Edebiyyat.az » Poeziya » Yeni İmza: Şəfa Cahangirdən Yeni Şeirlər

Yeni İmza: Şəfa Cahangirdən Yeni Şeirlər

Yeni İmza: Şəfa Cahangirdən Yeni Şeirlər
Poeziya
admin
Müəllif:
00:43, 23 noyabr 2026
3
0

ZƏFƏR

Ömürləri yarım qalmış şəhidlərlə,

Əzasını qurban vermiş igidlərlə

Qalib olub qazanmışıq bu zəfəri

Bu zəfərdə haqqı olan hər nəfərin

Çəkməsindən öpürəm.

 

Mərmi yağdı başlarına dörd bir yandan,

Bayrağını ucaltmaqçün  keçdi candan.

Göynər yeri sağalmayan ağrıların,

Son nəfəsdə: "Vətən!" – deyən oğulların

Kəlməsindən öpürəm.

 

Anaların gözü qaldı o torpaqda,

Çox igidin izi qaldı o torpaqda.

Xudayarın sözü qaldı o torpaqda,

"Dumanlı dağlar..." – söyləyən bəm səsindən,

Nəğməsindən öpürəm. 

 

Bizə əmanətdir ata, anası,

Bacısı, qardaşı, yarı, balası.

Atasız böyüyən ürək parası,

Şəhidlərin körpəsindən öpürəm. 

 

Şəhid qanı axan yerdə indi bitib yasəmən,

Bəzəyibdir torpaqları bənövşə, lalə, süsən.

"Biz ölərik, təki yaşasın Vətən!" –

Deyib gedən şəhidlərin

Qibləsindən öpürəm.

 

GEDƏSƏN XARABADAN

 

Axtaran da olmaya,

Sanki heç olmamıştək,

İzin, tozun qalmaya. 

Birdən yer aralanıb,

Anidən uda səni.

Qohumlar, dost, tanışlar,

Ailən unuda səni.

İstəmirəm  dalımca,

Kimsə göz yaşı töksün.

Saatlarca ağlayıb,

Qəbrimin üstə   çöksün. 

Onsuz da nə mənası?

Hamıda unudulur.

Yerində, sıra-sıra,

Qəbir daşları durur.

 

Mən sənsiz yaşaya bilmirəm axı

 

Solub baxışlarım, qısılıb səsim,

Sanki tək qalmışam, yoxdur heç kəsim.

Sinəmdə çırpınır quru nəfəsim,

Mən sənsiz yaşaya bilmirəm axı.

 

Səninlə bərabər ölüb, bitmişəm,

Qalan cismimdir, mən sənlə getmişəm.

Dərd-qüssə içində batıb, itmişəm,

Mən sənsiz yaşaya bilmirəm axı. 

 

Düşünə bilmirəm qohumu, yadı,

Fikrim, xəyalımdır tək sənin adın.

Artıq qalmayıbdır həyatın dadı,

Mən sənsiz yaşaya bilmirəm axı. 

 

Hara baxıramsa, gözümdə sənsən,

Hər kəlmə başında, sözümdə sən, sən.

Elə yandırmısan, közüm də sənsən,

Mən sənsiz yaşaya bilmirəm axı.

 

Günüm də keçməyir, zaman da ötmür,

Şəklinlə söhbətim bitmir ki, bitmir.

Xəyalın başımdan bir an da getmir,

Mən sənsiz yaşaya bilmirəm axı. 

 

Bahar ömrümüzü qar aldı, getdi,

Günüm gündən-günə qaraldı, getdi.

Gözlərim yolunda saraldı, getdi,

Mən sənsiz yaşaya bilmirəm axı. 

 

Dönüb cəhənnəmə mənim həyatım,

Nə günüm ötüşür, nə də saatım.

Gəl tut əllərimi, arzuma çatım,

Mən sənsiz yaşaya bilmirəm axı

 

BİR QADIN TANIYIRAM 

Bir qadın tanıyıram, öz evində özünə

Qalmağa ev axtarır.

Gözləri qəm oylağı,

Ürəyi dərt yaylağı. 

Bir qadın tanıyıram, gülüşünün altında

Dağ boyda acı yatır.

Ayı, günü itirib,

Başını işlə qatır. 

Neçə gülüşü itib solğun dodaqlarında,

Örpəyinin altında boyasız saçı yatır.

Aynaya da baxmayır, küsüb öz həyatından,

Özü üçün yaşamaq çoxdan çıxıb yadından. 

İncidib, neçə yerdən qəlbini sındırıblar,

Əziblər qürurunu, ürəyini qırıblar.

Bir qadın tanıyıram, söz deməyə yox haqqı,

Yükləyiblər çiyninə olan-olmaz nahaqqı. 

O isə uca tutub, qoruyub təmiz adın,

Düşürməyib dilinə nə qohumun, nə yadın.

Dilə gətirməyiblər, yaxşılığın danıblar,

Bütün fədakarlığın ucuz bir is sanıblar.

Dilə gətirməyiblər, yaxşılığın danıblar,

Bütün fədakarlığın ucuz bir iş sanıblar.

Bu qadın ürəyində dağ boyda ah saxlayır,

Əzilmiş qüruruna baxıb hər gün ağlayır.

Onun mənasız ömrü ilmə-ilmə sökülür,

Təzə bir geyimi yox, üstü-başı tökülür.

İstədiyi sevgidir, heç bir şeydə gözü yox,

Bütün dünya malına bu qadının gözü tox. 

Öz evi sağlığında özünə məzar olub,

Dərd onu dilləndirib, şeirlər yazar olub.

Töküb ağ vərəqlərə heç kəsə demədiyin,

Qələm, bir vərəq bilib evdə sevilmədiyin.

Gec də olsa anlayıb, həyatın puç edibdir,

Boşuna fəda edib, özünə suç edibdir.

Bir gün özünü tapır, cəsarət edir qadın,

Arxasına baxmadan ömürlük gedir qadın.

Ctrl
Enter
Səohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)