Nemət Mətin - Qisas
Onu ilk dəfə görəndə elə bildim ki, əsli Misirdəndir. Kleopatra nəslindən gəlir. Fironun ulu nəvəsidir — deyə düşündüm. Qara saçlar, qara qaşlar, tünd şabalıdı gözlər, südlü qəhvəyə çalan dəri rəngi. O, göz makiyajından gen-bol istifadə edirdi. Yəqin Kleopatra haqqında çox oxuyub. Kleopatranın makiyajında dörd qurğuşun əsaslı maddə var idi və o Qədim Misirdə olduqca geniş yayılan göz infeksiyasının qarşısını almaq üçün bundan istifadə edirdi.
Hələ üstəlik güləndə dişlərinin ağlığı gözlərini daha çox işıqlandırırdı. Ürəkdən gülürdü. Gur səslə. Eynən mənim kimi. Onunla mütləq tanış olmalıydım. Düzdür. Sapioseksualam. Əsas olan mənim üçün beyindir. Qadın düşünürsə və bunu gözəl ifadə edə bilirsə, ona vuruluram. Lixaçovun fikriylə hər yerdə razılaşıram. İnsan xəsisdirsə, özünü əliaçıq kimi, qurdludursa, saf kimi, acıdildirsə, mehriban kimi göstərə bilər. Bircə intellekti yoxdursa, intellektual kimi görünə bilməz. Beyin adamı tez ələ verir. Bir də enerji məsələsi. Mənfi enerjini özümə yaxın buraxmıram. Bəxtimdən tanışlıq rahat oldu. O da mənim kimi ünsiyyətcil, kompleksiz və rahat insan idi. Birbaşa təklikdə yaxınlaşıb istəyimi bildirdim. Kofeyə dəvət elədim. Razılaşdı. Uzun söhbətlər oldu. Sanki Varis Dirienin "Səhra çiçəyi" romanından gəlmişdi. Ürəkli qadın idi.
Fikirlərini eşitdikcə ona öyrəşirdim. Bu minvalla bir neçə dəfə görüşdük. Ona suallar verməyimi xoşlayırdı. Mən də qəribə, fəlsəfi sualları yağdırırdım. Təki ürəyini boşaltsın. Axı hər kəs dinlənilmək istəyir.
Öyrəşməkdən, bağlanmaqdan axmaq heç nə yoxdur həyatda. Sezar Kleopatraya o qədər bağlanmışdı ki, ondan uşağı da oldu və sonunda Misiri sevgisinə, oğluna görə xilas etdi. Kleopatra olmasaydı, Misirin taleyi başqa cür olacaqdı...
Gözlər, ah gözlər. Kişini tilsimə sala biləcək ən güclü vasitədir. Ona görə gözlərimi yayındırıram. O, məndən buna görə inciyirdi. Gözlərinə baxmağımı tələb edirdi. Yavaş-yavaş alışırdım gözlərinə. Sehirə düşdükcə xoş bir hiss içimə yayılırdı.
Tezliklə bir ev tutub birgə yaşamağa başladıq. Atom hissəciklərimiz bir-birinə alışırdı. Ümumiyyətlə qoxu məsələsi vacib məqamdır. Bu yaxınlarda Ölü dənizdə Kleopatranın ətir fabrikinin qalıqları tapılıb. Bu yer həm də gözəllik və spa salonu kimi istifadə olunub.
Bir insanın hər bir cəhəti xoşuna gəlsə belə, qoxusuna öyrəşə bilməsən, heç nə alınmayacaq. Onun isə dərisi karamelli, südlü kofe qoxusu yayırdı aləmə. Mən dəli olmuşdum.
Amma hər şeyin gözəl getdiyi bir gündə işləri korladım. Başqa bir qadınla görüşəndə, o, məni, daha doğrusu ikimizi gördü. Özü də sağ qolum qadının çiynində. Hərdən saçlarını qoxulayıb yanağından öpürdüm deyə, nəsə bəhanə uydurmağa yer qalmamışdı. Hər şey bitdi. Birdən birə yox. O, digərləri kimi məni tərk etmədi. Qisas alaraq yanında saxladı. Məni başqa qadınla görəndə heç nə demədi. Yaxınlaşmadı.
Günah məndə idi. Özümə haqq qazandıra bilmirdim. Bəlkə də bir insana aid olmağım azadlığıma sərhəd qoyurdu deyə, alışa bilmirdim.
Evə qayıdanda konsert başladı. Zərb alətləri, simli alətlərə, simli alətlər nəfəs alətlərinə qarışdı. Dirijor bütün heyəti yordu...
Misir kraliçası necə əsəbləşdisə, güldanı mənə sarı atdı. Güldan gicgahımdan tutdu. Mən huşumu itirdim. Gözlərimi bir daha aça bilmədim. Amma hiss edirdim. Bir müddət sonra məni sürüyə-sürüyə həyətə çıxardı. Hava soyuq idi. Çalaya atıb, üstümü torpaqladı. Üstəlik heç kimin şübhələnməməsi üçün güllər əkdi üstümə. O gündən ətrim güllərə hopub. O, hər dəfə bağçaya çıxanda güllərə sarı əyilərək qoxulayır və üzünə kədər dolu sevinc həkk olunur...
