Edebiyyat.az » Palitra » Şəbnəm Nəbiyeva – Səttar Bəhlulzadə: həyat və yaradıcılıq yolu

Şəbnəm Nəbiyeva – Səttar Bəhlulzadə: həyat və yaradıcılıq yolu

Şəbnəm Nəbiyeva – Səttar Bəhlulzadə: həyat və yaradıcılıq yolu
Palitra
Metanet
Müəllif:
21:00, 10 sentyabr 2026
38
0

Şəbnəm Nəbiyeva – Səttar Bəhlulzadə: həyat və yaradıcılıq yolu

Səttar Bəhlulzadənin bütün həyatı və yaradıcılığı qədim Abşeron kəndi olan Əmircanla bağlı olmuşdur. O, burada dünyaya göz açmış, doğma təbiətin gözəlliklərini öz əsərlərində əks etdirmiş, ömrünün böyük hissəsini bu kənddə yaşayıb-yaratmış və vəsiyyətinə əsasən Əmircan kənd qəbiristanlığında dəfn edilmişdir. Onu haqlı olaraq Azərbaycan sovet mənzərə janrının banisi hesab etmək olar. Səttar Bəhlulzadəni “təbiətin nəğməkarı” adlandırırdılar.

13 dekabr 1909-cu ildə anadan olan Səttar Bəhlulzadə hələ məktəb illərindən rəssamlığa marağı olmuş, sonralar ilk peşəkar rəssamlıq təhsilini Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. Azərbaycanın məşhur rəssamlarından biri olan Əzim Əzimzadənin məsləhəti ilə Səttar Bəhlulzadə “Kommunist” qəzetində işləməyə başlamışdır. Əzim Əzimzadənin rəhbərliyi altında o, ilk yaradıcılıq addımlarını atmış, əsasən karikaturaçı kimi fəaliyyət göstərmişdir. Rəssam burada daha çox məişət və ictimai mövzulara həsr olunmuş karikaturalar çəkirdi. Bu əsərlərdə dövrün cəmiyyətində baş verən müxtəlif sosial problemlər əks olunurdu. Karikaturalarda Əzim Əzimzadənin təsirini və yaradıcılıq dəst-xəttini görmək mümkün olsa da, Səttar Bəhlulzadənin artıq bu dövrdə öz fərdi üslubunu formalaşdırmağa çalışdığı da aydın şəkildə hiss olunur.

Əzim Əzimzadənin məsləhəti ilə Səttar Bəhlulzadə 1933-cü ildə Moskvada Surikov adına İncəsənət İnstitutuna qəbul olunur. Burada o, qrafika ixtisası üzrə təhsil alır. Üçüncü kursa qədər Vladimir Favorskinin emalatxanasında çalışan rəssam, daha sonra Şeqalın emalatxanasına keçir. O, Krımda və digər ərazilərdə açıq havada çalışır.

Şeqal gənc tələbənin əsərlərində koloristik xüsusiyyətlərin üstünlük təşkil etdiyini müşahidə edir. Səttar Bəhlulzadənin rəngi olduqca həssaslıqla duyduğunu görən müəllimi onun rəngkarlıq istiqamətində formalaşmasına xüsusi diqqət yetirir. Bu mərhələ gələcəkdə rəssamın mənzərə yaradıcılığının inkişafında mühüm rol oynayır.

1939-cu ildə Səttar Bəhlulzadə Bakıya qayıdır. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən kiçik rəssam qrupu sovet hakimiyyətinin 20 illiyinə həsr olunmuş sərgiyə hazırlaşırdı. 1940-cı ilin yazında keçirilən bu sərgi Azərbaycan təsviri sənətinin inkişafında mühüm hadisələrdən birinə çevrilir. Sərgidə gənc məzun rəssamlar Oqtay Sadıqzadə və Böyükağa Mirzəzadə ilə yanaşı, dövrün tanınmış sənətkarları Qəzənfər Xalıqov, Salam Salamzadə və Tağı Tağıyev də iştirak edirdilər.

Sərgidə nümayiş etdirilən və tamaşaçıların diqqətini cəlb edən Səttar Bəhlulzadənin əsərlərindən biri “Bəzz qalasının müdafiəsi” adlı əsər idi. Əsərdə dağ mənzərəsi xüsusi emosional təsir yaradır və tarixi xarakter daşıyır. Sonrakı yaradıcılığında rəssam tarixi mövzulu bir sıra kompozisiyalar, eləcə də tarixi şəxsiyyətlərin portretlərini yaratmışdır. Bu baxımdan Fətəli xanın portretini nümunə göstərmək olar.

Rəssamın ümumittifaq sərgisində “Səhər” adlı mənzərə əsəri ilə çıxış etməsi onun mənzərə yaradıcılığının inkişafında mühüm mərhələ olmuşdur. Bu əsərdən başlayaraq onun sonrakı yaradıcılığında mənzərə janrı əsas istiqamətlərdən birinə çevrilmişdir.

Rəssamın mənzərələrinə diqqətlə nəzər saldıqda görürük ki, rəssam təsvir obyektinə adi insan baxış nöqtəsindən yanaşmır. Bir çox əsərlərində mənzərəni sanki quş uçuşu yüksəkliyindən təsvir edir. Bu baxış bucağı ona torpağın genişliyini, təbiətin miqyasını və məkanın sonsuzluğunu daha dolğun şəkildə göstərməyə imkan verirdi.

Müharibədən sonrakı illər sovet dövründə iqtisadiyyatın və təsərrüfatın bərpa olunmağa başladığı bir mərhələ hesab edilir. Həmin illərdə Səttar Bəhlulzadə bir sıra kiçik həcmli peyzajlar yaratmışdır. Bu əsərlərdə təbiət öz təravəti və canlılığı ilə diqqəti cəlb edir. Sözügedən peyzajlar, müharibədən sonrakı dövrün təsvirinə həsr olunmuş və rəssamın sonrakı tematik mənzərələri üçün müəyyən mənada zəmin və fon rolunu oynamışdır.

Səttar Bəhlulzadənin peyzajları lirik xarakter daşıyır. Bu mənzərələrdə təbiətin nağılvari və poetik obrazı yaradılır. Rəssam burada Azərbaycan klassik poeziyasına, xüsusilə Füzuli və Vaqif yaradıcılığına müraciət edir, onların poetik dünyasını şairanə şəkildə kətan üzərinə köçürür. 

Rəssam-şair bütün ömrünü təbiəti öyrənməyə həsr etmiş, onun günbəgün, anbaan dəyişən gözəlliklərini duymaq və dərk etmək üçün təbiətlə daim təmasda olmuşdur. O, səhər saatlarını dəfələrlə təbiətin qoynunda keçirərək onun müxtəlif vəziyyətlərini müşahidə etmişdir. Rəssam təbiətin yalnız zahiri görünüşünü deyil, onun daxili ruhunu və canlılığını da duymağa çalışırdı. O, təbiətin saysız-hesabsız nemətlərində və gözəlliklərində ilham mənbəyi tapırdı. Əbəs yerə məşhur fransız rəssamı Anri Fujeron onun əsərləri ilə tanış olduqdan sonra Səttar Bəhlulzadə haqqında “Səttar gülləri sevir, güllər isə onu” deməmişdir.

Rəssamın yaradıcılığına nəzər saldıqda onun üslubunda zaman keçdikcə baş verən dəyişiklikləri aydın şəkildə müşahidə etmək mümkündür. Yaradıcılığının ilkin mərhələsində Səttar Bəhlulzadə təbiəti daha dəqiq və realist şəkildə təsvir edirdisə, sonrakı dövrlərdə təbiətin ümumiləşdirilmiş obrazına üstünlük vermiş, panoram xarakterli kompozisiyalar yaratmışdır. (Fətəli xanın portreti )

Rəssamın əsərlərində Təbriz miniatür məktəbinin, Azərbaycan xalq sənətinin, Qərbi Avropa təsviri sənətinin, eləcə də rus plener rəssamlığı ənənələrinin təsiri özünü göstərir. Bu müxtəlif mənbələrin yaradıcı şəkildə sintez edilməsi Səttar Bəhlulzadənin fərdi bədii üslubunun formalaşmasına mühüm təsir göstərmiş və onu Azərbaycan təsviri sənətinin ən görkəmli peyzajistlərindən birinə çevirmişdir. 

Plastik həllinə görə onun əsərlərində qrafik başlanğıcın, çevik və ifadəli yaxmaların xüsusiyyətlərini müşahidə etmək mümkündür. Kompozisiyaların dinamikliyində rəssamın ilhamının və emosional qavrayışının mühüm rolu vardır. Səttar Bəhlulzadə təbiəti sadəcə gördüyü kimi deyil, onu necə qavradığı və hiss etdiyi kimi təqdim edirdi. Bu səbəbdən onun əsərlərində gerçəkliklə fantaziya arasındakı sərhəd tədricən aradan qalxır, real təbiət poetik və xəyalvari bir obraz şəklində təqdim olunur.

Səttar Bəhlulzadə yaradıcılığında əsasən sulu boya, yağlı boya, tuş və karandaş kimi müxtəlif texnikalardan istifadə etmişdir. Plenerdə işləyərkən təbiətdə baş verən dəyişiklikləri, işıq və rəng münasibətlərini müşahidə edib təsvir etməyə çalışırdısa, emalatxanasında bu müşahidələr əsasında daha bütöv, tamamlanmış və vahid kompozisiyalar yaratmağa cəhd göstərirdi.

“Qudyalçay dərəsi” və “Qız-Bənövşəyə gedən yol” kimi əsərlərində rəssamın təbiəti necə həssas və emosional şəkildə qavradığını görmək mümkündür. Bu əsərlərdə incə formaların dəqiq təsviri ilə tonal və koloristik həll bir-birini tamamlayaraq vahid bədii bütövlük yaradır.

Quba mövzusunda yaradılmış peyzajlarda Şahdağın demək olar ki, bütün kompozisiyalarda əsas və mərkəzi obrazlardan biri kimi çıxış etdiyini görürük. Şahdağ obrazı bu əsərləri birləşdirən əsas motivlərdən biri olmaqla yanaşı, lirik mənzərələrə romantik monumentallıq qazandırır.

“Payız” adlı kiçik həcmli əsərdə qızılı və qırmızı tonların ağ rəng, soyuq göy çalarları ilə vəhdət təşkil etdiyini görürük. Əsərin koloristik həllində rənglər arasında yaranan kontrast payız təbiətinin həm istiliyini, həm də soyuqluğunu ifadə edir. Texniki baxımdan əsərdə pastel texnikasından istifadə edilmişdir.

Səttar Bəhlulzadənin yaradıcılığında mühüm yer tutan mövzulardan biri də Neft Daşlarıdır. Neft Daşları həmin dövrdə yeni yaranan sənaye məkanlarından biri, dəniz üzərində formalaşan neft şəhəri idi. Bu məkanın və burada çalışan neftçilərin əməyinin təsviri bir sıra rəssamların yaradıcılığında öz əksini tapmışdır. Səttar Bəhlulzadə də bu mövzuya müraciət edən sənətkarlardan biri olmuşdur.


1954-cü ildə rəssam Neft Daşlarına gedərək burada neftçilərin əmək fəaliyyətini müşahidə etmiş və gördüklərini əsərlərində əks etdirmişdir. Bu mövzuda “Xəzərdə axşam” və “Xəzər gözəli” kimi əsərləri qeyd etmək olar. Əsərlərin rəng həllində işıqlı göy və mavi tonlar üstünlük təşkil edir. Bu rənglər Xəzərin genişliyini və dəniz məkanının poetik atmosferini ifadə edir.

1950-ci illərdə rəssam Azərbaycanın müxtəlif bölgələrinin təbiətinə həsr olunmuş bir sıra peyzajlar da yaratmışdır. Bunlar arasında Lənkəranın subtropik təbiətini əks etdirən mənzərələri və Şuşa peyzajlarını qeyd etmək olar. Şuşa mövzulu əsərlərdə Qarabağın dağlıq təbiəti, qarlı dağ mənzərələri öz əksini tapır. Hər iki istiqamətdə obrazlı ümumiləşdirmə ilə təbiətin konkret və bədii dəqiqliklə təsviri bir-birinə ziddiyyət təşkil etmir. 

1960-cı illərdə də yaradıcılıqda kompozisiya və koloristik axtarışlar davam etmişdir. Rəssamın yaradıcılığının sonrakı mərhələsində rəngin ifadə imkanları daha da genişlənir və onun əsərlərində yeni rəng həlləri meydana çıxır. Ön və arxa planlarda yaxın və ya eyni rəng çalarlarından istifadə etməklə rəssam məkan və dərinlik problemini həll etməyə nail olur. Bu dövrdə onun əsərlərində lirizm daha da zənginləşir, incə duyğular və səmimi hisslər daha aydın şəkildə ifadə olunur.

Səttar Bəhlulzadənin ən erkən peyzajlarında üfüqi xəttin əsərin səthini təxminən iki bərabər hissəyə böldüyünü görürüksə, sonrakı yaradıcılıq mərhələsində bu prinsip tədricən dəyişir. Rəssamın əsərlərində üfüqi xəttin əhəmiyyəti azalır, bəzən isə ümumiyyətlə istifadə olunmur. Səma təsvirinin də arxa plana keçməsi nəticəsində bütün kətan müxtəlif təbiət elementləri ilə dolğun şəkildə tamamlanır.

Bu mərhələdə rəssamın yaxmaları daha sıx, teksturalı və enerjili xarakter alır. Fırça vuruşlarının ritmi əsərin dinamikasını gücləndirir, kətanın səthinin xüsusiyyətlərini və təsvir olunan təbiət hadisələrinin hərəkətliliyini daha aydın şəkildə ifadə edir, həm də təbiətin daxili quruluşunu və “arxitektonikasını” göstərən mühüm bədii ifadə vasitəsinə çevrilir.

“Suraxanı torpağının qədim alovları” və digər peyzajlarında artıq təbiətin real təsvirindən daha çox onun poetik və nağılvari obrazına üstünlük verildiyini görmək mümkündür. Gerçək təbiət elementləri onun fərdi dünyagörüşü və bədii fantaziyası ilə birləşərək qeyri-adi, poetik obrazlar yaradır.


Səttar Bəhlulzadə yaradıcılığında ağac motivinə də xüsusi əhəmiyyət vermişdir. Xüsusilə tut və nar ağaclarını təsvir etməyi sevirdi. Bu ağacları çox vaxt işıqlı fon üzərində yerləşdirərək onların dekorativ və ritmik xətlərini ön plana çıxarırdı. 1970-ci illərdə yaratdığı “Bilgəh” və digər əsərlərində bu dekorativ xüsusiyyətləri daha aydın müşahidə etmək mümkündür.

Səttar Bəhlulzadənin natürmortları da özünəməxsusluğu ilə seçilir. Rəssam müxtəlif mövsümlərdə çiçəkləri, xüsusilə nərgiz və qızılgülləri təsvir etməyi sevirdi. Meyvə kompozisiyalarında nar və digər meyvələrə də geniş yer verirdi. Onun natürmortlarının əsas xüsusiyyətlərindən biri də məhz natürmortla peyzajın üzvi şəkildə birləşdirilməsidir. Əgər peyzajlarında gerçəkliklə nağılvari təxəyyülün vəhdətini görürüksə, natürmortlarında da çiçək, meyvə və məişət əşyaları ilə təbiət mənzərəsinin bir kompozisiya daxilində birləşdiyini müşahidə edirik.

“Torpağın arzusu” adlı əsərdə Ceyranbatan gölünün ətrafındakı təbiət və çiçəklərlə zəngin mənzərə təsvir edilmişdir. Rəssam burada təbiəti sadəcə müşahidə olunan gerçəklik kimi təqdim etmir, onun daxili arzusunu və həyat enerjisini poetik şəkildə ifadə edir. Torpağın altında sıxılmış halda böyüyərək günəşə doğru can atan lalə qönçəsi həyatın, yenilənmənin və təbiətin dirçəlişinin simvoluna çevrilir. Əsərdə lalə çəmənliyinin təsviri o qədər inandırıcı və canlıdır ki, tamaşaçı sanki həmin mənzərənin içində olduğunu hiss edir. Rəssam çiçəkləri və torpağı təbiətin ümumi quruluşundan ayırmır, onları vahid poetik məkanın tərkib hissəsinə çevirir. Bu xüsusiyyət əsərə epik-fəlsəfi məzmun verir.

Səttar Bəhlulzadənin təbiətə münasibəti onun digər əsərlərində də özünü göstərir. Kəpəz dağının meşələri, suyun səthində yaranan işıq əksləri və ay işığı rəssamın poetik dünyagörüşündə xüsusi məna qazanır. Ay işığının yaratdığı atmosfer əsərə qeyri-adi və romantik ovqat bəxş edir. Kəpəzin “ağlaması” isə rəssamın poetik təxəyyülünün ifadəsi kimi qəbul edilə bilər. Bu göz yaşları kədər deyil, təbiətin yaratdığı gözəllikdən doğan sevincin simvolik ifadəsidir. Rəssam bu incə hissi böyük həssaslığla duyaraq obrazlı şəkildə tamaşaçıya çatdırmışdır.

Səttar Bəhlulzadənin dünyagörüşü qeyri-adi xarakter daşıyır. O, Azərbaycan təbiətinə öz fərdi baxış bucağından yanaşaraq tamaşaçıda heyrət və emosional təsir yaradır. Onun əsərlərində duyğu, fantaziya və reallıq bir-biri ilə üzvi şəkildə birləşir.

Səttar Bəhlulzadə xasiyyətinə görə adi bir insan olmamışdı. Onun xarakterində bir-birinə zidd görünən cəhətlərin— yumşaqlıq və sərtliyin, sərhədsiz xeyirxahlıq və ötkəmlik kimi keyfiyyətlərin maraqlı vəhdətini müşahidə etmək mümkündür. O, yaxınlarına və hətta tanımadığı insanlara öz peyzajlarını hədiyyə edə bilərdi. Bununla yanaşı, tanınmış və nüfuzlu şəxslərin qarşısında isə öz mövqeyini qoruyur, bəzən onlar üçün emalatxanasının qapısını bağlı saxlayırdı. Rəssam emalatxanasından tez-tez uzaqlaşır, xüsusilə yaz, yay və payız aylarında vaxtının böyük hissəsini kəndlərdə keçirirdi.

Yaradıcılığının sonrakı mərhələlərində Səttar Bəhlulzadə kolxoz və sovxozlarda rəssam kimi çalışır, burada təbiəti müşahidə edir və çoxsaylı etüdlər yaradırdı. Əsas da, Quba rayonuna böyük maraq göstərirdi. Səttar Bəhlulzadə yazın əvvəlindən payızın sonlarına qədər Qubada qalaraq burada çoxlu sayda etüd işləyirdi.

Quba kəndlərində Səttar Bəhlulzadə həm uşaqlar, həm də böyüklər tərəfindən yaxşı tanınırdı. İnsanlar onu küçədə salamlayır, evlərinə dəvət edərdilər. Xüsusilə rəssamlığa maraq göstərən məktəblilər Səttar müəllimə böyük rəğbət bəsləyirdilər. Onlar çəkdikləri rəsmləri həvəslə rəssama göstərir və onun fikirlərini öyrənməyə çalışırdılar. Onun gənc dostlarından biri sonralar Rəssamlıq Texnikumuna daxil olmuş, daha sonra təhsilini institutda davam etdirmişdir.

Səttar Bəhlulzadə son dərəcə məhsuldar və zəhmətkeş rəssam olmuşdur. Yaradıcılıq prosesinə o qədər bağlı idi ki, bəzən yemək və istirahət haqqında unudurdu. Yaxınları onu günün müxtəlif vaxtlarında — səhər, axşam və hətta gecə saatlarında iş başında görürdülər. Onun tükənməz enerjisi və yaradıcılığa olan bağlılığı ətrafındakı insanlarda daim heyrət doğururdu.

Rəssam bütün ömrünü Əmircanda yerləşən iki otaqlı, eyvanlı evdə keçirmişdir. Bu evdə onunla birlikdə anası, qardaş və bacısının ailəsi də yaşayırdı. Təbii ki, belə bir ev böyük ailə üçün kifayət qədər geniş deyildi. Buna görə də 1960-cı illərdə Səttar Bəhlulzadə öz evindən bir qədər uzaqda yeni, iki otaqlı və eyvanlı bir ev tikdirmişdir. Bu evdən həm yaşayış məkanı, həm də emalatxana kimi istifadə edirdi.

Rəssam Azərbaycan xalq sənətinə və məişət əşyalarına böyük maraq göstərir, evi müxtəlif keramika qabları və xalq motivləri ilə bəzədilmiş, o cümlədən əl işləri olan əşyaları kolleksiyasına daxil edirdi. Səttar Bəhlulzadə topladığı keramika qablarını və Azərbaycan məişətinə xas əşyaları natürmortlarına daxil edərək onları bədii mühitdə təqdim edirdi. 

Bu azad peşə sahibi olan sənətkarın həyatında nə istirahət, nə məzuniyyət, nə də bayram günləri anlayışı demək olar ki, mövcud deyildi. Gün ərzində 10–12 saatını yaradıcılığa həsr edən rəssam, daim əsərləri üzərində çalışırdı. Bəzən iş prosesinə o qədər aludə olurdu ki, emalatxanasında gecələyirdi. Əmircandakı yaxınları bilirdilər ki, əgər Səttar Bəhlulzadə evə qayıtmayıbsa, böyük ehtimalla gecəni emalatxanasında keçirir. Lakin onun evə qayıtmadığı müddətlə bağlı müəyyən bir zaman çərçivəsi də vardı. Əgər üç gün ərzində evə gəlməzdisə, yaxınlarından biri onun emalatxanasına gedərək vəziyyətini yoxlayırdı.

Səttar Bəhlulzadə uzun illər ərzində gündəlik də aparmışdır. Böyük albomlarda görüşlərindən, söhbətlərindən və gündəlik həyatında aldığı müxtəlif təəssüratlardan bəhs edən qeydlər aparırdı. Bu qeydləri Azərbaycan dilində, ərəb əlifbasından istifadə etməklə yazırdı. Onun bu yazılarından bir neçəsi sonralar deşifrə edilsə də, qeydlərin böyük hissəsi hələ də tam şəkildə oxunmamışdır. Bu gündəliklər rəssamın dünyagörüşünü, yaradıcılıq prosesini və şəxsiyyətini daha yaxından öyrənmək baxımından mühüm mənbə hesab oluna bilər.

Səttar Bəhlulzadənin əsərlərinin tam siyahısını müəyyənləşdirmək və onların harada saxlanıldığını araşdırmaq kifayət qədər mürəkkəb məsələdir. Bunun əsas səbəblərindən biri rəssamın əsərlərinin keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə yayılması və bir çox tanınmış insanların şəxsi kolleksiyalarında və evlərində saxlanılmasıdır.

Səttar Bəhlulzadənin şəxsiyyəti və xarici görünüşü həmkarlarının da diqqətini cəlb etmişdir. 1940-cı illərin sonlarından etibarən Səttar Bəhlulzadənin obrazı bir sıra rəssamların əsərlərində əks etdirilmişdir. Onun portretlərini Tahir Tahirzadə, Toğrul Nərimanbəyov və Oqtay Sadıqzadə kimi sənətkarların yaradıcılığında görmək mümkündür.

Heykəltəraşlar da Səttar Bəhlulzadənin obrazına müraciət etmişlər. Onun heykəltəraşlıq portretləri arasında Ömər Eldarov və Pyotr Sabsayın yaratdığı əsərləri qeyd etmək olar. Bu nümunələr içərisində Ömər Eldarovun ağacdan yonulmuş heykəli xüsusilə diqqəti cəlb edir.

Ömər Eldarov bu əsərdə Səttar Bəhlulzadənin xarici görünüşü ilə yanaşı, onun xarakterik xüsusiyyətlərini də ifadə etməyə nail olmuşdur. Heykəldə rəssamın uzun əlləri və barmaqları, bədən quruluşu və ümumi plastik ifadəsi onun fərdi obrazını müəyyənləşdirir. Burada heykəltəraş yalnız portret oxşarlığı yaratmaqla kifayətlənməmiş, daxili aləmini və xarakterini də plastik vasitələrlə tamaşaçıya çatdırmağa çalışmışdır. 

Səttar Bəhlulzadə təsviri sənətin inkişafına göstərdiyi xidmətlərə görə bir sıra yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, “Azərbaycan SSR xalq rəssamı” fəxri adına layiq görülmüş, Respublika Dövlət mükafatı ilə təltif edilmişdir. Həmçinin iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur.

Rəssamın xatirəsinə həsr olunmuş doğulduğu Əmircanda memorial muzey yaradılmışdır. Muzeydə rəssamın çoxsaylı əsərləri, şəxsi sənədləri, fotoşəkilləri və digər materialları qorunur. Bakının küçələrindən birinə onun adı verilmişdi. Rəssamın Əmircandakı məzarı üzərində onun heykəli ucaldılmışdır. Heykəlin müəllifi görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovdur.

Səttar Bəhlulzadə 13 oktyabr 1974-cü ildə vəfat etmişdir. O, Azərbaycan təsviri sənətinin inkişafında dərin və silinməz iz qoymuş, mənzərə janrının inkişafında mühüm rol oynamışdır. Rəssamın yaratdığı özünəməxsus poetik təbiət obrazları Azərbaycan rəngkarlığının ən qiymətli nümunələri sırasında yer alır və onun sənət irsi bu gün də öz bədii əhəmiyyətini qoruyur.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)