Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından

Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından

Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından
Proza
admin
Müəllif:
18:40, 03 mart 2022
1 978
0
Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından






 

“Hələ dost itirən vaxtimiz deyil”

...Tale üzünə çox az güldü onun. Körpəliyindən bəxti gətirməmişdi. Valideynləri ayrılmışdı. Bu taleni tanışlığımızdan əvvəl bölüşmüşdük. Bizim üçün "biri vardı, biri yox".

Atası yeni ailəsi ilə Laçından uzaqda yaşayırdı. Anası da ikinci dəfə ailə qurmuşdu. Yeni olduqları qədər fərqli olan ailələri birləşdirən yalnız о idi. İki ailənin yeganə övladı. 

Dostlar hərdən zarafatla qoşa valideynlərə görə ona bəxtəvərlik verirdilər. Darılmırdı, incimirdi. Heç eynini də pozmur, sadəcə,  gülümsəyirdi. Ancaq çox az adam ürəyində nələr keçirdiyindən xəbərdar idi. Qüruru uşaqlıqda içdən gələn ata sevgisinə nə qədər təşnə qaldığını dilə gətirməyə qoymurdu. Bu yaşantılar onu qapalı, yaxşı tanımayanların gözündə bir az təkəbbürlü etmişdi. Ancaq əslində, hər şey tamam fərqliydi. Bəlkə ona görə “bəxtin gətirmişdi...” deyəndə gözlərinin dərinliyində illər uzunu qəlbində daşıdığı kədərin izləri sezilirdi. Bunu dostluğumuzun ilk illərində mən də görə bilməzdim.

Həqiqətsə çox sadə idi. Atalığı nə qədər yaxşı insan olsa da, doğma atanı əvəz edə bilməzdi. Bunu yalnız eyni taleni bölüşənlər bilər. Bəlkə sözlə ifadəsi mümkünsüz olan bu hislərdəndi özünə qapılmağı, bir az adamayovuşmazlığı. Dünyaya, taleyə üsyanını təkəbbürü ilə boğması. Ögeyliyin ən acı qisməti hislərini dilə gətirməkdən çox vaxt çəkinməkdir. 

Uşaqlığı ilə bağlı bir əhvalat danışmışdı. Deyirdi ki, bir dəfə güclü yağış yağır, yer-göy gurlayır, aramsız şimşək çaxırdı. Mən bərk qorxurdum. Bədənim əsirdi, nə qədər çalışsam da, özümü ələ ala bilmirdim. Yorğanı bərk-bərk başıma çəkməyim də bir nəticə vermirdi. Astadan anamı çağırdım. Ancaq bilirdim  ki,  eşitsə də, atalığımın qorxusundan mənə cavab verməyəcək. Atalığımın tapşırığı ilə mən tək yatırdım və yatağa girəndən sonra anamın yanıma gəlməsinə icazə verilmirdi. Bir neçə dəfə bu qaydanı pozduğuna görə, ona bərk acığı tutmuşdu. Buna baxmayaraq, yenə anamın səsimi eşidib gələ biləcəyi ümidi ilə çağırmaqda davam edirdim. Səsimi qaldırmaqdan da qorxurdum, çünki, buna görə cəzalandırıla bilərdim. Beləcə qorxudan titrəyə-titrəyə o ki, var ağladım. Təbiət də sanki mənə qarşı idi. Az qala səhərə qədər göy guruldayıb, şimşək çaxdı. Həmin gündən elə bil ürəyim boşalmışdı, insanlara nifrət edirdim. Daha doğma anama da inamım qalmamışdı. Tərk edilmiş, yetim uşaq olduğumu ogünkü qədər heç vaxt dərindən hiss etməmişdim.

“Dərd çox, həmdərd yox”. Onun ürəyinin başında ögeylik adlı bir Damokl qılıncı asılmışdı. Bəlkə ürəyini də bu gizli dərdin zərbələri əsl qılınc kimi doğrayıb tökdü. Ömrünü yarıda qırdı. Tamam başqa dərdlərdən gözlənilən təhlükə ürəyini hədəf aldı, atam kimi. Ona da “bu ikinci infarktıdır, birini gizli keçirib”, dedilər. Onun da yarımçıq ömründə tibbi yanlışlıqların rolu olması şübhəsi qaldı.

Axır vaxtlarda ürəyinə yatanda az qala ilk dəfə ünsiyyət qurduğu insanla da hər şeyi – sevincini, kədərini bölməyə hazır idi. Görünür, ömrün sonunda taleyin ona yazdığı qismətdən qisas alırdı. Bir də, onu təkəbbürlü, hətta insafsızcasına kobud sayanların yanıldığını az qala nümayişkəranə göstərmək istəyirdi. Buna hərdən etirazın nəticəsi isə həmin tanış təbəssüm olurdu.

Uşaqlarına sevgisində əksər atalardan bəlkə də fərqlənmirdi. Ancaq sevgisini heç vaxt dilinə gətirməzdi. Hətta buna görə hərdən kimlərəsə soyuq görünürdü. Əslində, övladları üçün hər şeyə hazır idi. Bunu mavi gözlərindəki gülüşdən, təbəssümündən bilirdim. Bir türk şərqisində deyildiyi kimi: “Hər şeyimi sana verdim, Yollarına canımı sərdim...”

Bu, sadəcə yumşaqlıq deyildi. Yaşadıqlarından doğan ehtiyat idi. Övladlarının qəlbinin bütöv olmasını istəyirdi. Ancaq tale bunu da çox gördü. Arzuları yarımçıq qaldı. Heç hərbi xidməti başa vurub yenicə işə düzəlmiş oğlunun ilk əmək haqqını da görmədi. Övlad qazancı yemək qismətində yoxmuş. Atam kimi...

O, tələbəlik illərimizin Co Dasseni, Alen Delonu idi. Dimitrov küçəsində dostlardan biri ilə kirayə qaldığı mənzilin nəinki pəncərələrindən, divarlarından da ətrafa fransız korifeyin nəğmələri süzülürdü. Bu musiqidəki qüssə, həzinlik ruhuna о qədər yaxındı ki. Bu yad dildə səslənənlər demək istədikləri idi. Bir az yaşa dolandan sonra eyni çalarlı doğma musiqinin dili ilə çatdırdıqları kimi. Qüruru başqa cür olmağa imkan vermədi. Ən sıcaq sözlərini sözsüz dedi.

Dimitrov küçəsi 75. Əslində, bu ünvan tələbə dostların çoxuna doğmaydı. Sonuncu marşruta çatmayan, rayondan sovqat gözləyən, səhər erkən mərkəzdə hansısa ünvana getməli olan һәг kəs bu mənzildə gecələyə bilərdi. Ürəyi tənək dolması, plov, təmiz bal, qışın oğlan çağında təzə meyvə istəyənlər də azı ayda bir dəfə bura üz tuturdular. İndi о ünvan da yaddaşlarda yaşayır. Dostumuz kimi…

Daha çox çiskinli, dumanlı, yağışlı havalarda dənizə baxmağı xoşlayırdı. Deyirdi: “Adamın hündür bir yerdə bağ evi ola, oturub pəncərədən saatlarla yağışa baxasan”. Bəlkə ruhuna hopmuş dağ havasının yanğısını yağış damlaları ilə soyutmaq istəyirdi? Məzarının ilk ziyarətində yağan ilk yağış  damcıları kimi. Uşaqları əmanət etməyə macal tapmadığı ömür-gün yoldaşı: “Qaldır başını, sevdiyin havadır, Yaşar”, dedi.

Bizi birləşdirən şeylər о qədər idi ki... Bizi ayıran isə qəfil ölüm oldu. Son vida şəklində başı üstündə əks olunan parça-parça buludlar yarımçıq arzuları kimi pərən-pərən düşüb. Sanki о buludların toqquşması bir azdan sevdiyi çiskinli, yağışlı, bəlkə də qarlı havaya dönəcək. Məzarına yağıb bu dünyada rahatlıq tapmayan qəlbini soyutmaqçün.

Tale ata-anasına ona olduğundan da qəddar davrandı. Son mənzil yolçuluğunda arxasınca ağlayanlar arasında ömürlərinin ən ağır günlərini yaşayan, dünyanın әn çəkilməz dərdini çəkməyə məhkum valideynləri də vardı. Yaxşı ki, taleyin bu qəddarlığından bixəbər qaldı.

 Mavi gözlərini xatırladan göylərə baxıram. Heç vaxt inanmayacağım yoxluğuna təsəlli kimi...

Dost itkisi çox ağırmış

19 dekabr 2020-ci il. Dünən gecə həyatımın ən ağır xəbərlərindən birini eşitdim, ən acı günlərindən birini yaşadım. Qismətimdə, doğrusu, bütün dostların qismətində talenin bu amansız və qəfil zərbəsini yaşamaq da varmış. Dostlardan biri “mənim üçün Qasımsız Sumqayıt boşaldı, bundan sonra o şəhərə necə gedəcəyimi bilmirəm”, dedi. Qasımın vaxtsız, xəbərsiz gedişi ilə dünya dostlar üçün, doğrudan da, boşaldı, kiçildi və bir az da faniləşdi. Dekabrın 11-də zənglərə cavab vermədiyini görüncə: “Neçə gündür danışmırıq, hər şey qaydasındadırmı”, soruşmuşdum. Sualım cavabsız qalmışdı. Elə bil qayda idi, həftədə azı 2 dəfə danışmalıydıq. Fikirləşmişdim ki, yəqin başı bir neçə gün əvvəl rəhmətə getmiş qaynı Nəriman həkimin dəfni, yası ilə bağlı işlərə qarışıb. Nəriman həkim ölkədə koronavirus pandemiyasına qarşı mübarizə başlayandan təcrübəli bir həkim kimi birincilər sırasında olmuş, nə yazıq ki, bacardığı qədər qorunmasına baxmayaraq, özü də həmin virusa yoluxmuş və onun həyatını xilas etmək mümkün olmamışdı. Ona və bu bəla ilə mübarizədə həyatını itirmiş tibb işçilərimizə bir daha Tanrıdan rəhmət diləyirik. Ruhları şad olsun. 

Ancaq sən demə, dostumuzun özü də həmin günlərdə amansız xəstəliklə çarpışırmış. Nə onda, nə 6 gün sonra Allahın rəhmətinə qovuşanda, nə də dünən torpağa tapşırılanda xəbərimiz olmayıb. Bu da koronovirus adlı bəlanın gətirdiyi acı reallıqlardan biri. İnsanlar öz əzizlərinin dəfnində, yas mərasimində iştirak edə bilmirlər. Hamının başa düşdüyü və qəbul etməkdən başqa çarə görmədiyi qadağalar görə hələlik birincini mümkün qədər az adamın iştirakı ilə keçirməyə, ikincini isə daha məhdud şəkild keçirməyə məcburuq. Buna görə də dostumuzu son mənzilə uğurlaya, axırıncı dəfə, çiyinlərimizdə də olsa belə, onu yola sala bilmədik. Heç olmasa, məzarı üzərinə gül dəstəsi qoymağa da yetmədik. Bunu ancaq bir neçə həftə keçdikdən sonra edə bildik.

Qasımın aramızdan vaxtsız getməsi bizi yaman üzdü. Axı, heç vaxt etibarsızlıq etməmişdi. Bizim nəslin də yarpaq tökümü başladı və yenə də qabağa ən yaxşılar düşdü. Tanrı onları daha yaxın bildiyindən birinci seçir, deyirlər. Qasımın gedişi bir daha məni bu həqiqətə inandırdı.

Tələbəlik illərində Qasım bizim Jurnalistika fakültəsi 1006-cı qrupun nümayəndəsi, el dili ilə desək, ağsaqqalı olmuşdu. Onu tanıdığımız 41 ildə həmişə də ağsaqqalımız olaraq qaldı. Qasım 25 nəfərin böyük qardaşı, ildırımötürəni, məsləhət və inam yeri idi. O vaxt ölkədə yeganə olan Universitetin başqa fakültələrində, elə bizim fakültənin digər qruplarında belə nümayəndənin olduğuna nə onda, nə də indi inanmıram. Qrupda biz 6 nəfər dost idik. Bu günə qədər də dostluğumuz davam edir, neçə illər əvvəl bu dostluğumuz ailə səviyyəsinə keçib.

Cənnətməkan Dostum, Zəngilan işğaldan qurtulanda mənim qədər sevinmişdin. Ordubada Zəngilandan gedəcəyik, deyirdin. Mən də yenə Ordubada sənin toyuna gəldiyimiz gündəki kimi Üstüpünun qarşı yalından Yağlıdərə istiqamətinə baxacağım günlərin həsrətindəydim. Yolüstü azı 4-5 gün dostlarla birlikdə vəhşi ermənilər tərəfindən dağıdılmış Zəngilanın rayon mərkəzində, vaxtı ilə bizim də evimizin olduğu şəhər ərazisində bir yer tapıb, bəlkə də dağlarda qurduğumuz alaçıqlar sayaq bir çadır qurub qalacaqdıq. Axı, heç vaxt vədinə xilaf çıxmamışdın. Niyə belə etdin? Niyə bizə xəbər vermədin? Əlimizdən bir şey gəlməsə də, səsini, səsimizi eşidib qarşılıqlı təsəlli tapardıq. Oğlun Yalçına, qardaşların Muxtara, Ramazana, Tofiqə, qudan Xalidə və adını çəkmədiyim, səni dünyalar qədər istəyən başqa doğmalarına nə deyəcəyik? Bizləri adımızla tanıyan, baba deyəndə gözləri gülən, qəlbləri sevinclə dolan, bu günsə səni bir daha görməyəcəklərindən məyus olub, xısın-xısın ağlayan nəvələrinin üzünə necə baxacağıq? Keç günahımızdan, qəlbigenişliyinə, böyüklüyünə, bağışlamaq bacarığına heç vaxt olmadığı qədər ehtiyacımız olan, əfvinə sığındığımz böyük İnsan.

Torpağın nurla dolsun, əziz dost, böyük qardaşımız, arxamız, məsləhət yerimiz. Tanrı övladlarına, nəvələrinə, bütün sevdiklərinə torpağın sanı ömür versin! Sən tək bizdən yox, eldən, obadan getdin. Sevdiyin o dağlar, o qantəpər, kəklikotu, yarpız ətirli yamaclar, buzsulu bulaqlar, evinizin qənşərindən axan dumduru dağ çayı yolunu gözləyəcək, saflıq, xeyirxahlıq, kişilik təcəssümü Qasım Bilaloğlu. Ruhun şad, məkanın cənnət olsun!

Qeyd: 19 dekabr 2020-ci ildə dostum Qasımın bibisi oğlu, dostumuz Nazim Muradov öz Facebook səhifəsində yazmışdı: “Dəyərli Dost Lətif Ağabey, Sənin dünən axşamkı hönkürtünü ömrüm boyunca unutmayayacağam...

Təəssüf ki, Qasım biboğlunun şirin söhbətlərindən məhrum qaldıq... Allah ona rəhmet eləsin...”

Nazim bəy, min təəssüf ki, əlimizdən yanıb-yaxılmaqdan, dərddən qovrulmaqdan başqa bir şey gəlmir... 

Qeyd etdiyim kimi, tələbə dostlarımla müzakirə və mübahisələrimizin qızğın dövrlərindən biri də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlinə təsadüf etdi. Milli oyanış illəri olan həmin dövrdə Azərbaycanın hər yerində dəyişiklik ovqatı hakim idi. Bu dəyişikliyi bütün xalq istədiyindən onun qarşısını almaq mümkünsüz hala gəlmişdi. Sürətlə baş verən hadisələr torpaq uğrunda mübarizəni azadlıq və müstəqillik uğrunda mübarizəyə çevirmişdi. Həmin taleyüklü illərdə dostlarım cəbhənin xalqa aid hissəsində yer tutmuşdular. Mərkəzi hakimiyyətin antimilli siyasətinə dəstək verənlərə qarşı idilər və bu münasibətlərini gizlətmirdilər.

Mübahisələr isə mübarizənin aparılmasındakı taktiki səhvlər və onu düzgün istiqamətləndirmək cəhdləri ilə bağlı idi. Bəzisi hansısa addımları tələsik və düşünülməmiş hesab edir, digərləri tamam əks fikirdə olduqlarını bildirir, proseslərin sürətlənməsi üçün radikallığın artırılmasını zəruri sayırdılar. İmperiyanın törətdiyi Qanlı Yanvar soyqırımından sonra xalqın daha da birləşərək, öz iradəsini ortaya qoyduğu günlərdə onların bəziləri həbs təhlükəsi qarşısında da tutduqları yoldan dönmədilər. Yüzlər, minlər kimi onlar da bu fədakalıqları vəzifə, imtiyaz üçün deyil, xalqa xidmət naminə göstərdilər. İşini itirənlər, təqiblərə məruz qalanlar da oldu, ancaq sonra, müstəqilliyin ilk illərində bəziləri kimi bundan heç vaxt özünütəbliğ məqsədi ilə istifadə etmədilər.

Hərəkatın başlanması ilə Azərbaycanda proseslər tamam fərqli məcraya yönəlmişdi. Azərbaycana qarşı ərazi iddialarının açıq şəkildə səsləndirilməsi torpaqların müdafiəsini həyati əhəmiyyətli məsələyə çevirmiş, əksər hallarda yerli təşəbbüslərin nəticəsi olan özünümüdafiə dəstələri yaradılmağa başlanmışdı. Bununla eyni vaxtda Ermənistanda yaşayan azərbaycanlıların dədə-baba torpaqlarından qovulması prosesi getdikcə intensivləşməkdə və ümumi gərginliyi daha da artırmaqda idi. Belə şəraitdə xalqın haqlı tələblərini qulaqardı edən hakimiyyət orqanları sürətlə nüfuzunu itirməkdə, milli maraqlardan uzaqlığını  nümayiş etdirməkdə idilər. İnsanların kütləvi zorakılıq, vəhşilik, hətta qətllərlə müşayiət olunan məcburi qovulmaları, bütün ömrü boyu qazandıqlarını bir anda itirmələri onlarda ümidsizlik, hiddət doğurmuş, hakimiyyətə inamlarını dərindən sarsıtmışdı. Hər şeyin çılpaqlığı ilə ortada olduğu bir vəziyyətdə belə baş verənləri qiymətləndirməyi bacarmayan yerli idarəçilər mərkəzin hökmü ilə hərəkət edir, insanları sakitliyə, beynəlmiləlçiliyə çağırırdılar. Bütün bunlar Bakı şəhərindən başlanan etirazların böyüməsinə və yerlərə qədər yayılmasına, haqlı tələblərin meydanlara daşınmasına təkan verdi. Minlərin, on minlərin etirazı artıq milyonların etirazına çevrilmişdi. Torpaqların, ərazilərin müdafiəsi, qaçqın axınının dayandırılmasından başlanan tələblər bir qədər sonra siyasi çalar alaraq, milli azadlıq, suverenlik, müstəqillik tələblərinədək yüksəldi. İdarəçilərin dəyişməsi ilə ölkənin böhrandan çıxmayacağına, milli mənafeləri qorumağın mümkünsüzlüyünə qəti əmin olan insanlar çıxış yolunun SSRİ-nin tərkibindən çıxmaq olduğunu aydın dərk edirdilər.

20 Yanvarın təşkilatçıları və icraçıları bu qanlı aksiya ilə, əslində, milli azıdlığa, müstəqilliyə aparan yolun qarşısını kəsmək istəyirdilər. Bakıda və Azərbaycanın sərhəd rayonlarında fövqəladə vəziyyət elan olunması ilə müxtəlif qoşun növləri, cəza dəstələrini xatırladan könüllülərdən ibarət birləşmələr Bakıya yeridildi və 20 Yanvar qətliamı, soyqırımı törədildi. Onlarca dinc sakin öz evində, küçədə, işə gedərkən, yaxud evə qayıdarkən güllələndi, yüzlərcə insan yaralandı. Onların arasında uşaqlar, qadınlar, qocalar da az deyildi. Yaralanmış insanlara köməyə tələsən tibb işçiləri qadağan olunmuş güllələrə tuş gəldi, dinc insanlar tankların, digər zirehli texnikanın altında qalıb  əzildilər. Ancaq imperiya xislətindən doğan bütün bu qəddar əməllər  xalqı durdura bilmədi. 20 Yanvarı tarixinin qəhrəmanlıq səhifəsinə çevirən xalq öz azadlığı, müstəqilliyi uğrunda mübarizəni daha qətiyyətlə davam etdirdi. Nəhayət, Azərbaycanın suverenliyi, istiqlaliyyəti barədə tarixi aktlar qəbul edildi, Azərbaycan əsrin əvvəlində mövcud olmuş müstəqil, demokratik dövlətini bərpa etdi.

Həmin günlərdə Zəngilan rayonunun fəalları da azadlıq, müstəqillik uğrunda mübarizə aparanların cərgəsinə qoşulmuşdu. Bu barədə indiyədək çox az yazıldığını və deyildiyini nəzərə alıb, ölkə mediasında 2018-ci ilin 20 yanvar tarixində yayımlanmış yazımı həmin hadisələrin mahiyyətinin bir qədər də açılmasına və tarixə obyektiv qiymət verilməsinə kömək məqsədi ilə qısa ixtisarla bu kitaba əlavə etdim. Bu barədə yazmaq qərarım həm də yaşadığımız günlərdə müəyyən şəxslərin 1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən danışarkən nəinki obyektivlikdən uzaq olmaları, öz xidmətlərini hədsiz şişirtmələri, hətta tarixi faktları saxtalaşdırmaq cəhdləri ilə bağlıdır. Xalqın taleyüklü günlərində şübhəli məqsədlərlə xalqa xor baxanların yanında olanların bu gün özlərinə gərək bildikləri avtobioqrafiya düzəltmək təşəbbüsləri də az təhlükəli və dəhşətli deyil. Ancaq yaxşı ki, həmin günlərdən bizi uzun müddət ayırmır və insanların yaddaşı hələ itməyib.

Onu da deyim ki, bu qeydləri uzun illər ərzində üzə çıxarmağa ehtiyac duymamışdım. Bəlkə də ixtisasımdan irəli gələn bir vərdişdir. Başqalarından yazmağı həmişə daha üstun tutmuşam. Zəngilanda həmin günlər baş verən hadisələrin bəzi detallarını dəqiqləşdirmək üçün arxiv adına saxladığım sənədləri, mətbu nəşrlərdə dərc edilmiş məqalələrimi, qeydlərimi yenidən ələk-vələk etməli oldum. 

1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağda, Azərbaycanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan etdi. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakıya şamil olunmamışdı. Bunun məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın arxayın salınması məqsədi güddüyü sonra məlum olacaqdı...

Bakıda SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çöx deyilib və yazılıb. Ancaq həmin günlərdə Azərbaycanın rayonlarında baş verən hadisələr barədə az yazılıb. Əslində isə, Azərbaycanın milli-azadlıq hərəkatı yalnız Bakıda aparılmamış, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. Ümummübarizə tariximizin tədqiqi baxımından azacıq da olsa əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələr dediklərimi sübut edir. 

Həmin vaxt mən ADU-nun jurnalistika fakültəsini bitirib, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda Zəngilan fəalları da iştirak edirdilər. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun ayrı-ayrı idarələrinin rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusi ilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə yerli camaat təmin edirdi.

1988-ci ilin fevralından Ermənistanda antitürk, antiazərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Dağlıq Qarabağ ətrafında proseslərin Azərbaycan maraqlarına zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Həmçinin İranla sərhəddə mümkün təxribatların qarşısının alınması üçün tədbirlər görülürdü. Əlbəttə, bu, daha çox xüsusi orqanların işi olsa da, əhalinin düzgün məlumatlandırılması lazım gəlirdi.  

Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinin dağıdılmasına imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı ilin 10 fevralında Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları dövlət sərhədinə yığıb   toplantı keçirmək heç də asan deyildi. Bunu təsdiq edən foto şəkillər də var. 

Buna görə də rayonda 1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əliyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Daha acınaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (proseslərə nəzarət edən bu qüvvələr başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı rayon rəhbərliyini, yad hərbçiləri mübaliğəsiz deyim ki, hətta qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın icrası Zəngilanda dayandırıldı. Xüsusi komendantlığın rəisi A.Yakovlev meydanda bu barədə qərarı elan etmək məcburiyyətində qaldı. Səhəri gün həmin hadisələr barədə rayon qəzetində 2 nəfər həmkarımla “Xalq birliyinin gecəsindən reportaj”ımız dərc edildi. 

Rayonda ikinci çoxsaylı etiraz mitinqini 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərlə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Yüzlərlə şəxs soyqırıma etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti və mətbənin birləşdiyi ilk partiya təşkilatının katibi idim. 20 Yanvar qətliamın səhəri günü ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxardıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar idi. Bundan hiddətlənən rayon partiya komitəsi 1990-cı ilin martında artıq Zəngilanda fövqəladə vəziyyətin tətbiqinə başlandığı dövrdə keçirdiyi plenumda mənim işdən çıxarılmağım barədə qərar verdi. Həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə qəzetlərdən birində işə başladım. 

20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejimi daha sərt şəkildə həyata keçirildi. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar... 

 

Yerli orqanların tapşırığı ilə baş verənlərin, gecəyarısına qədər davam etmiş mitinqin videoçəkilişi də aparılmışdı. Lakin həmin çəkiliş heç vaxt üzə çıxarılmadı. Bəlkə işğal vaxtı hansısa kabinetin küncündə unuduldu. Çünki artıq şərait dəyişmiş, hakimiyyət orqanlarının bu çəkilişlərdən kimlərəsə qarşı istifadə etməsinin əhəmiyyəti qalmamışdı. Həmin hadisələrdən bir qədər sonra mən Bakıya gəldim və dostumun köməyi ilə yenicə nəşrə başlayan “Vətən səsi” qəzetinin redaksiyasında işə düzəldim. Etiraf edim ki, jurnalist olmağımdan başqa, Ermənistanın Qafan rayonunun Kacaran qəsəbəsində doğulmağım da işimə yaramışdı. Bu qəzetdə o zaman ölkədə tanınan bir neçə jurnalist də işləyirdi. 

Rayonu tərk edəndən heç 10 gün keçməmiş “Vətən səsi” qəzetində işə düzəlməyim, əslində, bir qədər gözlənilməz olmuşdu. Bunun üçün dostum bir neçə yazımı və sənədlərimi baş redaktor Teymur Əhmədova təqdim etmişdi. Bu günlərdə haqq dünyasına qovuşmuş dəyərli ziyalı Teymur müəllimlə ilk görüşümüz və söhbətimiz çox qısa oldu. 

  • Dədə, bizə elə gənc, ixtisaslı və qələmi olan jurnalistlər lazımdır. Səni işə götürürəm, elə bu gündən başla, dedi.

Etiraf edim ki, işin bu sürətlə düzələcəyini gözləmirdim. Bu qocaman redaktor (onda heç 50 yaşı tamam olmasa da, Teymur müəllim mənə belə təsir bağışlamışdı), “bu gündən başla” deməklə özü də bilmədən məni artıq fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu Zəngilan rayonuna qayıtmaqdan, daha doğrusu real həbsdən xilas etmişdi. Elə o gün imzalanan əmrlə mən “Vətən səsi”nin Qarabağ və Mil-Muğan zonaları üzrə xüsusi müxbiri kimi işə başladım. 

Həmin vaxt ölkədə qəzet bolluğu yox idi. İş axtaran, azsaylı iş yerləri üçün müxtəlif ünvanlara üz tutan, nüfuz sahibi hesab etdiklərinə ağız açanlar da vardı. Belə xahişlər Teymur müəllimə də ünvanlanmamış deyildi. Ancaq “Vətən səsi”ni Vətənin həqiqi səsinə çevirmək istəyən, onu yüz minlərin ümid yeri kimi görən peşəkar qələm sahibinin, elm adamının fikri qəti idi. Ölkədə az-çox tanınan, qələminə bələd olduqları ilə yanaşı, ən azı 3-4 yazısını bəyəndiyi, jurnalist təhsilli, heç olmasa yazı-pozusu olanlar fərqli qəzet çıxarmaq üçün bir araya gətirilməliydi. Belə də oldu, “Vətən səsi” vətənin haqq səsinə haray vermək, soydaşlarımızın dərdlərinə, qayğılarına ortaq, yaralarına məlhəm olmaq niyyəti ilə yola çıxdı.  

Məni işə qəbul etdiyinə görə bir çoxlarının etirazı ilə də qarşılaşmışdı. 

  • O qaçqın deyil, Zəngilan rayonundandır. Niyə qaçqınları qoyub onu işə götürmüsən? 

Sonralar bildim ki, belələrinə Teymur müəllimin cavabı çox qısa və konkret olubmuş: “Mənə qəzet çıxarmağa qaçqın yox, qaçqının dərd-sərindən, problemlərindən yazmağı bacaran jurnalist lazımdır”. 

“Vətən səsi” Vətənin haqq səsini dünyaya çatdırdı, ona haray verdi, soydaşlarımızın dərdlərinə, qayğılarına ortaq, yaralarına məlhəm olmaq niyyəti ilə çıxdığı yoldan heç vaxt dönmədi. “Vətən səsi” həm də jurnalist araşdırmalarına yer ayırması, ölkədə və regionda sürətlə dəyişən vəziyyəti düzgün təhlil edib proqnozlaşdırmaq bacarığı ilə başqa qəzetlərdən fərqlənirdi. Onun Azərbaycanın son 200 illik tarixinin bir sıra məqamları, xüsusən Xalq Cümhuriyyəti dövrü ilə bağlı hətta elmi ictimaiyyətə də az məlum olan həqiqətlərə işıq tutan, arxiv sənədləri və obyektiv məlumatlar əsasında hazırlanmış sanballı elmi-publisistik məqalələri bu gün də aktualdır. “Təcavüz davam edir” rubrikası altında sərhədyanı ərazilərdə baş verən ən son hadisələrlə yanaşı, Azərbaycana qarşı erməni təcavüzünün tarixi köklərini üzə çıxaran arxiv sənədləri və həmin dövrə dair məlumatlar da dərc olunurdu. “Vətən səsi”nin ilk dəfə ölkə oxucusuna çatdırdığı “Gülüstan”, “Türkmənçay” müqavilələri kimi neçə-neçə tarixi sənədlər də sonrakı illərdə tədqiqatçılara, alimlərə mənbə kimi çox gərək oldu.  

“Vətən səsi”nin tarixi xidmətləri sırasında ilk baxışda adi görünən bir genişhəcmli iş də var. Qəzet Ermənistandan qovulan ayrı-ayrı qaçqın soydaşlarımızın dilindən bütün faktları qeydə alaraq öz səhifələrində dərc edib, yaxud lazımi qaydada arxivləşdirib. Bu gün həmin insanların dilindən yazıya alınmış bu məlumatlar azərbaycanlılar və Azərbaycan dövləti tərəfindən Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmə müstəvisində mülki və s. xarakterli davalar açılması üçün əvəzsiz sənədlərdir.

“Vətən səsi” təkcə qaçqınların problemlərindən, Ermənistanın və ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı apardığı soyqırım, deportasiya və ekspansiya, işğal siyasətindən yazan bir qəzet olaraq məhdud çərçivədə qalmadı, o Azərbaycanla bağlı bütün mövzulardan yazdı. Özü də soyuq ağıl və qaynar qəlblə. Ən başlıcası isə obyektiv və peşəkarcasına.

Bu qəzetdə çalışmağımın ən böyük töhfəsi isə sonralar yaxın dostum olacaq Bədirxan Başkeçidli (Əhmədov) ilə tanışlığım oldu. İxtisasca filoloq olan Bədirxan Başkeçidli nəinki namizədlik dissertasiyası müdafiə etməyə vaxt tapmış (artıq 14 ildir ki, filologiya üzrə elmlər doktoru, professordur), həm də yazdığı aktual məqalələrlə özünü ictimaiyyətə tanıda bilmişdi. Onun həm elmi məqalələri, həm də xalqımızın keçmişi və bu günü ilə bağlı çoxsaylı  maraqlı   yazıları müxtəlif mətbu orqanlarda   dərc edilirdi. “Vətən səsi”nin əksər saylarında müxtəlif səpkili jurnalist araşdırmalarının  altında yer alan Bədirxan Başkeçidli imzası həmin illərdə nəinki Azərbaycan oxucusuna, hətta elmi ictimaiyyətə də az məlum olan həqiqətlərə işıq tuturdu. Bu dəyərli mənbələr sonrakı illərdə tədqiqatçılara, müxtəlif sahələrin alimlərinə çox kömək etdi.  

Məntiqin soyuq dili və faktlara istinadla yazılmış, emosiyalardan uzaq olan bu məqalələrin böyük əksəriyyəti qələmə alındığı vaxtdan 28 ildən artıq keçməsinə baxmayaraq, bu gün də aktualdır. Yeri gəlmişkən, sonralar Bədirxan həmin mövzuların bəzilərini davam etdirərək fundamental tədqiqat səviyyəsinə qaldırdı. Təcavüzkar erməni şovinizmi zəminində meydana çıxan erməni terrorçuluğunun milli-etnik xüsusiyyətləri, mahiyyəti və bir əsrdən artıq davam edən qanlı nəticələri barədə yazdığı silsilə məqalələr bu qəbildəndir.

“Vətən səsi”ndə o dövrün bir çox aktual məsələləri də məhz onun təşəbbüsü ilə işıq üzü görür, təhlil süzgəcindən keçirilən  cəsarətli məqalələri oxucu marağına səbəb olurdu. Aramızda bir elə  yaş fərqi olmasa da, mən fikri daha konkret ifadə etməyi, problemin mahiyyətinə varmağı həm də ondan öyrəndim. 

Minlər, on minlər kimi, əslində, biz də Vətən amalı ətrafında birləşmişdik. Ölkədə ağır vəziyyət yaşanırdı. Ermənistan adlanan əzəli türk torpaqlarından qovulmuş sonuncu azərbaycanlılar Vətəndən Vətənə pənah gətirmişdilər. Azərbaycan silah gücünə, mərkəzi hakimiyyətin üstüörtülü razılığı ilə ölüm təhdidi altında dədə-baba yurdundan qovulan qaçqınlar ordusuna qucaq açmışdı. Qaçqın axınının doğurduğu gərginlik ölkədəki ağır vəziyyəti daha da dözülməz etmişdi. Milli azadlığı, müstəqilliyi uğrunda çarpışan Azərbaycan bir yandan da torpaqlarını erməni təcavüzündən qorumaq üçün ölüm-dirim savaşına meydan olmuşdu. 

Bu yolda yürüyənlərin, “qələmin ən müqəddəs vəzifəsinin millətə xidmət” olduğunu sələflərindən əxz edənlərin arasında olmaq bizim üçün də şərəf idi. O, ədəbiyyatşünas alim, publisist, tədqiqatçı, mənsə jurnalist kimi. Ancaq ən başlıcası neçə-neçə “vətən daşından” biri, sıravi vətəndaş kimi. 

Teymur Əhmədov baş redaktor kimi qəzetdə gedən istənilən yazının, janrından asılı olmayaraq, ən kiçik xəbərə qədər belə faktların doğru-düzgün əks etdirilməsini tələb edirdi. Kimisə qədərindən artıq tərifləyib az qala qəhrəmana çevrməyin tərəfdarı olmadığı kimi, başqasının insafsızcasına, daha dəqiqi qeyri-obyektiv tənqidə məruz qalması ilə də razılaşmırdı. “Ay əclaf, ağını çıxarmısan ki, deyirdi”. Redaksiyaya daxil olan yazıların işlənməsində də eyni prinsip gözlənilir, bəzi müəlliflərin istinad etdikləri faktlar yoxlanılmadan dərc edilmirdi. Bu xüsusiyyətlərini bildiyimiz üçün müəllif yazılarına da eyni məsuliyyətlə yanaşır, hər hansı yanlışa yol verməməyə çalışırdıq. 

“Vətən səsi”ndə işlədiyim dövrdə Azərbaycanın müxtəlif rayonlarına ezamiyyətlərim zamanı Ermənistandan didərgin salınmış soydaşlarımızın necə acınacaqlı duruma düşdüklərinin çox şahidi olmuşdum. Ermənistandan qaçqın düşənlərin ilk qrupu ilə hələ Zəngilan rayonunda işləyərkən, 1988-ci ilin yanvar-fevral aylarında rastlaşmışdım. Evləri yandırılmış, talan edilmiş, yaxınları öldürülmüş, yaxud yaralanmış, nəinki əmlaklarını, hətta geyim əşyalarını götürməyə macal tapmamış bu insanlar olduqca ağır vəziyyətdə idilər. Rayon camaatı, yerli hakimiyyətin nümayəndələri onlara imkanları çatan qədər kömək göstərsələr də, aramsız davam edən qaçqın axınının qarşısında bunlar dəryada damla təsiri bağışlayırdı. Hər yerdən ümidi kəsilən insanların əksəriyyəti Bakıya, ölkənin digər şəhər və kəndlərinə   üz tuturdular. İndi həmin dövrdə çəkilmiş fotolara baxanda öz dədə-baba torpaqlarından amansızlıqla qovulmuş insanların məruz qaldıqları vəhşiliklər adamın damarlarında qanını dondurur. “Vətən səsi”ndə işlədiyim vaxtlar eyni mənzərələrlə tez-tez rastlaşmışdım. Təəssüf ki, dəhşətli günlər yaşamış insanların bir çoxu doğma Azərbaycanda da xeyli müddət əzab-əziyyət içərisində yaşadılar. Həmin səfərlərdə gördüklərimin bir çoxunu indiyədək unuda bilmirəm. Belə mənzərələrdən biri ilə Ağdam rayonunda qarşılaşmışdım. Burada qaçqınlardan bir qrupunu keçmiş koloniya ərazisində yerləşdirmişdilər. 

“Bizim nə günahımız var ki, bu koloniyada yerləşdiriblər? – deyə bir qadın məndən soruşdu. – Yaxşı, tutaq ki, biz günahkarıq, bəs uşaqların nə günahı?” dedi.

Sonra ayağında rəngi tamamilə getmiş, süzülmüş səndəl olan 10-11 yaşlı qız uşağını göstərib dedi: “Bunun nə təqsiri var ki, ayaqları qıc olub”.

Başqa bir qadın: “Niyə bizə açıq demirlər ki, çıxın, gedin. Daha bu qədər zülm niyə verirlər?” dedi.

60 yaşlarında bir kişi isə: “Əgər sən də başqa gələnlər kimi yazıb bir tərəfə çıxarmayacaqsansa, onda dərdimizi tərpətmə”, - dedi və sonra da əlavə etdi: “Gecələr arvadlarımız otaqdan çölə çıxmağa qorxurlar. Çünki yaxınlıqda koloniyada dustaqlar saxlanılır, sonra da əli ilə məftil torun o üzünü göstərib: “bax orada gəzirlər”, dedi.

Ermənistandakı doğma torpaqlarından didərgin salınarkən çəkdikləri müsibətlərin bitdiyini zənn edən qaçqınlar belə vəziyyətə düşəcəklərini heç ağıllarına da  gətirə  bilməzdilər. Sanki yağışdan çıxıb, yağmura düşmüşdülər.

Başqa bir qaçqın qadın körpə qızının əlində soyduğu kartofu alma bilib dişləməsindən, digər birisi 14 nəfərlik ailənin darısqal bir otaqda yerləşdiyinə görə gecə yan-yana uzanıb yatmağa belə yerin çatmamasından, üçüncüsü azyaşlı uşaqlarını zirzəmidə siçovulların hücumundan güc-bəla ilə qorumasından danışmışdı. Gözlərimlə şahidi olduğum bu mənzərələri unutmaq mümkündürmü? Hərdən xalqın bu çəkilməz müsibətlərə dözüb yaşadığına inanmağım gəlmir. Ancaq bütün bunlar reallıqdır. Bəlkə həmin dəhşətləri yaşayanların özlərinə də hərdən yuxu kimi görünən acınacaqlı reallıq.

Bu qəzetdə işlədiyim dövrdə özümlə bağlı bir məsələni qeyd etmək istərdim. Mənə neçələri Ermənistanda doğulmusan, qaçqın olduğunu, sənədlərini itirdiyini desən Bakıda boşalmış evlərdən birinə yerləşib, yataqxanadan canını qurtararsan, demişdilər. Qaçqınların yerləşdikləri mənzillərdən çıxarılmasının qarşısının alınması üçün gün ərzində 4-5 ünvana baş çəkərək, canı-dildən çalışdığımı, qəzetə bu barədə müxtəlif vəzifə sahiblərinə ünvanlanmış materiallar yazdığımı görən həmkarlardan biri ailənə yazığın gəlsin, kimdir sənin qaşqın adından istifadə edib-etmədiyinlə maraqlanan demişdi. Ancaq həmin günlər bir yox, yüz dəfə geri qayıtsa belə mən qaçqın adından istifadə edib, onların haqqı çatan, ehtiyacları olan nəyəsə göz dikməzdim. Həmin söhbətlərdən 13 il sonra da yataqxanada yaşadıq. Məndən daha çox ailəm bu əzablara qatlaşdı, hər cür şəraitsizliyə dözdülər. 

Vətən sözü bizi filoloq dostumla Vətənin ağır günlərinə çarə axtarışlarında meydana çıxan başqa bir ideyanın reallaşdırılması ətrafında yenidən birləşdirdi. Erməni təcavüzünə məruz qalmış torpaqlarımızın müdafiəsi uğrunda döyüşən milli orduya xidmət, onun siyasi, mənəvi-psixoloji hazırlığına, vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək məqsədi ilə “Xalq ordusu” qəzeti nəşrə başladı. Hər ikimiz tərəddüdsüz bu qəzetin redaksiyasına üz tutduq. Mənim seçimimdə hələ bir neçə ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat Xidmətində işə götürülməklə nazirliyin video studiyasının yaradılmasına cəlb edilmiş tələbəlik dostum Ədalət Teymurovun da rolu vardı. Dostum Ədalətin sonralar Azərbaycan Ordusunun döyüş salnaməsinin yaradılmasında xüsusi xidmətləri oldu. Onun cəbhə xətti boyu hərbi operator yoldaşı Seyidağa Mövsümlü ilə birgə apardığı dəyərli videoçəkilişlər, tarixi süjetlər bu gün Qarabağ savaşının canlı xronikasını təşkil edir. Buna görə sağlamlığını itirsə də, nə mükafat umub, nə də imtiyaz. Yeganə arzusu bu çəkilişlərin kimlər tərəfindənsə başqa məqsədlər üçün istifadə edilməsinə, yaxud mənimsənilməsinə imkan verilməməsidir. Ancaq təəssüf ki, bu arzunun gerçəkləşməsi təkcə ondan asılı deyil. Başqa bir arzusuna gəlincə, bu Ədalətin özündən asılıdır və onu tanıyanlar inanır ki, tezliklə yarımçıq saxladığı cəbhə xatirələrini tamamlayacaq və kitab şəklinə salaraq səbirsizliklə gözləyənlərə ərmağan edəcək. İşıq üzü görəcək bu real faktların nələrə aydınlıq gətirəcəyindən isə hələlik çox az adam xəbərdardır... 

Filoloq dostumuzun irəli sürdüyü və reallaşdırılmasına nail olduğu ideyalar “Xalq ordusu”nun rəsmi orqan sərhədlərini aşmasına şərait yaratdı. Onu vəzifəsindən, rütbəsindən, çalışdığı sahədən asılı olmayaraq, hər kəsin oxuduğu qəzetə çevirdi. Birbaşa cəbhə xəttində qəzetin səyyar nömrəsinin hazırlanması təşəbbüsünə də ilk qoşulanlardan olduq. Həmin səngər nömrələrinin döyüşən ordunun əsgər və zabitlərinə necə böyük təsir göstərdiyini çoxları bu gün də yaxşı xatırlayır. O, məqalələrin müəllifləri arasında olmağımızla qürur duyuruq. Cəbhə xəttində buraxılan həmin saylar “Xalq ordusu”nun tirajını 2 dəfəyə yaxın artırmışdı. Hələ Azərbaycanın döyüş ənənələrindən, ordu tarixindən bəhs edən yazıları, yeni dövr milli marşlarımızın yaranmasına təsir göstərən “Türk marşları”nı, vətənpərvərlik ruhunda yazılmış ədəbi nümunələrdən seçmələri demirəm. Daha neçə belə layihə bu qəzeti sevdirdi. Bədirxanın təşəbbüsü ilə açılan rubrikalar qısa müddətdə aparıcı rubrikalara çevrildi. Cəbhədə, səngərlərdə də birlikdə olduq. Onun da Ədalət kimi ayağının dəymədiyi cəbhə xətti, qələmindən kənarda qalan mövzu yox idi. Burada haşiyə çıxıb bir xatirəni paylaşmaq istəyirəm. 

1992-ci ilin avqustunda onunla birgə Zəngilan rayonuna xidməti ezamiyyətə getmişdik. Rayonun Ermənistanla həmsərhəd kəndlərindən olan Xəştabda, Aşağı və Yuxarı Yeməzlidə olduq. Buradakı mövqelərimizi qoruyan döyüşçülərlə söhbətlərdən sonra ərazidə bir qədər dolaşdıq. Bu yerlərin gülünə, çiçəyinə, otuna, pencərinə, dağına, meşəsinə baxdıqca, bulaqlarından suyu ovuclayıb içdikcə “Necə də bizim yerlərə, Başkeçidə oxşayır”, deyib durdu.

  •  Az qala qayasındakı daşı, başı üstündəki buludu, bulağının suyu da eynidir, dedi.

“Yaylaq, bizim yaylaqlara bənzərsən”. Bu gün olsaydı: - Təki qisməti, taleyi bənzəməsin, Qarabağ da Borçalının, Zəngəzurun taleyini yaşamasın, deyərdim. (Artıq bu dərdimizə son verilib, yurdlarımız azaddır).

Dostum cəbhəboyu hadisələrin birbaşa iştirakçısı olmaqla, gələcək yazıları üçün qeydlər aparır, söhbətləri, tövsiyələri ilə səngərlərdə dayanan oğullarımıza mənəvi dəstək olur, onları qələbəyə ruhlandırırdı. Məhz bu cəhətlərini nəzərə alaraq, qısa müddət sonra Bədirxanı baş redaktor müavini təyin etdilər. Əlbəttə, başlıcası bu deyildi. Başlıcası, ölüm-dirim savaşı gedən səngərlərdən reportajlar yazmaq üçün Azərbaycan ordusuna hərbi jurnalistlər gərək olanda bu çağrışlara haray vermək idi. O da bunu etmişdi. Nəsə ummadan, kimdənsə tapşırıq gözləmədən cəbhəyə üz tutmuşdu. Vətənin ürəklərdə qübar edən, ancaq bir an belə inamımızı itirmədiyimiz qələbəsinə öz töhfəsini vermək, borcundan çıxmaq üçün. Yeri gəlmişkən, onun qələminin məhsulu olan “Xalq Ordusu”na fotomüxbir lazımdır” çağrışına səs verən neçə fotoqraf birbaşa cəbhəyə yollanmaq üçün qəzetə üz tutmuşdu. Sonralar onların arasında hərbi fotomüxbir kimi tanınanlar da oldu. 

Onun bu qəzetdə bir neçə il redaktor müavini olması ziyalıların, xüsusilə yazıçı və şairlərin, alimlərin qəzetlə əməkdaşlığına yeni imkanlar yaratdı. Qəzet də, ziyalılar da bu əməkdaşlıqdan yalnız fayda gördülər. Birincinin auditoriyası artdı, daha oxunaqlı oldusa, ikincilər də həyatla birbaşa təmas imkanı qazanmaqla, yaradıcılıqlarını yeni əsərlərlə zənginləşdirdilər. “Xalq ordusu” sözünü deməklə minlərin, on minlərin sevimli nəşrinə çevrildi. Cəbhədən ən operativ və dəqiq xəbərlər, fədakar əsgər və zabitlərin həqiqi döyüş yolları və taleləri oxucuya boyasız, olduğu kimi çatdırıldı. Digər əməkdaşlarla yanaşı, biz də cəbhə xəttində dəfələrlə ezamiyyələrdə olduq, əldə silah döyüşən orduya qatıldığımız günlər də az olmadı. Ancaq bir dəfə də çəkindiyimiz, yaxud ailə problemlərini bəhanə gətirərək bu səfərlərdən qaldığımız olmadı. Yadımdadır, Füzuli cəbhəsində jurnalist dostumuz Söhbət Səfərli ilə üçlükdə getdiyimiz ezamiyyət zamanı top mərmisi lap yaxınlığımızdan keçib dərəyə düşdü. Biz o qədər də yüksək olmayan dağlıq bir ərazidə idik. Səfərlərdən birində isə - Goranboy rayonunun Şəfəq kəndi istiqamətində düşmənin güllə yağışına tuş gəldik. Başımızın üstündən bir neçə santimetrlikdən keçən güllələr sığınacaq kimi seçdiyimiz ərazidəki divara dəydikcə, qopardığı daş qırıntıları başımıza tökülürdü. Mən hələ Ağdam, Cəbrayıl, Zəngilan, Laçın ərazisində üzləşdiyimiz təhlükələri demirəm. Belə təhlükəli vəziyyətlərdən biri ilə isə yenə də qəzetin ən məhsuldar yazarlarından sayılan Söhbət Səfərli və digər jurnalist dostumuz Nəsiman Yaqublu ilə Şuşanın işğalından cəmi bir üç gün sonra onun yaxınlığındakı Turşsu deyilən ərazidə üzləşmişdik. Şuşanı tərk etmək məcburiyyətində qalan qoşunumuz burada mövqe tutmuşdu. Biz də bundan xəbərsiz oraya qalxmaq istəyəndə birbaşa döyüş gedən əraziyə çıxmışdıq. Həmin vaxt “Xalq ordusu”nda dərc olunmuş Şuşa-Laçın hadisələri ilə bağlı yazılarımızda bu məqamların əksəriyyəti əksini tapdığından onların üstündə dayanmaq istəmirəm. 

Yalnız indiyədək açıqlamadığımız bəzi məqamları çatdırmaq və ən başlıcası 13 il əvvəl dünyasını dəyişmiş jurnalist həmkarımız Söhbət Səfərlini yad edərək onun barəsində “525-ci qəzet”də 2020-ci il 12 apreldə dərc olunmuş “Səngərlərin bir addımlığında gözləyən dostumuz” məqaləsindən bəzi parçaları və bugünədək açıqlamadığım bəzi qeydlərimi kitaba əlavə erməyi lazım bildim.

“Azərbaycan mətbuatının 145 yaşının tamam olmasına sayılı günlər qalır. İldönümü ərəfəsində dövlət müstəqilliyimizin bərpasından sonra yeni dövr mətbuatının formalaşmasında az da olsa əməyi keçən, bu prosesə töhfə verməyə çalışmış sıralarımızdan vaxtsız getmiş jurnalist dostlarımızı xatırlamaq hər birimizin vicdan borcudur. Mən belə dostlarımızdan birini – yeni dövr hərbi jurnalistikamızın ilk və sanballı nümunələrini yaradanlardan olmuş Söhbət Səfərlini yada salmaq istərdim. 

S.Səfərlinin yaradıcılığını fərqləndirən başlıca cəhətlərdən biri səmimiliyi idi. Nədən və necə yazmasından asılı olmayaraq o, həmişə oxucunu inandıra bilirdi. Dostumuzun jurnalist kimi ikinci cəhəti bacardıqca obyektiv olmağa, sələflərindən öyrəndiyi kimi, düzü düz, əyrini əyri yazmağa çalışması idi. Şəxsi xarakterindən irəli gələn bu keyfiyyətlər ona həyatda olduğu kimi, oxucular arasında da inam, etibar qazandırmışdı. 

Söhbətlə 1991-1992-ci illərdə Azərbaycanın əksər cəbhə zonalarında olmuş, bir çox əraziləri az qala səngər-səngər addımlamışdıq. Bu cəhətdən Seyidağa Mövsümlü və Ədalət Teymurov tandeminə çatmasaq da, biz də Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Xalq Ordusu” qəzetinin əməkdaşları kimi mütəmadi döyüş bölgələrində olurduq. Mətləbi çox da uzatmadan belə gedişlərimizdən yalnız biri ilə bağlı təəssüratımı bölüşmək istəyirəm. Onu da qeyd edim ki, həmin vaxt “Yazıçı” nəşriyyatında işləyən jurnalist dostumuz Nəsiman Yaqublu da bizimlə bir yerdə idi.

1992-ci il may ayının 11-də Şuşa-Laçın bölgəsinə, Zarıslı kəndinin yaxınlığında Turşsu deyilən ərazidə mövqe tutmuş hərbi hissələrimizin yanında idik. Şuşa artıq 3 gün idi ermənilər tərəfindən işğal edilmişdi. Zarıslıda və ətrafında kiçik miqyaslı döyüşlər gedirdi. Oradakı əsas qüvvələr – Azərbaycan Ordusunun hissələri (komandir Elbrus Orucov), Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçüləri (komandir Rövşən Cavadov), Xüsusi Təyinatlıların döyüşçüləri (komandir Elçin Məmmədov) növbəti addımların nə olacağını planlaşdırıdılar. Öyrənə bildiklərimizə görə, ümumi rəy belə idi ki, onlar hücum edib çoxsaylı itkilər hesabına olsa da, Şuşanı geri qaytara bilərlər, amma bu mühüm qalanı əldə saxlamaq üçün təcili və güclü dəstək lazımdır. Bu dəstəyə ümid o qədər də böyük olmadığına görə, bu qüvvələr gözləmə mövqeyində qalmaqda davam edirdilər. Düşmən isə Şuşada günbəgün deyil, saatbasaat möhkəmlənirdi. 

Gecəni hamı kimi, dirigözlü açdıq. Növbəti gün bütün hissələrin tədricən Laçın ərazisinə geri çəkilməyə başlayacaqları məlum oldu. Bu vaxt Laçın ərazisində də döyüşlər gedirdi. Əksəriyyət Şuşanı qoyub geri çəkilməyi qəbul etməsə də, Bakıdan lazımi kömək gələcəyinə heç bir inamı olmayan komandirlərin, əslində, qəbul edəcəkləri başqa qərar qalmamışdı. Doğrusu, orada fikrini soruşduqlarımızın hamısı bu addımı qəti yolverilməz sayırdı, ancaq nə yazıq ki, vəziyyət hansısa alternativ qoymamışdı. Könüllülərdən ibarət bir dəstənin guya kömək məqsədi ilə Şuşa yaxınlığına qədər gəlib və qeyri-müəyyən səbəblərdən geri qayıtmasından, ermənilərin mövqeləri əvəzinə öz mövqelərimizin bombardıman edilməsindən sonra, necə deyərlər, hər şey məlum idi.  

Biz may ayının 13-də Laçına qayıtmalı olduq. Şəhərə çatmamış əraziləri tərk edərək Qubadlı istiqamətinə gedən onlarla maşınlar, mal-qarasını piyada aparan insanlar gördük. Bizi Laçından uzaqlaşdıran yol tamam dolmuşdu. Bu dəhşətli mənzərədə gördüklərimizdən biri ürəyimizi neçə yerdən parçaladı. Bir qarı əlində ağac tək-tənha yol gedirdi. O, sadəcə, kimsəsiz qalmış bir ağbirçək ana deyildi, müdafiəsiz buraxılmış, tərk edilmiş Azərbaycan idi. Əlindəki ağaca dayaqlana-dayaqlana üzü ümidə doğru aramla addımlayan ağbirçək Ana – kürəynə saplanmış xəyanət və laqeydlik xəncərindən yaralı düşmüş Azərbaycan idi. 

İki il ərzində düşmənə nəinki müqavimət göstərmiş, ona qan uddurmuş Laçın alayının, həqiqətən, igid, mərd əsgər və zabitləri Müdafiə Nazirliyi tərəfindən kimlərinsə məqsədli planları nəticəsində ləğv edilsələr də, səngərləri tərk etməmiş, rayon ərazisinin müxtəlif istiqamətlərində düşmənə müqavimət göstərməkdə idilər. Onlar sonra Kəlbəcər və Qubadlı istiqamətlərində parçalanmış şəkildə qalsalar da döyüşləri dayandırmamışdılar. Ancaq artıq gec idi. Laçın iki tərəfdən ermənilərin (həm də rus hərbçilərinin) hucumuna məruz qalmışdı, daxildən isə təxribat və xəyanətlər Vətənin bu qalasını da düşmən qarşısında zəif salmışdı. 

... Mayın 14-də ezamiyyədən qayıdan kimi, Azərbaycan Televiziyasına gedib vəziyyəti anlatdıq və təcili məlumat vermək lazım olduğunu, yoxsa qısa müddətdə Laçının da boşalacağını bildirdik. Bizimlə yarım saatlıq söhbəti lentə aldılar və tezliklə efirə veriləcəyini bildirdilər. Ancaq nə həmin gün, nə də səhəri gün həmin veriliş efirə verilmədi. Laçın da Şuşanın taleyini yaşadı. Söhbətlə qoşa imza ilə “Şuşa-Laçın xəyanəti” adlı silsilə məqalələrimiz “Xalq Ordusu”nda dərc edilsə də, artıq gec idi. Hər şey geridə qalmışdı, Vətənin yaralarına məlhəm ola biləcək (sadəlövcəsinə belə fikirləşirdik) sözlərimiz, harayımız yalnız Şuşa-Laçın işğalı ilə bağlı xəyanət xronikasının araşdırıldığı istintaq zamanı gərək oldu. Əgər nəticə çıxara bilsək, buna da şükür edərdik.

12 il əvvəl həyatdan vaxtsız gedən jurnalist dostumuzun məzarı dünyaya göz açdığı Füzuli rayonunun Böyük Bəhmənli kəndindədir. Məzarlıqda atasının, doğmalarının yanında uyusa da, Söhbət Səfərlinin ruhu narahatdır. Onun ruhu rahatlıq tapmayıb və ümidlə gözləyir. Hələ də cəbhə bölgəsi kimi qalan torpaqlarımızın harayına hamıdan tez çatmaq üçün o yurdda, səngərlərin bir addımlığında gözləyir. Bir vaxtlar sözü ilə döyüşən dostumuz ruhu ilə son vuruşlara qatılacağı günü gözləyir. Qəzan mübarək Söhbət!

Ancaq təvazökarlıqdan uzaq olsa da, deyim ki, topladığımız faktların bir çoxunu nə onda, nə də sonralar heç birimiz dərc etdirmədik. Bu qərarımızın bir səbəbi də çoxsaylı yalançı qəhrəmanların, başqalarının əməyini mənimsəyənlərin yağışdan sonrakı göbələklər kimi peyda olduğu indiki vaxtda buna lüzum görməməyimizlə bağlı idi.

Ancaq susmağın həmişə qızıl olmadığı qənaəti ilə son qeydlərimdə bu hadisələrin bəzilərini çatdırmağı qərara aldım.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)