Edebiyyat.az » Proza » Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli           MORQ ÇİÇƏKLƏRİ     -   ( roman - birinci hissə )
Proza
Nicat Heşimzade
Müəllif:
17:10, 05 sentyabr 2019
5 381
0
Ürəyim sancır, vallah! O doğrudan dəyişmişdi. Ciddi bir adam olmuşdu. Üzü odda qızarıb, sonra soyuyan dəmir rəngindəydi. Gözləri isə alışıb-yanırdı. Göz yaşlarını qoluyla silib davam elədi: -Mən bunnarı saa danışdıxcan, özüm də yüngülləşirəm e... Ona görə danışıram. Gör üstünnən neçə illər keçib... Heç kimə belə ürəynən danışmamışdım bunları... Hə, Muğan o gecə toydan çıxmadı. Avtomatını göyə qaldırıb bir-iki daraq patron boşaltdı göyə və sonra manıs Nüsrətdən mikrafonu aldı, oynaya-oynaya sevdiyi bir mahnını oxudu:



Sayqılı oxucular!

Yazıçı Azad Qaradərəlinin “Morq çiçəkləri” romanından bir parçanı təxminən 5 ay əvvəl saytımızda yayımlayandan sonra əsərə ilgi artdı. Belə ki, həmin parçanı oxuyan oxucular həm müəllifə, həm də bizə suallar ünvanladılar və əsərlə bütöv tanış olmaq istədiklərini bildirdilər. “Yazı” dərgisində yayımlanan əsəri, müəllifin razılığı ilə bütöv halda  hissə-hissə oxucuların sərəncamına veririk.




                        AZAD  QARADƏRƏLİ



                        MORQ ÇİÇƏKLƏRİ


                                   (roman)





            




       “Qopmamaq, kəsilməmək, davam etmək üçün hiss verən, yox olmamaq üçün qərar verən, ağ rahatlıq yaradan sən, atalarımız, böyük atalarımız zamanında Tanrı olaraq yüksəlmisən, yer və dəniz yaradıldığı zaman atalarımız və analarımız sən Tanrısan deyə, yuxarı qaldırmışlar... “

                                                                                                                      Şaman duası




“...16. Budur, sizi qurdların arasına qoyunlar kimi göndərirəm; beləliklə ilanlar kimi müdrik və göyərçinlər kimi məsum olun.

                                                                                               “İncil” (Əhdiı Cədid), Matta 10.




“Hər kim mömin kimi yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.” 

                                                                                         “Quran”, əl-Ənbiya surəsi, 94-cü ayə.





                                                                                  0



            

       Günün günortasında qəfil qara buludlar göy üzünü aldı. Dünyamız qara çarşablı qadın kimi qaraya büründü – “qadının” təkcə üzü açıq idi, oradan zəif  bir işıq enib bu qara-quranı ağardır, adamın gözünün ayağının altını görməsinə kömək edirdi. Elə bu an ağ bir yağış başladı və bu ağ yağışın sayəsində “qadın çarşabını başından atdı”, düzü-dünya ağ nura boyandı. Və bu ağ yağışın işığında islana-islana  “Gənclik” metrosunun yanından  burulub qaçqınlar qalan məhəlləyə çatdım. 

           Məhəllənin ağzında şalvarıdüşük bir oğlan uşağı yağışda xoşbəxt-xoşbəxt islanır və göyə elə baxır ki, elə bil yağış deyil, şabaş yağır. Özlərini 6 nömrəli uşaq xəstəxanasının həyətindəki köhnə-külüş daldalanacağın altına vermiş biri uzun-arğaz, o bir gudul-gödərək olan iki kişinin söhbətinə qulaq günahkarı oluram.

             -Necəsən? – Kök, gödərək kişi soruşur.

            -Pis. Sıfır…  - Bu isə uzun-arğaz kişinin cavabıydı.     

            -Axı?..

            -Hə, sıfır ölümdür. Amma ölüm də bizə yiyə durmur. Pisik… 0... 0... 0…

            -Amma dözürük?..

            -Hə, bə nədi, “dözümlü xalq”ıq axı. Bir şeyə fikir vermisən? Bütün qaçqın-köçkün düşərgələrinin spesifik bir qoxusu var. Əvvəl ölüm qoxusu hesab edirdim bunu. Amma sonra  bildim ki, ölüm gözəl şeymiş. Bu yoxluq, heçlik, sıfır qoxusuymuş. Sıfırın qoxusu…

            -Sıfır… “0” rəqəmi..?

            -Sıfır “yox” demək. Yox deyəndə dodaqlar sıfır “yazır”. Sıfır çoxlu sayda, bir-birinə keçmiş zəncir halqaları demək… Sıfır kainatın qara dəliyi demək… 

           O andaca gözümün  qabağını bir-birinə söykənmiş bir milyon sıfır alır. Qaçqın-köçkünlər kimi hər tərəfi əhatələnmiş, əli-qolu bağlı, çıxış yolu və dönüşü olmayan, çox baxanda adamın gözlərini yağır edən mənasız sıfırlar…  Onların bir xeylisin  bura yazıram, amma çox baxmayın, gözləriniz səyriyəcək, başınız dönəcək….       

0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

            

            

            


            

                                                                                             1

            

            

           Bu binanın pəncərələri türmə pəncərəsi kimidir – qısıq, dar, bir az da boğucu. Qozbellikdə tısbağaya oxşayır. Ya da, beli bükük, işləməkdən qəddi əyilmiş, çoxlu qızı olan kasıb  həmkəndlimiz  Kərimqulunun bina variantıdır.  

           Həyətindəki bağçada bitmiş  sarı-sarı güllər adamı sarı qanqal tikanı kimi sancır. (Sarı qanqal tikanı ki var, çox namərd tikandır. Əlinə, ayağına batdımı, dünyanın ən iti gözlü adamı da gələ, tapıb çıxarda bilməz. İynə ilə o yerini deşik-deşik edər, sonra buraxar ki, yəqin çıxdı, yoxdur. Amma elə ki, işləməyə başladın, ucu toxunar harasa, imanını-dinini yandırar. Axşamlar yatağına girəndə bir ağrıdar, inildədər səni, gəl görəsən. Ta ki o yer irinləyənəcən. Elə ki, irinlədi, iynəylə balaca toxunsan, çıxar gedər, dəf olar... Amma bir də o ağrının, o iniltilərin acı xatirəsi qalar səndə. Qanqal tikanı görəndə ayağın yer tutduqca qaçarsan.)

            Hardan tanıyıram onları? Əlimi uzadıb   düm sarı gülləri olan bu çiçəkdən birini çətinliklə  – çox sürüşkəndir, həm də təzəcə yağan yağış islatdığından əldə durmur -  üzürəm və məni müdhiş bir qoxu vurur. (Çiriş dediyimiz yağlı bitki vardı, bizim yastanlarda bitərdi, yığıb digər pencərlərə qatar, qutab bişirirdilər – bu  çiçəkli bitki çirişə çox oxşayır.) Vaxtı ötdüyündən göyərib qıvşamış sarı yağın, ölüyə vurulan vaciba, sidri- kafirin   qoxusuydumu, bilmirəm. Hər nəydisə, adamın burnuna dəyən kimi beynini çatladırdı.

            Haqverdi  (bu, bayaqkı uzun-arğaz  adamla söhbət edən gudul-gödərəkdir), mızıldanıb başını bulayır:

            -Eeeee, niyə əlini ona vurdun axı? Axmax iyisi var... Yadındadır, bizim qəbiristanlıqlarda dolu olardı?.. Qəbir gülüdü bu...

(Bizdə bir pir vardı –  Keçməli   piri deyərdilər adına. Üstündə nəhəng bir çinar bitmişdi – bağrı yarıq çinar.  Həmin yanıq yerdən içəri girib bu nəhəng ağacın elə özü kimi nəhəng koğuşunda şam yandırar, rəngbərəng parça qırıqlarından kiçik yüyrük asar, dilək tutar, dua edərdilər. Həmin çinar-pirin  solunda böyük  zəmi yeri vardı. Bu zəmi yerinin bir hissəsi adına nərgiz dediyimiz güllərlə dolu olardı. Bu güllərin nərgiz olmadığını iki səbəbdən bildim sonralar: birincisi, əsl nərgizin gözəl ətri varmış – bunu Bakıya gələndə görəcəm, çünki bizdə əsl nərgiz bitməzdi. İkincisi, babam bir gün məni də özüylə meşəyə odun yığmağa aparanda bu Nərgizlik dediyimiz  yerdən keçərkən oradakı güllərdən yığmaq istəyimi görüb, “yığma, onun pis iyi var, bunlar qəbir gülüdülər”,- demişdi.)

            Qəbir gülləri...

           Hə, bax, bunu da sonradan biləcəm ki, o adına  nərgiz dediyimiz güllərdən həqiqətən meyit qoxusu gəlirdi, qəbir qoxusu gəlirdi. Onlar nərgiz yox, qəbir gülləri idi. Yaxud da, ölülərin nərgizi...

            Elə bil bu güllər meyid iyinə yerikləyiblər. Harda ölü var, yasa tələsən  çarşablı arvadlar kimi özlərini çatdırırlar. Fəqət, bunların “çarşabı” sarıdır – sarı-sarı güllər.  Meyid gülü... Qəbir gülü...

            Əlində bu güldən bir qom tutmuş 17-18 yaşlarında   oğlan qəfil qabağımızda peyda olur və irişə-irişə deyir:

            -Gül istəyirsiniz?.. Arvadların qarnında bitir e bu gül?.. – Sonra şaqqa çəkib gülür. Yalnız indi görürəm ki, şalvarının qabağı açıq olan bu gəncin gözləri aya-çaya baxır; bədbəxt ağıldan seyrək imiş... – Sizə gül verim? Adamın qarnında bitən...

          - Nənaın qarnı yansın, Dılı... Genə ipi qırmısan?.. – Bunu da Haqverdi deyir və oğlanı göstərib gülür. –Səydi dayna. Ağıldan qıvraxdı... Maması çatıynan bağlayır... İpi qırıb yəqin... Ha-ha-ha...

            Uşaq gülləri qoxulayıb “uxaaay” deyir və   yağışın islatdığı əynindən düşən şalvarını dartışdıra-dartışdıra yox olur.

            -Gedək sizin binaya bir baxaq, nə deyirsən?

            -Yazassan? Yazma ha! Nəyinə lazımdı? Yazarsan, gəlib bizi bırdan da çıxardallar, qalarıq düzdə... Zaddı, nəvlim axı... Belə...

            Haqverdi çiyinlərini çəkir. Bir az aralıdakı vaqon-kafedən gələn kabab iyini burnu ilə imsiləyir, sanki mənə bununla işarə vurur. (Buna kənddə Tüstü Haqverdi deyərdilər. Harda tüstü çıxardı, harda yeyib-içmək vardı, özünü ora salardı.) Onun vuran olduğunu bilirəm.  İkimiz də vaqon-kafeyə giririk. 

            Adına vaqon-kafe desələr də, bura vaqon deyil. Köhnə bir PAZ avtobusun içini söküb kafeyə çevriblər. Üç balaca stol, yanlarında da Haxverdi kimi kötük stullar. “Avtobus”un sol qapısı tərəfdə fanerlərdən kiçik bir mətbəx düzəldiblər. Burada manqal qalayır, kabab, lülə, cız-bız, xaş bişirirlər. 

            İki toyuq kababı, bir  adına “çubuş”  dedikləri araq, bir stəkan da “İvanovka” - ağ süfrə şərabı sifariş verirəm. 

            Mən şərabımı  qurtumlayıram, Haqverdi toyuq kababını dişsiz damaqları ilə gəvələyə-gəvələyə “çubuş”dan süzüb içir.

            -Bu avtobusu tanıyırsan? – arağın üstündən xiyar turşusunu ağzına təpib soruşur.

            -Yo-ox,- tərəddüdlə cavab verirəm...

            -Hardan tanıyassan axı? Gör üstünnən nə qədər vaxt keçib? Düz iyirmi dörd il... Bu qədər vaxtda adam doğular, evlənər, hələ dünyaya uşax da gətirər... Biz...Biz... Çox arsız adamıx, qağa... Çox arsızıx eeee, çox... 

            Qəfil ağlamağa başlayır. Görünür arağın təsirindəndir. Kababçı o biri şişi də çəkir nimçəyə və Haqverdiyə toxdaqlıq verir:

            -Haxı, noluf, ə? Ə, bəsdi, ə... Boooyyy... Noluf, ə? Genə qəhərrəndin?

            -Eeee, ay Paz Cangir, saa nə var e... Arsızın yekəsisən... Belə iyirmi dörd ildir o xarabalardan əlimiz üzülüf, ona ağlıyıram!.. Görürmüsən? Bax, bu afdabuz da o xarabanın yadigarıdı... Bı binanın həyətində bitən qəbir gülləri də o xarabanın yadigarıdı... Bax, bu məllim də, - məni göstərir, – o xarabanın yadigarıdı... Mən bədbəxt də o xarabanın yadigarıyam... Bax, o sağa-sola dazıyan dəli Dılı da heylə... Ə, məllim, saa bir söz deyim, amma maa gülmə... – Qəfildən ağlamağını kəsib başlayır ciddi-ciddi danışmağa. – Biz bıra qaşqın gələndə, bax bu ölsün, – şappıltı ilə əlini üzünə çırpır, - bırda qəbir gülü yoxuydu, biz gələnnən sonra ayağımızda gəldi elə bil...

            

                                                                                

                                                                             2




          -Dayı, dədəm səni çağırır... – İllərin o üzündən axıb gələn səs Haqverdinin səsinə dəyib elə bil broyler toyuğunun kababı kimi ovulub tökülür. Səsin ardınca gedib Dərəağzı dediyimiz yerə çıxıram və Kafan şəhərində yaşayan qohumumuz Nurunu ailəsi ilə Vənin dibində çöllüyə səpələnmiş görürəm. (Burda mən uşaq olanda iri bir vən ağacı vardı və biz istidə onun kölgəsində  qaçışar, bu uzun meşə ağacına dırmaşaraq gizlənpaç oynayardıq. Sonra hansı əliqurumuşsa o vəni kəsdi və o yerin adı eləcə Vənin dibi qaldı – kölgəsiz, ağacsız Vənin dibi...) Bir tərəfdə yorğan-döşək bağlamaları, bir tərəfdə qab-qacaq, bir tərəfdə isə  ümidsizcəsinə yerə baxan, gözlərini bir-birindən qaçıran arvad-uşaq. Mən də yerə baxıram və erməni silahlılarının əlindən qaçan bu adamlara deməyə söz tapmıram. Bir müddət sussam da axır ki, dillənə bilirəm:

            -Bəs bura niyə tökülmüsünüz?

            Bilirəm ki, sual yersizdir. Axı arxamızda yarıuçuq bir daxma var. O daxma Nurunun ata evi olub. İndi xarabası qalan bu daxmadan başqa Nurunun gedəsi yeri yoxdur.

            -Məllim, dedim buranı bir az düzəldəm, çadır çəkəm, uşaxlar yönnəşsin hələlik... Sonra...

            Hündür boyundan, enli çiyinlərindən, gur səsindən utanır elə bil Nuru. Belini aşağı qısır, çiyinlərini yığır, səsi isə öz-özünə qırılır. Sözünün dalını gətirə bilmir. Sozalıb qalır. Və mən başımı qaldırıb direktoru olduğum məktəbə baxıram. İki il əvvəl tikdirdiyimiz bu altı sinif otağından birini bu ailəyə verməkdən başqa çarəm qalmır. 

            Bu noyabr axşamında  bir saatın içərisində məktəbin həyətinə daşınan ailə toparlanmaqda ikən mən də evə gedib onlara yeyəcək bir şeylər gətirmək üçün arvadıma tapşırıqlar verirəm.

            

                                                            ***


            Məktəb binası bizim kəndin yaralı yeri olub. Ondan ki, babamın iki otaqlı kömköhnə evinin bir gözü otağın biri çoxdan uçub-dağılmışdı - məktəb idi. Dörd sinifli bu ibtidai məktəbdə mən də oxumuşdum. Əslində, elə mən doğulan ildən bir az sonra, təxminən 56-57-ci illərdə açılan bu məktəbin ilk müəllimi atam olmuşdu. 

            Əksər kəndlərdə ibtidai məktəblər natamam, yaxud orta məktəbə çevrilsə də, bizdə bu baş verməmişdi. Bir tərəfdən sinif otağı tək bircə dənə idi, o biri tərəfdən isə gərək bunu camaat istəyəydi, tələb edəydi, məktəb binası tikdirəydi, yeni məktəb açdıraydı və sair. Belə baxanda, heç deyəsən, atam da bunu istəmirdi. Pis-yaxşı ibtidai məktəbin direktoru idi. Başını   aşağı salıb dərsini deyir, maaşını alırdı. Ac qulağım, dinc qulağım.

            Hər şey mən institutu bitirib rayonumuza müəllim işləməyə gələndən sonra dəyişdi. Rayonun bir neçə kəndində müəllim işlədim. Hər dəfə o kəndlərdə eyni sualı verirdilər: “Nə yaxşı atan tələb edib kəndinizdə yeni məktəb açdırmır? Yaxşı, başa düşdük, o eləmir, yaşlı adamdır, sənə nə olub, yaxşı qələmin var, yaz yuxarılara. Tələb elə, məktəb binası tikdir. Özün də işlə, arvadın da işləsin, kəndinizin uşaqlarının da canı qurtarsın orda-burda ala-yarımçıq oxumaqdan...”

            Doğru sözə nə deyəsən?

            Amma bəxtimizdən, Sovet hökümətinin kasıblayan vaxtlarıydı. Ərzaq bir yana, sement, şifer kimi vacib tikinti materialları qəhətə çevrilmişdi. 

            Qonşu kənddə məktəb direktoru işləyəndə gözlənilmədən məni raykoma işə dəvət etdilər. Elə ilk işim kəndimizdəki məktəbin vəziyyətini yeni birinci katibə danışmaq oldu. O da gülüb 

bunları dedi: ”Anladığım qədərilə sizdə köhnəliklə yeniliyin mübarizəsi gedir. Atan müqavimət göstərir. Atalar və oğullar problemi... Onu da qınamalı deyil, necə olmasa ata evidir. Ona rahatdır... Sən bilirsənmi nə etməlisən? O maneəni aradan götürməlisən!”

            “Yoldaş katib, nə təhər axı? Atamımı?!”

            “Atanı yox. Atanın bərk-bərk yapışdığı o ata evini – köhnə məktəbi uçurtmaq lazımdır.”

            “Axı necə?”

            “Mən tapşırıram ki, sizin kəndə məktəb binası üçün yer müəyyən etsinlər. Kəndə iri bir buldozer göndəririk. Məktəbin binasının yanlarını düzləyir. Sonra da binanın yanından bir-iki dəfə dövrə vurur və köhnə bina uçub-dağılır. Biz də təhsil nazirliyi qarşısında məsələ qaldırırıq ki, kəndin məktəbi uçub. Və təcili məktəb tikintisinə başlanılır...”

            Beləcə, mənim müşayiətimlə həmin buldozer məktəbimizin binasını yerlə-yeksan elədi.

            Bir görəydiniz bibilərim, atamın qadın qohumları o binanın başına yığışıb necə qışqırışır, ağı deyib ağlaşırdılar. 

            Nəhayət, kəndimizdə yeni bir məktəb binası tikilməyə başladı.

            Və bir neçə ay sonra – 1989-90-cı illərin məşum erməni-azərbaycanlı hadisələrindən sonra  20 Yanvar  qırğını baş verdi. Bakıda insanları gülləbaran etdikdən sonra rayonlara yürüdü rus qoşunu. Bizim rayona da girdilər və Xalq Cəbhəsinin fəallarını həbs etdilər. Məni də işdən çıxartdılar. Amma çox da dərinə getmədən kənddə binası tikilməkdə olan natamam orta məktəbə direktor təyin etdilər.

            İndi qaçqınları artıq dilimizdə yeni sözlər işlənməyə   başlamışdı: qaçqınlar, mitinq, yenidənqurma, xalq cəbhəsi və sair - həmin bu yeni məktəbin bir gözünə yerləşdirib dərindən nəfəs aldım. Guya işimi bitmiş hesab edirdim. Amma yox. Deyilmiş.

            -Məllim, qadan gözdərimə gəlsin, bı kişiyə bir işdən-zaddan da düzəldə bilseydin barı... –Nurunun biçarə arvadı deyir və gözünü yerə dikir. Başım ildırım sürəti ilə işləyir. Elə bil beynimin içində zəngli saat qurulub və zəng çalıb məni nələrdənsə xəbərdar edir.

            -Sən orada gərək ki, avtobus sürürdün? – Nuruya baxıram.

            -Hə, məllim, mənim “De” kateqoriyam var... Kafan-Şəhərcik  arası avtobus işlədirdim.

            -Səhər sənədlərini də götür, gəl gedək rayona, görək nə eliyirik? Onsuz da bizim kəndə bir avtobus şofiri axtarırdım nə vaxt idi...

            Beləcə, Nurunu kəndlə rayon mərkəzi arası işləyən avtobusa işə düzəldirəm. Düzdür, köhnə maşın veriblər, tez-tez xarab olur, amma yoxa lənət.

            Bax, Haqverdinin dediyi o PAZ avtobus – vaqon-kafe həmin günlərin yadigarıdır.


                                    


                                                                                     3




             -Bura vaxtilə morq olub, – bunu kökəlib gudullamış, buna görə də sanki qolları və qıçları gödəlmiş  Haqverdi deyir. Ucuz araq içməkdən qırmızı bibərə dönən burnunu qaşıyır. - Nədi, inanmırsan? Ode ha, bir az aralıdakı 6 nömrəli uşaq xəstəxanasının morq şöbəsi...

            Elə bil bu avtobus-kafe qəfil işə düşür, sürətlə getməyə başlayır.  Və qəfil də əyləci basırlar. Nənəm demiş, ayağımın altından yer qaçır. Tutmağa da bir şey yox. Haqverdidən yapışıram....

             Sifəti meyid rəngində olan bu adam o qədər qeyri-ciddi birisidir ki, hansı sözü ciddi, hansını zarafatla dediyini ayırd edə bilmirsən. Kənddə lağlağı, itoynadan  kimi ad çıxartmışdı. İndi də...

            (İşlədiyim qarabaq.az saytından  –   “Qarabağ dərdi” adlı qəzetimiz bir xeyli var sayta çevrilib - bildirmişdilər ki, həmin bu ünvanda yaşayan məcburi köçkünlər zəng vurub zəhləmizi tökürlər hər gün. “Öz qaçqınlarındır. Get, gör nə istəyirlər. Amma bax ha, elə yaz ki, sabah məhkəməyə-filana düşməyək. Bilirsən də, o Qaçqınkomdakılara dil çatdırmaq mümkün deyil. Sabah iki kilo düyü verib bu zəlil camaatı üstümüzə qaldırarlar. Dəlilnən gəl – səs yazısı, görüntü-filan.” Sonra baş redaktorun gözlərindən bunları da oxumuşdum: “Dinsizin öhdəsindən imansız gələr. Bizə nə var ki?! At özgənin, göt özgənin... Sən, nə qədər olmaya, tanınmış yazıçısan, bunlar bəlkə sənnən çəkinələr. Get və elə elə ki, narazı qalmasınlar bizdən. Yoxsa saytımızı blokladarlar...” )

            -Ha-ha-ha-haaaaa!.. - Haqverdi hırıldayıb gülür və mənim “tərpənən” avtobusdan yıxılmamaqçün ondan yapışmağımı ələ salır sanki. Mən pərt halda qalxıram. O da son tikələrini təpişdirib dalımca çıxır  avtobus-kafedən.

Avtobus-kafedən bir az aralıda üstünə göy çadır çəkilmiş, qabağında  GÖY MARKET sözləri yazılmış mağaza kimiyə giririk. Əslində bu “giririk” sözü düz olmadı,çünki girməlisi yoxdur, üstündə bircə çadırı var, vəssalam. Dörd bir yanı açıqdır. Adını gərək AÇIQ MARKET qoyaydılar. Bir kilo armud, üç kilo alma (bu, nisbətən ucuzdur), bir kilo xurma, bir kilo nar  (bu ikisi həmişə baha olur), bir kilo qoz alıb pulun vermək istəyəndə Haqverdi ortalığa deyir ki, nənəm bananı çox xoşluyur. Məcbur olub üç dənə də banan çəkdirirəm. (Bu zəhrimar da bahadır.)

            Girişdə bizi hörümçək toru kimi bir-birinə qarışmış elektrik kabelləri və su üçün istifadə olunan plastik  borular qarşılayır. İskəndərin məşhur Qordi düyününü xatırladan bu qarmaqarışıqlığa baxanda başım fırlanır...

          Aldığım pay-püşü Haqverdinin arvadına verib “içəri” keçirəm. Bura da əslində, içəri demək düz deyil. Çünki dəhlizi fanerlə elə bölüblər ki, yuxarısı, yəni üstü  açıqdır. Burdakı ailələrin “içərisi” ümumidir. Yəni bu “içəri” fanerin hündürlüyü boydadır. Yuxarı açıqdır və ümumidir. Bu otaqkiminin eni iki yarım, uzunluğu üç metr olar. 

            Burnuma qəribə bir qoxu dolur. Cib yaylığımı çıxardıb burnuma tutmaqdan özümü güclə saxlayıram. Haqverdi narahatlığımı göydə tutur:

            -Görürsən, neçə illərdi buranı  remont  eləmişik, yumuşuq, silmişik, təmizləmişik, dərmannamışıq, xeyri yoxdu ki, yoxdu. O köhnə morqun iyi getmir ki, getmir. Ölü iyidi. Hopub divarlara. Ala, saqqız verim çiynə...

            Cibindən çıxardığı kirli “Dirol”a baxıb, əlini qaytarıram. Bacardığım qədər ağzımla nəfəs alıram ki, bu ölüxana iyini az hiss edim.

             Haqverdinin arvadı  aldığım alma-armudu yuyub qədimi gümüşü vazaya yığaraq masaya qoyur. Haxverdi yenə qəhərlənir.

            -Bu vazanı Mığrıdan almışdım. Bir cüt idi. Birini Arazdan keçəndə itirdik. İndi beləsi çətin tapıla... 

            Bu vaxt Haqverdinin yaşı yüzü haqlamış anası   hıqqıldaya-hıqqıldaya içəri girir. Oğulun ananı görən kimi üzü nurlanır, kefi açılır və arvada söz atır:

            -Bıy, nənə, gəldin? Aaz, nətəəərsən? Kişi istəmirsən day?

            Arvad bir əlini yanbızının üstünə qoyur, o birini gözünə günlük edirmiş kimi alnına tutur:

            -Hıy... Ə, dilıı farağat qoy e... Bı qonax da bizdərdəndi? Kimin kimsənəsidi?

            -Aaaz, bı, belə zadddı, yazandı, pozandı, yazısı daşdan keçir... Görürsən, ağappaq əlləri var, üzü də şumaldı, mənimki kimi qırtışmıyıb, səninki kimi bürüşmüyüb... İstiyirsən, tamahın çəkirsə, əliı vura bilərsən... Üzün əlləşdirə də bilərsən... Ə, Sülü, mənim nənəm baz arvatdı haa! Sən öl, kişi yadına düşəndə uşax kimi ağlıyır Şah Abbasın nənəsi kimi... Ha-ha-ha!.. Hu-hu-hu...

            Haqverdinin arvadı dodağının altında mırtdanır. Bilirəm ki, ərinin qarasına danışır. Adam heç vaxt ciddi ola bilməyib bu altmış ildə. Qızına elçi gəlibmiş. Deyib, bilirəm, aparıb başına nə oyun açassınız, açın, amma siz allah elə eliyin ki, bizə tərəf qayıtmasın...

            Haqverdinin arvadı stola çay gətirir. Nəlbəkiyə baxıram - əlli il qabağın nəlbəkiləridir. Bizim də beləsi vardı. Dərin, qırağı haşiyəli. İndi o qədər işlənib ki, qırağının haşiyəsi gedib. Gözü alır mənim nəlbəkiyə baxmağımı.

            -Hı-hı... Bunnarı da o vaxtlar Kafannan almışdım... Hanı, yoxdu ki... Nə Kafan var, nə Kacaran... Nə Mığrı var, nə Yerevan?! Hamısı getdi... Erməni si...di ağzımızı...

                                                            



                                                                  4



            


              Morqun aşağı hissəsində gözüm bir yazını alır: DEPUTAT ASİF ASLANIN QƏBUL GÜNLƏRİ: II-IV-VI. 

             Dönürəm Haqverdiyə tərəf:

            -Bu nədi belə?

            -Booooo, bilmirsən? Asif müəllim tay bura köçüb dana?! Qəbul günnərini burda keçirdir. Sağ olsun, dünən gəlmişdi. Hərəmizə beş manatdan payladı... Hələ maa bir paçqa siqaret də verdi: Viniston! Ağzım dada gəldi...

            -Bəs harda oturur? Kabineti-zadı?..

            -Nə kabinet?! Deyib, neçə ki, siz doğma yurd-yuvanıza qayıtmamısınız, mənə kabinetə girmək, dəbdəbə-zad haramdır... Mən də sizin kimi qaşqınam. Qaşqın debitat!... Ha-ha-hahaaaa!... Gəlir, evdən bir istol gətirirəm, qoyur altına, camahatın dərdinə qulağ asır, köməy eliyir... Allah onu üstümüzdən əskiy eləməsin, Zeynab Xannarova demişkən... Ha-ha-haaaaa...

            Asif  Aslanı xatırladım. Bir oxumuşduq universitetdə. Əvvəl cəbhəyə qoşuldu, boz qurdçu oldu, sonra da o məşhur şairin qızını alıb oldu hökumətin sağ əli... Yazıçılara araqpulu paylayır, qaçqınlara cibxərcliyi verir, tutulanları türmədən buraxdırır... Sonra da gedib prezidentə təriflər yağdırır...

            (Qaçqın gəldiyimizin ilk çağları idi. Özümü bu şəhərdə  lazımsız, kimsəsiz sayırdım. Bir də görüşdüyüm dost-tanış o saat adamı əzizləyir, qucaqlayır, açıq-aşkar sənə acıdıqlarını hiss etdirirdilər.  Bu mənə yad hiss idi. Həmişə mən adamlara əl tutmuşdum, kömək etmişdim. İndi mənə acıyırlar, kömək etmək istəyirlər... Özümü aşağılanmış kimi sayırdım. 

            Nəşriyyatın binasından pillələrlə düşəndə  - liftə girməyə qorxurdum, son vaxtlar o qədər müsibət yaşamışdım ki, elə bil girən kimi liftin xarab olacağını düşünürdüm - Asiflə qarşılaşdım. Məni qucaqladı. Sonra  eynən Haqverdi kimi hırıldayıb güldü. Onun da zarafatıyla ciddisini anlamaq olmurdu. “Ə, lotu, olmaya sən də mənim kimi pillələri ayaqla gəzməyi vərdiş eləmisən? Ə, mənimki idmandı ye, bəs sənə nə olub?! Ha-ha-ha-haaaaa!!! Bıy, ə, qağa, sən qaşqın düşmüsən e, hə. Bağışda səni canın!  Yersiz zarafat oldu. Gəl qalxaq mənim kabinetimə...” deyib zorla məni geri – 6-cı mərtəbədəki redaksiyasına apardı. 

            Məni gen-bol kabinetində oturdub redaksiyanı gəzməyə başladı. Birinin üstünə qışqırdı, birinin anasını, bir başqasının ağzını söydü – özü də sanki bərkdən söyürdü ki, mən eşidim – sonra geri qayıdıb ikimizə də gəlmiş çaydan içdi. Nə fikirləşdisə cibindən bir dəstə pul çıxardıb cibimə basdı və fəxrlə kabinetində gəzişməyə başladı. Sonra qəfil qabağımda dayanıb dedi:

            -Qağa, saa bu redaksiya qurbandı. Bəlkə bizdə işləyəsən?

            O ana söyüşü elə bil təkrar səsləndi və durub Asifin əlini sıxdım, heç nə demədən kabinetindən çıxdım. Bu dəfə gözümü yumub liftə girdim və bu binadan tez çıxmaq üçün düyməni basdım. Lift aşağı enirdi və elə bil məni də özüynən sonsuz bir uçuruma aparırdı. Başım fırlandı. Tutmağa yer olmadığı üçün əlimi cibimə saldım və Asifin verdiyi o pullar əlimə toxundu. Barmaqlarımın uclarına elə bil ülgüc çəkdilər. Və o söyüşlər təzədən eşidildi. Bu dəfə ana söyüşü deyil. “Ə, sənin ağzını..!”)

            Bir neçə il sonra yenidən qarşılaşdıq. Təzə yazıb bitirdiyim romanı yazılarımı həvəslə çap edən jurnaldan qaytarmışdılar. Erməni əsarətində olan bir qadının başına açılan zülmlərdən yazmışdım orada. Baş redaktor dedi ki, bu roman deyil, Azərbaycan qadınını təhqirdir. Yazırsan ki, onu atlarla, itlərlə  cinsi əlaqəyə vadar ediblər. Yaxşı bu heç, bəs o nədi yazmısan ki, erməni əsirlərlə dəyişdirildikdən sonra atası, qaynatası, qardaşı, bacısı onnan imtina edib?! Heç ayıb deyil?! Bu millət sənin deyil?! Niyə onu bu qədər aşağılayırsan?! Bu yerləri çıxart, gətir, çap edək, yüksək də qonorar verək...

            Təbii, imtina edib əsəri qoltuğuma vurdum, soyuq bir yaz havasında Bakı küçələrini payi-piyada  ayaqdan saldım. Saatlarla hara getdiyimi bilmədən o ki var veyilləndim. Bəlkə beş-altı saat idi ac-susuz küçələrdə idim. Dilimin altından acı tüstüdən başqa bir şey keçməmişdi. Bir də başımı qaldırdım ki, gedib Yasamal tərəflərə çıxmışam. Başım hərləndi. Mədəm bulandı və yıxılmamaq üçün maşın yolunun kənarında bitmiş tək akasiya ağacına söykəndim. Bu vaxt yanımda bir cip yeri cırmaqlayıb dayandı. Həmin bu Asif Aslan maşından düşüb boynumu qucaqladı.

            -Süleyman, ə, burda neynirsən?! Niyə bu gündəsən? Xəstə-zad deyilsən?!

            Başıma gələnləri danışdım. Baş redaktorun dediklərini söyləyəndə məni dartıb maşınına əyləşdirdi:

            -Ə, onnarın bayısın si...im! Fikir eləmə!

            Sonra maşını Badamdar tərəfdə bir villanın qabağında saxladı. Villa, nə villa! İki göz istəyirdi tamaşa eləsin.

            -Ə, düş, ə! Düş bir az boğazımızı yaşdıyaq!..

             Elə həyətdəcə, gülün-çiçəyin içində stol açdılar. Beş-altı cür yemək gəldi. Elə beş-altı cür də içki. Acqarına bir stəkan araq içdim ki, canım isinsin. Sərxoş olmarammı? Bir də gördüm, ağlayıram. Asif də boynumu qucaqlayıb... 

            Nəysə, romanımı qəzetində hissə-hissə çap elədi. Və ikinci hissəni gətirəndə dedi, day bəsdi. Bunnarı saa görə elədim. Ala, bu pulu da bas cibinə, day burdan si...dir! Ha-ha-ha! Nə yazmısan, ə orda?! Baş-beynim gedib zəng zəng dalıncan! Nədi, erməninin qayırdığı qəhbə saa qalıb?! Ə, mövzu tapmırsan?! Ə, get, ə, get başıı sal aşağı, çörəyini qazan bala-bulanı saxla... Day belə gijdıllax şeylər yazma... Mən də oxumadan çap eləmişəm, indi zəhləm-zibərim gedif... Get, ağlıı başıa topla...

            Villanın qapısından çıxanda başım hərləndi – içki öz yerində, amma Asifin sözü tutmuşdu məni. “Erməninin qayırdığı qəhbə saa qalıb?!”   “Ala, bu pulu da bas cibinə, day burdan si...dir!..”,  “Day belə gijdıllax şeylər yazma... “

            Və əlimi cibimə salanda barmaqlarımı ülgüc kimi kəsən pullar. Asifin pulları... 

            Bu Asif  belə Asifdir. Məni görəndə qabağıma yüyürərdi. İndi deputat olub, gözü məni alan kimi yolunu dəyişir... 

          ... -Səni niyə tutmuşdular?

            -Nə tutmağı?! – Hirslə üzümə çəmkirir. Və birdən yadına nəsə düşür. Hırıldayır. – Tutmamışdılar ha... Dəlixanaya salmışdılar...

            -Hə, nəsə ona oxşar bir şey olmuşdu. Niyə axı? Sən hara dəlixana hara?! Özün də hökümətin sağ əlisən...

            (Eşitmişdim ki, Haqverdini burda seçki komissiyasına daxil ediblər. Prezident, deputat seçkilərində at oynadır. Cəbhəçi uşaqları döyüb qovurmuş seçki qərərgahından. Hamısı da 5-10 manat pula, bir də içkiyə görə. Hər axşam Haqverdiyə və burda qalan qaçqınlara yaxşı qonaqlıq verirmişlər. Sonra da onların hesabına bülletenləri qutulara doldururmuşlar. Bir dəfə maraqlı hadisə olur. Xarici nümayəndə Haqverdinin əlində bir dəstə bülleten tutur qutuya atanda. Bunu 

müxalifətçilər də görür və aktlaşdırırlar. YAP-ın yerli təşkilatının sədri Haqverdi ilə zarafat etmək qərarına gəlir və o biri nümayəndələrə göz basır:

            -Axşam polis gəlib Haxverdini aparsa, nə edəcəyik?

            Nümayəndələr ciddi-ciddi deyirlər:

            -Bizlik burda nə var ki?! Haxverdinin əlində dəlil-sübut tutulub, özü də cavab versin!..

            And içirmişlər ki, Haqverdi nə təhər qorxursa, işəyir şalvarına...)

            -Orası heylədi heylə olmağına, amma zaddı... Sən burda olanlardan xəbərsizsən, deyəsən?

            -Hansı olanlardan?

            Haqverdi  bir mənə, bir yaşadıqları Morq binasına baxıb ürkək-ürkək pıçıldayır:

            -Gecələr bura ölülər gəlir... Elə sənin dədəni də görmüşəm...

            -Nə təhər yanı?! – Təəccüblə soruşuram.

            -And olsun o bir allaha... Əşşi, niyə and içirəm ki? Axşam gəl, saa da göstərim...


                                                            


                                                                                       5




            Haqverdinin köməyi ilə digər otaqları da gəzirik. (Bütün otaqlardan meyit, vaciba, sidri-kafir qoxusu, üstəlik o həyətdə bitən güllərin qoxusu gəlsə də, ayrı çarəm yoxdur, bir-bir hamısını gəzib qeydlər etməli, səs yazısı, görüntü götürməliyəm ki, baş redaktorun yanında biabır olmayım.) Mən telefonumla köçkünlərin səsini yazıram, bəzilərini görüntülü çəkirəm. Miraslan kişinin qapısına çatanda dirənirik. Seyidin anası bizi içəri buraxmır.

            -Cəddim haqqı qoymaram! Biz bı hökümətdən yerdən-göyəcən irazıyıx. O zəngi eliyən kimdisə, düşmandı, anarxiyaçıdı, Zinovyevçidi...

            -Nədi, nədi?! – Haqverdi əlini əlinə vurub bu səksən yaşlı qarının sözlərinə qəşş edincə gülür. – Zinovyevçi haaa!..

            -Əşşi, çaşdım dana, rəhməttik dədəm heylə deyərdi, belə cəbhəçidi, müsavatçıdı, Əli Kərimovçudu, İsaçıdı, Musaçıdı... Qardaş, belə biz bu hökümətə canımızı da verərik! Yeməyimizi verir, maaşımızı verir, çörək pulumuzu verir, hələ ode ha, qaşqın şəhərcikləri də salır, inşallah bizi də bir gün bu morqdan köçürəcəhlər...

            -Hardan?! – Mən əlüstü arvadın sözünü ağzından qapıram.

            -Morq... Nəvlim axı, deyillər bıra vaxtıykən morq olub... Olub-olub dayna...

            Haqverdi qapını itələyib içəri keçmək istəyir. Bu vaxt əlində balta Miraslan görünür. Haqverdiylə yaşıd olan bu kişini çöldə-bayırda görməzsən. Haqverdidən öyrənirəm ki, işi-gücü arvadıynan domino düzməkdir. Bir də anası Gülsabahla söyüşmək. Həm hökumət bunlara yaxşı baxır, həm də camaat azdan-çoxdan gətirib nəzir verir. (Sonralar Haqverdi gülə-gülə danışırdı ki, hökümət  qaçqınlara ərzaq gətirəndə hər kəs öz payından seyidə nəzir verir. )

            -Az Seyid  Gülsabah, belə dur görüm! Sən öləsən, bir bəd dua eliyərəm... Duanı neynirəm axı?! Baltaynan şaqqalıyaram sizi... Bizim heş nədən şikayətimiz yoxdu! Kefimiz ala buluddadır...

            Birdən kişinin gözü məni alır və baltanı aşağı salıb gülümsünür:

            -Boy, məllim, sənsən?! Haxı, üzün qara olsun! Məni niyə bu kişinin yanında üzü qara elədin?! Elə bildim ki, o qırışmalların adamlarınnandı... Keçin, keçin içəri... A Gülsabah, belə dur görüm...

            Seyidin anası seyid Gülsabah qorxa-qorxa mənə baxıb qapıdan çəkilir. Və biz içəri keçirik. Bu balaca dəhlizdən üç qapı açılır. Hər qapının arxasında dərviş hücrəsinə oxşar balaca otaqçalar var. Seyid utana-utana qapının birini göstərir:

            -Burda ziyarətçilər var... İstəsəniz...

            Maraq güc gəlir və elə bu qapını açıb içəri keçirik. Gənc bir qadın dik ayaq üstə dayanaraq əllərini göyə açıb. Dodaqlarının altından nəsə deyir.

            -Məfkurənin qızıdı bu? Ə bunun toyu  iki ay dəyil olub, bura nəyə gəlib?! Olmuya uşax istiyir?!

            -Hə, cəddim haqqı, gəldiyi üç gün dəyil, allahın mehrinə tuş gəlib...

            -Az, ərinə de, qoy gecələr çox çalışsın... –Haqverdi mənə göz basır və biz bu hücrələri tərk edirik.

            -Ə, bunların şəhərin dörd bir tərəfində evləri var e! – Haqverdi hirslə bağırır.

            -Bəs bu hücrələrdə nə qayırırlar?

            -Nəzir-niyaza görə burda qalırlar... Avam millətdi dana. 

         Yenə bir qapıda ilişirik. On beş yaşlarında məsum qız qapını kəsib, olmaz deyir. Haqverdi hirslə uşağı itələyib qapını açır və açıq qapıdan sidik, pox iyi vurur məni. Buna baxmayaraq içəri giririk. İlk gördüyümdən sarsılıram: bayaq rastlaşdığımız Dılını kəndirlə çarpayının dəmirinə bağlayıblar. Bu doqquz kvadrat metrlik yerin yarısın  elə bu çarpayıyla Dılı tutub. Və pəncərə önündə üzü bayıra dayanmış  qadın görünür. O bu dar pəncərədən baxdıqca çiyinləri atlanır. Sonra bizə tərəf dönüb ağlaya-ağlaya deyir:

            -Əslində, zəng eliyən mən idim... Amma bu halımızla sizi məyus eləmək istəmirdim... Ona görə qapını açmaq... gərək bağışlayasınız...

            Dılı yenicə islatdığı şalvarının  açıq zəncirbəndini (deyəsən, zəncirbənd qırılıb) dartışdırır, sonra ayağına bağlanan ipi çəkir, ağlamsınıb deyir:

            -Sizin də bacınızın qarnında uşax var? Doğacax? Hı-hı-hıııı...

            Qadın əlindəki taxta qaşığı qaldırıb Dılıya qıcanır. Oğlan çarpayıya qısılıb zarıyır. Hiss olunur ki, onu tez-tez döyürlər. Bədənində   göyərmiş yerlər, qançırlar var. Mən qadının əzab çəkən gözlərinə daha baxa bilmirəm. Özümüzü güclə bayıra atırıq. 

            Haqverdi məni yanlayıb qulağıma fısıldayır:

            -Nərgiz xanım müəllimədir. Əri bunları buraxıb Rusetə gedib düz on ildi... Yaxşı qadındı. Amma heyf ki, cəbhəçidi...

            -Dayan bir. Dılı nə deyirdi? Bu gül qızların qarnında bitir... Bacı, uşaq-filan? 

            O başını qaşıyır. Hiss olunur ki, bildiyini danışmaq istəmir. Mən onu ürəkləndirirəm:

            -Bunları yazmayacağıq təbii. Sadəcə maraq güc gəldi? Nə məsələdir?

            -Dılının bacısı, həmin o qapını tutan qız kimdənsə hamilə qalmışdı. Anası qarnını ayaqladı. Uşaq  düşdü. Sonra da aparıb altı aylıq körpənin meyidini  tualetə atmışdılar. Elə səhəri Dılı bütün məhləni doldurdu ki, bacımın qarnında uşaq vardı, anam tulladı tualetə... İnanırsan, qadın onu əvvəl oxlovla, sonra da burulmuş məftillə o qədər döymüşdü ki, bədənində sağ istahat yox idi. Səsi hələ də qulaqlarımdadı...

            -Niyə dəlixanaya vermirlər?

            -Nə bilim? Anadı də... Umudluydu ki, bəlkə düzəldi... Əslində...

            -Nə əslində?

            -Bı gədə sonradan dəli oldu... Yalançılar sözü, deyirlər bacısına bu sataşıbmış... Uşaq bu ölmüşdənmiş... Düzdü, səyliyi vardı, amma indiki kimi deyildi... Anası başına nə oyun açdısa, bu günə düşdü... İndi də aparmadığı həkim, ocaq, pir qalmayıb... İstəyir sağalsın, day da xarablaşır... Allah heç kimə göstərməsin... Pox yeyirəm, ay allah! Ağzıma daşlar-torpaqlar... Uşaqlarım var, nəvələrim var...

            Bir qapıda dayanırıq. Haqverdi qapını döyür. 

            -Bı ev də Lələnindi... Evdə tapılmır ki, Lələ. Bırda olseydi, zor olardı, bir az danışdırıb, kayf tutardıx... Amma zarafat öz yerində, yaman kəllədi haaa!

            -Adı nədi?

            -Lələdi, Lələ! Lələ - kələ! Ha-ha-haaa!.. Yox, kələliyi-zadı yoxdu, sözgəlişi dedim. Bir dəfə dedim ə, Lələ, gəl səni evləndirim, dedi, mən ətənəmi udmuşam!.. Qısramışam... Vay sənin evinəcən... Ətənə haaa!.. Lələ, ay Lələ! Ə, evdəsən?! Lələ, ay Lələ!.. Lələ nə gəzir, ə! Peşəsidi: aylarnan yoxa çıxır. İtir, batır, sonra qəfildən peyda olur. Elə bil  mahrasadı, cin-şayatindi. Amma neynirsən? Zalım söz ustasıdı. Elə sözlər danışır, az qalır adamın başınnan papağı düşsün. 

Bir dəfə maa nə desə yaxşıdı? Deyir, ay Haxverdi, sənin də, mənim də eşqimizi amputasiya eliyiblər... Day bizə eşqlənmək olmaz... Ha-ha-ha! Gör ha!..

            Sonra Haqverdi nə düşünürsə, başını qaşıyıb gülür:

            -Eeee. Maa bax e... Məllim, sən onu tanıyırsan də... Bayaxları o ağ yağış başlayanda bax, o tində mənimlə söhbət eliyən uzun adamdı də Lələ... Deyirəm axı... Hara isə tələsirdi... Hə-hə! Dedi, ölü yeri var... indilərdə gələr...

            Mən isə o “filosofu” xatırlamağa çalışıram və sir-sifəti deyil, sözləri yadıma düşür:

“Sıfır “yox” demək. Yox deyəndə dodaqlar  sıfır “yazır”. Sıfır çoxlu sayda, bir-birinə keçmiş zəncir halqaları demək… Sıfır kainatın qara dəliyi demək…” 

            Qapını döysə də, cavab verən olmur.

            Ayaqlarım gücdən düşüb. Elə bil daş asılıb. 



                                                                               6


            


             -Bura bizim rayonun eşq qapısıdı, qağa. Yazanda elə belə də yazarsan... Ha-ha-haaaa!.. 

            -Nə qapısı? – Təəccüblə soruşuram. Haqverdi məşhur gülüşünü işə salsa da qəfil boğulur, gülüşdənmi, ya nədənsə gözləri yaşarır. Səsi qırılır. Kürsəyə gələn qancıq kimi  zəngiltiyə oxşar səs çıxardır və baxıram ki, ağlayır. Elə ağlaya-ağlaya bu dar dəhlizdəcə aşağı çökür, sancı çəkirmiş kimi içini döyür  və handan-hana qəddini düzəldib lap astadan danışmağa başlayır:

            -Sən onda gərək ki, Bakıdaydın, ya nəydisə bir müddət səni rayonda görmədim. Bu qız – Göhər - bizdən bir az aralıdakı kəndin ən gözəl qızıydı. Onuncunu təzə bitirmişdi, özü də yaxşı oxuyurdu. Elə sənədlərini instuta vermək üçün Bakıya getməyə hazırlaşırdı ki, dava başladı. Qızın qardaşı Əşir də, onu dəli kimi istəyən Muğan da getdilər müharibəyə, özü də könüllü. Bilirsən dayna, bu Göhər Mizəffərin qızıydı. Mizəffər də bir it idi, it! Elə davanın şirin yerində qızın qardaşına güllə dəydi. İncəvara ölmədi. Amma Ağdamdakı qospitalda ayağının birin kəsdilər... Xata xata üstən gələr deyiblər. Oğlu heylə olanda analarını udar vurdu,  paralic oldu. Qonşu kənddən Əflətin adlı bir gədə Göhərə elçi düşdü. Dədəsi versə də, qız daş atıb başın tutdu. Dedi, həşəbə xeybər, getmərəm. Qardaş, hər axşam camahat yatana yaxın bı kişi qızı salırdı qəyişin altına mal kimi budayırdı. Yazıq qardaşı bir ayağıynan, qəsdilini sürüyə-sürüyə özünü qabağa verirdi, kişi şikast oğlunu da qatırdı qızına, pis-pis söyüşlər söyə-söyə çırpırdı.

            “A sizin nənaızın ağzın si...m! A sizi əkib-doğan zırbazır olsun! Biriniz çolaq, biriniz də söz qanmıyan!.. Mən neynirəm sizin kimi  əyalı?!. İnnən belə bu ailəyə kim baxacax? Mən, bir azdan qocalıb əldən düşəcəm, ananız da heylə. Camahat qaz vurdu, qazan doldurdu, sənin qardaşın da getdi ayağını qoydu müharibədə, şikast qayıtdı... Mən nə deyirəm ki?! Deyirəm səni istiyən varlı-hallı bir oğlandı, əli pulnan oynuyur. Altında maşını, əynində par-par parıldayan qəstum, ayağında cır-cır cırıldayan çəkmə... cibi də dolu pulnan... O gədəni neynirsən?! Səhər-bürüyün  ya bir havayı gülləni soyudacaq, ya da qardaşın kimi şikast qayıdacax...” 

            Haqverdini heç belə görməmişdim. Həqiqətən səsi qırıla-qırıla danışır. Siqaret yandırıb davam edir:

            -Xüləsey kalam, kişi qızı döyə-döyə verdi e Əflətinə... Hə, bu Əflətin də nə Əflətin! Özü hardasa texnikom qurtarmışdı. Bir ara kalxozda aqronom da işlədi. Elə ki, bu yenidənqurma, aşkarlıq çıxdımı, tüpürdü kalxoza, qurşandı alverə. Bir köhnə jiquli aldı, özünü verdi Cəlilabad bazarına. Ordan  bakuş, xurma, saqqız, qənd-pesok – qəndin, pesoğun* qıt vaxtlarıydı - daşıdı, satdı, oldu milyoner... Əyni-başı dəyişdi, təzə maşın aldı. İkimərtəbə ev tikdirdi...  Araz qırağında bir restoran açdırdı (adı restoranıydı ha, əslində qəhbəxanaydı), icra başçısıyla əlbir olub rayonun baramasını İranda pesoğa, qəndə dəyişdi, işləyən traktorları, maşınları metallom adıynan İrana satdı... Day nə oyun qalmadı çıxmasın?.. Axırı da bizim bu gözəllər-gözəli Gövhərə elçi düşdü. Elçi düşdü nədi, üç gün, üç gecə toy vurdurdu... Toy axşamı Muğan başının silahlılarıynan gəldi kəndə... Qağa... Burasın danışa bilmirəm. Ürəyim sancır, vallah!..

            O doğrudan dəyişmişdi. Ciddi bir adam olmuşdu. Üzü odda qızarıb, sonra soyuyan dəmir rəngindəydi. Gözləri isə alışıb-yanırdı. Göz yaşlarını qoluyla silib davam elədi:

            -Mən bunnarı saa danışdıxcan, özüm də yüngülləşirəm e... Ona görə danışıram. Gör üstünnən neçə illər keçib... Heç kimə belə ürəynən danışmamışdım bunları... Hə, Muğan o gecə toydan çıxmadı. Avtomatını göyə qaldırıb bir-iki daraq patron boşaltdı göyə və sonra manıs Nüsrətdən mikrafonu  aldı, oynaya-oynaya sevdiyi bir mahnını oxudu:



----------------------------------------------------------------------------------------------------------------

*Azərbaycanın bəzi rayonlarında şəkər tozuna “pesok” deyilir.

                       

                        ...Əziz dostum məndən küsüb, incidi,
                          Ayrılıb yad kimi çıxdı evimdən.
                          Gəldiyi yolları ot basıb indi
                          O gedib qalmışam həsrətində mən...


            

            Qulu Əsgərovun səsinə oxşar yağlı sələ ikinci bəndi oxuyanda özü də ağladı, toya yığışan qız-gəlin də yasa batdı. Avtomatını saz kimi sinəsinə basıb oxudu, oxudu...

           Qağa, qağa! And olsun o qolları qələm Həzrətabbasa ki, o gecə hamı Əflətinə qarğış elədi. Bütün kənd Muğanın dərdinə yandı... Axırda bilirsənmi nə oldu? Əflətin arvadını da götürüb Bakıya köçdü. Bir ilin tamamında rayon camahatı çıxanda Əflətin gəlib qaynatasını,   şikast qaynını maşınına qoyub Bakıya aparanda  Qaradiz yolunda erməni qrad atdı, düşdü maşının üstünə, hamısı yanıb kül oldu. Göhər qarnı burnunda Bakıda tək-təkana qaldı... 

            Bizim arvadların bir qarğışı var: “Yorğanıınan əriyəsən, döşəyiınən çürüyəsən...” Hə, qağa, Göhər qarnındakı o uşağı salamat doğa bilmədi. Uşaq ölü oldu, o heç. Amma Göhər də sağalmaz dərdə düşdü. O gözəllikdə gəlin bir çəngə oldu... Əflətinin anası, bacıları yığışıb Göhəri xəstə-xəstə ər evindən çölə saldılar. Yazıq qadın qaldı  küçələrdə... Amma neynirsən? Muğan gəldi, Bakidə Göhəri tapdı. Bax, bu Morqun lap yuxarısında, bax, burda öz əliynən ona bir otaq tikdi. Yanında da özünə bir budka kimi qaraladı. (Bax, o gördüyün balaca budka onundu.) İndi, ay qağa, iyirmi ildən çoxdu o Muğan Göhərə xidmətçidi... O xəstə qadının bazarlığın eliyir, xörəyin bişirir, altın təmizliyir, suya salır... nə bilim axı, ay Süleyman müəllim, bunlar təzədən sədd açıblar. Mən görməmişəm, deyirlər Göhər də babatlaşıb, saçları ağarsa da, rəngi-urufu yerinə gəlib... Amma illacı yoxdu dana... Özü sərbəst hərəkət eliyə bilmir... Nə bilim axı... vallah deməyə də dilim gəlmir... bunnnar burda Leyli-Məjlum olublar, qağa...

            -Neyləyək? Girəkmi onların mənzilinə? – Mən ürəksiz-ürəksiz soruşuram.

            -Mən yox, qağa, mən pox yeyirəm!.. – Haqverdi qətiyyətlə dillənir. – Mən onlara baxa bilmərəm... Onlara baxanın gərək təmiz ürəyi olsun, mənim kimi piyanskanın onnarın yanında nə işi?! Axı heç maa qapı da açmazlar onlar!.. Muğanın mənnən arası yoxdu... Göhəri deyə bilmərəm... Amma o gədə xatadı, vurar çənəmi-zadımı qırar... Dəlinin biridi...

            -Muğan heç evlənmədi bu illər ərzində? – Mən soruşuram.

             -Nə evlənməsi?! – Haqverdi hirslə deyinir. – Ağzımda bir qurannıx söz danışıram... O xəstə qadınla ər-arvad kimidilər, ya nədilər?! Baş açmaq olmur... Ailəsi də Muğannan üz döndərdi ki, Əflətinin artığına tamah salıb... Amma onun vecinə də deyil... Gedir, işləyir, qazanır, gəlir Göhərin yanına. Axı Muğanın yaxşı qabliyyəti var – bir evi noldan başlasın, tiksin, krışasın vursun, suvasın, malyarkasın da eləsin, versin sənə... Əli pulnan oynuyur... Deyirlər, hardasa torpaq alıb, ev tikir. Göhəri də götürüb çıxacax burdan... Onlar  da gedənnən sohra bura qalacax ituluyana... Bura morqdu, morq...

            O hönkürüb ağlayır. Gəlib-gedənin Haqverdiyə baxdığını görüb qoluna girirəm və buradan aralanırıq. (Düzü, bu aşiqləri görmək yaxşı olardı. Amma Haxverdinin sözü vurdu məni: “Onlara baxanın gərək təmiz ürəyi olsun...” Əcaba, məndə o ürək varmıydı?! Mənə qapı açardılarmı onlar?.. Belə adamlar  sadəlövh olurlar, bu belədir. Amma onlar vergili olurlar həm də. Yaxşı adamla pis adamı idimindən bilirlər. Baxışından, duruşundan tanıyırlar. Mən də ki, nə bilim axı, bu illər ərzində nə qələtlər eləmədim?! Tale məni də əydi yay kimi. Düzdür, sınmadım, gərildim, əyilsəm də, əzəlki halıma dönə bildim. Bir çətən külfəti saxlamaq üçün nə oyunlardan çıxmadım. Amma... Hə, amması odur ki, mən də ürək eləmədim bu qapını döyməyə. Bu pak adamların qapısını döyənin... Eeeeeh!.. ) 


                                                           

                                                                                     7 



              Haqverdi qabaqda, mən arxada daha bir mənzilə giririk və elə girdiyimiz yerdəcə qalırıq: daha tərpənməyə  imkan yoxdur. Metr  yarım eni, iki metr  uzunası olan bu yerdə bir elektrik sobası, bir az qab-qacaq,  qatlama çarpayıda yorğan-döşəkdə uzanan və başını ağ çalma ilə sarıyan yaşlı adam. Bizi görüb qımzanır. Amma qalxa bilmir. Nəhayət, mən onun üzünü görürəm. Bu, yetmiş yaşlarında bir kişidir. Diqqətlə baxsam da, tanıya bilmirəm – bizim tərəfin adamlarından deyil. 

            -Bu, Adil dayıdı. Hadrutdandı. Arvadı ölüb. Qızları ərdədir. Oğlu da şəhid olub. Elə bu budkada tək-tənha qalır...

            Kişi axır ki, qalxa bilir. Mən bu qəbir-evdə ölümünü gözləyən zavallı  insanın üzünə baxıram. Gözlərinə dərin zülmət çöküb. Yanaqlarındakı çuxura yumurta yerləşər. Ağzını açanda dişsiz damaqları uşaq damağı kimi işıldayır. 

            -Əyləşin deyərdim, amma yer olmadığınnan taburetkaları kəlidora qoymuşam... Haxverdi, seçki məntəqəsinnən gəlif qonax? Biz onsuz da səsimizi vermişiy çoxdan. Heş paşportumu da onnardan almamışam. Neynirəm axı? Qoy elə orda qalsın... Onsuz da hər dəfə seşki olanda...

            Qoxudan başım partlayır. Haqverdiylə gözləşib bayıra çıxırıq.

            Amma Haxverdi məni bu binanın zirzəmisinə endirmək istəyir.  Getmirəm. Ruhum uçub bədənimdən. Əllərimi yuma bilmirəm – barmaqlarım qatlanmır. Gözlərimin qabağını da kölgələr basıb. Bir şeyi iki görürəm. Az qalıram yalvaram ona:

            -Daha bəsdir, gücüm tükənib. Özümü pis hiss eliyirəm...

            -Ə, ə, saa bilirsən nə göstərəcəm? Əsl morq görmək istəmirsən?! Bizim qaşqınnar Morqu zəbt eliyənnən sonra, bax, bu padvalı uşaq xəstəxanasının morq  şöbəsi elədilər... Gedək,  şanlı xalqımızın əməlləriynən tanış ol dana, ə! Adıı da yazıçı qoymusan...

            Halım pis olsa da, marağımı boğa bilmirəm. Çar-naçar Haqverdinin dalına düşüb yarıqaranlıq zirzəmiyə enirəm. O, cibindən açar çıxardıb dəmir qapını açır və əlini irəli uzadıb deyir:

            -Haxverdinin kabinetinə xoş gəlmisən!.. Niyə heylə baxırsan? Mən on beş ildir burda işləyirəm... Yavaş, yıxılarsan... Bir az iyli-qoxulu yerdi. Amma neyniyəsən? Bura olmasa, maaş ala bilmərəm. Hər gün araq içə bilmərəm...

            Siçan ölüsü iyi dolur burnuma. (Rayonda, nənəm demişkən,  şad-şalayın günlərimizdə məni raykoma işə dəvət etdilər. Kim istəməz raykomda işləməyi? Təbii, mən də istəyirdim. Amma 1987-88-ci illərin ağır vaxtlarıydı. Partiyanın, raykomun, hətta ölkənin taleyi qaranlıq görünürdü. “Nə olar-olar”, deyib razılaşdım. 3-cü katibin qəbuluna apardılar. O da qəbuldan sonra məni ideoloji şöbənin işçilərinə təqdim etdi və birinci mətrəbədəki kabinetimizə düşəndə şöbə müdirimiz qapını açıb masamı göstərdi. Amma  içəri girə bilmirdim. Elə astanadaca bir kəsif qoxu məni tutub saxlamışdı. Müdir mənim niyə içəri girmədiyimi soruşmağa hazırlaşırdı ki, birdən xəfif-xəfif gülüb, “hə, anladım, qoxu məsələsi” dedi, qolumdan tutub içəri çəkdi və müdrik görkəm alıb mənim masamda əyləşdi.

            -Bilirsən, - dedi, - partiya işçisi hər cəfaya dözməlidir. Ölkəmizin canına daraşan kəsəyənlər, yırtıcılar aparata da dadanmışdı. Məsələni büro iclasında müzakirə edib qərar verdik ki, yırtıcıların, müftəxorların kökü bir sinif kimi kəsilməlidir! Ona görə də sanepistansiyaya zəng vurduq, gəlib kabinetlərdə polların altına deşiklərdən siçan dərmanı tökdülər. Və beləliklə də, krısalar məhv oldu. Amma neynəmək olar, bu yırtıcıların ölüsü də bizimlə mübarizə aparır... Bax, qoxuları raykomu bürüyüb!.. Minə dözən, min birə də dözməlidir. Səfasın çəkirik, cəfasına da sinə gərməliyik!..

            O gündən istidə, soyuqda bir gün də pəncərələri bağlamadım. İt kimi peşman olmuşdum bura işə gəldiyimə görə. Evə gedəndə də üstümdən siçan ölüsünün qoxusu çəkilmirdi. Raykomun işçiləri bu müdhiş qoxunu özləri ilə bütün rayon boyu gəzdirir, hamıya iylətdirirdilər.)

            Qusmamaq üçün cib yaylığımı çıxardıb burnuma tuturam. Bir kiçik otaqdan o birinə keçirik və Haqverdi qapını açanda   şaxtalı hava üzümə çırpılır. Təxminən beş eni, yeddi uzunluğu olan  bu məkan, əslində soyuducu otaqdır. Bir metr, yaxud metr yarım  uzunluğunda stollar yan-yana düzülüb. Üstlərinə də ağ mələfə çəkilib. Haxverdi  stolun birindən mələfəni qaldırır və gördüyüm mənzərədən ürəyim sancır: üç yaşında  qız uşağının göyərmiş cəsədini bura uzadıblar. 

            -On beş gündü burdadı... Gəlib aparan yoxdur. Bilmirəm, yiyəsi kimdi, nəçidi? Bir onu bilirəm ki, uşağın anası yoxdur. Nənəsi gətiribmiş. O da ölüb, uşaq qalıb yiyəsiz. Atasını axtarırıq ki, bəlkə gəlib beş-on manat versin, aparıb sahibsizlər qəbiristanda quylayaq.

            -Bəlkə tapmadınız?! - əsəbi halda soruşuram.

            -Onda baş həkimnən bir araqpulu alıb, xəstəxananın maşınına qoyacam, aparıb kimsəsiz uşaqlar qəbiristanda basıracam... Ha-ha-ha!

            Bu adamın gülüşü bu soyuq otağı bir az da soyudur. O isə daha şövqlə o biri stoldakı mələfəni qaldırır. Bu, bir yaşında uşaqdır. Heç qızlığı, oğlanlığı bilinmir. Çünki qıçının arasına pambıq basıblar. Uşağın üzünə baxıram – gözüm  ağrıyır. Bu üzdə əzab, işgəncə var. Elə o acıları çəkə-çəkə ölüb. 

            -Nədən ölüb bu uşaq?

            -Bu oğlan-qız imiş. Sən də bağışla, həm s...i varmış, həm am...ı.  Ha-ha-ha!... Burda bir uzman var, Türkiyədə oxuyub, gəlib; uşax cərrahıdı. Aperasiya eliyib ki, düzəltsin, çıxmıyıb apresdən. Həkim deyirdi ki, o yer zərif yerdir, lap ürək kimi...

            -İndi bunun axırı nə olacaq?

            -Heş nə. Anası ağlaya-ağlaya iyirmi manat verdi maa. İndi gözlüyürəm ki, bir-ikisinin də yiyəsi çıxsın, qatım bir-birinə, aparım quyluyum dana. Bir uşax meyidinə görə o boyda yolu maşın sürmək olmaz axı... Optavoya keçmişik... Ha-ha-ha... Hu-hu-hu... Bının benzini var, yer qazmağı var...

            -Yeri kim qazır?

            -Orda nə çoxdu boş qəbirlərdə yaşayan bomj piyaniskalar? Bir çubuşa bir çala qazıb atırlar ora, üstünü örtürlər... Ya da özüm qazıram... Neynim e, müsəlmançılıqdı dana... Çöldə qoysam, it-pişik yeyər,  o dünyada  nə cavab verərəm? Yaxşısı oradı – kimsəsizlər qəbiristanı...

            (Yadıma anamın dayısı Rəsul baba düşür. “Müharibə vaxtı kənddə kişi qalmamışdı. Az qala həftədə bir adam acından, xəstəlikdən ölürdü. Arvadları, yeniyetmə oğlanları başıma yığıb qəbir qazar, meyidi o çalaya atıb üstünü torpaqlayardım. Əslində, hər müsəlmanın borcudu ki, üç ölünü yusun, kəfənləsin, dəfn eləsin. Beləsinin yeri cənnətdi...” 

            Belə çıxır ki, indi bu piyanska cənnətə düşəcək?..                   

            Elə bu vəziyyətdə gülümsünürəm və yenə yadıma o kişinin söhbətinin davamı düşür. “Müharibə bitənnən otuz il sonra Bakıdan bir oğlan gəldi kəndə. Maşınını düz bizim qapıya sürdü, mənimlə görüşüb dedi ki, dayı, mən Əbülhəsən kişinin oğluyam. Atam öləndə mən körpə idim. Detdoma verdilər. İndi əlim iş tutur, pulum-param var. Atamın qəbrini özümə 

yaraşan kimi götürmək istəyirəm. Sən basırmısan atamı. Gedək, yerini göstər, Bakıdan baş daşı gətirmişəm, ustalar qəbiri düzəltsinlər, baş daşını bitirsinlər...”

            

            Rəsul baba  deyir qocalmışdım, gözüm də yaxşı görmürdü, fəhmim də qabaqkı deyildi. Kərimqulunu çağırdım, dedim, a bala, sən onda cavan uşağıydın, maa kömək elədin, Əbülhəsənin meyidini basdırdıq. Ora haraydı?..

            Kərimqulu köpəy oğlu düşdü qabağa, hara apardı bizi? Düz on il əvvəl ölmüş dədəsinin qəbirinin üstünə. İstədim dillənəm, əlini ağzına apardı. Day dinmədim...

            Nəysə, uzun sözün qısası, ustalar qəbiri götürdülər, baş daşını da üstünə bitirib çıxıb getdilər. Kərimqulu axşam tərəfi bizim qapıya gəlib nə desə yaxşıdı? “Ay, İrasul əmi, başına dönüm, mənim pulum-zadım hardadı qəbir götürəm, baş daşı düzəltdirəm. Dedim, qoy Əbülhəsənin baş daşın mənim dədəmin üstünə bitirsinlər, ruhu şad olsun, sevinsin kişi...”

            Bu xaraba ölüxanada özümü güclə tuturdum şaqqa çəkib gülməməkçün...)

            Haqverdi isə dil qəfəsə qoymadan danışırdı:

            ...-kimsəsizlər qəbiristanında taxtaya-zada adların yazırıq. Onlar da düşüb itir, qəbirlər qarışırlar bir-birinə... Qabaqlar qardaşlıq məzarları vardı e, sovet dövründə... bax elənçinə...

            -Kimsəsizlər qəbiristanı? 

            -Hə, Bakının çıxacağında, adını da yaxşı bilmirəm yerin, boz bir səhralıqdı. Böyüklü-kiçikli bütün kimsəsiz ölüləri orda basdırırlar. Biz də ora aparırıq belələrini.

            Haqverdi danışa-danışa başqa bir stola yaxınlaşır. O bu meyitlərin arasında qəssab ət dükanında gəzişən kimi gəzişir. Və növbəti mələfəni qaldıranda bağırır:

          -Vay nənə, vay!..

            Sonra qaçıb küncə qısılır. Əl-ayağı əsir. Qorxudan dili tutulur.

            Mən də özümü onun yanına atıram və  görürəm ki, iki, ya da üç aylıq bir uşaq gülən gözləri ilə bizə baxır. Hiss olunur ki, təzəcə ayılıb. Qollarını açıb küncə qısılmış Haqverdiyə tərəf  qımzanır. Haqverdi isə titrəyə-titrəyə telefonunu çıxardıb hara isə zəng vurur və şaşırmış halda, isterik  səslə danışır:

            -Doooxtur, ay doooxtur! Mmmməni çevir baaaalalarının baaaaşına, bu zibildən quuuurtar məni... Mmmmorqda bbbbir uşax dirrriliffffdi...- Sonra nə olursa, kəkələməsi keçir. Sərrast danışmağa başlayır. - İiçən olsam da, mən allahdan qqqorxuram. İki aylıq olar, ya olmaz... Axşam gətirmişdilər bura... Qızdı deyəsən. Adı? Qoy üstündəki yazıya baxım... zaddı, Kərimova Aysu   Elmir qızı... Neyniyim indi mən?.. Aparım? Hara? Bizə? Ə, yox həkim, arvad məni öldürər e!.. Həəəə... Oraaaa, qəbul şöbəsinə... He-he-he...Yaxşı, yaxşı...

            Haqverdi uşağı elə üstünə atılan mələfəyə büküb qucağına alır və bu vəziyyətdə zarafatından da qalmır:

            -Özüm ölüm, sən allah adamısan! Mən bura iki gün sonra gələrdim, ya gəlməzdim. Ona kimi də bu çezəcəkdi soyuxdan... Səni allah göndərib...

            Mənim isə daha tabım qalmayıb. Həm soyuducu-otağın şaxtası kəsir bədənimi, həm də bu kimsəsiz uşaqların dərdi qanımı dondurub. Bu yandan da dirilən uşaq! Güclə özümü zirzəminin pillələrinə yetirirəm. Dəhşətli iy məni öküz motodoru buynuzu ilə göyə atan kimi pilləkənin başına atır. Oradan isə yuxarı necə qalxdığımı xatırlamıram.

             Amma içimdə bir yüngüllük də var. Bu körpənin dirilməsi! Mənim buna bais olmağım! “Bu balaca hadisə deyil, Süleyman müəllim! Ayağında ruzi var deyərdi nənən. Sən olan ili cəviz ağaclarınız o qədər cəviz gətiribmiş ki, evdəki bütün xarallar  dolub. O ili təkcə cəvizlə xeyli pul qazanıb babanın ailəsi. Hələ qoyunlarınız, keçiləriniz tam tamına əkiz doğmuşdular. Xam düyələriniz də kələyə gəlmiş, atınız qulunlamışdı. Baban deyirmiş ki, göydə ulduzun sanı vardı, çayda balığın sanı yoxdu. Bağ-bağatı suvaranda arxla gələn balıqlar düzdə qalırmış – yığ ki, yığacaqsan ləklərin arasından... Sən 50-cilərdənsən.  1955-də doğuldun. Bir dostun nə yazmışdı   kitabını oxuyanda? “...və deyilmiş sözdür ki, 50-cilər planetin (və mənsub olduqları xalqın) şüur və ruhunun genişlənməsində mühüm rol oynayırlar (kainatda dəyişim enerjisini ifadə edən 5  və 50-yə diqqətli olun”)*. İndi ayağın dəydiyi yerdə ölü də dirildi... O da var ki, sən doğulan ili ailənizi dağıtdın. Atanla anan ayrıldılar... Amma kim deyə bilərdi ki, bu xeyrə deyildi? Axı kim bilir, xeyir tərəzinin hansı gözündədir? Uğur olsun, Süleyman müəllim!” 

            Özümə beləcə toxtaqlıq verirəm... 

            Və yadıma institutda bizə rus dilindən dərs deyən Polina Yusipovna düşür. O mənə Soloman deyərdi.





                                                                                      8   


            

            

            Polina Yusipovna altmış yaşlarında bir qadın idi. Bizim dildə bizdən yaxşı danışırdı. Rusca, ingiliscə, hətta ərəbcə sərbəst yazıb-oxuyurdu. Üstəlik, doğma yəhudi dilini, hətta qədim ibranicəni mükəmməl bilirdi. Onun dərsində uşaqlar həmişə səs salar, qeybət edər, məktublaşar, bir sözlə, dərsini bazara çevirərdilər. O da yalvarardı ki, nə edirsiniz edin, amma səsinizi qaldırmayın. Zamdekan gəlib dərsi belə görsə, dekana deyər, məni institutdan qovarlar...

            Əvəzində  bütün dərsi mənimlə söhbət edər, bəzi bilmədiyim mətləbləri andırardı. İndi  “Tövrat”dan, “İncil”dən, “Quran”dan nə bilirəmsə, ona borcluyam. (Bu dini kitablardakı ibrətamiz hekayətlər məni həmişə özünə çəkirdi. Sonralar həmin hekayət və əhvalatlar yazılarımda xüsusi yer aldı.)

            Mənə gah Salamon, gah Şalamon deyər, oğlu kimi əzizləyərdi. 

            “Davud peyğəmbər 13 yaşlı Salamonu özünə varis təyin edəndə saray əhli az qaldı üsyan etsin. “Bibliya” yazır ki, Davud Allaha abidlərin etirazını çatdıranda Yaradan dedi: “Ya Davud, sən onlara de ki, hər kəs öz əl ağacını versin, Solomon da daxil. Hamısının quru əl ağaclarını al, bir otağa qoy. Bir gün sonra gəlib o çubuqlara baxsınlar. Kiminki  göyərsə, o, Davudun varisi olacaqdır.

            Davud belə də edir və təkcə Solomonun quru əl ağacı göyərir... Unutma, sən də Solomonsan. Zamanı gələndə səninlə də hesablaşacaqlar. Amma bununçün elmləri dərindən bilməlisən... Bir də səmavi kitabları mütləq oxu. “Tövrat”ı, “İncil”i, “Quran”ı oxu... Dünya Yerlə Göyün birliyində mövcuddur. Göydən gələn yağış Yerdə torpağa qovuşduğu kimi, həyat da İnsana göydən verilib. Bizim hökumət özünü Göydən təcrid etdiyi üçün məhvə məhkumdur... O son çağlarını yaşayır... Böyük çaxnaşma olacaq, Şolomon! Çalış ki, bu çaxnaşma sənə, sənin ailənə zədə vurmasın... Çubuğunun həmişə yaşıl olmağını istəyirsənsə, dünyəvi və səmavi elmləri öyrən...”

            Polina xanım bir də mənə Qüdsdən, özünün dili ilə desək, Yerusəlimdən danışardı. Deyirdi ki, bu şəhər  sənin adaşının – Solomonun şəhəridir. Buranı – Beytül-Müqəddəsi o tikib, böyüdüb, tanıdıb dünyaya. Deyirdi ki, bu şəhər yeganə yerdir ki, burada yəhudilər, xristianlar və müsəlmanlar baş-başa verib yaşayır, hərə öz dininə, Allahına, məbədinə qulluq edir. 



-----------------------------------------------------------------------------------------------------------------------------------------------

*İfadə Fərzuq Seyidbəyliyə məxsusdur.

            

           Burda bir də “Kədər yolu” küçəsi var ki, İsanın Ponti Pilatın yanından Qolqof təpəsinə qədər əlində xaç getdiyi yol ordan keçir. Bu küçədə bütün din və məzhəblərin öz məbədləri var. O böyük məbədlər kompleksindən yeganə salamat qalan isə “Ağlama divarı”dır. O divarın önündə ağlayıb, ürəyində arzu tutmaq ən müqəddəs ayin sayılır...

            “Sən ən çətin günündə Solomonun quru çubuğunun yaşıllandığı anı yadından çıxartma...” – Polina Yusipovna belə demişdi...

            Fakültədə bir Sərhat vardı. Dekanlığın sukasıydı. Bir dəfə gəlib Polina xanımın dərsinə qapının dalından qulaq asıb olanları dekana çatdırmışdı. Beşin də üstünə qoymuşdu: bu arvad dərsdə Allahdan, Peyğəmbərdən danışır, həm də dərsində ağız  deyəni qulaq eşitmir. Daha nələr, nələr...

            Bir-iki tələbənin ifadəsini alıb yazıq Polina xanımı institutdan qovdular. (Əsas da ona görə ki, tələbələr rusca heç nə bilmirdilər. Polina xanım isə onları satmamışdı: “Mən bu dili onlara zorla öyrədə bilmərəm ki” demişdi.) 

              Mən sonralar da onun evinə gedib-gəlirdim. Hətta institutu bitirib təyinatla rayona yollanandan sonra  ayağım Bakıya düşəndə onu ziyarət edərdim.  Kənd nemətlərindən pendir, qatıq, çolpa, lavaş çörək və sair gətirərdim. O 4-cü Zavaqzalnı küçəsindəki iki gözlü kiçicik otaqları olan evində məni hərarətlə qarşılayar, hətta sevincindən ağlayardı. Bir dəfə isə ona yenicə çapdan çıxmış hekayələr kitabımı gətirmişdim. İnanın, qadın kitabı öpüb gözünün üstünə qoydu. Sonra göz yaşları içərisində “Solomon, sənin ağacın göyərdi!” deyib eşqırdı*...

           O, az miqdarda təqaüdlə tək yaşayırdı. Bircə oğlu varmış. O da çıxıb Rusiyaya, ordan da İsrailə  getmişdi. Oğlu onu da aparmaq istəmişdi, amma o heç yana getmək istəmirdi. “Bakı mənim sevimli şəhərimdir, mən burda doğulmuşam, burda sevmişəm, burda sevilmişəm” deyirdi.

            Təlatümlü 90-cı ilin qışı idi. Bakıya gələndə getdim Polina xanımgilə, fəqət qapısı bağlı idi. Düşündüm ki, Bakını tərk edən rus, erməni ailələri ilə bərabər o da Rusiyaya, yaxud İsrailə gedib.   Qonşulardan soruşdum, “öldü” dedilər. Qapıda oturub siqaret yandırdım. Bir otağı kitablarla basılı olan bu evin çırağı sönmüşdü. O çırağın ziyasından od götürən adam kimi başımı bu qıfıllı qapıya söykəyib ağladım...

           Ürəyimdə Polina xanım adlı bir düyün var. O düyün mənə həmişə əzab verir... 

            ABŞ-ın cüvəllağı prezidenti Trampın Qüds söhbətindən sonra Polina Yusipovnanı bir daha xatırladım. Onun mənə dediyi bu sözlər   ürəyimi deşir: “Şolomon, unutma, Yeruşalim yeganə şəhərdir ki, orada bütün dinlərə yer var. Ona görə adı Yerisəlim, yaxud  Beytül-Müqəddəs, yaxud Qüdsdür... Allah o gündən qorusun ki, bir ölkə o şəhəri dünya möminlərinin əlindən alsın... O müqəddəs şəhər var olduqca dünyaya ölüm yoxdur.”

            “Nə oldu, Polina Yusipovna, dünyanın axırıdır deyəsən?” – bu sualı ona vermək üçün lazım gəlsə, o dünyaya belə getməyə hazır idim...

  


 ----------------------------------------------------------------------------------------------------------------

*Eşqırmaq – ağlayan adamın tez-tez içini çəkməsi. Bəzən bayılmaqla nəticələnir. Bu söz cənub-qərb dialektində daha işləkdir. Ədəbi dildə qarşılığı olmadığı üçün işlətdim. (“Hıçqırmaq” sözü ilə qarışdırmamalı. “Hıçqırmaq” səsini içinə çəkib ağlamaqdır.) - Müəllif.




                                                                                    9


            

                Avtobus-kafenin böyründəki tualet kiminin qabağında qoyulmuş dəmir əlüzyuyanda bəlkə on dəfə əl-üzümü sabunlayıram. Amma məni buynuzlayan o müdhiş qoxu getmir ki, getmir. Bunu görən Haqverdi söz atır:

            -Məllim, əlacı bir az araqla əlini yuyub üzünə çəkməkdir, vallah. Kopolunun arağı hər dərdin dərmanıdı dana. 

            Vaqon-kafedə oturmuşuq. Bu dəfə mən içmək istəyirəm. Haqverdinin gözləri işıqlanır.

            -Sən deyən sağlığa...

            -Mən sağlıq dedim? – Təəccüblə ona baxıram. Çənəsinə axan arağı dili ilə yalayır.

            -Elə bil demisən, dana. 

            -Maraqlıdır.

            -Hə, əslində belə deyəcəkdim: “Deyilən sağlıqlara!”

            -Bəlkə biri söyüş sağlıq deyəcək? Məsələn belə: “İçək binamusların sağlığına.”

            -Hə, nolsun axı? Demokratiya deyil? Ha-ha-ha!..

            Yadıma bir axmaq lətifə düşür. Kişi evdə oğlanları, arvadı ilə mübahisə edir. Ailə üzvlərinin onu üstələdiyini görüb əlini stola çırpıb bağırır:

            - Mən deyən olacaq, vəssalam! Demokratiya deyil?!.

            Gülümsünürəm. 

            -Uşağı neynədin? 

            -Neyniyəcəm? Verdim qəbul şöbəsinə. Ayrı adnan aformut elədilər... Guya atılmış uşaqdır, bu gün tapıb gətiriblər...

            Heyrətdən dodaqlarım əsir:

            -Sən nə danışırsan?! Bəs onun atası-anası yazıx deyil?! Hələ o uşaq özü yazıx deyil?! Mən bunu mütləq yazacam! Gərək şəklini çəkəydim... Tfu! Başım elə şişdi ki...

             -Yavaş! Yavaş! Hişşş! Eşidirlər axı... – Haqverdi o yan-bu yana baxıb soyuq-soyuq gülümsünür:

            -Qağa, bu uşağı valideynləri qız olduğuna görə roddomda qoyub getmişdilər. Ordan bizə göndərdilər ki, peyvəndin-zadın eliyək, kağız-kuğuzun düzüb-qoşaq, verək detdoma. Amma biz bu işi görüncən, yanı ki, sənədləşdirib detdoma verincən yubandı. Həm də tərslikdən, o yaşda körpələri qəbul edən detdomda yanğın olmuşdu deyin, baş həkimdən xahiş eləmişdilər ki, uşağı bir az gecikdirək. Yazıq baş həkim dedi, bəlkə bu taleyin işidi, valideynləri o vaxtacan insafa gələr, qaytarıb apardılar  bədbəxti...  Amma hardan? Bu ailənin altıncı qızıymış... Sonra da qəfil xəstələndi və öldü. Heç üstündən bircə gecə keçməmiş, dirildi... İndi mən olmayım, sən ol. Adama deməzlərmi ki, ay həkimlər, bu uşaq ölməmiş onu morqa niyə qoymusunuz?! Deyərlər. Ona görə də, biz Kərimova Aysunu öldü və dəfn olundu adıynan sildik. Buna ölüm kağızı yazılıb e, ay qardaş, ölüm kağızı! Sən heç indiyənəcən eşitmisən ki, bir ölü dirilə?! Yox. Eşitməmisən. Heç mən də eşitməmişəm... Öldü. Çezdi. Fsyo! Quylayın getsin. Ə, özüm ölüm, bizim babalarımız kişi adammış. Ölən günü tutub zornan qaynar suda çimizdirirlər, Humayın ağına büküb basırlar dar qəbirə. Torpaxlayırlar. Yoxsa bu xaçpərəstlər kimi: üç gün gözlə, beş gün gözlə... Gözləyəndə də belə olur: bude ha, dirildi... Ha-ha-ha! Dirilənə isə təzə ad qoyduq, xəbərin olsun: Süleymanova Nərminə - baş həkim öz adını verdi ona! Familiyasını da mən dedim: sənin adını yazdıq familiya yerinə.  Ha-ha-ha! Daha burda nə var ki?! Qarı si...ildi, qapı da bağlandı...

          Deməyə söz tapa bilmirəm. Hirsimdən oturduğum yerdə   buza dönmüş qıçlarımı tərpədirəm, gücdən düşən əllərimi ovuşdururam. 

            -Sənin morqundakı uşaqların hamısı qız olur? – Sualım Haqverdini çaşdırdı elə bil. Bir anlıq duruxub irişdi. 

            -Mən orda heç oğlan meyidi görmədim... Tək bircəciyi vardı – bayaq onu sən də gördün – o da oğlan-qız idi... Ha-ha-haaaa!.. – Ucadan qəhqəhə çəkib gülür və qəfil susur.

            -Belə baxanda, mən valideynləri heç qınamıram. Bir qızı köçürmək üçün gərək ev-eşiyinnən çıxasan. Cehiz adamın evini yıxır. Oğlan tərəfi bir üzük, bir də sep alır, vəssalam... Qağa, mən arvada qadağan eləmişdim qız doğmağı. Bə nədi?! Aparat var, get, pulunu ver, qızdısa, doğratdır... Bizim balnisadan aşağıdakı ginikoloji poliklinika var ha, onun yanındakı kanalizasiya lukuna bəlkə bir milyon qız ölüsü töküblər... Elə biri bizim arvad: mənim yadımda qalan yeddi qız doğratdırdı orda... Axırı üç oğlumuz oldu... Nə qozumadı ə, kiminsə oğluna ev quram?! Qoy bir ayrısı mənim oğluma cehiz versin, ev qursun...

            Bu vaxt  Haqverdi qəşş edib  gülür. “Lə... Lə... Lələ...” deyib uğunur. Və əli ilə vaqon-kafenin həyətində dayanmış uzun boylu, dar çiyinli, qısa saqqallı bir nəfəri göstərib kəkələməyinə ara verərək deyir:

            -Bax, o Lələdi. Bayaq dediyim Lələ. Genə peyda olub. Pulun var? Bəlkə çağıraq stolumuza, bir az məzələnək? 

            Çağır deyirəm. Haqverdi durub çölə çıxır və az sonra bu qəribə adamla qayıdır. Elə bil nağıllardan gəlib. Ensiz çiyinlərini qısıb, uzanıb pırtlaşıq düşmüş saçları sığalını itirib, üzünün rəngi köhnə ayaqqabı kimi solub, burnu incələrək uzanıb, baxışları isə... Təkcə baxışları onun içdən diri olduğundan xəbər verir – üzünə baxdımı, özünü itirirsən, gözlərini yayındırırsan... 

            Əlində kirlənmiş süni parçadan ağ torba var. Salamsız-kəlamsız əyləşir. Gödərək  saqqalına tumar çəkib zəndlə mənə baxır. Kafenin sahibi  - Haqverdi deyir ki, o, həm kafenin sahibidi, həm ofisiantıdı, həm aşbazıdı, həm kababçısıdı, həm də itoynadanıdı - bizim stola yanaşır və itoynadan damarı tutur:

            -Lələ xoş gəlib! Arzun nədi, Lələş?! 

            Lələ  ona cavab vermir. Bir mənə, bir Cahangirə (kafenin sahibinin adıdır), bir də Haqverdiyə baxıb başlayır  dil-qəfəsə qoymadan danışmağa:

            -Bizim arzumuz olmaz, əfəndim. Biz arzuları amputasiya olunmuş adamlarıq. Birinin qolu qanqrena olar, kəsərlər, o birinin qıçı qanqrena olar, onu da kəsərlər. Bizim arzularımızı amputasiya ediblər. Yox, çaşdım, etməyiblər. Biz özümüz anestezioloqun qabağına uzanmışıq, narkoz qəbul eləmişik, arzularımızı kəsdirmişik. Balaca oğlan uşaqlarının duduşalarını nə təhər kəsərlər, bax, bizim də arzularımızı elə qələm atıblar... Cəmi   40 manata*... Ki, bizə ayda 40 manat çörəkpulu versinlər. (Üstəlik, komunal xərclər də daxil.) Ki, o yavan çörəyi dişsiz ağzımızla - indi baxıram ki, Lələnin ağzında diş yoxmuş - gəvələyək, Vətənə dönə bilməyək... Ki, bunu heç arzulamayaq... Dişsiz adamın arzusu olmaz, əfəndim! Arzu bilirsən nədi? Arzu Vətəndi!

Əzizinəm, Vətənə,

                                    İnək salar ətənə.

                                    Qol-qanadım kəsilib, 

                                   Uçammıram Vətənə...



-------------------------------------------------------------------------------------------------------------------------------------

*Məcburi köçkünlərə verilən aylıq müavinət.         



             -Ətənə nədi, bilirsənmi? Hardan biləssən? Bəlkə heç inəyi də tanımırsan... Bə nədi? Bizi kəndlilikdən zorla çıxardıb bu meqapolisə tökdülər ki, axırımıza çıxsınlar. Kəndlini məhv eləməyin bircə yolu var: onu kənddən çıxart, gətir tök şəhərə... Zorən urbanizasiya... Hə, ətənə inəyin buzov doğandan sonra saldığı ət parçasıdır. Buzovun yoldaşıdır. İnək doğanda o ətənəyə yeriklər. Yemək istəyər onu. Gərək onu bu ət parçasını yeməyə qoymayasan. Yedimi, bir daha doğmaz. Ərəmik olar. Qısırayar... Ya da ölər inək... Əfəndim, bizim inəyimiz ətənəsin çoxdan yeyib! Bizim inəyimiz bir daha doğmaz...

            Qəfil qəhərlənir. Haqverdi əlləri ilə üzünü tutub, lotu gülüşü üzünə yayılıb. Cahangir də bir az aralıda qarnını tutub xısın-xısın gülür. Mən Lələnin boş stəkanına araq süzürəm. Götürüb başına çəkir.

 -On, bəlkə on iki yaşım vardı. Anam kolxoz işinə gedəndə mənə bərk-bərk tapşırdı ki, gözün inəyimizin üstündə olsun. Böyünnəri doğasıdı. Əgər doğmağa başlasa, qaçıb qonşumuz Xanəhməd dayını çağırarsan, kömək   eləyib doğuzdurar. Bax ha, gözlə, ətənəsin yeməsin!.. Ətənəsin yesə, tay bir də doğmaz. Südə, qatığa, yağa, şora, həm də buzova həsrət qalarıq...

            Əfəndim, inək iki saatdan sonra başladı fısqırıq atmağa. Yatdı, qalxdı, böyürdü. Təninnən su açılanda  başa düşdüm ki, doğmaq istəyir. Qaçdım Xanəhməd kişinin evinə sarı. Ha çağırdım, qışqırdım, darvazalarını döydüm, səs verən olmadı. Yüyürdüm aralığa, Əmirin tutunun dibinə ki, bəlkə oralarda olar. Gündə qapısında özünü günə verən Xanəhməd, indi yağlı əppəyə dönmüşdü. Rusların sözü olmasın, zakon podlosti!.. 

            Geri qayıdanda gördüm ki, inəyimiz alnı güllü qəşəng bir buzov doğub. Bir az balasını yalayannan sonra yenə yatıb-qalxdı. Dedim, buna nə oldu, doğduğun doğdu də. Balasını yalasın, qurutsun, əmizdirsin... Anam da gəlsin ağüz südün sağsın, mənə bir kələkey bişirsin. (Bilirsiniz də, inək doğan vaxt iki gün təmiz süd verməz. O iki gündə buzovdan artıq qalan südü – buna ağuz südü deyərlər bizim tərəflərdə -  sağarlar, sapsarı maya olar. Ya onun özünü ayrıca bişirərlər ki, buna kələkey deyərlər, ya da bu mayaya çoxdan doğmuş başqa bir inəyin südün  qatıb bişirərlər, bu da bulamadır. Ölürdüm bunların hər ikisindən ötrü.) Və qəfil yadıma düşdü ki, heyvan ətənəsin salmağa hazırlaşır. Nəysə. Bir də yatıb qalxanda gördüm bir iri ət parçası gəlir təninnən. Keçdim inəyin arxasına, ətənənin ucundan tutdum ki, düşən kimi götürüb uzağa aparım, gözü görməsin. Ay-hay! Heyvan ətənəsini salıb bir əfi ilana döndü. Dik qalxıb yarısı əlimdə olan ət parçasın yığdı ağzına, başladı gövşəməyə. Ha çalışsam da, gücüm yetmədi. Dartıb qalan yarısını da əlimnən aldı, gözüm görə-görə ətənəsini çeynəyib uddu. 

                                                            (Ağlamsınır.)

            Biz bir daha nə buzov, nə süd-qatıq gördük. İnəyimiz ərəmik oldu. Hər il kələlər yığışdı qapımıza. Sürdü inəyimizi. Amma tutmadı, doğmadı ki, doğmadı. Hələ söz yeri də olduq. Daldada dedilər ki, Aynanın (anamın adı idi) inəyi özü kimi ərəmikdir... (Atam mən doğulan ili qəfil xəstələnib ölmüşdü.)   Axırda dözmədi anam. Düz dörd ilin tamamında inəyimizi ətliyə verdi... Mənim də ağlım laxladı. (İnək ətənəni yeyəndə anam məni maşa ilə döymüşdü, onnan ağlım oynamışdı yerinnən. Bir ara ruhu xəstəliklər dispanserində yatdım da.) Anam da xiffət elədi. Xəstəlik tapdı. “Ətənə, ətənə” deyə-deyə öldü. 

            Lələ qəfil dayandı. Quruyub gözünün altında, yanaqlarında bir yazı işarəsinə dönən göz yaşlarını sildi. Sonra stəkanındakı arağı başına çəkib bir parça kartof qoydu ağzına və dedi:

            -Ətənə buzovun yoldaşıdır. Yalançı buzovdur. Bizim inəklərimiz daha buzov yerinə ətənə doğur... Südümüz, ağartımız quruyub. Ağartısı olmayan adamlar ölümə məhkumdur... Birdən ölməzlər, qurumaq üzrə olan ağac kimi gün-gün, həftə-həftə, ay-ay, il-il quruyarlar, axırı ölərlər... Bizim sonumuz yoxdur... Hə, əfəndim, anamnan sonra qala bilmədim evimizdə. Tərk elədim kəndimizi, rayonumuzu, Azərbaycanı.  Cəlayi-vətən oldum. Adaşım Lələ kimi laməkan. Düşdüm çöllərə.


                        Əzizinəm, başdan mən,

                        Binadan mən, başdan mən.

                        Nə atam var, nə anam,

                        Yaranmışam daşdan mən...


            Getdim Rusiyaya, Sibirə, Altaya. Orada bir şamanla qarşılaşdım. Mənə baxdı, içimi görürmüş kimi baxışı bu yanımnan girib o yanımnan çıxdı. Dedi: “Sənin ruhun dağılıb. Ona görə barsızsan. Qısramısan. Get, ruhun dağılan yerlərə. Amma yox, ora gedə bilməzsən. Nədən? Çünki ruhun yağma olduğu kimi, məkanın, mənzilin də yağmalanıb...”

            Qanmadım ki! Elə bildim, uşaq-muşaq evimizə girib. Demiyəsən...

                                                (Ağlayır. Göz yaşlarını qoluyla silir.)

            ...demiyəsən, düşmən kəndimizi, rayonumuzu işğal edib. Qarabağ əldən gedib. Mən bir daha kəndimizi, evimizi, anamın qəbrini görməyəcəyəm...

           (Bayaqdan gülən Haqverdi də başlayır ağlamağa. Paz Cahangir də ağlayır. Məni də qəhər boğur.)

            ...sonra Bakıya döndüm. Axtarıb buranı – kəndimizin camaatının yığışdığı bu Morqun binasını tapdım. Bax, bu Haqverdi mənə bir otaqkimi düzəltdi. Sağ olsun. Qaçqınlıq vəsiqəsi düzəltdi. Müharibə veteranı kinişkası düzəltdi, pensiya düzəltdi... Acından ölməməkçün bunlar yetər... Sonra mən   Gürcüstan yoluyla Türkiyəyə gedib çıxdım. Orda dedilər ki, Altaylarda gördüyün şamanlar haqda bir kitab yaz, çap edək, sənə yaxşı qonorar da verək. Dedim yaza bilmərəm. Amma mən danışım, siz yazın. Qonorar-zad da istəmirəm. Danışdım, yazdılarmı, yazmadılarmı, bilmirəm... Kitab çıxdımı, çıxmadımı, onu da bilmirəm...

            Dayandı. Toxdayıb, Haqverdidən aldığı siqareti yandırdı. Gülümsədi. Bunun adı gülümsəməkdən çox, ölümsəmək idi. 

            -Hardaydın? Qapını döydük, açmadın?.. – Haqverdi soruşur.

            -Bu dünyanı zindan bil. Bəs zindan nədi? Dirilərçün qəbir... Soruşursan ki, hardaydın? Rəhmətlik Mahmud Kaşğarlı bilirsən nə deyib? Hardan biləssən? Onun “Divanü-luğat-it türk” adlı möhtəşəm bir əsəri var. Orda deyir: “Xalqın ən bəlağətlisinin susqun, ən sağlamının xəstə olduğu zaman gəlib....” Qardaşım, indi eynən heylə bir dövrdəyik... Füzuli Bağdadı nə demiş? “Bir dövrdəyəm ki, nəzm olub xar...” Xar olmayasınız... Şəhərdəydim. Böyük morqdan çıxıb bura – kiçik morqa gəldim. 

            Sonra siqaretini tüstülədib başını bulayır:

            -Bu gün Bakıda böyük bir hadisə baş verdi. Amma Bakı bunu bilmədi...

            -Nə hadisəsi? – bu dəfə mən soruşuram.

            -Dünyanın böyük alimi Lütfüzadəni torpağa verirdilər... Sadə xalqdan tək bir adam vardı o dəfndə - o da mən yetim.

            Haqverdini od götürür. Stəkanına araq süzüb az qala bağıra-bağıra deyir:

            -Ə, neynirəm, ə, mən Lütfizadəni?! Soxum belə onun kəlləsinə! Ə, nə si..rəm ə, mən onu?! O məni heç si...inə aldı? Bircə dəfə o Amerikadan mənim kimi qaşqınnarın sözün dedi?! Demədi. Mənim nə qozumadı, ə, o?! Öləndə gəlirlər bura... – Sonra mənə baxır. – Düz demirəm, müəllim?

            -Vallah, doğru sözə nə deyəsən?.. Amma o da düzdür ki, Lütfüzadə böyük alim idi. Nə də olmasa, bu torpağın yetirməsi idi. Fəxrimiz idi...

            -Şəxsən mən elə adamla fəxr-zad eləmirəm! Ə, heç oğlu onun dəfninə gəlmədi, mənim orda nə işim var, hıy?! Götürün vurağ, ə! Şərəfə! -Lələ badəsini qaldırsa da toqquşdurmadan içir. 

            -Şərəfmi qaldı, yahu?! Şərəf insana aid. Biz şərəfimizi o topraklarda qoyub gəldik...

            (Torpaq yox, toprak deyir.)

            -Biz, qış günü papağı başından alınmış bir kişi və ya zorlanaraq bakirəliyi pozulmuş qız uşağı, yaxud da qanadları qırılmış, bir daha uçmayacaq quşlarıq...

            Zəndlə ikimizi də işığı sönmüş gözləri ilə süzür və başını bulayır:

            -Siz heç qanadsız quşlar görmüsünüz?- Sözünü bitirib düz gözümün içinə baxır.

            -Yox, - deyirəm.

            -Durun, gedək, mən sizə qanadsız quşların nə olduğunu göstərim, - stəkanındakı arağı son qurtumunacan içib qalxdı. Haqverdi heç məni gözləmədi. Stolun haqqını ödəyib onların ardıncan çıxdım.

            Morqun arxasında bir yardımçı bina var. Ora üz tutur, biz də dalıncan...

                                                


                                                                        



                                                                                    10

            


             Yarıuçuq yardımçı binanın qabağında dayanmışıq.

             Haqverdi qulağıma “bura kaçaqar olub, indi işləmir” deyir.

            Qapını itələyir, çətinliklə olsa da, açır. Deyəsən arxasında nəsə varmış.  “Boy, ə, bı gədəni bayaq bura tərəf dazıyan gördüm axı” deyib çətin açılan qapını bir də itələyir və yarıaçıq qapıdan Dılının irişən üzü görünür. Bu da gülməyə oxşamır. Elə bil ölmüş adamın gülüşüdür. (Bu gülüşü mən morqda dirilmiş uşağın sifətində də görmüşdüm!) Haqverdi qapının dalında oturan Dılını itələyib bizə yol açır. Ayağında kəndir qırığı   göyərçinlərin əhatəsində oturmuş   Dılı qorxmuş halda kənara çəkilib ağlayır. 

            -Mənim quşdarım... Mənim quşdarım... mənimdi! Mən...

            Göz yaşları sifətində pəncərə şüşəsinə toxunan yağış kimi iz salır. Ayağındakı qırıq kəndirin izlərində görünən qançırları barmaqlarının ucu ilə qaşıyır. Lələyə tərəf qaçıb ona qısılır.

            -Mənim balam, qorxma ki... Biz sənə qonaq gəlmişik. Səni yenəmi döyüblər? Can, can, can! Qorxma, heç qorxma. Haqverdi dayını tanıyırsan, o biri də bizim dostumuzdur... Sənin quşlarına heç nə olmayacaq. Bax, gör quşlarına nə gətirmişəm? – O, cibindən bir xeyli çörək ovuntusu çıxardıb bir azını Dılının ovcuna tökür, qalanını da quşlara atır. Ac quşlar bir-birinin üstünə qalaqlanaraq yerə tökülən çörək qırıntılarını dənləyirlər. Bu vaxt iki göyərçin - boyun tüklərini qaldırmaqlarından xoruz olduqları bilinir – “boğut, boğut” kimi səslər çıxardaraq vuruşmağa başlayırlar. Dılı sevincək onlar tərəf  cumur.

           İçəridə gördüyümdən sarsılmışam: burda əlliyəcən göyərçin var ki, hamısının qanadı qırıqdır! Bəzisinin qırıq qanadı yanında sallanır, bəzisinin isə heç yerli-dibli qanadı yoxdur. Gəzişir, dən axtarır, ora-bura qaçışır, hətta qanadlarını (qırıq, yaxud olmayan qanadlarını) qaldırıb uçmaq üçün tullanırlar, fəqət elə oradaca yerə çırpılırlar. 

            -Dılı bunları gecələr Morqun krışasından tutur. Kəsib yediyini yeyir, yemədiyinin də qanadını qırıb bura gətirir... Bu quşları   burda saxlayır. Dən, su verir. Quşlar burda cütləşirlər, yumurta qoyurlar. Bala çıxardırlar. Bax, o balacalar burda yumurtadan çıxanlardı. Onların da qanadlarını Dılı hələ körpə ikən qırıb atıb. Bu quşlar bir daha uçmayacaq... 

            Dılı pəncərəyə qoyduğu bir dəstə qəbir gülünü mənə uzadır.

            -Götür, - deyir. – Bu gül bizim gülümüzdü... Nərgiz gülü...

            -Nə gül ə, nə nərgiz ə?! Onnan osturağ iyi gəlir e... Ha-ha-ha!.. –Haqverdi hırıldayır.

            Lələ gözünü dolandırıb o bir qom gülə baxır və içində qövr eləyən irinli yara kimi sızıldayır:

            -Hə, o da nərgizdir... Fəqət ölülərin nərgizi... Siz bilirsinizmi, Nizaminin türkcə divanı tapılıb və o divandakı qəsidələrdən birində belə misralar var:


Doldurub çün cigərindən qədəhi-zər nərgis,

Nuş edər ləbi-ləlin yadına sağər nərgis.


Bir ayaq cami-şərab ilə ki, var başında,

Şöylə məst oldu ki, doğru tutamaz sər nərgis.


Bükülüb beli, şərardı dişi, titrər başı

Tifl ikən oldu məgər piri-müəmmər nərgis?


...Əhli-dil kimi sabah içmək üçün cani-şəbuh

Tökdü simin qədəhə badeyi-əhmər nərgis.


            Haqverdi əlini əlinə vurub ucadan gülür:

            -Ə, bu dahidi dana! Özüm ölüm dahidi... Gör nə deyir e, “badəni əmər nərgiz!” Pah!

            Haqverdinin şərhi məni də bu ağır auradan qoparmağa cəhd edərkən Lələnin növbəti hərəkəti buna imkan vermir. O, birdən üzünü bu qanadsız quşlara tutub ağı deyirmiş kimi bayatı çağırır:

            

                        Əzizinəm, quş eylər,

                        Kökü qurumuş  eylər.

                       Quşun quşdan qisasın,

                        Qanadı sınmış eylər...

                        

           Lələ bizimlə vidalaşmadan çıxıb gedir. Biz də onun ardınca Morqun həyətinə çıxırıq. Haqverdi heç nə olmamış kimi mənə baxır:

             -Yaxşı, axşam gələssən?

            Mən isə hələ də Lələdən, onun ətənə əhvalatından, şamandan, Dılının qanadsız quşlarından ayrılmamışam. 

            -Eeee, sən hələ ordasan? – Haqverdi zarafat etmək istəyir. Hırıldayır.  –Gələssən, gəlməyəssən?

            Bu itoynadan adama heç güvənmirəm. Amma hər şeyi zarafata salan bu axmaq, nə deyibsə, düz olub. Nəfsini nəzərə almasaq. Yalanla işi yoxdur. 

            (Başımın içi qaynayır. Elə bil kimsə saatın əqrəblərindən tutub sürətlə geriyə, düz 24 il əvvələ fırlayır. Orada, İmişlinin düzündə, tüfəng qarovuldan düşəndə, o köhnə avtobus dayanacağında nənəmin subaşına çıxdığı o anda suya yıxılması, sonra babamın qarşımda peyda olub məni əsa ilə vurması və başa düşə bilmədiyim nələrsə deməsi – illər keçib, onun sözlərini nə qədər çalışsam da anlaya bilməmişəm – bir an gəlib gözümün önündən keçir. Babamın sözlərini əzabla xatırlaya bilirəm. Amma yenə anlamadığım şəkildə:” Görərsən, gələrsən” idimi, ya ayrı cür idimi?)

            -Mən orada kimləri görəcəm axı? 

            -Bir qala var e, Azərbaycanda... Gələsən-Görəsən. Ha-ha-ha! Gələrsən, Görərsən!

            O əsa bir daha qalxır yuxarı. Amma bu dəfə   üzümə deyil, başıma çırpılır.



            

                                                                                    11



            Tüfəng qarovuldan düşən vaxtdır. 6 nömrəli uşaq xəstəxanasının tinində dayanmışam. Burdakı adamların məni görməsini istəmirəm. Ona görə tam qaranlıq düşməsini gözləyirəm. Gərək olanı deyim: mən qaranlıqdan qorxuram. Özü də uşaqlıqdan-zaddan yaranmayıb bu qorxu məndə. Düz, 35 yaşımda, o məşum gecədə yaranıb...

            ...Oktyabrın sonları idi. Xəbər gəlmişdi ki, ermənilər sifariş göndəriblər:  bax, Füzuli yolu açıqdır, ayın axırınacan bağlamırıq. Çıxın gedin. 

            Onsuz da gedən getmişdi. Demək olar ki, rayonda hərbçilər, büdcə təşkilatının işçiləri, bir də mənim kimi fanatların ailələri qalmışdı. Bir gün anam məni çağırıb dedi:

            “Ay oğul, bilirəm, cavansan, təpərlisən, mənliyinə sığışdırıb ailəni kənddən çıxartmaq istəmirsən. Amma allah eləməsin, səhər erməni Fizuli yolun bağlasa, neyniyəssən? Namusu itə atıblar, it də yemiyib. Torpağımız əldən gedir, bu elnən gələn bəladı, barı arvad-uşağını çıxart bir güllə səsinnən uzax yerə apar...”

            Daha boşuna  xaxanlamağın mənası yox idi. Anamın sözüynən arvadımı və kiçik oğlumu da götürüb getdim Bakıya. Düşündüm ki, bir yer tapım, ana-bala bunları da qoyum ora. Qayıdıb ailənin qalanını da götürüb gəlim paytaxta. 

            Ay-hay! Sən saydığını say deyiblər!  Geri dönəndə gecəynən İmişlidə qatarı saxladılar. Bir saat, iki saat, axırı həyatımı zəhərə döndərəcək o xəbəri  eşitdim: erməni ordusu Füzuli yolunu bağlayıb, bizim rayonun alayı vuruşa-vuruşa əhalini Arazdan İran tərəfə keçirdib. 

            Bir gün axşamacan İmişlinin düzündə siqaretlə sudan başqa dilimə heç nə vurmadan ağladım. Və axşama doğru İran tərəfdən qaçqınların ilk dəstələri gəlib çıxdılar. Ailəmdən, körpəcə qızlarımdan, anamdan, nənəmdən xəbər  almaq   üçün az qala hər gələni sorğu-suala tuturdum. Hamısı başını bulayır, səhih bir xəbər vermirdilər. Bildiyim o oldu ki, rayon əhli Arazı keçib, İran sərbazlarının nəzarəti altındadır. İranlılar imkan daxilində hamıya maşınla İmişliyəcən gəlməyə yardım edirlər...

            Bir dostumun təkidi ilə çayxanaya getdik. Biçilmiş boğazımdan allahın çayı da keçmirdi. Elə bircə stəkan içmişdim ki, uzun boylu birisi məni görüb üstümə gəldi və qucaqlayıb qışqırdı:

            -Ay Süleyman, ə, sənsən?! Ə bıra gəlmisən, nəşə mıyı maa xəbər verməmisən?!

            Tələbəlikdən yaxşı tanıdığım dostum Namiq idi. Qucaqlaşdıq. Məni ağlamaq tutdu. Nə qədər çalışsam da, dilim açılmadı. Axırı dostlar onu başa saldılar ki, bəs ailəsi mühasirə zonasında qalıb. 

            Namiq məni sakitləşdirdi. Və qəti tapşırdı ki, heç yerə getmə. Bu gecə də olmasa, sabah ailən gəlib çıxacaq, inşallah. Yığıb götürüb gəlirsən bizə...

            O gecə bizimkilər gəlmədi. Mənim isə canım tamam üzülmüşdü. Daha siqaret də çəkə bilmirdim. Arxamca gələn Namiq məni zorla maşına basıb bir kafeyə apardı. Kabab, araq gətirdilər. Kababı görəndə ağlamaq məni tutdu. Düşündüm ki, balalarım, qoca nənəm, anam indi yeməyə çörək tapmır, mən isə kabab yeyəcəyəm. 

             Namiq mənə zorla bir stəkan araq içirdi. Elə o stəkandan sonra boğazım açıldı elə bil. Bir-iki tikə yedim, bir stəkan da içdim. Daha bir stəkan da və sonrasından xəbərim yoxdur. 

            -Yazıq Süleyman müəllim vardı e ə, yadındadı?.. Deyirlər arvad-uşağı qalıb mühasirədə, özü də İmişlinin düzündə hirsindən içib, piyan olub, ağlaya-ağlaya özünü dağa-daşa çırpır...

            Səsi eşitdim və anladım ki, məndən danışırlar. Amma gözümü aça bilmirəm ki, görüm kimdir danışan. 

            -Qardaş, mən Süleyman müəllimin yoldaşıyam, onu harda görmüsünüz?! – Ağlaya-ağlaya deyilən bu cümlə elə bil qaranlıqda çaxan şimşək kimi vurdu məni və dartınıb gözlərimi açdım. Gözlərimi dolandırıb əvvəlki səsin yox, sonrakının sahibini axtarmağa başladım. Minlərlə adamın əhatəsində bu doğma səsi mən necə eşitdim axı?! Bu Məhbubun səsi olmalıydı. Axı mən onu Bakıda, oğlumla tutduğum evdə qoyub gəlmişdim. Dik qalxıb o səsdən axan işıqdan tuta-tuta gəlib Məhbubun yanına çıxdım. 

            -Sən... Siz... Bura necə gəldiniz? Mən sizi Bakıda qoymuşdum axı?.. Ay allah, bu nə zillətdi... Mən yoxsa dəli oluram?!.

            -Ata! Ata! – Bu da oğlumun səsi idi. Və biz üçümüz bu minlərlə adamın içində necə qucaqlaşdıq, necə ağlaşdıq, ilahi! Elə bil Məhbubla oğlum da mühasirədən çıxmışdılar.

            -Biz bu gün gəlmişik Bakıdan. Olanları eşidib, dayana bilmədik. Sən içmisən?! Üstün-başın niyə bu gündədi? Gəl, gəl bı yana, üst-başını təmizliyim... qorxma, qonşumuz  Həsi kişinin ailəsi gəlib keçdi. Bizimkilər də bir saata-zada gəlib çıxarlar. Hamısı sağ-salamatdılar...

            Gün həmin gün deyil, saat həmin saat deyil, allah həmin allahdır. Axşam tüfəng qarovuldan düşəndə bizimkilər bir İran maşınında gəlib çıxdılar. Maşında üç ailə vardı. Yaxın qohumlarımız olan o iki ailə Bakıya gedirdi. Mən isə nənəmin, qızlarımın soyuğa düşdüklərini nəzərə alıb, maşından endirdim ki,  bir-iki gün Namiqgildə  qalaq. Özlərinə gəlsinlər.  Yüngül şələ-şülələrtini  də maşından endirib dediyim o avtobus dayanacağına yığdım ki, maşın tapıncan orada daldalansınlar...

            Və o gecə gözü nənəm subaşına çıxmaq istəyəndə (guya evdən çölə çıxırmış – yalnız üstü örtülü Göy market yadınızdadır, eyzən onun kimi), şappıltı ilə  gölməçəyə yıxıldı. Soyuğa düşmüş nənəmin canı qızsın deyə maşından endirmişdim. Al, bu da sənə daha bir zərbə...

            Başım silkələndi. Tamam suya batmış nənəmi anama verib hönkürə-hönkürə maşın yoluna çıxırdım ki, bir qaraltı yolumu kəsdi. Əlindəki əsa ilə sifətimə çırpıb nəsə dedi. Qaranlıqda dediyini anlamasam da, səsi tanıdım! Babam idi. “Baba, ay baba, başımıza müsibət gəldi... ev-eşiyimiz, kənd-kəsəyimiz əldən getdi... baba...” deyincə, kişi əsasıyla sifətimə bir də vurub yoxa çıxdı. Elə bu vaxt bir yük maşını dayandı qarşımda və Namiq içindən düşdü...


                                                            ***


             Qaçqın şəhərciyinin (şəhərciyə bax də!) işıqları yansa da, zəif  küçə işıqları buraları yaxşı işıqlandıra bilmir. Nəhayət, köhnə Morqun sağındakı meydançaya keçirəm. Burdan evlərdən düşən işığa görə hər tərəf aydın görünür. Bu vaxt Haqverdinin siqareti uzaqdan közərir. Mənə çatanda bağa tərəf yönəlir və əli ilə “dalımca gəl” işarəsi verir.

            Təxminən bir saatacan bağın içində zil qaranlıqda gözləyirik. Birdən aralıdan kiminsə qaraltısı görünür. Haqverdi yerə çökür və məni də aşağı dartıb qorxmuş səslə “gəlirlər” deyir.

            Qaraltı gəlib yanımızdan ötür. Haqverdi danışır, amma səsi çıxmır. Handan-hana kəkələyə-kəkələyə deyir:

            -Bı Nərrrrrman məllimdi... Yadındadı Nnnnnnnərman məllim? Bizə əmək ddddddərsi keçərdi haaa?!

            Üzünü görməsəm də, adamın yerişindən, duruşundan o kişiyə oxşadığına inanmağa başlamışdım ki, bir ayrı qaraltı göründü. Bunun boyu bayaqkından alçaqdır. Bilmirəm, mənə belə göründü, ya yox, deyəsən başı da yoxdur. 

            -Bu kimdir? Başı niyə yoxdur?

            -Şişşşşş!.. Səs salma. Bu Zərbəlidi... Zəbi deyirdilər e... 

            -Hansı Zərbəli? O burnu fırtılıqlı lal gədə?!

            -Hə! Səs salma... Lal niyə, kəkəliyirdi, hıqqınırdı danışanda... Başı var, amma o qədər kiçikdir ki, qaranlıqda görünməz olur. Dayan, hələ tamaşa sonra olacax...

            Bu vaxt daha bir qaraltı görünür. Tumanının ləngərindən qadın olduğu bilinir.

            -Məstandı bu, Məstan. Niftullanın qızı... Yadındadı? Onda onu...

            ...Mən onda altıda oxuyurdum. Kəndə xəbər yayıldı ki, Məstan itib. Uşaq-böyük düşdü kəndin bağ-bağatına, ora Məstan, bura Məstan, Məstan hardaydı?.. Qız bir yağlı əppəyə çevrildi. Səhərisi Niftulla kişi illər xəstəsi, nitqi tutulan arvadı Tükəzin yastığının dibini kəsdirib deyir ki, ay Tükəz, başımıza müsibət gəlib, Məstan yoxa çıxıb. Bəlkə gedəndə saa nəsə söyləyib? Arvad gözünün yaşını axıdır, nələrsə deməyə çalışır, deyə bilmir. Axırı baş barmağı ilə göydə hərflər yazmağa başlayır. Qonşumuz olduğundan anamla mən də girmişdik içəri. Mən ilk hərfi “oxuya” bildim. Dedim ki, Tükəz xala böyük “D” hərfi yazdı. Arvad göz qapaqlarını yumub açmaqla  “hə” işarəsi verdi. Yəni düzdür. Onda Nifti kişi “sohra, sohra” deyib bağırdı. Arvad bu dəfə barmağıynan göydə “O” yazdı. Bunu da “oxudum”. Üçüncü hərfi üç-dörd cəhddən sonra “oxuya” bildim. Bu da “Ş” idi. Tükəz arvad elə dördüncünü yazırdı ki, anam qışqırdı:

            -Doşab?!

            Yazıq Tükəzin göz yaşı axıb üzünə, oradan da yastığına töküldü və “ııı” eləyib göz qapaqlarını tərpətdi. Niftulla kişi yumruğu ilə başına çırpıb bağırdı:

            -Doşab torpağı! Doşab torpağı! Üzümləri yığıb gətirmişdim, deyirdi ki, gedib doşab torpağı qazacam. Doşab bişirəcəm! Vay mənim başım batsın!

            Kişi atını minib Örən bağa tərəf çapmağa başladı – ağappaq doşab torpağı yalnız orada vardı. İllərdir ki, adamlar bir nəfərin girə biləcəyi bir dəlikdən sapı gödək bellə, balaca külünglə bu əhəngə oxşayan torpağı qazır, vedrələrə doldurub yığdıqları üzümün, yaxud çırpıb qazanlara tökdükləri tutun üstünə  səpər, sonra   şirəsini süzüb doşab bişirərdilər. Məstan da, yəqin oradan doşab torpağı gətirməyə gedibmiş...

            Az qala bütün kənd Niftulla kişinin dalıncan Örən bağa qaçırdı. Mən də qaçırdım. Elə  sürətlə qaçırdım ki, hamını ötmüşdüm. Yalnız məndən qabaqda  Niftulla kişinin atının göyə qalxan tozunu görürdüm...


                                    (davamı olacaq)


            

       “Yazı” dərgisi, №23

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)