Edebiyyat.az » Poeziya » Valeh Qoca - Dünya anaların büstü boydadı

Valeh Qoca - Dünya anaların büstü boydadı

Valeh Qoca - Dünya anaların büstü boydadı
Poeziya
admin
Müəllif:
22:30, 28 aprel 2026
20
0





İlahi

(İran İsrail müharibəsi zamanı)


İlahi, sən hardasan ki,

Yerini tuta bilmirsən?!

Göydən gələn bombaların,

Birini tuta bilmirsən.


Bu iş kimin əliylədi,

Bu ah kimin diliylədi?

Sənin işin ölüylədi,

Dirini tuta bilmirsən.


Dünya yanında toz boyda,

Əlin yoxmu qapaz boyda?!

Göyün bir yana, qoz boyda,

Yerini tuta bilmirsən.


Boydadı

Sən nə gözləyirsən günəşdən artıq,

Günəş öz verdiyi isti boydadı.

Tüstü bir ocağın ömrü qədərdi,

Ocaq öz yaydığı tüstü boydadı.


Qarğışla doludu hər ahın altı,

Bir zülmət gecədi sabahın altı.

Ay adam, inan ki  Allahın altı,

Elə adamların üstü boydadı.


Sanki qış qoxuyur bu yaz havası,

Hissimin ağlımla çoxdu davası.

Orda dağıdılan o quş yuvası,

Bu sərt təbiətin qəsdi boydadı.


Mən nə yaratdım ki, qalsın da izim,

O zaman məzarın, bu zaman bizim.

Dünyanın heykəli yoxdur əzizim,

Dünya anaların büstü boydadı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)