanır. Sonra yenə quyruğunu bulayıb adam dilində hürür:

            -Ham... Ham... O kağızı maa verərsən? Versən, saa bilmədiyin bir sirri açaram... Gedib o dünyada əsil həqiqəti deyərsən... Ham-ham...

            -Sən kimsən? Nə həqiqət? Nə sirr?!

            Bu vaxt kimsə əlindəki ağacla bu köpəyin – Nərimanın (mən yalnız indi başa düşürəm ki, bu köpək elə Nəriman müəllim özüymüş) alnının ortasından vurur, it zəngildəyib qaçır, amma qaçmamışdan imkan tapıb əlimdəki məktuba da ağız atır... Amma məktubu deyil, əlimi dişləyir. Kimsə - doğma bir səsdir – “iynə vurdurmaq lazımdır, it qudurmuş-zad olar” deyir. Baxıram ki, Teymur babamın səsidir. Amma   gözümü zilləyib izdihamda onu axtarsam da, kişini görə bilmirəm.

             ...Hələ də harda olduğumu kəsdirə bilmirəm. Havalanmışam, nədi? Allah qorusun...

            Hardasa it ulayır. Kimsə “başını yeyəsən” deyib çımxırır. Sonra da ağı deyən kövrək qadın səsi dolur qulaqlarıma...




                                                             22

                                                            


        “ Məstan yadındadır? Doşab torpağı çıxartmaq üçün yeraltı  lağıma girəndə  Nərman müəllimlə Zərbəli arxadan girmişdilər , işıqlığı tutmuşdular. Başı içəridə olan qızın qıçlarından tutub  işdanını çıxartmış, sonra da daldan  zorlamışdılar. Hətta Nəriman müəllim bir də qayıdıb qızı daldan eləmək istəyəndə   onun üstünü batırmış və “oooooo” kimi səs çıxartmışdı... Məstanın xalası deyirmiş ki, məni yandıran odur ki, qızıın bədəninin yarısı torpaqda olub, onu zorlayan namərdin kim olduğunu bilməyib. Bu dünyada olmadı, olmadı, bəlkə o dünyada mizan-tərəzi quruldu. Yazıq Məstan orda da doğru-düzgün deyə bilməyəcək düşməninin adını...

            -Sən hardan bilirsən bunun Nəriman müəllim olduğunu?

            - Bilirsən də, əmim idi. Türklər demiş, olmaz olaydı elə əmini. Oğraşı Yanardağdakı qaçqın qəbiristanında basdırıb qayıdan günün səhəri xəbər gəldi ki, qəbiri kaftar eşib. Gedib gördük, nə kaftar, qəbiri əməlli-başlı bellə qazıb  meyidi üstü açıq qoyub gediblər. Bir ac küçük də düşüb qəbirə. Orasınnan-burasınnan gəmirib, qarnın doyurub, indi qəbirdən çıxa bilmir. Heç kim iti oradan götürmək üçün girmədi qəbirə. Dedilər quduz olar, tutar bizi. Əlacım kəsildi, mən girdim qəbirə. Elə küçüyü qucaqlamaq istəyirdim ki, qapdı bu sağ əlimi. Sənin əlini də it qapıb ki!.. Tez bir quduz iynəsi vurdur, yazıqsan. Qudurub-eliyərsən, qalarsan çöllərdə... Evə də qoymurlar quduranı. Başım çəkib axı... Hə, nə başını ağrıdım, küçük əlimi qapdı, qayıdıb qəbirdən çıxdım. Dədən yaxşı, nənən yaxşı, küçük çıxmır ki, çıxmır. Əlacımız kəsildi, vurub küçüyü qəbirdə öldürdük, it qanı əmimin qanına qarışdı. Sonra küçüyün leşini çıxardıb atdıq bayıra, qəbirin üstünü torpaqlayıb qayıtdıq geri. Bununla xata sovuşmadı ki?! Səhər yenə qəbiri açmışdılar. Belə-belə o meyid o qəbirdə itə-bata düşdü. O qədər qəbir açılıb-örtüldü ki, qəbirlikdən çıxıb it eşənəyinə döndü. İndi onun qəbiri də məhlim deyil... Torpaq da qəbul eləmədi bədbəxti. De görüm bu müsibətə adammı dözər?! Oğlunu udar vurdu. Bircə gecədə beyninə qan sızıb öldü.  Məni it tutdu, quduz oldum. Qardaşım Haqverdi də dəlixanaya düşdü...

           -Bəlkə doğrudan kaftar varmış?

           -Nə kaftar canım? Kaftardısa başqa təzə qəbirləri də eşəydi dayna.

           -Bəlkə düşmən-filanı...

            -Day düşmənin buynuzumu olar? Niftalı kişi qardaşım Nüsrəti güllələmədimi?! Nərimanın badına getdi... Dirisinə gücləri çatmadı, ölüsünü biavza elədilər... Bir onu bilirəm ki, bizim camaat yavaş-yavaş adamlıqdan çıxıb itə-qurda dönür... Mən də hərdən it oluram gecələr... Bax belə hürürəm: ham!”

            (Bu da Haqverdinin qardaşı Həsrətdir. Nərimandan bir il sonra quduz xəstəliyindən ölüb. İndi   gecə gözü bu Morq məhəlləsinə təşrif gətirənlərdəndir. Əlini çənəsinə qoyub adam kimi otursa da, hərdən it kimi hürür, küçük kimi zəngildəyir. Haqverdi onu burda görəndə tüpürdü dabanına. Nə qədər elədim, qayıtmadı. Məndən on manat alıb aradan cırdı ki, gedirəm vurmağa.) 

Doğrudan, elə hürdü ki, ətim çımçəşdi. Durub dinməz-söyləməz quyruğumu götümə qısıb qaçmağım gəldi – lap qorxaq itlər kimi. Amma yox, olmaz. Gərək axıracan gözləyim. Lütfüzadənin sözü olmasın, mənim boynuma elə bir missiya düşüb ki!.. Bura məqalə, xəbər yazmağa gəlmişdim, gör nə sirlərin üstünə çıxıram... Ay allah, kömək ol, ağlım yerindən oynamasın...

                        

                                                (davamı olacaq)



                        “Yazı”  dərgisi, №23 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)