Edebiyyat.az » Palitra » Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə
Palitra
Necef Esgerzade
Müəllif:
12:33, 23 aprel 2019
2 687
0
Səttar Bəhlulzadə yüz il əvvəl Bakının qədim Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açmışdı. Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidliydi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad oldu, sənətinin qüdrəti ilə başqa xalqlara da doğmalaşdı. Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu. Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. "Ömür qatarı«ndan „ölüm qatarı“na minəndə də dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz „Səttar görümü“ ilə tərk etdi, ecazkar rənglərində „əriyib“ əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan „Sənətin Məcnunu“ ayamasını qazandı.  
Məcnunluğu müəyyən səbəblərdən özünə həm də kədərə bələnmiş sevinc gətirsə də, başqalarına „Səttar dünyası“ adlı qeyri-adi, nəhayətsiz bir gözəllik qaynağı bağışladı. Özünün və sənətinin bənzərsizliyinin nəticəsidir ki, o bir ömürdə bəlkə də bir-neçə tale yaşadı. 65 illik ömür payında dahi hesab edilməsi ilə yanaşı, onun özündə təzadlı dəyərləri hifz edən qəribə şəxsiyyət kimi qəbulu da təbii idi. Çünki, Səttar doğrudan da bənzərsiz və təkrarsız idi, ona görə ki, o dünyanı müasirlərindən, rəssam həmkarlarından da şox fərqli duyur, görür və kətanda gerçəkləşdirirdi. Əslində o qəribə barmaqlar və sanki „magik kristal“dan dünyaya göz qoyan baxışlar məhz belə bir nağılvari-ideal bədii gözəllik yaratmaq üçün ona bəxş olunmuşdu. O, bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən „kədər məcmusu“ idi. Odur ki, bütün ömrü də kədəri dərk etmiş bir şəxsiyyətin acılı-şirinli hekayətidir...
lirik rəssam, o biri dünyanın adamı olan Səttar
Özü bütün mənalarda seçilən olsa da bütün böyük şəxsiyyətlər kimi onun da qeyri-adi keyfiyyətləri ilə yanaşı, qəribə meylləri, hətta çatışmazlıqları da vardı. Hələ uşaqlığından gələcək qeyri-adiliyinin qeyri-adi işığını özündə gəzdirən Səttar yəqin ki, elə bu cür də ömür sürməliydi. Bu səbəbdən də zamanın maneələr dramatizmi də onu sındıra bilmədi. Sənət tarixinə də yaratdığı ecazkar əsərlərilə daxil oldu, müasirlırinin də yaddaşında həm də elə başqalarına bənzəmədiyinə, bütün ömrü boyu onu izləyən və zaman-zaman dramatikləşən kədəri sevinclə əvəzləyə bilmək qüdrətinə görə qaldı. Onu görənlərə, təmasda olanlara görkəmini xatırlatmağa ehtiyac yoxdur. Elə görməyənlər də bizə yadigar qalan çoxsaylı fotoşəkillərdən onun çox qəribə  və bənzərsiz olduğunu görə və duya biləcəklər. Əgər rəssamın sözlə portretini çəkmək kimi bir çətin işə qol qoysaq, onda deməliyik ki, onun çox sadə görkəmi vardı. Nimdaş geyimdən „boylanan“ bu sadəlik zəmanəsinə görə o dərəcədə qabarıq idi ki, bəzən ona onu tanımayanların münasibəti də ağlasığmaz dərəcədə təzadlı və gözlənilməz olurdu. O, bundan çox vaxt inciməzdi də…
Kəpəzin göz yaşları (Слезинки Кяпаза. 1965)Az qala bu dünyanın adamı olmadığını hər addımda hamıya sübut etdirən Səttar yəqin ki, elə bu cür də olmalı idi. Moskvalı sənətşünas Qriqori Anisimovun təbirincə desək, Səttarın bu dünyaya sığışmadığını söyləməyə tam əsası vardı. Fiziki mənada bizimlə-hamı ilə olsa da əsl dünyası emalatxanası, bir də ünsiyyətdə və əhatəsində olduğu çox sadə adamlar idi. Adi kənd adamına ən qiymətli əsərini qızırqanmayan rəssam, onu xoşu gəlməyən ən yüksək vəzifəliyə belə verməzdi. Bu gün çəkdiyi portretin Roma papasının kolleksiyasında olması ilə öyünən rəssamdan fərqli olaraq Səttar əsərinin Azərbaycanın ən ucqar bir nöqtəsində, adi bir insanın evində asılmasından qürur hissi keçirərdi. Onun böyük el məhəbəti qazanmasında bu amılın də böyük rol oynadığı birmənalıdır. Səttarın hələ sağlığında „Aramızda gəzən dahi“ deyə çağrılması da artıq hökumətin onu ən yüksək formada dəyərləndurilməsindən də çox yüksəkdə dururdu. Səttar əgər özünə həmdəm saydığı təbiət motivlərinə onların öz „dilində“ danışmağı bacarırdısa, bu onun həm də xalqına, Vətəninə bağlılığından irəli gəlirdi. Yalnız Vətəninin və xalqının dərdini və seviuncini bilən, ona acıyan, ondan fərəhlənən kəs ona qəlbində bu cür bədii qürur heykəli ucaltmağı bacarardı. Onun sehrli fırçası, bu cür təsirli, çoxmənalı, ecazkar və solmaz boyaları doğma Azərbaycan təbiətini sözün əsl mənasında bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı, desək, yanılmarıq...
Səttar sözü üzə deməkdən çəkinməzdi, qarşısındakı adamın kimliyindən asılı olmayaraq… Bunun da „əvəzini“ ona dolayısı çatdırırdılar. Daha çox gücləri ona veriləcək qonorarı azaltmağa çatırdı...Rəssamın özü bu sətirlərin müəllifinə danışmışdı ki, altmışıncı illərin əvvəllərində Moskvada təşkil olunan Ümumittifaq sərgisində Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları onun orada nümayiş etdirilən „Xəzər gözəli“ (1960) adlı əsərini görüb müəllifin ardınca Bakıya gəliblərmiş. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildiriblər. O, isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını  söyləyib.  Bu cavabı eşidən qonaqların əhvalı pozulur. Söhbət vaxtı onlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar. Səttar isə bunu gızli saxlamağa çalışir. Qazaxıstanlılar isə əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl (o vaxt üçün bu şox böyük məbləğ idi)  verməyə hazir olduqlarını bildiriblər. Bunun üçün onun razılığını istəyiblər. Buna naıl oıa bılməyəndə onlar rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər. Səttarın „600 rubl“ sözündən sonra qazaxıstanlı qonaqlar uzun müddət çaşqınlıqdan özlərinə gələ bilməyiblər. Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar etməyi xahiş ediblər. Rəssamsa „Təkrarçılıqla məşğul olmuram“ cavabını verib. Əsərə bu məbləğin verilməsi rəsmi dairələrin o vaxtlar Səttar Bəhlulzadəyə qarşı apardıqları mənəvi təzyiqlərin sınanılmış forması idi  Yerı gəlmişkən qeyd edək ki, Səttarın digər işləri də özünə bab rəssamlarla müqayisədə  ucuz qiymətə alınıb. Səhv etmiriksə, onun ən yüksək qiymətə alınan əsəri iki ilə tamamladığı „Mənim anam“ (4 min rubl) tablosudur...

Amma təbii ki, Səttara belə yollarla təsir etmək çətindi. Çünki, o, pul qazanmaq üçün  çalışmırdı. Bunu şox erkən dərk edən rəssam sadəcə öz missiyasını yerinə yetirməklə məşğuldu. Dili Füzulinin qəzəlləri olan rəssamın ali missiyası yaratdığı gözəllik qaynaqları ilə  başqalarına sevinc hissləri bəxş etmək idi və o, bunu yaxşı duyduğundan şərəflə də yerinə yetirdi. Yaşadığı zamandan asılı olaraq doğma yurdu Azərbaycan sağlığında onu sona qədər dünyaya tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı. 2009-cu ildə YUNESKO-nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunması da bunun təsdiqidir...
Şəxsi maşını-zadı da yoxdu. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb-gətirən ən gözəl minik sayırdı. O, həyatdan,təbiətdən götürdüyü sadəliyə və təbiiliyə sanki haram qatmaq istəmirdi. Görkəmli filoloq Kamil Vəli Nərimanoğlunun təbirincə desək, „Səttar bu günahlı dünyanın günahsız uşağıydı, o, günaha batmadı“. Bu fikrə əlavə edib deyirik ki, sadəcə Səttarın buna heç vaxtı da yoxuyduş Onun bu əvəzsiz insani keyfiyyətini müasirləri də bilirdilər. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da… Onu Azərbaycanın hər yerində sevirdilər. Çünki adamlarla ünsiyyəti sadə və oyunsuz idi...

 Böyük rəssamlar insanlara sevinc və göəlliyi duymanı bəxş edən gül-çiçəyə bənzəyirlər. Odur ki, onların nəyisə „qazanmaq“ iddiası yox, acılı-şirinli taleləri olur. Bəziləri ən gözəl əsərini lap cavanlığında, çoxları isə orta yaş dövründə, bir qismi də qocalığında yaradır. Səttar o az sənətkarlardandır ki, yaradıcılıqda həmişə cavan və təravətli, həm də müdrik qaldı. Odur ki, yaratdıqları hır hansı dəyərləndirmə çərçivəsinə də sığışmır. Belə olan halda rəssam adına iddialı olan hər kəs başının üstündə həmişə Səttar Bəhlulzadə kimi bir sənət dühasının olduğunu unutmamalıdır...
Джоратские дыни. 1964. Саттар БахлулзадеÖtən əsrin ikinci yarısını çoxəsrlik Azərbaycan təsviri sənətinin yenidən dirçəlişi mərhələsi də hesab etmək olar. Belə ki, həmin dövrdə yaşayıb-yaradanların sırasında qibtə ediləsi sənətkarlar az deyildi. Naturanı kölə kimi təkrarlamağı tövsiyə edən „sosialist realizmi“ bədii prinsipinə mahiyyətcə „əlvida“ deyənlərin sirasında müxtəlif nəsillərin nümayəndələri vardı. Həbsxana və sürgün həyatını başa vuran Ələkbər Rzaquliyev, „formaca milli, məzmunca sosialist“ göstərişinə „öz yeni realizmi“ ilə cavab verən Səttar Bəhlulzadə, „sığallı-ütülü“ rəngkarlığa sərt  görüm tərzi gətirən Tahir Salahov, dünyaya milli folklor qəhrəmanlarının gözü ilə baxan Mircavad Mircavadov, Toğrul Nərimanbəyov və Rasim Babayev, gerçəkliyi mütərəqqi bədii vasitələrlə göstərməyə çalışan Əşrəf Muradoğlu və Qorxmaz Əfəndiyev, sonda da gözəllik qaynaqlarını adi gün-güzəranımızda axtaran „Abşeron məktəbi“nin mövcudluğu keçmişdən zamanına və daha uzaqlara uzana biləcək çətin yolda sarban-mayakdı, desək, yanılmarıq. Bu sənətkarlar bəzi cəhətlərinə görə bir müstəvidə duruş gətirə bilməsələr də, sənətə və dünyamıza münasibətdə bir gəminin sərnişinləri idilər. Zamanın axarına təsir göstərməyə çalışan yerli və moskvalı ideoloqlar bütün mənalarda bu milli kadrların axtarış dolu yaradıcı səylərinə nə qədər „yox“ deməyə çalışsalar da onları inamlarından döndərə bilmədilər. Səttarı da, onun həmfikirlərini də özünəinama səsləyən onlara Təbriz miniatür məktəbi kimi möhtəşəm  örnəyin və digər neçə-neçə nəhayətsiz qədim bədii qaynağın arxa olması idi. Bu gün çox da uzun olmayan zaman distansiyasımdan bu yaradıcıların artıq tarixə dönən cəsarətli axtarışlarına güzgü tutanda görünür ki, onlar həqiqətən də böyük iş görmüş, təsviri sənətimizi duyulası dərəcədə yeni görüm tərzi ilə zənginləşdirmişlər. Elə Səttarın bütün yaradıcılığı boyu işlədiyi əsərləri göz önünə gətirəndə onlarda rəngkarlığımızda  ona  qədər tuş gəlinməyən zəngin koloritin, kompozisiya həllinin müxtəlifliyinin, bədii şərhin reallıqdan geniş ümumiləşdirməyə və ekspressiv — dinamik yaxılarla ifadəsinə qədər dəyişdiyini görmək mümkündür.
Səttar Bəhlulzadənin əsərləri
Bu əsərlərdə biz ilk növbədə tanış obyektlərə, ənənəvi mövzulara yeni və özünəməxsus münasibətin şahidi oluruq. „Sosialist realizmi“ bədii prinsipini gerçəkliyə ifrat köklənmək kimi qəbul edən əksəriyyətdən seçildiyini təbiət və əmək motivli əsərlərində sərgiləyən Səttar Bəhlulzadə əslində ideoloji buxov rolunu oynayan „ali tövsiyə“ni başqa cür başa düşdüyünü qarşı tərəfin istəyinin əksinə olsa da davamlı çəkildə nümayiş etdirməklə həm də öz sənətkar müstəqilliyini heç nəyə qurban verməyəcəyini təsdiqləmiş oldu. Etiraf edək ki, həmin dövrlərdəku özünəməxsus Səttar görümü nəinki ideoloqlara, hətta öz həmkarlarına qəribə gəlirdi. Ancaq Azərbaycan bədii məkanı üçün ənənəvi olan neft və pambıq mövzusuna Səttarsayağı şairanə və lirik yanaşma o qədər fərqli və cəlbedici idi ki, yığcam və lakonik rəng qatından „boylanan“ gerçəklik nə qədər ideal və irreal görünsə də inandırıcı və duyğulandırıcı qəbul olunurdu. Bu yerdə qeyd edək ki, Səttar öz axtarışlarında artıq tək deyildi. Sənətsevərlər də artıq hər yeni sərgidə onunla yanaşı T.Salahov, T. Nərimanəyov, T.Cavadov, M.Mircavadov, Ə.Rzaquliyev və b. əsərlərini də axtarırdılar. Rəssamlar kimi tamaşaçılar da gerçəkliyə, onları əhatə edənlərə fərqli münasibət görmək istəyirdilər. Yeri gəlmişkən qeyd edək ki, Səttarın və digərlərinin „sosialist realizmi“ adlı bədii prinsipin çərçıvəsində „boğulmaqdan“ yaxa qurtarmalarına elə hökumətin daxilində mənəvi dəstək verənlər vardə. Bu mənada o vaxtlar Azərbaycan KP MK-nin ikinci katibi vəzifəsində işləmiş P.M.Yelistratovun qayğısını xüsusi qeyd etmək lazımdır. Onun birbaşa dəstəyi olmasaydı nə Səttar Bəhlulzadə, nə Tahir Salahov və Toğrul Nərimanbəyov öz sənət axtarışlarını duyulası sərbəstliklə davam etdirə bilməzdilər. Xatırladaq ki, onlar o vaxtlar üçün çox yüksək dəyərləndirmə sayılan Lenin  beynəlxalq mükafatına təqdim olunan azərbaycanlı şair Rəsul Rzaya bu mükafatın verilməməsi üçün Moskvaya donoslar yazanların məkanında yaşayıb-yaradırdılar...  

  Səttar Bəhlulzadə  çox məhsuldar işləyən sənətkarlarımızdandır. Onun rəngkarlıq və qrafik irsini saya gətirmək sadəcə mümkünsüzdü. Dövlət statuslu muzeylərdə  yüz əlliyə yaxın rəngkarliq, otuza qədər qrafik işi vardır. Son araşdırmalar nəticəsində onun 600-a qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığını müəyyən etmək mümkün olmuşdur. Onların da çoxunun saxlandığı dəqiq ünvan məlum deyil. Bu vaxta qədər izinə düşülməyən əsərlər də çoxdur. Nəzərə alsaq ki, Səttar çox əliaçıq idi və əsərlərini də təmənnasız olaraq  ürəyinə yatan insanlara ərməğan verərdi, onda bu naməlum ünvanların sayagəlməz olduğnu söyığləmək olar. Onun əsərlərinə müxtəlif yollarla  sahib olanların bir qismi çox qəribə olsa da onlarda S.Bəhlulzadənin tablosunun olduğunu inkar edirlər. Bunu hətta o adamlar dilə gətirirlər ki, bizə Səttarın əsərinin onun evinin hansı hissəsndə asıldığı belə məlumdur. Bütün bunlar Səttar irsinin başı üstündə hələ də qara buludlar dolaşdığından xəbər verir. Çünki belə adamlar əsərə mənəvi yox, maddi sərvət kimi baxırlar. Belələrinin qazanmaq xatirinə milli sərvət sayılan belə əsərləri erməniyə də sata bilərlər. Təəssüf ki, nəinki qadınlarımız, hətta kişilərimiz arasında da „İtə ataram, yada satmaram“ prinsipi ilə yaşayanlar yox dərəcəsindədir. Bütün bunları „dərdli danışqan olar“ deyimindən çıxış edərək  söylədim. Bununla belə söylənilənlər barəsində düşünməyə dəyər. Amma bu gileyi dilə gətirməkdə məqsədim Səttarın bütün ömrü boyu yorulmadan çalışmasını vurğulamaqdır. O çox vaxt rahatlıq bilmədən işləyərdi. İstirahəti də, yeməyi də çox vaxt unudardı. Onun sübhdən qürub çağına kimi iş başında görmək mümkün idi. Havanın yaxşı-pisliyinə baxmadan, qızmar günəş altında da, yağış yağanda da işləyərdi. Çoxlarını bütün günü fasiləsiz işləməyə qadir olan bu çəlimsiz adamdakı enerjinin tükənməzliyi və sonsuz həvəs heyrətləndirirdi.  Bu yerdə rəssamın 1973-cü ildə Moskvada açılmış  fərdi sərgisində iki nəfərin söhbətini xatırlamaq yerinə düşərdi… Əsərlərə heyranlıqla tamaşa edən qadın ərindən soruşur ki, görəsən bu rəssamın neçə yaşı var? Kişi cavab verir ki, yəqin cavandır. Çünki, əsərləri təbiətlə bağlıdır. Bunları çəkmək üçün çox gəzmək, görüb-götürmək lazımdır. Həmişə hərəkətdə olmaq, dağa-daşa çıxmaq yaşlı adamın işi deyil. Rəssamın əsərlərindəki heyrətamiz baxış nöqtələri, ecazkar rəng duyumu, qeyri-adi təravət və yaxıların ekspressiyası yəqun ki, kişini bu qənaətə gəlməyə vadar etmişdi. O vaxt isə Səttar Bəhlulzadənin nə az, nə çox, düz 64 yaşı vardı...
  Moskva sərgisi ilə bağlı bir deyimi də xatırlasaq, Səttar sənətinin  bəşəriliyini bir daha təsdiqləmiş olarıq. Rəssam Moskvadan geri qayıdandan sonra dəfələrlə dil
 Gətirmişdi ki, mən gərək çoxdan orada sərgimi göstərmiş olaydım. Özü də, elə oradakılar da bu fikirdə idi. Üzünə deyilən bir tamaşaçı fikri isə çox ibrətamizdir: „Görün Azərbaycan xalqı nə qədər istedadlıdır ki, Səttar kimi bir rəssamı 60 il ərzində dünyadan gizlədə bilib!“ Düşündürücüdür, elə deyilmi? Biz də yenidən xatırlatdıq ki, bir daha təkrarlanmasın...

Settar Behlulzade qocaligindaHəyatı sənəti ilə sıx şəkildə çulğalaşan rəssamın ilham mənbəyi doğma təbiət, həyatının mənası isə onu başqalarına tanıdacaq və sevdirəcək rənglər idi. Belə bir adamın ümumi axından seçilməməsi mümkünsüzdü və o, addımları, əməlləri, bəzən də lap qeyri-adilikləri ilə bunu sərgiləyirdi. Amma ölkə nə qədər vahid ideologiyaya bağlı olsa da hər halda artıq nə Stalin repressiyası, nə də Xruşşovun məşhur Manej təpkisinə bənzəyən hərəkətlər vardı. Odur ki, Səttar elə mükafatları da, fəxri adları da zəmanəsinə, onun tələblərinə müxalif ola-ola aldı, qazandı. Çünki, özündə böyük sənətkarlığı və şəxsiyyəti birləşdirən Səttar Bəhlulzadə fenomeninin el içində mənəvi-psixoloji dayağı o qədər yüksək idi ki, onu sadəcə inkar etmək artıq mümkünsüzdü… Əslində Səttarın ona göstətiş verməyə çalışanlardan narazı qalmağa haqqı vardı. Əgər o illərə qayıtmalı olsaq, xatırlatmaq istəyirik ki, rəssam  1973-cü ilin əvvəllərundə ölkə rəhbəri ilə görüşmək, onunla ölkənin təsviri sənət məkanında baş verənlərlə bağlı fikirlərini bölüşmək istəyirdi. Onun şəxsi mənfəət güdmək miyyətindən uzaq olan bu istəyini dövlət rəhbərindən gizlədən bir məmurun əlində onun vurduğu teleqramı görəndən sonra isə o, hətta ölkədən çıxıb getməyə qərar vermişdi. Özü həmişə deyərdi ki, belələrini çox yaxşı tanıyıram. Bu cür primitiv düşüncəyə malik insanların incəsənət sahəsində ağalıq etmələri dözülməzdir. Həmin vaxt Gürcüstandakı sənət dostları onun Tiflisə dəvət edilməsini, mənzil və emalatxana ilə təmin olunmasını ölkə rəsmiləri ilə razılaşdırmışdılar.
Rəssamın iki il çəkdiyi yeni əsərləri sərgiyə verməməsi də ona verilən Dövlət mükafatının pulunu almaqdan imtina etməsi də ona göstərilən bu etinasızliqla, onun pespublika rəhbəri ilə görüşünə maneələrlə  bağlı idi.  Yaxşı ki, onun həqiqətdə nə istədiyini gec də olsa başa düşdülər və onun ölkə başçısı ilə iki saatdan çox davam edən görüşü baş tutdu. Kabinetlərdə Səttara qarşı yönələn „addımlardan“ xəbərsiz olan dövlət başçısı rəssamı diqqətlə dinlədi. Əslində onlar bir-irini çoxdan  və yaxşı tanıyırdılar. Elə bu görüşdən sonra, Moskvada İmaməddin Nəsiminin 600 illik yubileyi qeyd olunan vaxtlarda Səttar Bəhlulzadənin fərdi sərgisinin təşkili də ölkəyə rəhbərliyi dövründə sənətə və sənətkara yüksək dəyər verən dövlət başçısı ilə rəssamın  unudulmaz görüşünün nəticəsində baş tutdu...

  Qeyd edək ki, sərginin açılışı anında Bakı xəstəxanasında ölümlə çarpışmaqda olan rəssamdan bədxahları hələ də əl çəkmək fikrində deyildilər. Avqust-sentyabr (1973) aylarında Sabunçu xəstəxanasında rəssamı müalicə edən həkimə göstəriş verib onu Bakıda ləngitməyi, Moskvaya getməyə qoymamağı tapşıranlar bununla da onun məhvinə xidmət etdiklərindən bəlkə də xəbərsiz idilər. Çünki çox az sonra Moskvada bilinəcəkdi ki, o, yoluxucu yox, sağalmaz xəstəliyə düçar olub. Yeri gəlmişkən qeyd edık ki, Səttar bu xəstəxanaya səbəbsiz gəlməmişdi. Daşıdığı titul və qazandığı nüfuz onun Bakıda məşhur olan „leçkomissiya“da müalicə olunmasına əsas verirdi. Amma orada „həkimlərdən“ ona yönəli „Niyə evlənmirsən, kişiliyin varmı?“ sualını eşidən rəssam onlara kişiliyin nə olduğunu  „başa salandan“, layiq olduqları cavabı verəndən sonra dostlarının məsləhətilə Sabunçu xəstəxanasında müalicə olunmağa qərar vermişdi. Həkim Mehdi Quliyev isə o vaxt üçün inanılmaz bir addım atıb ona verilən „göstərişin“ sirrini rəssama və onun ən yaxın dostlarına açır və təcili olaraq onun Moskvaya aparılmasını məsləhət görür. Belə bir məqamda rəssam cismən Bakıda olsa da, xəyalı Moskvada -onun iştirakı olmadan açılan fərdi sərgisində idi. Bunu bəstəkar həmdəmi Arif Məlikovun sərginin ekspozisiyasına həsr olunmuş albomu ona ərməğan edəndən sonra əsl dostlarına da etiraf edir:»Oğlum yox, qızım yox evləndirəm, toylarını  edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Yaşımın bu vaxtında, ömrümdə birinci dəfədir ki, Moskvada fərdi sərgim açılıb. Ora məni  çatdırsanız arzum ürəyimdə qalmaz". Onun bu sözlərindən xeyli duyğulanan dostları ölümlə çarpışan Səttarı Bakıdan çıxarmağa qərar verirlər. Rəssamın zabratlı çayçı dostu Gülmurad Kərimovun səyi ilə rəssam sentyabrın ikinci yarısında qatarla Moskvaya çatdırılır. O, həm uğurla keçən öz fərdi sərgisinə baxər, həm dostları ilə «Praqa» restoranında bu əlamətdar hadisəni qeyd edir, sonra da N.İ.Piroqov adına xəstəxanada professor Çernousovun cərrah bıçağı altına «düşməyə» imkan tapır. O, oktyabrın ortalarında Bakıya qayıdanda və bu geri dönüş qurban kəsilməklə qeyd ediləndə rəssam yenə də yaratmaq həvəsli idisə də, onun sağalmaz xəstəliyə düçar olduğundan xəbərdar olan yaxınlarının ürəyi qan ağlayırdı. Heç kəs gözəllik aşiqindən birdəfəlik ayrılacağına inanmaq istəmirdi. Özü isə həmin anlarda rənglər dünyasına yeni-yeni çalarlar əlavə etməkdə idi...
Qudyalçay sahilində (Долина Гудиялчая) 1953
  Səttarın əsərlərini bütünlükdə onun təbiətlə «yarışması» kimi də dəyərləndirmək olar. Belə ki, müxtəlif ölçülü tablolarda gerçəkləşənlər o dərəcədə heyrətamizdir ki, kimin kimi üstələdiyini söyləmək çox çətindir. Əslində isə görünənlər bir-birinə meydan oxumağın bariz nümunəsidir. Təbiət bu cür əsrarəngiz gözəllik yaratdığına görə qürurludur, rəssamsa bu gözəlliyi duyub kətanda əbədiləşdirdiyinə görə.Səttarın bütün mənzərələri bunun təsdiqidir. Təbiəti gördüyü kimi çəkməyib, arzuladığı kimi görüntüyə gətirən rəssam  reallıqdan kətana qədər uzanan məsafədə böyük filosofdur. Dilindən dahi Füzulinin qəzəli əskik olmayan Səttarın yaratdıqları əsərlərin rəssamlığımız üçün yeni-fəlsəfi mənzərə olması da onun milli təsviri sənətimizə xidmətinin göstəricisidir. Bizcə Füzulinin poeziyada elədiklərini Səttar rəngkarlıqda gerçəkləşdirə bildi və bununla da rəssamlığımızı yeni məna-məzmunla zənginləşdirdi...
Tanrı ona nəyisə qızırqansa da, ondan inam və arzulamaq istedadını əsirgəməmişdi. Elə bu kifayət idi ki, sadə və qəribə çöhrəli əmircanlı balasını, Azərbaycan oğlunu dahi zirvəsinə yüksəltsin, onu rənglərin sehrkarına çevirsin. Səttar bir qərinəlik yaradıcılığının lap əvvəlindən donmuş sayılan sənət zirvəsinə yönəli istedadların, ehtirasların və zövqlərin yürüşünə qoşuldu. Sonda da elə bir zirvəni fəth etdi ki, şoxları hələ də bu ucalıqdan səslənənin kölgəsində itməyə məhkumdurlar. Bütün varlığı qeyri-adi duyğular qaynağı olan və çəkdikləri də görünənlərin zahiri görkəmindən daha çox daxilinin- mahiyyətinin ifadəsi olan Səttar dühasının sonda nur heykəlinə dönməsi də məntiqli sonluq idi. O, "ömür qatarı«ndan „ölüm qatarı“na minəndə — ana təbiət yorğanına büküb Səttarı bağrına basanda da onun qoyub getdiyi „bədii iz“dən heç bir nigarançılığı yoxdu. Bir çoxları kimi heç vaxt Fəxri Xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, ünsiyyətə üstünlük verdiyi sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də heç kəs cürət etmədi, bunu ona qıymadılar. Səttar belə Səttar idi. Bu haqqı o, sağlığında qazanmışdı. Odur ki, bundan sonra biz bildik-bilmədik, Azərbaycana — onun bənzərsiz bir guşəsi olan qədim Əmircan kəndinə dünyanın hər yerindən ömründə onun adını eşitməyən adamlar üz tutacaqlar, Səttar sənətinin ziyarətinə, onun ruhunun iksiri olan ecazkar rənglər dünyasını görməyə, zövq almağa və dəyərləndirməyə tələsəcəklər...

Müəllif: Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)