Edebiyyat.az » Palitra » Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”

Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”

Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”
Palitra
admin
Müəllif:
09:00, 09 sentyabr 2025
11
0

…İşıqlı aləmin dünyasına qayıtmaq üçün rəhbərimlə birlikdə bu yeraltı keçidinə girdik, dayanmağı ağlımızdan belə keçirmədik. O, önümüzdə, mən isə onun ardınca yuxarılara doğru dırmaşdıq. Sonda dairəvi bir dəlikdən göy üzünün daşıdığı gözəl varlıqlara baxdıq. Buradan çölə çıxdıq. Ulduzları görə bilmək üçün…

~Cəhənnəm 34-cü kanto~

Tənqidçi və şair Teofil Gotye bu əsər üçün belə deyirdi:

 "Canni Skikki rəqibi Kapokkionun üstünə qəribə bir vəhşiliklə atılır, və cənab Buqro bu iki döyüşçünün mübarizəsini əzələlər, sinirlər, vətərlər və dişlərin təsviri ilə möhtəşəm şəkildə göstərir. Bu tabloda acılıq da var, güc də – güc isə nadir bir keyfiyyətdir!” 

Əsərlərində insan təbiətini bu dərəcədə incəliklə açan rəssamın yaradıcılığı necə formalaşmışdı?

Uilliam Adolf Buqro XIX əsrin ikinci yarısında Fransada akademik rəssamlıq sahəsində dominant fiqur olmuş fransız rəssamıdır. O, 1825-ci il noyabrın 30-da La Roşeldə şərab və zeytun yağı ticarəti ilə məşğul olan ailədə doğulub. O, ailə işinə qatılmağı öz qisməti kimi görürdü, amma əmisinin müdaxiləsi ilə klassik və dini mövzuları öyrənmiş və məktəbə göndərildi. Buqro ilk rəssamlıq təhsilini də əmisinin yanında yaşadığı zaman, Jan Ogüst Enqrın tələbəsi olmuş Luis Seycdən almağa başlamışdır. Rəssamlıq istedadı erkən yaşlarında biruzə vermişdi və atası, bir müştərinin tövsiyəsi ilə onu Bordo İncəsənət Məktəbinə göndərdi, burada Saint Roch portreti ilə fiqur rəssamlığı üzrə birinci mükafatı qazandı. Əlavə gəlir əldə etmək üçün mürəbbə və konservlər üçün etiketlər də hazırlayırdı.

Buqro Parisə köçərək Gözəl Sənətlər Məktəbində  (École des Beaux-Arts) təhsil aldı. Rəsmdə formal biliklərini dərinləşdirmək üçün anatomik disseksiyalara qatıldı, qədim geyimləri, arxeologiyanı öyrəndi. O, Franccois-Edouard Pikotun emalatxanasına qəbul oldu və burada akademik üslubun sərt qaydaları ilə yetişdirildi. Akademik ənənələrdə tarix və mifologiya mövzuları ən yüksək dərəcədə qiymətləndirilirdi. Buqeroa isə 1850-ci ildə “Çobanlar tərəfindən Araz sahilində tapılan Zenobiya” əsəri ilə “Prix de Rome” mükafatına layiq görülərək Roma – Villa Medici-yə yollandı. Burada həm dərslər aldı, həm də Renessans ustalarının əsərlərini birbaşa öyrənmək imkanı qazandı.

Bütün karyerası boyu Buqro ənənəvi akademik üsluba sadiq qaldı və Paris Salonunun illik sərgilərində müntəzəm iştirak etdi. Onun tabloları realist janr ilə mifoloji süjetləri birləşdirirdi; həm paqan, həm də xristian klassikasını müasir duyumla təqdim edir, xüsusilə də qadın bədəninə poetik incəliklə yanaşırdı. İdeallaşdırılmış, lakin foto-realist tərzində çəkdiyi ilahələr, nimfalar, çoban qızlar və madonnalar dövrün varlı kolleksiyaçılarını özünə cəlb edirdi. Akademik üslubda qalmağın və Salonda nüfuz qazanmağın bir mükafatı da şəxsi evləri, ictimai binaları və kilsələri bəzəmək üçün sifarişlər almaq idi. Bəzən bu sifarişlərdə o, öz dəst-xəttini qoruyur, bəzən isə sifarişçinin istəklərinə uyğun olaraq üslubunu dəyişməli olurdu. Hətta monumental əsərlərinin kiçik versiyalarını da sifarişçilərinə təqdim edirdi. 

“Dünyada Tək”, “Çay Qırağında İtalyan Qızı”, “Çimən Qadın” , “Nimfalar və Satir”, “Homer və Bələdçisi”, “Flora və Zefir”, “Veneranın Doğumu”, “Mələklərin Mahnıs”ı, “Dalğa”, “Okeanid” (Dəniz Nymfi), “Çoban Qız”,“Çobanlar tərəfindən Araz sahilində tapılan Zenobiya”,“Cəhənnəmdə Dante və Virqil” və s. kimi əsərlərində klassik mifologiya, dini mövzular, ailə və gündəlik həyat, uşaq və qadın fiqurları, təbiət mənzərələri və sentimental mövzular ətrafında cərəyan edir. Onun əsərlərində realizm və akademik üslub özünü göstərir, insan bədəninin anatomiyası, zərif ifadələr və dramatik hisslər incəliklə işlənir. 

Buqro yaşadığı dövrdə akademik icmanın nəzərində dünyanın ən böyük rəssamlarından biri hesab edilirdi. Lakin avanqard dairələr tərəfindən sərt tənqid olunurdu. Bununla belə, o, yalnız Fransada deyil, Belçika, Hollandiya, İspaniya və ABŞ-da da məşhur idi və əsərlərini yüksək qiymətə satırdı.

 Buqronun “Cəhənnəmdə Dante və Virqil” əsəri yağlı boya ilə kətan üzərində çəkilmiş və cəhənnəmin dərinliklərində döyüşən iki adamı təsvir edir.Əsərin mövzusu Dante Aliqyerinin “İlahi Komediya”sına əsaslanır.
Dante Aliqyerinin “İlahi Komediya”sı
 (La Divina Commedia) 14-cü əsrin əvvəllərində yazılmış İtaliya ədəbiyyatının ən məşhur və təsirli əsərlərindən biridir. Bu poemada Dante öz ruhani səyahətini təsvir edir. Əsərin əsas məqsədi insan ruhunun günahdan xilas olub Tanrıya yaxınlaşmasını göstərməkdir.

“İlahi Komediya” Dantenin Cəhənnəm, Məhşər (Purgatorio) və Cənnətdəki (Paradiso) xəyalı bir gəzintisinin hekayəsidir. Cəhənnəmdə və Məhşərdə ona Roma yazıçısı Virqili rəhbərlik edir. Məhşərin zirvəsində isə Virqili öz yerini Beatricaya buraxır. Əsər üç əsas hissədən ibarətdir və bu quruluş xristianlıqda xüsusi önəm daşıyan Üçlük (Teslis) anlayışı ilə əlaqələndirilir.

“İlahi Komediya”nın ilk bölümü olan Cəhənnəm daralan çuxur formasında təsvir olunur və iç-içə düzülmüş 9 dairədən (qatdan) ibarətdir. Hər dairədə müxtəlif günah sahibləri cəzalandırılır; aşağıya endikcə günahlar daha ağır, cəzalar daha sərt olur. Danteyə görə bu cəzanı birbaşa Tanrı vermir – insanlar öz həyatlarında etdikləri yanlış seçimlər nəticəsində Cəhənnəmə düşürlər.

Cəhənnəm, İsanın yaşamış olduğu müqəddəs Qüds torpağının altında yerləşir. Girişində “Pislik də, yaxşılıq da etməyənlərin ruhları burada var” sözləri yazılmışdır. Burada ilk axar su Acheron çayıdır. Onun o tayında isə Cəhənnəmin ilk dairəsi – Limbus yerləşir. Burada dürüst yaşamış, lakin xristianlıqdan əvvəl doğulduqları və vəftiz olunmadıqları üçün Cənnətə girə bilməyən ruhlar var.

Bundan sonra əsl Cəhənnəm başlayır:

2-ci dairə: şəhvət düşkünləri, 3-cü dairə: acgözlər, 4-cü dairə: xəsislər, 5-ci dairə: qəzəbli insanlar. Beşinci və altıncı dairəni bir-birindən Dite şəhəri ayırır. Altıncı dairədə azğın və kafirlər, 7-ci dairədə: zorakılar – başqalarına, özlərinə və Tanrıya hücum edənlər, 8-ci dairədə: dini istismarçılar, rüşvətxorlar, oğrular, ikiüzlülər, alkimyaçılar və saxtakarlar, 9-cu dairədə: qohumlarına, vətənlərinə, qonaqlarına, yaxud yaxşılıq edənlərə xəyanət edənlər cəzalandırılır.

Cəhənnəmin dibində Dante və Virqil pisliyin simvolu olan Lusiferi görürlər. O, yarısına qədər buzlara batmış vəziyyətdədir. Dante bu gəzinti boyunca filosoflar, siyasətçilər, məşhur qadınlar, papalar, kardinallar, imperatorlar və hətta Florensiyanın tanınmış şəxsləri ilə qarşılaşır. Rəsmin ön planında iki əzələli adamı göstərilir:
 Canni Skikki solda, üstünlük qazanmış və Kapokkionun boğazından dişləyir.
 Kapokkio diz üstə düşmüş, arxasını Skikkinin ayağına əymiş və müdafiə olunmağa çalışır. Sol əli arxaya uzadılıb, sağ əli isə Skikkinin saçını tutur, amma mübarizəsi uğursuz görünür.

Həmin səhnə “İlahi Komediya”da, Cəhənnəmin 8-ci dairəsində, yəni 30-cu kantoda təsvir olunur:
 … “Burada kölgələrdən biri Kapokkionun yanına yaxınlaşır,
 onun ənsəsini dişləyərək üzüyuxarı sürüyür.
 Tir-titrəyən Arezzolu həmin kölgəni tanıyır və deyir:
 ‘Bu dəlinin adı Gianni Skikkidir, o hər kəsin beynini ütüləyir.’”

Gianni Skikki Florensiyanın Cavalcanti ailəsi ilə bağlı məşhur hiyləgər idi. Buoso dei Donati öləndə, ailəsi var-dövlətin itirilməsindən qorxur. Oğlu Simone ölünü yataqdan götürüb yerinə Skikkini qoyur, o da sanki Donatiymiş kimi davranaraq notariusu gətizdirir və öz xeyrinə vəsiyyət yazdırır. Kapokkio isə Dante ilə dost olmuş, Florensiyalı bir alkimyaçı idi. 1293-cü ildə Sienada sehrbazlıq ittihamı ilə diri-diri yandırılmışdır.

Buqro bu qeyri-adi, qorxulu əsəri 1850-ci ildə Salona təqdim etmişdir; həmin dövrdə o hələ Akademik rəssam kimi özünü təsis edirdi. Əsər böyük tənqidi rəğbət qazandı; o cümlədən yazıçı Teofil Gotye Buqro’nun əzələ quruluşuna və dramatik təsvir qabiliyyətinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir.

Ön plandakı kişilərin ayaqlarının mövqeyi diaqonal xətlər yaradır ki, bu da rəsmə hərəkət və ritm verir. Arxa plandakı Dante və Virqil isə dik dayanır və vertical xətt yaradır. Arxa planda solda Dante və Virqil hadisəni diqqətlə izləyir. Onların geyimləri yaşadıqları dövrün xüsusiyyətlərini əks etdirir. Virgil plaş geyinmiş və başındakı dəfnə yarpaqları ilə antik Roma yazarı olduğunu nümayiş etdirir. Uzun qırmızı tunikalı Dante isə bütün klassik təsvirlərdə olduğu kimi başına qırmızı başlıq  (Qonique) taxmışdır. Virqilin əli üzündədir, cəhənnəmin pis qoxusunu içinə çəkməmək üçün. O, bir qədər qorxaq, lakin təcrübəli baxışlarla hadisəni izləyir, Dante isə təccüb və heyrətlə ustadına (poema boyunca ona “ustadım” deyir ) sığınır. Sağ tərəfdə qanadlı bir şeytan uçur, qolları qatlanmış və pis baxışlarla gözlərini Dante və Virqilə dikmişdir. Döyüş edənlərin altında isə ya ölü, ya da əzab çəkən bir bədən görünür. Sağ kənarda müxtəlif çılpaq “lənətlənmiş” fiqurlar var.

Əsərdə torpaq tonları, daşların boz rəngi və cəhənnəm torpağının dərin qırmızı rəngi üstünlük təşkil edir. Ön plandakı iki adam daha açıq dərili göstərilib, sanki işıq onların üzərinə düşür və bu da onları əsas mövzu kimi vurğulayır. Buqro hamar fırça vuruşları ilə realist təsir yaradır. Məsələn, sərt daşlı torpaq ilə əzələli dərinin yumşaqlığı və saçların incəliyi kontrast təşkil edir. Arxa plan ümumiyyətlə cəhənnəm kimi – qırmızı səma və alovlu torpaqla təsvir olunub.

Kompozisiya naturalistikdir, orqanizmə bənzər formalar üçölçülü təsir yaradır. Perspektiv hissi isə ön plandakı fiqurların daha aydın, arxa plandakıların isə kölgələrdə və daha az detallı təsvir olunması ilə vurğulanır. Kompozisiyada kontrapposto açıq görünür. Skikki Kapokkionun çəkisini bir ayağında saxlayıb, bədənini yumşaq əymiş vəziyyətdədir. “Dante və Virgil” rəsmində də Virgil sakit, çəkisi bir ayaqda, omba və çiyinləri əyilmiş, Dante isə qorxu ilə əyilmiş şəkildə təsvir olunub. Bu duruş rəsmə həm təbii, həm də dinamik görünüş verir.

Buqro bu əsərdən sonra Dante mövzusuna qayıtmamışdır, çünki öz sözləri ilə desək: “dəhşətli, əsəbi, qəhrəmanlıq mövzuları qazanc gətirmir” və ictimaiyyət Venara və Kupidləri üstün tuturdu. Buna baxmayaraq, bu əsərdə onun fiqur çəkmək üzrə mükəmməl bacarığı aydın görünür.

Əsər hal-hazırda Parisdə Orsey muzeyində saxlanılır.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)