AZƏR MUSAOĞLU AXI NECƏ DÖZÜRLƏR , PAYIZA BU ÇİÇƏKLƏR?
Noktyurn
Axı necə dözürlər
payıza bu çiçəklər?
Əgər payızın olsam
sən mənə dözərsənmi?
Quşlara de payızda
uzağa uçmasınlar,
Çiçəklərə de barı
payızda açmasınlar.
Mən sənin payızına,
qışına da dözərəm,
Uzağa köçüb gedən
quşuna da dözərəm.
Bircə xəyanətinə
dözməyə gücüm çatmaz.
Adam sevgiyə heç vaxt,
heç vaxt xəyanət qatmaz.
Ya köçəri quşların
arasına qat məni.
Ya da ki, yarpaq kimi
barı sən saralt məni.
Körükçü
Körük basmaq üçün fürsət axtarar,
Gəzər qapı-qapı əli körüklü;
Birinin üstünə beşini qoyar,
Gəzər sözü-gapı, dili körüklü.
Birinin üstünə beşini qoyar,
Arsızca milçəyi filə döndərər.
Diliylə yuvadan ilan çıxarar,
Zəhərli ilanı dilə döndərər.
İşi söz gəzdirib ləc salmaq olar,
Yağ tökər ocağın, odun üstünə;
Özgə şələsinə güc salmaq olar,
Yığar odununu odun üstünə.
Üstünə duz basar təzə yaranın,
Köhnə palan içi söküb eşələr.
Açar Nuh dövründən qalma sandığı,
Kif basmış pambığı töküb eşələr.
Sönmüş ocaqları alışdırmağa
Əlinin altında hey köz gəzdirər.
Yenidən aranı qarışdırmağa
Dilinin altında hey söz gəzdirər.
Öncəgörmə
Kinoteatrda “Hatiko” filmini izləyən qadın
ayağa durub, üzünü tamaşaçılara tutub:
Sədaqətli olmaq üçün, bir az it olun, insanlar, – deyib
gözləri yaşlı tərk etdiyi kişinin yanına getdi.
Mən orda deyildim, bilirəm bunu.
Kəsilmiş ağacdakı yuvanın içindən
quş balalarını götürən kişi
üzünü ağacı kəsənlərə tutub:
Faydalı olmaq üçün bir az ağac olun, insanlar, – deyib
gözləri yaşlı ovcunu balalara yuva etdi.
Mən orda deyildim, bilirəm bunu.
Metronun çıxışında
pilləkanda oturub dilənən qocanın
qarşısındakı konserv qutusunu boş görən uşaq
üzünü sərnişinlərə tutub:
Adam olmaq üçün bir az uşaq olun, insanlar, – deyib
əlindəki oyuncağını qocaya verdi.
Mən orda deyildim, bilirəm bunu.
Sən indi bu şeiri oxuyub
uşaqlığını,
həyətinizdəki üstünə dırmaşdığın ağacı,
o ağacın kölgəsində yatan itinizi xatırlayırsan
və gözləri yaşlı deyirsən:
Yaşamaq üçün bir az xatirə olun, insanlar.
Mən orda deyiləm, bilirəm bunu.
