Mahmənzər Məmmədrəsul qızı- "Paytaxt oğlanının ədiblər aləminə triumfal gəlişi"
Paytaxt oğlanının ədiblər aləminə triumfal gəlişi
Məncə onun təxəllüsü özündən əvvəl gəlib. Fəhmi!
Elə adı da onu addım ba addım izlədi, ilqarından dönmədi. Adı da, təxəllüsü də göydəki ulduz karvanının zəncirini qıra-qıra işıq sürətilə ünvanına doğru can ataraq öz təkrarsız sahibini axtarıb tapdı.
İlqar Fəhmi...
Nəinki ədəbiyyata, ümumiyyətlə hər hansı bir mühitə əsasən iki cür gəliş mövcuddur. Biri düşünüşlü, əvvəlcədən yolları addım ba addım, mərhələ mərhələ ölçülmüş, hesablanmış, qurulmuş, bir sözlə hazırlanmış gəliş. O biri isə spontan, sanki gözlənilmədən, lakin zərurətdən yaranan cazibənin dalğalarında, birdən birə... Fırtına zamanı sahilə atılmış qayıq kimi...
Bəli... İlqar şeir aləminə məhz belə gəldi. Qəfil və iddiasız.
Onu uşaqlıqdan bəri oxuyub bitirdiyi təhsil ocaqlarından çox özünün sonralar vərdişə çevrilən mütaliə etmək həvəsi ziya yoluna çıxartdı.Təbii ki, irsi məqamlar da özünü göstərdi. İstedadlı valideynin özündən də istedadlı övladı...
Əgər ələ qələm almağın şərtlərindən biri qəm yeməkdirsə... İlqarla bu saziş çox erkən yaşlarında bağlandı. O, ən kövrək yeniyetmə dövründə qayğıkeş, mülayim, milli ənənələrə bağlı xanım anasını və hər bir oğulun valideynçün həyatda nəsə etmək arzusu yarandığı gənclik çağında da atasını itirdi.
Keçən əsrin son onluğu... 90–cı illər... bədbinliklə nikbinliyin qəribə və qeyri-ənənəvi tərzdə qarışıq ab-havasından təngə gəlmiş dövran bir çox insanları çaşdırdı. Müharibə haqqında yalnız kitablardan oxuyan nəsillər çarəsizlik və çıxılmazlıqla üzləşdi. Özünü itirənlər oldu... həyatını dəyişdirmək üçün vətəni tərk edənlər də az deyildi. Lakin vətən yolunda həlak olanlar, vətəndə qalıb onun mədəniyyətini qoruyanlar yeni tarix yazdılar.
Məhz belə bir vəziyyətdə məqamına yetişən milli dirçəliş xalqı bir yerə topladı ona ruhdan düşməyə imkan vermədi!
Oxşar tarixi proseslərdə ədəbiyyatın, xüsusilə də şeiriyyatın əsrlər boyu əvəzsiz rolu olmuşdur. Milli və əsasən nəcib insani ruhu tərənnüm edən, şeirin aliliyini, şahanəliyini qoruyub saxlamaq qüdrətinə malik olan, bir başa ilahidən cazibəsini çəkən ƏRUZ seçmə xiridarlarını öz işığına cəm edərkən keçmiş məktəbi bərpa etdi və yeni ədəbi məclislərin yaranmasına meydan açdı.
Azərbaycanın hər yerindən qəzəl məclislərinə müxtəlif sahələrdə çalışmaqla yanaşı poeziyaya, xüsusilə də əruza böyük sevgi bəsləyən qələm sahibləri gəlməyə başladı. Qəlbə məlhəm axtaranlar...
Təbii ki, belə məclislərə rəhbərlik edən yaşlı nəslin nümayəndələri hətta sovet dönəmində də əruzun unydulmağına imkan verməyən, imanlı və elmli şəxsiyyətlər idi. Hacı Mail, Rüstəm Samit, Həkim Qəni, Ələkbər Şahid, Ənvər Nəzərli, Ələmdar Mahir, Mircəlal Zəki, Namiq Şəfai, Səyyar, Tacəddin kimi bir-birindən təbiəti, dəst-xəttiylə fərqlənən söz ustadları klassik şeirin işığına yığışır, yeni poeziya nümunələri yaradır, tükənməz sevgiylə ədəbi irsi araşdırır, tədqiq edirdilər. Bura xanım şairlər də dəvət olunurdu. Təkcə Şərqdə deyil, bütün dünyada antik və klassik ədəbiyyatın təməlini əks etdirən ilahi eşqlə bağlı mövzular istər kişi istərsə də qadın yazarlara düşüncə, həyata baxış, mənəvi dəyərlər, əxlaqi meyarlar baxımından eyni müstəvidə özlərini ifadə etmək üçün meydan açdı. Qəzəl məclisləri nəinki yaradıcı, eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyan, dərin bəşəri fəlsəfəni çatdıran və inkişaf etdirən tədris prosesinə çevrildi.
Artıq mütəmadi olaraq silsilə şəklində davam edən söz məclisləri gözəl şeir dinləməkdən zövq almaqla yanaşı dünya mədəniyyətinin ayrılmaz hissəsi sayılan Azərbaycan poeziya incilərinin mütaliəsi, şərhi, ədəbi tədqiqi və tənqidi üçün əvəzsiz məkana çevrildi. Belə ab -hava təbii olaraq gəncləri də cəlb etdi. Onların arasında fərqli düşünə bilən və çoxşaxəli qeyri-adi istedada malik olan gənclər diqqət mərkəzində idi.
Məhz belə bir məqamda o zaman Mədəniyyət Fondunun nəzdində fəaliyyət göstərən “Məcməüş-Şüəra” qəzəl məclisinə sədrlik edən əruz şairi ustad Rüstəm Samitin həssaslığı və iti nəzəri nəticəsində artıq qələmi sınaqdan keçmiş söz sahiblərinin arasına İlqar Fəhmi dəvət aldı.
Heç kimə xəbərdarlıq edilməmişdi ki, bu gözlənilməz gəlişlə qəzəliyyatı reformator xətti gözləyir.
Sonralar haqqında söhbət açdığımız müəllifin öz dilindən dəfələrlə dönə-dönə bu sözlər səslənəcək: “Məni şeir məclisinə Rüstəm Samit çəkib gətirdi...” Məhz çəkib gətirdi.
Bu məclisin qapısı demək olar ki, bütün şeir həvəskarlarının üzünə açıq idi. İstər peşəkar, istərsə də qeyri-peşəkar olsun, hansı janrda yazmağından asılı olmayaraq arzulayıb gələni səmimi qarşılayır, məclisin üzvü kimi qəbul edirdilər. Lakin yaşlı nəslin olduqca demokratik yanaşdığı halda belə hünər nümayişinə növbə çatanda bir çoxları təbii olaraq meydanı tərk edirdi.
Əruz özlüyündə elə bir aləmə səyahətdir ki, əvvəlində qeyri-ixtiyari olaraq insanı müəyyən meyarlara uyğunlaşmağa sövq edər, məqama yetişincə isə yaşamaq eşqindən ötrü təşviq mənbəyinə çevrilər. Pərəstişkarlarından mənəvi hazırlığı tələb edərkən mürəkkəb inkişaf yolunu keçən klassik şeir hər dəfə dünyada gedən müxtəlif inteqrasiya prosesləri zamanı oxucu auditoriyasını qismən itirsə də, həmişə sona qalanlar seçilmişlər olub.
Rüstəm Samitin çəkib gətirdiyi gənc şairi isə belə imtahanlar qorxutmadı... Əksinə! Ona ruh verdi! İradəsini bərkitdi. Qələmini daha da itilədi.
Yaşı hələ iyirmiyə çatmayan şair dostumuzun Məcməüş-Şüəraya qədərki həyatı bəzən yaşıdlarıyla müqayisədə qədərindən daha yüklü olub. Gənc İlqarın ətrafındakı paradoksallığa yaradıcı rakursdan yanaşması onun dəbdə olan mühitin pozitiv tərəfləriylə yanaşı neqativ tərəflərini də maraqla müşahidə etməyinə səbəb idi.
Abşeron mühitinin adətlərinə, ənənələrinə xüsusi həssaslıqla diqqət və sevgi bəsləyən gənc şeirpərəst əlbəttə ki meyxana janrına biganə qala bilməzdi. İstənilən halda gənclərin müşairə şəklində bədahətən söz deməyi həmyaşıdları arasında sinədəftər kimi tanınan İlqarı dərhal cəlb etdi. Meyxana janrı həmin dövrdə sanki özünün yeni müasir mərhələsini yaşayırdı. Gənclərin daxilində yığılan istəklər, arzular, yanğılar, etirazlar vulkan kimi püskürməyə məqam axtarırdı. İllərlə təzyiqə məruz qalmış, sovet ideologiyasının daima cılızlaşdırmaq istədiyi qədim milli mədəniyyətin bir hissəsi olan bu janr tez bir zamanda sürətlə gənclər arasında yayıldı və bu dəfə daha böyük auditoriyalar topladı.
Bizim qəhrəman isə sadəcə şifahi yaradıcılığa sevgi bəslədiyindən mütləq onun bütün növlərindən dadmalıydı. Çünki İlqar nəyə qatılırdısa, onun ən yaxşısına nail ola bilirdi, hər şey alınırdı onda. Çox vaxt da asanlıqla. Məxsusi bu yerdə diqqəti saxlamaq gərək. Asan alınan hər nə olsa dərhal İlqarın marağından düşər... onu soyudar, lakin yeni axtarışlara istiqamət üçün təkan verər. İlqarı ən çox fərqləndirən və formalaşdıran fitri keyfiyyəti məhz asanlıqla nail olduğu nəticədən rahatlıqla imtina etmək və ya uzaqlaşmaq qabliyyəti oldu.
O, daima çətini seçdi!
Artıq tələbə ikən hüquqşünaslığı oxuduğu ərəfədə İlqarın tarixə, ədəbiyyata marağı dərinləşir və eyni zamanda əruzda şeirlər yazmağa başlayır. Ustad Samit istedadlı gənc yazarı əldən vermək istəmir və ona qəzəllə ciddi məşğul olmağı tövsiyyə edir. Rüstəm Samit İlqarın potensialına bir an belə şübhə etmədən onu gənc şair kimi məclis üzvlərinə təqdim edir. Onunla bərabər klassik janrın sınaqlarında meydanı cəsarətlə bölüşən digər gənc şairlərdən Arif Buzovnalı, Azər Axund, Cəsur Nari və s. də burada özlərini qısa bir zamanda təsdiqləyirlər.
Beləcə Məcmə üş Şüəranı yeni nəfəs bürüyür. Gənc poeziya vurğunu öz qələminin sehrinə düşərkən ətrafdakıların diqqətini gün gündən daha da çox çəkir. Adlarını çəkdiyimiz gənc məclis üzvlərinin hər biri demək olar ki, şeirin bütün janrlarında qələmini sınayır və ustad şairlərin daimi dəstəyi nəticəsində öz bənzərsiz dəst-xəttini yaratmağa çalışır. Hətta bu dəfə də İlqar fərdi yanaşır.
Bəzən yazıçının yolu kitabdan deyil susdurulması mümkün olmayan daxili səsdən başlayır. Bu səs haradasa sükutla sözün, fikir ilə obrazın arasında yaranır və tədricən taleyə çevrilir. İlqar Fəhmi də məhz belə bir yol keçmişdir. Onun üçün ədəbiyyat sadəcə sənətkarlıq deyil, axtarış, şübhə və dünya ilə sonsuz dialoq məkanıdır. Onun yaradıcılığını yalnız bir janrın çərçivəsinə sığdırmaq mümkün deyil: poeziya, nəsr, dramaturgiya, ssenari sənəti-bunların hamısı ayrı-ayrı mərhələlər deyil, vahid daxili enerjinin bir-biri ilə əlaqəli ifadə formalarıdır. Poetik sözdən başlayan yaradıcılıq yolu tədricən onun bədii dünyasının sərhədlərini genişləndirmiş, nəsrə, səhnəyə və ekrana yönəlmişdir. Burada hər yeni forma onun düşüncəsinin davamına çevrilmişdir.
Məhz onun yaradıcılıq yolunun özəlliyi də bundadır: istiqamətlərin dəyişməsi deyil, dərinləşmə misradan hekayəyə, obrazdan hərəkətə, daxili monoloqdan tamaşaçı və oxucu ilə canlı dialoqa doğru hərəkət. Bu, İlqar Fəhminin yaradıcılığını ənənəvi bioqrafik və ya ədəbi-tənqidi formada təsvir etmək cəhdi deyil. Daha çox onun yazısına, yazı üslubunun necə qurulduğuna və hansı əsaslardan yarandığına dair müşahidələrin qeydə alınmasıdır.
Onun poetikası Şərq klassikasının möhkəm təməli üzərində formalaşır. Burada Füzulinin, Nəsiminin, Nizaminin, Xaqaninin, Ömər Xəyyamın və başqalarının ənənələri duyulur. Bu, zahiri təsir və ya stilizasiya deyil-daxili dayaqlanmadır. Klassik obrazlar sistemi, metaforalar və fəlsəfi kateqoriyalar onun yaradıcılığında sadəcə mənimsənilmir, işlək bir alət kimi yenidən düşünülür.
Burada əsas məqamlardan biri əruz vəzninə münasibətdir. Fəhmi əruzu nə rədd edir, nə də onu kanonik şəkildə təkrarlayır. O, əruzun funksiyasını dəyişir. Əruz onun mətnlərində yalnız metrik sxem olmaqdan çıxaraq müasir nitqlə qarşılıqlı əlaqə yarada bilən çevik struktura çevrilir. Bunun nəticəsində bir dəyişiklik meydana gəlir: söz ehtiyatı səviyyəsində dil sadələşir, lakin məna əlaqələri səviyyəsində mürəkkəbləşir. Əhəmiyyətli olan budur ki, dəyişiklik yalnız formaya deyil, oxuma üsuluna da aiddir. Onun mətnləri xətti deyil, çoxqatlı interpretasiya tələb edir. Burada semiotika və hermenevtika işləyir: obraz öz-özünə bərabər deyil, kontekst, daxili səsləşmələr və mədəni yaddaş vasitəsilə açılır.
Fəhminin novatorluğu ənənədən qopmasında deyil, onun funksional şəkildə yenidən qurulmasındadır. O, klassik modeli dağıtmır, onu başqa vəziyyətə keçirir. Bununla da strukturu qorumaqla yanaşı, qavrayışı dəyişdirməyə imkan yaradır. Buradan metaforik düşüncənin yeni forması meydana çıxır. Obraz dekorativ element olmaqdan çıxaraq mətnin təşkili üsuluna çevrilir. O, müxtəlif zaman və mədəniyyət qatlarını birləşdirərək fasiləsizlik effekti yaradır. Maraqlıdır ki, bu yanaşma təcrid olunmuş şəkildə qalmamışdır. Müasir Şərq poeziyasında artıq oxşar prinsiplərdən istifadə edən müəlliflər müşahidə olunur: əruzla yenilənmiş formada işləmək, mətnin daxili strukturuna diqqət yetirmək, mənanın çoxqatlılığına can atmaq.
Beləliklə, söhbət yalnız fərdi üslubdan deyil, ənənənin daxilində baş vermiş və təkrar istehsal oluna bilən bir dəyişiklikdən gedir.
İlqar Fəhmi yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri onun əvvəldən formalaşmış normalardan kənarda yazmağa yönəlmiş mövqeyi ilə bağlıdır. Hələ ilk mətnlərində onun nə leksik seçim, nə də sözlərin təşkili üsulu baxımından ənənəvi poetik xətti izləmədiyi aydın görünür.
Söz üzərində iş xüsusi əhəmiyyət daşıyır. Onun poeziyasında ənənəvi poetik korpus üçün əvvəllər səciyyəvi olmayan elementlər-müasir, bəzən də alınma sözlər meydana çıxır. Lakin onlar yad element kimi qəbul edilmir. Əksinə, hər biri mətnin strukturuna yüksək dəqiqliklə daxil edilir və nəticədə üzvi bütövlük effekti yaranır. Söz misraya sonradan əlavə olunmuş kimi deyil, sanki əvvəldən həmin misraya məxsus imiş kimi görünür və onun daxili bütövlüyünü formalaşdırır. Bu üsula sadəcə lüğətin yenilənməsi kimi baxmaq olmaz. Burada leksikanın, ritmin və mənanın bir-birindən asılı elementlər kimi fəaliyyət göstərdiyi poetik toxumanın yenidən qurulmasından söhbət gedir. Bunun nəticəsində poetik ifadənin öz təbiəti dəyişir. Onun poeziyasının məzmun səviyyəsi də çoxqatlılıq prinsipi üzərində qurulur. Zahirdə mətnlər adi həyat proseslərini əks etdirə bilər, lakin onların arxasında daha dərin strukturlar, insan psixologiyası, düşüncə təbiəti, hisslərin daxili dinamikası ilə bağlı məsələlər açılır. Bu kontekstdə yaşantının “anatomiyası”ndan danışmaq olar: emosiyaların necə formalaşması, şüurlu ilə şüuraltının necə qarşılıqlı əlaqədə olması, fikrin obraza necə çevrilməsi.
Səciyyəvi cəhətlərdən biri də onun poetik ifadəsinin xüsusi baxış nöqtəsi üzərindən qurulmasıdır. Bu, yalnız fərdi müşahidə deyil, şəxsi təcrübənin hüdudlarından kənara çıxan bir baxış cəhdidir. Mətnlərdə insanı daha geniş, transsendent sistemin bir hissəsi kimi dərk etmək meyli mövcuddur. Buradan da insanın daxili mahiyyətinə, təbiətinə, onun yaranma və mövcudluq şərtlərinə daim müraciət meydana çıxır. Bu mənada Fəhminin poeziyasına linqvistik eksperimentin, fəlsəfi müşahidənin və antropoloji marağın birləşdiyi məkan kimi baxmaq olar. Bu səviyyələr bir-birindən ayrılmır, eyni zamanda fəaliyyət göstərərək mətnin bütöv strukturunu formalaşdırır.
İlqar Fəhminin poetikasında yol verilən bədii vasitələr dairəsinin genişlənməsi xüsusilə diqqətəlayiqdir. Poeziyada mümkün olan obrazlılığın, demək olar ki, bütün formaları onun yaradıcılığında funksional baxımdan əsaslandırılmış şəkildə meydana çıxır. Bununla belə, söhbət bədii üsulların sadəcə toplanmasından getmir: onların hər biri incə işlənir və mətnə struktur baxımından zəruri element kimi daxil edilir.
Bu, həm şeirin zahiri təşkilinə, həm də daxili quruluşuna təsir göstərir. Forma mürəkkəblik naminə mürəkkəbləşmir, lakin oxucudan diqqətli və cəmlənmiş qavrayış tələb edən dərinlik effekti yaradır. Mətn özünü dərhal təqdim etmir-o, tədricən ona daxil olmağı, içəriyə doğru hərəkəti nəzərdə tutur.
İroniya ilə iş də ayrıca diqqətə layiqdir. Onun şeirlərində ironiya sərt və birbaşa ifşaedici xarakter daşımır. Əksinə, ironiya yumşaq, demək olar ki, nəzərə çarpmayan forma alır və inkar yolu ilə deyil, mənanın daxili yerdəyişməsi vasitəsilə təsir göstərir. Nəticədə oxucuda inciklik hissi deyil, təmkinli təəssüf və düşüncə vəziyyəti yaranır. Bu təsir insan haqqında baxışın xüsusiyyətləri ilə bağlıdır. Fəhmi insan təcrübəsinin ən həssas qatlarına-daxili travmalara, ziddiyyətlərə, gizli gərginliklərə müraciət edir. Lakin bu müraciət dağıdıcı xarakter daşımır. O, ağrını gücləndirmir, əksinə, onu anlamağa və aradan qaldırmağa çalışır. Onun mətninin intonasiyası da səciyyəvidir: sərtlikdən və birbaşa təzyiqdən qaçır. Əksinə, ifadə insanın daxili vəziyyətinə həssas və ehtiyatlı yaxınlaşma kimi qurulur. Məhz bu yumşaqlıq vasitəsilə yalnız dərk etmək deyil, müəyyən mənada daxili barışa çatmaq imkanı yaranır. Daha geniş kontekstdə bu, onun poeziyasının tərbiyəvi funksiyasından danışmağa imkan verir. Lakin bu funksiya nəsihət formasında deyil, insan təbiətinin dəyərinin xatırladılması vasitəsilə həyata keçirilir. Onun mətnlərində insan yaradılışın ən yüksək forması kimi düşünülür və bu fikir deklarativ şəkildə deyil, poetik təcrübənin öz strukturu vasitəsilə ifadə olunur.
İlqar Fəhmi poetikasının mühüm xüsusiyyətlərindən biri təbiət prosesləri ilə mənalar arasında xüsusi uyğunluq sistemi yaratmasıdır. Xarici aləmin hadisələri botaniki, zooloji və təbii hadisələr onun mətnlərində müstəqil təsvir obyektləri olaraq qalmır. Onlar ardıcıl şəkildə insanın daxili təcrübəsi müstəvisinə keçirilir. Burada söhbət sadə müqayisədən və ya illüstrasiyadan getmir. Təbiət prosesləri o nöqtəyə qədər çatdırılır ki, onlar insanın mənəvi və psixoloji vəziyyətinin modelləri kimi fəaliyyət göstərməyə başlayır. Onların vasitəsilə daxili həyatın mexanizmləri hisslərin hərəkəti, mənəvi seçimin strukturu, qavrayışın dinamikası açılır. Bu kontekstdə xüsusi metaforika tipi formalaşır. O, nə hiperbolaya əsaslanır, nə də zahiri effekt yaratmağa çalışır. Əksinə, onun məqsədi xarici və daxili arasında dəqiq uyğunluq yaratmaqdır. Təbiət hadisəsi ilə insan təbiəti bir-birinə uyğun ölçüdə təqdim olunur: onların prosesləri struktur baxımından oxşardır, gərginlikləri və keçidləri bir-biri ilə müqayisə edilə bilər. Mətnin bu cür qurulması Fəhmi poetikasını dünyanın bütövlüyü haqqında təsəvvürə gətirib çıxarır. İnsan və təbiət qarşı-qarşıya qoyulmur, onların qarşılıqlı əlaqəsi fasiləsiz və paralel şəkildə baş verən vahid sistemə daxil edilir. Bu birlik, həmçinin dini-fəlsəfi perspektivdə dərk olunur: dünya ali başlanğıc tərəfindən idarə olunan və daxili-xarici proseslərin bir-biri ilə əlaqəli olduğu bir bütöv kimi qəbul edilir. Bununla yanaşı, insanın ikili təbiəti vurğulanır. Bir tərəfdən, insan gücə və düşünmək qabiliyyətinə malikdir, digər tərəfdən isə özü də bir hissəsi olduğu təbiət hadisələri qarşısında həssas olaraq qalır. Onun daxili vəziyyətləri düşüncələri, hissləri, yaşantıları öz strukturlarına görə təbiət proseslərini xatırladır: onlar da eyni şəkildə hərəkətli, dəyişkən və daxili qanunauyğunluqlara tabedirlər. Məhz bu uyğunluqlar sistemi vasitəsilə Fəhmi poetikasının əsaslarından biri formalaşır. Təbiət insanın təsvir edildiyi fona deyil, dilə çevrilir. Və bu dildə xarici ilə daxili bir-birindən ayrılmaz olur.
Formaya qayıdaraq qeyd etmək lazımdır ki, İlqar Fəhmi poeziyası üçün müxtəlif şeir sistemlərini sintez etmək qabiliyyəti prinsipial əhəmiyyət daşıyır. Burada şərti olaraq “sadə” müasir üslubla Şərq poeziyasının ən mürəkkəb və tarixən yüklənmiş formalarından biri olan əruzun birləşməsindən söhbət gedir. Vacib olan odur ki, əruz onun mətnlərində kanonik şəkildə təkrarlanmır. O, elə bir transformasiyaya məruz qalır ki, struktur əsası qorunur, lakin fəaliyyət göstərmə üsulu dəyişir. Klassik metrik sistem müasir nitq praktikası ilə qarşılıqlı əlaqəyə girir və bunun nəticəsində yeni qavrayış forması meydana çıxır.
Belə yanaşma ənənəvi olaraq bu şeir forması ilə bağlı olan maneəni aradan qaldırır. Əruz xüsusi hazırlıq tələb edən yalnız elit bir hadisə olmaqdan çıxır və daha geniş oxucu kütləsi üçün əlçatan olur. Lakin bu əlçatanlıq sadələşdirmə demək deyil. Əksinə, dərinlik və daxili mürəkkəblik qorunur, sadəcə mətnə daxil olma üsulu dəyişir. Bu kontekstdə əruz əlavə məna ölçüsü qazanır. O, yalnız ritmik sxem kimi deyil, həm də daxili təcrübənin təşkili forması kimi qəbul olunmağa başlayır. Ritm fizioloji və psixoloji proseslərlə-nəfəsalma, pulsasiya və yaşantının dinamikası ilə əlaqələndirilir. Beləliklə, poetik struktur insanın antropoloji ölçüsü ilə əlaqələnir.
Bu cür yenidən düşünmə əruzu xaricidən daxiliyə keçidin həyata keçirildiyi xüsusi məkan kimi nəzərdən keçirməyə imkan verir. O, dərinləşdirilmiş qavrayış üçün şərait yaradır, oxucunu yalnız intellektual deyil, həm də daxili cavab tələb edən iştirak prosesinə cəlb edir. Nəticədə Fəhmi poetikası oxucu təcrübəsinin yeni tipini formalaşdırır. O, əlçatanlıqla dərinliyi, aydınlıqla mürəkkəbliyi birləşdirə bilən forma axtarışında olan insanlara yönəlir. Bu forma vasitəsilə yalnız estetik yaşantı deyil, daha yüksək dərketmə səviyyəsinə insanı, onun daxili strukturunu və dünyadakı yerini anlamağa doğru hərəkət də baş verir.
İlqar Fəhmi poeziyasında ən mühüm formal nailiyyətlərdən biri kimi sərbəst şeirin klassik əruz sistemi ilə sintezini göstərmək olar. Burada ilk baxışda bir-birinə zidd görünən iki prinsip sərbəst, sabit olmayan ritmika ilə ciddi şəkildə təşkil olunmuş metrik struktur birləşdirilir. Ənənəvi anlayışda sərbəst şeir intonasiyanın azadlığını və sərt metrik asılılığın olmamasını nəzərdə tutur. Əruz isə əksinə, ritmin ciddi qanunauyğunluqları üzərində qurulur və formal parametrlərə dəqiq riayət edilməsini tələb edir. Fəhmi poetikasında bu iki başlanğıc bir-birinə qarşı qoyulmur, əksinə, qarşılıqlı fəaliyyətə gətirilir.
Nəticədə xüsusi ritmik model yaranır. Bu modeldə formanın daxili intizamı qorunur, lakin eyni zamanda azadlıq effekti meydana gəlir. Ritm yox olmur, əksinə, hərəkətli xarakter alır: yayınmalara, yerdəyişmələrə və variasiyalara imkan verir. Bununla da struktur baxımından təşkil olunmuş məkan daxilində “açıq” hərəkət hissi yaranır.
Bu prinsipi musiqi praktikası ilə, xüsusilə ritmin əsasını qoruduğu, lakin daxili yerdəyişmələr vasitəsilə inkişaf etdiyi sinkoplaşdırma və ya auftakt quruluşları hadisəsi ilə müqayisə etmək olar. Bu mənada poetik toxuma improvizasiya məntiqinə yaxın keyfiyyətlər qazanır: o, müəyyən edilmiş sistem çərçivəsində qalır, lakin özünü proses kimi reallaşdırır. Ciddiliklə azadlığın belə birləşməsi qavrayışın yeni keyfiyyətini formalaşdırır. Mətn ritmi intuitiv şəkildə hiss etməyə yönəlmiş oxucu üçün əlçatan olur, eyni zamanda dərinliyini və struktur mürəkkəbliyini itirmir. Burada forma intizamı ilə ruh azadlığının yanaşı mövcud olduğu və bir-birini qarşılıqlı şəkildə gücləndirdiyi məkan yaranır. Məhz bu sintezi Fəhmi novatorluğunun əsas təzahürlərindən biri kimi nəzərdən keçirmək olar. Bu sintez onun poetikasının əsasını təşkil edir, klassik ənənəni müasir ritm duyumu ilə birləşdirməyə və bununla da poetik formanı yeni fəaliyyət səviyyəsinə çıxarmağa imkan verir.
Bu gün İlqar Fəhmi haqqında artıq yalnız şair kimi danışmaq mümkün deyil. Onun yaradıcılıq fəaliyyəti çoxdan bir ədəbi janrın sərhədlərini aşmışdır: o, özünü nasir, dramaturq, ssenarist və bədii formanın tədqiqatçısı kimi də göstərmişdir. Azərbaycan Milli Kitabxanası onun yaradıcılığını səciyyələndirərkən məhz bu çoxjanrlılığı və müəllifin yeni bədii formalara, Şərq və Qərb ədəbi ənənələrinin sintezinə xüsusi diqqət yetirməsini qeyd edir.
Onun novatorluğu xüsusilə dramaturgiyada nəzərə çarpır. Fəhmi artıq tapılmış ədəbi üsulları teatra sadəcə köçürmür, əksinə, poeziya və nəsrini müəyyənləşdirən həmin bədii axtarış prinsipini burada da inkişaf etdirir. Buna görə də onun dramaturgiyası yaradıcılığının ayrıca bir qolu kimi deyil, oxucu və tamaşaçı ilə yeni qarşılıqlı əlaqə formaları tapmaq istəyinin qanunauyğun davamı kimi qəbul edilir.
Beləliklə, İlqar Fəhminin bütün yaradıcılığında mühüm bir qanunauyğunluq üzə çıxır. O, istər şeirdə, istər nəsrdə, istər dramaturgiyada, istərsə də ssenaridə çalışsın, onun marağı daim yeni forma axtarışı ilə bağlıdır. Məhz buna görə də onun novatorluğunu hər hansı bir janrla məhdudlaşdırmaq olmaz. Bu novatorluq onun bədii təfəkkürünün ümumi prinsipinə çevrilir.
İlqar Fəhmi bu gün də elə şeirlər yazmaqda davam edir ki, həmin şeirlərdə insanla yalnız düşüncə vasitəsilə deyil, həm də duyğu vasitəsilə danışmaq kimi nadir bir qabiliyyət var. Bu şeirlərdə oxucuya nəsihət vermək və ya hazır həqiqətləri təlqin etmək cəhdi yoxdur. Əksinə, şair sanki oxucuya öz hisslərini yaşamaq, özü ilə sakit bir söhbət etmək üçün məkan yaradır. Onun şeirləri insanda mərhəmət hissi oyatmağa, xeyirxahlığı, insana və bütün canlılara sevgini xatırlatmağa qadirdir. Bununla yanaşı, onlar Allaha olan sevgini də xatırladır. Fəhminin poetik dünyasında bu sevgi insanlara məhəbbətdən ayrılmır. Burada mənəviyyat gurultulu sözlərdə deyil, insana münasibətdə özünü göstərir: onun zəifliyini anlamaqda, ağrısını görməkdə, bağışlamağı bacarmaqda, başqasının tənhalığının yanından biganə keçməməkdə.
Yəqin ki, məhz buna görə onun poeziyası bu gün də öz müasirliyini qoruyur. O, heç vaxt köhnəlməyən və öz əhəmiyyətini itirməyən dəyərlərdən insan qəlbindən, vicdandan, ümiddən, imandan və insanın insan olaraq qalması üçün zəruri olan daxili xeyirxahlıqdan danışır. Beləcə İlqarın simasında həm də Fəhmini tanıya və sevə bilirik.
