Edebiyyat.az » Proza » Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)

Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)

Azad Qaradərəli :     "MORQ ÇİÇƏKLƏRİ"   (romandan parça)
Proza
Nicat Heşimzade
Müəllif:
18:40, 01 mart 2019
3 881
0
"Yazı" dərgisinin baş redaktoru və təsisçisi, tanınmış yazıçı Azad Qaradərələnin martın 5-i 65 yaşı tamam olur. Azad müəllim həqiqətləri yazmağa cəsarəti çatan yazıçıdır. Doğum günü, yubiley yaşı münasibəti ilə Azad müəllimi təbrik edir və "Morq çiçəkləri" romanının "Yazı" dərgisinin 23-cu sayında çap olunmuş parçasını oxuculara təqdim edirik. “ Qopmamaq, kəsilməmək, davam etmək üçün hiss verən, yox olmamaq üçün qərar verən, ağ rahatlıq yaradan sən, atalarımız, böyük atalarımız zamanında Tanrı olaraq yüksəlmisən, yer və dəniz yaradıldığı zaman atalarımız və analarımız sən Tanrısan deyə, yuxarı qaldırmışlar... “ Şaman duası “...16. Budur, sizi qurdların arasına qoyunlar kimi göndərirəm; beləliklə ilanlar kimi müdrik və göyərçinlər kimi məsum olun. “İncil” (Əhdiı Cədid), Matta 10. “Hər kim mömin kimi yaxşı işlər görsə, onun
"Yazı" dərgisinin baş redaktoru və təsisçisi, tanınmış yazıçı Azad Qaradərələnin martın 5-i 65 yaşı tamam olur. Azad müəllim həqiqətləri yazmağa cəsarət edən yazıçıdır. Doğum günü, yubiley yaşı münasibəti ilə Azad müəllimi təbrik edir və "Morq çiçəkləri" romanının "Yazı" dərgisinin 23-cu sayında çap olunmuş  parçasını oxuculara təqdim edirik. 


                         



                                                                                      MORQ ÇİÇƏKLƏRİ


                                                                                      (roman dan parça)*





            




         “Qopmamaq, kəsilməmək, davam etmək üçün hiss verən, yox olmamaq üçün qərar verən, ağ rahatlıq yaradan sən, atalarımız, böyük atalarımız zamanında Tanrı olaraq yüksəlmisən, yer və dəniz yaradıldığı zaman atalarımız və analarımız sən Tanrısan deyə, yuxarı qaldırmışlar... “

                                                                                                                      Şaman duası


“...16. Budur, sizi qurdların arasına qoyunlar kimi göndərirəm; beləliklə ilanlar kimi müdrik və göyərçinlər kimi məsum olun.

“İncil” (Əhdiı Cədid), Matta 10.


“Hər kim mömin kimi yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.” 

                                                            

“Quran”, əl-Ənbiya surəsi, 94-cü ayə.








0


            Günün günortasında qəfil qara buludlar göy üzünü aldı. Dünyamız qara çarşablı qadın kimi qaraya büründü – “qadının” təkcə üzü açıq idi, oradan zəif   bir işıq enib bu qara-quranı ağardır, adamın gözünün ayağının altını görməsinə kömək edirdi. Elə bu an ağ bir yağış başladı və bu ağ yağışın sayəsində “qadın çarşabını başından atdı”, düzü-dünya ağ nura boyandı. Və bu ağ yağışın işığında islana-islana  “Gənclik” metrosunun yanından  burulub qaçqınlar qalan məhəlləyə çatdım. 

           Məhəllənin ağzında şalvarıdüşük bir oğlan uşağı yağışda xoşbəxt-xoşbəxt islanır və göyə elə baxır ki, elə bil yağış deyil, şabaş yağır. Özlərini 6 nömrəli uşaq xəstəxanasının həyətindəki köhnə-külüş daldalanacağın altına vermiş biri uzun-arğaz, o bir gudul-gödərək olan iki kişinin söhbətinə qulaq günahkarı oluram.

            -Necəsən? – Kök, gödərək kişi soruşur.

            -Pis. Sıfır…  - Bu isə uzun-arğaz kişinin cavabıydı.     

            -Axı?..

            -Hə, sıfır ölümdür. Amma ölüm də bizə yiyə durmur. Pisik… 0... 0... 0…

            -Amma dözürük?..

            -Hə, bə nədi, “dözümlü xalq”ıq axı. Bir şeyə fikir vermisən? Bütün qaçqın-köçkün düşərgələrinin spesfik bir qoxusu var. Əvvəl ölüm qoxusu hesab edirdim bunu. Amma sonra  bildim ki, ölüm gözəl şeymiş. Bu yoxluq, heçlik, sıfır qoxusuymuş. Sıfırın qoxusu…

            -Sıfır… “0” rəqəmi..?

            -Sıfır “yox” demək. Yox deyəndə dodaqlar sıfır “yazır”. Sıfır çoxlu sayda, bir-birinə keçmiş zəncir halqaları demək… Sıfır kainatın qara dəliyi demək… 

           O andaca gözümün  qabağını bir-birinə söykənmiş bir milyon sıfır alır. Qaçqın-köçkünlər kimi hər tərəfi əhatələnmiş, əli-qolu bağlı, çıxış yolu və dönüşü olmayan, çox baxanda adamın gözlərini yağır edən mənasız sıfırlar…  Onların bir xeylisin  bura yazıram, amma çox baxmayın, gözləriniz səyriyəcək, başınız dönəcək….       

0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

                        

            

1

            

            

           Bu binanın pəncərələri türmə pəncərəsi kimidir – qısıq, dar, bir az da boğucu. Qozbellikdə tısbağaya oxşayır. Ya da, beli bükük, işləməkdən qəddi əyilmiş, çoxlu qızı olan kasıb  həmkəndlimiz  Kərimqulunun bina variantıdır.  

           Həyətindəki bağçada bitmiş  sarı-sarı güllər adamı sarı qanqal tikanı kimi sancır. (Sarı qanqal tikanı ki var, çox namərd tikandır. Əlinə, ayağına batdımı, dünyanın ən iti gözlü adamı da gələ, tapıb çıxarda bilməz. İynə ilə o yerini deşik-deşik edər, sonra buraxar ki, yəqin çıxdı, yoxdur. Amma elə ki, işləməyə başladın, ucu toxunar harasa, imanını-dinini yandırar. Axşamlar yatağına girəndə bir ağrıdar, inildədər səni, gəl görəsən. Ta ki o yer irinləyənəcən. Elə ki, irinlədi, iynəylə balaca toxunsan, çıxar gedər, dəf olar... Amma bir də o ağrının, o iniltilərin acı xatirəsi qalar səndə. Qanqal tikanı görəndə ayağın yer tutduqca qaçarsan.)

           Hardan tanıyıram onları? Əlimi uzadıb  düm sarı gülləri olan bu çiçəkdən birini çətinliklə  – çox sürüşkəndir, həm də təzəcə yağan yağış islatdığından əldə durmur -  üzürəm və məni müdhiş bir qoxu vurur. (Çiriş dediyimiz yağlı bitki vardı, bizim yastanlarda bitərdi, yığıb digər pencərlərə qatar, qutab bişirirdilər – bu  çiçəkli bitki çirişə çox oxşayır.) Vaxtı ötdüyündən göyərib qıvşamış sarı yağın, ölüyə vurulan vaciba, sidri- kafirin  qoxusuydumu, bilmirəm. Hər nəydisə, adamın burnuna dəyən kimi beynini çatladırdı.

            Haqverdi  (bu, bayaqkı uzun-arğaz  adamla söhbət edən gudul-gödərəkdir), mızıldanıb başını bulayır:

            -Eeeee, niyə əlini ona vurdun axı? Axmax iyisi var... Yadındadı, bizim qəbiristanlıqlarda dolu olardı?.. Qəbir gülüdü bu...

(Bizdə bir pir vardı –  Keçməli  piri deyərdilər adına. Üstündə nəhəng bir çinar bitmişdi – bağrı yarıq çinar.  Həmin yanıq yerdən içəri girib bu nəhəng ağacın elə özü kimi nəhəng koğuşunda şam yandırar, rəngbərəng parça qırıqlarından kiçik yüyrük asar, dilək tutar, dua edərdilər. Həmin çinar-pirin  solunda böyük  zəmi yeri vardı. Bu zəmi yerinin bir hissəsi adına nərgiz dediyimiz güllərlə dolu olardı. Bu güllərin nərgiz olmadığını iki səbəbdən bildim sonralar: birincisi, əsl nərgizin gözəl ətri varmış – bunu Bakıya gələndə görəcəm, çünki bizdə əsl nərgiz bitməzdi. İkincisi, babam bir gün məni də özüylə meşəyə odun yığmağa aparanda bu Nərgizlik dediyimiz  yerdən keçərkən oradakı güllərdən yığmaq istəyimi görüb, “yığma, onun pis iyi var, bunlar qəbir gülüdülər”,- demişdi.)

            Qəbir gülləri...

           Hə, bax, bunu da sonradan biləcəm ki, o adına  nərgiz dediyimiz güllərdən həqiqətən meyit qoxusu gəlirdi, qəbir qoxusu gəlirdi. Onlar nərgiz yox, qəbir gülləri idi. Yaxud da, ölülərin nərgizi...

            Elə bil bu güllər meyid iyinə yerikləyiblər. Harda ölü var, yasa tələsən  çarşablı arvadlar kimi özlərini çatdırırlar. Fəqət, bunların “çarşabı” sarıdır – sarı-sarı güllər.  Meyid gülü... Qəbir gülü...

            Əlində bu güldən bir qom tutmuş 17-18 yaşlarında  oğlan qəfil qabağımızda peyda olur və irişə-irişə deyir:

            -Gül istəyirsiz?.. Arvadların qarnında bitir e bu gül?.. – Sonra şaqqa çəkib gülür. Yalnız indi görürəm ki, şalvarının qabağı açıq olan bu gəncin gözləri aya-çaya baxır; bədbəxt ağıldan seyrək imiş... – Sizə gül verim? Adamın qarnında bitən...

          -Nənaın qarnı yansın, Dılı... Genə ipi qırmısan?.. – Bunu da Haqverdi deyir və oğlanı göstərib gülür. –Səydi dayna. Ağıldan qıvraxdı... Maması çatıynan bağlayır... İpi qırıb yəqin... Ha-ha-ha...

            Uşaq gülləri qoxulayıb “uxaaay” deyir və  yağışın islatdığı əynindən düşən şalvarını dartışdıra-dartışdıra yox olur.

            -Gedək sizin binaya bir baxaq, nə deyirsən?

            -Yazassan? Yazma ha! Nəyinə lazımdı? Yazarsan, gəlib bizi bırdan da çıxardallar, qalarıq düzdə... Zaddı, nəvlim axı... Belə...

            Haqverdi çiyinlərini çəkir. Bir az aralıdakı vaqon-kafedən gələn kabab iyini burnu ilə imsiləyir, sanki mənə bununla işarə vurur. (Buna kənddə Tüstü Haqverdi deyərdilər. Harda tüstü çıxardı, harda yeyib-içmək vardı, özünü ora salardı.) Onun vuran olduğunu bilirəm.   İkimiz də vaqon-kafeyə giririk. 

            Adına vaqon-kafe desələr də, bura vaqon deyil. Köhnə bir PAZ avtobusun içini söküb kafeyə çevriblər. Üç balaca stol, yanlarında da Haxverdi kimi kötük stullar. “Avtobus”un sol qapısı tərəfdə fanerlərdən kiçik bir mətbəx düzəldiblər. Burada manqal qalayır, kabab, lülə, cız-bız, xaş bişirirlər. 

            İki toyuq kababı, bir  adına “çubuş”  dedikləri araq, bir stəkan da “İvanovka” - ağ süfrə şərabı sifariş verirəm. 

            Mən şərabımı  qurtumlayıram, Haqverdi toyuq kababını dişsiz damaqları ilə gəvələyə-gəvələyə “çubuş”dan süzüb içir.

            -Bu avtobusu tanıyırsan? – arağın üstündən xiyar turşusunu ağzına təpib soruşur.

            -Yo-ox,- tərəddüdlə cavab verirəm...

            -Hardan tanıyassan axı? Gör üstünnən nə qədər vaxt keçib? Düz iyirmi dörd il... Bu qədər vaxtda adam doğular, evlənər, hələ dünyaya uşax da gətirər... Biz...Biz... Çox arsız adamıx, qağa... Çox arsızıx eeee, çox... 

            Qəfil ağlamağa başlayır. Görünür arağın təsirindəndir. Kababçı o biri şişi də çəkir nimçəyə və Haqverdiyə toxdaqlıq verir:

            -Haxı, noluf, ə? Ə, bəsdi, ə... Boooyyy... Noluf, ə? Genə qəhərrəndin?

            -Eeee, ay Paz Cangir, saa nə var e... Arsızın yekəsisən... Belə iyirmi dörd ildi o xarabalardan əlimiz üzülüf, ona ağlıyıram!.. Görürmüsən? Bax, bu afdabuz da o xarabanın yadigarıdı... Bı binanın həyətində bitən qəbir gülləri də o xarabanın yadigarıdı... Bax, bu məllim də, - məni göstərir, – o xarabanın yadigarıdı... Mən bədbəxt də o xarabanın yadigarıyam... Bax, o sağa-sola dazıyan dəli Dılı da heylə... Ə, məllim, saa bir söz deyim, amma maa gülmə... – Qəfildən ağlamağını kəsib başlayır ciddi-ciddi danışmağa. – Biz bıra qaşqın gələndə, bax bu ölsün, – şappıltı ilə əlini üzünə çırpır, - bırda qəbir gülü yoxuydu, biz gələnnən sonra ayağımızda gəldi elə bil...



                                                                   2




            -Dayı, dədəm səni çağırır... – İllərin o üzündən axıb gələn səs Haqverdinin səsinə dəyib elə bil broyler toyuğunun kababı kimi ovulub tökülür. Səsin ardınca gedib Dərəağzı dediyimiz yerə çıxıram və Kafan şəhərində yaşayan qohumumuz Nurunu ailəsi ilə Vənin dibində çöllüyə səpələnmiş görürəm. (Burda mən uşaq olanda iri bir vən ağacı vardı və biz istidə onun kölgəsində  qaçışar, bu uzun meşə ağacına dırmaşaraq gizlənpaç oynayardıq. Sonra hansı əliqurumuşsa o vəni kəsdi və o yerin adı eləcə Vənin dibi qaldı – kölgəsiz, ağacsız Vənin dibi...) Bir tərəfdə yorğan-döşək bağlamaları, bir tərəfdə qab-qacaq, bir tərəfdə isə  ümidsizcəsinə yerə baxan, gözlərini bir-birindən qaçıran arvad-uşaq. Mən də yerə baxıram və erməni silahlılarının əlindən qaçan bu adamlara deməyə söz tapmıram. Bir müddət sussam da axır ki, dillənə bilirəm:

            -Bəs bura niyə tökülmüsünüz?

            Bilirəm ki, sual yersizdir. Axı arxamızda yarıuçuq bir daxma var. O daxma Nurunun ata evi olub. İndi xarabası qalan bu daxmadan başqa Nurunun gedəsi yeri yoxdur.

            -Məllim, dedim buranı bir az düzəldəm, çadır çəkəm, uşaxlar yönnəşsin hələlik... Sohra...

            Hündür boyundan, enli çiyinlərindən, gur səsindən utanır elə bil Nuru. Belini aşağı qısır, çiyinlərini yığır, səsi isə öz-özünə qırılır. Sözünün dalını gətirə bilmir. Sozalıb qalır. Və mən başımı qaldırıb direktoru olduğum məktəbə baxıram. İki il əvvəl tikdirdiyimiz bu altı sinif otağından birini bu ailəyə verməkdən başqa çarəm qalmır. 

            Bu noyabr axşamında  bir saatın içərisində məktəbin həyətinə daşınan ailə toparlanmaqda ikən mən də evə gedib onlara yeyəcək bir şeylər gətirmək üçün arvadıma tapşırıqlar verirəm.

            

                                                            ***


            Məktəb binası bizim kəndin yaralı yeri olub. Ondan ki, babamın iki otaqlı kömköhnə evinin bir gözü otağın biri çoxdan uçub-dağılmışdı - məktəb idi. Dörd sinifli bu ibtidai məktəbdə mən də oxumuşdum. Əslində, elə mən doğulan ildən bir az sonra, təxminən 56-57-ci illərdə açılan bu məktəbin ilk müəllimi atam olmuşdu. 

            Əksər kəndlərdə ibtidai məktəblər natamam, yaxud orta məktəbə çevrilsə də, bizdə bu baş verməmişdi. Bir tərəfdən sinif otağı tək bircə dənə idi, o biri tərəfdən isə gərək bunu camaat istəyəydi, tələb edəydi, məktəb binası tikdirəydi, yeni məktəb açdıraydı və sair. Belə baxanda, heç deyəsən, atam da bunu istəmirdi. Pis-yaxşı ibtidai məktəbin direktoru idi. Başını  aşağı salıb dərsini deyir, maaşını alırdı. Ac qulağım, dinc qulağım.

            Hər şey mən institutu bitirib rayonumuza müəllim işləməyə gələndən sonra dəyişdi. Rayonun bir neçə kəndində müəllim işlədim. Hər dəfə o kəndlərdə eyni sualı verirdilər: “Nə yaxşı atan tələb edib kəndinizdə yeni məktəb açdırmır? Yaxşı, başa düşdük, o eləmir, yaşlı adamdır, sənə nə olub, yaxşı qələmin var, yaz yuxarılara. Tələb elə, məktəb binası tikdir. Özün də işlə, arvadın da işləsin, kəndinizin uşaqlarının da canı qurtarsın orda-burda ala-yarımçıq oxumaqdan...”

            Doğru sözə nə deyəsən?

            Amma bəxtimizdən, Sovet hökümətinin kasıblayan vaxtlarıydı. Ərzaq bir yana, sement, şifer kimi vacib tikinti materialları qəhətə çevrilmişdi. 

            Qonşu kənddə məktəb direktoru işləyəndə gözlənilmədən məni raykoma işə dəvət etdilər. Elə ilk işim kəndimizdəki məktəbin vəziyyətini yeni birinci katibə danışmaq oldu. O da gülüb 

bunları dedi: ”Anladığım qədərilə sizdə köhnəliklə yeniliyin mübarizəsi gedir. Atan müqavimət göstərir. Atalar və oğullar problemi... Onu da qınamalı deyil, necə olmasa ata evidir. Ona rahatdır... Sən bilirsənmi nə etməlisən? O maneəni aradan götürməlisən!”

            “Yoldaş katib, nə təhər axı? Atamımı?!”

            “Atanı yox. Atanın bərk-bərk yapışdığı o ata evini – köhnə məktəbi uçurtmaq lazımdır.”

            “Axı necə?”

            “Mən tapşırıram ki, sizin kəndə məktəb binası üçün yer müəyyən etsinlər. Kəndə iri bir buldozer göndəririk. Məktəbin binasının yanlarını düzləyir. Sonra da binanın yanından bir-iki dəfə dövrə vurur və köhnə bina uçub-dağılır. Biz də təhsil nazirliyi qarşısında məsələ qaldırırıq ki, kəndin məktəbi uçub. Və təcili məktəb tikintisinə başlanılır...”

            Beləcə, mənim müşayiətimlə həmin buldozer məktəbimizin binasını yerlə-yeksan elədi.

            Bir görəydiniz bibilərim, atamın qadın qohumları o binanın başına yığışıb necə qışqırışır, ağı deyib ağlaşırdılar. 

            Nəhayət, kəndimizdə yeni bir məktəb binası tikilməyə başladı.

            Və bir neçə ay sonra – 1989-90-cı illərin məşum erməni-azərbaycanlı hadisələrindən sonra  20 Yanvar   qırğını baş verdi. Bakıda insanları gülləbaran etdikdən sonra rayonlara yürüdü rus qoşunu. Bizim rayona da girdilər və Xalq Cəbhəsinin fəallarını həbs etdilər. Məni də işdən çıxartdılar. Amma çox da dərinə getmədən kənddə binası tikilməkdə olan natamam orta məktəbə direktor təyin etdilər.

            İndi qaçqınları artıq dilimizdə yeni sözlər işlənməyə   başlamışdı: qaçqınlar, mitinq, yenidənqurma, xalq cəbhəsi və sair - həmin bu yeni məktəbin bir gözünə yerləşdirib dərindən nəfəs aldım. Guya işimi bitmiş hesab edirdim. Amma yox. Deyilmiş.

            -Məllim, qadan gözdərimə gəlsin, bı kişiyə bir işdən-zaddan da düzəldə bilseydin barı... –Nurunun biçarə arvadı deyir və gözünü yerə dikir. Başım ildırım sürəti ilə işləyir. Elə bil beynimin içində zəngli saat qurulub və zəng çalıb məni nələrdənsə xəbərdar edir.

            -Sən orada gərək ki, avtobus sürürdün? – Nuruya baxıram.

            -Hə, məllim, mənim “De” kateqoriyam var... Kafan-Şəhərcik   arası avtobus işlədirdim.

            -Səhər sənədlərini də götür, gəl gedək rayona, görək nə eliyirik? Onsuz da bizim kəndə bir avtobus şofiri axtarırdım nə vaxt idi...

            Beləcə, Nurunu kəndlə rayon mərkəzi arası işləyən avtobusa işə düzəldirəm. Düzdür, köhnə maşın veriblər, tez-tez xarab olur, amma yoxa lənət.

            Bax, Haqverdinin dediyi o PAZ avtobus – vaqon-kafe həmin günlərin yadigarıdır.


                                    


3



             -Bura vaxtilə morq olub, – bunu kökəlib gudullamış, buna görə də sanki qolları və qıçları gödəlmiş  Haqverdi deyir. Ucuz araq içməkdən qırmızı bibərə dönən burnunu qaşıyır. - Nədi, inanmırsan? Ode ha, bir az aralıdakı 6 nömrəli uşaq xəstəxanasının morq şöbəsi...

            Elə bil bu avtobus-kafe qəfil işə düşür, sürətlə getməyə başlayır.  Və qəfil də əyləci basırlar. Nənəm demiş, ayağımın altından yer qaçır. Tutmağa da bir şey yox. Haqverdidən yapışıram....

            Sifəti meyid rəngində olan bu adam o qədər qeyri-ciddi birisidir ki, hansı sözü ciddi, hansını zarafatla dediyini ayırd edə bilmirsən. Kənddə lağlağı, itoynadan  kimi ad çıxartmışdı. İndi də...

            (İşlədiyim qarabaq.az saytından   –  “Qarabağ dərdi” adlı qəzetimiz bir xeyli var sayta çevrilib - bildirmişdilər ki, həmin bu ünvanda yaşayan məcburi köçkünlər zəng vurub zəhləmizi tökürlər hər gün. “Öz qaçqınlarındır. Get, gör nə istəyirlər. Amma bax ha, elə yaz ki, sabah məhkəməyə-filana düşməyək. Bilirsən də, o Qaçqınkomdakılara dil çatdırmaq mümkün deyil. Sabah iki kilo düyü verib bu zəlil camaatı üstümüzə qaldırarlar. Dəlilnən gəl – səs yazısı, görüntü-filan.” Sonra baş redaktorun gözlərindən bunları da oxumuşdum: “Dinsizin öhdəsindən imansız gələr. Bizə nə var ki?! At özgənin, göt özgənin... Sən, nə qədər olmaya, tanınmış yazıçısan, bunlar bəlkə sənnən çəkinələr. Get və elə elə ki, narazı qalmasınlar bizdən. Yoxsa saytımızı blokladarlar...” )

            -Ha-ha-ha-haaaaa!.. - Haqverdi hırıldayıb gülür və mənim “tərpənən” avtobusdan yıxılmamaqçün ondan yapışmağımı ələ salır sanki. Mən pərt halda qalxıram. O da son tikələrini təpişdirib dalımca çıxır  avtobus-kafedən.

Avtobus-kafedən bir az aralıda üstünə göy çadır çəkilmiş, qabağında  GÖY MARKET sözləri yazılmış mağaza kimiyə giririk. Əslində bu “giririk” sözü düz olmadı,çünki girməlisi yoxdur, üstündə bircə çadırı var, vəssalam. Dörd bir yanı açıqdır. Adını gərək AÇIQ MARKET qoyaydılar. Bir kilo armud, üç kilo alma (bu, nisbətən ucuzdur), bir kilo xurma, bir kilo nar  (bu ikisi həmişə baha olur), bir kilo qoz alıb pulun vermək istəyəndə Haqverdi ortalığa deyir ki, nənəm bananı çox xoşluyur. Məcbur olub üç dənə də banan çəkdirirəm. (Bu zəhrimar da bahadır.)

            Girişdə bizi hörümçək toru kimi bir-birinə qarışmış elektrik kabelləri və su üçün istifadə olunan plastik  borular qarşılayır. İskəndərin məşhur Qordi düyününü xatırladan bu qarmaqarışıqlığa baxanda başım fırlanır...

         Aldığım pay-püşü Haqverdinin arvadına verib “içəri” keçirəm. Bura da əslində, içəri demək düz deyil. Çünki dəhlizi fanerlə elə bölüblər ki, yuxarısı, yəni üstü  açıqdır. Burdakı ailələrin “içərisi” ümumidir. Yəni bu “içəri” fanerin hündürlüyü boydadır. Yuxarı açıqdır və ümumidir. Bu otaqkiminin eni iki yarım, uzunluğu üç metr olar. 

            Burnuma qəribə bir qoxu dolur. Cib yaylığımı çıxardıb burnuma tutmaqdan özümü güclə saxlayıram. Haqverdi narahatlığımı göydə tutur:

            -Görürsən, neçə illərdi buranı  remont  eləmişik, yumuşuq, silmişik, təmizləmişik, dərmannamışıq, xeyri yoxdu ki, yoxdu. O köhnə morqun iyi getmir ki, getmir. Ölü iyidi. Hopub divarlara. Ala, saqqız verim çiynə...

            Cibindən çıxardığı kirli “Dirol”a baxıb, əlini qaytarıram. Bacardığım qədər ağzımla nəfəs alıram ki, bu ölüxana iyini az hiss edim.

            Haqverdinin arvadı  aldığım alma-armudu yuyub qədimi gümüşü vazaya yığaraq masaya qoyur. Haxverdi yenə qəhərlənir.

            -Bu vazanı Mığrıdan almışdım. Bir cüt idi. Birini Arazdan keçəndə itirdik. İndi beləsi çətin tapıla... 

            Bu vaxt Haqverdinin yaşı yüzü haqlamış anası   hıqqıldaya-hıqqıldaya içəri girir. Oğulun ananı görən kimi üzü nurlanır, kefi açılır və arvada söz atır:

            -Bıy, nənə, gəldin? Aaz, nətəəərsən? Kişi istəmirsən day?

            Arvad bir əlini yanbızının üstünə qoyur, o birini gözünə günlük edirmiş kimi alnına tutur:

            -Hıy... Ə, dilıı farağat qoy e... Bı qonax da bizdərdəndi? Kimin kimsənəsidi?

            -Aaaz, bı, belə zadddı, yazandı, pozandı, yazısı daşdan keçir... Görürsən, ağappaq əlləri var, üzü də şumaldı, mənimki kimi qırtışmıyıb, səninki kimi bürüşmüyüb... İstiyirsən, tamahın çəkirsə, əliı vura bilərsən... Üzün əlləşdirə də bilərsən... Ə, Sülü, mənim nənəm baz arvatdı haa! Sən öl, kişi yadına düşəndə uşax kimi ağlıyır Şah Abbasın nənəsi kimi... Ha-ha-ha!.. Hu-hu-hu...

            Haqverdinin arvadı dodağının altında mırtdanır. Bilirəm ki, ərinin qarasına danışır. Adam heç vaxt ciddi ola bilməyib bu altmış ildə. Qızına elçi gəlibmiş. Deyib, bilirəm, aparıb başına nə oyun açassınız, açın, amma siz allah elə eliyin ki, bizə tərəf qayıtmasın...

            Haqverdinin arvadı stola çay gətirir. Nəlbəkiyə baxıram - əlli il qabağın nəlbəkiləridir. Bizim də beləsi vardı. Dərin, qırağı haşiyəli. İndi o qədər işlənib ki, qırağının haşiyəsi gedib. Gözü alır mənim nəlbəkiyə baxmağımı.

            -Hı-hı... Bunnarı da o vaxtlar Kafannan almışdım... Hanı, yoxdu ki... Nə Kafan var, nə Kacaran... Nə Mığrı var, nə Yerevan?! Hamısı getdi... Erməni si...di ağzımızı...

                                                



                                                                  4

            


             Morqun aşağı hissəsində gözüm bir yazını alır: DEPUTAT ASİF ASLANIN QƏBUL GÜNLƏRİ: II-IV-VI. 

            Dönürəm Haqverdiyə tərəf:

            -Bu nədi belə?

            -Booooo, bilmirsən? Asif müəllim tay bura köçüb dana?! Qəbul günnərini burda keçirdir. Sağ olsun, dünən gəlmişdi. Hərəmizə beş manatdan payladı... Hələ maa bir paçqa siqaret də verdi: Viniston! Ağzım dada gəldi...

            -Bəs harda oturur? Kabineti-zadı?..

            -Nə kabinet?! Deyib, neçə ki, siz doğma yurd-yuvanıza qayıtmamısınız, mənə kabinetə girmək, dəbdəbə-zad haramdır... Mən də sizin kimi qaşqınam. Qaşqın debitat!... Ha-ha-hahaaaa!... Gəlir, evdən bir istol gətirirəm, qoyur altına, camahatın dərdinə qulağ asır, köməy eliyir... Allah onu üstümüzdən əskiy eləməsin, Zeynab Xannarova demişkən... Ha-ha-haaaaa...

            Asif  Aslanı xatırladım. Bir oxumuşduq universitetdə. Əvvəl cəbhəyə qoşuldu, boz qurdçu oldu, sonra da o məşhur şairin qızını alıb oldu hökumətin sağ əli... Yazıçılara araqpulu paylayır, qaçqınlara cibxərcliyi verir, tutulanları türmədən buraxdırır... Sonra da gedib prezidentə təriflər yağdırır...

            (Qaçqın gəldiyimizin ilk çağları idi. Özümü bu şəhərdə  lazımsız, kimsəsiz sayırdım. Bir də görüşdüyüm dost-tanış o saat adamı əzizləyir, qucaqlayır, açıq-aşkar sənə acıdıqlarını hiss etdirirdilər.  Bu mənə yad hiss idi. Həmişə mən adamlara əl tutmuşdum, kömək etmişdim. İndi mənə acıyırlar, kömək etmək istəyirlər... Özümü aşağılanmış kimi sayırdım. 

            Nəşriyyatın binasından pillələrlə düşəndə  - liftə girməyə qorxurdum, son vaxtlar o qədər müsibət yaşamışdım ki, elə bil girən kimi liftin xarab olacağını düşünürdüm - Asiflə qarşılaşdım. Məni qucaqladı. Sonra  eynən Haqverdi kimi hırıldayıb güldü. Onun da zarafatıyla ciddisini anlamaq olmurdu. “Ə, lotu, olmaya sən də mənim kimi pillələri ayaqla gəzməyi vərdiş eləmisən? Ə, mənimki idmandı ye, bəs sənə nə olub?! Ha-ha-ha-haaaaa!!! Bıy, ə, qağa, sən qaşqın düşmüsən e, hə. Bağışda səni canın!  Yersiz zarafat oldu. Gəl qalxaq mənim kabinetimə...” deyib zorla məni geri – 6-cı mərtəbədəki redaksiyasına apardı. 

            Məni gen-bol kabinetində oturdub redaksiyanı gəzməyə başladı. Birinin üstünə qışqırdı, birinin anasını, bir başqasının ağzını söydü – özü də sanki bərkdən söyürdü ki, mən eşidim – sonra geri qayıdıb ikimizə də gəlmiş çaydan içdi. Nə fikirləşdisə cibindən bir dəstə pul çıxardıb cibimə basdı və fəxrlə kabinetində gəzişməyə başladı. Sonra qəfil qabağımda dayanıb dedi:

            -Qağa, saa bu redaksiya qurbandı. Bəlkə bizdə işləyəsən?

            O ana söyüşü elə bil təkrar səsləndi və durub Asifin əlini sıxdım, heç nə demədən kabinetindən çıxdım. Bu dəfə gözümü yumub liftə girdim və bu binadan tez çıxmaq üçün düyməni basdım. Lift aşağı enirdi və elə bil məni də özüynən sonsuz bir uçuruma aparırdı. Başım fırlandı. Tutmağa yer olmadığı üçün əlimi cibimə saldım və Asifin verdiyi o pullar əlimə toxundu. Barmaqlarımın uclarına elə bil ülgüc çəkdilər. Və o söyüşlər təzədən eşidildi. Bu dəfə ana söyüşü deyil. “Ə, sənin ağzını..!”)

            Bir neçə il sonra yenidən qarşılaşdıq. Təzə yazıb bitirdiyim romanı yazılarımı həvəslə çap edən jurnaldan qaytarmışdılar. Erməni əsarətində olan bir qadının başına açılan zülmlərdən yazmışdım orada. Baş redaktor dedi ki, bu roman deyil, Azərbaycan qadınını təhqirdir. Yazırsan ki, onu atlarla, itlərlə  cinsi əlaqəyə vadar ediblər. Yaxşı bu heç, bəs o nədi yazmısan ki, erməni əsirlərlə dəyişdirildikdən sonra atası, qaynatası, qardaşı, bacısı onnan imtina edib?! Heç ayıb deyil?! Bu millət sənin deyil?! Niyə onu bu qədər aşağılayırsan?! Bu yerləri çıxart, gətir, çap edək, yüksək də qonorar verək...

            Təbii, imtina edib əsəri qoltuğuma vurdum, soyuq bir yaz havasında Bakı küçələrini payi-piyada  ayaqdan saldım. Saatlarla hara getdiyimi bilmədən o ki var veyilləndim. Bəlkə beş-altı saat idi ac-susuz küçələrdə idim. Dilimin altından acı tüstüdən başqa bir şey keçməmişdi. Bir də başımı qaldırdım ki, gedib Yasamal tərəflərə çıxmışam. Başım hərləndi. Mədəm bulandı və yıxılmamaq üçün maşın yolunun kənarında bitmiş tək akasiya ağacına söykəndim. Bu vaxt yanımda bir cip yeri cırmaqlayıb dayandı. Həmin bu Asif Aslan maşından düşüb boynumu qucaqladı.

            -Süleyman, ə, burda neynirsən?! Niyə bu gündəsən? Xəstə-zad deyilsən?!

            Başıma gələnləri danışdım. Baş redaktorun dediklərini söyləyəndə məni dartıb maşınına əyləşdirdi:

            -Ə, onnarın bayısın si...im! Fikir eləmə!

            Sonra maşını Badamdar tərəfdə bir villanın qabağında saxladı. Villa, nə villa! İki göz istəyirdi tamaşa eləsin.

            -Ə, düş, ə! Düş bir az boğazımızı yaşdıyaq!..

            Elə həyətdəcə, gülün-çiçəyin içində stol açdılar. Beş-altı cür yemək gəldi. Elə beş-altı cür də içki. Acqarına bir stəkan araq içdim ki, canım isinsin. Sərxoş olmarammı? Bir də gördüm, ağlayıram. Asif də boynumu qucaqlayıb... 

            Nəysə, romanımı qəzetində hissə-hissə çap elədi. Və ikinci hissəni gətirəndə dedi, day bəsdi. Bunnarı saa görə elədim. Ala, bu pulu da bas cibinə, day burdan si...dir! Ha-ha-ha! Nə yazmısan, ə orda?! Baş-beynim gedib zəng zəng dalıncan! Nədi, erməninin qayırdığı qəhbə saa qalıb?! Ə, mövzu tapmırsan?! Ə, get, ə, get başıı sal aşağı, çörəyini qazan bala-bulanı saxla... Day belə gijdıllax şeylər yazma... Mən də oxumadan çap eləmişəm, indi zəhləm-zibərim gedif... Get, ağlıı başıa topla...

            Villanın qapısından çıxanda başım hərləndi – içki öz yerində, amma Asifin sözü tutmuşdu məni. “Erməninin qayırdığı qəhbə saa qalıb?!”  “Ala, bu pulu da bas cibinə, day burdan si...dir!..”,   “Day belə gijdıllax şeylər yazma... “

            Və əlimi cibimə salanda barmaqlarımı ülgüc kimi kəsən pullar. Asifin pulları... 

            Bu Asif  belə Asifdir. Məni görəndə qabağıma yüyürərdi. İndi deputat olub, gözü məni alan kimi yolunu dəyişir... 

          ... -Səni niyə tutmuşdular?

            -Nə tutmağı?! – Hirslə üzümə çəmkirir. Və birdən yadına nəsə düşür. Hırıldayır. – Tutmamışdılar ha... Dəlixanaya salmışdılar...

            -Hə, nəsə ona oxşar bir şey olmuşdu. Niyə axı? Sən hara dəlixana hara?! Özün də hökümətin sağ əlisən...

            (Eşitmişdim ki, Haqverdini burda seçki komissiyasına daxil ediblər. Prezident, deputat seçkilərində at oynadır. Cəbhəçi uşaqları döyüb qovurmuş seçki qərərgahından. Hamısı da 5-10 manat pula, bir də içkiyə görə. Hər axşam Haqverdiyə və burda qalan qaçqınlara yaxşı qonaqlıq verirmişlər. Sonra da onların hesabına bülletenləri qutulara doldururmuşlar. Bir dəfə maraqlı hadisə olur. Xarici nümayəndə Haqverdinin əlində bir dəstə bülleten tutur qutuya atanda. Bunu 

müxalifətçilər də görür və aktlaşdırırlar. YAP-ın yerli təşkilatının sədri Haqverdi ilə zarafat etmək qərarına gəlir və o biri nümayəndələrə göz basır:

            -Axşam polis gəlib Haxverdini aparsa, nə edəcəyik?

            Nümayəndələr ciddi-ciddi deyirlər:

            -Bizlik burda nə var ki?! Haxverdinin əlində dəlil-sübut tutulub, özü də cavab versin!..

            And içirmişlər ki, Haqverdi nə təhər qorxursa, işəyir şalvarına...)

            -Orası heylədi heylə olmağına, amma zaddı... Sən burda olanlardan xəbərsizsən, deyəsən?

            -Hansı olanlardan?

            Haqverdi  bir mənə, bir yaşadıqları Morq binasına baxıb ürkək-ürkək pıçıldayır:

            -Gecələr bura ölülər gəlir... Elə sənin dədəni də görmüşəm...

            -Nə təhər yanı?! – Təəccüblə soruşuram.

            -And olsun o bir allaha... Əşşi, niyə and içirəm ki? Axşam gəl, saa da göstərim...                                           



5



            Haqverdinin köməyi ilə digər otaqları da gəzirik. (Bütün otaqlardan meyit, vaciba, sidri-kafir qoxusu, üstəlik o həyətdə bitən güllərin qoxusu gəlsə də, ayrı çarəm yoxdur, bir-bir hamısını gəzib qeydlər etməli, səs yazısı, görüntü götürməliyəm ki, baş redaktorun yanında biabır olmayım.) Mən telefonumla köçkünlərin səsini yazıram, bəzilərini görüntülü çəkirəm. Miraslan kişinin qapısına çatanda dirənirik. Seyidin anası bizi içəri buraxmır.

            -Cəddim haqqı qoymaram! Biz bı hökümətdən yerdən-göyəcən irazıyıx. O zəngi eliyən kimdisə, düşmandı, anarxiyaçıdı, Zinovyevçidi...

            -Nədi, nədi?! – Haqverdi əlini əlinə vurub bu səksən yaşlı qarının sözlərinə qəşş edincə gülür. – Zinovyevçi haaa!..

            -Əşşi, çaşdım dana, rəhməttik dədəm heylə deyərdi, belə cəbhəçidi, müsavatçıdı, Əli Kərimovçudu, İsaçıdı, Musaçıdı... Qardaş, belə biz bu hökümətə canımızı da verərik! Yeməyimizi verir, maaşımızı verir, çörək pulumuzu verir, hələ ode ha, qaşqın şəhərcikləri də salır, inşallah bizi də bir gün bu morqdan köçürəcəhlər...

            -Hardan?! – Mən əlüstü arvadın sözünü ağzından qapıram.

            -Morq... Nəvlim axı, deyillər bıra vaxtıykən morq olub... Olub-olub dayna...

            Haqverdi qapını itələyib içəri keçmək istəyir. Bu vaxt əlində balta Miraslan görünür. Haqverdiylə yaşıd olan bu kişini çöldə-bayırda görməzsən. Haqverdidən öyrənirəm ki, işi-gücü arvadıynan domino düzməkdir. Bir də anası Gülsabahla söyüşmək. Həm hökumət bunlara yaxşı baxır, həm də camaat azdan-çoxdan gətirib nəzir verir. (Sonralar Haqverdi gülə-gülə danışırdı ki, hökümət  qaçqınlara ərzaq gətirəndə hər kəs öz payından seyidə nəzir verir. )

            -Az Seyid  Gülsabah, belə dur görüm! Sən öləsən, bir bəd dua eliyərəm... Duanı neynirəm axı?! Baltaynan şaqqalıyaram sizi... Bizim heş nədən şikayətimiz yoxdu! Kefimiz ala buluddadır...

            Birdən kişinin gözü məni alır və baltanı aşağı salıb gülümsünür:

            -Boy, məllim, sənsən?! Haxı, üzün qara olsun! Məni niyə bu kişinin yanında üzü qara elədin?! Elə bildim ki, o qırışmalların adamlarınnandı... Keçin, keçin içəri... A Gülsabah, belə dur görüm...

            Seyidin anası seyid Gülsabah qorxa-qorxa mənə baxıb qapıdan çəkilir. Və biz içəri keçirik. Bu balaca dəhlizdən üç qapı açılır. Hər qapının arxasında dərviş hücrəsinə oxşar balaca otaqçalar var. Seyid utana-utana qapının birini göstərir:

            -Burda ziyarətçilər var... İstəsəniz...

            Maraq güc gəlir və elə bu qapını açıb içəri keçirik. Gənc bir qadın dik ayaq üstə dayanaraq əllərini göyə açıb. Dodaqlarının altından nəsə deyir.

            -Məfkurənin qızıdı bu? Ə bunun toyu  iki ay dəyil olub, bura nəyə gəlib?! Olmuya uşax istiyir?!

            -Hə, cəddim haqqı, gəldiyi üç gün dəyil, allahın mehrinə tuş gəlib...

            -Az, ərinə de, qoy gecələr çox çalışsın... –Haqverdi mənə göz basır və biz bu hücrələri tərk edirik.

            -Ə, bunların şəhərin dörd bir tərəfində evləri var e! – Haqverdi hirslə bağırır.

            -Bəs bu hücrələrdə nə qayırırlar?

            -Nəzir-niyaza görə burda qalırlar... Avam millətdi dana. 

         Yenə bir qapıda ilişirik. On beş yaşlarında məsum qız qapını kəsib, olmaz deyir. Haqverdi hirslə uşağı itələyib qapını açır və açıq qapıdan sidik, pox iyi vurur məni. Buna baxmayaraq içəri giririk. İlk gördüyümdən sarsılıram: bayaq rastlaşdığımız Dılını kəndirlə çarpayının dəmirinə bağlayıblar. Bu doqquz kvadrat metrlik yerin yarısın  elə bu çarpayıyla Dılı tutub. Və pəncərə önündə üzü bayıra dayanmış  qadın görünür. O bu dar pəncərədən baxdıqca çiyinləri atlanır. Sonra bizə tərəf dönüb ağlaya-ağlaya deyir:

            -Əslində, zəng eliyən mən idim... Amma bu halımızla sizi məyus eləmək istəmirdim... Ona görə qapını açmaq... gərək bağışlayasınız...

            Dılı yenicə islatdığı şalvarının  açıq zəncirbəndini (deyəsən, zəncirbənd qırılıb) dartışdırır, sonra ayağına bağlanan ipi çəkir, ağlamsınıb deyir:

            -Sizin də bacınızın qarnında uşax var? Doğacax? Hı-hı-hıııı...

            Qadın əlindəki taxta qaşığı qaldırıb Dılıya qıcanır. Oğlan çarpayıya qısılıb zarıyır. Hiss olunur ki, onu tez-tez döyürlər. Bədənində  göyərmiş yerlər, qançırlar var. Mən qadının əzab çəkən gözlərinə daha baxa bilmirəm. Özümüzü güclə bayıra atırıq. 

            Haqverdi məni yanlayıb qulağıma fısıldayır:

            -Nərgiz xanım müəllimədir. Əri bunları buraxıb Rusetə gedib düz on ildi... Yaxşı qadındı. Amma heyf ki, cəbhəçidi...

            -Dayan bir. Dılı nə deyirdi? Bu gül qızların qarnında bitir... Bacı, uşaq-filan? 

            O başını qaşıyır. Hiss olunur ki, bildiyini danışmaq istəmir. Mən onu ürəkləndirirəm:

            -Bunları yazmayacağıq təbii. Sadəcə maraq güc gəldi? Nə məsələdir?

            -Dılının bacısı, həmin o qapını tutan qız kimdənsə hamilə qalmışdı. Anası qarnını ayaqladı. Uşaq  düşdü. Sonra da aparıb altı aylıq körpənin meyidini  tualetə atmışdılar. Elə səhəri Dılı bütün məhləni doldurdu ki, bacımın qarnında uşaq vardı, anam tulladı tualetə... İnanırsan, qadın onu əvvəl oxlovla, sonra da burulmuş məftillə o qədər döymüşdü ki, bədənində sağ istahat yox idi. Səsi hələ də qulaqlarımdadı...

            -Niyə dəlixanaya vermirlər?

            -Nə bilim? Anadı də... Umudluydu ki, bəlkə düzəldi... Əslində...

            -Nə əslində?

            -Bı gədə sonradan dəli oldu... Yalançılar sözü, deyirlər bacısına bu sataşıbmış... Uşaq bu ölmüşdənmiş... Düzdü, səyliyi vardı, amma indiki kimi deyildi... Anası başına nə oyun açdısa, bu günə düşdü... İndi də aparmadığı həkim, ocaq, pir qalmayıb... İstəyir sağalsın, day da xarablaşır... Allah heç kimə göstərməsin... Pox yeyirəm, ay allah! Ağzıma daşlar-torpaqlar... Uşaqlarım var, nəvələrim var...

            Bir qapıda dayanırıq. Haqverdi qapını döyür. 

            -Bı ev də Lələnindi... Evdə tapılmır ki, Lələ. Bırda olseydi, zor olardı, bir az danışdırıb, kayf tutardıx... Amma zarafat öz yerində, yaman kəllədi haaa!

            -Adı nədi?

            -Lələdi, Lələ! Lələ - kələ! Ha-ha-haaa!.. Yox, kələliyi-zadı yoxdu, sözgəlişi dedim. Bir dəfə dedim ə, Lələ, gəl səni evləndirim, dedi, mən ətənəmi udmuşam!.. Qısramışam... Vay sənin evinəcən... Ətənə haaa!.. Lələ, ay Lələ! Ə, evdəsən?! Lələ, ay Lələ!.. Lələ nə gəzir, ə! Peşəsidi: aylarnan yoxa çıxır. İtir, batır, sonra qəfildən peyda olur. Elə bil  mahrasadı, cin-şayatindi. Amma neynirsən? Zalım söz ustasıdı. Elə sözlər danışır, az qalır adamın başınnan papağı düşsün. 

Bir dəfə maa nə desə yaxşıdı? Deyir, ay Haxverdi, sənin də, mənim də eşqimizi amputasiya eliyiblər... Day bizə eşqlənmək olmaz... Ha-ha-ha! Gör ha!..

            Sonra Haqverdi nə düşünürsə, başını qaşıyıb gülür:

            -Eeee. Maa bax e... Məllim, sən onu tanıyırsan də... Bayaxları o ağ yağış başlayanda bax, o tində mənimlə söhbət eliyən uzun adamdı də Lələ... Deyirəm axı... Hara isə tələsirdi... Hə-hə! Dedi, ölü yeri var... indilərdə gələr...

            Mən isə o “filosofu” xatırlamağa çalışıram və sir-sifəti deyil, sözləri yadıma düşür:

“Sıfır “yox” demək. Yox deyəndə dodaqlar  sıfır “yazır”. Sıfır çoxlu sayda, bir-birinə keçmiş zəncir halqaları demək… Sıfır kainatın qara dəliyi demək…” 

            Qapını döysə də, cavab verən olmur.

            Ayaqlarım gücdən düşüb. Elə bil daş asılıb. 



 6

            


            -Bura bizim rayonun eşq qapısıdı, qağa. Yazanda elə belə də yazarsan... Ha-ha-haaaa!.. 

            -Nə qapısı? – Təəccüblə soruşuram. Haqverdi məşhur gülüşünü işə salsa da qəfil boğulur, gülüşdənmi, ya nədənsə gözləri yaşarır. Səsi qırılır. Kürsəyə gələn qancıq kimi  zəngiltiyə oxşar səs çıxardır və baxıram ki, ağlayır. Elə ağlaya-ağlaya bu dar dəhlizdəcə aşağı çökür, sancı çəkirmiş kimi içini döyür  və handan-hana qəddini düzəldib lap astadan danışmağa başlayır:

            -Sən onda gərək ki, Bakıdaydın, ya nəydisə bir müddət səni rayonda görmədim. Bu qız – Göhər - bizdən bir az aralıdakı kəndin ən gözəl qızıydı. Onuncunu təzə bitirmişdi, özü də yaxşı oxuyurdu. Elə sənədlərini instuta vermək üçün Bakıya getməyə hazırlaşırdı ki, dava başladı. Qızın qardaşı Əşir də, onu dəli kimi istəyən Muğan da getdilər müharibəyə, özü də könüllü. Bilirsən dayna, bu Göhər Mizəffərin qızıydı. Mizəffər də bir it idi, it! Elə davanın şirin yerində qızın qardaşına güllə dəydi. İncəvara ölmədi. Amma Ağdamdakı qospitalda ayağının birin kəsdilər... Xata xata üstən gələr deyiblər. Oğlu heylə olanda analarını udar vurdu,  paralic oldu. Qonşu kənddən Əflətin adlı bir gədə Göhərə elçi düşdü. Dədəsi versə də, qız daş atıb başın tutdu. Dedi, həşəbə xeybər, getmərəm. Qardaş, hər axşam camahat yatana yaxın bı kişi qızı salırdı qəyişin altına mal kimi budayırdı. Yazıq qardaşı bir ayağıynan, qəsdilini sürüyə-sürüyə özünü qabağa verirdi, kişi şikast oğlunu da qatırdı qızına, pis-pis söyüşlər söyə-söyə çırpırdı.

            “A sizin nənaızın ağzın si...m! A sizi əkib-doğan zırbazır olsun! Biriniz çolaq, biriniz də söz qanmıyan!.. Mən neynirəm sizin kimi  əyalı?!. İnnən belə bu ailəyə kim baxacax? Mən, bir azdan qocalıb əldən düşəcəm, ananız da heylə. Camahat qaz vurdu, qazan doldurdu, sənin qardaşın da getdi ayağını qoydu müharibədə, şikast qayıtdı... Mən nə deyirəm ki?! Deyirəm səni istiyən varlı-hallı bir oğlandı, əli pulnan oynuyur. Altında maşını, əynində par-par parıldayan qəstum, ayağında cır-cır cırıldayan çəkmə... cibi də dolu pulnan... O gədəni neynirsən?! Səhər-bürüyün  ya bir havayı gülləni soyudacaq, ya da qardaşın kimi şikast qayıdacax...” 

            Haqverdini heç belə görməmişdim. Həqiqətən səsi qırıla-qırıla danışır. Siqaret yandırıb davam edir:

            -Xüləsey kalam, kişi qızı döyə-döyə verdi e Əflətinə... Hə, bu Əflətin də nə Əflətin! Özü hardasa texnikom qurtarmışdı. Bir ara kalxozda aqronom da işlədi. Elə ki, bu yenidənqurma, aşkarlıq çıxdımı, tüpürdü kalxoza, qurşandı alverə. Bir köhnə jiquli aldı, özünü verdi Cəlilabad bazarına. Ordan   bakuş, xurma, saqqız, qənd-pesok – qəndin, pesoğun* qıt vaxtlarıydı - daşıdı, satdı, oldu milyoner... Əyni-başı dəyişdi, təzə maşın aldı. İkimərtəbə ev tikdirdi...  Araz qırağında bir restoran açdırdı (adı restoranıydı ha, əslində qəhbəxanaydı), icra başçısıyla əlbir olub rayonun baramasını İranda pesoğa, qəndə dəyişdi, işləyən traktorları, maşınları metallom adıynan İrana satdı... Day nə oyun qalmadı çıxmasın?.. Axırı da bizim bu gözəllər-gözəli Gövhərə elçi düşdü. Elçi düşdü nədi, üç gün, üç gecə toy vurdurdu... Toy axşamı Muğan başının silahlılarıynan gəldi kəndə... Qağa... Burasın danışa bilmirəm. Ürəyim sancır, vallah!..

            O doğrudan dəyişmişdi. Ciddi bir adam olmuşdu. Üzü odda qızarıb, sonra soyuyan dəmir rəngindəydi. Gözləri isə alışıb-yanırdı. Göz yaşlarını qoluyla silib davam elədi:

            -Mən bunnarı saa danışdıxcan, özüm də yüngülləşirəm e... Ona görə danışıram. Gör üstünnən neçə illər keçib... Heç kimə belə ürəynən danışmamışdım bunları... Hə, Muğan o gecə toydan çıxmadı. Avtomatını göyə qaldırıb bir-iki daraq patron boşaltdı göyə və sonra manıs Nüsrətdən mikrafonu  aldı, oynaya-oynaya sevdiyi bir mahnını oxudu:

                        ...Əziz dostum məndən küsüb, incidi,
                          Ayrılıb yad kimi çıxdı evimdən.
                          Gəldiyi yolları ot basıb indi
                          O gedib qalmışam həsrətində mən...


            Qulu Əsgərovun səsinə oxşar yağlı sələ ikinci bəndi oxuyanda özü də ağladı, toya yığışan qız-gəlin də yasa batdı. Avtomatını saz kimi sinəsinə basıb oxudu, oxudu...

          Qağa, qağa! And olsun o qolları qələm Həzrətabbasa ki, o gecə hamı Əflətinə qarğış elədi. Bütün kənd Muğanın dərdinə yandı... Axırda bilirsənmi nə oldu? Əflətin arvadını da götürüb Bakıya köçdü. Bir ilin tamamında rayon camahatı çıxanda Əflətin gəlib qaynatasını,  şikast qaynını maşınına qoyub Bakıya aparanda  Qaradiz yolunda erməni qrad atdı, düşdü maşının üstünə, hamısı yanıb kül oldu. Göhər qarnı burnunda Bakıda tək-təkana qaldı... 

           Bizim arvadların bir qarğışı var: “Yorğanıınan əriyəsən, döşəyiınən çürüyəsən...” Hə, qağa, Göhər qarnındakı o uşağı salamat doğa bilmədi. Uşaq ölü oldu, o heç. Amma Göhər də sağalmaz dərdə düşdü. O gözəllikdə gəlin bir çəngə oldu... Əflətinin anası, bacıları yığışıb Gövhəri xəstə-xəstə ər evindən çölə saldılar. Yazıq qadın qaldı  küçələrdə... Amma neynirsən? Muğan gəldi, Bakidə Göhəri tapdı. Bax, bu Morqun lap yuxarısında, bax, burda öz əliynən ona bir otaq tikdi. Yanında da özünə bir budka kimi qaraladı. (Bax, o gördüyün balaca budka onundu.) İndi, ay qağa, iyirmi ildən çoxdu o Muğan Göhərə xidmətçidi... O xəstə qadının bazarlığın eliyir, xörəyin bişirir, altın təmizliyir, suya salır... nə bilim axı, ay Süleyman müəllim, bunlar təzədən sədd açıblar. Mən görməmişəm, deyirlər Göhər də babatlaşıb, saçları ağarsa da, rəngi-urufu yerinə gəlib... Amma illacı yoxdu dana... Özü sərbəst hərəkət eliyə bilmir... Nə bilim axı... vallah deməyə də dilim gəlmir... bunnnar burda Leyli-Məjlum olublar, qağa...

             -Neyləyək? Girəkmi onların mənzilinə? – Mən ürəksiz-ürəksiz soruşuram.

            


----------------------------------------------------------------------------------------------------------------

*Azərbaycanın bəzi rayonlarında şəkər tozuna “pesok” deyilir.




         -Mən yox, qağa, mən pox yeyirəm!.. – Haqverdi qətiyyətlə dillənir. – Mən onlara baxa bilmərəm... Onlara baxanın gərək təmiz ürəyi olsun, mənim kimi piyanskanın onnarın yanında nə işi?! Axı heç maa qapı da açmazlar onlar!.. Muğanın mənnən arası yoxdu... Göhəri deyə bilmərəm... Amma o gədə xatadı, vurar çənəmi-zadımı qırar... Dəlinin biridi...

            -Muğan heç evlənmədi bu illər ərzində? – Mən soruşuram.

            -Nə evlənməsi?! – Haqverdi hirslə deyinir. – Ağzımda bir qurannıx söz danışıram... O xəstə qadınla ər-arvad kimidilər, ya nədilər?! Baş açmaq olmur... Ailəsi də Muğannan üz döndərdi ki, Əflətinin artığına tamah salıb... Amma onun vecinə də deyil... Gedir, işləyir, qazanır, gəlir Göhərin yanına. Axı Muğanın yaxşı qabliyyəti var – bir evi noldan başlasın, tiksin, krışasın vursun, suvasın, malyarkasın da eləsin, versin sənə... Əli pulnan oynuyur... Deyirlər, hardasa torpaq alıb, ev tikir. Göhəri də götürüb çıxacax burdan... Onlar   da gedənnən sohra bura qalacax ituluyana... Bura morqdu, morq...

            O hönkürüb ağlayır. Gəlib-gedənin Haqverdiyə baxdığını görüb qoluna girirəm və buradan aralanırıq. (Düzü, bu aşiqləri görmək yaxşı olardı. Amma Haxverdinin sözü vurdu məni: “Onlara baxanın gərək təmiz ürəyi olsun...” Əcaba, məndə o ürək varmıydı?! Mənə qapı açardılarmı onlar?.. Belə adamlar  sadəlövh olurlar, bu belədir. Amma onlar vergili olurlar həm də. Yaxşı adamla pis adamı idimindən bilirlər. Baxışından, duruşundan tanıyırlar. Mən də ki, nə bilim axı, bu illər ərzində nə qələtlər eləmədim?! Tale məni də əydi yay kimi. Düzdür, sınmadım, gərildim, əyilsəm də, əzəlki halıma dönə bildim. Bir çətən külfəti saxlamaq üçün nə oyunlardan çıxmadım. Amma... Hə, amması odur ki, mən də ürək eləmədim bu qapını döyməyə. Bu pak adamların qapısını döyənin... Eeeeeh!.. ) 




                                                            7 



             Haqverdi qabaqda, mən arxada daha bir mənzilə giririk və elə girdiyimiz yerdəcə qalırıq: daha tərpənməyə  imkan yoxdur. Metr  yarım eni, iki metr  uzunası olan bu yerdə bir elektrik sobası, bir az qab-qacaq,  qatlama çarpayıda yorğan-döşəkdə uzanan və başını ağ çalma ilə sarıyan yaşlı adam. Bizi görüb qımzanır. Amma qalxa bilmir. Nəhayət, mən onun üzünü görürəm. Bu, yetmiş yaşlarında bir kişidir. Diqqətlə baxsam da, tanıya bilmirəm – bizim tərəfin adamlarından deyil. 

            -Bu, Adil dayıdı. Hadrutdandı. Arvadı ölüb. Qızları ərdədir. Oğlu da şəhid olub. Elə bu budkada tək-tənha qalır...

            Kişi axır ki, qalxa bilir. Mən bu qəbir-evdə ölümünü gözləyən zavallı  insanın üzünə baxıram. Gözlərinə dərin zülmət çöküb. Yanaqlarındakı çuxura yumurta yerləşər. Ağzını açanda dişsiz damaqları uşaq damağı kimi işıldayır. 

            -Əyləşin deyərdim, amma yer olmadığınnan taburetkaları kəlidora qoymuşam... Haxverdi, seçki məntəqəsinnən gəlif qonax? Biz onsuz da səsimizi vermişiy çoxdan. Heş paşportumu da onnardan almamışam. Neynirəm axı? Qoy elə orda qalsın... Onsuz da hər dəfə seşki olanda...

            Qoxudan başım partlayır. Haqverdiylə gözləşib bayıra çıxırıq.

            Amma Haxverdi məni bu binanın zirzəmisinə endirmək istəyir.   Getmirəm. Ruhum uçub bədənimdən. Əllərimi yuma bilmirəm – barmaqlarım qatlanmır. Gözlərimin qabağını da kölgələr basıb. Bir şeyi iki görürəm. Az qalıram yalvaram ona:

            -Daha bəsdir, gücüm tükənib. Özümü pis hiss eliyirəm...

            -Ə, ə, saa bilirsən nə göstərəcəm? Əsl morq görmək istəmirsən?! Bizim qaşqınnar Morqu zəbt eliyənnən sonra, bax, bu padvalı uşaq xəstəxanasının morq   şöbəsi elədilər... Gedək,  şanlı xalqımızın əməlləriynən tanış ol dana, ə! Adıı da yazıçı qoymusan...

            Halım pis olsa da, marağımı boğa bilmirəm. Çar-naçar Haqverdinin dalına düşüb yarıqaranlıq zirzəmiyə enirəm. O, cibindən açar çıxardıb dəmir qapını açır və əlini irəli uzadıb deyir:

            -Haxverdinin kabinetinə xoş gəlmisən!.. Niyə heylə baxırsan? Mən on beş ildir burda işləyirəm... Yavaş, yıxılarsan... Bir az iyli-qoxulu yerdi. Amma neyniyəsən? Bura olmasa, maaş ala bilmərəm. Hər gün araq içə bilmərəm...

            Çiçan ölüsü iyi dolur burnuma. (Rayonda, nənəm demişkən,  şad-şalayın günlərimizdə məni raykoma işə dəvət etdilər. Kim istəməz raykomda işləməyi? Təbii, mən də istəyirdim. Amma 1987-88-ci illərin ağır vaxtlarıydı. Partiyanın, raykomun, hətta ölkənin taleyi qaranlıq görünürdü. “Nə olar-olar”, deyib razılaşdım. 3-cü katibin qəbuluna apardılar. O da qəbuldan sonra məni ideoloji şöbənin işçilərinə təqdim etdi və birinci mətrəbədəki kabinetimizə düşəndə şöbə müdirimiz qapını açıb masamı göstərdi. Amma  içəri girə bilmirdim. Elə astanadaca bir kəsif qoxu məni tutub saxlamışdı. Müdir mənim niyə içəri girmədiyimi soruşmağa hazırlaşırdı ki, birdən xəfif-xəfif gülüb, “hə, anladım, qoxu məsələsi” dedi, qolumdan tutub içəri çəkdi və müdrik görkəm alıb mənim masamda əyləşdi.

            -Bilirsən, - dedi, - partiya işçisi hər cəfaya dözməlidir. Ölkəmizin canına darışan kəsəyənlər, yırtıcılar aparata da dadanmışdı. Məsələni büro iclasında müzakirə edib qərar verdik ki, yırtıcıların, müftəxorların kökü bir sinif kimi kəsilməlidir! Ona görə də sanepistansiyaya zəng vurduq, gəlib kabinetlərdə polların altına deşiklərdən siçan dərmanı tökdülər. Və beləliklə də, krısalar məhv oldu. Amma neynəmək olar, bu yırtıcıların ölüsü də bizimlə mübarizə aparır... Bax, qoxuları raykomu bürüyüb!.. Minə dözən, min birə də dözməlidir. Səfasın çəkirik, cəfasına da sinə gərməliyik!..

            O gündən istidə, soyuqda bir gün də pəncərələri bağlamadım. İt kimi peşman olmuşdum bura işə gəldiyimə görə. Evə gedəndə də üstümdən siçan ölüsünün qoxusu çəkilmirdi. Raykomun işçiləri bu müdhiş qoxunu özləri ilə bütün rayon boyu gəzdirir, hamıya iylətdirirdilər.)

           Qusmamaq üçün cib yaylığımı çıxardıb burnuma tuturam. Bir kiçik otaqdan o birinə keçirik və Haqverdi qapını açanda  şaxtalı hava üzümə çırpılır. Təxminən beş eni, yeddi uzunluğu olan   bu məkan, əslində soyuducu otaqdır. Bir metr, yaxud metr yarım  uzunluğunda stollar yan-yana düzülüb. Üstlərinə də ağ mələfə çəkilib. Haxverdi  stolun birindən mələfəni qaldırır və gördüyüm mənzərədən ürəyim sancır: üç yaşında  qız uşağının göyərmiş cəsədini bura uzadıblar. 

            -On beş gündü burdadı... Gəlib aparan yoxdur. Bilmirəm, yiyəsi kimdi, nəçidi? Bir onu bilirəm ki, uşağın anası yoxdur. Nənəsi gətiribmiş. O da ölüb, uşaq qalıb yiyəsiz. Atasını axtarırıq ki, bəlkə gəlib beş-on manat versin, aparıb sahibsizlər qəbiristanda quylayaq.

            -Bəlkə tapmadınız?! - əsəbi halda soruşuram.

            -Onda baş həkimnən bir araqpulu alıb, xəstəxananın maşınına qoyacam, aparıb kimsəsiz uşaqlar qəbiristanda basıracam... Ha-ha-ha!

            Bu adamın gülüşü bu soyuq otağı bir az da soyudur. O isə daha şövqlə o biri stoldakı mələfəni qaldırır. Bu, bir yaşında uşaqdır. Heç qızlığı, oğlanlığı bilinmir. Çünki qıçının arasına pambıq basıblar. Uşağın üzünə baxıram – gözüm  ağrıyır. Bu üzdə əzab, işgəncə var. Elə o acıları çəkə-çəkə ölüb. 

            -Nədən ölüb bu uşaq?

            -Bu oğlan-qız imiş. Sən də bağışla, həm s...i varmış, həm am...ı.   Ha-ha-ha!... Burda bir uzman var, Türkiyədə oxuyub, gəlib; uşax cərrahıdı. Aperasiya eliyib ki, düzəltsin, çıxmıyıb apresdən. Həkim deyirdi ki, o yer zərif yerdir, lap ürək kimi...

            -İndi bunun axırı nə olacaq?

            -Heş nə. Anası ağlaya-ağlaya iyirmi manat verdi maa. İndi gözlüyürəm ki, bir-ikisinin də yiyəsi çıxsın, qatım bir-birinə, aparım quyluyum dana. Bir uşax meyidinə görə o boyda yolu maşın sürmək olmaz axı... Optavoya keçmişik... Ha-ha-ha... Hu-hu-hu... Bının benzini var, yer qazmağı var...

            -Yeri kim qazır?

            -Orda nə çoxdu boş qəbirlərdə yaşayan bomj piyaniskalar? Bir çubuşa bir çala qazıb atırlar ora, üstünü örtürlər... Ya da özüm qazıram... Neynim e, müsəlmançılıqdı dana... Çöldə qoysam, it-pişik yeyər,  o dünyada  nə cavab verərəm? Yaxşısı oradı – kimsəsizlər qəbiristanı...

            (Yadıma anamın dayısı Rəsul baba düşür. “Müharibə vaxtı kənddə kişi qalmamışdı. Az qala həftədə bir adam acından, xəstəlikdən ölürdü. Arvadları, yeniyetmə oğlanları başıma yığıb qəbir qazar, meyidi o çalaya atıb üstünü torpaqlayardım. Əslində, hər müsəlmanın borcudu ki, üç ölünü yusun, kəfənləsin, dəfn eləsin. Beləsinin yeri cənnətdi...” 

            Belə çıxır ki, indi bu piyanska cənnətə düşəcək?..                   

            Elə bu vəziyyətdə gülümsünürəm və yenə yadıma o kişinin söhbətinin davamı düşür. “Müharibə bitənnən otuz il sonra Bakıdan bir oğlan gəldi kəndə. Maşınını düz bizim qapıya sürdü, mənimlə görüşüb dedi ki, dayı, mən Əbülhəsən kişinin oğluyam. Atam öləndə mən körpə idim. Detdoma verdilər. İndi əlim iş tutur, pulum-param var. Atamın qəbrini özümə 

yaraşan kimi götürmək istəyirəm. Sən basırmısan atamı. Gedək, yerini göstər, Bakıdan baş daşı gətirmişəm, ustalar qəbiri düzəltsinlər, baş daşını bitirsinlər...”

            

            Rəsul baba  deyir qocalmışdım, gözüm də yaxşı görmürdü, fəhmim də qabaqkı deyildi. Kərimqulunu çağırdım, dedim, a bala, sən onda cavan uşağıydın, maa kömək elədin, Əbülhəsənin meyidini basdırdıq. Ora haraydı?..

            Kərimqulu köpəy oğlu düşdü qabağa, hara apardı bizi? Düz on il əvvəl ölmüş dədəsinin qəbirinin üstünə. İstədim dillənəm, əlini ağzına apardı. Day dinmədim...

            Nəysə, uzun sözün qısası, ustalar qəbiri götürdülər, baş daşını da üstünə bitirib çıxıb getdilər. Kərimqulu axşam tərəfi bizim qapıya gəlib nə desə yaxşıdı? “Ay, İrasul əmi, başına dönüm, mənim pulum-zadım hardadı qəbir götürəm, baş daşı düzəltdirəm. Dedim, qoy Əbülhəsənin baş daşın mənim dədəmin üstünə bitirsinlər, ruhu şad olsun, sevinsin kişi...”

            Bu xaraba ölüxanada özümü güclə tuturdum şaqqa çəkib gülməməkçün...)

            Haqverdi isə dil qəfəsə qoymadan danışırdı:

            ...-kimsəsizlər qəbiristanında taxtaya-zada adların yazırıq. Onlar da düşüb itir, qəbirlər qarışırlar bir-birinə... Qabaqlar qardaşlıq məzarları vardı e, sovet dövründə... bax elənçinə...

            -Kimsəsizlər qəbiristanı? 

            -Hə, Bakının çıxacağında, adını da yaxşı bilmirəm yerin, boz bir səhralıqdı. Böyüklü-kiçikli bütün kimsəsiz ölüləri orda basdırırlar. Biz də ora aparırıq belələrini.

            Haqverdi danışa-danışa başqa bir stola yaxınlaşır. O bu meyitlərin arasında qəssab ət dükanında gəzişən kimi gəzişir. Və növbəti mələfəni qaldıranda bağırır:

          -Vay nənə, vay!..

            Sonra qaçıb küncə qısılır. Əl-ayağı əsir. Qorxudan dili tutulur.

            Mən də özümü onun yanına atıram və  görürəm ki, iki, ya da üç aylıq bir uşaq gülən gözləri ilə bizə baxır. Hiss olunur ki, təzəcə ayılıb. Qollarını açıb küncə qısılmış Haqverdiyə tərəf   qımzanır. Haqverdi isə titrəyə-titrəyə telefonunu çıxardıb hara isə zəng vurur və şaşırmış halda, isterik  səslə danışır:

            -Doooxtur, ay doooxtur! Mmmməni çevir baaaalalarının baaaaşına, bu zibildən quuuurtar məni... Mmmmorqda bbbbir uşax dirrriliffffdi...- Sonra nə olursa, kəkələməsi keçir. Sərrast danışmağa başlayır. - İiçən olsam da, mən allahdan qqqorxuram. İki aylıq olar, ya olmaz... Axşam gətirmişdilər bura... Qızdı deyəsən. Adı? Qoy üstündəki yazıya baxım... zaddı, Kərimova Aysu   Elmir qızı... Neyniyim indi mən?.. Aparım? Hara? Bizə? Ə, yox həkim, arvad məni öldürər e!.. Həəəə... Oraaaa, qəbul şöbəsinə... He-he-he...Yaxşı, yaxşı...

            Haqverdi uşağı elə üstünə atılan mələfəyə büküb qucağına alır və bu vəziyyətdə zarafatından da qalmır:

            -Özüm ölüm, sən allah adamısan! Mən bura iki gün sonra gələrdim, ya gəlməzdim. Ona kimi də bu çezəcəkdi soyuxdan... Səni allah göndərib...

            Mənim isə daha tabım qalmayıb. Həm soyuducu-otağın şaxtası kəsir bədənimi, həm də bu kimsəsiz uşaqların dərdi qanımı dondurub. Bu yandan da dirilən uşaq! Güclə özümü zirzəminin pillələrinə yetirirəm. Dəhşətli iy məni öküz motodoru buynuzu ilə göyə atan kimi pilləkənin başına atır. Oradan isə yuxarı necə qalxdığımı xatırlamıram.

             Amma içimdə bir yüngüllük də var. Bu körpənin dirilməsi! Mənim buna bais olmağım! “Bu balaca hadisə deyil, Süleyman müəllim! Ayağında ruzi var deyərdi nənən. Sən olan ili cəviz ağaclarınız o qədər cəviz gətiribmiş ki, evdəki bütün xarallar  dolub. O ili təkcə cəvizlə xeyli pul qazanıb babanın ailəsi. Hələ qoyunlarınız, keçiləriniz tam tamına əkiz doğmuşdular. Xam düyələriniz də kələyə gəlmiş, atınız qulunlamışdı. Baban deyirmiş ki, göydə ulduzun sanı vardı, çayda balığın sanı yoxdu. Bağ-bağatı suvaranda arxla gələn balıqlar düzdə qalırmış – yığ ki, yığacaqsan ləklərin arasından... Sən 50-cilərdənsən.  1955-də doğuldun. Bir dostun nə yazmışdı   kitabını oxuyanda? “...və deyilmiş sözdür ki, 50-cilər planetin (və mənsub olduqları xalqın) şüur və ruhunun genişlənməsində mühüm rol oynayırlar (kainatda dəyişim enerjisini ifadə edən 5  və 50-yə diqqətli olun”). İndi ayağın dəydiyi yerdə ölü də dirildi... O da var ki, sən doğulan ili ailənizi dağıtdın. Atanla anan ayrıldılar... Amma kim deyə bilərdi ki, bu xeyrə deyildi? Axı kim bilir, xeyir tərəzinin hansı gözündədir? Uğur olsun, Süleyman müəllim!” 

            Özümə beləcə toxtaqlıq verirəm... 

            Və yadıma institutda bizə rus dilindən dərs deyən Polina Yusipovna düşür. O mənə Soloman deyərdi.







-------------------------------------------------------------------------------------------------------------------------

*Redaksiyadan: Xatırladırıq ki, bu əsər yazıçının indiyə qədər kitab kimi çap olunmayan  üç romanından (“Cülyettanın sağ döşünə toxunmaq” və “şüşə ev”) biridir. Lakin digər iki əsər kimi “Moeq çiçəkləri də “Yazı” dırgisində yayımlanmışdır. (“Yazı”, 23-cü say, 2018)

































Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)