Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)

AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)

AZAD QARADƏRƏLİ - MORQDA   KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Proza
admin
Müəllif:
17:01, 23 yanvar 2022
3 696
0
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)

 



 

Diqqət, yeni rubrika: 

“YAZI”DAN “EDEBİYYAT.AZ”-A  

Əziz oxucular! Saytımızda yeni rubrika açırıq: “Yazı”dan edebiyyat.az-a” adlı rubrikada “Yazı”nın son saylarında çap olunmuş mətnlərdən bəzi seçmələri yayımlayacağıq. Bu, bir tərəfdən “Yazı”nın oxucu audidoriyasını böyütmək üçündürsə, o biri tərəfdən saytla dərginin əlaqələrini qurmağa xidmət edəcək. İlk olaraq Azad Qaradərəlinin dərginin 24-cü sayında çap olunmuş “Morqda karantin”romanının 1-ci hissəsini yayımlayırıq. (O da maraqlıdır ki, bu romanın 1-ci kitabı olan “morq çiçəkləri” də ilk dəfə bizim saytda tam şəkildə oxuculara çatdırılıb.)                              

 

 

 


 

 

                                                                         

                                 

                                                       Malın mar(al) olsun!

                                                                                        Azərbaycan ata sözü (qarğışı)                                   

                                                                      ***

                                                        Müsəlmanın sonrakı ağlı.

                                                                                                                                                                          

                                                                                                     Erməni ata sözü

                                                                          ***

                                             Хлеба к обеду в меру бери, хлеб — драгоценность, им не сори*.

                                                                                                                                                                                              

                                                                                                SSRİ  (rus) balta sözü

                                                                           ***

                                                       Dünyadan köçəni yox, yeni doğulanı ağlayın.

                                                                                                   Yunan yazıçı sözü  (Evripid)

 

 

 

 

 

----------------------------------------------------------------------------------------------------------------

*Jurnal variantı.

*Çörəyi yeməyinə görə götür, qiymətlidir, israf etmə! (rusca)

           

 

 

                                                              0

 

 

            “Süleyman müəllimi tutublar!..” Bu bəd xəbər Morq məhləsinə yayda düşən dolu kimi ala-tala çatdı. Biri eşidəndə beşi eşitmədi, amma bir saatın içində pala* dərisi kimi elə üfürülüb şişdi ki, hələ o biri məhəllələrə də yayıldı.

            “Allah heç kimin işini hakimlə həkimə salmasın” - bizdə bir Əbli vardı, onun kəlamlarındandır. Hakimdən qurtarmamış, həkimlik olduq.

            Amma ən pisi də varmış: həkimlə hakim birləşəndə əlin yerdən-göydən üzülür. 

            “Süleyman müəllimi tutublar!..”

            Bu məşum şayiəni kim buraxmışdı? Şayiə deyildisə, mənbə hardan idi?

            Nə qədər fikirləşsəm də, mənə bunu ilk dəfə kimin dediyini xatırlaya bilmədim. Son vaxtlar yaddaşım elə zəifləmişdi ki, öz əlimlə qoyduğumun da yerini unudurdum. Bu cəhənnəmə, ağzımın dadı da yox olub. İyi-qoxu da bilmirəm. Acı bibəri ver yeyim, ruhum da inciməsin... Yaxşı, iyi-qoxu bilmirəmsə, bəs bu şəhəri basmış pis qoxudan niyə başım ağrıyır... Hə də, unutdum e deyəm, neçə gündür, şəhərin üstünü murdar bir qoxu qara bulud kimi alıb. Bir yandan da bu tutqu xəbəri... 

            Tərslikdən də karantindir. Çölə-bayıra çıxmaq yasaqdır. Gedib adam öyrənərdi, bilərdi nə məsələdir. Amma fakt budur ki, kişini həbs ediblər.

            Tanışlığımızın tarixi elə çox olmasa da, tezliklə dostlaşdıq. Belə qarışıq zamanda o cür savadlı, ləyaqətli adam tapmaq çətin işdir. Qələmi də əladır. İstər publisistikası olsun, istər bədii yazıları, çox qiymətlidir. İkimizin ortaq nöqtələrimiz çoxdur. Tək bir fərqimiz vardı: qabaqlar adam bir qədər gözüqıpıq kimi idi. Elə bil konslagerdə yatıb çıxmışdı. Həqiqəti deyirdi, yarıda saxlayırdı, ya da ora-bura boylanırdı ki, görsün ayrı eşidən olmadı ki... Amma baxıram, axır vaxtlar xeyli cəsarətlənib... Di gəl, hələ də qalır onda ürəyini tam boşalda bilməmək ağrısı.

            Elə bizi birləşdirən o sonuncu bağ – danışdığı hadisələr, gözünə görünən olub-bitənlər məsələsində də ürəyində olanların hamısını demədiyini düşünürəm. Gözləri deyirdi ki, bu adamda hələ çox sirlər var. Amma açmağa ürək eləmir. Sirr quyusu idi. Elə bu bildiklərinə görə də yazığı quyunun dibinə saldılar...

            Evdə arvadla məndən başqa bir kimsə yoxdur. Yəni uşaqlarımız hərə öz evindədir. Eləcə telefonla votçap üzərindən görüntülü danışırıq, ürəyimiz sakitləşir.

            Süleyman müəllimə zəng vurdum. “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir...” Elə biz hamımız əhatə dairəmizdən xaricdəyik. Öz dairəmizin, Lələ demiş, sıfırımızın içində qalmağa da qoymurlar. Əhatə dairəmizi məhv edib, tamam ayrı bir əhatə dairəsi cızıblar və bizi də onun içində məhkum ediblər. Məhkumuq. Sıfırlanmışıq. Yenidən format olunmuşuq...

            Üstəlik, karantin elan olunub və salındığımız dairəni tərk etmək qəti qadağandır...

            Ürəyimdə Süleymanla dərdləşirəm:”Bağışla, dost. Bu fani dünyada əlim heç yana yetmir. Səni niyə həbs eləsinlər? Tərslikdən, ailəni, uşaqlarını da tanımıram ki, səndən bir səhih məlumat alam. Tək bircə təskinliyim var: elə biz də sənin kimi həbs edilmişik. Evimiz türmə kimidir. Tək biz deyil, bütün dünya indi həbsxanadır. Gözəgörünməz bir əl insanlığı ev dustağına çevirib. Səndən bircə fərqimiz var: biz evdəyik, sən isə ikiqat məhbussan... Axı səni niyə həbs etdilər?.. Bircə bilsəydim... Kitabın çıxmağından da xəbərin olmadı. Sən onu məndən çox gözləyirdin...

            Kitab ki var...

 

 

 

 

------------------------------------------------------------------------------------------------------------------

*Pala – Ötən əsrin ortalarınacan Arazı keçmək üçün keçi dərilərini üfürüb taxtadan düzəldilmiş qayıq kimi qurğunun altına yerləşdirir və çayı onun vasitəsilə üzüb keçirdilər. Bu qurğuya pala deyərdilər.

 

 

                                                  

                                                1

 

            Kitab havadır. İnsan havasızlıqda bir neçə dəqiqə yaşaya bilər, kitabsız əsla.

            (Qoy yenə Əblidən bir sitat gətirim:”Kitab oxuyan saqqalını poxa bulamaz.” 

            Gözlərinizdəki sual işarəsini görmədim deməyin. Hə, bu Əbli məsələsi bir qədər müəmmalıdır. Əslində onu gördüm deyən olmayıb. Elə hər dəfə soruşanda “indi burdaydı” deyirdilər. Amma mən onu görmədim heç. Anamdan da soruşdum. Gülüb, “ay oğul, vallah ağlım kəsənnən Əbli belə dedi, Əbli elə dedi, deyirlər, amma onu gördüm deyən olmayıb. Dədəm ki doxsan il yaşadı, bilirsən, o da Əblini görməmişdi. Amma ən çox onnan misal çəkən elə dədəmdi. Nə zamandı, biri birini incidəndə “Əbli demişkən, bu xarabanın yiyəsi gələcək”, deyib ürəklərinin hirsini soyudarmışlar... Amma dədəm deyirdi ki, Sobudan yuxarıda, Qala dedikləri dağdan xeyli aralıda bir yurd yeri varmış, ora Əbilcə deyirmişlər...Guya Əbli ordanmış. Bizim ellərin məşhur qaçağı Fərzalının dəstəsində də bir Əbil varmış, o da söz-bez adamıymış. Bir dəfə onu evində yatdığı yerdə tuturlar. Pristav tüfəngi ağzına dirəyib soruşub ki, Fərzalının yerini de, yoxsa gülləni dolduracam ağzına. O da güllənin lüləsini çevirib ürəyinə, deyib ki, Əbli demişkən, “ora yox, nəçənnik, bura...” 

           Pristavın xoşu gəlib, buraxıb Əbili. Amma buraxanda soruşub ki, yaxşı, sən “o Əbilisən?” 

         Qaçaq Əbil qayıdıb nə desə yaxşıdır? “Ay nəçənnik, mən nə kərayam ki, Əbliyə şərik çıxam? Əbli bu ellərin danışan dilidi... Mənsə, bir axmaq qaçağam...”

            Hə, bax, Əbli belə Əbliymiş...)

            Hər yeni kitab oxuyanda havam artır, rahat nəfəs ala bilirəm. Öz kitabım çıxanda isə  havam ikiqat çoxalır. Elə bil ekoloji genişlik yaranır. 

            Yaş artdıqca havam çatmır deyə, ildə iki, bəzən üç kitab çıxardıram ki, oksigenim çoxalsın. Yoxsa çətin olar mənə... Düzdür, kiçik qanqaraçılıqlar da olur...

            Sonuncu kitab* çap olunandan sonra COVİD – 19 pandemiyası Çindən digər ölkələrə, o cümlədən bizə də gəlib çatdı. Bu elə tez baş verdi ki, romanın təqdimatını da keçirdə bilmədik...

            Az sonra yoluxan və ölənlərin sayı sürətlə çoxalmağa başladı. Və ölkədə karantin rejimi tətbiq olundu. Yaşı 65-dən yuxarı olanların çölə çıxması tamamilə, bu yaşdan aşağılarınkı isə qismən qadağan edildi. 

            Çox ağrlı günlər idi. Səni zorla bassınlar içəri, ölkəndə nə baş verdiyindən xəbər tuta bilməyəsən – yazıçı üçün bundan betər nə ola bilər? Mədəni həbs idi bu. Bir fərqi vardı ki, evində idin. Hə, ev dustağı. Bunun başqa adı yoxdur... Dustağıq... Korona virus duastağı...

            (Bəxtəvər başımıza! Ada bax: korona virus... Taclı virus... Mütəxəssislər danışırdılar ki, böyüdücü altında baxıldıqda həqiqətən görünüşü taca bənzəyirmiş. Guya geyindirib, keçindirib, başına tac qoyub gəlin köçürəcəkmişlər...

           Televizoru açırsan - korona virus, internetə girirsən - korona virus, telefona zəng gəlir, açırsan, korona virusdan danışırlar: “Necədi vəziyyət, korona virusla necə yola gedirsiniz?”

            Əllərimizi gündə bəlkə yüz kərə yuyuruq. Hə də, deyirlər ki, ya spirt, ya da sabunlu sudur bunun ölümü. Əlini sabunla yaxşı-yaxşı sabunlasan, dəf olub gedəcək... Biz də o ki var yuyuruq əllərimizi. O qədər yumuşuq, qız əlləri kimi ağappaq olub... Eh... Görəcəkli günlərimiz varmış, mən ölüm...)

            Bir tərəfdən də özün özünü dustaq eləmisən. Qorxuludur axı. Çıxsan, hər an yoluxa bilərsən. Elə bil kimsə qoltuğuna bir torba korona virusu vurub, düşüb küçələrin canına. Kimi gördü səpir üstünə. Hazırdır. Get, uzan, öl...

 

 

 

 

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------*”Morq çiçəkləri”nin çapı nəzərdə tutulur. 

            (Deyilənə görə, daxili orqanlardan ən çox ağ ciyərlərə nüfuz edir. Mədəyə, qara ciyərə, ürəyə, böyrəyə gücü çatmaz. Hə də, yazıq ağ ciyərlər – biz tərəflərdə buna öfkə deyərlər – pambıq kimidir. Nə tafanası var ki? Əlinlə sıxsan, fırtılıq təki dağılacaq. Membran kimi, körük kimi, yaxud da qarmon kimi bir şeydir... İçi dolu hava. Hava qabı. Oksigen balonu... Korona virus, allah göstərməsin, bura düşdümü, ağ ciyərlərin hüceyrələrini məhv etməyə başlayır... Həmin günlərdə bu virusu yaxşı tanımayan həkimlər bir qədər çarəsiz qaldılar. Dövlətlər hazırlıqsız olduqlarından xəstəxanalarda çarpayı çatışmadı. İtalya, İspaniy, İran kimi ölkələrdə karantin  rejimi gec elan olunduğundan fəsadlar çox oldu... Ən gülməlisi Amerikada idi. Demokratiya adamların karantin rejiminə tabe olmalarına imkan vermirdi. İnsanlar o qədər səllimi öyrəşmişdilər ki, indi evlərə yığmaq olmurdu. Ona görə də virus ən gec ABŞ-a çatsa da, ölkəni basıb əzdi və tezliklə korona virusa yoluxanların və ölənlərin sayına görə dünya lideri oldu... 

            Korona virusun qənimi diktatura rejimləri imiş. Məsələn, Çin kimi. Korona virus, hələ də kommunist rejiminin hökm sürdüyü bu ölkənin Uhan şəhərində ayaq açsa da, tezliklə kökünü kəsə bildilər. Necə?Xəbər agentlikləri yalan-doğru, yazırdılar ki, əli silahlı əsgərlər küçələrdə dayanırmış və çölə çıxanı yerindəcə güllələyirmişlər. Və beləliklə, rejim karantini ikiqat mühasirə şəraitində keçirdərək virusu ləğv edə bildi...

            Bizim ölkəmiz də yarımdiktatura kimi bir şeydir. Bir şəxsin iradəsi ilə idarə olunan keçmiş konstutsiyalı monarxiya kimi. Əmr verildi, bitdi. Bir nəfərin çölə çıxması mümkünsüzdür. Acından ölsə belə, içəridə öləcək... Bunun korona virus dövrü üçün müsbət tərəfi varsa da, mənfi tərəfi ondan da çoxdur. Adamların bir çoxu günəmuzd işləyir. Bəs evdə oturub nə versin balasına?!. İşsizlərə, imkansızlara hökümət 190 manat vəsait ayırıb, onu da almaq müşkülə çevrilib – o qədər sənəd tələb olunur ki!..

         Hə, virusda qalmışdıq axı... Elə ki, virusoloqlar bu virusu tanımağa başladılar, mübarizə bir qədər asanlaşdı... Orxuss universitetinin müəllimi, infeksion xəstəliklər üzrə mütəxəssis Kristian Vayse  yazırdı:” Virus bədənin hüceyrələrini özü üçün işləməyə məcbur edir. Xəstəlik daşıyan damlalar ağız, burun və göz vasitəsilə bədənə daxil olduqdan sonra virusun hissəcikləri nəfəs yollarındakı  hüceyrələrə daxil olur və virusun çoxlu surətləri yaranmağa başlayır. Onların vəzifəsi immunitetin bu virusların tapıb məhv edəcəyi zamana qədər orqanizmə maksimal dərəcədə yayılmaqdır. İmmunitetin vəzifəsi ağ ciyərlərin dərinliyindəki hüceyrələrə virusun daxil olmasının qarşısını almaqdır. Məhz o zonada virus böyük ziyan vura bilir. Çağırılmamış qonağı görəndə immunitet həyəcan təbili çalır və zərər görmüş hüceyrələri siqnal maddəsi olan interferon hasil etməyə cəlb edir. Bu zülal xüsusi müdafiə hüceyrələrini virusdan zərərçəkmiş digər “qardaşlarını” qorumağa  proqramlaşdırır. İnterferon ağ ciyərin virusa tam yoluxmasının qarşısını alır.” Daha sonra virusoloq bildirirdi ki, immunitet interferon hazırlayanda  qızdırma qalxır. Qızdırma qalxınca beyinə qan axımı sürətlənir və baş ağrısına səbəb olur. Bu, adətən 4-6 gün davam edir, həkim yardımına gərək duyulmur. İnterferon bütün zədəli hüceyrələri məhv etdikdən sonra temperatur düşür və bununla da əksər xəstələrdə sağalma başlayır…”

            Yaşlı adamlarda interferon yaranması gecikdiyi üçün virus ağ ciyərlərə daha çox sirayət edir, ölüm baş verir…

          Korona virusa ilk yoluxan adam Vey soyadlı bir Çin vətəndaşı olub. O, Uhan bazarında diri xərçəng satıcısı imiş. Dekabrın 11-də qəflətən temperaturu yüksəlib, xəstəxanaya yerləşdirilərkən onda korona virus aşkarlanıb. Həkimlər Veyə virusun satdığı heyvanların ətindən keçə biləcəyini ehtimal edirdilər.

            Mən bu romanı yazdığım günlərdə hələ ki, korona virusun peyvəndi tapılmamışdı...)*

            

--------------------------------------------------------------------------------------------------------------------

*Çox keçmədi ki, korona virusun peyvəndi kəşf olundu. İlk olaraq çinlilər sinovak adlı iynəni iki dozada dövrüyyəyə buraxdılar. Sonra almanlar, amerkanlar və başqaları, ən nəhayət, türklər də türkovakı yaratdılar. (O da maraqlıdır ki, Almaniyadakı peyvəndi  iki ər-arvad türk alimi kəşf etmişdilər.) Bu peyvəndlər, deyilənə görə, 70 faiz qoruyuculuq qabliyyətinə malikdirlər. 30 faizi də insan özü ağızlığın, məsafə saxlamağın və s.-in köməyi ilə təmin edə bilər. Mən bu qeydləri yazan zaman virus bir qədər səngimiş, futbol oyunlarının seyriciylə keçirilməsinə, toylara  və digər tədbirlərə icazə verilmişdi. Lakin... Lakin daha qorxunc delta – Hindistan ştampının sürətlə irəlilədiyi barədə söhbətlər gəzirdi. İndi bu delta tipli ştamp gəncləri öldürməyə başlamışdı.

 

         Yahu, ölmək də qorxuludur. Adam kimi dəfn-kəfən olunmur ki!.. Meyidi qara sellofan torbalara salır, hökümət adamları ekskavatorla dərin çuxur qazıb atırlar ora, üstünü torpaqlayırlar. Nə Yasin oxunur, nə hüzr mərasimi olur, nə ehsan, nə qonaq-qara... Bunun adı gorbagor olmaqdı...

            Odur e, rəhmətlik aktyor Rafael Dadaşov belə günlərdə vəfat etdi. Bir operator dostum var, orada çəkiliş aparırmış televiziya üçün. Telefonla mənimlə danışanda  and içirdi ki, hələ karantin tam elan olunmamışdı, amma hamı bir-birindən qorxurdu. Ölü  sahibləri belə cənazəyə yaxın düşməyə ürək eləmirdilər. Elə hökümət adamları – polislər, bələdiyə işçiləri  götürmək istəyəndə  artistlər və yaxın qohumlar zor-xoş irəli durdular. Qəbir üstünə də çox az adam getmişdi... Düzdü, adam vardı, amma elə aktyorçün o qədər ziyarətçi çox az idi. Hamı qorxurdu... Adamlar bir-birindən şübhəliydi...

            Hələ dərd təzə başlamışdı deyə, nə hökümət, nə də camaat hazır idi buna. İlk tələb olunan şey tibbi maska və əlcəklər idi ki, bu da apteklərdə tapılmırdı. Olanı da dəllallar on qat qiymətinə altdan satırdılar. 

            Əşi, ilk vaxtlar adamlar telefonla danışmağa da qorxurdular e! Guya telefonla da yayılırmış... Amma tezliklə bunun yalanı çıxdı: gələcəyin telefonları olan 5 G-lərdə ola bilər bu qabliyyət. İndiki telefonlar isə o gücdə deyildi...

            (Burada bir məsələdən də danışmalıyam, mötərizədə də olsa. Qəzet və saytlarda, televiziyalarda hər gün korona virusun fəsadları barədə məlumatlarla yanaşı, bir məsələ də qabardılırdı: guya bu virusu Çin alimləri ABŞ kəşfiyyatının dəstəyi ilə Çinin Uhan şəhərindəki laboratoriyalardan birində süni yolla yaradıblar, yaxud yarasadan alıblar, sonra ondan bioloji silah kimi hansısa üçüncü ölkəyə qarşı istifadə etməyi planlaşdırıblar və məxfi şəkildə saxlayıblar. Lakin həmin laboratoriyanın tibb bacılarından biri özü də bilmədən virusa yoluxub, sonra bazara gedərkən bunu bir ət satana yoluxdurub və on günün içərisində virus nəzarətdən çıxıb. İnandırıcı görünməsə də, Amerikanın prezidenti Tramp da Çini ittiham edirdi ki, onlar bu virusu qəsdən yayıblar, məqsəd dünya iqtisadiyyatına, o cümlədən ABŞ iqtisadiyyatına zərbə vuraraq onları Çindən asılı vəziyyətə salmaqdır. Görünən isə odur ki,  karantin günləri yaşanarkən dünyanın ən iri zavod və müəssisələri işləmədiyindən iqtisadiyyatda çöküş yaşanırdı. Fəsad isə bir neçə aydan, yaxud ildən sonra daha faciəvi şəkil alacaq... 

            Zavod demişkən... Karantin günlərində yaşım 65+ olduğundan bayıra çıxa bilmədiyimçün işə gedib-gələn hərbçi qohumdan soruşdum ki, Yeni Bakı Neftayırma zavodunun gecə-gündüz alov saçan məşəli yanır? Dedi, xeyr, neçə vaxtdır sönüb. Əlim yerdən-göydən üzüldü. Əvvala, mənim bu zavodla bağlı xoş xatirələrim var, ikincisi də o məşəl Bakının simvollarından biri idi... Əgər o məşəl sönübsə...

            İnnstitutdan kəsiləndən sonra bu zavodda fəhlə işləyirdim. Ustamız dyad Vasya danışırdı ki, bu zavod nəinki SSRİ-də, hətta dünyada məşhurdur. Dünyanın ən böyük  neftayırma zavoduymuş bura. Və o deyirdi ki, bu zavodun məşəli Bakının qüdrətindən xəbər verir. Yəni, bütün dünyada qıtlıq olsa, bu məşəlin hesabına Bakıda həmişə çörək olacaq... 

           Məşəlimizi söndürmüşdülər... ) 

 

 

 

 

 

 

                                                         2

 

 

 

            Bax, belə korona viruslu  günlərin birində xəbər gəldi ki, Süleyman müəllimi tutublar. Çox istədim ki, çıxam çölə, gedəm adamdan hal-əhval biləm, gedə bilmədim. Bir tərəfdən karantindir, icazə yoxdur, o biri tərəfdən də qorxuram yoluxam. (Amma heç yaxşı olmadı. Kişi ilə son vaxtlar yaxın olduq, bir romanın əhvalatını danışdı mənə. Necə olmasa, haqqı-salamımız var... Bunu yazmaq istəmirdim, amma örtülü bazar, dostluğu pozar deyiblər. Qulağıma söz çatır ki, o romanı, əslində Süleyman müəllim yazıb, çap elətdirməyə qorxub, mənə bağışlayıb və sair. Belə şey olmayıb. Sadəcə, adam mənə danışdı ki, həm xəstədir, həm də belə ağır mövzularda yazmağa risk etmir*. Düzdür, hansısa qaralamalarının olduğunu demişdi mənə, ancaq göstərmədi. Və başladı romandakı hadisələri  danışmağa. İndi bir azdan görəcəksiniz ki, hətta bu ikinci hissə də belə baş verib. Görüşmək imkanımız olmadığından yazıq mənə votçapla zəng edib, danışıb hamısını... Ədəbiyyatda olub belə şey: Zakir “Hacı Qara”nın mövzusunu 

Axundova vermədimi? O boyda Puşkin “Müfəttiş”i yazmağı Qoqola məsləhət görmədimi? Bax, onun kimi bir şey.) Və elə bu çalıx-balıxdaykən telefonuma zəng gəldi. Tanış nömrə deyildi.

            -Bəli, eşidirəm...

            -Mənəm, Süleyman... Bu mənim telefonum deyil... Medsestranınkıdır. Xahiş eləyib almışam, beş dəqiqəliyinə... Siz mənə abratnı zəng edin, mümkünsə... vatçapla yığın, kontur getməsin...

            Zəng etdim və aramızda ağalagəlməz söhbətlər oldu... Votçapla zəng vurduğumdan, bəlkə yarım saat, bəlkə bir saat danışmışıq... Sonra bağlantı kəsilirdi, kimlərsə araya girirdi, amma yenə zəng edirdim, yenə danışırdıq... 

                                                        ***

 

 

            “...Məni Rəfiqənin qızının şikayətindən sonra üç aylığına həbs elədilər...

            Amma sağ olsun Paz Cahangir, məhəllənin adamlarını yığıb, gediblər hakimin üstünə. Nə danışıblar, nə eləyiblər, bilmirəm, deyəsən pul-zad da veriblər, məni zaminə buraxdırıblar... Dost-tanışın məsləhətiynən elə ordan da getmişəm Maştağadakı psixatriyski balnisaya... Ordan danışıram siziynən... Hə, vallah, bilmirəm gülüm, ya ağlayım... Guya özüm öz ayağımnan gəlmişəm bura ki, mən dəliyəm... Yanıma gələnlər də bunu təsdiq eləyirlər e belə... Amma mən dəlixanada bir az qalannan sonra yadıma saldım bura necə düşdüyümü... Dayan, sən.. siz... məni eşidirsən?.. Hə, yaxşı, bildim... Onda gerisinə qulaq as... Sual verib, sözümü kəsmə, sualın olsa, axırda verərsən...

            Belə, a kişi, korana virus günnərində evdə qala bilmədim. Ürəyim partlayırdı axı. SMS göndərdim**, müvafiq idarədən icazə aldım, ağızlığımı ağzıma, əlcəyimi əlimə taxıb çıxdım küçəyə. 

        (Vallah bu maska sözündən acığım gəlir. O qədər maskalı adamlar gördüm ki, həaytda! Ona görə elə ağızlıq yazdım. Düzdür e, bu sözün əsl mənası ayrı şeydir. Bir dar ağızlı qaba maye, yaxud su-zad tökəndə  ağızlıqdan istifadə edirlər ki, buna qıf da deyirlər. Dedim, qoy bu da olsun ağızlıq. Omonim söz kimi.)  Gethaget, gethaget, gördüm gəlib çıxmışam o xaraba məhləyə - Morqun yanına. Binanın əsas korpusunun qıpqırmızı rənglə rənglənmiş fasadına baxanda gözüm qırmızıya düşdü, başım çöndü. Elə bir az durub gic-gic döyükənnən sonra geri qayıdırdım ki, Paz Cahangir çıxdı qabağıma. Əlini uzatdı, geri çəkildim, dedim, pandemiya var, bilmirsənmi? Əllə görüşmək olmaz. Dedi, bıy hə, bağışla sən allah, zəhrimar maska da tapılmır, ala bilmirik... Yanına gəlsəm, bizə də bir əlli ədəd tanışlığnan düzəldərsən, bütün məhlə üçün?..

 

 

 

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Belə baxanda adam haqlıymış. Bu roman hələ ki, mənə başağrısından qeyri bir şey verməyib, əlbəttə yazıçı sevinci xaric. Demək, əsərin vörd formasın bir-iki adama verdim oxusun. Oxuyan kimi facebook səhifələrini bağlayıb yoxa çıxdılar. Zəng etdim, telefonumu da açmadılar... Çapa verdiyim nəşriyyat iki dəfə əlyazmasını itirdi. Üçüncüdə də dedi, borcumuz var, çap edə bilmərik. İkinci nəşriyyat isə çapın şirin yerində ilişdi yaxamdan ki, filan səhifədən filan sözü çıxart, yoxsa... Dalaşdım, vuruşdum, olmadı. İndi ilk nəşrdə bir neçə yer kərədir, gərək yeni nəşr olsa, əlavə edək... Bizdə yazıçı guya azaddır, guya senzura yoxdur. Amma məsələ bu yerdədir... (Müəllifin qeydi.)

**2020-ci ilin dekabrında Çinin Uhan şəhərindən başlayaraq dünyaya, o cümlədən Azərbaycana da yayılan COVİD-19  pandemiyası günlərində karantin rejimi zamanı əhali yalnız zəruri ehtiyac olduğu halda 8103-ə SMS göndərib küçəyə çıxmaq üçün icazə ala bilərdi. (Bu və bundan sonrakı bütün ətək yazıları müəllifə məxsusdur.)

 

 

 

            Dedim, baxaram. Nəysə, gördüm bu Pazda söz var, amma içindən çıxarda bilmir, qalıb qurcuxa-qurcuxa. Dedim, ə, ay Paz, nədi, görürəm, söz qarnını deşir, döşə gəlsin!..

            Güldü. Sonra da ağlamsındı. Elə ağlamsına-ağlamsına malaladı:

            -Zaddı... Belə... Haxverdi rəhmətlik də yoxdu ki, gedəy sizə bir yaxşı qulluğ eliyim... Allah rəhmət eləsin...

            Baxdım ki, adamın ağzı ayrı söz deyir, baxışları ayrı. Dedim, ay Paz, sən ki, məni tanıyırsan, xıstı-pısdıynan işim yoxdur. Qızıl qırmızı adamam, ağzındakını udma, döşə gəlsin!

            Adam o yana baxdı, bu yana baxdı, pıçıldadı:

            -Yenə gəlirlər gecələr... Özü də indi ves pakoyniklər tökülüblər küçələrə... Axırı gəlib burda, bu Morq meydanında xosunnaşırlar, ağlaşma qururlar... Day nə deyim e... Yaxşısı budu, gəl, özün gör... Saat üçə qalıb... Üç-dörd saatdan sonra yığışacaxlar...

            (Mənim bu Pazdan əvvəldən acığım gəlib. Elə bil, nəsə şübhəli adama oxşayırdı. Ona görə bir yüngülvari jurnalist araşdırması apardım... Pəh! Nələr varmış, xudaya!.. Kişinin  adına Nardaranda əlli sot torpaq, şəhərin göbəyində beş yüz minnik qiyməti olan villa, iki maşın və bir də bu cındır kafe... Dəqiqiləşdirəndə məlum olacaq ki, elə özünün olan tək bu kafeymiş... İlahi, bu Bakı necə qorxulu şəhərdir... Allo! Eşidirsən? Bu dediklərimi yadında saxla, sonra lazım olacaq.)

        Qorxduğum başıma gəldi. Roman çıxandan sonra zəng zəng dalıncan!   Sən canın, gör biri zəng vurub nə deyir:

            -Müəllim, o nədi, məni salmısınız romanınıza, ayıb döyü?..

            Mən də söz tapmadım, hirslə dedim ki, xoşun gəlmir, çıx get!..

            Ə, a kişi, heç kimi başa sala bilmirəm ki, mən romanın müəllifi deyiləm, sadəcə əsər mənim dilimdən yazılıb. Axırda bezib, sənin telefonunu verdirəm zəng vuranlara ki, bəlkə mənnən əl çəksinlər, kimə deyirsən?! Zır-zır, zəng zəng dalıncan... 

            (Ə, guya roman oxuyan olublar!? Nə oxumağı? Dedim axı, kitabın çapı düşdü pandemiyanın ən qızğın vaxtına, martın əvvəllərinə. Gedib alan da olmayıb hələ. Sadəcə, şifahi xalq ədəbiyyatıdı də, onnan ona, onnan o birinə, sonra da gəlirlər mənim üstümə ki, filan  filan oldu...)

            İndi də bude, budha, bu da deyir ki, ölülər yenə meydana yığışırlar gecələr... Yığışdılar, hayqara saldılar, bu virusu gətirdilər ölkəyə... Elə bil o rəhmətliklərin ayaqlarındaymış vallah...

            Dedim, ə, Paz, indi nə eliyək? 

            Dedi, heç nə. Kafeni gizlicə də olsa, işlədirəm. İşıqları yandırmıyacam, gəl gedək, saa bir yüngül şey hazırlayım, ye, bir yüz də vur. Axşam düşən kimi özünü ver o meydana, gör genə nəyə gəliflər bu qırılmışlar?... 

            Gəldik kafeyə. Burda o məşhur PAZ avtobusun qoburun   saxlayıblar. Bir muzey kimi, ekzotika kimi... Yəni, bizim belə günnərimiz də olub... Təxminən beşin ona bir məkandır. Bir küncdə, dediyim kimi,  köhnə PAZ avtobusun rənglənmiş maketidir, içində də stol, stullar. Qıraqda bir yerdə otururam. Paz Cahangir isə gedib motal pendiri, salat, araq və soyutma ət gətirir.

            -Bağışla ki, isidə bilməyəcəyəm... Polislər iyini alıb gələ bilərlər... Mən az içəciyəm... Yüzcə qram... Siz isə vurun ürəyiniz istəyən qədər...

               İlk badəni içən kimi Paz başlayır üdüləməyə:

            -Müəllim, bu bəlanın axırı nolacax?! Öləciyik hamımız?! Mənim axı dörd yetimçəm var... Nolacax onnar?!. Bir yannan da bu pox iyi... Doğrudan, ay müəllim, bu nə iyidi?

            Gülümsünürəm. Gülməyə taqətim yoxdur deyə, sadəcə gülümsünürəm... 

            -Cahangir, Haxverdinin zarafatları yadındadı? Heyf onnan... Avaranın, əbləhin biri idi düzdü, amma əhli-kef idi... İndi sağ olsaydı bu pandemiyanı da dolayardı... Onun bir lətifəsi vardı, haçansa mənə danışmışdı... Deyir bir gün kəndimizin hörmətli adamlarınnan birinin altı yaşındakı qızı əlinə daş xınası qoyur və atasına göstərib deyir, bax, ay dədə, əlimə xına qoymuşam... Kişi deyir, çox sevindim, gözəl qızım!...... Belə-belə, düz iyirmi yaşınacan hər dəfə əlinə xına qoyanda atasına göstərir, o da baxıb gülür... Eyni sözləri deyir... İyirmi yaşında qızın toyu olur, xınayaxdıda əlinə çoxlu xına yaxır və yenə atasına göstərir... atası başını bulayıb deyir:”Qızım, bu xına o xınadan deyil...” İndi ay Paz Cahangir, bu xına o xınadan deyil... Ağzına maska tax, bu kafeni də bağla, get gir evinə... Dünya qalıb bu virusun əlində... Nə davası var, nə dərmanı... Böyük bəla gözlənilir... Xəstəlik cəhənnəmə, aclıq olacaq... Hamı girib evlərə, küçələr boş... Zavod işləmir, fabrik işləmir, tarla əkilmir, bağ suvarılmır... Ot biçilmir... Nə olacaq, axırımız hara gedir, bilinmir... Qoxu isə məni də şübhələndirir... Nəsə ayrı əməldi bu...

            Deyəsən, üçüncü qədəhi içirdim. Azqranatdan olsa da, nədənsə tez tutdu məni araq...           

            

                                                            3

 

            Cahangirə dedim, ayə, şükür ki, buraları təmir elədilər, yoxsa his-pas, yanıq iyinnən adamın başı çatlayırdı. Əlimi pəncərədən uzadıb qırmızı rənglə boyanmış binanı göstərərək:

            -Bunu belə zoğalı rəngləmək kimin ağlına gəlib, sən allah? – təəccüblə soruşdum.

            Gədə başını irəli uzatdı, pəncərənin altından binanı ilk dəfə görürmüş kimi süzdü və ah çəkib dedi:

            -O imansız elədi... Haxverdinin anası... Praraba dedi ki, a bala, ermənilərin acığına buranı al qımızıya tutarsan... – Paz bir az nigaran-nigaran pəncərədən ora-bura boylanıb davam elədi.- Prarab da elə deyəsən o ağıldaymış... Götürüb bu dəli qırmızısını yaxdı bura... Pox qoydu gül kimi işin içinə... Gül kimi deyəndə ki...

            Gədə o qədər ora-bura boylanır ki, mən də şübhələnirəm, eyzən bunun kimi qurcuxur, döyükürəm. Neynim, başım çəkib, gözüm qorxub. O qədər başımıza döyüblər ki...

           Elə bil mənim səksəkəyə düşməyim bunu daha da qorxutdu. Dayanıb çəkingən halda bir mənə, bir pəncərəyə baxdı və az qaldı ağlasın:

            -Müəllim, sən bizim başbilənimizsən, arxamızsan, dayağımızsan... Ağzımnan çıxdı, sən balanın canı, mənim adım olmasın, binanın çölünü bu günə qoymaqla ötüşsəydi nə vardı ki, içini də yalannan alabaşına, kül başına elədilər, gül kimi taxta pəncərələri çıxardıb, yerinə mesni plastik saldılar, divarları rəngləyib filan qədər pul sildilər, çxıb getdilər... Ad oldu ki, remont elədilər... İnanırsan, camahat onlar gedənnən sonra filan qədər xərc çəkib, hərə öz xarabasını remotdadı... Elə mən də bu xarabamı atası rəhmətlik bir sponsorun hesabına düzəltdirmişəm... Dərd birdi, birin deyəsən?.. Yaxamız qalıb əllərdə... Açırsan öz götün, örtürsən öz götün, sən də bağışda... 

            -Bəlkə gedək mən bir içərilərə baxım? Ora-bura zəng vuraram, yazaram...

            -Yox, sən canın eləmə... Yazarsan, gəlib mənim bu kafemi bağlayacaxlar... Bilirlər ki, mənnən salam-kalamın var...

            Cahangir televizorun səsini azacıq qaldırır. Bir müxbir düşüb küçələrin canına, orda-burda görünən tək-tük adamların ağzına tutur mikrafonu, Ata Abdullayev kimi kəsir üstlərin ki, vətəndaş, karantini niyə pozursan, küçədə nə işin var?

            Hərə bir söz deyir, biri də qayıdır ki, vallah, uşaqlarım acdır, çıxdım ki, bəlkə bir şey tapam, tapmadım... Borca çörək almışam, gedirəm evə... Biri də yanaşdı müxbirə və ağlamsına-ağlamsına dedi:

            -Mənim oğlum prezidentin qərarına qarşı çıxıb, Əli Kərimlini müdafiə edib. Mən öz oğlumnan imtina edirəm. Ona ar olsun!..

            Cahangir pis bir söyüş söyüb televizoru söndürür. Bilmədim, kişiyəmi söyür, müxbirəmi, ya televizoramı. Sonra qorxaq nəzərlərlə mənə baxır:

            -Məllim, indi nolacax? Bu yazıx Əli Kərimlini də tutacaxlar? Deyir, ev telefonun, internetin-zadın da kəsiblər...

            Mən çiynimi çəkirəm.

            -Nə bilim, ay Cahangir? Mən də sənin kimi.  Gücüm ona çatdı ki, bu barədə ziyalıların hazırladığı bəyanata qol çəkdim. İndi vur çatlasın bundan sonra başlayacaq. Uje evimi nəzarətə alıblar. Bura gələndə də iki nəfər mülki geyimli izləyirdi məni.

            O şübhəli-şübhəli bir mənə, bir qapıya baxır və yavaşca deyir:

            -Nərgiz müəllimə də Əli Kərimlinin badına getdi...

            -Nə?! – Mən necə qışqırıramsa, səsimdən özüm də səksənirəm. Kişi qorxudan çəngəli əlindən salır və üzü saralır, gözləri az qalır dil olub danışsın. Ki:”Ay kişi, niyə qışqırırsan?! Deyirsən, gəlib ikimizi də tutub aparsınlar?”

            Mən “bağışla” deyib, ondan bir siqaret alsam da, yandırmadan iyləyirəm. O isə lap astadan pıçıldayır:

            -Bir qrup adam Əlinin müdafiəsinə bayanatdı, nədi onnan yazıblar, bı da imza atıb ora... Deynən ay Nərgiz müəllimə, saa bı lazımdı?.. Bir tərəfdən də bəs o eləməsin, mən eləmiyim, kim eləsin? O kişi də bizimçün çalışır axı... Vallah, billah bu qurdların qabağını alsa, elə o alacax... A kişi, bizə yardım gətirmişdilər, on ailəyə payladılar. Qalanını apardılar. Dedim, ayə, niyə hamıya vermirsən? Deyir, onun maşını var, bunun torpağı var, bu birisinin budkası var, alver eliyir... Tvoy mat... Sən də bağışla...

            -Nərgiz müəllimədən danışırdın... – Mən dillənirəm.

            -Hə, yazığın ağzını skoçlayıblar, salıblar meşoka, aparıb atıblar Qaradağda bir səhraya... Əyəmnəri, bir yoldan ötən iniltisini eşidib onu xilas eləməsəydi, o gecə qurda-quşa yem olacaxdı... Ordan gələnnən sonra məhkəmənin əliynən kişinin qızına həbs verdilər... Uşaqları qalıb ac-susuz. Genə qızın təhri var e, gədə dəlidi axı... Ə, onlara da yardım vermədilər, a kişi?! Deyirlər ki, anaları maaş alır, özləri də çörəkpulu... Nixuya sebe!.. Elə yalan deyin ki, inanan olsun dayna!.. – Özündən asılı olmadan bu da qışqırır və arağı başına çəkib “hı” eləyir.

            Bu vaxt iki polis işçisi pəncərə şüşəsinin qabağında dayanıb şüşəni döyəcləyir. Yanlarında da iki mülki geyimli var. Biz səsimizi içimizə çəkirik. Cahangir vaysınır ki, qapı açıqdır, itələsələr, girəcəklər içəri, qanım gedəcək. İncəvara, onlar bir-iki dəfə də şüşəni döyəcləyib, çıxıb gedirlər.

            Cahangir dərindən nəfəs alıb “şükür, yaxşı qurtardıq” deyir. Sonra hirslə:

            -O gün gəlmişdilər. Çay qoydum qabaqlarına, içmədilər ki, paltar yuyuruq?.. Bildim ki, vurmaq istəyirlər. Əlüstü yemək elədim, bir dənə də 05 qoydum qabaqlarına, yedilər, vurdular. Gedəndə də hərəsi bir paçka siqret götürüb getdilər. Əşşi, mən çörəyimin xatirinə belələrinə  quyruq bulayıram, neynim axı?! Namərd dünyasıdı, məllim...

            -Yaxşı, Cahangir, mən bir ərizə yazacam, bax, qapı-qapı düşərsən, hamıya qol çəkdirərsən, pasport nömrələrini də yazarsan, səfirliklərə-zada müraciət eliyək görək, o yazıq qadını buraxdıra bilərikmi?.. Amma imza özlərininki olsun ha, saxta olmasın... Bunları öyrədiblər seçkidə saxtakarlığa.

            Bu vaxt Dılı gəlib durur bayaq polislər duran yerdə, başlayır öz-özünə nələrsə danışmağa. Cahangir qalxıb bir xeyli pendir, soğan, xiyar və iki də çörək qoyur sellofan torbaya aparıb verir ona və məmnun halda qayıdır. Mən də ona ürəyimdə sağ ol deyirəm.

            -Allah Lələyə rəhmət eləsin... Yenə o burda olanda gəlirdi tapırdı məni, şirin söhbəti vardı...

            Cahangirə elə bil nəsə olur. Dönüb sevincək kafenin girəcəyindəki “avtobus”a girir və bir az qurdalandıqdan sonra əlində bir kitabça geri dönür:

            -Bax, bunu Dılı tapıb Lələnin yanan kovuşunun bir küncünnən... Qalıb döşəməyə salınan linonimin altında, üzü yansa da, içi salamatdı...

            Bu, köhnə zamanların bloknotudur. Sağ tərəfində kiril əlifbasıynan kəsimiş hərflər verilib:A, Б, B, ...

            Bloknotun yuxarısından iri hərflərlə NATURALİZM sözləri yazılmış və digər səhifələrdə isə Lələnin, yoxsa kiminsə fikirləri verilib. Diqqətlə baxandan sonra anladım ki, bu, Lələnin uzun zaman özündə formalaşdırdığı fikirlərdir. Qədim şamanlar kimi laməkan olan Lələnin fikirlərini oradaca oxumağa başladım... Cəmi bir neçə dəfə gördüyüm bu adamı belə tez itirdiyimə görə acı təəssüf hissi keşirdim. Və o acı təəssüfün acı yanğısından doğan tüstü gözümün önünü aldı, içimi göynətdi, öskürək məni tutdu.

            Cahangir ağızlığını  əli ilə bərk-bərk tutub təlaşlandı:

            -Məllim, noldu? Niyə öskürdün?! Allah eləməmiş...

            Gülümsəməyə çalışdım:

            -Qorxma, Cahangir, korona virusa yoluxmamışam*... Lələnin itkisinin acısı boğazımı göynətdi... Bu kitabçada bilirsən nə var?!

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------

*Həkimlər deyirdilər ki, asqırmaq, şiddətli öskürək korona virusun ilk əlamətlərindəndir.

 

            -Yox, məllim, bir az ora-burasına baxdım, ağlım bir şey kəsmədi... Mən bilən iş dəyil... Ona görə saxladım ki, siz gələndə verim baxasınız...

            -Eeee, ay Cahangir, sən nə biləsən axı o Lələ kim idi?! O bilirsən özüynən nələr apardı?! İndi başa düşürəm, o niyə yanan binaya təpilib həmin məşum gecə?.. Həm mənə atdığı o ağ səhifəli kitabı xilas etmək istəyib, həm içindəkini hələ də anlamadığım o sıfır kodunu, həm də bax bu bloknotu... Amma heyf... Bloknotun yarısı yoxdu ki!.. Səncə Dılıda olan elə bu idi?

          -Dılı vərəqləri qopardıb kibritlə yandırır, uşaqların üstünə atırdı... allahumuduna əl atıb aldım əlinnən... Alanda dedi  ki, Lələnin evindən tapmışam...

            Başımı bulayıb bloknotu oxumağa başlayıram.

 

 

                                                                         4

 

 

            Əvvəlcə onu deyim ki, Lələnin bu fikirləri haradan götürdüyünü, yoxsa özünün yazdığını anlaya bilmədim. Bir onu bildim ki, Lələnin dünyamızın gələcəyi ilə bağlı çox mühüm narahatlıqları  varmış. Belə olmasaydı, o bu cür mühüm nəticələrə gəlib çıxa bilməzdi.

            O da maraqlıdır ki, Lələnin fikirləri ilə mənim də düşüncələrim tam üst-üstə düşür. Elə bil, Lələ mən Süleymanı danışdırmış, sonra bunları qələmə almışdı.

            Lələnin dəftərçəsindən oxuduqlarım:

           “ Latınca naturalis kəlməsindən alınan naturalizm öz mənşəyini antik filosofların əsərlərindən almışdır. Antik dövrün filosofları Sokrat, Platon, elmin atası sayılan Miletli Talz, təbiət hadisələrini heç bir fövqəladə səbəb olmadan izah edən ilk filosoflardan idilər. Aristotel isə insanı və onun yaratdığı sənəti “təqlid” hesab edirdi, yəni insanın təbiəti təqlidi kimi... İnsanı “ictimai heyvan” hesab edən alim “Poetika”da  yazırdı: “Zənn etmək olar ki, poeziya sənətini  (poeziya dedikdə o, ümumən sənəti, ədəbiyyatı nəzərdə tutur – Müəllif), ümumiyyətlə, iki, həm də təbii səbəb doğurmuşdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər canlılardan bununla fərqlənirlər ki, təqlidə daha çox maildirlər və ilk bilikləri də məhz onun sayəsində əldə edirlər; ikinci, təqlid və onun nəticəsi hamıya zövq verir. Həyatda baş verən hadisələr də bunu sübut edir: həyatda bizə iyrənc görünən şeylərin təsvirinə baxarkən xoşumuz gəlir, məsələn, iyrənc heyvanların ve meyidin təsviri. Bunun səbəbi isə ondadır ki, bilik qazanmaq nəinki filosoflar, eyni zamanda başqa adamlar üçün də son dərəcə xoşdur, yalnız bir fərqlə ki, bu sonuncular bilikləri uzun zaman üçün əldə etmirlər” (“Poetika”, 4-cü fəsil).” Daha sonra oxuyuruq:“Hər bir sənətin vəzifəsi təbiətdə çatışmayan şeyləri tamamlamaqdan ibarətdir”. 

            Düşünürəm ki, böyük alim gələcəyin insanına önəmli mesaj verib: siz vəhşi təbiəti dəyişməyin, onun təbiiliyinə xələl gətirməyin, əksinə təbiətin çatışmayanlarını tamamlayın...

            Beləcə, erkən filosoflar naturalizmin əsasını qoyan tədqiqatlara öz töhfələrini verdilər.

Sonralar Avropada renessans dövrünün sənətçiləri də əsərlərində naturalizm ünsürlərinə yer ayırmışlar. (Bu nöqtəni tədqiqatçıların ixtiyarına buraxıb növbəti abzasa dönək.)”

          Daha sonra o, fikirlərini faktlarla əsaslandırmağa çalışır. Əlbəttə, mən bu hissənin üstündən keçərdim, amma boynuma alım ki, mənim özümçün də maraqlı idi:

       “İncəsənətdə, ədəbiyyatda və fəlsəfədə naturallığın pik nöqtəsi, təbii ki, XIX əsrlə bağlıdır.

Ədəbiyyatda naturalizm XIX əsrin ikinci yarısında Fransada yaranmışdır. Cərəyanın elmi-nəzəri əsasını fransız Hippolyte Taini yaratmışdır. Onun fikirlərindən təsirlənən Goncourt Qardaşları ilk naturalist romanı “Germinie Lacerteux”u (1864) yazdılar. Amma  ədəbiyyatda naturalizm öz orijinal ifadəsini Emil Zolyanın “Le roman experimental” ( "Eksperimental roman") adlı essesində tapdı. Goncourt Qardaşlarından təsirlənən Zolya iddia edir ki, yazıçı ancaq hadisə və faktları müəyyənləşdirmək və yazmaq üçün kifayət edən bir müşahidəçi deyil, həm də roman personajlarının iç dünyasını, emosiyalarını və  düşüncələrini əks etdirən bir eksperimentçidir. Bu cərəyanı Zolya qədər yaxından izləyən ikinci bir yazar olmamışdır. Lakin bir müddət sonra məşhur hekayəçi Gi De Mopassan, ədiblərdən H.İbsen, K.Hamsun, H.Hauptman bu cərəyandan təsirlənərək naturalist əsərlər qələmə aldılar.

        Naturalist yazıçılar obyektiv həqiqətləri və göz önünə gələnləri yazaraq ideallaşdırmaya qarşı çıxdılar. Onlar əsərlərində həyatın qəddar və kobud tərəflərini də əks etdirdilər. Naturalist yazarlar mühitin və xüsusən təbiətin insana həddən artıq təsir etdiyinə inanırdılar. Buna görə də, əsərlərində məzlum  insanların həyatı, gecəqondu daxmaları və yeraltı dünyanı sənədli bir dil ilə insanlara çatdırırdılar. Sonralar Stiven Kran, Frank Norris və Cek London ABŞ-da naturalizmin Avropa ədəbiyyatındakı təsiri zəifləməyə başladığı bir dövrdə naturalist əsərlər  yazdılar. Teodor Dreiser isə ABŞ-da naturalizmi zirvəyə qaldırdı. Ceyms T. Farrellin “Studs Lonigan” (1932-35) trilogiyası naturalizmə aid son əsər sayılmalıdır.

         Naturalizm Türkiyə ədəbiyyatına 35 yaşında intihar etmiş tərcüməçi və yazar Bəşir Fuadın təsiri ilə daxil oldu. Türkiyə ədəbiyyatının ilk naturalist romanı isə 1891-ci ildə Əhməd Midhat Əfəndi tərəfindən yazılmış “Müşahedat” ("Müşahidələr") idi. Daha sonra Hüseyn Rahmi Gürpınarın mətnlərində naturalizm özünə yer aldı.”

            Məni həyəcanlandıran isə Azərbaycan ədəbiyyatında naturalizm hissəsi idi:

           “Azərbaycan ədəbiyyatında naturalizm izləri “Kitabi-Dədə Qorqud” dastanlarında, daha çox M.P.Vaqifin şeirlərində görünsə də, ədəbiyyat nəzəriyyəçilərinə görə, sistemli naturalizm cərəyanına aid yazıçılardan N.B.Vəzirov, Ə.Müznib və C.Bünyadzadə və başqalarını misal göstərə bilərik. Bayatılarımızda, nağıl və dastanlarımızda kifayət qədər naturalist nümunələr vardır ki, bular da bizim naturaya, doğallığa meyili xalq olmağımızı sübut edir. Təbii ki, naturalist dünyagörüşü, doğallığı həyasızca çılpaqlıqla, arsız və tərbiyəsizliklə qarışdırmaq lazım deyil. Mən şəxsən, yalnız yeri gələndə naturalizmə getməyin tərəfdarıyam. Bədii əsərlərdə yeri gəldisə, yerinə oturdusa, söyüşlərin, natural səhnələrin verilməsini təbii sayıram. Lakin burada da kobudluğu, tərbiyəsizliyi təbliğ etməyin tərəfdarı deyiləm.

            Xüsusilə, meyxana janrında bu kimi nöqsanlara yol verilir.

            İctimai məzmundan uzaq, şit seksizmə hesablanmış meyxana nümunələri oxucuda, yaxud dinləyicodə   müvəqqəti maraq doğura bilər, amma ciddi sənət numunəsi kimi yaşaya bilməz.

        Naturalizm qısa müddətli bir cərəyan olsa da, romantizmin və realizmin inkişafına, yeni mövzuların kəşf edilməsinə və formaya üstünlük verməyən, həyata, təbiətə  yaxın olan bir hərəkatın inkişafına təkan verdi. Təəssüf ki, ədəbiyyat və sənət naturalizmdən uzaq düşdükcə insanlıq da naturadan – təbiətdən də uzaq düşdü. Daha doğrusu, təbiətin düşməninə çevrilən insan, özünün və nəslinin də inkişafına zərbə vurdu...”

 

                                                ***

            Cahangir mənim səssizcə oxumağımdan bezir deyəsən. Əlini qaldırıb nəsə söyləyir. Nə dediyini anlamasam da, uşaq sözü eşitdim elə bil. Ona görə oxumağıma ara verib dedim:

            -Sən nəsə dedin, deyəsən?..

            O təəccüblə başını qaşıdı:

            -Dedim ki, dünən burda, Morqda karantin gününün ilk uşağı doğulub...

            -Yaxşı!.. Kimin uşağıdır? – Heyrətlə soruşuram.

            -İnanmayacaxsan... Muğannan Gövhərin uşaqları olub... Gövhər əlil arabasında doğub o uşağı!.. Qırx dörd yaşlı qadın uşaq doğub!.. Oğlu olub Gövhərin... 

            Yadıma Taqorun sözləri düşür:”Yeni doğulan uşaqlar Allahın insanlara olan mərhəmətinin hələ bitmədiyinə işarədir.” Necə yaxşı ifadədir. Mənim ağlıma isə bu sözlər gəlir: “Sevgi Morqda da bar verə bilər...”

            -Bəs rəhmətlik Haxverdi deyirdi ki, onlar hardasa ev tikiblər, burdan köçəcəklər?

            -Hə, tikiblər tikməyinə... amma Muğan deyib ki, bizi biz eləyən bu Morq oldu. Ona görə ora yalnız şənbə-bazar günləri gedirlər. Qalan günləri burdakı evlərində yaşayırlar... 

            O, birdən təəccüb içində mənə baxır və az qalır ağlasın. Sonra yaşarmış gözlərini qolu ilə silir:

            -Məllim, sən mənim məşhur Qazax Mətinin nəvəsi olduğumu bilirsən?

            Eyni təəccüblə mən də onu süzürəm:

            -Yo-ox... Necə yəni? Axı mən..?

            -Oğlum o irəli onun haqqında yazdığın şeiri maa göstərdi... Utandım... O boyda kişinin nəvəsi olduğuma görə... Yüz il qabaq adam gedib oxuyub, təhsil qazanıb, məşhur adam olub... Amma mən dünyanın düz vaxtında... Allahın texnikomunu da qurtara bilmədim...

            -Nə şeir? Mən şeir yazmıram axı?

            -Əşşi, ay Süleyman müəllim, day maa da yox də, boyyyy... budaha dayna, bunu sən yazmamısan?.. – Bir qəzetin qoşa vərəqini qabağıma sərir.    

           (Qəzetimiz sayta çevrilsə də, kefimiz istəyəndə hərdən səkkiz səhifəlik qəzet də buraxırıq. İndi  pandemiya günlərində bu tarixi fürsəti əldən vermək istəmədik. Arxivlərdə qalsın deyə, on altı səhifəlik təzə karantin nömrəmizi buraxmışıq.) Qəzetdə başlatdığım “Korona virus günlərində oxu” seriyasından “Ölümdən qaçış” adlı hekayəmdir. Düz yüz il qabaq Baharlıda, Qaracallarda baş verən vəbaya həsr olunub. Qəribədir, deyilmi? Elə bil bir əsrdən bir dünyanın qarınağrısı baş qaldırır. Pandemiyalar, inqilablar, milli ədavət, müharibələr... İndi mən bunları bu Paza necə başa salım axı? Şeirlə nəsrin fərqini bilməyən... Bizdə hırnan zırın fərqin qanmayan deyərdilər beləsinə... Təəccüb və heyrət içində Cahangirə baxıram. “Oddan kül” buna deyiblər. Yüz il əvvəlin adamı olan o məşhur kişi – Qazax Mətiyə bax, yüz il sonra ondan törəyən Paz Cahangirə bax... Özünün dediyinə görə 9-cu sinfə qədər güclə oxuyub. Sonra gedib aşpazlığı öyrənib...

            -Soyadın da gərək ki, Mətiyevdir, hə? - mən soruşuram.

            -Nə? Soyad... Hə, hə... Hə, Mətiyevdi... Utanıram o soyad.... familyadan vallah...

            -Onda Rüzgar Mete də sənin qohumun düşür ki?- Nəsə kəşf eləmiş adam kimi qışqırıram. Cahangir burnunu çəkir, sonra “çəksəm narahat etmərəm ki” deyib cavabımı gözləmədən nazik siqaretini yandırır, tüstüsünü sümürür və gumuldanır:

            -Həəəə... Papağı boş qalsın... qaldı elə... Soltanı yanına aparmağı çıxsax, bizə bir xeyri dəymədi bu qaşqınnıx zamanında... Hələ xeyiri o yana, o boyda babamızın adını dəyişib Mete elədi qancığ oğlu...

            -Soltan kimdir?

            -Bizim uşaxdı dayna... Qabaxkı arvaddan olan gədəmdi... Gedib yanına, neçə il qabax, deyib ki, Ürüzgar əmi, mən Məti kişinin nəticəsiyəm... Qazax Mətinin... Elə o vaxtdan yanındadı... Həm telexranitelidi, həm də hər işinə əl atır... Biri pay-püş göndərəndə gedib alıb aparır verir evinə, birinə bir şey verməli olanda Soltannan göndərir... Əblinin yaxşı bir sözü var: ağıllı rüşvət verər, dəli çərmə... Bu da ağıllılardandı... Hələ Soltanın adına bir villasını irəsmiləşdirib, bir də bir şadlıq evi var – Metepalaz, o da bizim gədənin adınadı...

            Hiss edirəm ki, bu Paz keflənib. Bir az da içsə, öz adına olanları da açıb tökəcək. 

            (Bude,ürəyində zayıllayır yenə... Amma mən onun ürəyindən keçirdiklərini üzündən oxuyuram...“Biz qaçqınlar qızağan olurux. Həm qızağan, həm də zəhmətkeş. Harda olsaq, əlimizi atdığımızı dartıb qopardanıq. O boyda Qarabağda, Qarabağa bitişik rayonlarda nələr yaratmadı bizim adamlar? Düzdü e, gicdıl...x hər yerdə gicdıl...xdı... Mən işgüzar, işləməkdən təri dabanınnan tökülənnərdən danışıram. Bir müəllim tanıyırdım, vallah əgər erməni kəndlərini işğal eləməsəydi, indi milyoner idi. Rayon işğal olunan günəcən qırxa yaxın qaramalını tövləsinnən çıxanda özüm saymışdım. Qoyun-keçini, toyuq-cücəni demirəm hələ. On hektaracan torpaqda əkin-biçin aparırdı. Buğda zəmiləri, noxud sahəsi, bostan-tərəvəz əkinləri adnandı. Bir çaqqal da götürüb yazmışdı Mərkəzi Komitəyə ki, filan müəllim kapitalistdir... O yazanın bir inəyi vardı, barama qurdu kimi acınnan bulum-bulum bulanırdı. Adama deyərlər, ay it oğlu, əlini qabağına verib, get, sən də işlə, zəhmət çək, qazan... Hə, dedim axı, həm zəhmətkeş, həm qızağan... O zəhmətkeş qaçqınnarın bir çoxu Bakıda alverlə, tikinti biznesi ilə, nə bilim digər xırda bizneslə özlərini tutannan sonra  ya ikinci dəfə evləndilər, ya da gözdən iraq yerdə arvad saxladılar... Bu lələşin Paz Cahangir də ikinci dəfə evlənib...”

          Burdan beləsi də mənim əlavəmdir. “ Belə baxanda, adamları qınamalı deyil. İşləyirlər, qazanırlar. Yönlü yemək yeyirlər, kabab çəkirlər, araqdan, pivədən dümləyirlər, piy basır, adrenalin  vurur kələ çarxa... Bəs bu enerjini nəylə çıxartsın?.. Avropalı deyil ki, kitab oxuya, tetra gedə, musiqiyə qulaq asa, idman edə, səhər-səhər yürüşə çıxa; asiyalıdı, şərqlidi, türkdü bu zalım oğlu. Bəs neynəsin? İkinci arvad alır. Ya da başqa yerdə arvad saxlayır... Əbli deyərmiş:allah arvadları yaradıb ki, kişilərin hirsini soyutsunlar. Bu da rəhmətlik Haqverdinin sözüydü: ”Bizim idmanımız, arvadın üstünə əyilib-düzəlməkdi.” Hə, buranın, Morqun akademiki idi o. Heyf, öldü, gül kimi sözləri özü ilə apardı...

         Yadımdadır, Haqverdi deyərdi ki, Pazın beləliyinə baxma, iki arvada baxır. Bildiyim qədərilə, ikisini də yaxşı saxlayır. Özü də elə bu Morqda qalırlar. Biri birinci mərtəbədə, biri ikincidədir... Soltan dediyi birinci arvaddan olandır. Haqverdi deyirdi ki, rayondan çıxanda Pazın arvadı təzə doğduğu uşağı qucağında Arazdan keçmişdi zahı-zahı... Əşşi, bunu bir məzəynən danışırdı Haqverdi! Deyir, Paz arvadı evdə qoyub Araz qırağına yorğan-döşək, pal-paltar daşıyırmış atla. Axırıncı dəfə qayıdıb ki, boylu arvadını mindirə ata, gətirə, görüb ki, gəlin sancı çəkir. Kənddə də tərslikdən heç kim qalmayıb. Qorxur ki, indicə ermənilər gələcək. Qışqırır, aaz, nə bağırırsan, gəl min ata, qaçaq... Gəlin ağlaya-ağlaya qayıdır ki, əyəə, nə danışırsan, suyum açılıb, uşaq qıçımın arasındadı, gəl kömək elə, çək çıxsın, yoxsa öləcəm...

            Cahangir allaha-bəndəyə söyə-söyə uşağı çəkib çıxardır. Bükürlər bir yorğana, anası qanlı-qanlı alır qucağına. Deyir, elə yola təzəcə çıxmışdıq ki, bir çiskin başladı, bir sazaq əsdi, dedik, day bunnan uşaq olmaz... Amma allah istəsə, olarmış... Arazdan keçəndə çayın suyu atın belinnən aşdı, qucağımda yorğanqarışıq körpə islandı. Su az qala əlimnən çəkib aparacaxdı. Cangir dedi, az, tulla uşağı, özün atın yalınnan bərk yapış... Tulluyarammı? Ay toba! Elə basmışam bağrıma ki, yüz il yüz ilə qala, buraxmaram... Neynirsən?! Bude, ministirin telexranitelidi... Allahıma şükür!.. Bircə evləndirə bilseydim...”

            Axırıncı sözlər Cahangirin birinci arvadının sözləridir...)  

            -Ay Cahangir, - hiss edirəm ki, araq tutub məni, ona görə ayrı vaxt soruşmağa utandığım sözləri də arağın gücünə soruşuram, - bu Soltan indi nə işlə məşquldur? Axı daha Nazirlər Sovetinin Sədrinin müavini Mətiyevi – yazıçı Rüzgar Meteni vəzifədən çıxardıblar?

            Cahangir də özünə araq süzüb şövqlə danışır. Hiss olunur ki, oğlunun o cür vəzifəli qohumunun yanında işləməsi ilə açıqca fəxr edir.

            -Niyə, məllim, o kişinin heyləliyinə baxma, dili varsa, dilçəyi də var. Hökümətin adamıdı. Xalx şairidi, nədi onnandı, depitatdı, bir at yükü kitabı çıxıb... İndi yük əyəndə daş qəribliyə düşər misalı olmasın, qocalıb, vəzifədən getsə də, biznesi-zadı var, neçə yerdə bağ-bağatı, mülkləri... Bizim gədəni də elə əvvəlki təkin saxlıyıb yanında, həmi bir qohum kimi, həmi də inanılmış adam kimi işlədir, mayışın-zadın da verdirir... Həm özü paket verir, həmi də hansısa idarədə adı gedir, aybaay mayışın, piremyasın alır... Dünən, yoox, toyes, israyın, karantin qərarı çıxan axşamı rayona getməliydilər, bilmirəm, gedib çatayildilərmi, inşallah? Allah hamınınkini qorusun, mənimki də içində...

            Bu vaxt Cahangirin telefonuna zəng gəlir. 

            -Bıde! Adın çək, qulağın bur... Soltandı, görüntülü zəng eliyir... İnciməzsən açsam?..

            Mən “aç, aç” deyincə düyməni basır və ata-bala başlayırlar salam-kalamdan sonra dərdləşməyə. Söhbətdən məlum olur ki, Mətiyevin Qubanın Qəçrəş kəndindəki mülkünə getmək istəyini əngəlləyiblər. Danışıqdan başa düşürəm ki, ailə, hansısa böyük   maşındakı adamlarla birlikdə   yolda iki gündür əlacsız vəziyyətdə qalıb... Nə qabağa gedə bilirlər, nə dala... 

            ...-dayan görüm, ay Süleyman, telefon zəngləri qarışdı bir-birinə...-Bunu mən deyirəm, müəllif. 

            -Müəllim, mən indi burda pis vəziyyətdəyəm... Dəlixanadı də, daha nə olasıdı ki?! Bunları ona görə deyirəm ki, birdən sonra səni görə bilmərəm... korona virusa yoluxaram, ya nə bilim, doğrudan dəli-filan olaram... yaxşısı budur, sən Soltanın telefon zəngini sonacan dinlə, sonra mən ayrı dərdlərimi də danışaram sənə... burası çox vacibdir... gör dünən  nazirlər sovetinin sədr müavini olan bu gün harda və nə haldadır... sonra sənə daha vacib söhbətlər eləyəcəyəm... Burda bir həkim var, Aqil həkim, dəhşət adamdır e, dəhşət! Dəli adıynan salıblar bura... Onnan da sənə danışacam... Bilirsən nələr var burda?..

            Süleyman müəllimin telefon söhbətindən sonra bu eşitdiklərim də mənə bir dərd oldu və bu dərdi mən də sizinlə bölüşürəm... Sevinc paylaşdıqca çoxalır, kədər paylaşdıqca azalır demişlər axı... Kim demiş, nə bilim axı? Bəlkə elə bunu da Əbli deyib?...                      

 

                                                5

 

            Pis bir qoxu şəhərin üstünü almışdı. (Lax yumurta qoxusuna bənzəyirdi, ya da baramanın içində ölmüş, saralmış və iylənmiş qurd iyinə... ) “Üstünü almışdı” bir az düz olmadı. Ondan ki, bilinmirdi, qoxu yerdənmi çıxır, göydənmi gəlir? Adam bu iydən boğulur, başı ağrıyır, nəfəsi tıncıxırdı. Rəsmilər bu müdhiş qoxu barədə dəqiq bir söz demir, gah Böyükşor gölü ilə əlaqələndirir, gah da kanalizasiyaların  qalxmasına bağlayırdılar. (Guya adamlar evlərə qapanıb, hamı birdən unitazın suyunu çəkib və həkaza. Sanki operativ qərərgah drijor çubuğunu qaldırıb deyib: hamı tualetə! Suyu çəkin!.. Lap aneqdot kimi... Özüm lətifə demirəm, onda “lətif” sözü var, heyfim gəldi).

            Amma bu qoxu bir mesaj idi. Korona virusu göndərənin yeni mesajı. “Sizə bəla göndərdim ki, ağıllanasınız. Siz bəladan da qazanmağa başladınız. Siz ölümlə oynayırsınız. Barama qurdu qırılan kimi qıracağam sizi... Və baramanın içində ölən qurd kimi iylənəcəksiniz... Sizi basıran da olmayacaq... Küçələrdə iylənəcəksiniz...”

            Telefon zəngi gözlədiyimdən – Süleyman müəllim hər an zəng edə bilərdi – mürgü məni aparmışdı və açıq pəncərədən içəri dolan müdhiş qoxunun təsiri ilə gözlərimə əcaib-qəraib şeylər göründü...

                                                ***

 

             Başlar önə əyilmişdi. Özü də bir daha qalxmayacaq kimi.

            Oturacaqlarda elə əyləşmişdilər ki, hərəsinin arasında bir yer boş idi.

            Ayaq üstdə olanlar da bir-birilərindən azı bir metr aralı dayanmışdılar.

            Hamının ağzında tibbi ağızlıq, əlində tibbi əlcək vardı.

            Marşrut avtobusu irəlilədikcə oturanlar da, ayaq üstdə olanlar da dərin fikrlə qol-boyun idilər. Bu uzun yolu getməyə məhkum olan sərnişinlər tək bir şeyi bilirdilər: arxalarına baxmadan doğulub-böyüdükləri bu torpaqlardan baş götürüb daha qorxusuz yerlərə getmək!.. Başlarının üstünü almış o müdhiş qoxudan xilas olmaq, təmiz havalı bir yerə üz qoymaq...

            Əvvəl istəmişdi o məşhur nazirə zəng vurub vertolyot  istəsin, amma tez dalılamışdı: “Səsə düşər. Filankəs   Bakıdan Qəçrəşə vertolyotla gedib. Şəxsi maşınlarımız da nəzarətdədir. Elə yaxşısı avtobusdur... Bir də Çexov nə demişdi: yazıçı ümumi vaqonda getməlidir...” 

           Beləcə, Bakı Nəqliyyat Agentliyinə məxsus qırmızı rəngli, son dəbli, lüks salonlu “BAKUBUS” avtobusunu kiralamışdılar. (Allahın qarğıması buna deyiblər. Sənin yağın içində altı-yeddi maşının olsun, qorxudan birinə minib rayondakı mülkünə sürdürə bilmə...

          Əlacı kəsildi, maşınları qaçqın qohumlarına  dağıtdı ki, karantin, bir də bu qüli-qal bitənəcən saxlasınlar, sonrası nə ola, ola. Yenə Soltan sağ olsun! Maşınları bir-bir özü sürüb apardı qohum-qardaşın bağ-bağatında gizlətdi. Əslində, o maşına sahib çıxan qohumların qaldığı evlər, mülklər də elə Rüzgar müəllimindir, sadəcə o qaçqın qohum-qardaşın adına sənədləşdiriblər ki, itirib-axtaran olanda, zibili çıxmasın. Bir tərəfdən baxanda bu qaçqınların Bakıda qalması Rüzgar Mete kimi hökümət adamlarının xeyrinədir. Qarabağ bir o qədər gərəkli deyil, amma onlar – qaçqınlar gərəklidir. Məsələn, yuxarıdan çağırış gələndə ki, bizə sadiq elektorat lazımdır, əlini atırsan, qaçqınlar əlinin altındadır. “Eloğlu, gələ bu beş manatı, filankəsə səs ver!..” Deyir, baş üstə!.. Yaxud “filankəs hökümətin əleyhinə çıxır, gedin evini basın  yumurtaya” - alır beş manatını, gedib beş yumurta atmır, onun atır... Ya da ki, elə mənim kimi. Bu boyda var-dövləti kimin adına rəsmiləşdirə bilərəm ki? Maşınlar, bağ evləri, mülklər, yeni novostroykalardakı (bu sözün gərək Şəmşirə deyim qarşılığını tapsın, yazılarımızda neologizm kimi işlətməliyik, biz, vənpərvər, ana dilinə sadiq, vətəncanlı ziyalı zümrəsinə mənsubuq axı) evlər, mağazalar, şadlıq evləri... Bir yazıçı kimi mən heç vaxt dövlətin cibinə girmədim, büdcədən pul alıb əsər çap etdirmədim, teatr tamaşalarımın xərcini dövlətdən istəmədim, şəxsi menecerim və redaktorum Şəmşirin, cangüdənim Soltanın və sairənin və ilaxırın pulunu öz halal qazancımla, mağazalarımnan, şadlıq evlərimnən, kirayədəki mülklərimnən və sairədən çıxartdım... Mən, şəxsən Rüzgar Mete, allah və xalq yanında alnı açıq, üzü ağam” – kişi avtobusda  gözünü yumaraq içində gumuldanırdı... “Pis odu ki, bəla üst-üstə gəlir...”) 

         Çox götür-qoydan sonra axşam toranlıq düşəndə yola çıxmışdılar. Səbəb isə yenicə vəzifəsindən çıxarılan Mətiyevin həbsdən  azad olunmuş keçmiş səhiyyə naziri ilə telefonda danışmasına görə ona qarşı təzyiqlərin baş qaldırması idi. Uzun illər canla-başla hökümət qulluğunda dayanan, hətta “maa belə gəlir ki” deyib özünü rüsvay edən savadsız baş nazirin müavini olmağı özünə rəva görən, yazıçılığı ilə baş nazirin müavini vəzifəsini paralel aparmaq siyasəti yürüdən Rüzgar Mete - Rüzgar Mətiyev həyatının bəlkə də ən böyük səhvini etmişdi – ölkənin ən varlı adamlarından olan bu alim-həkimin zənginə cavab verməməliydi... Amma daha olan olmuşdu...

            (İndi burada məsələ elədi ki, mütləq deməliyik: keçmiş səhiyyə naziri çox varlı idi. O qədər çox ki, bəlkə ölkədə onun qədər varlı bir-iki nəfər olardı. Və həm də bu adam kitabbaz idi. İndi xalq yazıçısı, xalq şairi olanların bir çoxunun qalın-qalın cildlərinin çapına o pul vermişdi. O cümlədən Rüzgar Metenin. Özü də elə-belə kitab yox e!? Sənə kitab deyirəm! Par-par parıldayan cildi, rəngli səhifələri, təbaşirli ağappaq kağızı, gözoxşayan şrifti, bir də qalın üzü... Bir kitabı çıxmışdı, ən azı on kiloyacan ağırlığı vardı... Beş min tirajla çıxan bu kitab əlli min dollara başa gəlmişdi, yalançılar sözü!.. Axı Rüzgar müəllimin işi tək kitabla bitmirdi. Bu adam teatrların da repertuarına nəzarət edirdi. Ölkədəki teatrların hamısında onun əsəri oynanılırdı. Teatrların da vəziyyəti itin günündə idi. Aktyorların , rejissorun alacaqları, kostyumlar, min cür teatr ləvazimatları... Teatr qarderobdan səhnəyədək pul istəyirdi... Pul isə Həkim nazirdəydi. Onun da qəribə xisləti vardı: gərək xanəndələrin sözü olmasın, pəsxanlıq eliyəsən. Onunla danışanda baş nazirin müavini kimi deyil, yazıçı kimi danışasan... Özünü dartmayasan. O kişinin yekəxana adamla arası yoxuydu – yəni yekəxana bir olar, o da özüməm timsalı... Rüzgar müəllim də ifallı adam idi. Özündən aşağını taptalasa da, özündən yuxarının yanında pəsdən danışmağı, lazım gəlsə danışmamağı üstün tutardı. Və həkim nazirlə o qədər yaxın olmuşdular ki, bəzən elə bircə eyhamı bəs idi ki, yüz mini birdən göndərsin... Beləsinin zənginə cavab verməzsən, götürər sabah mətbuata açıqlama verər, səni, nənəmin sözü olmasın, ziri-zəbər eliyər... Yazıq Rüzgar müəllim də bütün bu məsələlərə görə onun telefon zənginə cavab vermiş, hətta (türklərdən təzə əxz etdiyi) “keçmiş olsun” da demişdi... Bir məsələ də vardı axı: Rüzgar müəllimin gəlini, yəni Təhməzovun qızı Bakıdakı ən “xod gedən” doğum evlərindən birinin baş həkimi idi və onu da o vəzifəyə qayınatasının bircə zəngi ilə keçmiş nazir qoymuşdu – onda hələ oğlunun  əli isti deyildi, gənc ailəyə Rüzgar özü görüm-baxım edirdi. Özü də yeganə doğum evi idi ki, ordan haqq almırdı - təbii ki, xərda-para xərcləri nəzərə almasaq. Xırda-para deyəndə ki, məsələn, o məşhur Fonda  pul köçürmək, qaçqınlara yardım kampaniyasında iştirak etmək, elə təzə fond – korona virus fonduna yardım və sair... İndi bütün bunların qabağında  o kişinin telefon zənginə cavab verməmək qeyri-mümkün idi... Hə, yeri gəlmişkən, bu yeni fonda – korona virus fonduna pul köçürmək də bir azardır. Çox köçürəcəksən, deyəcəklər varlıdır, yeyib-dağıdıb. Az köçürəcəksən, deyəcəklər, saymadı bizi... Bunu fikirləşib yola çıxmazdan qabaq oğluna zəng vurmuşdu ki, 500 min manat öz adından, bir o qədər də atasının adından fonda köçürsün... Adamı yazıçı kimi düşünməyə də qoymurlar. Burada, bu avtobusda da əl çəkmirlər yaxamnan... Az qala düşüncələrimizə də nəzarət edirlər... Yaxşı ki, bu Şəmşir var, mənim əvəzimdən də düşünür...)

            Sürücü bu iş üçün 600 manat almış, yarısını cibinə qoymuş, yarısını da kartına yükləmişdi. Avtobusu bu şərtlə Qubaya sürməyə razı olmuşdu ki, yolda tutulma, cərimə-filan olsa, sərnişinlər ödəyəcəkdi. Əslində onu bu qorxulu işə razı olmağa başqa səbəb vadar etmişdi: yuxarılardan kimsə Nəqliyyat agentliyinə zəng etmiş, ən etibarlı sürücülərdən birini bu iş üçün istəmişdi. Və nəticədə Musarza adlı lopa bığı ağzını tamam örtən, gözlərində cin oynayan, tez-tez məhraba ilə əllərini və üzünü silən bu bakılı balasına etibar etmişdilər çətin səfəri. İki saatdır yola çıxsalar da, yollardakı tıxac səbəbilə hələ heç Səngəçalı keçməmişdilər. Polislərin karantinə görə qurduqları yeni postlarda maşınları elə yoxlayırdılar ki, elə bil həbsxanadan residivist qaçmışdı. Buracan Soltanın sayəsində qadasız-bəlasız gəlmişdilər. Postdakının biri əsgərlik dostu çıxmışdı, biri paqon yoldaşı olmuşdu (Soltanın adı hansısa polis şöbəsində polis işçisi kimi gedirdi), birini də dilli-başlı olmağı ilə yola vermişdi – düz üç post keçsələr də, maşını hələ ki, saxlayıb yoxlamamışdılar. Elə pəncərələrdən boylanıb buraxmışdılar...

            Otuz yerlik maşında 17 sərnişin vardı. 

            Mətiyevlər ailəsi – 4 nəfər; kişi - Ruzgar Mətiyev, 79 yaşında,vaxtilə bir sıra məsul vəzifələrdə çalışmış, indi təqaüddədir. Arvadı Zeynəb xanım, 68 yaşında, nəvələri Ayxan və Nuray. Oğlu və gəlinləri dövlət işində çalışdıqları üçün şəhərdə qalmalı olublar. Məktəblər hələ bağlanmasa da, onlar bunun tezliklə baş verəcəyini bildiklərindən uşaqları baba-nənələrinə etibar etmişdilər. Bir də Bakıda bu uşaqları dörd divar arasında necə tuta biləcəkdilər ki?..

            Təhməzovlar ailəsi – 5 nəfər; kişi - Nəriman Təhməzov, 73 yaşında. Arvadı öləndən sonra aldığı 46 yaşlı ikinci arvadı Rüxsarə, Nəriman kişinin qız nəvəsi Leyla 7 yaşında. Rüxsarədən olan oğlu Fərman 9 yaşında və Rüxsarənin əvvəlki ərindən olan oğlu Rizvan 11 yaşında. (Yalançılar sözü, ailəni yaxından tanıyanlar danışırdılar ki, bu Rizvan da Təhməzovdandır, sadəcə Rüxsarə bu uşağı doğanda kişinin xəstə arvadı hələ sağ olduğundan onlar nigahdankənar doğulan uşağa Rüxsarənin əvvəlki ərinin – deyirdilər ki, belə bir ər heç vaxt olmayıb, bu da oynaşla məşuqun quramasıymış – soyadını vermək məcburiyyətində qalmışdılar.)

            Firəngiz – sürücünün arvadıdır, olar qırx yaşlarında. Başı bağlıdır, yalnız üzü və iki gözləri görünür. Onların üç uşağı: Eldar, Nemət və Kamran. Firəngizin ata-anası Kürdəmirdə yaşadıqlarından onlar da ərinin  razılığı ilə artıq korona virusun yayılmaqda olduğu Bakıdan baş götürüb bu aran rayonuna gedirlər.

            Vaxtilə nazirlikdə çalışmış Təhməzovun qızı Mətiyevin oğlunda ərdədir. Təhməzovun yanındakı nəvəsi Leyla oğlunun övladıdır.

            Təhməzovun oğlunun qaynatası əvvəl ölkəni başına almış epidemiya – korona virus səbəbindən iki gün əvvəl ölmüş, yalnız ən yaxınlarının müşayəti ilə dəfn edilmişdi. Təhməzov hətta qudasının yasına belə getməmişdi – deyilənə görə, yaşlı adamlar bu yeni virusa tez yaxalanırlar. Bu səbəbdən Təhməzov oğlunun sağ qalmış arvadını avtobusa almamış (daha doğrusu, bu mümkün deyildi – qadın xəstəxanada idi), uzun zamandır yanında saxladığı nəvəsi Leyla ilə kifayətlənmişdi. Leyla da çox sevdiyi ana babası üçün göz yaşı tökərək gəlib minmişdi avtobusa.  Qız hələ də ana babası  Muxtar kişinin telefonla görüntülü danışıqlarını xatırlayıb ağlayırdı. İllərdir xərçəng xəstəsi olan Muxtar kişi virus Azərbaycanda yayılan kimi ilk yoluxanlardan olmuş, hələ nəfəs aparatı xəstəxanalarda çatışmadığına görə hava çatışmazlığından qışqıra-qışqıra can vermiş, həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişmişdi. Əri Namazın – Təhməzovun bu oğlu qabaqkı arvaddan idi – təkidinə baxmayaraq Nərmin xanım atasıgilə getmiş, əri üçün təkcə göz yaşı tökən yaşlı anasına bu ağır gündə dayaq olmuş, kasıb ailəyə ərindən gizlin yığdığı  bir az pulu gizlicə verib qayıtmışdı. Amma ərinin tələbi ilə Nərmini testdən keçirmək üçün karantinə alınmış, ər evinə buraxmamışdılar...

            Danışırdılar ki, korona virus hələ neçə ailənin dağılmasına səbəb olacaq, ölkələrarası münasibətlərə təsir göstərəcək, yeni münasibətlər yaradacaq, xüsusilə yeni insani baxışlar da formalaşdıacaq.

            Bu arada Leyla avtobusda anasına görüntülü zəng etmiş, amma anası telefona cavab verərkən yalnız səs düyməsini basmış və nəticədə qızcığaz anasını görmədiyi üçün ağlaya-ağlaya danışmışdı. Görünür, qadın qızının onun izolyasiya şəraitindəki halını görmək istəməmişdi. 

            Nərimanın cavan arvadı arada-bərədə danışırmış ki, heç kişi korona virusdan ölməyibmiş, bəlkə heç korana virus tutmayıbmış da. Yuxarıdan gəliblər arvadına üç min manat pul təklif ediblər, o da razılaşıb və qol çəkib ki, pəs ərim korona virusa yoluxub. Mına görə arvadı da aparıb kişinin çarpayısının yanında bağlayıblar aparata, guyam ki, belənçinək ikisi də karonaya tutulubmuşlar. Ağəz, karona hardadır?! Nə karona bazlığdur?! Şakıya pul lazımdur, helənçinə eliyiblər, razılığun alıblar, qurtardı getdi. Sonra yazıq kişini bükdülər qara salafana, irağ olsun, tu-tu-tu, əğzıma daşdar-torpaxlar, qulağıvu çək, ağəz, aparıb quyladılar korona viruslularçün qəbirisanda... Ağəz, diyillər ki, heç adun-zadun da yazmıllar e daşa, təxtiyə ki, yiyisi tanısun, bilsün, sonradan heç olmasa üstünü götürsün... Qoymıllar ki... Elənçinə quyliyirlər, vessalam, şüttamam... Ağəz, özü də dərin quylayırlar e, 16-17 metrəyəcən qazırlar o kovuşlu tarktorun adu nədi... Hə, hə, ekskovator!.. Elənçik... Uzağ olsun...

            İndi bilmirəm, Rüxsarənin dediyinin hansı doğrudur, hansı yalan, amma fakt odur ki, ailə darmadağın vəziyyətdədir. Kişi belə öldü getdi, arvad karantin altında tutulur, qızları da indi karantindədir, hələ sonra ərinin qəbul edib-etməyəcəyi sual altındadır. Qızları Leyla da onlardan aralı düşüb, gətirib mindiriblər bu avtobusa...

            (Əslində, Nəriman müəllimin Rüzgardan zəhləsi gedir. Heç bu avtobusa da minməyəcəkdi. Qudası öləndən sonra kişinin dalağı sancdı, cavan arvadı da onu topa tutdu ki, o boyda Rüzgar Mətiyev topdağıtmaz mülklərini, ev-eşiyini, var-dövlətini buraxıb, canınının hayındadır, amma sən başa düşmək istəmirsən məsələnin ciddiyyətini. Sənə deyirəm ki, kişi bizim nəvələrimizi də özüynən aparır, arvadını da, telexranitelini də, o çömçətutanı nədi, aşıq adına oxşuyur e, Şimşəkdi, nədi... hə, hə, Şəmşir, onu da özüynən aparır... Biz sonra burda qalıb virusa yem olacux... Ba, sənə deyirəm, ya gedib minirik o avtobusa, ya da ayrı bir maşın da sən tut, istiyirsən lap vertalyot zakaz elə, çıxax gedey Qaxdakı mülkümüzə...

            Kişi aşağı-yuxarı fikirləşəndən sonra arvadın dediyinə əməl eləməli olmuşdu. Əvvala, düz deyir, nəvələri də o maşındadır, ikincisi də Rüzgar nə qədər pis adam olsa da, qohumdur. Onların ətini yesə də, sümüyünü atmaz... Bir də qohumluqdan əlavə, ortaqlıqları da vardı. Bir şadlıq evi, bir ayrıca restoran və bir kiçik polietilen MMC onların birgə pulları ilə başa gəlmişdi və hər ayın başında hər kəs gedib öz faizlərini alırdı... daha burcutmağın yeri deyildi. Bir də illər əvvəl, qızı kürəkəninin başının ətini yeyəndən sonra Qəçrəşin bir az aralısında onlar da on beş sotun içində bir mülk almışdılar, amma yaydan-yaya Qaxa getməyə üstünlük verdiklərindən heç əməlli-başlı o mülkdə qalmamışdılar. İndi arvadı zəhləsi getdiyi qızlığı ilə danışıb-dilləşib o mülkün açarını almış, ilk düşərgələrini ora salmağı fikirləşmişdilər. Təbii, yol-yolağa açılandan sonra Qaxa, öz dost-doğma bağ-bağatlı mülklərinə gedəcəkdilər... Ona görə, dinməz-söyləməz gəlib minmişdilər maşına...)

            On beşinci adam hər zaman üstündə silah gəzdirən Soltandır ki, Mətiyev nazirlər sovetinin sədr müavini  olandan  onun cangüdəni idi və  o vaxtdan bu vəzifəni qüsursuz yerinə yetirir.

            On altıncı Səidədir ki, Mətiyevlərin həm aşpazıdır, əvvəllər uşaqlarına, indi isə nəvələrinə dayəlk edib... Hə, bir nəfər də avtobusda olmalı idi – Səidənin qızı Şəhla müəllimə. O, bir musiqi müəllimi kimi Mətiyevin nəvələrinə evdə  piano dərsi keçir, həm də anasına da lazım olanda əl yetirir. Amma Şəhla Mətiyevin arvadının qəzəbinə gəldiyindən avtobusla deyil, bir gün əvvəl yemək-içmək və digər zəruri avadanlıqlarla yüklənmiş yük maşınının kabinəsində Qubaya yollanmışdı. (Söz gəzirdi ki, arvadı Mətiyevlə Şəhlanın “çaşka-loşka” olması – ifadə Zeynəb xanıma məxsusdur – səbəbindən bu addımı atmışdı. Əgər bu pandemiya söhbəti olmasaydı, aləm bir-birinə dəyməsəydi, bəlkə də Zeynəb xanım Şəhlanı da anası Səidəyə qatıb “iti qovan kimi qovacaqdı” – Bu sözlər də onundur. “Qurban olsun bu allahın bəlasına ki, əlimi belə çətin vaxtda ağır əmələ bulamaq istəmədim. Getsinnər bir yesinnər, beş də sadağa versinlər...” )

            Zeynəb xanım son vaxtlar əri ilə də düz sarımır, yaşlı kişinin abırını tökür, hətta qızıl-qırmızı üzünə durur ki, sən qoca vaxtında eşqbazlıq edirsən. Bunun bir səbəbi də vaxtilə  nazirlər sovetinin sədr müavini  (əslində bu vəzifə indi baş nazirin müavini adlanırdı, amma Zeynəb xanım nədənsə nazirlər sovetinin sədr müavini deməyi xoşlayırdı) vəzifəsinəcən yüksələn kişisinin təqaüddən sonra bütün vaxtını yazıçılığa həsr etməsi, hətta lap bu yaxınlarda bir sevgi romanı yazması olmuşdu. Xanımı o romanı oxutdurub qulaq asmış, qəhrəmanlardan birinin adının Şəbnəm olmasını biləndə barmağını dişləmiş, “burda bir iş var” demişdi... “Bax e, qoca kaftar! Mənə kəf gəlməyinə bax! Sən ol Mətiyev, mən də olum bir ucu Ərdəbilə - Şah İsmayıl Səfəviyə, bir ucu İtaliyaya – Aləmşahbəyim xanıma gedib çıxan nəsil şəcərəmizə and içirəm ki, bu işi belə qoymayacam!..”

            (Bu Ərdəbil, Səfəvi, Aləmşahbəyim məsələsi qurama deyildi. Zeynəbin atası ərdəbilli idi. 45-ci ildə şah qoşununun fədailərə divan tutması zamanı iyirmi beş yaşlı Mir Yusif  Culfadan bu taya keçmiş, bir müddət Seyid Cəfər Pişəvərinin yanında fırlanmış, o öldürüldükdən sonra Bakıya gəlmiş, buradakı TUDƏ-çilərə qoşularaq həm İran əleyhinə Sovet siyasətinin aparıcı simasına çevrilmiş, həm də elmi və bədii yaradıcılıqla məşqul olmuşdu. Tezliklə köhnə APİ-də professor rütbəsinəcən yüksələn Mir Yusif  inqilabi mövzuda şeirləri, hekayə və romanları ilə də əvvəl Bağırovun, sonra da o biri Azərbaycan rəhbərlərinin gözünə girməyi bacarmışdı. Xüsusilə şair Biriyanın birdən-birə yüz faiz çönməsini, Stalinin İran və ümumən Şərq  siyasətinə qarşı çıxmasını tənqid etməsi onun sevilən adam olmasına şərait yaratmışdı:

 

                        O nədi yazmısan Məhəmməd Biriya?

                        Sən sənsən, bəs nədi üzündəki riya!?

 

            Danışırdılar ki, Mir Yusif  bu misraları Pişəvəri hökümətinin maarif naziri olmuş Biriyanın məşhur qəzəlinə cavab kimi yazıbmış:

 

                        Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,

                          Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.

 

            Beləcə, institutda dərs dediyi bir qarabağlı qızıyla da ailə quran professor Mir Yusif, bu tayda daha özünü yad kimi hiss etməmiş, qohum olduğu köklü bir qarabağlı ailənin sayəsində özünə yaxşı yer edə bilmişdi. Dörd uşaq atası olan Mir Yusifin sonbeşiyi Zeynəb idi. Bir tərəfi Qarabağın pambıq bəylərindən, o biri tərəfi də Cənubi Azərbaycanın Ərdəbil seyidlərindən olan Zeynəbin hirsi-hikkəsi  Rüzgarın vəzifə pillələrində irəliləməsinə kömək etsə də, yazıçılığına həmişə mane olmuş, onun əsərlərinin bir növ gizli senzoruna çevrilmişdi. Zeynəb xanım təkcə kişisinin əsərlərində eşqbazlıq səhnələrinə deyil, siyasi məsələlərə də qarışır, bir növ atasından gələn ehtiyatlılığı əlində dəstavuz edərək kişinin “cızığından çıxmasına” – bu söz Zeynəb xanıma məxsusdur – imkan verməmişdi.)

            Amma elə Zeynəb xanım təzə-təzə qızışırdı ki, Çinin Uhan şəhərindən dünyaya yayılan bu bəla onun planlarını pozdu...

            On yeddinci adam isə jurnalist və yazıçı kimi bilinən, ancaq bəlli yaşdan sonra öz adına bir xətt yazı yazmayan Şəmşir Həsənxanlıdır ki, düz otuz ildir əlində kağız-qələm kəsib Mətiyevin dizinin dibini, ağzından çıxanı yazır. Bu illər əzində köhnə baş nazirin müavini Rüzgar Metenin (ailəsinin qoyduğu ad Rüzgar, soyadı isə Mətiyev idi) xeyli sayda bədii və publissistik kitabları nəşr olunmuşdu ki, bunların hamısını o qələmə almışdı. Qələmə almışdı deyəndə ki, əslində, Mətiyevin ağzından çıxanları yığıb-yığışdırmış və özünün də fantaziyasını işə salaraq cild-cild əsərlər meydana çıxartmışdı. O, təkcə bununla kifayətlənməmiş, özünün yazdığı əsərlər haqqında çeşidli esselər, məqalələr yazmış, müsahibələr, reportajlar hazırlamışdı. Təbii ki, bunları da bir neçə məşhur tənqidçinin adından çap etdirmişdi. Bu sonuncuya sonralar ehtiyac qalmamışdı – ölkədə o tənqidçi, ədəbiyyatşünas qalmamışdı ki, Mətiyevin yaradıcılığından yazmasın..

            Özü də danışırdılar ki, çağırıb kitabın verir, beləcə deyirmiş:”Oxu, qeydlərini hökmən çap elətdir... Lap tənqidi də olasa...”

            Nə tənqidi?! Kimdi özünü zibilə salan?! Rüzgar kimi kinlinin birini tənqidmi etmək olardı? Ay-hay!. 

            Deyilənə görə, burnu hələ ovulmayan cavanlardan biri başa düşməyib, onun “Kəllə” romanını oxuyandan sonra gedib bir sicilləmə tənqid yazıb. Hətta əsəri tənqid etdiyi bəs deyil, Nazim Hikmətin “Kəllə” pyesini yada salıb, Rüzgar Metenin həmin əsərdən bəhrələndiyini  eyhamla sətiraltı şəkildə bildirməyi də özünə borc bilib. (Ən qorxulusu isə o olmuşdu ki, gələcəyin gənc tənqidçisi Hüseyn Cavidin də “Kəllə” adlı əsər yazdığını, bu əsərin əlyazmasının katorqada itdiyi iddia edilsə də, həmin əsərin, əslində Cavid əfəndinin sağ qalmış bir dustaq yoldaşında olduğunu, hansısa xalq yazıçısının o əsəri yaxşı pul müqabilində o dustaqdan satın aldığını üstüörtülü şəkildə eyham vurmuşdu...) Məsum gənc yazısını hara təqdim edibsə, çap edən olmayıb. Axırda aparıb verib özünə ki, ay Rüzgar müəllim, yaz dediniz, yazdım, amma bunu heç kim çap eləmir. Elə o gündən bədbəxtin kitabı bağlanıb. Yaxşı hekayələr, povestlər yazardı. Hətta kitablarından birinə Rüzgar müəllim ön söz də yazmışdı. Və hətta arvadını da Rüzgar müəllimin yanında işə düzəltdirmişdi... Rüzgar əlinə döndüyüm, nə təhər təpəqarama elədisə, gədə nəsri tərgidib, keçdi şeirə. Sonra başladı mahnı mətnləri yazmağa. Məsələ bununla bitmədi ki! Gədənin arvadını da əlindən aldı... Aldı deyəndə ki, açıq-açığına gəzirdi onunla... Qadın da bir gözəldi haaa!.. Sofi Laren qələt eləyirdi... 

            (Rüzgar cavanlıqda çox yaraşıqlı, suyuşirin gənc olub. Danışırdılar ki, bu bəstəboy oğlan maşından düşüb Yazıçılar İttifaqının pilləkənlərinə ayaq qoyanda küçədəki bütün adamlar, illah da qadınlar gözlərini dolandırıb ona baxar, hətta yollarını çaşar, ayrı səmtə dönərdilər. Bir gənc  xanım vardı, vaxtilə məşhur olan yazıçı atası müəmmalı şəkildə intihar etmişdi, babası isə görkəmli tənqidçi-alim idi – ilk hekayələrini Yazıçılar İttifaqına Rüzgar Metenin yanına gətirər, ondan məsləhət alardı. Məsləhət almağı da o oldu ki, on səkkiz  yaşında həm kitabı çıxdı, həm də Rüzgar Metenin məşuqəsi oldu. Hələ indi də var, alkaş şairlər onların gənclik macəralarından lətifələr danışırlar... Məclislərin birində   şeyini çıxardıb araq stəkanına sallayan alkaş şair Şəməndər Sönər danışırmış ki, bir gün Alidə xanım – gənc yazıçı xanımın adı beləydi – girir Rüzgarın kabinetinə, üstündən on dəqiqə keçməmiş qapı arxadan bağlanır. Səməndər Sönər Səməd Vurğunun məşhur portretinin qabağında dostları ilə siqaret çəkirmiş. Deyir, mərc gəlirəm ki, onlar içəridə kayfdadırlar. Sonra gedib qapını itələyir. Qapı bağlıymış. Gəlir pəncərənin qabağına və əlini dirəyib pəncərəni itələyir. Bu vaxt Alidə xanım darbalağı ayağına dolaşa-dolaşa kabinetdən çıxıb qaçır. Rüzgar isə əlindəki su dolu butulkanı Səməndərə uzadıb deyir, ə, ay uşax, gəl su tök əlimi  yuyum... Su tök görüm...

            Səməndər danışırmış ki, suyu tökdüm, kişi şeyini yudu, sonra çıxardıb maa sovetin göy iyirmi beşyiyini uzatdı ki, gedin vurun...

            Səməndər də o iyirmi beşliklə aldığı arağı şeyinə də içirdirmiş ki, gör mənim halıma bax, araq pulu qazanmaq üçün nə zülmlər çəkmişəm... İç, si...im, iç, sən də iç acıqcan...)

            Hə, onu deyirdim axı, Rüzgardan yazmayan qalmadı ölkədə. And içirdilər ki, heç oxumurdular kitabını, eləcə bir-birinin yazdıqlarına baxıb, dəmi tuturdular, başlayırdılar döşəməyə... Həm qonarar vardı, həm irəliləmək vardı, həm də gələcəkdə Rüzgar kimi bir dəvə kinlisinin iynəsindən xilas olmaq vardı...

            Şəmşir yaxşı oğlan idi. İstedadı öz yerində, ağzı bərk idi. KKB yığışa, ondan söz qoparda bilməzdi. Tək bircə boş damarı vardı: içki. İçdimi, ağzını qoyacaqdı allah yoluna. Amma burda da eyhamnan, Ezop diliynən danışardı...

            Elə bu qabliyyətinə görə Rüzgar Mete onu uzun illərdir yanında saxlayır...

 

            Sürücü dedi ki, bizi saxlamayacaqlar, bilirəm, tapşırıblar yuxarı səviyyədə. Amma qabaqdakı postda bir oğraş serjant var, keçmiş nəçənnik qormilisiyə vardı e, onun bacısı oğludur, bir dəfə ilişib mənə. Yaxında bir yeməkxana olmalıdır, orada saxlayaram, öyrənmişəm, iki saat sonra o gədənin növbəsi bitəcək... Bir stəkan çaydan zaddan içək, vaxt sovuşsun, gedərik...

            Amma hələ kafeyə qədər yarım saatlıq yol vardı. 

            Heç kim dinib-danışmır, başlarını yerə dikib susurdular. Nəhayət, maşında yeganə söz sahibi olan Rüzgar Mete süni görünsə də, təbəssümlə dedi:

            -Elə bil şəhərdən aralanannan sonra o axmaq iyi yoxdur axı?..

            Heç kim dillənmədi. Çünki şəhərdən xeyli aralansalar da, o pis qoxudan hələ tam aralana bilməmişdilər. Sanki avtobusun nəfəsliklərindən kimsə o qoxunu içəri püfləyirdi...

            Az sonra toranlıq kimi oldu və sürücü içərinin işıqlarını yarımçıq da olsa yandırdı.

            -Ustad, internetdən görün nə tapmışam?! – Şəmşir sevincək yerində qurcuxanda Mətiyev dərin xəyallara dalmışdı deyə, onun sevincinə şərik ola bilmədi...

            ...Məti kişi Şıxılcan bulağının başında böyük bir ziyafət qurdurmuşdu. Qəzanın adlı-sanlı adamları Bəhlul Əfəndi, Əbdüssəməd bəy, Qaçaq Fərzalı, Yapon Səməd başda əyləşmişdilər. Şıxılcanın qənşərindəki böyük meydanda onlarla qazan asılmış, kəsilmiş heyvan cəmdəkləri qənərəyə vurulmuş, ocaqlarda şişlər cızhacız bişirdi. Məti kişi tapşırmışdı ki, Baharlının bütün camaatı, Qaradərə, Qaragöz, Ördəkli, Qaracalar kəndləri – bütün Taydolaq Baharlı əhli ziyafətə çağrılsın. Keçəllər Baharlısı – Şəfibəyli, Rəzdərədən ancaq Nəriman bəy gəlmişdi. El vəbanın əl-ayağının kənd-kəsəkdən kəsilməsini bayram edirdi. 

            Məşhur xanəndə Abyalıoğlu İsa dəfini sinəsinə sıxaraq Əbdüssəməd bəyin yeni yazdığı qəzəlini şur üstə oxuyurdu:

 

            Qara gözlülərə möhtac olur könlüm qocaldıqca,

            Vəli, əfsun olur nabi-hərarət od aldıqca.

            

            Gəzər tərlan xəyalım kuhi-səhranı, bir məsəldir bu,

            Tülək tərlan şikarın artırar hər il dolandıqca...

            

            ...-Ustad, üzr istəyirəm... 

            -Eeeee... Zəhlən qaçsın, ay Şəmşir! Niyə məni xatirələrimdən ayırdın?! Bilirsən indi hardaydım?! Baharlıda, Şıxılcan bulağının üstündə... Babam Məti kişi ziyafət qurmuşdu...

            -Hə, ustad, onu yazmışıq, “Şıxılcan” romanınızın səhv etməsəm qırxıncı səhifəsində... El vəbanın kökünün elatdan kəsilməsini bayram edirdi...

            -Hə, doğrudur... Sən artıq bunları məndən yaxşı bilirsən... Demişəm də, sən mən ölənnən  sonra Bodenştet kimi əsərlərimə sahib çıxmasan yaxşıdı... Ha-ha-ha!... Sən elə bil nəsə deyirdin axı? – Qəfil gülməyinə ara verib soruşdu.

            -Deyirəm ki, indicə internetdən oxudum ki, “İzvestiya”nın 12 avqust 1981-ci il nömrəsində korona virus barədə məlumat gedibmiş... Görün neçə il əvvəl...

            -İnteresno!.. Sən onu qeyd elə, yeni romanda istifadə edərik...

            -Və çox ibrətamiz bir xəbər daha: İspaniyalı alim-bioloq, əslində isə bu ölkənin  səhiyə naziri İzabel Qarsiya Texerina bir xəbər paylaşıb: “Siz futbolçuya on beş  milyon avro, bioloq alimə isə 1800 avro maaş verirsiniz. Gedin Messiyə deyin, qoy korona virusun dərmanını tapsın...”

            -Bravo! Bunu da endir, hökmən pandemiyadan bəhs edən romanımızda istifadə edəcəyik...

            Şəmşir sevincək qışqırdı:

            -Ustad, artıq yeni romanı başlayırıq demək?!

            Mətiyev hirsləndi:

            -Sən hələ bir soruşursan da?! Mən artıq nəşriyyatla danışmışam da... Qəçrəşə çatan kimi hücrəmizə girib başlayırıq yazmağa...

            Şəmşir ağlamsındı:

            -Ustad, mənim ailəm...

            Kişi ona ərklə təpindi: 

            -Yaxşı dəəəə! Tapşıraram, bizim Buzovnadakı bağa apararlar ailəni... Karantin də olsa, bizimkilər keçirərlər onları birtəhər...

            Təhməzov mürgüdən ayılır və üzünü Mətiyevə tutur:

            -Rüzgar, yadındadı keşiş Maltus? Nə demişdi?.. Təxminən yadımda qalıb... Müharibələr və təbii fəlakətlər labüddür. Yoxsa insanlar o qədər artar ki, yer üzü tutmaz... İndi bu korona virus müharibə əvəzi göndərilməsin ki, yer üzünə?

            Mətiyev Şəmşirə baxıb gülümsünür, yəni yaxşı fürsətdir, buyur görək. Şəmşir cibindən ayfonunu çıxardaraq bir az nəsə axtarır və  tapıb oradan oxumağa başlayır:

            “İngilis iqtisadçısı, alim-demoqraf, kilsə xadimi Tomas Maltus Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi alıb və kənd keşişi işləyib. 1807-ci ildə o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi alıb. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyənin müəllifi kimi şöhrət qazanıb. Nəzəriyyəsi nə qədər antihumanist olsa da, həqiqət yanı da olmamış deyil. O yazırdı:” "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin rəqəm sırası kimi — 2, 4, 8, 16, 32, 64 … arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə — 1, 2, 3, 4, 5, 6, 7… arta bilər. İki əsrdən sonra əhali yaşayış vasitələrinə qarşı 256-nın 9-a nisbəti şəklində olar. Üç əsrdən sonra isə 4096-nın 13-ə olan nisbəti kimi olar. İki min ildən sonra isə bu nisbət sonsuz olar və hesablanması qeyri-mümkün olar".

          Mətiyev baş barmağını yuxarı qaldırıb məmnun halda gülümsünür:

            -Bu bizim günlərlə çox səsləşdiyinnən kabinetdəki kompüterimdə qeyd etmişdim keçən həftə... Amma necə tələsik çıxdıqsa, kompüteri də götürməyi unutdum. Qeyd elə bunları da, bizə lazım olacaq...

            Təhməzov dodağının altında sözləri çörək kimi gəvələyir, sonra tamam içinə qısılır:

            “İllərdir bu qoca köpək bizi danışdırır, sonra da gedib roman yazır, kitab çıxardır. Yazdıqlarının çoxu mən danışdıqlarımdır. İndi görərsiniz: bu Keşiş Maltusu harasa soxacaq... Bir dəfə danışdım ki, kəndə getmişdim. Qardaşım oğlundan soruşdum ki, bizim mal-heyvanın vəziyyəti nə yerdədir?.. Hə də, axı on inək, yüz qoyun alıb vermişəm ona ki, saxlasın, özləri də yesinlər, hərdən bizə də süddən, qatıqdan göndərsinlər... Hə, qayıdasan ki, ay əmi, deyirəm, adamın bir gözü kor qardaşı ola, göndərə mal nobatına... Deyirəm, ə, qurumsaq, day kor niyə?!. Qayıdasan ki, kor olmasa, o da gedib girəcəy instituta, day kimi göndərəcəksən nobata... Ay əmi, kənd həyatı cənnətdi, bircə bu mal nobatı olmaya... Ay, əmi, mal-heyvanın da ode ha, ağıldadılar, üstlərinə də qırmızı kraska vurmuşam ki, dəyişik düşməsin... Maşallah, on inəyin vardı, indi hərəsinin bir buzovu, bir də bir danası var. Yüz qoyunun vardı. Onların da öləni ölüb, qalanı ağıldadır. Nə də olmasa, azı əlli baş atdıb... Amma kor qardaş vacibdir... 

            İnanmayasınız, seçilmiş əsərlərinin üçüncü cildində, 49-cu səhifədə bu dediklərim nöqtəbənöqtə yazılıb... Heç olmasa, yaz ki, qohumum Təhməzov deyirdi, onu da eləmiyib... Adam başdan-ayağa plagiatdır, mən ölüm...

            Hələ o “Xoruzun doğulması” povesti var e, atama lənət, yalan desəm, səhifəbəsəhifə mənim dediklərimi köçürüb... Rəhmətlik babam deyərdi ki, yaylaqda bir xoruzumuz vardı. Səhərə yaxın banlayar, qoymazdı yataq. Bir gün belə, beş gün belə, tutdum xoruzun götün yağladım. Xoruz banlamaq istəyir, xıx eləyib qalır... bax, nə təhər danışmışam, heyləcənə yazıb... 

        Bu arvad hara baxır? Yanımda oturtmadım ki, sosial məsafəni gözləyək korona virusa görə, bunun gözü niyə orda-burdadı? Bəlkə o telexranitelə baxır? Cavan arvadın da işi belədi də... Axmağın qızı...”

            Təsadüfən sürücünün gözü Təhməzovun yanındakı cavan arvada sataşır və görür ki, qadın gözünü zilləyib ona. Tərslikdən sürücünün arvadı da elə oturub ki, bu dönüb Təhməzovun arvadına baxsa, öz arvadı mütləq bunu tutacaq. Ona görə siqaret yandırıb kabinəsinin şüşəbəndini bağlayır, çöl nəfəsliyi endirib gözünü yola dikir.

            “Mən ölüm, qocanın yanındakı saz şeydür. Beləsini gecə-gecə soyundurasan, özün də lüt anadangəlmə olub girəsən paçasının arasına. Göbeyinə çaxırdan töküb yalayasan... Sonra dilini salasan ağzuva. Sor ki, sorassan... Rəhmətliy necə demişdü:”Əmərəm ləblərivü ta nəfəsüm var mənim...”

            Bu vaxt sürücünün arvadı Firəngiz onun kabinəsinin şüşə pəncərəsini döyəcləyir. Sürücü ürəyində onun atasını söyə-söyə pəncərəni geri qanırıb açır:”İt qızı belədür də... Xəyalımda bir başqa qadınla mazaxlaşmağa da məəttələm... Kəsecey üstümü... Zalım qızı, elə bil telepatdur... Hı, ne var?! Nöş sındırursan!?”

            -Qardaşım mesaj yazıb ki, rayona yaxınlaşanda ona zəng vurarsan. – Bunu deyib ərinin reaksiyasını gözləmədən əlindəki telefonun mesaj yerini qurdalamağa başlayır. Sürücü “Yəxxçi dəə!” deyib pəncərəni bağlayır. “Əh, əla kino çəkirdik, qoymadı kafir qızı kafir...”

            Bu vaxt nənələrinin yanına qısılıb yatan uşaqlar bir-bir ayılırlar. Biri qırcıxır, biri nəsə istəyir. Sürücü avtobusun içərisinin bütün işıqlarını yandırmaq məcburiyyətində qalır.

            Soltanın ratsiyasına siqnal gəlir. O düyməni basır, səsi hamı eşidir: 

           -Solu, Solu, eşidirsən?.. Yarım saat bundan əvvəl ölkədə möhkəmləndirilmiş karantin rejimi elan olundu. Cənab Mətiyevə de ki, biz burdan xəbər verməmiş, avtobusun hərəkətini müvəqqəti dayandırsın... Hardasınızsa, elə orada trasdan bir qədər aralanın,  dalda yerə çəkilin, maşının işıqlarını söndürün, çalışın ki, polis postuna rast gəlməyəsiniz...

            Hamı qorxmuş halda Mətiyevə baxdı. O isə ən çətin məqamda üz tutduğu adama - Şəmşirə çevirdi üzünü. Şəmşir sanki buna hazır idi. Sürücüyə baxıb dedi:

            -Biz hardayıq?

            Sürücü başını əli ilə tovlayıb uşaqlarını süzdü və hirslə:

            -Sanqaçalın hardasa bir neçə kilometrlüyündəyük...- dedi.

            -Rüzgar müəllim, buralarda bir karvansara  olmalıdır... Təxminən iyirmi dəqiqəlik yoldur... Yol narahat olduğunnan bəlkə qırx dəqiqəyə gedərik... Keçən il bizə yazmışdılar ki, qəzalı vəziyyətdədir... Uçub dağılmaq ərəfəsindədir... Məni göndərdiniz, gəlib baxdım... Maşını sürək ora. Bədəbəddə iki günnük azuqəmiz də var. Oranı babat hala salıb müvəqqəti yaşayarıq... Dostlardan xəbər gələnə kimi...

 (“Dost” Mətiyevin kadrlarından idi. Hakimiyyətdəki klanın içərilərinəcən irəliləmiş, bir neşə dəfə müxtəlif nazirliklərdə nazir olmuşdu. Gənc adam hüquqşünas olsa da, səhiyyə və mədəniyyət nazirliyindən başqa  Mətiyevin sözü olmasın, əksər “klyuçovoy” nazirliklərdə nazir postunda işləmişdi. Söz gəzirdi ki, indi Mətiyevin boş qalmış yerinə keçiriləcəkdi. Oradan isə baş nazirə cəmi bircə addım qalırdı... Yuxarıda onun daha bir neçə belə kadrı vardı. Və ümidli idi ki, lazım gəlsə, onlar aşkar, ya gizli Mətiyevi və onun ailəsini müdafiə edəcəklər. Budur bax, birinin vasitəsi ilə artıq xəbərdarlıq edildi... Amma Mətiyevin narahat olduğu başqa bir şey də vardı: nədənsə oğlundan xəbər yox idi. Yola düşdükləri anda belə zəng vurmadı... İndi onun vəziyyəti necədir görəsən?.. Kişi çox nigaran idi.)

            -Bəs biz oranı niyə təmir etmədik? - Mətiyev narazı halda soruşdu. Bilinmədi ki, o özündən narazı idi, ya Şəmşirdən.

            Şəmşir onun belə diplomatik  suallarına öyrəncəliydi. Yəni bu sualları o, cavab almaq üçün deyil, içindəki narazılığı dəf etmək üçün verərdi. (Adam bu illər ərzində, Sovet dövründə də, müstəqillik illərində də bir sıra vəzifələrdə olmuşdu. Həm bədii əsərlərində, həm elmi məqalələrində, - kişi yazıçılığı ilə kifayətlənməmiş, dissertasiya yazaraq müdafiə etmiş, 29 yaşında filologiya elmləri namizədi, 48 yaşında isə elmlər doktoru adı almışdı – həm də vəzifə kürsüsündə heç zaman rəhbərliyin ziddinə getməmiş, xırda-xuruş narazılıqlarını nəzərə almasaq, yelə getməmişdi. “Öl, öl; qal, qal prinspi onu vəzifə pillələrində müşayət etmişdi. Kişinin zamanında hətta ona tərif demək yarışında hamını vurub keçmişdi. Deyilənə görə, Kişi ona deyərmiş ki, mənim haqqımda imkan vermə uşaq-muşaq birinci söz desin. İlk sözü sən de ki, dalıncan gələnlər nə demək lazım olduğunu bilsinlər...)

            İndi bu sual da o qəbildən idi – cavab tələb olunmurdu...

            ...Avtobus çox çətinliklə irəliləyirdi. Yol bərbad vəziyyətdə olsa da, bir qədər sonra magistralın doqquz kilometrliyindəki köhnə karvansaraynın qarşısına çatdılar.

 

                                                6

 

            Şəhərin üzərində sarı-sarı buludlar dolaşırdı.

            Şəhər iylənirdi. Onsuz da bu şəhərin havası yüz illərdir belədir. Neft, mazut qoxusu, kimyəvi zavodların şəhərin havasını çirkləndirməsi buranı dözülməz məkana çevirmişdi. İllah da yayı burda yaşamaq it əzabı idi. Ona görə imkanı olanlar, heç olmasa yayı burdan qaçar, nisbətən təmiz yerlərdə - Qubada, Xızıda, ən azı Lənkəran zonasında keçirməyə çalışardılar. Ən imkanlılarsa xaricə üz tutardılar. (İndi bu da mümkün deyil. Şəhərin bütün yollarında postlar qurulub. Karantin elan olunub. Şəhərə giriş-çıxış qadağandır. Bütün istiqamətlərdə təyyarələrin uçuşuna da qadağa qoyulub. Əbli demiş, ölüm ən asan şey olmuşdu. Və Əbli məşhur deyimi dəyişib belə bir qorxunc lövhə yaratmışdı: ölmək ölməkdi, xoruldamaq nə deməkdi...)

          Amma bu iyi, qoxu o iy, qoxudan deyildi. Bu, birbaşa adamın başına təsir edir, ürəyini bulandırır, nəfəs almasını çətinləşdirirdi. Bəs axı nə idi bu dəhşətli qoxu?

            Kimsə ağzından qaçırmışdı ki, bəzi evlərdə tənha yaşayan qocalar var ki, korona virusa yoluxublar və dəfələrlə 103*-ə zəng etsələr də, gəlib maraqlanan olmayıb və elə nəfəssizlikdən boğula-boğula, bağıra-bağıra ölüblər. Bu da cəhənnəmə, bu ölən adamlar içəridə qalıb iyləniblər və onların iyi-qoxusu şəhərin üstündə sarı-sarı buluda dönüb üstümüzə yağır. Adamlarda böyük bir panika vardı və çoxunu korona virusdan çox, bu panika öldürürdü....

            Şəhərin üstündə ölüm qoxusu gəzirdi...

 

                                                ***

            Süleyman müəllim qəfil öskürməyə başlayır. Mən onun bu halına görə özümü pis hiss edirəm. Və etik görünməsə də soruşası oluram:

            -Niyə öskürdünüz? Birdən?..

            O, öskürə-öskürə az qala qışqırır:

            -Bilmirəm, ola bilər ki, virusa yoluxmuşam... Bu iy nədi, bu da bir tərəfdən nəfəs almağa qoymur... Deyirlər, korona virusun iyidir, basıb şəhəri... Qorxmayın, bu tip telefonlardan virus keçmir... 5 G isə deyirlər qorxulu olacaq... Nəysə... Gəl, Soltanın zəngini burda yarıda saxlayaq, dönək Pazın yanına. Haxverdidən sonra o oğraş Morq məhləsinin külli-ixtiyar sahibidir... Belə demək mümkünsə, Mer Morqdur...

 

            ... Paz düz gözümün içinə baxır və həsədlə deyir:

            -Burda yazdıqlarını oxuya bilmirəm... Oxuyuram e, bu təzə hərfləri oxuya bilmirəm... Deyirəm, bizim babamızdan nə yazmısız?

            Ehhh... Paz ki, paz!..

            Hekayədəki əhvalatı Paza təzədən danışmalı oluram... Daha doğrusu, oxuyuram, o da qulaq asır. Dinləyə-dinləyə arada ağlayır da...

             

              ÖLÜMDƏN QAÇIŞ

              “Gecənin üzü yaslı idi. Heç kim heç kimin qapısını açmayan vaxtda gecə evlərə ölüm gətirirdi. Nə məsələ idisə, ən çox ölümlər gecə olurdu. 

          Daha ölənləri ağlamırdılar. Heç qəbir qazmağa güc də qalmamışdı. Ədəb-ərkanla qəbir qazmaq, əhləd açmaq, ölünü kəfənləmək kimi qaydalar yada düşmürdü. Babat çuxur qazır, ölünü paltar-palazlı  ora qoyur, üstünü torpaqlayırdılar. 

            Yas mərasimi-filan da olmurdu. Kəndlər özü boyda yasxana idi. 

            Danışırdılar ki, Arazın o tayındakı kəndələrdən birində bütün əhali batmışdı. Qonşu kəndlərin adamları gəlib kəndin ölülərini basdırmışdılar.

            Belə gecələrin birində gənc gəlin qayınatasının xırıltılı səslə onu çağırdığını eşidib ayıldı. Əri hələ də gəlib çıxmadığından onsuz da səksəkəli yatmışdı. Kişi yatan səmtə boylansa da, daxmanın qapısı tərəfdəki köhnə-külüş taxta-tuxtadan düzəldilmiş kürsüdə uzanan qocanın dediklərini güclə başa düşdü:

            -Qızzzım, uşaxlarıı da... ggggöötür.... eeeevdən çıx... Get dədəngilə...Mmmmən öölürəm... Siz tttutmuyıııın... bu azarı... ıııııı...

            Sonra kişi inildəməyə başladı. 

            Gəlin məsələnin ciddiliyini anlayıb, iki körpəsinin qanadından qaparaq çölə çıxdı, amma ərinin gəlməməsi, qayınatasının can üstə olması onu dayandırdı. Bəs nə etsin? Bir həftədir vəba Arazı keçib-keçməyib, kənddə qırxacan adam ölüb. Tərslikdən çərçi* əri  neçə gündür   Üçdibinə mal gətiriməyə getsə də, hələ qayıtmayıb. (O gedəndə hələ vəbadan əsər yoxuydu. Ona görə ərinin yubanması da gəlini əndişələndirirdi. Amma ən böyük əndişə körpələrin xilası idi.) Anladı ki, daha dayanmağın adı yoxdur. “Ay allah, sən ki şahidsən, mən balalarımı ölümün əlinnən qaçırdıram, keç günahımnan” deyib uşaqlarının birini sinəsinə sıxdı, o birini qoltuğuna vurub özünü zil qaranlığa atdı...

            Gəlin öz kəndlərinin girəcəyində bir hənirti eşitdi. Qorxsa da, özünü hənirtiyə tərəf verdi.

            -Gülsüm? Bala sənsən? Mən də sizin dalınızca gəlirdim...

            Atası idi. Kişi uşağın birini qızından aldı.

            -Bizə getmiyək... Anan da tutub... Kənddə dünənnən beş adam ölüb... Su dərəsinə tərəf gedin. Orda Kalbay Vəlinin armudunun dibində uşaxlarla oturun... Bu da palaznan cecim**, salın altınıza-üstünüzə...  Kürkümü gey, sən ikicanlısan. (Qadın ağır ayaqlı hamilə idi.) Mən gedirəm Məti kişigilə. Görüm onun məsləhəti nədi? Dünənnən məşvərət eliyillər... 

            Gülsüm duruxdu:

            -Dədə, bəs sən gəlmiyəssən?

            Kişi qaranlıqda itə-itə ağlamsındı:

            -Ananı heylə qoyub... Siz aralanın... Girmiyin bu xarabaya... Məti kişinin bir ağzın arıyım görüm nə deyir? Sizə şələ-şülə də tutmuşam... Gələmməsəm, yolluyacam...

            Məti kişi təkcə Baharlının yox, bütün çayparanın başbiləniydi. Hələ 1905-1907-ci illərdəki erməni-müsəlman davası zamanı qardaşları ilə erməni daşnaklarının qarşısını kəsmiş, təkcə öz beşaçılanı ilə onacan erməni silahlısını  öldürmüşdü. Qaçaq Fərzalının dəstəsi gəlib çıxandan sonra erməniləri qovub kənddən uzaqlaşdırmışdılar. Bununla Mətinin adı təkərə minmiş, adamların ona inamı artmışdı.

            Məti kişi həm də bu çayparanın yazı-pozu biləniydi. Əvvəlcə Baharlı məsçidinin mollaxanasında oxumuş, sonra elə həmin kənddəki üç sinifli rus-tatar məktəbini bitirmişdi. 

            

--------------------------------------------------------------------------------------------------------------------------------------             

*Çərçi – qapı-qapı gəzib xırdavat satan alverçi.

**Cecim – xovsuz kilim; adətən pambıqdan toxunurdu.

  

            Elə bu məktəbdə oxuduğuna, rus dilində danışdığına və sərhəd qoruyucuları kazaklarla dil tapıb o taya, bu taya keçə bildiyinə görə, xurafatçılar onu gözdən salmaq üçün  adını Qazax Məti qoymuş, arxasınca min cür böhtan uydurmuşdular. Elatın inanılmış adamları Qaçaq Fərzalı, qardaşı Yapon Səməd ilə həmfikir olduğundan, bir də o məşhur erməni davasında ad çıxartdığından camaatın Mətiyə inamı nəinki azalmış, artmışdı. 

            Məti qardaşlarını da başına toplamış, İrandan mal gətirərək geniş ticarət şəbəkəsi qurmuş, Təbriz, Şuşa, Gorus istiqamətlərində alver edərək yaxşı nəf etmiş, gəlir sahibi olmuşdu. Vəbanın tüğyan elədiyi 20-ci əsrin birinci çərəyində, konkret 1919-cu ilin yazındakı ağır günlərdə Məti kişi adamlara əl tutur, Təbrizdən həkim, Əbdüssəməd bəyin Zəngilan kəndindəki aptekindən dava-dərman gətirdərək camaatı xilas etməyə çalışırdı. Amma epidemiyanın sürətlə yayıldığını görüb baş sındırır, oxuduğu kitablardan nəsə öyrənməyə çalışır, Bəsid çayı boyunca olan əhalinin xilası üçün yollar arayırdı. Vəba isə ağzın ac qurd kimi açıb insanları amansızlıqla udurdu. Nəhayət, o, Yapon Səmədlə, Qaçaq Fərzalı və Baharlı məsçidinin axundu Molla Ağa ilə məşvərətdən sonra belə təklif irəli sürdü:

            -Bəhlul Əfəndiyə də yazdım, indi qəbul edəcəyim qərarla o da razılaşıb. Hələ azarın toxunmadığı evlərdən bir, iki uşaq, üç evdən bir cavan ər-arvad və on evdən bir dünyagörüşü olan yaşlı ağsaqqal, ağbirçək götürüb atlara minir, Miyandərə səmtə yollanırıq sübh çağı. Hamı bir yerə yığılmayacaq. Qabaqcadan danışdığımız kimi hər dəstənin başçısı dəstəni köhnə bir yurd yerinə çıxardacaq. Kəndə yaxın köhnə binələrimizdə yurd salıb evdən apardığınız ərzaqla birtəhər dolanacaqsınız. Dəstənin üstündəki cavanlar hərdən ov da vurub ərzaq ehtiyatını artırmalıdırlar. Yalnız bir ayın tamamında, istilər düşəndə  – tam arxayın olandan sonra ki, içimizdə vəbalı yoxdur – Miyan dərənin Ördəkli düzündə toplanacağıq. Yayı orda qalannan sonra bir adam xəbər üçün kəndə dönəcək, vəbanın səngiyib-səngimədiyini öyrənəcək, tam əmin olannan sonra kəndə qayıtmaq olar... Xilas yolumuz budur... Bu, həm də əmrdir! Əmri pozanlar Fərzalının silahlıları tərəfindən ciddi cəzalandırılacaqlar!..

 

            Yazbaşı yola çıxanları müşayət edən cavanların bəziləri geri dönmüş, ağızlarını qalın parçalarla bağlayaraq Qazax Mətinin göstərişi ilə Qaradərənin Qabaqtəpə ağzındakı Daşaltı deyilən yerdə çoxdan unudulmuş əhəng quyusuna əhənd daşları daşımış, quyunu yandırmış, çıxan əgəngi kəndlərə daşıyaraq bataqlıqlara, həyət-bacalara səpmiş, xəstələrə duzlu su uçirtmiş, ölmüş vəbalıları toplayaraq qəbiristanda dərin qəbirlərdə basdırmışdılar. 

            

            ...Yazbaşı təbiətin damarı boşalmış, ilıq hava pöhrələrin arasınnan boy verən yabanı badam, alça ağaclarını tərpədib oyatmış, çiçəkləri buraları ətirləndirmişdi. Əlik çəhlimi ilə irəliləyən naümid insanlar bu çiçəkləri görcək ümidlənir, ayaqlarını yerə daha bərk basır, sonu görünməyən bu yolun ucundan tutub arxada qoyduqları dərdin əlindən qaçırdılar. Saf hava, kolların arasından qalxan yemlik, quzuqulağı  bu qaçqın dəstəsinə dərman kimi gəlir, ruhlarını təzələyirdi.

           Gülsüm balaca qızı qucağında qabaqda irəliləyir, arxasınca gələn oğlunu da dalınca çəkib aparır, arabir də dayanıb nəfəs dərirdilər. Tərs kimi bətnindəki də ayılmış, elə bil nə baş verdiyini duymuş, içəridən gəlini təpikləyirdi. Arxadan gələn təpki göstərir, dayanmağın qorxulu olduğunu deyir, yenə irəliləyir, irəliləyirdilər. Cığır dar idi deyə, qırağa çıxmaq olmazdı. Bir də çəhlimdən çıxmaq dəstədən qalmağa bərabər idi. Onların dəstəsində isə on beş adam vardı. Bir kəndin ümidi on beş adam. On uşaq, Gülsüm, iki gənc ər-arvad, bir də bir qarı ilə yaşlı kişi....

            Yaşlı kişi ata minmişdi, qarısı da tərkində idi. Uşaqların da bəziləri eşşəyə minmişdilər, bəziləri də at-eşşəyin yük yerində idilər, nisbətən yekələri piyada gedirdilər. Gülsümün əri atlarını Üçdibinə apardığından gəlin uşaqları ilə piyada qalmışdı. Atasının da bircə eşşəyi vardı, onu da vəbanın tüğyan elədiyi günlərdə qaçaq-quldur oğurlamışdı.... (Elə bil vəba qaçaq-quldura dəymirdi. Danışırdılar ki,  sahibləri ölmüş boş evlərə də girir, olub-qalanlarını silib-süpürürdülər. Gülsüm qayınatasını can üstdə qoyub evdən çıxanda qapını bağlamadığına peşman olmuşdu. Bir tərəfdən də özü bağlamamışdı ki, kişi ölüb-eləsə, qonum-qonşu xəbər tutsun. Hələ əri, bəlkə o gəlib çıxdı?.. Qoy qapını açıq görsün...)

            Bir xeyli gedəndən sonra yolları ağzıyuxarı dikəlməyə başladı. Elə bil yol getmirdilər, göyə millənirdilər. Göy də ki, bu aralar göylükdən çıxmış, elə qadanı qada dalıncan göndərirdi. Bir az əvvəl çəyirtkə gəlmiş, əkin-biçini, göy-göyərtini silib-süpürmüş, bir gecədə yox olmuşdu. Dalınca da bu adı batmış vəba....

           Qocanın tərkindəki qarı bir əlini göylərə tutub ağı dedi:

                        Bu dağlar eeeeeeeeyyyyy üzlü* dağlar....

                        Daddı dağlar  eeeeeeeeyyyyy duzlu dağlar....

                        Kəndi yiyəsiz qoydux heyyyyyy

                        Baharlı, yazlı dağlar heyyyyyy.... 

                        Və qarı səsini qısıb qəhərli-qəhərli dedi:

            -Mən, deyəsən mənzil başına çatmıyacam... Ay el, ay oba, gedib o dağlara, deyin ki... Burda bir qərib  öldü heyyyyy... əli yaza çatmadı heyyyy....

            Qarı ağısını tamamlaya bilmədi, kişinin tərkindən tappıltıynan düşüb təkər kimi yomalandı, gedib yolun altına düşdü... Bilinmədi ki, qarının ərindən əli üzüldü, ya özü əlini buraxdı...

            Dəstə bir az dolayı yerə burulub dayandı. Qocanı atdan endirdilər. Gənc kişi uşaqları və qocanı Gülsümə tapşırıb, atın üstündəki yükdən bel-külüng götürdü,  ağız-burnunu qalın əsgi ilə bağladı, arvadı ilə dərəyə endi. Orada təxminən bir saata çala qazıb qarını dəfn etdilər, əllərini dərədəki suda yuyub geri döndülər. İstədilər ki, burada bir yüngülcə yemək yesinlər, amma qoca hönkürüb ağladı, əlini açıb fatihə verdi və  “tez aralanaq, burda vəbanın tətiməti var, dağı aşmalıyıq” deyib gənc kişinin köməyi ilə ata mindi...

            İki tap** bir dolayını yeni aşmışdılar, qoca əlini qaldırıb dəstəni dayandırdı. Atdan enib ocaq qalamağı tapşırdı. Sonra atın yükündən bir çiriş*** çıxardıb içindəki kərə yağın yarısını qazana tökdürdü. Yağ əriyən kimi kiçik bardaqlara süzüb isti-isti uşaqlara, gənc ər-arvada və Gülsümə içirtdi. Özü isə əlini yalamaqla kifayətləndi. Bir qısmət də çörək kəsib qalxdılar.

            İkinci dağı da aşandan sonra qoca kişi üzünü göyə tutub qarısı kimi bayatı çağırdı, adamın iliyinə işləyən səslə gumuldandı, gumuldandı və eyzən qarısı kimi atdan aşıb yerə düşürdü ki, gənc kişi yüyürüb onu göydə tutdu və qibləyə uzatdı. Səsi öləziyən qoca gənc kişini yaxına çağırıb bir az aralı dayanmasını tapşırdı və güclə ağzından çıxan bu kəlmələri deyə bildi:

            -Dilim yanır, maa bir az su ver içim son dəfə. Məni basıranda əlini bədənimə vurma... Nişana qoy ki, sonra gələndə qəbirimi tapa biləsən...     

            Qocanın gözləri yol çəkdi. Sonra “uşaxları burdan tez uzaxlaşdırın” deyib gözlərini yumdu...

            İndi dəstənin başçısı gənc kişi idi. O az vaxtda xeyli yaşlaşmış, qaradinməz olmuşdu. Çox hirsli və bir az da zəhmli görünürdü. Bir iş düz getməyəndə arvadına acıqlanır, erkək at cilov gəmirən kimi sallaq bığlarını çeynəyirdi. Dəstədəki ikicə uşağın atası olsa da, indi hamı ona ata kimi baxırdı. Elə o da ayrı-seçkilik eləmirdi.

            Gənc kişinin göstərişi ilə yenə yola düşdülər. Bir qədər gedəndən sonra kişi Gülsümün balalarını piyada yerimək əzabından qurtardı. Daha onlar da ayaqla getmirdilər. Ölən qocaların atına minmişdilər. Anaları isə bir az piyada getsə də, sonra yerə çöküb inildədi. Arvad ərinə baxıb başını buladı. Onlar köməkləşib boylu gəlini yüklü atın belinə qaldırdılar...

            Bu yol heç bitənə oxşamırdı...

            

 

 

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Üz – bu qədim türk sözüdür, müxtəlif mənalarda işlənir. Gözəl, dadlı; bacarıqlı, uzman – “südün üzünü yığmaq” deyimində də bu söz var – yəni südün ən dadlı, yağlı hissəsi; “az getdim, üz getdim” cümləsində isə say mənasındadır – az getdim, yüz getdim. Fikrimizcə, burada birinci mənadadır – gözəl dağlar. (Müəl.)

**Tap – yastan, təpəlik;bir dərədən o biri dərəyəcən olan məsafə.

***Qoyun, yaxud keçi qarnını qurudub içinə yağ tökərdilər. Bu qaba çiriş deyərdilər. 4-5 kiloqramacan  yağ tutardı. 

 

 

            Dəstə dördüncü gün Dumanlı gədiyə çatdı. Burdakı köhnə yurd yerlərində iki alaçıq qurub böyük bir ocaq çatdılar. Bu qarşıdakı təpəyə düşmüş ikinci dəstəyə işarə idi, yəni biz  gəlib çatmışıq...

            Bir həftənin tamamında Yelli gədikdən xəbər gəldi ki, salamatçılıqdır. Hətta Məti kişinin adamları Qaçaq Fərzalının qaçaqlarından onlara yeyəcək şeylər də göndərmişdilər. Onu da bildirmişdilər ki, Qaracallarda, Baharlılarda yavaş-yavaş vəbanın kökü kəsilmədədir. Axırıncı Qaçaq Fərzalı tutubmuş, onu da yuxarıda allah, aşağıda da anası Yetər arvadın türkəçaraları xilas edib...

            Gülsüm ananın qızı hələ çox balaca idi, olub-bitəni qanmırdı. Amma oğlunun yeddi yaşı vardı. O anasına tez-tez suallar verir, ən çox da atasını soruşurdu. Bir də Gülsümün qarnı o qədər yekəlmişdi ki, bir yerdən başqa yerə getmək üçün kimsə qoluna girməliydi. Ayaqları da şişmişdi....

            

                                                            ***

 

            Bir ayın tamamında, yəni mayın sonlarına doğru köç yerindən oynadı. Gülsüm nə piyada gedə bilirdi, nə də ata mindirmək mümkün deyildi. Ona görə ağır ayaqlı qadını Yelli Gədikdən göndərilən at arabasına qoydular, uşaqlarını da yanına uzatdılar. Beləcə, köç iki gün də yol gedəndən sonra gəlib Gülü yastanına çatdı. Həm Yelli gədikdəki dəstə, həm Alçalı taladakılar da bura yığışmışdılar. Adamlar ağlaşa-ağlaşa, sevinişə-sevinişə qucaqlaşdılar, qol-boyun oldular. Gülsümün anası ölsə də, atası gəlib çıxmışdı. O da qızını, nəvələrini görüb sevincindən ağladı.

            Burada onlar üçün qurulmuş alaçıqda gecəni bir təhər keçirdilər, amma sübh çağı Gülsümün sancısı tutdu. Elatın mamaçası olan qarı yarı yolda ağı deyə-deyə özünü əri ilə mindiyi atın tərkindən buraxmış, obasını məəttəl qoymuşdu. Dəstənin başçısı olan ağsaqqal da qarısından sonra gözünü yummuşdu. Bəs nə etməli? 

           Gənc kişi arvadını çağırdı. Qadın da əri kimi bu keçən günlərdə xeyli yaşlaşmış, əkə-bükə arvada dönmüşdü. Kişinin sınayıcı baxışlarına ürəyində “hə, bilirəm nə deyirsən, ananın elədikləri yadımdadır” deyib alaçığa girdi. 

            Sübh çağından başlayan doğuş gün qalxanacan çəkdi. Gülsümün qışqırtısı bütün elatı başına götürmüşdü. Nəhayət, uzun əzablardan sonra gəlinin bağırtısını körpə çığırtısı əvəz elədi. 

            -Gözümüz aydın, qızı oldu! – dedi yeni mamaça. Amma gəlinin hələ də sancı çəkdiyini görüb aşağı əyildi və qışqırdı:

            -Ay başınıza dönüm, biri də gəlir!..

            Və az sonra Gülsüm bir qız da doğdu.

            Bunu eşidən Məti kişi demişdi:

            -Allaha şükür! Dişi əhli damazlıqdır... Damazlığımız kəsilmədi... 

 

                                    ***

 

            Dağa erkən çıxan elat əhli o ili aranda qalanların gəlməyini çox gözləyəsi olmadı. İstilər düşən kimi aranda salamat qalanlar mal-heyvanı da götürüb dağa çıxdılar. Bir də qorabişirən avqustun sonlarında aşağı endilər. 

            Gülsüm uşaqları ilə əvvəl atasıgilə düşdü. Bir gün sonra uşaqlarını da götürüb Baharlıya - ər evinə yollandı.

            Qapıya çatanda gözlərinə inanmadılar: evlərinin çəpəri düzəldilmiş, həyətdə əkin əkilmiş, hətta kimsə bağı lap təzəcə suvarmışdı da. Kürən atları da həyətdə qabağına tökülən otu tənbəl-tənbəl yeyirdi...

            Bu vaxt evin qapısı içəridən açıldı, uşaqların atası gülə-gülə çölə çıxıb ailəsinə tərəf yüyürdü... (Sonradan bildilər ki, vəba səbəbilə karantin elan olunub, kazaklar sərhəddi bağlayıb, o tay-bu tay gediş-gəlişini yasaqladıqlarına görə kişi evinə belə gec dönmüşdü.) Gülsüm isə atalarını qucaqlayan uşaqlara baxa-baxa ağlayır, hərdən də çığıran əkizləri bağrına basırdı...”

            Hekayə bu cümlələrlə bitirdi:

            “Düz yüz il bundan əvvəl, 1919-1920-ci illərdə Azərbaycanın o tayında - Qaradağ mahalında və üzbəüz Zəngəzurdakı kəndlərdə vəba epidemiyası yayılmışdı. Kəndlərin bəzisində əhali tamamilə, bəzilərində qismən tələf olmuşdu. Baharlı, Qaradərə, Qaracallar camaatı kimi başbilənləri olanlar isə bu fəlakətli xəstəlikdən mümkün qədər az itki ilə çıxmışdı. Vaxtından əvvəl yaylağa çıxarılanlardan biri də mənim nənəm idi...”

 

                                                  7

 

            Telefonda deyilənləri dinlədikcə yazıçı libidom qaynayır, qarşıda məni daha nələrin gözlədiyini bilmək üçün ayağımın altına ürəyimi qoyub dünyanın o üzünə boylanmaq, gördüklərimi, bildiklərimi yazmaq, bizdən sonrakı nəsillərə duyurmaq istəyirdim...

            Amma bu arada elə bir şey oldu ki...

 

            ...-Məllim, bir sağlıq de, mənim də kefim duruldu, babalarımnan elə şeylər yazmısan ki, ürəyim başladı balıx kimi çabalamağa... mən də içəciyəm, nə ola, ola...

            -Nə sağlıq, ay Cahangir, - dedim, - sağlıqmı qaldı? Hamının bir arzusu var, bu xata-bala dünyanın üzərinnən götürülsün, pandemiya çəkilsin, karantin ləğv olunsun... İnsanlar qayıtsınlar həyata, işə-gücə... Zavodlar işləsin, fabriklər açılsın – bədbəxtlikdən nə zavodumuz var, nə fabrikimiz   -  əkinçi əkinin əksin, suçu bağ-bağatı suvarsın, dəllək dəlləkliyin eləsin, xarrat xarratlığın... Adamlar çörəyin qazanıb balasını saxlasın... O sağlığa, daha doğrusu, o arzuya içək...

            -Pəh! Dilinə qurban olum, ay Süleyman müəllim! Bircə deyəydin ki, Cahangir də bu savax kafesin açsın, müştərisin çağırsın, beş manatın qazanıb ailəsini saxlasın...

            -Amin!..- deyib stəkanları toqquşdurmuşduq ki, qapı açıldı və hündür boylu, sərt baxışlı 40-45 yaşlarında kişi içəri girdi.

            Cahangir əvvəl özünü itirdi, amma sonra cəld qalxıb adama tərəf getdi, əlini uzatmaq istədisə, onun da əl vermədiyini görüb geri çəkdi və dilini sürüdü:

            -Bo... he... Muğan? Sən canın bağışla... Eeee... Biz də bekarçılıqdan... Zaddı... işləmirik ki... Nə qulluğun?..

            Adam mənə bir sınayıcı nəzərlə baxdı və Cahangirə döndü:

            -Ay Cahangir, nayrahat niyə olursan axı... Aptekdən spirt alacaqdım, dedilər qurtarıb... Mənə bir putulka araq ver spirtəvəzi... – Sonra yenə mənə baxdı.- Siz, səhv eləmirəmsə, Süleyman müəllimsiniz?..

            Ayağa qalxdım. Əlimi uzatmasam da başımı tərpətdim: bu həm “bəli” demək idi, həm də salamlaşmaq əvəziydi.

            -Siz də Muğansınız, o məşhur Muğan... Bizimlə bir qədəh içmək istərsinizmi? Çox xoş olar... Xahiş edirəm...

            Muğan əlindəki kapron torbanı büküb Cahangirin çəkdiyi stulun küncünə qoydu, özü də böyrünü stula verib (bu, oturmaq deyildi, böyrünü yarıkönül stula söykəmək idi – yəni əylən dediniz, əylənirəm, amma getməliyəm) dedi:

            -Keçirdim, pəncərənin qırağınnan Cahangirin üzünü gördüm... Dedim bir nol beş araq alım spirtəvəzi... Belə olmaz vallah... Maska yox, əlcək yox, spirt də bir aptekdə olur, beşində olmur... 

            Cahangir “siz söhbətləşin, mən indi gəlirəm” deyib mətbəxə tərəf yönəlir.

            Anlayıram ki, bu adam hər kəslə ünsiyyət bağlayan, ürəyini açıb tökən tiplərdən deyil. Dindirməsən, dinməyəcək. Səliqəylə qırxılmış üzündə əzab izləri onun sirli birisi olduğunu, dərddən içinin çöküb təzədən dikəldiyini, əyilib gərilsə də, bəzən sınsa da, sınığının bitdiyini, yarasının qovuşduğunu,  dərdinin avazıdığını deməyə əsas verirdi. Amma qoymağa yer tapmadığı, gah dizində daraqladığı, gah birini mizə dayayıb o biri ilə saçını geri itələdiyi əlləri onun əvəzindən danışırdı. “Biz Muğanın yox qardaşlarını əvəz eləmişik bu illər ərzində. Dava vaxtı onun düşmənə tuşladığı silahını tutduq. Sonra bu qısıqıvraq ayaqlarının gəzdirdiyi başını işlədəndə o ağıllı başın dediklərini yerinə yetirdik. Bu adamın sərraf gözlərinin bir kərə qıyılmasıynan yüz arxitektorun, çertyojçunun edə bilmədiyini biz – bu qoşa əllər etdik. Sizin stul əvəzi oturduğunuz, yaxud ayaqqabınızın bağını bağlamaq üçün ayağınızı üstünə qoyub qatmalarını düyünlədiyiniz bir adi daş parçası bizim sayəmizdə bir naxış, ornament oldu. Sahibimiz kənd yerlərində bir bilirdisə, savaşdan sonra Bakıya gəldi, bir ustanın əlinin altında bircə ay şəyird oldu, bildiyi biri yüz elədi  və tezliklə o ustanı da vurub keçdi... İndi Bakının ən yaraşıqlı mülklərini usta Muğan tikir bizim sayəmizdə. Özü də belə dərdli-sərli görünməyinə baxma, içi gülür sahibimizin. Yaxınlarda ata olub axı! Bax, bu iki əllə balaca oğlunu qucağına götürəndə kaş görəydiniz onu... Adam adamlıqdan çıxdı, ağac oldu, burcladı, yarpaqladı, çiçəklədi, bar verdi!.. Üzünə bir mübah hava gəldi, gözünə bir gilə isti yaş gəldi, ürəyinə bir qatar söz gəldi!.. Üzünü Gövhərə tutdu, o burcun, o yarpağın, o meyvənin arasınnan boy verən yaşlı gözləriylə bir halalına, bir balasına baxdı, baxdı, dedi:

            Ay Gövhərim, bu sənmisən?

            Usanmısan, üşənmisən?

            Aynammısan, şüşəmmisən...

            Qurbandı adı Muğanın...

 

            Mən bir daş adamam,daşam,

            Bu dərdnən bağrı badaşam,

            Ölüncən sənə yoldaşam -

            Ağıznın dadı Muğanın...”

 

            Zalım əllər, beləcə dil olub dillənəndə deyəsən, Muğan da onların dediklərini eşitdi və bu gəvəzə əllərini məndən gizlətmək üçün qaytarıb paltosunun cibinə dürtdü. Ha başımı qaldırıb onun cibinə tərəf boylansam da, daha bir səs-soraq duymadım... Ürəyimdə “heyf, şeirin dalını eşidə bilmədim” deyib ah çəkdim.

            Bu vaxt Cahangir əlində bir qab soyutma ət, iki butulka da araq gəlib çıxdı. Butulkanın birini Muğana uzadıb “bu sənin” dedi, o birini də açıb stola qoydu və əlini əlinə sürtdü:

            -Vallah, mən özüm də sizi qonaq eləyərdim, amma Muğana bələdəm, razı olan deyil... Nuş eləyin... bağışlayın ki, isti yemək verə bilmiyəcəm... Qorxuludur...

            Muğan daha iş işdən keşdiyini duyub yerini rahatladı və Cahangirin araq süzdüyü qədəhi götürüb mənə baxdı:

            -Süleyman müəllim, çox xoş gəlib... Sizin necə bir insan olduğunuzu bu məhlədə yaşayanlar yaxşı bilir. Rəhmətlik Haxverdi, kstati, ona rəhmətlik düşmür, daha keçib, gəldi ağzıma, həmişə deyirdi ki, Süleyman müəllim bizim danışan dilimizdir... Sizin sağlığınıza!

            Toqquşdurub içdik. Cahangirin kefi kök idi. Azından beş-on manat qabağaydı bu gün. Bir də bu yeməkxanadı, mağazadı, buranın işçiləri qazancdan artıq iş yerlərinin qapısının açıq olmasını arzulayarlar həmişə. Ondan ki, açıq qapıdan gün ərzində kimlərinsə keçəcəyi mütləqdir. Bude ha, biz keçmədikmi belə ağır karantin günlərində?..

            Yenə qədəhlər dolur. Mən ürəyimdə öz-özümə deyirəm ki, daha dolu içməyəcəyəm – ağzımı istalıb, qoyacam yerə. Sonuncu dəfə xəstələnəndən sonra başımda problem yaranıb. Həkim deyir, qulaq seyvanınızda qulaqcıqlar var ki, onlar zədələnib. İçkinin təsirindən arı şüşəyə çırpılanda çıxartdığı səs kimi pırıldayır, sonra da başın gicəllənir, az qalırsan ki, yıxılasan... 

            Bayaqdan ha çalışıram Muğana sual verəm, olmur. Elə əyləşib, elə bil bu saat durub qaçacaq. Hiss olunur ki,  adam xoşbəxtliyinə gec qovuşanlar kimi onu salıb itirməkdən qorxur. Ona görə də, öz xoşbəxtliyinin olduğu yerə tələsir. Həm də çox ciddidir. O qədər ki, Paz onun yanında hələ söylənməmiş lətifə kimidir – elə baxmaq kifayətdir ki, uğunub gedəsən.

            Nəhayət, mənim dilim açılır:

            -Eşitdim ata olmusunuz? Təbrik edirəm...

            Adam əl atıb oturduğu stulun küncünə qoyduğu sellofan torbanı götürmək istəyir. Amma fikrindən daşınıb, əli ilə üstündən basmaqla kifayətlənir. Sonra gülümsünür, amma bu heç gülümsünməyə oxşamır. Elə bil ağlayan uşağa qəfil sevdiyi oyuncağı verirlər, gözü yaşlı gülməyə başlayır...

            -H-əə... Elədir... Bir... Uşaq olub... Sizin də... balalarınızdan görəsiniz...

            Vəssalam. Amma Paz qurdalayır:

            -Adını qoymusuz? Yəqin qabaxcadan hazır olar? Muğan ola, hazır adı olmaya...

            Birdən onun üzü dönür. Əlindəki qədəhi yerə qoyub Cahangirə sərt bir ədayla baxır, özü də elə baxır ki, guya Cahangir ən aşağı adamdır.

            -Cahangir, yəqin bilməmiş olmazsan, mən burda bu kişiyə görə oturmuşam... Yox, pis başa düşmə, lovğalıq-zad eləmirəm. Amma mən hər adamnan çörək kəsmərəm, niyə, ona görə ki, çörək kəsmək ağır işdir. Çörək kəsdiyin adamın dalıncan danışmaq, qarasına hədyan demək, bildiyini deyil, eşitdiyini demək, kişilikdən sayılmaz... Mən döyüşçüyəm. Bu gün də dava olsa, yenə gedərəm. Niyə? Ona görə ki, bilirəm, torpaq, vətən kasıbındır. Varlıya nə var? Pulu-parası var, sabah erməni Bakını da tutsa, minəcəy samalyota, füt, gedəcək Londona, Nyu-Yorka, Parisə... Mənim kimisinin isə nə pulu var, nə də getməyə ixtiyarı... Pis başa düşmə, sənin o qohumun var e, zampreddi, zamministrdi, nəydi, bilmirəm... O polkovnik qiyam qaldıranda bir dəstə adamla cəbhə bölgəsindən gəldik Bakıya. Kimin yanına getdik, qəbula düşə bilmədik. Axırı bizi həmin o yazıçı Mətiyev qəbul elədi. Mən danışdım ki, siz özünüz də qarabağlısınız, ona görə bizi başa düşərsiniz. Batalyonumuzda o polkovnikin adamları var, Ağdamın boşalmış kəndlərinə girib evlərdən oğurluq edirlər, etiraz edənləri də güllələyirlər. Xahiş edirik, bu adamın yalan məlumatlarına inanmayasınız. Rəhbərliyə çatdırın...

            Adam sözümü ağzımda qoydu. Qayıtdı ki, artıq məsələ həll olunub. O dediyin adam qəhrəmandır, sərkərdədir. Bu gün, sabah baş nazir olacaq. Sizə tövsiyə edirəm ki, hər eşitdiyinizə inanmayasınız. Gedin, başınızı aşağı salın, əmrlərə tabe olun...

            Kor-peşman geri qayıtdıq. O ki qaldı mənə, mən bir ayrıca dövlətəm. O dövlətin üç nəfər vətəndaşı var. Heç bir yad təsirə, yad kəlməyə, yad nəfəsə bizim dövlətdə yer yoxdur. Uşağımın adını soruşursansa. Var, bəli! Adı Azərdir. Biri də olsa, Baycan qoyacağam...

            O ayağa durdu. Qaşları gözünün üstünə enmiş, üzü göyərib əyilmiş, sellofan torbanı tutan əlləri əsirdi. Dönüb mənə baxdı və gülümsünməyə çalışdı, amma olmadı. 

            -Görüşərik müəllim,- dedi, butulkanı da götürüb bir çəngə pulu saymadan Cahangirin ovcuna basdı, gəldiyi kimi də getdi...

            Cahangir ovcundakı pula baxır, bilmirdi sevinsin, ya kədərlənsin. Çünki Muğanın verdiyi pul onun açdığı stolun bəlkə üçqatına çatardı. Amma bir yandan da onun qohumunu, elə özünü də ittiham edib getmişdi:”Çörək kəsdiyin adamın dalıncan danışmaq, qarasına hədyan demək, bildiyini deyil, eşitdiyini demək, kişilikdən sayılmaz...”

            Bu daş birbaşa onun bostanına atılmışdı... 

 

                                    (Davamı olacaq)

 

            Mənbə: “Yazı” dərgisi, 24-cü sayı.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)