Edebiyyat.az » Rövşən Yerfi - Ad günü görüşü

Rövşən Yerfi - Ad günü görüşü

Rövşən Yerfi - Ad günü görüşü
---
admin
Müəllif:
17:51, 01 noyabr 2026
191
0
Rövşən Yerfi - Ad günü görüşü

 

 

                                                    (məhbəs hekayəsi)

           Qadın cəza evinin geniş həyəti boyu məhkum geyimli qadınlar hərə bir məqsədlə qarışqalar kimi qaynaşırdılar. Səhər yoxlamasından sonra istehsalat sahəsindəki tikiş sexinə işə gedən Xatirə kiçik dükan sayılan alış-veriş köşkünün qarşısında dayanmış Gülşəni görəndə üzünə təbəssüm yayıldı:
           -Ay qız, xeyir ola, tezdən nə kəsdiribsən buranı, maşallah, gözlərin gülür. Deyəsən, yanına gələn olacaq, hazırlıq görürsən…
           -Hə, düz tapmısan. İldən çoxdur Qumrunu görmürəm, yaman darıxmışam. Rəisə xahiş etdim, o da dəstə rəisi Fidan xanıma tapşırıb ki, getsin uşağı gətirsin. Dedim uşaq üçün şirniyyatdan, konfetdən alım, ona görə köşkün açılmasını gözləyirəm.
           -Ağlın yoxdu, vallah, nə qalıb ki, cəzavın qurtarmağına, axırıncı bir ilini yavaş-yavaş xırdalayırsan. Gərək dözüb gözləyəydin, birdəfəlik övladına da qovuşardın. Tanıyıram da səni, uşaq gəlib gedəndən sonra, üç gün-üç gecə gözünün yaşı qurumayacaq, ötən dəfə də elə oldu…
          -Neynim, ay Xatirə, balamdı da, ürəyim istəyir. Darıxıb ölürəm. İndi bir az ağlayacağam deyə, hələ bir il də həsrətlə yaşayım, uşağımın üzünü görməyim?
           -Yaxşı, özün bilərsən. Bax, indidən deyirəm, uşaq gedəndən sonra yenə yasxana açıb, yas qurmayasan.

           Kimsənin saxlamaq istəməməsi, yiyəlik edilmədiyi üçün qanuna uyğun olaraq Qumrunu üç yaşında ondan ayırıb uşaq evinə yerləşdirmişdilər.
           Bu balaca, çəlimsiz qız üşağını anasından heç cürə ayrılmaq istəməsə də, ağlaya-ağlaya maşına oturdub aparmışdılar.
           Anası qızının təkliyə, kimsəsizliyə alışmasına görə bir ilə yaxın görüşməyə tələsmədi. İlin tamamında müəssisə rəhbərliyindən uşağı ilə bir günlük görüş xahiş etdi.
           Uşaq evində qaldığı bir ildə Qumru heç dəyişməmişdi, daha da kövrəkləşmişdi. Az qala bütün görüş vaxtını anasını bərk-bərk qucaqlamış, bir an belə qucağından düşməmişdi.

           Bu gün… bu gün isə onun beş yaşı tamam olurdu. Necə balasını istəməsin, görüşüb ad gününü təbrik etməsn? Etməsəydi, ürəyində özünü heç vaxt bağışlamazdı. Dünyada, həyatda ana-bala məhəbbətindən səmimi, güclü, təmannasız, ülvi eşq və ya istək varmı? Yoxdur…

           Qumru cəzasının yarım ilində məhbəsdə dünyaya gəlmişdi. O zaman, sağ olsunlar, bütün səlahiyyətli işçilər uşağın dünyaya gəlməsi, məhkum yataqxanasında ayrı otaqda yerləşdirilməsi , lazım olan hər şəraitin yaradılmasına kömək etmişdilər, Allah köməkləri olsun.
           Bir də ki, o, özü də pis adam, pis məhkum deyildi. Daim bacardığı hər işdə gücü yetənədək məhkum yoldaşlarına yaxşılıq etməyə çalışardı, əgər ona toxunmasaydılar, kimsə ilə işi olmazdı.
           Axı, o, nə etmişdi ki, cinayətkar, pis qadın da sayılsın. Sadəcə, evliliyini qorumaq xatirinə bir qeyrətsizin sözünə qulaq asmışdı. Bəli, o, ərini – Əliyarı günahsız yerə həbsxanaya düşməsinə təqsirkar olduğundan ona ürəyində haqq verməyib qeyrətsiz hesab edirdi.
           Hələ evliliklərindən əvvəl də, Əliyarın gizlicə narkotik maddələrin alverində, daşınmasında iştirakı olduğunu hiss etmişdi. Yaxşı qazancı olsa da, müəllimə ağlı ilə ona günlərin birində bu qazancların sorğusu, cəzası olacağını xəbərdar etmişdi. Əliyar bu işi təkbaşına görmədiyini, yuxarıların əli ilə etdiyini, onlara arxayın olduğunu demişdi. Gülşən isə onun sadəlövhlüyünə gülmüşdü:
          -Gözlə, elə sənin ipini yuxarılar eşəcək, görərsən…

          Bir gün xaricdə müalicə alıb birlikdə vətənə qayıdarkən Əliyar növbəti dəfə köhnə şakərindən qalmayıb yaramaz əməlindən əl çəkmədi. Əldə etdiyi narkotik maddəni özü gətirməyi azmış, bir neçə yüz qramı da Gülşənin etirazına əhəmiyyət verməyərək onun alt paltarında gizlətdi:
          -Sözümü yerə salma, qadına hər yerdə, hörmət var, üstəlik təzə hamiləsən, səndən şübhələnməyəcəklər, nə də üst-başını ciddi yoxlamayacaqlar.
           Amma, Əliyarın gümanı, dediyi alınmadı. Sərhəddə gömrük yoxlanışında alt paltarından Əliyarın təkidlə gizlətdiyi kiçik bükülü aşkarlandı. O, bunu özü etmədiyini ifadə versə də xeyri olmadı, hər ikisi həbs olundu. Əliyara səkkiz il, ona isə altı il iş kəsildi.
           Axmaq, başı boş ərinin haram niyyəti ucbatından bütün həyatı ləkələnib, puç oldu. Heç qeyrətli kişi razı olarmı pula, qazanca görə bu cür alçaq işə əl qoyub, arvadının həbsxanaya düşməsinə səbəb olsun. Bax, buna görə də, o, həbs olunduğu gündən içində öldürmüş ərini şərəfini pula satan qeyrətsiz hesab edirdi.
           Yanılmamışdı, ona bu adı qoymaqda. Qumrunun üç yaşı tamam olanda qohum-əqrəbadan uşağa sahiblik etməyə bir adam yaxın durmadı. Qeyrətsiz kişinin qızına niyə də kimsə qəyyumluq etsin, qucaq açsın…
           Nədən ötrü, o, belə acı taleyi yaşamalı idi? Nəyə görə onun balası məhbəsdə doğulmalı, sonra da yiyəsizlikdən uşaq evində saxlanmalı idi?.. 

           Günortaya yaxın dəstə rəisi Fidan xanım Qumrunu uşaq evindən gətirdi. Görüş otağının qarşısında ana ilə balanın görüşməsi ətrafdakı qadın nəzarətçiləri də duyğulandırdı. Gülşəni görən kimi Qumrunun titrək, ilikləri sızıldadan “a-na…” sədası bütün yanaşı otaqlara yayılıb, hamının kövrək hisslərini tərpətdi.

          Uşaq ötən dəfəki görüşdən bəri bir az böyümüşdü. Ancaq baxışlarındakı o qüssə, kədər, gözlərində oturuşmuş kimsəsizlik nəzərləri dəyişməmişdi, qalmaqda davam edirdi. Gülşən qızını qucağına alaraq sinəsinə sıxdı, saçlarını iylədi, öpüb əzizləyərək sevincdən göz yaşlarını saxlaya bilmədi:
           -Qumrum… mənim gözüm, ürəyim, şeytanım, şəkərim.., sən maşallah, gör nə qədər böyümüsən, artıq böyük qız olmusan. Beş yaşın var e, daha sənin.., əməlli-başlı yekə qızsan, kiçik deyilsən. Bax, gör ana sənin ad gününə nələr alıb. Bax, bu oyuncaqlar, şirniyyatlar hamısı sənindir, ye, iç, oyna kefin istəyən qədər…
           Qumru isə onun üçün alınan heç nəyə gözünün ucu ilə baxmaq belə istəmirdi. 
Onun tək bir istəyi anasının isti qucağından ayrılmamaq, bu qalın divarların arasında itirdiyi dünyanı yenidən tapmaq idi.

          
Saatlar bir göz qırpımında keçdi. Uşaq görüş vaxtı nə oyuncaqlarla oynamadı, nə də alınan şirniyyatlardan yetərincə yemədi. Təkcə anasının ilıq nəfəsindən doymur, ona uşaq evində gördüklərindən, oradakı dostlarından şirin-şirin danışırdı. Nə qədər xoş olsa da, yenə uşaq evinə qayıtmaq istəmirdi, “anamla qalmaq istəyirəm” deyirdi…

          
Axşamın soyuq kölgəsi pəncərələrə düşəndə Fidan xanım otağın qapısını astaca döydü: ayrılıq anı gəlib çatmışdı, Qumrunu uşaq evinə qaytarmalı idi. Bayaqdan dəqiqələr əriyib getdikcə Gülşənin sinəsindəki ürək çırpınır, həyəcanı artır, nəfəsi daralırdı. O, uşağa görüş vaxtının qurtarmasını necə başa salsın? Necə etsin ki, uşaq çox ağlamasın, Fidan xanımı incitmədən sakitləşib, sağollaşıb ayrılsın.
           -Qızım, canım, balam mənim.., sənin burada mənimlə qalmağına icazə yoxdur, olmaz, başa düşürsən, xalaları görürsən, bax, - xidməti forma geyinmiş zabit və nəzarətçiləri göstərdi, - onlar icazə vermirlər, çünki, sən daha balaca sayılmırsan, böyümüsən, icazə verdilər görüşdük, bir xeyli sevindik, hə, indi biz ayrılmalıyıq. Fidan xala səni aparacaq haradan gəlmişdin ora, yaxşımı? Darıxma, az qalıb, bir müddətdən sonra, azadlığa, çölə çıxım, həmin gün gəlib səni uşaq evindən götürəcəyəm. Ondan sonra həmişə bir yerdə, birlikdə qalacayıq, mənim ağıllı qızım, ömrüm, başa düşdün ananı?..
           Qumru anasını başa düşmək istəmirdi. Fidan xanım ağlamağına, anasından bərk-bərk yapışmasına baxmayaraq onu qucağına aldı, başını tumarlayıb özü də kövrəldi. Uşaq sakitləşmirdi, ara vermədən sürəkli “ana” deyə çığıraraq, qollarını anasına tərəf uzadırdı.

          Getmək vaxtı idi. Dəstə rəisi Qumru qucağında görüş otağından çıxıb, onları gözləyən avtomobilə əyləşdi. Avtomobil tələsirmiş kimi sürətlə cəza evindən uzaqlaşdı.

          Gülşən nəmli gözlərinin yaşını silə-silə, qəmgin halda görüş yerindən çıxıb yaşayış sahəsinə qayıdarkən Xatirə ilə rastlaşdı:
           -Bilirdim də, axırı belə olacaq. İndi neçə gün gözünün şorunu tökəcəksən. Bu gün çoxmu vacib idi, uşağı gətizdirəsən…
            Gülşən istədi ona qınayıcı nəsə desin, Xatirənin uşaqsız, sonsuz olduğunu xatırlayıb dinmədi. Susdu.., köks ötürüb axşam yoxlaması keçirilən əraziyə tələsdi.
            Xatirə Gülşənin ona cavab verməməsindən incidiyini yəqin edib dediklərinə peşmanladı: “Nahaq danışdım, xətrini istədiyimdən elə dedim. Görünür, ana ürəyi ayrı aləmmiş, balası ilə görüşməməyi ona dərd olardı”, - düşünərək, ah çəkdi…

10.2026   

 

 

Ctrl
Enter
Səohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)