Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində

Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində

Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində
Proza
Necef Esgerzade
Müəllif:
14:42, 09 fevral 2020
2 829
0


Hava tutqun idi. R. köşkün qarşısında dayanmışdı. Əlində tutduğu qəzetin pulunu satıcıya vermək üçün növbə gözləyirdi. Ondan əvvəl üç nəfərdən ikisi siqaret, biri saqqız alıb getdilər. Növbə ona çatanda R. pulu uzadıb əlindəki qəzeti göstərdi. 

Köşkdən ayrılaraq 28 mayda yerləşən çay fabriki tərəfə üz tutdu. Çayxanaya çatıb içəri daxil oldu. Səhərin erkən vaxtları olduğu üçün çayxanada demək olar ki, adam az idi. Küncdə keçib oturan R. çay sifariş verib dostlarını gözləməyə başladı. Qəzeti açıb masaya sərdi. Bu gün çıxan yazıları gözdən keçirə-keçirə beynində neçə gündür onu narahat edən, buna baxmayaraq heç cürə yaza bilmədiyi məqaləni fikirləşirdi. Diqqətini bir yerə cəmləşdirə bilməyən R. çayın gəlməsiylə qəzeti masadan götürdü. Özünə çay süzdü. Bu əsnada N. və O. gəlib çıxdılar. R. onların stəkanına da çay süzdü. Ordan-burdan danışmağa girişdilər. Amma R.-in fikri özündə deyildi. Beynində neçə gündür kök salmış məqalənin giriş cümlələrini fikirləşə-fikirləşə dəli olmaq dərəcəsinə gəlirdi.  

Biraz keçdi. Çayxanada boş yerlər dolmağa başladı. M. və A. da gəlib çıxdılar. Onlar masanın ətrafında beş nəfər oldular.  

Dostların buraya yığılmağının bir səbəbi vardı. Bir-iki həftə ərzində oxuduqları kitabları, izlədikləri filmləri azdan-çoxdan müzakirə etmək. Fikir mübadiləsi aparmaq.  

Bugünkü mövzu isə Aqşin Yeniseyin "Tarix və Tale" romanı idi.  

R. astadan dilləndi: "Məncə, müzakirəni bu gün qəzetdə çıxan yazını oxuduqdan sonra başlasaq daha yaxşı olar".  

Dostlar yazıyla maraqlandılar. Məqalədə nələr yazıldığını bilmək üçün R. ilə razılaşdılar. Bundan əlavə R. belə bir təklif də irəli sürdü ki, gəlin yazını hissələrə bölək. Bugünkü qəzetdə çıxan məqalə biraz böyük həcmli idi. Dostlar bunu necə edəcəklərini soruşdular.  

"Beş nəfərik. Hərəmiz yazının bir hissəsini seçərək oxumağa başlayacaq " - R.-in təklifi belə idi. Bu dəm O. dilləndi: "Beş nəfər məqaləni hansı üsulla hissələrə ayıracağıq. Hardan başlayıb, harda bitirəcəyik? " 

R. bunu nəzərə almamışdı. Düşünməyə başladı. Dostları da düşünürdü.  

R. biraz keçmişdi ki, tapdım deyə gülümsündü: "Gəlin bir oyun keçirək. Qələmlə məqaləni hissələrə ayıraq. Sonra isə püşk ataq kimə hansı hissə düşərsə onu oxusun". 

Dostlar irəli sürülən bu fikrin ağlabatan olduğu qənaətinə gəldilər. N. dedi: " Fikir gözəldir, amma biz özümüz məqaləni işarələyə bilmərik, bəlkə mənim oxumaq istədiyim hissəni O. da oxumaq istəyir. Onda necə olacaq?" 

Vəziyyət yenə çıxılmaz hal aldı. Telefon çaldı. A. cibindən telefonu çıxarıb cavab verdi: 

- "Salam, abi, necəsən? Hə, abi. Həmişəki yerimizdəyik. Oturmuşuq. Çatırsan? Əla. Gəl". 

N. tez sual verdi ki, kim idi? K. abi idi. Çatır çayxanaya. A. söylədi. 

Gözəl. Məsələ həll olundu, məqaləni K. abi işarələyəcək, püşk atmağı da o, keçirəcək - R. yaranmış vəziyyətdən çıxış yolunu tapdı. 

Dostlar razılaşdı. Beş-on dəqiqə keçmişdi K. abi gəldi. Hamı ilə mehribancasına salamlaşdı. A. tez K. abiyə vəziyyəti izah etdi. Aralarında belə bir əyləncəli oyun keçirmək istədiklərini eşidən K. abi sevindi. Vaxt itirmədən qəzeti götürüb məqaləni hissələrə ayırdı. Sonra həmin hissələri qeyd üçün vərəq istədi. N. çantasından dəftərini çıxardı, ortadan vərəq qoparıb K. abiyə uzatdı. K. abi vərəqə beş hərfin( Ş, N, Q, İ, A) adını qeyd edib, həmin hissələri vərəqdən ayırdı. Hər birini ayrıca yumurlayıb, ovucları içində fırlatmağa başladı. Axırda ovucundakı kağız hissələrini masaya atdı. Seçin deyə K. abi birdən dilləndi. Hərəsi bir kağız hissəciyini götürüb açdı. Artıq hər şey aydın idi. Yazını oxumağa başlamaq vaxtı çatmışdı. N. dilləndi ki, mənə A hissəsi düşüb. "Birinci sən başlayacaqsan", - K. abi dedi. N. qəzeti qabağına çəkib oxumağa başladı. 

                                                                  

                                                                            

                                                                            N (A) 

Essevari gedişlər romanı düşdüyü lokomotivdən tez-tez çıxarır. İnsanların, ümumiyyətlə xalqın parçalanmış tarixinin qırıntılarından yaranmış talelərinin ümumi panoramasının izahatına girişir müəllif. İzahat verdikcə oxucu hadisələri başqa gözlə izləməyə başlayır. Bu əsnada biz esse yazan Aqşin ilə roman yazan Aqşini fərqləndirməliyik. Sanki kitabda iki müəllif var. Biri hadisələri bizə göstərirkən, digəri hadisələrin izahatına girişir. 

Musa Tale və Tarixin kəsişdiyi impuls nöqtəsində doğulmuşdu. Biz Musanın ailəsiylə tanış olduqca, nədənsə Tale və Tarixin qarşıdurmasını yada salırıq. Elə bir bu xəyali obrazların hərəkət tapmış  personajları Musa və İsanın ata və anasıdır. Çünki eynən Tarix kimi Musanın atası da ailəsindən ayrılmaq məcburiyyətində qalır. Onların ailədaxili münasibəti ərinin vicdanlı, təmiz insan, el içində "fərsiz", "hərif" kimi qiymətlənləndirməsi ucbatından məhvə düçar olur. Musa atasını tərk etmir, ona qoşularaq atasının qulluğunda dayanır. Bəlkə Musa olmasa idi, onun atası çoxdan ölmüşdü.  

Əsərin bu hissələrində müəllif ifrata varır, obrazını başlı-başına buraxır. Taleyinin ixtiyarına. Musanın atası həyatın dibinə yuvarlanır. İçkiyə qurşanır. Tarixin həyatının reinkarnasiya dövrünü yaşayan Musanın atası özünü sufilər kimi təhqirlərə məruz qoyur. Tarixin tale girdabında dəliyə tıxanmağa az qalmış Tale xəstəliyə tutulur. Bundan istifadə edən Tarix Taleyi çoxdan oturduğu taxtdan salır. Tarixin hakimiyyəti başlayır. Tarix yumruqlarla meydanlarda yazılır. Həmin meydanlardakı kütlələr birləşərək xalq olmuş, onları illərdir soyub talayan Rusiyanın yalançı tarix altında yüzlərlə taleyi şikəst edənlərin səslərini car çəkməyə başlamışdılar. Əfsus ki, bu qələbədən sonra gələn dönəmin azadlıq abu-havası tezliklə yox oldu. Azadlığın sadəcə adı qaldı. İnsanlar azad oldular, amma azadlıq insanların qarnını doydurmağı bacarmadı. Səhv etdiklərini düşündülər insanlar. Köləliyi azadlıqdan üstün tutmağa başladılar.  

Xalqın bu cür azadlıq səsini yüksəltməsindən qazananlar Musa və İsanın dayısıkimilər idi. Onlar SSRİ vaxtı qaz vurub, qazan doldurmuşdular. Çöküş hissə-hissə başlamışdı. İki qardaşın dayısı və onunkimilər üçün həyəcan təbili çalınırdı. Onlar meydanda deyil, var-dövlətin üzərində oturaraq keşik çəkirdilər. Meydanda can qoyanlar varkən, onlar evlərində oturub hadisələrin tezliklə bitməsini, köhnə düzənin yenidən qayıtmasını dörd gözlə gözləyirdilər.  

Musa və İsa xalqın rifahı üçün özlərini oda ataraq əllərini qana bulaşdırdılar. Günaha batdılar. Bilə-bilə ki, bu işdən qurtulmaları mümkünsüzdür. Dünyadan bir nahaqq azaldı. Nəticə nə oldu? İsa və Musa həbsxanaya, dövlətin şüuraltısına salındı.  

İncildəki İsa ölüləri dirildərkən, romandakı İsa dirini öldürməklə məşğul oldu. Nəyə görə? Xalqı diriltmək üçün. Fərdi, cəmiyyət üçün heç bir dəyəri olmayan fərdi, milyonların rifahı üçün ölümə tərk etdi. Bəs özü necə ölümlə üzləşməyə cürəti çatdımı? 

Musa yəhudiləri səhra boyunca 40 il dolaşdırdı. Zəiflər öldü, güclülər həyatda qaldı. Burdakı Musa atasıyla neçə il fırlandı. Atası öldü. Meydanda xalqın birləşməsini gördü və meydandaca canını tapşırdı. Atadan geriyə onunla neçə il sərgərdan dolaşan oğlu Musa və birdə digər oğlu anasının boyunduruğundan qurtulmağı bacaran İsa qaldı. 

 

                                                                                     A (Q) 

Tarixin evi tərk etməsiylə Taleyin əli-qolu qırılıb yanına düşdü. Tale ən güclü rəqibini itirdi.  

Tarixin qələbəsinin müddəti çox az sürdü. Xalq yenə əvvəlki görkəminə qayıtdı. Hərə özü üçün azadlığın hasarını inşa etdi. Azadlığın hasarı olmaz, sərhədi olar. Müəllifin təxminən bu səpkidə yazdığı fikirləri məni çox düşündürdü. Deməli azad olmaq istəməmişdən əvvəl gərək azadlığın nə olduğunu dərk etməliyik. Sərhədsiz azadlıq insanın başına-başına, ağıla nə gəldi həyata keçirməsi anlamına gəlmir heç də. Bir insanın azadlığının bitdiyi nöqtədə, digər insanın azadlığı başlayır. Azadlıq daş divarlarla hörülməməlidir. Azadlıq insanlararası münasibətlərdə hörmət prinsipinə tabe olmalıdır. 

Tarixin evdən ayrılması ilə evin yükü onun oğluna üzərinə düşmüşdü. Tarixin oğlu hələki Taleyin - anasının yanında qalırdı. O, həm yazmaqla, həm də gecə yarıya qədər şəkər zavodunda işləyərək həyatda qalmağa çalışırdı. O, öz taleyinə boyun əymiş kimi görünürdü, boyun əyməməsini isə yazdığı kiçik yazılar sübut edirdi. 

Şəkər zavodunun ağır iş qrafikindən işçilər heç də narazı deyildilər. Onlar narazı ola da bilməzdilər. Çünki işdən çıxarılma təhlükəsi vardı. İşdən çıxsan ac qalarsan, çörəksiz qalarsan. Çörəksiz yaşamaq isə allahsız yaşamaqdan belə qorxuludur. Nə yolla olursa olsun evə bir tikə çörək aparırsansa, allahına şükr et, işinə davam et. 

Zavodun normal şəraitinin olmaması ucbatından kişilər və qadınların eyni tualetdən istifadə etməsi qadın və kişilər arasında bariyerləri aşmışdı. Şəkərin şirin dadına qarışıb burnu iyləndirən üfunətin iyi içində insanların bal arıları təki işləməsi heyrətedici təəssürat bağışlayırdı. 

Barmağını kəsən, amma bundan ötrü heç bir təşviş yaşamayan işçinin üzündəki ikrah yaradan gülüşün arxasındakı sirr bizim adsız qəhrəmanımızı xeyli mütəəssir etmişdi. Hətta həmin işçinin barmağından hekayə yazan Tarixin deyil, Taleyin oğlu bu barmağa əlavə mənalar yükləməyə cəhdlər göstərmişdi. Əslində fakt ortada idi. Tarix həmin işçi ilə oyun oynamışdı. Silkəmişdi onu. Ondan kiçik hissəni qopardaraq xəbərdarlıq yollamışdı işçiyə. Sadəcə o, bu işarənı başa düşməyib, barmağını, xəbərdaredici siqnalı boyundan asmışdı. Asmışdı ki, gələn dəfə bu hadisəni yada salıb, işinə daha diqqətcil yanaşsın. Əslində bu barmağın mənası o idi ki, ayılmaq, çox gec olmadan ayılmaq, zavod tərəfindən yaradılmış təhlükəli vəziyyəti dəyişmək lazımdır. İstismara son demək lazımdır. Təəssüf ki, yenə insanın öz taleyinə boyun əyməsi, Tarixi cin atına mindirmişdi. O, daha çox içməyə başlamışdı.  

Həqiqət dözülməz yalanlar içində batıb, az qala deşiyə tıxanırdı. Bu əsnada Taleyin oğlu işdən çıxmış, ona gələn başqa iş təklifini ( qəzetdə işləmək təklifini) qəbul etmişdi. O, taleyini tam boşlamamış, fəqət tarixin tərəfinə keçid etmişdi. Amma bu keçid tam baş tutmamışdı. Qəzetlərdə, nəşriyyat redaksiyalarında Tarixdən daha çox Taleyin hökmü özünü göstərirdi. Tarix Tale içinə həbs olunmuşdu. Burada çalışan işçilər intellektuallıqlarına ( bir, iki bilikli insanlar da burada çalışır), baxmayaraq Tarixdən daha çox Taleyin başlara salınan iplərinin hansı tərəfə dartışdırmasına uyğun hərəkət etməyə məcbur olmuşdular. Ümumiyyətlə, bu dönəmdə ölkə bütövlüklə Taleyin qurduğu hörümçək torunda çabalayan həşəratlarla savaş halında idi. Əgər bir həşərat toru cırıb qurtulmağa çalışırdısa, digərləri tərəfindən, ya da hörümçək tərəfindən yeyilirdi. Sadəcə çox az qismi xilas ola bilirdi bu ilişdiyi tordan. 

Taleyin oğlunun yazıları, hətta yazdığı barmaq haqda hekayəsi də redaksiya tərəfindən təhrifə, dəyişikliklərə uğramışdı. Tarixin oğlunun yazdığı hekayə Taleyin oğlunun yazdığı hekayəyə çevrilmişdi. Taleyin oğlu buna etiraz səsini ucaltsa da, sonradan nədənsə susdu. İşə daxil oldu. Reportajlar hazırlamağa başladı. Artıq romanın əvvəlində adsız qəhrəman ilə, bu hissədə qarşımıza çıxan adsız qəhrəman arasında xeyli fərqlər əmələ gəlmişdi. 

Həbsxananın dar hücrəsinə salınan İsa və Musanın ölüm dilemması qarşısında uzun-uzadı mübahisəli dialoqları oxucunu düşündürür. Onlar qətl törədiblər. Cinayətkardırlar. Buna görə öldürülməlidirlər. Bu ilk baxışdan belə görünür. Düşünəndə ki, onlar buna nəyə görə əl atıblar, insan çaş-baş qalır.  

Ölüm cəzası, yoxsa ömürlük həbsmi yaxşıdır?  

İnsan uzun ömür yaşamaq istər. Həyatdan vaz keçmək dəhşətlidir. İsa həyatı ölümdən uca tutur. O, ölümdən qorxur. Bilir ölümüylə heç nə dəyişən deyil. Öləndən sonra onu heç kəs xatırlamayacaq. İnsanlar unutqandırlar. Onlar Taleyin övladlarıdır. İsa da Taleyin tərəfini seçir. 

Musa isə əksinə düşünür. O, ölümü şanlı yol sayır. Şəhidlik zirvəsinə qalxmağı həyatı nemətlərdən yuxarı tutur. O, Taleyin zəfərinin keçici, Tarixin qələbəsinin isə gec olsa da əbədi olacağını zənn edir.  

Bu iki zidd xarakterin bir yerə pərçimlənməsindən bizim adsız qəhrəmanımızın iki tale yolu cızılır. O, nə qədər Taleyin oğludursa, bir o qədər Tarixin oğludur. İtmiş Tarix birdən ortaya çıxır. Oğlunu öz balaca evinə aparır. Amma əvvəlki kimi ruh düşkünlüyü içində, həyatın tale girdabında gic-giriftar şəkildə yaşamağa - buna nə dərəcədə yaşamaq demək olarsa - davam edir. Onu həyata bir tək səbəb - içki bağlayır. Səhv etdim. Bir səbəb də var ki, yeni tanış olduğu qadın onu yaşama tutunacaq dal kimi Tarixi Taleyin üzərində saxlayır.  

Tarix oğlu ilə söhbətlərində onun yazdığı hekayələrinə özünəməxsus reaksiyalar, fikirlər bildirir. Yön verməyə, yaratdığı obrazın hər detalını dəqiq düşünməyi tövsiyə görür. Tarixin oğlu isə atasının dediyi fikirlər ilə onu həyatını öz fikrində tutuşdurur. Görür ki, atasının fikirləri atasının özündən böyükdür.  

Tale bu günlərdə təhna qalmışdı. Özü-özü ilə idi. Hərdən rəfiqələrini ilə görüşürdü. Hətta uşaq doğmaq fikrinə düşmüşdü və bu müdhiş xəbəri oğlu vasitəsilə Tarixə çatdırmağı unutmamışdı. Tarix bu xəbəri sakitcə qarşılamışdı. Və oğluna qadınlar haqda bildiyi, öyrəndiyi nüanslardan bəzilərini qulağına fısıldamışdı. 

Gözəllik tələdir. O, demişdi. Ən tünd zəhər bəzəkli ilanlar da olur. O, əlavə etmişdi. 

Tale uşaq doğmaqdan vaz keçdi. Bunun yerini doldurmaq üçün oğlunu evləndirmək fikrinə düşdü. O, oğlu üçün deyil, özü üçün qız axtarmağa girişmişdi. 

Tarixin oğlu isə özünə yaşından yuxarı, elə Tale yaşında bir aşna tapmışdı. Onları bir-birinə sevgi bağları deyil, ehtiras bağlamışdı. Sadəcə bu yolla az da olsa həyatın amansız iztirabından bir neçə dəqiqəlik uzaqlaşa bilirdi. 

Tarix isə yenə də həyatın ciddi zərbəsinə məruz qaldı. Sevdiyi ikinci qadın əlindən çıxdı. Çadra altındakı gizlədilən namus etiketinin kirlədilməsi ailəyə çatan xəbərlər üzündən ağır cinayətə yol açdı.  

Bu cür xəbərlər qəzetlərin, saytların, xəbər proqramınların əsl qazanc yeridir. Bu cür xəbərlərə başqa, rəngərəng donlar geyindirərək, bədii interyer verərək jurnalistlər, əsasən qadın jurnalistlər öz bütün hisslərini mətnə hopduraraq, cinayətin pərdəarxasındakı həqiqətlərin yanına bilmədən də olsa başqa yalanları qoşaraq odlu-alovlu feminist mətnlər, yazılar meydana çıxarırlar. Beləliklə, onlar öz hiss-küdurətini yazdığı yazı ilə soyudurlar. Belə qələmə alınan yazılar cəmiyyət tərəfindən maraqla oxunur və nəticədə möhtəşəm yazılara görə onlar yüksək qonarar alır. Sonra yenidən və yenidən bu cür cinayətlər və bundan da şiddətli cinayətlər baş verməyə davam edir. 

Müəllif bu hadisələri təsvir edərək insanların sadəcə sözdə bir- birinə dayaq olduğunu, həyatda baş verən hadisəyə görə heç kimin heç kimə kömək etmədiyini açıq - aşkar göstərir. Hər şey və hər şey reytingə hesablanıb.  

Subyektlərin obyektlərə dönüşməsinin bariz nümunələriylə bu yolla tez-tez rastlaşırıq. 

Tarix bu hadisədən sonra həyatdan tamamilə küsür. İçki də artıq onun ağrıları, acılarını ovutmur. Hərə öz taleyini düşünür. Hər gün dəfələrlə Tarixi qətlə yetiririk biz. Tarix hələ də bizə dözür. Hətta ayağının birini itirməsinə rəğmən. 

Toxunulması qanun tərəfindən deyil, əxlaq tərəfindən qadağan olunmuş mövzulara kiçiçik bir müdaxilə, tənqid edilməsi əxlaq mühafizəçilərini hərəkətə gətirir. Və meydanda, tam mərkəzdə hədəf kimi seçilən Tarixin əsgəri Taleyin soyuq bıçağı ilə elə Tarixin işıqlı küçələrinin birindən Taleyin qaranlıq küçələrindən birinə keçən yerdə arxadan anidən zərbəyə məruz qalır. Yenə Tarixin dirçəltmək istəyən , boya atmaq istəyən başı bədənindən ayrılıb kənara atılır. 

Əsərin essevari hissəsində yox, birinci nəql edilən sujetdə, Tarixin oğlu ilə söhbətində hekayə ilə roman arasındakı fərqin nə olmasını Tarixin dilindən eşidirik. 

Hekayə çətin janrdır, qısa məsafəyə sürətli qaçış kimidir, sonluğa bir saniyə gecikdinsə, uduzacaqsan. 

Roman da gəmi ilə səfərə çıxmaq kimi bir şeydir, əvvəlcədən başına nə gələcəyini bilmirsən, ya da tale kimi.. 

                                                                     

                                                                          M (Ş) 

Tarix və Talenin roman boyunca səssiz savaşı bir-birini tükətmək səviyyəsinə gətirib çıxardı. Hətta Tarix evi tərk etsə də, həyat onun üzünə gülmədi, əksinə Tarixin həyatı daha betər oldu. Bədbəxtçiliyin qatı dumanı onu tərk etmədi. Üzünə, böyrünə dəyən zərbələrə qarşı müdafiə olunmağı çoxdan unutmuş Tarix həyatı öz axarına buraxmışdı. Bundan sonra başına nəyin gəlib-gəlməsinin onun üçün heç bir anlamı yox idi. 

Tale isə həyatı televizordan izləyən, ona göstərilən uydurma lüks həyata aldanmış, vaxtilə Tarixə niyə ərə getdiyini heç cürə özü üçün çözə bilməyən qadın kimi tərk edilməyə məhkum edilmişdi. 

Pulla aldığı yalançı diplom ilə doğurçu xəstələri ilk öncələr bemar, şikəst qoyan Taleyin taleyi də xəstələrindən heç nə ilə fərqlənmirdi. Taleyin tutunduğu tək dal gözəlliyi idi. Elə gözəlliyi ilə Tarixi öz toruna sayan Tale onu gözəlliyin altında gizlətdiyi tikanıyla iynələmə başlamışdı vaxt keçdikcə. Bəs onları bir-birinin yanında saxlayan əsas səbəb nədən ibarət idi? 

Övlad, Tale və Tarixin oğlu. Onları bir evdə iki yad insan təki yaşamağa məcbur edirdi. Bu məcburiyyət də daimi olmadı, onsuzda bir nöqtədə qırılmağa bənd imiş kimi, incəldiyi yerdən qopdu. 

Qaranlıqları aydınlatan Tarixin evində tarixin qaranlıq çağı başlamışdı. Qəzetləri, bir gün gec oxuduğu otağı onun bu evdə təkcə sığındığı ən əziz hücrəsi idi. 

Taleyin həyatındakı taleyi əvvəllər keçmişə bağlıykən, evə gəlib-gedən qonaqların sayəsində keçmişin köhnə şəkilləri Taleyin otağından şkafın ən alt qatına endi. Ölü adamların üzündəki silinməz sevinc hissləri Taleyin otağına daha çox keçmişin silinməz, boğucu atmosferini gətirib salmışdı. Sıralanan şəkillər silsiləsi üst-üstə yığılaraq şkafın ən alt qatında yerləşdirilmişdi. Amma bu şəkillərin içində bir adamın, hələki yaşayan bir şəxsin şəkli də yer almışdı. Tarix ölməmişdən keçmişin sevinc dolu şəkil albomuna gedib düşmüşdü. Tale Tarixi özü üçün çoxdan öldürmüşdü içində.  

Evdəki hadisələrə şahid olan Tale və Tarixin oğlu öz seçimi barədə elə o vaxtdan düşünməyə başlamışdı. Tale onu gələcəkdə bank işçisi kimi, ya da bu qəbildən olan bir işdə görmək istərkən, o, meylini kitablara sarmış, gələcəkdə yazıçı olmaq arzusu ilə alışıb-yanırdı. 

Tarixi uydurmaq olar, ədəbiyyatı yox. Ədəbiyyat öz spesifik xüsusiyyətindən ötrü həmişə xüsusi yerdə qərar tutmuşdu. Ədəbiyyat boğulanla boğulmaq demək deyil, boğulanı xilas etmək vasitəsidir. 

Bu fikirləri Tarix söhbət zamanı oğluna deyir. Elə ilk başda bu fikirlərlə qarşılaşan oğlan yazıçılıq haqqında düşünməyə, dərindən fikirləşməyə başlayır. 

Çinli arxeoloqun ölkəmizə səyahəti bizi gördüyümüz, bildiyimiz, görmədiyimiz və bilmədiyimiz gerçəkləri göstərir. Yazıçı oxucuya bir anlıq bayaq oxuduğu hadisələri unutdurub, onu başqa yönə istiqamətləndirir. 

Romanın essevari hissəsinə baş vururuq. Bəzən dayaz yerdə, bəzən isə dərin yerdə üzməyə çalışırıq. 

Bizim insanlarımızın həyatı əxlaq pərdəsi arxasında çöküş yaşamağa məhkum olur çox zaman. İnsanların ən böyük arzusu pula çatmaqdır. Çox pul qazanmaq bizim ən böyük uğurumuzdur. Pul bizim dayaq nöqtəmiz, hətta bir çoxları üçün yalançı şəkildə yaradılmış allah modelidir. Varlı insanların əksəriyyəti pulun hesabına özünü allah kimi aparır, onu - bunu əzərək bu yolla həzz alır. Amma onlar anlamırlar. Pul onlara allahlıq mərhələsinə yüksəltmir, əksinə alt insan səviyyəsinə endirir. Üst insana çatmağın əsas meyar olduğu dövrdə, bu qəbildən olanlar varlanır, cızığından çıxaraq alt insan səviyyəsinə qədər eniş yaşayırlar. 

İnsanların seks həyatı da əxlaq pərdəsi altında pozğunluğa yoluxur. Basdırılmış hisslər əcayib şəkildə özünü göstərməyə başlayır. Qoyulmuş tabuların üzdə deyil, Tarixin qaranlığında, Taleyin gizli köşələrində dis-komfort şəkildə transformasiyası təzahür edir. O ki, səhər olur, gecədəki zil qaranlıqda itib batan tabuların üzdə görünən profilləri heç nə olmamış kimi işlərinə qaldıqları yerdən davam edirlər. 

Azərbaycanda insanlar keçmişə bağlıdırlar. Neçə dəfə təcavüzə uğramış keçmişin iniltilərinin şaqraq səsi onları gələcəkdəki yaratmaq istədikləri müdafiə sistemindən qorxudub, ayırır. Cavanlar keçmişin sınıq-salxaq qocalarının hədə-qorxusu ilə olmadıqları, yaşamadıqları keçmişin tarixindən danışmağa, həmin tarix üçün həsəd çəkməyə başlayırlar. Olmadıqları keçmişi, ümid verən gələcəyə qısqanan bu gəncliyin bir hissəsi gündüzlər tabu altında öz həyatını yaşayarkən, gecələr bu tabunu daxilən dağıtmaqla məşğul olurlar.  

Amma bu bir tərəfli yanaşmadır. Müasir gəncliyimizdə gələcəyə inam güclüdür. Gündüzlər belə qaranlığa qərq olmuş köşələrdə tək-tək olsa da ümid işartıları günəşin şöləsitək parılmağa başlayıb. Bu gənclərin üzərinə keçmişin sınıq-salxaq görkəminə bürünən qocalar və onların təsirində olan gənclər aramsız hücum çəkir. Fəqət bu hücumları iradə sayəsində dəf edən ümid verən gənclik ortaya həm də iş qoyur.  

Burada quru (qocalar) və dəniz (cavanlar) bir-birinə daimi olaraq qovuşur. Dəniz qurunu yuyub aparır. Əgər dənizin suyu artsa, qurunun sular altında qalacağı qeyri-şərtsizdir. 

Romanda görünməyən alt qatların olmasını qeyd edən müəllif bunu dəvə mədəsinə oxşadır (düzü romanın görünməyən aysberq təki suyun altında qalan hissəsi o qədər də böyük buz parçası deyil. Roman mütləq mənada sözünü deyir, fikirlərini oxuculara bütövlüklə çatdırır.) Düşünürəm əsərin essevari hissələri romanın açar kəlmələridir. Həmin parçalardan çıxartdığımız mənaları bu essevari hissələrin arasında saatın kəfkiri kimi o yan - bu yana hərəkət edən 2 süjetə bu və ya digər cəhətlərlə calaya bilsək romanı çözmüş olarıq.  

Növbə O.-ın idi. R. əlavə bir çaynik çay sirafiş etdi. O. siqareti alışdırıb damağına qoydu. O. qəzeti N.-dən alıb oxumağa başladı. 

                                                                                         

                                                                              O(İ) 

Üç çətin mərhələdən keçmiş Azərbaycan bu günə qədər ortadan yox olmayıbsa, deməli biz heç də zəif xalq deyilmişik. Gələn 3 ölkənin də bizə aşıladığı şeyləri mənimsəmək, qorxudan qəbul etmək məcburiyyətində qalmış insanlarımız nə qədər deformasiyaya uğrasalar da, daxildə yerləşən azərbaycanlı nüvəsi bütövlükdə dağılmamışdı. Sadəcə bu nüvə bir müddətlik qorunma mexanizmasını işə salmışdı.  

Hindlilərlə ilk ailələr, ağa və kölə sistemi, ərəblərin gəlib hindliləri bundan qovmasıyla ağa və kölə sistemində ağanın yerini allahın tutması, öz dinini yayması, rusların gəlməsiylə isə ağa və kölə sistemində allahın yerli-dibli yoxa çıxması insanları bu neçə yüz ildə çaş-baş salmışdı. 

Üç bir-birinə zidd keçilmiş mərhələdən insanların taleyi tarixin qaranlıq, dolanbac yollarında qırılmalara məruz qalmışdı. Bu qırılmalar ərəblərlə başlamış, ruslarla isə öz pik həddinə yetişmişdi. 

Müəllif bu üç işğalçı ölkənin bizə nəyi öyrətdiyini, bizdən nələri qopardığını apaçıq şəkildə təhlil edərək gözlərimizin qabağına sərib. 

İndi, yaşadığı dövrdə keçmişin qırıntılarından gəlib bizə çıxmış insanlarımız arasında ərəblər kimi, ruslar kimi düşünənlər az deyil. Onlar bilmədən də olsa köləliyi elə o vaxtdan qəbul etmiş, o zəmanədən bu zəmanəyə qədər zaman aralığında azadlığa qovuşalar da, o qaranlıq, tez-tez qırılan talelərin həsrətiylə yaşayırlar. Çünki bir kölə azad olmağın nə olmasını bilməz. Bir kölə həmişə özünə sahib axtarar. Azadlıq məsuliyyətdir. Azadlıq cəsarətdir.  

Biz daima işğallara məruz qaldığımız üçün azadlığın nə olmasını çoxdan unutmuşuq. Azadlıq yaratmaqdır. Yaratmaq isə sənətlə bağlıdır. Sənət isə tanrılığa yetişmək mərhələsidir. Ona görə ərəblər sənətlə məşğul olan kəsləri şeytanla təmasda olmaqda günahlandırıb, xalqın gözündən salaraq onları qorxuzmağa çalışırdı. Sənətlə məşğul olan insan düşünən bəndədir. Bu isə işğalçı dövlət üçün təhlükə mənbəyidir. "Düşünmədən tabe olmaq"- ərəblər xalqa bunu diqtə edirdi. Cızığından çıxanlar, din qaydalarını pozanlar cəzalanırdı. Əlləri kəsilirdi. Çuğulluq baş alıb gedirdi ölkədə. 

Rusların sistemi ərəblərdən heç nə ilə fərqlənmirdi. Burada əsas meyar fərd şəklində deyil, ailə şəkildə çuğulluq, üzədurma metodunun yaranması idi. Ailələrin qarşıdurması rusların dönəmində böyük vüsət almışdı.  

Tale və Tarixin kəşisməsində qalan Azərbaycan üzünü hansı tərəfə tutacağını, kimdən yardım istəyəcəyini, kimə bel bağlayacağını bilməzkən, bir xalqın Tarixi parça-parça deformasiyaya uğrayıb yox olmağa başlamışdı. Tək-tək insanların taleyinin həll olunduğu bu dövrdə insanlar unutmaq epidemiyasına düçar olmuşdular. Tarix unudulmaqla ölümə məhkum edilmişdi. 

Bu keçirilən yol Tale və Tarixin ortasında yer alan oğulun simasında öz əksini tapır. Bizə əsər boyu adı, üzü bəlli olmayan oğul əslində Azərbaycanın məruz qaldığı təcavüzün unudularaq silinmiş, yaddan çıxarılmış, amneziyaya düçar olmuş epilektiv, affekt halının təcəssümüdür.  

Oğul yazıçılığa başlamaq istəyir. O, bu peşəni elə belə seçmir. Dağıdılmış, xarabalığa çevrilmiş qalıntılar üzərində yenidən nələrsə qurmağa başlayır. 

İnsan özünü zorlayaraq meymundan insan olmağı bacardı, indi insan tanrı olmaq üçün özünü zorlayır. Sənət bax, bu zorlanma prosesin başlanğıc nöqtəsidir. 

İnsanlar içindəki tanrı nurunu tapdığı zaman hərəkət keçməyə başlayırlar. Tənhalıq da bundan sonra başlar. Məsələn: Tarix tanrını içində gəzdirirdi, o təhnalığa düçar olmuşdu. Tanrı olmaq istəmirdi. O, Tarix olmaq niyyətində idi. Amma Tale buna imkan yaratmadı. O, Tarixdən özünə oyuncaq düzəldib onunla oynamaq istədi. Tale içindəki tanrını anlamaq iqtidarında deyildi. Onun tanrısı, ən müqəddəs neməti əmək kitabçası idi. 

Dövlətin həbsxanası onun şüuraltısıdır deyir müəllif. Buraya düşən insan əgər özünü yaxşı aparsa, yemək-içməklə, paltarla təmir olunur. Həyatda azadkən bir tikə çörəyə həsrət qalanlar, burada onlar üçün yaradılmış şərait bir kölə üçün yaradılmış şəraitlə eynilik təşkil edir.  

O, buradan çıxandan sonra həyatda mövqe tuta bilmir. Azadlığı köləliyə dəyişərək yenidən həbsxanaya dönmək istəyir. Dövlətin ona göstərdiyi qayğıya təpik atmağı özünə ar bilir. 

Dövlətin şüuraltısı dənizlə qurunun bir-biriylə qovuşmasına bənzəyir. Quru tərəfdə keçmişdən qalan yaşlılar, dəniz tərəfdə yeni gələn gənc nəsil. Nəsillərarası savaş.  

Həbsxanada yatmaqdan qorxurlar. Yatanda kölə bədəni azad ruh tərk edir. Həbsxananın divarlarını adlayaraq dövlətin şüuraltısından çıxır.İnsan öz şüuraltısına enir. Yuxu dövlətin olmadığı özünlə gerçəklərinin olduğu məkandır. Zamanın həyatdakı zamandan ləng hərəkət etdiyi bu sehirli aləmdən ayılanda, özünü yenə balaca hücrədə olduğunu dərk etdiyində insan dəli olmaq həddinə gəlir.  

 

                                                                                           R (N) 

Uğursuz tarix ölkənin yaddaşını kirlədir. Bizim Tarixin uğursuzluğu Çaldıran döyüşündə məğlubiyyətimizdən başlanğıc götürüb. Ondan sonra qazandığımız kiçik Tarixi qələbələrimizin ömrü repressiya vaxtı öldürülən ziyalarımızın ömrü bərabər götürülə bilər. Ona görə insanlarımız Tarixin qələbəsinə inanmırlar. Hər insan öz Taleyinin qələbəsinə inanır. Çünki bir dəfə məğlub oldunsa, ondan sonrakı döyüşlərdə məğlub olmaqdan çox qorxacaqsan. 

Ölümdən sonrakı həyatın şirin vədləri insanın bədənini həzz almaq instinktindən qoruyur. İnsanlar, əsasən kasıblar öləndən sonra gözəl həyat yaşacaqlarını düşünürlər və buna görə xoşbəxt olurlar. Bəlkə bu bütün deyilənlər yalandır? 

Həyatdan sonrakı həyat üçün həmişə kasıbmı qalmaq lazımdır? Varlılar həyatın hər damlasından həzz alaraq yaşayarkən, kasıblara sadəcə tanrını buraxdılar. Kasıblar tanrını çörəyə, çörəyi isə pula çevirdilər. Tanrı və cənnət vədləri sadəcə dilin yaddaşına yazıldı. Ürəklərdə isə tanrının yeri boş qaldı. 

Stalin qocanın dəftərindən oğurladığı fikirlər sayəsində hakimiyyət taxtını Lenindən aldı. Onun rəqibi Trostki isə ölkədən qaçdı. Stalinə görə ideologiyanın əhəmiyyəti yox idi. Onu güc maraqlandırdı. Trostki Stalindən daha çox kominist ideyalarına inanırdı. Amma Stalin qalib gəldi. O, gücün vücud tapmış halı idi. Ona heç də elə-belə Stalin demirdilər (Stalin rusca polad deməkdir). Polad kimi bərk iradəyə malik Stalinin qarşısında kim davam gətirə bilərdi. O, Tarixin yaratdığı ən güclü fiqurlarından biri idi, bəlkə də birincisi. 

Stalinin bu illərdə yediyi acınacaqlı talelərin ən ağır nəticəsini neçə illər keçməsinə baxmayaraq biz, dəniz kimi daşıb-çoşan bizim gənclik hələ çəkmək məcburiyyətində qalıb. Keçmişdən bu yana üzüqara gəlib çıxan qocaların bəh-bəhlə təriflədiyi o qanlı Tarixin çəkici hələki başımızı döyəcləməkdədir. 

Çikatilodan danışmasaq olmaz. İşgəncə aparatının yaratdığı, əzazil, qəddarlıqda sərhəd tanımayan bu məxluqatın gözünü qan bürüyüb. Vampir təki insanların qanı və canı ilə qidalanan, onları dözülməz əzablara düçar edən Çikatilo Stalinin kiçikdilmiş formasını təmsil edirdi. Dustaqlar ondan ölüm diləyirdi, Çikatilo üçün isə ölüm heç bir məna ifadə etmirdi. Onun üçün əzab vermə ayini daha həzzverici, eyforik hal yaradırdı.  

Həbsdən qaçan məhbusların acığını digər şəxslərdən artıqlaması ilə çıxan Çikatilonun qan anbarı ağzınacan dolub-daşırdı. Şeytanın oğlunun həbsxanadakı nümayəndəsi olan Çikatilo doğulandan belə olmamışdı. Onu bu vəziyyətə salan yaşadığı  şiddət, qayğısızlıq, xeyirxah ailə mühitin olmaması səbəb olmuşdu.  

Müəllifdən bu əsnada maraqlı bir sitat gəlir: "Uşaqlığı cənnətdə keçənlər başqalarından itaət, cəhənnəmdə böyüyənləri isə haqq, əvəz tələb edirlər. Bu tələb birincilərdə təcavüzkarlıq, ikincilərdə qisasalma hissini şiddətləndirir". 

Kaliqula ilə Çikatilo arasında fərq biraz əvvəl romandan yazdığın sitatdan ortaya çıxır. Kaliqula günaha özünü bilə-bilə batırırdı. Günaha batmaqla içindəki boşluğu doldururdu. Kaliqulanın həyatı Çikatilodan fərqli olaraq qayğı içində keçmişdi. İndi aydın olur ki, niyə Çikatilo belə şiddətə meyllidir. Onun həyatda şiddətlə üzləşməsinin, Taleyin şiddətli yumruqlarına məruz qalmasının ağır nəticəsiylə Taleyin şeytan mərhələsindən keçib gəlmiş məhbuslar üzləşirlər. Tarixin qələbə nəğmələrinə inananlar da bu şəxslərlə bir qəfəsə salınaraq inandıqları, özlərini düşünmədən fəda etdikləri Tarix tərəfindən Taleyin isti qucağına buraxılır. Çünki Tarix özü hələ gəncdir, təcrübəsizdir, əli-qolu çox yerlərə çatmır. Bundan istifadə edən qocaman, üzü-üzlər görmüş Taleyin yeni nəsli Tarixin başını bişirərək, qataraq istədiyini onun əlindən bir göz qırpımında qapıb qaçır. Həqiqət çox bar gətirdiyi üçün başını aşağı salan ağac kimi yerə töküləndə iş-işdən keçmiş olur. 

Ölüm və Tanrının Tarixin evinə qonaq gəlməsi, oturub çay içməsi, amma yeməyə qalmayıb, digər qonaq çağırıldığı evə - Taleyin evinə- getməyi bəhanə edərək tez aradan sıvışmasının ümidsiz halı Tarixin evinə ayaq açmış qara pişiyin məzmun üzündə inikas olunur. Taleyin yeni gələn qonaqlarla tezliklə isnişməsi, onlara sığınması evin abu-havasını ölümün anlaşılmaz vahiməsiylə doldulmuşdu. Ölüm Tale ilə sadəcə mazaqlaşkən, Tanrı Taleyi qəlbən sevirdi. Nəticədə Tale dəyişir. Dindar bir qadına çevrilir. Özünü Tanrıya adayır. Əvvəlki həyatındakı yazıb-doldurduğu dəftəri zibilliyə tolazlayıb, özü üçün yeni ömür səhifə açır.  

Tarixin oğlu iki dilemma qarşısında qalmışdı. Həqiqət yoxsa reallıq? O nəyi yazır? Həqiqətimi yoxsa reallığımı? 

Romanın bu yerində bir anlıq dayanıb fikrə dalırıq. Açar kəlmə ovucumuzdadır. Onu bərk-bərk sıxın ki, sizdən heç kim qoparıb almasın.  

Əslində müəllif özü-özünü ifşa edən ipucunu romanın bu hissəsində bilə-bilə buraxır.

Mən deyərdim müəllif reallığı yazıb. Roman boyunca qarşılaşdığımız hadisələrin labirintvari yollarında biz həyatda gördüyümüz, bəzən başa düşdüyümüz, bəzən başa düşmədiyimiz reallıqları Aqşin bizə essevari dilə izah edir. Onun essevari gedişlərinin böyük əksəriyyətində günümüzün reallıqlarının xoşagəlməz, qəbuledilməz həqiqətləri yatır. Aqşin roman boyunca hadisələrinə nə qədər xəyali don geyindirsə də, bu xəyali don get-gedə aşağı sürüşür və biz gündəlik həyatımızdakı qarşılaşdığımız reallıqlarla üzbəüz gəlirik. Həqiqətlər isə bu reallıqlığın ötəsində bir yerdə qərar tutub. 

Tale və Tarixin münasibətlərindəki bir-birini yolaverməzlik, anlamamazlıq sindromu günümüzün ailə reallığıdır. Çıxılmaz ailə reallığı.  

Tarix və Tale romanı cəmiyyətimiz güzgüsüdür. Təxminən əlli, əlli beş faiz. Yazıçı bizə özümüzü göstərməyə çalışır. Bu nöqtədə roman yazan Aqşin ilə esse yazan Aqşin gəlib birinə qovuşur. İkisinin fikirləri üst-üstə düşür. Suda boğulan insanla birgə boğulmağı seçir müəllif. Oxucunu xilas etməyi düşünmür.  

Taleyin Madam Bovari, Anna Karenina tərzi davranışları, biliksizliyi tipik qadınlarımızın prototipidir. Müəllif onu xilas etməyə cəhd etmir. 

Tarix isə Kefli İsgəndər, Çəbiş müəllim savayı həqiqətləri bilən, amma bildiyini insanlara çatdıra bilməyən tipik uğursuzluğa düçar olmuş aydınlarımızın prototipidir. Müəllif onun da xilası üçün heç nə etmir 

Və sonda Tale və Taleyin oğlu qalır. O isə reallıqları yazan şəxsdir. Tale və Tarixin ortasında tərəzidir. Reallıq Taleyin yoludur, həqiqət Tarixin. Bəzən həqiqət ölməmək üçün güllənir. 

Tarix və Taleyin oğlu elə müəllif özüdür. Baxın, yazıçı tam ortada yer tutub. Heç bir hadisəyə müdaxilə etmir. Sadəcə baş verənlərin fəlsəfi, tarixi yolu barədə izahlar verir. 


Romanın riyazi həlli. Düsturlarla və qrafiklə 

(Masanın üstünü açırlar. R. əlində tutduğu qəzeti stolun üzərinə sərir. Hamı diqqətlə yazılan düsturlara bir-bir göz gəzdirir. Qrafikə baxmaq üçün isə masadakılardan hər biri qəzeti əlinə götürərək analiz edir. Yazı burda sona çatır.) 

2 sujet xətti = Hekayə 

Hekayə * esse = Roman 

Roman = Tarix/Tale 

 

K. deyir : Heç birimiz yazının adına fikir vermədik. Yazının adı nə idi? 

N. qəzeti əlinə alıb oxudu: " Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində" . Müəllif T. T. 

Ver baxım görüm həmin adamın şəkli tanış gəldi - deyə K. abi qəzeti almaq üçün əlini uzatdı. Çayxanaya bir şəxs daxil oldu. Səssizlik çökdü. Hamı gələn yeni adama gözlərini zillədi. N. bir qəzetdəki şəklə, bir də gələn yeni adama baxdı. Bu odur - deyə N. qışqırdı. 

Hamı dedi : Kimdir o?

N. dedi: T. T. 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)