Şəbnəm Nəbiyeva - Ziviyə dəfinəsi
Manna dövləti incəsənət və sənətkarlığın yüksək inkişaf etdiyi qədim dövlətlərdən biri olmuşdur. Manna sənətkarlığı yalnız yerli mədəniyyətin inkişafında deyil, həmçinin Ön Asiyanın digər xalqlarının incəsənətində də müəyyən izlər buraxmışdır. Xüsusilə metal emalı, daşişləmə, heykəltəraşlıq və silah istehsalı yüksək səviyyədə inkişaf etmişdir.
Manna ərazisində misgərlik mühüm sənət sahələrindən biri esab olunur. Bununla yanaşı, arxeoloji tədqiqatlar zamanı peşəkar səviyyədə fəaliyyət göstərən daşyonan və heykəltəraşların məhəllələrinin aşkar edilməsi sənətkarlığın ixtisaslaşmış sahələrə bölündüyünü göstərir. Silah istehsalında isə xəncər, ox ucluqları, qılınc və digər hərbi əşyalar mühüm yer tuturdu.
Manna sənətkarlığını əks etdirən ən məşhur arxeoloji tapıntılardan biri Ziviyə dəfinəsidir. Dəfinə Ziviyə kəndi sakinləri tərəfindən Sakkız yaxınlığında aşkar edildiyi bildirilir. Lakin yerli sakinlər tərəfindən vəhşicəsinə talan edilmiş, bir çox nümunələr günümüzə qədər gəlib çatmamışdır. Tapıntıların üslub xüsusiyyətləri onların mənşəyi ilə bağlı müxtəlif elmi mülahizələrin yaranmasına səbəb olmuşdur. Xüsusilə qızıl əşyaların bədii tərtibatında skif-sak incəsənətinə xas olan motivlərin müşahidə edilməsi diqqəti cəlb edir. Tapıntılar arasında qızıl döşlük, bəzək əşyaları, üzüklər, başlıq, dəmir qılınclar və digər qiymətli məmulatlar xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə burada 341-ə yaxın müxtəlif əşyanın aşkar edildiyi qeyd olunur. Bəzi tədqiqatçılar Ziviyə dəfinəsini Manna hökmdarlarından birinə aid hesab etmiş, digərləri isə onun Kimmer-skif tayfaları ilə əlaqəsini irəli sürmüş, skif hökmdarı Tuqdammeyə aid olduğu güman edilir.
Manna sənətkarlığının inkişafında ölkənin təbii sərvətləri də mühüm rol oynamışdır. Tədqiqatçı Solmaz Qaşqayın araşdırmalarında qeyd etdiyi kimi, Manna ərazisinin zəngin metal yataqlarına malik olması Assuriya hökmdarlarının diqqətini bu əraziyə yönəldən mühüm amillərdən biri idi. Metal ehtiyatları və strateji mövqeyi Manna dövlətini Ön Asiyanın siyasi və iqtisadi maraq mərkəzlərindən birinə çevirmişdir.
Manna ərazisinin zəif öyrənilməsinin əsas səbəblərindən biri burada ardıcıl və sistemli arxeoloji qazıntıların kifayət qədər aparılmamasıdır. Ziviyə ilə bağlı arxeoloji materialların böyük hissəsi sistemli qazıntılar nəticəsində deyil, təsadüfi şəkildə aşkar edilmişdir. Bu səbəbdən də tapıntıların ilkin konteksti və onların hansı tarixi şəraitdə meydana gəldiyi ilə bağlı bir sıra suallar hələ də mübahisəli olaraq qalır.
Daysonun apardığı tədqiqatlar və ərazinin təsvirinə əsasən, Ziviyənin böyük şəhər deyil, mühüm yaşayış məntəqəsinə gedən yollar üzərində yerləşən və müdafiə məqsədi daşıyan istehkam məntəqəsi olduğu ehtimal edilir. Bu yanaşmaya görə, Ziviyə daha çox strateji və hərbi əhəmiyyət daşıyan kiçik yaşayış məntəqəsi kimi qiymətləndirilə bilər.
Ziviyə ərazisindən aşkar edilmiş arxeoloji materialların əsas hissəsi e.ə. IX–VII əsrlərə aid edilir. Bu dövr Ön Asiyada mühüm siyasi və etnomədəni dəyişikliklərin baş verdiyi mərhələ ilə üst-üstə düşür. Bir tərəfdən güclü dövlətlərin və hərbi qüvvələrin regiona təsiri, digər tərəfdən isə yeni tayfaların intensiv miqrasiyası əhalinin həyat tərzinə və təsərrüfat fəaliyyətinə təsir göstərmişdir. Bu proseslər incəsənətdə də öz əksini tapmış, müxtəlif bədii üslubların və motivlərin bir-biri ilə qarşılıqlı əlaqəsinə səbəb olmuşdur.
Ziviyə materiallarının Kuban və Şimali Qara dəniz ərazilərindəki skif kurqanlarından əldə edilmiş sənət nümunələri ilə müqayisəsi onların skif incəsənəti ilə müəyyən paralellər təşkil etdiyini göstərir. Xüsusilə “heyvani üslub”, dekorativ motivlər və kompozisiya xüsusiyyətləri bu əlaqəni araşdırmaq üçün mühüm material verir. Bu baxımdan Ziviyə dəfinəsinin qızıl nümunələrinin bir hissəsi e.ə. VII əsrin sonu – VI əsrin əvvəllərinə aid edilir.
Digər tərəfdən, Ziviyə sənətinin yalnız bir mədəniyyətə aid edilməsi elmi baxımdan ehtiyat tələb edir. Dəfinədə müşahidə olunan üslub səciyyələri Manna, Skif-Sak və Kimmer mədəniyyətləri arasında mövcud olan qarşılıqlı əlaqələri göstərən mühüm nümunələr kimi qiymətləndirilir.
Ziviyə tapıntıları arasında heyvan başı formasında hazırlanmış ritonlar xüsusi yer tutur. Bu tip ritonlar Qərbi Asiyada geniş yayılmış nümunələrindəndir. Dəfinədən aşkar edilmiş ən məşhur tapıntılardan biri qoç başı formasında olan qızıl ritondur. Ritonlar formasına əsasən müxtəlif qruplara bölünür. Qərbi Asiya, xüsusilə Assuriya və Mesopotamiya ərazilərindən aşkar edilmiş tapıntılar arasında əsasən heyvan başlı, heyvan bədənli və buynuz formalı ritonlara rast gəlinir.
Ziviyə dəfinəsinin bədii baxımdan diqqətçəkən nümunələrindən biri isə qızıl sinəbənddir. Qızıl sinəbəndin aypara formasında olması da diqqətəlayiqdir. Aypara qədim Mesopotamiya dini təsəvvürlərində Ay tanrısı ilə əlaqələndirilən mühüm simvollardan biri olmuşdur. Şumerlərdə Ay tanrısı Nanna-Sinin adı ilə tanınırdı. Lakin Ziviyə sinəbəndindəki bütün fiqurların konkret olaraq müəyyən Mesopotamiya tanrıları ilə eyniləşdirilməsi məsələsi tədqiqatlarda mübahisəlidir. Buna görə də bu obrazları daha çox qədim Mesopotamiya mifoloji təsvirləri ilə əlaqəli bədii motivlər kimi qiymətləndirmək məqsədəuyğundur.
Sinəbəndin kompozisiyası iki əsas registrə bölünür. Yuxarı registrin mərkəzində dirilik ağacı yerləşir və onun hər iki tərəfində keçi fiqurları təsvir edilmişdir. Həyat ağacının iki heyvan tərəfindən qorunması və ya əhatə olunması qədim Şərq incəsənətində tez-tez rast gəlinən kompozisiya sxemlərindən biridir.
Kompozisiyada müxtəlif fantastik varlıqların təsvirləri də yer alır. Məsələn, qadın sifətli və aslan bədənli fantastik varlıqlar Mesopotamiya mifoloji təsəvvürlərində İştar kultu ilə əlaqəli motivləri xatırladır. İştarın əsas atributlarından biri aslan olmuşdur. Üçüncü fantastik fiqurun başı insan, bədəni isə öküz formasında təsvir edilmişdir.
Dördüncü fiqur bədənində ulduz təsviri olan, quyruğu isə balığa bənzəyən aslan formasında təqdim edilmişdir. Bu obraz Nergalın simvolik təsviri ilə əlaqələndirilir. Mesopotamiya mifologiyasında Nergal əsasən müharibə, ölüm və dağıdıcı qüvvələrlə əlaqələndirilən tanrılardan biri hesab olunurdu. Aşağı registrdə isə qanadlı öküz və digər fantastik heyvan motivləri diqqəti cəlb edir. Qanadlı öküz obrazı qədim Mesopotamiya və Assuriya incəsənətində geniş yayılmış qoruyucu və monumental motivlərdən biridir.
Ziviyə dəfinəsindən aşkar edilmiş digər mühüm sənət nümunələrindən biri gümüş camdır. Camın üzərində diz çökmüş qoyun fiquru və həyat ağacı təsvir edilir. Bu təsvir Manna əhalisinin dini təsəvvürləri ilə əlaqələndirilir. Dirilik ağacı motivi qədim Ön Asiya incəsənətində geniş yayılmışdır. O, həyatın davamlılığını, təbiətin yenilənməsini və məhsuldarlığı simvolizə edən mühüm bədii elementlərdən biri hesab edilir. Ziviyə nümunələrində bu motivin müxtəlif heyvan və fantastik varlıqların təsvirləri ilə birlikdə verilməsi əsərlərin həm dini, həm də dekorativ xarakterini gücləndirir.
Ziviyə dəfinəsinin digər tapıntıları arasında iki qızıl kəmər də xüsusi yer alır. Kəmərləri təşkil edən qızıl lövhələrin üzərində onları dəri əsaslı materiala bərkitmək üçün nəzərdə tutulmuş deşiklər mövcuddur. Lövhələrin üzərindəki naxış və təsvirlər kəsici alətlər vasitəsilə işlənmişdir. Bu texnika qədim sənətkarların metal üzərində yüksək səviyyədə işləmə bacarığına malik olduğunu nümayiş etdirir. Qızıl kəmərlərin üzərində mərasim xarakterli səhnələrdə iştirak edən insan qruplarının təsvirlərinə rast gəlinir. İnsan fiqurlarının ardıcıl şəkildə yerləşdirilməsi quruluşa ritmik xarakter verir və əsərlərin yalnız bəzək məqsədi daşımadığını, müəyyən dini və ya mərasim məzmununa malik ola biləcəyini göstərir.
Ziviyə xəzinəsinin ən diqqətçəkən sənət nümunələrindən biri də qızıl piktorial lövhədir. Lövhənin birinci və ikinci lentlərində həyat ağacının ətrafında müxtəlif fantastik varlıqlar təsvir edilmişdir. Bu obrazların stilizə olunmuş formaları qədim Ön Asiya incəsənətində geniş yayılmış mifoloji və ornamental motivlərlə oxşarlıq təşkil edir.
Ziviyə ərazisində aşkar edilmiş qazıntı qızıl qolbağa nəzər saldıqda, onun hər iki ucunda şir fiqurlarının təsvir edildiyini görürük. Uclarda yerləşdirilmiş bu şir təsvirləri plastik və həcmli işlənmə xüsusiyyətlərinə görə heykəltəraşlıq nümunələri kimi də qiymətləndirilə bilər.
Ziviyə dəfinəsinin nümunələri müxtəlif dövlət və şəxsi kolleksiyalarda səpələnmiş şəkildə qorunur. 1960-cı illərdən etibarən sənət əsərləri bazarında dövriyyəyə daxil olan oxşar əşyalara da bəzən “Ziviyə” mənşəyi aid edilmişdir. Hazırda dəfinəyə aid edilən əşyalar Nyu-Yorkdakı Metropolitan Muzeyinin, Parisdəki Luvr Muzeyinin və Londondakı Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.
