Wolfgang Borchert — Axı siçovullar gecə yatırlar
Tənha qalmış divardakı boş pəncərə erkən axşam günəşinin mavi-qırmızı işığında əsnəyirdi. Dik qalmış baca qalıqları arasında toz buludları titrəyirdi.
Xarabalıq sanki mürgüləyirdi.
Oğlan gözlərini yummuşdu. Birdən ətraf daha da qaraldı. Kimsənin gəldiyini və indi qarşısında dayandığını hiss etdi — sakit, qaranlıq bir kölgə kimi.
“İndi məni tutdular,” — deyə düşündü.
Amma gözlərini bir az aralayanda yalnız köhnə şalvarlı iki ayaq gördü. Ayaqlar elə əyri dayanmışdı ki, oğlan onların arasından baxa bilirdi. Ehtiyatla baxışını yuxarı qaldırdı və yaşlı bir kişi gördü. Əlində bıçaq və səbət vardı. Barmaqlarının ucunda bir az torpaq görünürdü.
— “Deyəsən burada yatırsan?” — kişi yuxarıdan ona baxaraq soruşdu.
Yürgen kişinin ayaqları arasından günəşə baxıb dedi:
— “Yox, yatmıram. Burada keşik çəkməliyəm.”
Kişi başını tərpətdi:
— “Deməli, o böyük dəyənək də buna görədir?”
— “Bəli,” — Yürgen cəsarətlə cavab verdi və dəyənəyi möhkəm tutdu.
— “Nəyə keşik çəkirsən?”
— “Onu deyə bilmərəm.”
Əllərini dəyənəyin ətrafında daha da sıxdı.
— “Yəqin pula, hə?”
Kişi səbəti yerə qoydu və bıçağı şalvarına sürtdü.
— “Yox, pula yox,” — Yürgen nifrətlə dedi. — “Tam başqa şeyə.”
— “Nəyə bəs?”
— “Deyə bilmərəm. Başqa şeyə.”
— “Yaxşı, onda mən də səbətdə nə olduğunu demərəm.”
Kişi ayağı ilə səbətə toxundu və bıçağı bağladı.
— “Pah, səbətdə nə olduğunu bilirəm,” — Yürgen laqeyd halda dedi. — “Dovşan yemi.”
— “Vay canına!” — kişi təəccüblə dedi. — “Sən ağıllı oğlansan. Neçə yaşın var?”
— “Doqquz.”
— “Oho, doqquz? Onda yəqin üç dəfə doqquzun neçə etdiyini də bilirsən?”
— “Əlbəttə,” — dedi Yürgen və vaxt qazanmaq üçün əlavə etdi: — “Bu çox asandır.”
Sonra yenə kişinin ayaqları arasından baxdı.
— “Üç dəfə doqquz… elə deyil?” — deyə yenidən soruşdu. — “İyirmi yeddi. Bunu dərhal bildim.”
— “Düzdür,” — kişi dedi. — “Məndə də məhz bu qədər dovşan var.”
Yürgen ağzını heyrətlə yumrulaşdırdı:
— “İyirmi yeddi?”
— “İstəsən görə bilərsən. Çoxu hələ balacadır.”
— “Mən gedə bilmərəm. Keşik çəkməliyəm,” — Yürgen tərəddüdlə dedi.
— “Həmişə?” — kişi soruşdu. — “Gecələr də?”
— “Gecələr də. Həmişə. Daim.”
Yürgen əyri ayaqlara baxdı.
— “Şənbədən bəri,” — deyə pıçıldadı.
— “Bəs heç evə getmirsən? Yemək yeməlisən axı.”
Yürgen bir daşı qaldırdı. Altında yarım çörək və bir dəmir qutu vardı.
— “Siqaret çəkirsən?” — kişi soruşdu. — “Bəs qəlyanın varmı?”
Yürgen dəyənəyi bərk tutdu və çəkinə-çəkinə dedi:
— “Özüm bükürəm. Qəlyanı sevmirəm.”
— “Təəssüf,” — kişi səbətə tərəf əyildi. — “Dovşanlara baxa bilərdin. Xüsusilə balacalara. Bəlkə birini seçərdin. Amma sən buradan gedə bilmirsən.”
— “Yox,” — Yürgen kədərli halda dedi, — “yox, yox.”
Kişi səbəti götürüb ayağa qalxdı.
— “Nə isə… əgər burada qalmalı olsan — heyf.”
Sonra dönüb getmək istədi.
Elə bu anda Yürgen tələsik dedi:
— “Əgər məni ələ verməsəniz… məsələ siçovullarla bağlıdır.”
Əyri ayaqlar geri bir addım gəldi.
— “Siçovullarla?”
— “Bəli. Onlar ölüləri yeyirlər axı. İnsanları. Onlar bununla yaşayırlar.”
— “Bunu kim deyib?”
— “Müəllimimiz.”
— “Deməli, sən siçovullara keşik çəkirsən?”
— “Onlara yox!”
Sonra çox sakit səslə əlavə etdi:
— “Qardaşım orada aşağıda yatır. Bax orada.”
Yürgen dəyənəyi ilə uçmuş divarları göstərdi.
— “Evimizə bomba düşdü. Zirzəmidə birdən işıq söndü. O da yox oldu. Biz çox səslədik. O məndən çox balacaydı. Cəmi dörd yaşı vardı. Yəqin hələ də buradadır… Axı o məndən çox balacaydı.”
Kişi yuxarıdan onun saçlarına baxdı. Sonra birdən dedi:
— “Məgər müəlliminiz sizə deməyib ki, siçovullar gecələr yatır?”
— “Yox,” — Yürgen pıçıldadı və birdən çox yorğun göründü. — “Bunu deməyib.”
— “Hə,” — kişi dedi, — “bu necə müəllimdir ki, bunu bilmir? Axı siçovullar gecələr yatırlar. Gecə rahat evə gedə bilərsən. Hava qaralan kimi yatırlar.”
Yürgen dəyənəyi ilə dağıntıların içində kiçik çuxurlar qazırdı.
“Bunlar balaca çarpayılardır,” — deyə düşündü. — “Hamısı balaca çarpayı.”
Sonra kişi dedi — və onun əyri ayaqları narahat halda tərpənirdi:
— “Bilirsən nə var? Mən indi tez gedib dovşanları yemləyim, hava qaralanda gəlib səni apararam. Bəlkə sənə birini də gətirdim. Balacasını. Necə düşünürsən?”
Yürgen dağıntılarda balaca çuxurlar qazırdı.
“Hamısı balaca dovşanlardır. Ağ, boz, ağ-boz…”
— “Bilmirəm,” — deyə sakitcə dedi və əyri ayaqlara baxdı. — “Əgər doğrudan da gecələr yatırırlarsa…”
Kişi divar qalıqlarının üstündən küçəyə tərəf keçdi.
— “Əlbəttə yatırlar,” — uzaqdan dedi. — “Müəlliminiz bunu bilmirsə, qoy getsin işinin dalınca.”
Yürgen ayağa qalxdı və soruşdu:
— “Əgər mən bir dovşan ala bilsəm… Bəlkə ağ rəngdə?”
— “Çalışaram,” — kişi artıq uzaqlaşarkən qışqırdı. — “Amma sən burada gözləməlisən. Sonra səninlə evə gedərəm, hə? Axı atanıza dovşan hini necə düzəltməyi deməliyəm. Siz bunu bilməlisiniz.”
— “Bəli!” — Yürgen qışqırdı. — “Mən gözləyəcəyəm. Hava qaralana qədər keşik çəkməliyəm. Mütləq gözləyəcəyəm!”
Sonra yenə qışqırdı:
— “Evdə taxtalarımız da var! Sandıq taxtaları!”
Amma kişi artıq bunu eşitmirdi. Əyri ayaqları ilə günəşə doğru gedirdi. Günəş artıq axşamın qırmızısına boyanmışdı və Yürgen onun işığının ayaqların arasından keçdiyini görə bilirdi — ayaqlar o qədər əyri idi.
Səbət isə həyəcanla yellənirdi.
İçində dovşan yemi vardı. Yaşıl dovşan yemi. Xarabalığın tozundan bir az bozarmışdı.
Tərcümə etdi: Nurcan Sandal
