Edebiyyat.az » Təqdimat » Lətif Şüküroğlu - Atamın hekayəti.

Lətif Şüküroğlu - Atamın hekayəti.

Lətif Şüküroğlu - Atamın hekayəti.
Təqdimat
admin
Müəllif:
14:34, 27 may 2021
3 278
0
Lətif Şüküroğlu - Atamın hekayəti.


 
 Bəzən sadə, çoxumuzun adi sandığı insanların həyat hekayələri qəlblərə daha yaxın, doğma olur. Hər kəs bunlarda öz taleyindən, yaşantılarından nəsə tapdığından, məşhurların həyatından heç də az maraq doğurmur, bir çox hallarda isə elə onlar qədər sevilir. Eyni duyğuları paylaşmaq, oxşar hisləri yaşamaq ömrün istənilən çağında xoşdur. Bizi tanımadığımız kimsələrlə yaxınlaşdıran, doğmalaşdıran insani dəyərlərə bu gün heç vaxt olmadığı qədər ehtiyacımız var. Danışmaq istədiyim hekayəti elə təkcə buna görə yazmağa dəyər. Minlərin, on minlərin həyat hekayələrindən fərqlənməsə də...
Atam körpəliyində, 8 yaşı olanda anadan, 15 yaşında isə atadan yetim qalmışdı. Bu, bir yana ozündən böyük bacısı, onun qızı, kiçik qardaşı və əmisinin yeganə yadigarı olan əmiqızını saxlamaq üçün gecə-gündüz çalışmış, əzab-əziyyətli bir ömür yaşamışdı. İlk gəncliyindən çiyinlərinə düşən ağır yük atamı vaxtından əvvəl qocaltmış, saçlarını ağartmışdı. Öhdəsindəki bu kiçik külfəti dolandırmaqdan ötrü atam heç bir ağır işdən çəkinməmişdi. Onun ailə üçün çörək pulu qazanmaq yolu körpəliyindən yaxşı bələd olduğu dağlarda çobanlıqdan başlamışdı. Səhərdən axşama qədər qoyun-quzu dalınca qaçıb yorulmasına baxmayaraq, həftədə azı bir dəfə dağdan enib doğmalarına baş çəkərmiş.  Özü demiş, südündən, qatığından, hərdən də gecə ikən kəsdiyi qoyun ətindən onların payını çatdırıb, elə ala-torandaca 20 kilometrdən az olmayan yolu geri qayıdarmış. Sovetlər dönəmində ermənilər tərəfindən, guya qoyunçuluğun inkişaf etdirilməsi adı ilə Mərkəzin əli ilə Azərbaycandan qoparılmış, əslində, zəbt edilmiş və bu gün də Ermənistan ərazisi sayılan həmin dağlarda çobanlıq etdiyi vaxtlarda bəzən günlərlə yuxusunu ayaqüstü mürgüləyərək almış, yarıac-yarıtox yaşamışdı. Ancaq doğmalarını ac qoymamış, kimsəyə möhtac etməmişdi.
Az qala hər qarışında özünün və dədə-babalarının izi olan həmin dağları lap uşaqlığımızdan bizə də sevdirmişdi. Hər il məktəb bağlananda biz o dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. Ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gülü-çiçəyi qurşağa çıxırdı. Min cür, insanı bihuş edən ətrin bir-birinə qarışdığı, bal arılarının, novbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömrü boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əksik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı.
Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü, Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram. Bütün bulaqların adları da bizə məxsusdu və ermənilər də işğala qədər həmin adları dəyişmədən bizim kimi deyirdilər. Torpaqlarımızı işğal etdikdən sonra isə rayonlarımız kimi o dağlardakı yer adlarını da dəyişdilər və erməniləşdirərək qondarma xəritələrə saldılar. 
Ağsu, Sarıbulaq, Qanlı yurdun kəhrizi, Şıppırlıbulaq, Dolayı çeşmə, Ayı bulağı, Benyamin bulağı, Kölgə daşın bulağı... Hər yüz addımdan bir çağlayan bu bulaqların suyu can dərmanı idi. Kölgə daşın altından çıxan, buz kimi suyu olan bulaqda hər ozündən deyən oğul barmağını 10-a qədər sayınca saxlaya bilməzdi. Yadımdadır, bir dəfə böyük qardaşım Vaqif əlini 12 sayana qədər bulaqda saxlamış, sonra barmaqlarının keyi hələ də açılmadığından ona uzadılan qoyun şaqqasını saxlaya bilməyərək yerə salmışdı. Ya Xustubun qayasına çıxmaq üstündə cavanların mübahisəsi. Bu daşın yanından aşağı baxanda dərin uçurumun doğurduğu həyəcandan adamın başı gicəllənirdi. Böyüklərin dediyinə görə, neçəsi belə vəziyyətdə müvazinətini saxlaya bilməyib, bu qayadan həmin uçuruma düşmüşdü. Ancaq əmimin böyük oğlu Vidadi və Qürbət adlı başqa bir cavan gözümüzün qabağında neçə dəfə qaçaraq o qayaya çıxmış, orada bir xeyli dayanıb aşağıya, uçuruma və ətrafında dolanan dağ keçilərinə baxmışdılar. Belə vaxtlarda onlardan daha çox biz həyəcan keçirirdik. Ən kiçik ehtiyatsızlığın belə böyük faciəyə səbəb ola biləcəyini düşünüb qorxurduq. Ancaq bizim keçirdiklərimiz onlara zərrə qədər təsir etmirdi. 4-5 yaş böyük olmalarının verdiyi bu üstünlükdən həzz alaraq hərdən lovğalanırdılar da. Bizlərdən kimsə qayaya yaxınlaşanda isə üstümüzə qışqırır: “Ay uşaq, düşüb cəhənnəmə vasil olarsan, geri qayıt” deyirdilər.
Belə məqamlardan birində daşların arasındakı göy otda ayağım sürüşüb yıxılmışdım. Deyim ki, o vaxta qədər belə qorxduğum yadıma gəlmirdi. Az qala uçuruma düşəcəkdim ki, həmyaşıd əmioğlum Mehman: “Yekə daşdan yapış” deyə qışqırdı. İkiəlli qarşıdakı daşdan bacardıqca bərk yapışdım. Uşaqların “aşağıya baxma” bağırtıları altında sürünə-sürünə güclə geri çəkilə bildim. O vaxtdan mən yüksəklikdən ehtiyatlanıram. Hansısa yüksəklikdə dayanıb istədiyi qədər aşağı baxan adamlara həsəd aparıram. Etitaf edim ki, o vaxt uşaqların bağırtılarına baxmayaraq, gözucu da olsa aşağı, uçuruma tərəf baxmışdım. Daha doğrusu, baxışlarım bir anlığa dibsiz uçuruma dikilmiş, ancaq tez də gözümü çəkmişdim. Bəlkə yüksəklik fobiyam da o bir anlıq baxışın nəticəsi idi. Ölümün bir addımlığından dönməyimə hamımız sevinirdik. Ancaq mənim içimdə elə bil nəsə qırılmışdı. Bədənim əsirdi. Bunu nə qədər gizlətməyə çalışsam da, ətrafdakıların açıq-aydın sezdiklərinin fərqində idim. Mehmanın rəngi mənimkindən də bərk ağarmışdı. Yolboyu hey eyni şeyi təkrarlayırdı: “Başın xarabdır, uçuruma yıxılsaydın, əmimə nə cavab verərdim?” 
Onun uşuruma düşüb ölməyimdən daha çox, atama nə cavab verəcəyindən narahatlıq keçirməsi mənə qəribə görünmürdü. Əksinə, onun qorxusunu yaxşı anlayırdım. Çünki atam bu hadisəni eşitsə məni də, onu da döyməsə də, ondan da betər vəziyyətə salacaqdı. Atam, ümumiyyətlə, heç vaxt bizi vurmazdı. Ancaq elə danlayır, elə tənbeh edirdi ki, döyülmək ondan yaxşı idi. Ən çox sevdiyi danlaqlardan biri belə idi: “Camaatın uşaqları böyüdükcə ağlı-kamalı artır, bunlar da, sar quşu kimi get-gedə geri gedirlər”. El arasında deyirdilər ki, sar quşu böyüdükcə, daha ağılsız hərəkətlər edir. 
Həmyaşıd olsaq da, nədənsə Mehman özünü həmişə mənim qəyyumum kimi hiss edir, imkan düşdükcə bunu büruzə də verirdi. Bəlkə də bunun bir səbəbi məndən canlı, daha güclü olması idi. Ancaq mən də o qədər zəif deyildim və heç məndən güclülərin qarşısından da qorxub çəkilmirdim. Əksər yaşıdlarımdan cəld idim. Buna görə də nə o, nə də başqa güclü yaşıdlarım güləşdə kürəyimi yerə vura bimirdilər. Əlləşib yorulduqdan sonra məcburən heç-heçəyə razılaşırdıq.
Atamın bir dəfə də bizə əl qaldırmamasının səbəbinə gəlincə, bu, əslində, əmimlə bağlı olmuşdu. Onun ən son əl qaldırdığı doğması olan yeganə qardaşı. Mən bu əhvalatı bir neçə dəfə eşitmişdim. Atam bir neçə il sonra çobanlıqda ona kömək etmək üçün əmimi yanına aparıbmış. Bir-iki həftə onu dağda-daşda gəzdirdikdən sonra işin öhdəsindən gələcəyinə əmin olur. Yarım gunlüyə kəndə gedib-qayıdana qədər onu öz yerinə qoyur. Başqa çobanlardan da qardaşından göz-qulaq olmalarını xahiş edir. Əmim artıq qoyunları harada otaracağını, hansı dərəyə suya aparacağını dəqiq bilirmiş. Amma atam gedəndən sonra qoyunların bir neçəsini gözdən itirir. Bunu anlayanda əl-ayağa düşür, qalan qoyunları çobanlara tapşırıb, o yal sənin, bu yal mənim itikləri axtarmağa başlayır. Ancaq atam qayıdana qədər qoyunları tapa bilməyib, kor-peşman alaçığa dönür. Səhəri gün həmin qoyunlar tapılsa da, qəzəbindən gozü yeri-göyü görməyən atam əmimə ömrüboyu unutmayacaği bir cəza verir. Onun ayaqlarını qoltuğuna sıxıb kürəyi üstə o qədər sürüyür ki, əynindəki paltarın tiftiklənib tamam əldən getməsi bir yana, beli neçə yerdən sıyrılıb, dərisi soyulur. Bu hadisə  atama necə pis təsir etmişdisə, illər sonra da yada salanda səsi titrəyir, gözləri dolurdu. 
“Mən heç atam öləndə ağlamadım, “yetim qaldınız, bala, sizin axırınız necə olacaq?  deyənlərə “atam ölüb, yerində mən varam” cavabını verdim. Gözümdən bir gilə də yaş axıtmayıb, özümü bizə acıyanların  qarşısında tox tutdum, ancaq əminizi o halda görəndə az qaldı ürəyim yerindən çıxa. Boynunu qucaqlayıb onunla birlikdə zülüm-zülüm ağladım”, deyirdi.
Bu hadisədən sonra atam uşaq doymək bir yana, əl qaldırmağa belə tövbə etmişdi. Ancaq bunu dilinə gətirməyib, ürəyində qərar vermiş və bu qərarını ömrünün sonunadək pozmamışdı. Sonralar atam, özünün dediyi kimi, yazıq əmimi kürəyi üstə insafsızcasına sürüdüyü o yeri də, çobanlıq edəndə çadır qurduqları yaylaq ərazilərini də mənə göstərmişdi. Üstəlik, hər biri ilə bağlı xatirələrini yada salmış, mənim uşaq marağımdan doğan sualları da cavabsız qoymamışdı. Mən də o yerlərin bir çoxunu kiçik qardaşlarıma və illər sonra o yaylaqlarda birgə olduğumuz tələbə dostlarıma tanıtmışdım. 
Elə bil, atam bu xatirələri nə vaxtsa qələmə alacağımı duymuşdu. Bəlkə də ömrünün unudulmaz illərini, ən ağır dövrünü keçirdiyi bu yerlərə – qədim yurd yerlərinə öz borcunu verirdi. Torpağı insana doğmadan-doğma edən, onu vətənləşdirən həm də bu xatirələr, illərin silinməyən yaddaşı, saldığı izlərdir. Atamın surəti də mənim yaddaşımda daha çox elə bu dağlarla bağlı qalıb. 
Tələbəliyin son yay tətilində iki dostum və məndən kiçik qardaşım Qurbanla bir aylığa dağlara, yaylağa qalxmışdıq. Hər həftəsonu atam bizə baş çəkir, bizimlə birgə gəzib dolanırdı. Növbəti gəzintilərdən birində nisbətən yaxınlıqda olan şəlaləyə çimməyə getmişdik. O qədər də hündürdən tökülməyən bu dağ şəlaləsinin suyu az deyildi. Özü də elə soyuq idi ki, yarım dəqiqə altında durandan sonra gərək yaxşıca qurulanıb, özünü günə verəydin. Dağ günəşi adamın bədənini o qədər qızdırmasa da, üz-gözünü qarsır, qabıqdan çıxarırdı. 
Biz bir neçə dəqiqə sonra titrəyə-titrəyə çıxıb günəşin qızdırdığı iri bir daşın üstündə oturduq. Bizdən sonra şəlalənin altında atam dayandı. Bəlkə də tam 10 dəqiqə orada qaldı desəm, yanılmaram. Əvvəl onun axın yuxarı getdiyini zənn edib şəlaləyə tərəf boylandım. Atam daşların arasından süzülən dumduru suyun altında dayanıb gözlərini yummuşdu. Su şırnağı onun ağ saçlarından üzüaşağı axıb burnuna, üzünə, sinəsinə tökülürdü. Hərdən dodaqlarını tərpədir, hərdən də su ağzına dolmasın deyə bərk-bərk sıxırdı. Nisbətən girdə sifəti, qarayanız çöhrəsi suda əks olunan günəş səfəqlərinə boyandıqca elə bil canlanır, sudan, günəşdən güc alırdı. Bütün varlığı ilə suyun şırıltısına, onun üçün doğma olan nəğməsinə qulaq kəsilmişdi. Başından ayağınadək tökülərək köpüklənən su, onu sanki nura qərq etmişdi. Bəlkə də həmin vaxt atam həyatının ən xoşbəxt dəqiqələrini yaşayırdı.
Həmin il dağlara gəlişi onun ömrünün son yayı oldu. Görünür, uşaqlığının, gəncliyinin ən əzablı, eyni zamanda, ən xoş anları ilə vidalaşırmış. Ancaq onda nə mən, nə də gələcəyin jurnalistləri olacaq dostlarım bunu duya bilməmişdik. İndi başa düşürəm ki, son günlərini yaşadığı bu dünyada yaddaşından süzülüb gələn xatirələri təkrar yaşamaq üçün doğma yerlərə gəlmişdi. Həmin il bəlkə neçə min dəfə gördüyü, addım-addım gəzdiyi, hər daşına, qayasına, suyuna, torpağına yaxından bələd olduğu dağlar özü onu çəkib gətirmişdi. Əğər daşın, qayanın yaddaşını vərəqləmək mümkün olsaydı, bəlkə onların da insanlarla vidalaşdıqlarını, öz dillərində halallaşdıqlarını görərdik. Bir neçə dəfə özünü arxası üstə gül-çiçəyin, adamı qurşaqlayan yaşıllığın içərisinə atması da bəlkə bu duyğulardan doğmuşdu. İndi bunların başqa nə iləsə bağlı olduğunu ağlıma sığışdıra bilmirəm. Kaş həmin vaxt ondan soruşaydım. Axı atam duyğularını, düşüncələrini aydın ifadə etməyi bacaran adam idi. Cəmi səkkiz sinif oxusa da, bizim eyni yaşda keçdiyimiz riyaziyyatı, fizikanı, tarixi, coğrafiyanı yaxşı bilirdi. Məktəbin əlaçısı, seçilən şagirdlərindən olduğunu orta məktəbdə ona bu fənlərdən ikisini tədris etmiş, sonralar texniki institutlardan birində dərs deyən müəllimindən eşitmişdim. İkinci dəfə imtahana gəldiyim il atamla birlikdə onlara baş çəkib söhbət etmişdik. Həmin ağsaqqal müəllim deyirdi ki, həm boy-buxununa, həm fərasətinə və uşaqlar arasında nüfuzuna, həm də yaxşı oxuduğuna görə ozü olmayanda dərsi aparmağı atama tapşırırmış. Sonralar o, atamla qarşılaşanda: “Mən elə bilirdim, sən hansısa institutda dərs deyirsən, ya da yüksək bir vəzifədə işləyirsən. Axı sən sinifdə ən yaxşı oxuyanlardan biri idin, nə baş verdi ki, sürücü oldun?”, soruşmuşdu. Atam da başına gələnləri ona danışmış,  təhsil ala bilməməsinin səbəbini demişdi. 
O qocaman müəllim mənə də sınayıcı nəzərlərlə baxıb: “sən də atan kimi yaxşı oxuyursanmı?” soruşdu. Mən cavab verməmiş atam: “hə, əlaçıdır” dedi.  
Atamın sürücü olmasının da öz tarixcəsi var. Sürücülük məktəbini Ermənistanın Qafan rayonunda, yaxşı bildiyi erməni dilində oxumuşdu. Sonra da Qacaran qəsəbəsindəki mis-molibden zavodunda iritonnajlı yük maşınında sürücü işləmişdi. Həmin vaxt atam da, 2-3 il qabaq ailə həyatı qurmuş əmim də bu qəsəbəyə köçmüşdülər. Atamın aldığı yüksək maaş hər iki ailəni dolandırırmış. Ancaq burada əmidostum (biz onu “nənə” deyə çağırardıq) demiş, “qırılmışlarla” bir yerdə uzun müddət yaşaya bilməmişdilər. 
Dili yaxşı bildiyindən və təşkilatçılıq qabiliyyətinə görə atamı sürücülərin briqadiri qoyubmuşlar. Ancaq bir türkün gəlib burada onlara briqadirlik etməsinə dözməyən ermənilər bir müddət sonra onu zəhərləmişdilər. Yeməyinə qatılmış bu zəhərin təsirindən atam düz altı ay xəstəxanaları gəzmiş, yatağa düşmüşdü. Onun qulaqlarından və gözündən sarı su gəlirmiş. Uzun müddət müalicə almışdı. Hətta bir həkim ona “belə sağlam bədənin, polad kimi ürəyin olmasaydı, sən çoxdan ölmüşdün” demişdi. O hadisənin atamın sağlamlığına vurduğu agır zərbənin izləri özünü illər sonra da göstərdi. 
Bu hadisəyə qədər də erməni sürücülər bir neçə dəfə atama xətər yetirməyə çalışmışdılar. Hətta bir dəfə onun sürdüyü yüklə dolu iritonnajlı maşının arxa təkərlərindən birinin qaykalarından 4-nü boşaldıblarmış ki, yolda qəzaya uğrasın. Ancaq təcrübəli sürücü olan atam maşını hərəkətə gətirdikdən bir qədər sonra nəsə dəyişiklik hiss edib onu saxlamış, sonuncu qaykanın da az qala açılıb düşməkdə olduğunu görmüşdü. Çox keçməmiş ona qarşı növbəti təxribata əl atılmışdı. Bu dəfə qarajda saxlanılan maşınının mühərrikini sıradan çıxarmaq üçün yağını boşaldıblarmış. Maşını işə salan kimi onun səsindən şübhələnən atam dərhal mühərriki söndürüb, yağını  yoxlamış və ermənilərin ona qarşı bu planını da puça çıxarmışdı. Ancaq təəssüf ki, ermənilərin sonuncu hiyləsindən qurtula blməmiş, onların qara niyyyətini vaxtında neytrallaşdıra bilməmişdi.  Duyuq düşəndə isə artıq gec olmuşdu. Atamın zəhərlənməsi və məcbur qalıb briqadirlikdən getməsi azərbaycanlı sürücülər üçün həm də əmək haqqı itkisi ilə nəticələnmişdir. Ermənilərlə eyni işləri görmələrinə baxmayaraq, onlara xeyli aşağı əmək haqqı ödənilməsinə başlanmış, etirazlarına da məhəl qoyulmamışdır.
Elə o xəstəliklə də atamın sağlamlığında problemlər yarandı. Polad kimi ürəyi iki dəfə ona vəfasızlıq etdi. Hər ikisində tez ayağa qalxmış, ailəsinin dolanışığı naminə xəstəliyini içində çəkmişdi. 
Sirr deyil ki, əksər uşaqlar dünyada öz atasından güclü, bacarıqlı, fədakar insan tanımırlar. Əslində, təbii və zərərsiz olan bu hiss bəzilərində yeniyetməlik, bəzilərində gənclik, çox azında isə hətta orta yaş dövrünə qədər davam edir. Eyni duyğuları mən də keçirmişəm. Ancaq atamla bağlı xatirələrimdə nəyisə dəyişməyi, yaxud əlavələr etməyi ağlıma da gətirməmişəm. Əslində, buna ehtiyac da duymamışam. Çünki əminəm, hər şeyin olduğu kimi, necə var elə də qələmə alınması atamın da ürəyincə olardı... 
Atam təmkinli və dözümlü idi. Heç bir hadisə onu sarsıda bilməzdi. Xarakterindəki bu keyfiyyətlərin yaşadığı ağır həyatın nəticəsi olduğunu desəm, yanılmaram. Ünsiyyətə meyilli adam idi, amma çox danışmaz, sözünün çəkisini bilərdi. Alnında adi vəziyyətdə kənardan az seçilən qırışlar vardı. Gözlərindəki qüssəni görəndə adama elə gəlirdi ki, o heç vaxt ürəkdən gülməyib. Ancaq sevindiyi, ovqatının yaxşı vaxtlarında, bu qüssəli gözlərdə işıqlı bir təbəssüm sezilərdi. Belə vaxtlarda astadan zümzümə etməyi də vardı. Dağlarda neçə dəfə bunun şahidi olmuşdum. Ancaq yanında tanımadığı, yaxud ürək qızdırmadığı kimsə olanda oxumazdı. Onu oxumağa sövq edən daha çox ömrünü onlarsız təsəvvür edə bilmədiyi dağlar idi. O dağlarla bağlı çoxlarımızın yaddaşına əbədi yazılmış xatirələr var. Bu xatirələr yaşadığımız itkilərdən sonra bizə daha doğma, daha əzizdir. Yadımda qalan həmin xatirələrdən biri də böyük bacımla bağlıdır.
Bir dəfə dağda olanda bacım ağladı ki, mən evimizə (rayon mərkəzini nəzərdə tuturdu) qayıtmaq istəyirəm. Böyüklər nə qədər çalışsalar da, onu ovundura bilmədilər. Elə hey ağlayır: “mən burada darıxıram, öz məhləmizi istəyirəm, nə olar, evimizə qayıdaq”, deyirdi. Bacımın sakitləşmədiyini, ağlamaqdan gözlərinin şişdiyini görən atam onun başını qucağına sıxdı. Onların dialoqu indi də qulağımda səslənir: “Axı, belə istidə rayona qayıdıb neyləyəcəksən?. Adam orada evdən çölə çıxa bilmir, gedib xəstələnərsən. Məhlədə nə var ki, burada yoxdur”, soruşdu.
Bacımın cavabı özünü gözlətmədi: 
- Orada qızlarla “klas-klas” oynayacam.
- Burda həmin oyunu oynamaq olmaz?
- Yox, burda düz yer yoxdur ki, hər yer dərə-təpədir. 
- Yaxşı, qardaşlarına deyərəm, alaçıqlardan aşağıda sənə 5-10 metrlik düz yer hazırlayarlar. Oğlanların top qovduğu təpənin üstündə də oynaya bilərsiniz.
- Yox, ora uzaqdır. Həm də oğlanlar bizi orada oynamağa qoymurlar. 
- Mən deyərəm, qoyarlar. 
- Axı orda da asfalt yoxdur. Torpaq yerdə necə oynayaq?
Bacımın sonuncu arqumentinə atamqarışıq bütün böyüklər ürəkdən güldülər. Atam məğlubiyyətini boynuna alırmış kimi:
- Asfalt məsələsi çətindir. Bu dağın başında 5-10 metrlik düz yer tapmaq müşküldür, o ki qalsın asfalt ola, - dedi. 
Daha bacım da ağlamağını kəsib böyüklərin onun problemini necə həll edəcəklərini gözləyirdi. Bəyim nənənin atama:
“Heç nə olmaz, özün arana qayıdanda bir-iki günlüyə onu da apar, qoy o asfaltın üstündə istidən bişsin, sonra özü geri qaytmaq üçün yalvaracaq. Burda gül kimi havanı qoyub o asfaltı əridən istidə nə görüb, bilmirəm?”, deməsi isə onu tamam toxtatdı.
Bacım kimi bəzi əmiuşaqları da 3 ay yaylaqda qalmaqdan darıxır, hərdən rayon mərkəzinə qayıtmaq istəyirdilər. Ancaq böyük qardaşımla böyük əmioğlum və mən heç vaxt belə fikrə düşmürdük. Biz tətil başa çatana qədər dağlarda qalmaqdan ləzzət alırdıq...
Çoxlarına atam sərt, bir az da qapalı adam təsiri bağışlayırdı. Ancaq ona yaxından bələd olanlar nə qədər həssas, hətta kövrək qəlbli olduğunu yaxşı bilirdilər. Kiməsə əl tutmağı, yardım etməyi xoşlayırdı. Bəzi qohumlardan yaşca kiçik, yaxud həmyaşıd olmasına baxmayaraq, hamı onu özünə məsləhət, güman yeri bilirdi. Sağlığında çox nadir günlər olardı ki, hansısa qohum, ya qonşu nə işləsə bağlı evimizə gəlməsin. Ağlım kəsəndən kimi isə naümid yola saldığını görmədim. İllər sonra qohumlardan birinin mənə dediyi: 
“Rəhmətlik atan bizim hər işimizə əl tutardı. Heç biriniz ona oxşamadınız. Ümidimiz sənə idi. Sən də bir-iki dəfə kömək etməklə işini bitmiş sayırsan”, sözləri bunun təsdiqi idi.
Atam doğmalarına ürəkdən bağlı adam idi. Tale onu ilk gəncliyindən ailə qayğısı çəkməyə vadar etdiyindən qardaş-bacısı ailə qurandan sonra da onların üstündən əlini çəkmir, bunu  özünə borc bilirdi. Ömrünün son gününə qədər də dəyişmədi. İnsafən, qardaş-bacısı, başqa doğmalar da onu özlərinə ata bilirdilər. Xüsusilə əmimin və əmidostumun münasibətində bunu aydın görmək olardı. Bizim atamızın sözünü eşitmədiyimiz hallar olub. Mən ixtisas seçəndə, zərərli olmasını yüz dəfə deməsinə baxmayaraq, tələbə vaxtı siqaret çəkəndə belə hallara yol vermişəm. Ancaq əmimin, ya əmidostumun (atamın məsləhəti ilə qardaşı əmisi qızı ilə ailə qurmuşdu) onun bir sözünü iki etdiklərini nə mən, nə də bizdən böyüklər görmədilər. 
Yox, əmim ondan çəkinmirdi. Bu sonsuz ehtiram, böyük sayğı əmimin atama olan sevgisinin ifadəsi  idi. Özündən cəmi 5 yaş böyük olmasına baxmayaraq, atam onun üçün ata əvəzi, ağsaqqal, arxa-dayaq idi. Buna görə də atamın qəfil ölümü onu çox sarsıtmışdı. Aylarla özünə gələ bilmirdi. Atam növbəti ürək infarktı keçirdiyi vaxtdan cəmi dörd saat sonra bu həyata gözlərini əbədi yummuş, bizimlə bərabər əmimi də yetim qoymuşdu. Həmin günlər əmim “mən indi yetim qaldım, atam da, anam da bu gün öldü. O, mənə qardaş deyildi ki, ata idi” deyirdi.
Boyu onsuz da hündür olmayan əmim birdən-birə elə balacalaşmışdı ki. Dünyasını  dəyişənə qədər atamın və onunla eyni yerdə dəfn olunmuş bibimin erməni işğalı altında qalmış torpaqlardakı məzarlarının dərdini çəkirdi. 
“Bircə dəfə məzarlarına baş çəkə bilsəydim”, deyib dolmuş gözlərini gizlətmək üçün yerə zilləyirdi. Ancaq nə qədər qəribə də olsa, qardaş-bacısının məzarının dağıla biləcəyini bir dəfə də dilinə gətirmədi. Elə bil, o məzarların necə var, qoyub gəldiyi kimi qaldığına inanırdı. Bəlkə də başqa dərdlər kimi içində çəkib, bizim yanımızda demək istəmirdi.
O yerlərdə atam və bibimlə yanaşı, məndən böyük qardaşımın, əmioğlumun da məzarları qalıb. Əmim hətta 28 yaşında dünyadan köçmüş oğlu Telmandan daha çox atamın və bibimin məzarının həsrətini çəkirdi. Dindirməsən dinməyən əmim ürəyinin bəlkə də tən yarısını qardaşdan çox ata bildiyi şəxsə ayırmışdı. Onun da, bibimin də məzarınnn barbar ermənilər tərəfindən dağıldığını görsəydi, yəqin ürəyi tab gətirməzdi. Zəngilan işğaldan azad olunandan sonra o yerlərə səfər edən rayon sakinlərindən birinin məzarlıqdan çəkdiyi həvəskar videoda onların sinə və baş daşlarının uçurulub, sındırıldığını gördük. Bu mənzərənin ağır, ürək parçalayan təsirindən nə mən, nə də başqa doğmalarımız hələ də çıxa bilməmişik. Erməni vandallarının törətdiyi dəhşətlərin izlərini, türk düşmənçiliyinin bariz səhnələrini görmək istəyənlər həmin yerlərə, dünyasını dəyişmiş insanlarımızın əbədi uyuduqları məzarlıqlardan çıxarılaraq təhqir edilmiş cənazələrinə baxsınlar. Dirilərimizlə bacarmayan yaramazlar ölülərimizdən qisas almışlar. 
Atamla bağlı bitib-tükənməz xatirələrimdən biri də həmişə canlıdır. Bu hadisə məndən böyük, ailənin ikinci oğlu olan qardaşım Yusiflə bağlıdır. 6 yaşında dolu bədənli,  girdə sifətli, aydın baxışlı,  qarayanız qardaşım atamın uşaqlığını xatırladırmış. Yeganə yadigarı olan şəklə baxanda da aydın görünür ki, o öz böyük qardaşından daha sağlam, daha güclü, hətta ondan bir-iki yaş böyük təsiri bağışlayır. Eşitdyimə görə, əmioğlumla böyük qardaşımın birlikdə ona gücləri çatmırmış. Yusif ipə-sapa yatmazın biriymiş. Məhlədə həmyaşıdlarının hamısı ondan çəkinirmiş. Hər gün məhlədən keçən maşınlardan sallanmağı özünə adət edibmiş. Qardaşımla əmioğlum onun qorxusundan bu hərəkətini atamdan gizlədirmişlər. Bir dəfə arxasından sallandığı maşının təkəri çalaya düşür, çənəsini arxa bana söykəmiş Yusifin zərbədən çənəsi dişləri qarışıq əzilib bir-birinə qarışır. Neçə xəstəxana  gəzdirilsə də, beynindən aldığı zədəyə görə onu xilas etmək mümkün olmur.
Atam neçə illər sonra da o hadisədən danışanda gözləri dolurdu: 
- Ölüm ayağında da hərəkətlərindən qalmırdı. Çənəsinin tamam əzilməsinə baxmayaraq, dayanmadan danışırdı. Həkimlər böyük adamların dözmədiyi bu vəziyyətdə onun: “Əmi (əmimgillə bir yerdə yaşadığımızdan, biz də, onlar da atalarımıza əmi deyirdik), heç nə olmayacaq, anama de, ağlamasın, deyirdi. Sən mənə qəzəblənmirsən ki? Axı sözünə baxmadığıma görə belə oldu”, deməsinə təəccüb qalmışdılar.
Onun arxasından sallandığı maşın rayon ərazisində yerləşən hərbi hissəyə məxsus imiş. Sürücüsü də gənc bir əsgər. Hadisəyə görə cinayət işi açılıbmış, əsgəri bir neçə illik həbs cəzası gözləyirmiş. Çünki, o, uşağın arxadan sallaşdığını görüb maşını saxlamamışdı. Ancaq şikayətçi olmadığını bildirən atam, bunu yazılı şəkildə istintaqa da təqdim edərək, əsgərə cəza verilməsinə razı olmamışdı. Adını xatırlamadığı sərhəd dəstəsinin rəisi bu yaxşılığına görə atama minnətdarlığını bildirmiş, bunu heç vaxt unutmayacağını demişdi. İllər sonra onun vədinə sadiqliyi təsdiqini tapdı. O, Uzaq Şərqdəki hərbi hissələrdən birində komandir olduğu vaxt kütləvi davada iştirakına görə (Sovet ordusu sıralarında xidmət edənlər bəzi hərbi hissələrdə belə davaların tez-tez təkrarlandığını deyirdilər) uzunmüddətli həbs cəzası almalı olan bir Zəngilanlını məsuliyyətdən qurtarmışdı. Həmin şəxs hadisəni belə nəql edirdi: “Əsgərlər arasında davada 5-6 nəfər ağır yaralanmış, biri isə ölmüşdü. Hadisənin əsas günahkarlarının şəxsi işləri ilə tanış olan dəstə rəisi onlardan birinin, yəni mənim azərbaycanlı, özü də Zəngilanlı olduğumu biləndə məni yanına çağırtdırmışdı”. 
Onun dediyinə görə, komandir sorğu-suala belə başlayıbmış: “Zəngilanda bir nəfər desəm, tanıyarsanmı?” 
Atamın adı çəkiləndə həmin şəxs: “Sürücü işləyir, bizə də qohumluğu çatır” deyib.
Dəstə rəisi qardaşımla bağlı əhvalatı danışıb, atamın o vaxtkı yaxşılığını heç vaxt unutmadığını, elə buna görə də həmyerlimizi həbsdən qurtaracağını bildirmiş və sonra da buna nail olmuşdu.
Hadisəni atama danışan həmin şəxs onu hər gördüyündə “Sən olmasaydın, indi həbslərdə çürüyürdüm”, deyirdi. Mən də bir neçə dəfə bu söhbətin şahidi olmuşdum.
Övlad itkisi atamın həyatında ikinci böyük sarsıntısı olmuşdu. Onu ürək infarktına gətirən dərdlərdən biri də bu idi. 
Atamla bağlı xatirələrim çoxdur. Bunların bəzilərini özündən, bəzilərini isə qohum-əqrabadan eşitmişəm. Özümün şahid olduqlarım da az deyil. 
“Axı, başa düşməyən, səndən açıq-aşkar istifadə edən adamlara niyə bu qədər imkan verirsən”, soruşurdum. Gülümsəyirdi:
“Hələ cavansan, çətinlik görməmisən. Sonra başa düşərsən”, deyirdi. Çox vaxt da yalnız gülümsəməklə kifayətlənirdi. Ərk edib ona bəzən irad tutmağım da məni özünə təkcə oğul yox, həm də dost bilməsi ilə bağlıydı. “Mənim yoldaşlarım çox olub, ancaq əsl dostum çox az olub”, deyərdi.
Məni dost adlandırmasa da, orta məktəbin son sinfindən etibarən bütün dərd-sərini, düşüncələrini mənimlə bölüşərdi. Hərdən sınamaq üçün “bir iş görmək istəyirəm, sən necə fikirləşirsən, nə cür etsəm, daha yaxşı olar”, soruşar, bəzən də başqa yollarla fikrimi öyrənərdi. Elə bil, çətin vəziyyətlərdə özümü itirib-itirməyəcəyimi yoxlayırdı. Atamın məqsədinin nə olduğunu mən sonralar anladım. O, məni həyata hazırlayırmış. Mənimlə belə münasibətləri böyük qardaşımda qısqanclıq doğururdu. O, buna etirazını açıq demədiyi, bəlkə də deməyə cəsarəti çatmadığı sözləri (o vaxt mənə belə gəlirdi), atamın əsəblərini gərən səhv hərəkətləri ilə çatdırırdı. Hərdən qədərindən artıq içir, hərdən də evə vaxtından xeyli gec gəlirdi. Bir dəfə hətta ciddi səbəb olmadan mənə bir sillə də vurmuşdu. Sillədən daha çox belə münasibət görmədiyimdən o qədər hiddətlənmişdim ki, bütün xahiş-minnətlərə baxmayaraq, uzun-uzadı ağlamışdım. Üz-gözüm şişmiş, gözümün yaşı yanaqlarımda qurumuşdu. Hikkəmdən sakitləşə bilmirdim. Qardaşım elə peşiman olmuşdu ki, utanmasaydı, mənə qoşulub ağlayardı. 
“Qoy əmim gəlsin, halını görərsən!” Qardaşım həm onu gözləyən növbəti danlağın dilxorçuluğundan, həm də indicə özümdən gedəcəyimdən qorxub, əl-ayağa düşmüşdü. Məni qucaqlayır, “eybi yox, gələndə deyərsən, istəyirsən, sən də məni vur, təki ağlama”, deyirdi. 
O vaxta qədər münasibətlərimizdə nə pis şey vardısa (əslində, bunlar uşaq fantaziyaları idi) unutmuşdum. İndi də onun halına acıdığıma, məni bu qədər çox istədiyini ilk dəfə dərindən hiss etdiyimə görə ağlayırdım. Ancaq bunu nə o vaxt, nə də sonralar həmin hadisəni yada salıb, güləndə ona etiraf etmədim. Yəqin zəifliyin əlaməti hesab etmişdim, ya da yenə tərsliyimə salmışdım. Ancaq həmin gün atama heç nə demədim. 
Atamın məni həyata hazılamağının bir nəticəsi də işi ilə bağlı getdiyi əksər kəndlərə, rayonlara, az da olsa tanınan, bizə qohumluğu çatan, ya da aralarında münasibət olan adamlarla görüşə aparması, bəzi hallarda isə bizə qonaq çağırması idi. Mən onun sayəsində orta məktəbi bitirəndə artıq Azərbaycanın 20-yə yaxın rayonunda olmuş, riyaziyyat, fizika, iqtisadiyyat, tarix sahəsində  elmi dərəcələri olan, Bakıdan başqa, Moskva, Leninqrad kimi böyük şəhərlərdə təhsil almış şəxslərlə görüşmüşdüm.
Belə səfərlərimizdən biri orta məktəbin sonuncu yay tətilində Kəlbəcərə, İstisuya getməyimiz oldu. İlahi, otu-pencəri, gülü-çiçəyi, şıppırı, qantəpəri, əvəliyi, yüzlərlə başqa bitkisi ilə Kəlbəcər dağları bizim dağlara nə qədər oxşayırdı. Mən bu oxşarlığı daşında, qayasında, torpağında, dağlarının qatı dumanında da görürdüm. Laçın dağlarında olanda da eyni hissləri yaşamışdım. Bu oxşarlıq, daha dəqiqi, eynilik hər üçünün Kiçik Qafqaz sıra dağlarına aid olması ilə bağlıdır. İşğaldan bir az əvvəl sonralar yaxın dostum olacaq Borçalıda doğulmuş iş yoldaşım Bədirxan Başkemidli ilə Zəngilana ezamiyyətə getmişdik. Bizim yerlərin təbiətini görəndə o da eyni hisləri yaşamış, içdiyi suda, udduğu havada, dərdiyi bitkidə, qoxladığı çiçəkdə öz kəndlərini, el-obasını görmüşdü. Bu duyğular mənə necə də tanışdı. Dünənə qədər yuxularımızı da ərşə çəkən duyğular.
Atamın İstisuda tanış olduğu aran rayonundan gəlmiş bir nəfərlə gəzintiyə çıxmışdıq. Dağın yarısına qədər qalxmışdıq ki, həmin şəxs “yoruldum” deyib dayandı. Qayıtmağa məcbur idik. Mən yolun qalan hissəsini tək getmək üçün atamdan icazə istədim. Doyunca dağda dolaşmaq fikrindəydim. Atamın tanışı: “bura birinci dəfədir gəlmisən, gedib azarsan”, dedi. 
Onun, əslində, qayğıkeşliklə dediyi bu sözlər mənə gülməli gəldi. Heç bunu gizlətmədən: 
- Mən dağda azmaram, dağlarda çox olmuşam, başqalarına baxma, dedim.
Atam mənim bir az kobudluq etdiyimi görüb, tanışının inciməməsi üçün onun sözünə qüvvət verdi:
- Bax ha, azıb eləsən, arxanca gələn olmayacaq, dedi, sonra da gülümsəyib əlavə etdi: 
- Azsan, bir də “dağlarda böyümüşəm”, demə.
Mən həmin gün çox gəzdim və geri dönəndə özümlə bir dəstə dağ çiçəyi gətirdim. Onların arasında o vaxtadək görmədiyim, ləçəkləri qırmızımtıl, gövdəsi və yarpaqları yaşıl kauçuka oxşayan bir gül də var idi. Atamın da bu gülü tanımaması mənə çox qəribə gəldi. “Bizim dağlarda beləsi bitmir”, demişdi.
O ilin yayında Kəlbəcərdə, “İstisu” sanatoriyasında Azərbaycanın görkəmli yazıçıları Əli Vəliyevlə Bayram Bayramov da dincəlirdilər. Onları kitablarındakı şəkillərindən tanıyırdım. İndisə bəzi əsərlərini oxuduğum bu yazıçıları canlı surətdə görürdüm. 16 yaşlı ədəbiyyat həvəskarı, özünü şair sayan bir gənc üçün bunun necə böyük hadisə olduğunu yəqin təsəvvür edirsiniz. Fərəhdən az qala uçurdum. Onları həyatda, özü də lap yaxından görməyimə elə sevinirdim ki, sanki dünyanı mənə bağışlamışdılar. Atam da hər iki yazıçını üzdən tanıyirdı. Dediyinə görə, bir dəfə Qubadlı rayonunda hansısa tədbirdə Əli Vəliyevi görmüşdü. 
Mən bu görkəmli yazıçıların nə danışdıqlarını eşitmək istəyirdim. Hətta bəzən fikrimdən onlara yaxınlaşmaq, əsərlərini oxuduğumu, hansısa xoş sözlər demək keçirdi. İmkan düşən kimi onların getdiyi istiqəmətə üz tutur, sanki özlərindən xəbərsiz onları izləyirdim. Bir dəfə təsadüf elə gətirdi ki, bu görkəmli yazıçıların canlı söhbətinin şahidi oldum. “İstisu”yun yaxınlığında “Taxta düzü” deyilən, camaatın bazar kimi istifadə etdiyi ərazidə onlar bir nəfər bal satanın yanında dayanıb balla maraqlandılar. Yazıçıları müşayiət etdiyi hiss olunan yerli adam baldan bir az dadıb: “Məncə, pis bala oxşamır, almağa dəyər”, dedi. 
Əli Vəliyev də satıcının israrla “dadına baxın”, deyə təkid etdiyi baldan qaşığın ucunda götürüb ağzına qoydu. Sonra da:
“Bu da ocaq balı olmasın”, deyə sual dolu baxışlarla satıcının üzünə baxdı.
Yazıçının bununla nə demək istədiyini başa düşməyən satıcı çaşıb qıldı. Bu vəziyyəti görən Bayram Bayramov söhbətə qarışdı:
“Bir neçə gün qabaq Əli müəllimlə bu bazardan hərəyə bir balon bal aldıq. Adam saxta məhsulunu tərifləyib, axırda da “ocaq balıdır, peşiman olmazsınız, alın”, deyirdi. Biz də dedik, indi ki, ocaq balıdır, almağa dəyər. Hələ fikirləşirdik ki, geri qayıdanda hərəyə bir üçkiloluq balon da götürərik. Hansısa müqəddəs ocağın balını aldığımıza əmin idik. Heç yoxlamadan alıb sanatoriyaya qayıtdıq. Ancaq nömrədə balın dadına baxan Əli müəllim: “Vallah, bu, əsl bala qəti oxşamır, zalım oğlu, deyəsən, bizi aldadıb”, dedi. Baldan başı çıxan yerli tanışlardan biri də “sizə bal əvəzinə ocaqda balla qarışdırılaraq bişirilmiş şirə satıblar”, deyəndə başa düşdük ki, aldanmışıq. Sən demə, o qoçaq “ocaq balı” adı ilə bizə adi ocağın üstündə hazırlanan az qala tən yarısı şəkər olan bal satıbmış. Əsl “ocaq balı”.
Sonuncu sözdən hamının  dodağı qaçdı. 
Əli Vəliyev onun dediklərinə bir az da qüvvət verdi:
- İndi bu bal da “ocaq balı” çıxsa, işimiz tam düzəldi ki. Ocaq da nə ocaq, - deməsi gülüş sədalarını bir qədər də yüksəltdi. Bu söhbətdən azca pərt olan satıcı:
- Yox, ay müəllim, Allah eləməsin, bu ocaq balı deyil, əsl baldır. İstəyirsiniz, aparın yoxlayın, bəyənməsəniz, mən hər gün burdayam, gətirib qaytararsınız, - dedi.
Əli Vəliyevin: - A kişi, narahat olma, niyə ocaq balı deyil, səninki əsl ocaq balıdır, deməsi onun pərtliyini bir az da artırdı.
Ancaq yazıçıların hərəyə bir balon bal alması satıcını bir az toxtatdı. 
Bu söhbətin şahidi olduğum üçün özümü çox xoşbəxt hiss edirdim. Zarafat deyildi, iki görkəmli yazıçının yanında olmuş, onların canlı söbətlərini eşitmişdim. Həmin gün bal almaq üçün “Taxta düzü”nə getdiyimizə görə çox sevinirdim. Düşünürdüm ki, bəxtim gətirib.
Bir dəfə də məşhur “Ceyran bulağı”na gedirdik. Artıq 3 deyil, 4 nəfər idik. Sən demə, atamın Leninqradda (indiki Sankt-Peterburq) yaşayan əsgərilk dostu Sergey bir-iki ay qabaq ona məktub yazıb, müalicə üçün İstisuya gələcəyini bildiribmiş. Biz də ona görə İstisuya yayın daha isti ayı olan iyulda yox, avqustda gəlmişdik.
Bulağa sarı enmədən dağa doğru qalxdıq. Qalxdıqca atamın kefi daha da durulur, gözlərinə sanki işıq gəlirdi. Birdən o asta-asta zümzümə etməyə və az sonra var səsi ilə müğam oxumağa başladı. Elə bil atamın səsi indiyidək eşitdiyimdən daha məlahətli, daha gur idi. Pərdə-pərdə qalxan və enən bu səs yaxınlıqdakı dağda əks-səda verib, sanki bir az da əzəmətli olmuşdu. Elə bil, quşa dönüb uçmaq, bulaq olub axmaq istəyirdi. Səsini zilə qaldırdıqca Leninqradlı qonağın marağı bir az da artırdı, başa düşmədiyi sözlər, avaz sanki ona da doğmalaşırdı. Atam oxumağına ara verəndə dostu Sergey “əsgərlikdə bu qədər ucadan oxuduğunu görməmişdim” dedi. Atam hərbi xidmətə 1946-cı ildə gedib dörd ildən sonra qayıtmışdı. Bərpa illərinə görə onlar müddətdən artıq xidmət etmiş və Rostov-Don kanalının tikintisi başa çatdıqdan sonra tərxis olunmuşdular. Daxili Qoşunların əsgəri olan atam o zonanın ən böyük həbsxanalarından birinin mühafizə taborunda xidmət etmişdi. İndiki çavuşlar üçün təşkil olunan kursu bitirmiş, heç yarım il keçməmiş yaxşı xidmətinə və cəsarətinə görə onu starşina vəzifəsinə keçirmiş və həmin rütbəni vermişdilər. Bu vəzifədə atam normal əmək haqqı alırmış və hər ay maaşının cüzi bir hissəsini özünə saxlayıb, qalanını göndərirmiş. 
Sergeyin dediyinə görə, atam ona həvalə olunmuş bölmədə elə nizam-intizam yaradıbmış ki, yoxlamaya gələnlərə onun bölməsini nümunə göstərirmişlər. Dörd il ərzində onun bölməsi növbədə olan vaxt ciddi nöqsana yol verilməmişdi. Bir dəfə onların növbəsində bir qrup dustaq daxildə keşik çəkən əsgərlərə hücüm edəndə özünü itirməmiş, onların silah ələ keçirə biləcəyini hiss edərək, əvvəl xəbərdarlıq atəşi açmış, dustaqların dayanmadığını gördükdə ikinci atəşi onların lap başı üzərindən, bir-iki qarış yuxarıdan  atmışdı. Sergeyin dediyinə görə, dustaqların çoxunun qorxudan rəngi ağarıbmış. İtaətsizlik göstəriləcəyi təqdirdə, qafqazlı balasının silahdan birbaşa hədəfi məhv etmək məqsədi ilə istifadə hüququna əl atacağını kəsdirib “yerində dur” əmrinə tabe olmuşdular. Bu hərəkətinə görə atam yuxarı komandirlikdən mükafat, hərbi hissədən isə təşəkkür almışdı.
Əsgəri xidməti barədə özünün mənə danışdıqları da yadımdadır. Deyirdi, bir dəfə dustaqları nəzarət altında iki-bir, üç-bir gəzintiyə çıxaranda bir çərkəz balası mənə yaxınlaşıb, “Mən istəsəm, qaçaram, heç tuta da bilməzsiniz”, dedi. Mən də: - qaçmaq istəyənlərin nə günə düşdüyünü  eşitmədinmi? - soruşdum.
- İnanmırsınız, əl-qolumu bağlayın, onda görərsiniz.
Onun əl-qolunun bağlayırlar. Çərkəz balası ilan kimi qıvrıla-qıvrıla yerdə elə sürətlə irəliləyirmiş ki, addımlarını yeyinlətməsən, heç cür ona çata bilməzdin. Atam ona: “Qaça bilərsən”, demişdi.
Köçkünlükdən sonra bizim rayon adamları ilə görüşən neçə-neçə iş yoldaşım, dost-tanışım mənə dedilər ki, tanışlıq vermədən atandan söz saldıq, “yaxşı adam idi”, dedilər. Mənə çatan bu sorgu-sualların cavabları arasında “kişi adam idi”, “heç kəsə  pisliyi keçməmişdi”, “camaatdan getdi”, “çörəkli, gözütox adam idi” deyənlər də az olmamışdı. Mənsə yalnız onu əlavə edirəm ki, zəngilanlılarla görüşəndə əksəriyyəti “atan ayrı adam idi, incimə, sizin ona çatmağınıza hələ var”, deyiblər. İncimək nədir, bu sözlərdən həmişə qürur duymuşam. Ölümündən sonra da övladlarına öz əməlləri ilə, qoyub getdiyi adla yol açan bir insanın övladı olmaq böyük xoşbəxtlikdir. Bunu yalnız eyni hisləri yaşayanlar bilər.
… Hər yay getdiyimiz yaylaqlara bir çoxları öz  mal-qarasını, qoyun-quzusunu da aparıb orada saxlayırdılar. Atam işi ilə bağlı özü baxa bilmədiyinə görə biz mal-heyvan saxlamırdıq. Buna imkanımız olsa da, bizim əziyyət çəkməyimizi də istəmirdi. Həyətimizdəki tövləyə toğlular yalnız qısa müddətdə kəsilmək üçün gətirilirdi. Yaylağa  gələn əksər qonşularımız özlərini yayboyu təzə süd-qatıqla təmin edir, həm də heyvanları aranda (dağətəyi olmasına baxmayaraq, rayon mərkəzini belə adlandırırdıq) qalıb qızdırmasın deyə mal-qaranı, qoyun-quzunu da özləri ilə dağa çıxarırdılar. Biz və bir neçə qonşu ağartı məhsullarını yaxınlıqdakı çobanlardan (onların alaçıqları yurd yerindən hardasa 2-3 kilometr məsafədə idi) alırdıq. Həmin yay bizim dağların Ermənistana verilməsinin 10-cu yayı tamam olurdu. Bu vaxtadək azərbaycanlıların dağlara mal-qara ilə gəlməsinə heç bir məhdudiyyət qoymayan ermənilər o yay, elə bil,  tərsə düşmüşdülər. Dövlət təsərrüfatı olan kolxoz, sovxozun mal-qarasına bir söz deməsələr də, fərdi təsərrüfatlara qadağa qoymuşdular. Mal-qarasını xəlvəti kolxoz, sovxoz təsərrüfatına qatıb gətirənləri də geri qaytarmaq istəyirdilər. Dağ qonşularımız dilxor idilər. Danışıq aparmaq üçün məsləhətləşib yerli erməni kəndlərinin təsərrüfat rəhbəri ilə görüşə onu hamıdan yaxşı tanıyan atamın getməsinə qərar verdilər. Atam geri qayıdandan sonra razılıq aldığını yəqinləşdirən qonşular necə olduğunu soruşdular:
Atam: “Gördüm tərsliyinə salıb, dedim 5-10 il qabaq biz bu dağların sahibi olanda ondan daha çox siz fayda görürdünüz. O vaxt dost idik, kirvə idik, bəs indi nə oldu? Heç kəs mal-qarasını geri qaytarmayacaq, razılaş. Bəhanə etdi ki, tapşırığı raykomdan veriblər, onlara deyin. Dedim, onlara niyə şikayət edirik, lazımdırsa, elə birbaşa Moskvaya teleqram vurarıq. Moskva sözünü eşidəndə üzünün ifadəsi dəyişdi. Bir az mızıldanıb, “Moskva bizə öz təsərrüfatımızı bərbad günə qoymağı əmr etməyəcək ki. Elə buraları bizə maldarlığı, qoyunçuluğu dirçəltmək üçün Moskva verib”, - dedi. Mən də cavabında eybi yox, qoy Moskvadan cavab gəlsin ki, biz bura gəlməməliyik, camaat da işini bilsin, başına bir çarə qılsın. Bu sözləri deyib çıxmaq istəyirdim ki, “Yaxşı, bu ilin məsuliyyətini mən öz üzərimə götürürəm, amma qoy gələn ildən heç kəs buranı otlağa çevirməsin”, dedi.
Onlar erməni dilində söhbət etmişdilər. Atam rayona qayıtdıqdan bir necə gün sonra yurd yerinə gələn Razmik adlı həmin sədr: “Ara, bu Şükür kirvə də yaman tərs adamdı ha, mənə deyir, Moskvaya yazacam. Ara, yaz da ... Deyir, bir ermənini də kəndə gətirməyəcək. Gətirib pulunu alırsan da. Mənə nə, sən kimi gətirəcəksən, kimi yolda qoyacaqsan. Məndən də raykom tələb edir”, demişdi.
Ermənilər İrəvandan, Bakıdan Qafana qatarla yeganə dəmir yolunun keçdiyi Zəngilan ərazisindən gəlirdilər. Onların da bəziləri bizim kəndlərə yaxın yerləşən 3 erməni kəndinə rayon mərkəzindən ya taksi, ya da yol maşını ilə gedirdilər. Biri qəsəbə tipli olan bu kəndlərdən ikisi çox abad, hər cür sosial şəraitə malik kəndlər idi. Azərbaycan ərazisindən çıxan kimi həmin kəndlərə geniş asfalt yol uzanırdı. Bizim bəzi dağ kəndlərinə isə, ümumiyyətlə, yol çəkilməmişdi, olanlar da çox bərbad vəziyyətdə idi. 
1980-ci illərin ortalarına qədər ermənilər fərdi təsərrüfat sahiblərinin dağlara mal-qara çıxarmasının qarşısını ala bilmədilər. Bütün bunlar oxucuya qəribə, hətta lüzumsuz görünə bilər. Ancaq bu xatirələrdə atama olan sonsuz sevgi nə qədər rol oynasa da, heç nəyi artırıb-əksiltməmişəm. Buna ehtiyac da yoxdur. Ermənilərin bizim qədim yurd yerlərinə necə sahiblənməsinin nümunələrindən biri olan həmin hadisələr Moskvanın birbaşa göstərişi ilə baş verirdi. Zəngilan rayonuna məxsus yaylaq ərazilər 1968-ci ildə, Qafanda təyyarələrin enib-qalxması üçün lazım olan ərazi isə 1985-ci ildə, məlum hadisələrin başlanmasından cəmi 3 il qabaq Ermənistana verilmişdi. Bu sənədlərə imza atanlar Zəngəzurun taleyindən xəbərdar deyildilərmi? Əlbəttə, xəbərdar idilər, ancaq görünür, ya vəzifələrini itirmək istəməmişdilər, ya da uzaqgörən olmamışdılar.
Atama olan sevgim isə, şübhəsiz, bu xatirələri mənə yenidən vərəqlədən əsas səbəbdir. Jurnalist olacağımı nəzərə alırdı, ya da həyatından xəbərdar olmağımı özü üçün bir təsəlli sayırdı, yoxsa ürəyini qızdırdığı üçün bütün bunları mənə danışırdı, bilmirəm. Ancaq hər dəfə belə söhbətlərdən sonra nə qədər rahatladığını, ürəyini boşaltdıqca, gözlərində bir ümid işardığını görür, sevinirdim.
“Mənim həyatım əsl romandır, necə var, elə də yazarsan. Başıma o qədər işlər gəlib, elə günlər yaşamışam ki, hərdən özüm də inanmaq istəmirəm. Bütün bunlara necə dözmüşəm? Allah məni yazıçı yaratmayıb ki, başıma gələnləri özüm yazam. Sən də redaktə edərdin, jurnalist deyilsən?!”.
Yox, hələ jurnalist deyildim. Bu söhbəti edəndə mən 4-cü kursda oxuyurdum. Sonrakı il artıq neçənci dəfə bu söhbətə qayıdanda “yazdıqlarını çap etdirməmiş heç kimə, lap mənim özümə də göstərməzsən”, demişdi.
- Niyə? Sən baxıb, yadımdan çıxan yerləri yadıma salarsan, səhvlərimi düzəldərsən.
- Nəsə yadından çıxacaqsa, deməli, yadda saxlamağa dəyməzmiş. Yadda qalanları yazsan bəsdir.
Bir də yazacaqlarımda ulu babalarının, nənələrinin hansı kökə, hansı nəslə bağlı olduqları barədə qısaca məlumat verməyimi istəyirdi. Mən də ondan eşitdiklərimi bacardığım qədər dəqiq yadda saxlamağa çalışırdım. Dediyinə görə, ulu babası İsmayıl Cənubi Azərbaycanın (İranın) Əhər mahalından olub, 1860–70-ci illərdə başqa bir ailə ilə aralarında qan davası düşdüyündən təkbaşına köçüb Zəngilanın Qafanla həmsərhəd olan Karrar kəndində məskunlaşıb. Bu kənddə ailə quraraq yaşayıb. Onun üç övladı olduğu məlumdur. Böyük oğlunun, bizim ulu babamız Babanın Hevi və Məhəmməd adında iki qardaşı da olub. Onların sonrakı taleyi barədə mənə az şey məlumdur. Hevi haqqında onu bilirəm ki, uzunboylu, enli kürəkli, güclü adam olub. Yaxşı da güləşçi imiş. Yaxın ərazilərdə qarşısına çıxan güləşçi yox imiş, ətraf rayonlarda özündən deyən neçə güləşçinin kürəyini yerə gətiribmiş. Deyilənə görə güləşmək üçün Gorusdan, Qarabağdan belə neçə yerə çağrılırmış. Mərclə bir dəfə böyük bir öküzü çiyninə alıb, əyilib bulaqdan su içib. Bunu görənlərin heyrətdən gözləri bərələ qalıbmış. Bu hadisə onu yaxşı tanımayanlarda gücünə əminlik yaradıb. 
Atamın babası olan Baba kişinin altı oğlu, iki qızı olub. Oğlanlarından yaşca ən böyüyü olan Musa və Astan, bir də böyük qızı Qaraqız 1918–1920-ci illərdə ermənilər tərəfindən Zəngəzur kəndlərində törədilən qırğınlarda, kiçik qızı Bəyim isə ailənin üçüncü oğlu olan qardaşı Behbud kimi lap körpə yaşında həlak olublar. Dördüncü oğlu Şükür dağlarda çobanlıq edib və gözunə batan çöpün törətdiyi infeksiyadan dünyasını dəyişib. Qalan iki oğlu, babam Məmiş və qardaşı Əmirxan o qanlı hadisələrdən sonra dağılmış, yandırılmış Karrar kəndindən Zəngilanın başqa həmsərhəd kəndi olan Kolluqışlağa köçüblər. Bu kəndə köçmələrinin başlıca səbəbi onun da vaxtı ilə həmin zonanın adlı-sanlı bəyi sayılan Nəriman bəyə mənsubluğu olub. Buna görə Kolluqışlaq camaatı ilə daha sıx əlaqələri varmış. Hər ikisi burada ailə qurub, övlad sahibi olublar... 
Mən sonuncu kursda oxuduğum ilin payızında atam vəfat etdi. Onunla bağlı xatirələri qələmə almaq ümidilə 1990-cı illərə gəlib çatdım. Jurnalist oldum, müxtəlif qəzetlərdə işlədim. Yazdıqlarımın arasında hər cür mövzu oldu. Ancaq atam barədə yazmağa macal tapmadım, çünki onun roman olacağına söz vermişdim. Bir də, atamın ölümündən sonra mən də qismən onun taleyini yaşadım. Ondan bir neçə ay sonra təyinatla rayona qayıtmaq məcburiyyətində qaldım, çünki böyüyü 16, sonbeşiyi 7 yaşında üç qardaş-bacımı analığım tək saxlaya bilməyəcəkdi. Böyük qardaşımın da öz ailəsi vardı. Oğlunun iki yaşı təzə tamam olmuşdu. Elə bu məqsədlə də ali məktəbi mənimlə bir ildə bitirən bacımla rayona qayıtdıq. Artıq ailənin dolanışıq problemləri olmayacaqdı. Mən də, bacım da işləyirdik. Əvvəlki illər əmək haqqı öz zərüri xərclərinə güclə çatsa da, sonralar o da ailənin dolanışığına kömək edirdi. Mən 15 yaşında ailə qayğısı çəkən atamın düşdüyü vəziyyəti indi daha yaxşı anlayırdım. Bunu deməklə, özümü onun yerinə qoymaq istəmirəm. Çünki 1944-cü ilin ağır müharibə ili ilə 40 il sonrakı vəziyyəti eyniləşdirmək düz olmazdı. Bir də, hər iki valideynini itirməklə, heç olmasa, onlardan biri ilə birgə ailə qayğısı çəkmək arasında böyük fərq var. Hələ ətrafımızdakı yaxın qohumları, böyük qardaşımın imkan tapan kimi əl tutmasını demirəm. İkinci qardaşım Minskdə ali təhsil alanda o da, bacım da öz köməyini əsirgəmirdilər. O, ali məktəbi qurtaranda artıq mən iki il idi ki, ailə qurmuşdum. Həyat yoldaşım da mənə dəstək verərək: 
“Biz burada korluq çəksək də olar, ancaq onu qərib yerdə pul-parasız qoymaq olmaz”, deyirdi. 
O, sonrakı illərdə də qardaş-bacımın qayğısına eyni həssaslıqla yanaşmaqla mənə daim dəstək oldu. Onlar ali təhsil də aldılar, həyatlarını istədikləri kimi qurmaq imkanları da oldu. Ancaq atasızlığın gətirdiyi qüssənin onları necə üzdüyünü görmək mənim qəm payımı dərd yükünə çevirdi.
... Atam ölüm ayağında olduğunu bilsə də, “uşaqlara (məni və bacımı nəzərdə tuturdu) deməyin, qoy dərslərindən qalmasınlar. Bir ay sonra imtahanları başlayır” demişdi. 
Ancaq əmimin tapşırığı ilə əmiqızım bizə teleqram göndərib onun xəstə yatdığını və bizi görmək istədiyini bildirmişdi. Bu xəbəri eşidəndə içimdə sanki nəsə qırılmışdı. Ola bilərdimi ki, atam yalnız xəstə yatdığına görə bizi çağırtdırsın? Əğər belədirsə, niyə özü zəng vurmayıb? Bizim kirayə qaldığımız evin telefonuna ayda azı iki dəfə zəng vurmurmu? Mən onun artıq həyatda olmadığına əmin idim. Ağlım kəsəndən bəri bir dəfə də nəinki xəstəxanada, heç evdə də müalicə almayan, dərdini içində çəkib, xəstəliyini ayaqüstə keçirən atam, birdən-birə o qədər ciddi olmayan səbəbə görə xəstəxanada yatmazdı. Bu bir yana, bizi heç vaxt çağırmaz, əziyyət çəkməyimizə qıymazdı.
Həmin axşam qatarla rayona çıxdıq. Rayon məkəzinə səhər saat 8 radələrində çatdıq. Qatardan düşən kimi mənimlə həmyaşıd əmioğlumun bizi gozlədiyini gordük. Elə oradaca: “Artıq yoxdur, hə?”– deyə soruşdum. 
Əmioğlum özünü saxlaya bilməyib hönkürdü. Vağzaldan evimizə qədər olan iki kilometrlik məsafəni atamın sürücü yoldaşlarından birinin maşını ilə gəldiyimiz 4-5 dəqiqə mənə nə qədər uzun göründü...
Mən atamın üzünə ağ çəkilmiş cənazəsinin qoyulduğu içəri otağa necə girdiyimi, onun üzərinə özümü necə atdığımı, ətrafda dövrə ilə oturmuş qadınların məni görən kimi bir az da ucadan ağlamalarını, Bəyim nənənin sadəcə: “Gəlib çıxdınız”, deməsini eşitdim. Amma bütün bunlar sanki yuxuda baş verirdi. Gözlərimin qarşısında hər şey dumana bürünmüşdü. Təkcə atamın cansız bədənini görür, ancaq buna inanmaq istəmirdim. Bir xeyli bu vəziyyətdə gözlərimi ona zilləyib qaldım. Kimsə, qolumdan tutub məni ayağa qaldıraraq: “Tələbə yoldaşların gəlib”, dedi. Qalxmadım. Məchul bir nöqtəyə dikilmiş gözlərimi atamın üzünə çəkilmiş örtükdən ayıra bilmirdim. Birdən elə bil daxilimdə bu örtüyü götürüb kənara atmaq, onun üzünə baxmaq istəyi yarandı. Bu qarşısıalınmaz hissin təsiri altında əlimi uzadıb həmin örtüyü atamın üzündən götürüb, sinəsinə qədər çəkəndə bunu gözləməyən qadınların qıyıltıya oxşar səsi bütün otağa yayıldı. Bu səsi çöldə toplaşanlar da eşitmişdilər. Ancaq onların etirazları da məni durdurmadı. Qohumlardan biri: 
“Qoyun baxsın!” dedi. - “Elə buna görə dəfni saxlamışıq ki, atasının nədən öldüyünü öz gözləri ilə görsün”. 
Bunu deyib, həmin qohum atamın cənazəsini arxası üstə çevirdi. Atamın kürəyindəki iri, qan yığılmasından qaralmiş ləkəni mənə göstərəndə həmin qohum hönkürtüsünü saxlaya bilmədi. 
Bununla sanki onun nədən öldüyünü bilməyimi, heç bir şübhəmin qalmamasını istəyirdi. 
Atamın gözləri yumulu olmasaydı, sifətində, daha çox da burnu ilə ağzının qovşağında və alnında bir az sarılıq əlamətləri hiss edilməsəydi, heç nəyin dəyişmədiyini deyərdim. Ancaq atam nəfəs almırdı, hərəkətsiz idi. Əsas dəyişiklik də elə bu idi. Cansız bədənində heç bir həyat əlamətinin qalmaması. 
- Axı birdən-birə necə ola bilər?
Səsim özümü də üşətdi. Sanki qeybdən gəlirdi. Arxadan tanış bir səs: “Birdən niyə, bilirdiniz ki, iki dəfə infarkt keçirib”, dedi.
Bu, həqiqət olsa da, atamın ölümü qəfil baş vermişdi. Cəmi üç-dörd saatın içərisində xəstələnmiş, həkimlərin gecikmiş səyləri də bir nəticə verməmiş, ürəyi növbəti infarkta davam gətirməmişdi (el arasında “ürəyi partladı”, deyirlər). 
İnsanların özləri kimi ölümləri də fərqli olur.  Hansısa xəstəlik səbəbindən yatağa düşüb, aylar, bəzən illər ərzində özünü də, ətrafını da incidənlər olur. Doğmalarının səmimiliyi şübhə doğurmayan münasibətlərinə, hər cür can yandırmalarına baxmayaraq, belə arzuolunmaz vəziyyətə düşənlərin nələr çəkdiyini bir Allah bilir. Qəfil ölümün isə, nə qədər urvatlı olsa da, dərdi başqadır. Az qala bir göz qırpımında baş verib, doğmalarını sarsıdır, cavabsız suallar doğurur. İllərlə bu ölümlə barışa bilmir, doğruluğuna inanmaq istəmirsən. Əslində isə sürətlə baş verdiyini güman etdiyin bu ölümlərə doğru insan az qala bütün ömrü boyu yol gəlir. İçinə yığdığı ağrıyla, dərdlə, keçirdiyi əzablı günlərlə. Ölüm bu yaşantıların sonu, nəticəsi olur. Atamın ölümü kimi.
...Qadınlar mənim səsimdən diksinmiş kimi öz aralarında nəsə pıçıldaşmağa başlamışdılar. Yaxın qohumlardan biri qulağıma nəsə deyə-deyə məni zorla ayağa qaldırdı. Təkcə “qoy ağlasınlar, bir azdan yumağa aparmalıyıq, dünəndən sizi gözləyirdik”, deməsini aydın eşitdim. Qadınların bayaqdan bəri ağlaşmanı kəsib, gözlərini mənə zillədiklərinin fərqinə yalnız indi vardım. Bir qədər sonra böyük əmioğlum qoluma girib məni həyətə çıxardı. Burada tələbə dostlarım məni gözləyirdi. Onların bizdən sonrakı qatarla çıxdıqlarını başa düşdüm. Ola bilsin, evimizə zəng edib xəbər tutmuşdular. Mən bunu fikrimdən keçirdiyim anda böyük qardaşım: “Zəng vurub, soruşdular”, dedi. 
Yuyulmaq üçün götürmək vaxtının çatdığı bildiriləndə yenidən içəri keçdim. Altına salınmış xalçanın baş tərəfindən götürmüşdüm. İçimdə qəribə bir hiss vardı. Bütün varlığımla Allaha yalvarırdım ki, bir möcüzə baş verə, xalçanın arasındakı o olmaya. Ancaq tam eyni zamanda bunun məhz o olduğunu dəqiq bilirdim. Yuyulandan sonra qan yığılıb qalmış çiyinlərinə baxdım. Sanki yığılmış qan qoltuqlarını şişirdib çiyinlərini yuxarı qaldırmışdı. Əllərimlə sinəsini, kürəyini elə yoxlayırdım ki, elə bil, heç nə olmayıb. Elə bil, nə bu faciə baş verib, nə də onu son mənzilə yola salmaq üçün hazırlayırlar. Bunlar hamısı mənə bir qurama  kimi görünürdü. Həmin anlarda bu qəfil ölümə nəyin səbəb olmasından  savayı, heç nə haqqında düşünə bilmirdim. Tabuta qoyub həyətə çıxardıq. Buraya xeyli adam toplaşmışdı. Molla Quran oxuyanda mənə elə gəldi ki, çevrilib arxaya baxsam, mütləq onu görəcəm. Bəlkə də buna daxilən inanmadığımdan və bütün bunların yalnız ümid olduğunu bildiyimdən arxaya çevrilmədim. Ancaq bunu etməkdən özümü güclə saxlayırdım. Sanki eyni zamanda da, hansısa qüvvə mənə bunu etməməyi əmr edirdi. İndi də həmin anları yada salanda keçirdiyim bu ikili hissin səbəbini tam anlaya bilmirəm.
Tabutu çiyinlərimizə alanda birdən-birə fikirləşdim ki, bu həyətdən tabut aparıldığını yaxşı ki, o görmədi. Elə bil, harasa uzaq bir yerə getmişdi və biz tamam başqa bir adamı dəfn etməyə aparırdıq. Fikirləşdim ki, yəqin çox gec gələr. Bilsə ki, qəbiristanlıqdayıq, yəqin birbaşa oraya gələcək. Birdən beynimdən qəribə bir fikir keçdi. Kaş, bu tabutun içərisindəki bu evdən istənilən adam, hətta mən özüm olaydım, yalnız o olmayaydı. Bax onda birdən-birə sarsıldım. Tam reallığı ilə yəqin etdim ki, hamımız sağ-salamatıq, tabutda apardığımız isə odur, atamdır. İstədim xahiş edim, tabutu yerə qoysunlar, açıb içərisinə bir də baxım. Ancaq yaxşı ki, elə bu vaxt arxadan “yorulmusansa, qoy başqası götürsün” deyildiyini eşitdim. Bəlkə də bunu bayaqdan bəri mənə deyirdilər. Mən isə yalnız indi eşitdim. Çiynimi çəkməsəm də, möhkəm olmaq lazım olduğunu anladım. 
Dəfn günortadan sonra oldu. Hazır məzar yerini görəndə yenə inanmağım gəlmədi. Dibi qara torpaq olan məzarın yanları mişar daşı ilə hörülmüş, ətrafına da aqlay daşları düzülmüşdü. Mənə elə gəldi ki, adamlar kədərdən daha tez yaxa qurtarmaq üçün hər şeyi belə tələm-tələsik hazırlayıblar. Tabutu yerə qoyanda beynimdən nə vaxtsa eşitdiyim bir fikir keçdi. Kaş bir gün də gözləyəydik. Guya kimlərsə letargiya yuxusuna gedib, ölmüş bilib dəfn ediblər. Ancaq dəfndən bir neçə gün sonra ayılsalar da, torpağın altından çıxa bilmədiklərindən ürəkləri partlayıb. Bəlkə atam da letargiya yuxusundadır. Axı onun gözlərini yumduğu vaxtdan cəmi günyarım keçir. Ancaq heç nə demədim, bir də fikirləşdim ki, o, belə tezliklə ölə bilməzdi. Cəmi 18 gün qabaq həyətdə dayanıb, söhbət etmişdik. Axı bir il sonra da bizim yanımıza gələcəyinə söz vermişdi. O heç vaxt bizə yalan deməmişdi. Deməli, bir il sonra hökmən gəlməli idi. Bir də demişdi ki, “səndən əziz kimim var, sözümü deyim, dərdimi deyim”. Ancaq bu sözləri niyə dediyini indiyədək aydınlaşdıra bilməmişəm. 
Əmim cənazənin qoyulduğu yerə bir ovuc torpaq atdı. Elə bil, qaldırılıb düz gözlərimin qarşısından atılmış o torpağın haraya düşdüyünü dəqiq görə bilmədim. Hərdən o günü yada salanda, elə bil, gözlərimin qarşısından yenə bir ovuc torpaq atırlar və o bir ovuc torpaq heç yerə düşmür, elə göydə qalır.
Mərasim bitdikdə nə baş verdiyini, harada olduğumu birdən-birə anladım. Atam vəfat etmişdi. Biz onu qəbiristanlıqda bibimin məzarının yanında dəfn etmişik. Bəlkə də bir saatdan artıq üstündə durduğum torpaq topasının ətrafına yığışmış adamların tanış üzlərini, qolumdan tutub mənimlə dayanan tələbə dostlarımın kədərli baxışlarını indi gördüm. Mən onlara, atamın iş yoldaşlarına, qonşulara və onu son mənzilə yola salmaq üçün bura toplaşmış adamların hamısına belə bir gündə yanımızda olduqlarına görə təşəkkür etdim.
Elə bil, həmin gün hamı sözləşmişdi. “Axır qəminiz olsun”, “Allah rəhmət eləsin”, “Başınız sağ olsun”… bütün bu ifadələrlə sanki məni onun yoxluğuna inandırmağa çalışırdılar. Ancaq hələ də bunun baş verdiyinə inanmaq istəmirdim. Tələbə dostlarımla söhbətdən sonra bir anlığa sanki həyətdəki camaatı da unudurdum. Onların burada bizimlə birgə yasda iştirak etdiklərinə inanmağım gəlmirdi. Fikirləşirdim ki, heç kimə inanmaq olmaz, olsun, bizi yoxlayırlar. Ancaq içəri otaqlara göz gəzdirəndə, camaatı yola salanda yenə hər şey dəyişirdi. Axı bu qədər adam eyni vaxtda səhv edə bilməzdi. Bir də, səhər bizi qarşılayan sürücü “atan rəhmətə gedib” demişdi. Di gəl ki, onda da inanmamışdım, indi də inana bilmirdim. Ani olaraq bu reallığı qəbul etdiyim anlar olurdu, ancaq tez də bu fikirləri özümdən uzaqlaşdırırdım. 
Axşam düşəndə birdən-birə gündüz ağlımdan keçmiş bir fikri xatırladım. İstədim səssizcə gedib qəbri açım, ancaq eyni zamanda, düşündüm ki, birdən o özü olar. Bu fikir məni dəhşətə gətirdi. Yox, əgər oradakı odursa, bu gecə ruha çevrilib yanıma gəlməlidir. Axı sonuncu görüşümüzdə demişdi ki, get, gələndə sənə bir söz deyəcəm. Olsun, bu gecə deyə bilmədiyi həmin sözü ruhu mənə çatdıracaq. Birdən-birə özümə nifrət etdim. Axı niyə özü deyil, ruhu? Ruhun gəlişi haqqında dostlardan birinə verdiyim suala görə indi xəcalət çəkirdim. Oturub onu gözləməyə başladım. Birdən ağlımdan keçdi  ki, gəlsə də, həyətdən evə girməyəcək. Ona görə də düşüb bir xeyli həyətdə gözlədim. Bir neçə dəfə aşağı-yuxarı yerimi dəyişdim. Pəncərə önündəki bir quşu onun ruhu hesab etdim. Fikirləşdim ki, yəqin quşa çevrilib gəlib. Ancaq səhər açılanda hiss etdim ki, bir daha gəlməyəcək. Birdən ağlıma gəldi ki, bəlkə məndən inciyib, ona görə gəlmədi... 
Rayondan yola düşəndə qatar gəlib çıxanacan az qaldı ürəyim partlasın. Elə bil, bax, indicə dəmiryol vağzalının perronunda görünəcəkdi. Qeyri-ixtiyari gözlərimi platformaboyu gəzdirir, indicə görünəcəyi düşüncəsi ilə keçib gedən adamların arasında onu axtarırdım. Axı indiyədək bir dəfə də olsun şəhərə onsuz yola düşməmişdik. Bizi rayon mərkəzindəki, yaxud 11 kilometrlik məsafədə yerləşən mərkəzi stansiyadan həmişə özü yola salar və qarşılayardı. Başqa cür rahat ola bilmirdi. İlk dəfə idi ki, yola onsuz çıxmışdıq, bizi doğma olsalar da, başqaları ötürürdü. Bəlkə fikirləşib ki, uşaqlar daha böyüyüblər, indi mənsiz də yola çıxa bilərlər. İlk dəfə idi ki, onsuz yola düşməliydik. Gəlib çıxmadı. Bəlkə xətrinə dəymişdik, kim bilir? Ancaq onda da gələrdi, axı o hər şeyi bağışlaya bilirdi. Görəsən, gələn dəfələrdə gələcəkmi? Yoxsa bundan sonra həmişə belə olacaq?
Bütün bu fikirlər bir dəqiqənin içərisində beynimdən sürətlə keçib getdi. Ancaq heç nə dəyişmədi. Nə o gəlib çıxdı, nə də mən özümü hər şeyin əvvəlki kimi olacağına inandıra bildim. Adamlar isə tamam başqa şeylər haqqında danışırdılar. Mən fikir eləməməli, olacağa çarə olmadığını başa düşməliydim. Qədərin işi beləymiş, nə etmək olardı. Elə bil, çəkdiyim siqaretin tüstüsü düz ürəyimə dolurdu… 
Bir neçə gün gözlərim önündə surətini tam canlandırmaq istəyim alınmadı. Müxtəlif hərəkətlərindən, sifətinin ayrı-ayrı cizgilərindən tutmuş, vərdişlərinə qədər hər şey yadımda olsa da, gözlərim önündə bütöv təsvirini canlandıra bilmirdim. Sanki onu sonuncu dəfə gördüyüm vaxtdan uzun illər keçmişdi. Bəlkə onun yoxluğuna inana bilmədiyim üçün belə olurdu. Elə bil, günü sabah rayona getsəm, onu orada görəcəyəm. Bax bunun üçün, ölümünə inanmadığım üçün dözüb gözləyirdim. Bəlkə bir də heç vaxt onun sifətini gözlərim önündə canlandıra bilməyəcəkdim. Bəs niyə əvvəllər bu barədə fikirləşməmişəm? Bəlkə ona görə ki, o vaxtlar istəyəndə surətini asanlıqla gözlərim önünə gətirə bilirdim.
Atamı itirdiyim gündən bir həftə sonra qəribə bir yuxu gördüm. Səhər qərara gəldim ki, ən azı 40 mərasimi bitənəcən bütün yuxularımı qeyd edim. Gördüyümsə sanki yuxu deyil, vəfat etdiyi günün səhəri baş verənlərin təkrarı idi. Arxası üstə uzanmışdı, üstünü də ipəkdən olan, qara, dama-dama şalla örtmüşdülər. Ətrafımdakı adamların sifətlərinin ifadələrinə qədər hər şeyi aydın görürdüm. Ancaq onun üzünə baxanda, elə bil, gözlərimin önünə pərdə çəkirdilər. Deyəsən, birinci dəfə şal qaldırılanda sifətini, daha çox da tam örtülməmiş gözlərini görə bilmişdim. Elə bil iynə ucu boyda açıq qalmış gözləri ilə bizə baxmaq, harada qaldığımızı soruşmaq istəyirdi. Bu gözlərdə nə qədər sual vardı.
Növbəti yuxunu yenə bir həftə sonra, dekabrın 10-da gördüm. Tamam qaranlıq bir yerdəydim. Yuxumda gördüyüm həmin yerə, elə bil, göydən palçıq yağmışdı. Hər tərəf yapışqan palçıq içərisində idi. Əmimgilə getdyim halda, birdən gəlib çıxdığım bu yerin hara olduğunu dəqiq bilmirdim. Ancaq özümü və ətrafımda nələr olduğunu aydın görürdüm. Həm də, elə bil, buranın hansısa tanış bir kənd olduğunu hiss edirdim. Ancaq hansı kənd olduğunu dəqiq müəyyən edə bilmirdim. Hərəkət etməyimə imkan verməyən palçıq ayaqlarıma yapışıb məni aşağı, özünəsarı dartırdı. Birdən haradansa atamın səsi gəldi: “Nə canım var, nə evim”. Təkcə bunu dedi. Sonra, elə bil, mənə toxundu. Yanımda bir xeyli dayandı. Ancaq nə qədər diqqət kəsilsəm də, bir şey görə bilmədim. Elə bil, onun səsi qeybdən gəlmişdi. Birdən elə yuxuda başa düşdüm ki, artıq iki həftədir, o, həyatda yoxdur. Az qaldı yuxuda ürəyim partlasın. Axı necə olub ki, bu yoxluğu indiki qədər dərindən hiss etməmişəm? Bəlkə vaxt keçdikcə hiss edəcəyəm? Kim bilir, bəlkə də belə olacaq. Səhəri yuxudan çox əzgin və yorğun oyandım. Gecə keçirdiyim gərginlik və həyəcandan, ürəyimi əzən dəhşətli ağrılardan səhərə sağ çıxmağıma təəccübləndim.
17 dekabr 1983-cü il. Bu gecə əvvəlkindən də dəhşətli və qəribə yuxu gördüm. Gül-çiçəkli bir dağın qoynunda çadırda idik. Mən başımı alaçığın qapısından çıxaranda hiss etdim ki, atam alaçığın ağzında dayanıb. Ancaq sifətini yenə tam aydın görə bilmədim. Yaxınlıqdakı çobana deyirdi ki, bir quzu kəssinlər, mən yeyim. Mən də etiraz etdim ki, “əmi, axı, nəyə lazım, onsuz da yeməyə başqa ət var”. Sonra başqa yuxu gördüm. Elə bil, mənzərə də tamam dəyişib başqalaşdı. Ətrafda nə baş verdiyini dəqiqləşdirə bilmirdim, ancaq duyurdum ki, nəsə cansıxıcı şeylərdir. Birdən onun səsi gəldi. Səsini eşitməzdən əvvəl mən onun haradasa yaxınlıqda olduğunu hiss etmişdim. Yadıma düşdü ki, axırıncı dəfə atama “bir aylığa istirahətə gəlsən, pis olmaz”, demişdim. Dediklərimi bir də təkrarladım. Hiss etdim ki, istehza ilə gülümsədi, doğrusu, belə gülməsini heç görməmişdim. Birdən səsinin tonu da tamam dəyişdi: 
“23 gün qabaq haradaydın, niyə gəlmədin ki, bir aylığa gəlib yanınızda istirahət eləyim? Gəlsəydin, heç belə olmazdı”. 
Elə bil, məni ildırım vurdu. Elə yuxudaca başa düşdüm ki, 23 gün qabaq o, sağ idi. Yox, mən gecikməyimi, lazım olanda yanına getməməyimi özümə heç vaxt bağışlaya bilməyəcəyəm. Üzümü səsinin gəldiyi səmtə çevirib:
- Axı kim bilirdi ki, belə olacaq? – dedim.
- Bir aylığa istirahətə gəlsəydim, bəlkə də belə olmazdı, dedi.
Elə bil, bu sözləri ilə məni məzəmmət edirdi. Niyə o hadisənin qarşısını almadığımı yadıma salırdı. “23 gün qabaq gözlədim, özü də çox gözlədim”, dedi.
Mən əlimdə tutduğum siqareti gördüm. Elə bil, bunu o da gördü. “Bəs mən sənə deməmişdim, siqaret çəkmə”. 
- Sənə söz verəndən tərgitmişdim. İndi o hadisədən sonra çəkirəm, ancaq sonra tərgidəcəm.
Elə bil, “o hadisənin” nə olduğunu özü də başa düşürmüş kimi: 
- Hə, eybi yoxdur, çək, ancaq sonra tərgit, ziyandır, dedi.
- İndi çəkməsəm, ürəyim partlayar, dedim.
Daha heç nə demədi. 
Səhəri gün nədən 23 gün dediyini fikirləşdim. Hesablayıb gördüm ki, həmin gündən 22 gün keçib, 1 gün ondan əvvəl isə o sağ idi. Nəyə görə mən 23 gün əvvəl getməmişəm. Bütün ömrüm boyu bu ağrı ilə yaşasam da, heç nəyi geri qaytarmaq mümkün olmayacaq. Birdən ağlıma gəldi ki, o hər cür ağrıya dözərdi, ancaq mənim o ağır vəziyyətdə yanında olmamağım ona çox pis təsir edib, bəlkə də ölümə təslim edib.
25 dekabr 1983-cü il. Yenə yuxuma girmişdi. Yenə də üzünü görmürdüm. Ancaq hiss edirdim ki, yanımdadır. Özü də elə bil, yuxunu gördüyüm vaxtdan əvvəl biz haradasa başqa yerdə olmuşduq. Ancaq həmin yer və orada gördüklərim yadımda deyildi. İndi həmin yerdən gəlib, yuxunu yadda saxladığım yerə çıxmışdıq. Elektrik qatarına oxşar bir şeyə mindik. Dedi: - Gəl tez düşək, çünki mən sonra gəlib qaldığımız yeri tapa bilmərəm. 
Biz həmin elektrik qatarına  oxşar nəqliyyatdan düşdük. Birdən ağlıma gəldi ki, qoy soruşum görüm, mən nə vaxt öləcəm. Mənim taleyim barədə nəsə bilirmi? Yuxuda olduğumu bildiyimə görə də gördüklərimi və eşitdiklərimi mümkün olduğu qədər dəqiq yadda saxlamağa çalışırdım. 
- Ata, mən nə vaxt öləcəm? - soruşdum.
Hiss elədim ki, üzümə baxdı. Bu baxışların mənasını da hiss etdim, аncaq heç nə görmürdüm.
- Bunu deməyə icazə vermirlər, dedi.
- Yaxşı, orada bizim günahlarımıza görə sənə nəsə edirlər? Mənim günahım var? - soruşdum.
- Günahlara görə cəza verirlər. Sənin günahlarına görə də mənə əzab verirlər, dedi. 
Fikirləşdim ki, görəsən, mən hansı günahı işlətmişəm ki, buna görə ona əzab verirlər. Soruşmaq istəsəm də, cəsarətim çatmadı. Fikrimdən keçənləri oxuyurmuş kimi:
- Bir də belə şeyləri soruşma, belə şeyləri deməyə icazə vermirlər, dedi. 
Sonra məni harasa apardı. Özü də ətrafımızda tanımadığım adamlar vardı. Mən bunların içərisində nə edirdim? Birdən bacımı gördüm. 
- Bacım burada neyləyir?
- Bunlar hamısı ölüblər, bacın da buradadır. Ancaq onu qoyma, buraya düşsün. Bax, qoyma ha, qoyma onu, dedi.
Bir az sonra axırıncı sözlərini də eşitdim:
- Niyə gedib pulumu almırsan? Qoyma, pulumu o alsın. Dediklərimi heç kimə demə. Heç kimə belə şeyləri deməyə icazə vermirlər.
İstədim soruşam ki, axı kim icazə vermir, ancaq xatırladım ki, o bu dünyada deyil. Olsun, ruhlar aləminin qaydası belədir.
26 dekabr 1983-cü il. Yuxuda hiss etdim, kimsə mənə yaxınlaşdı, üstümdəki yorğana toxundu. Həmin vaxt gördüm ki, atam üçün baş daşı hazırlatdığım bir qrup adam bizə qonaq gəlib. Oturub südlü çay içirik. Bir arvad mənə deyir ki, “mənə çaysız təmiz süd verin”. Mən də bacıma deyəndə birdən hiss elədim ki, elə bil, kimsə gəlib qarşımda oturdu. Özü də hamı bu gələni tanıdığı üçün heç kim təəccüblənmədi. Bacım: “özün bilirsən, südümüz yoxdur”, dedi. Mən də “belə yerdə yoxdur deməzlər”,- deyə bacıma irad tutdum.
Birdən atamın səsini eşitdim və bildim ki, qarşımda oturan odur.
- Bu daşı kim hazırlatdırıb, kim sifariş verib?
Kimsə mənim adımı çəkdi. 
- Hə, o olar. Mən ona etibar eləmişdim, dedi. 
Sonra birdən-birə yuxu sona çatdı. Tamam başqa şeylər görsəm də, səhəri yadımda heç nə qalmamışdı.
10 yanvar 1984-cü il. Yuxuda görürdüm ki, həyətimizdə bir “Villis” markalı maşın dayanıb. Mən maşının qapısını örtmək istəyirəm, ancaq qapı düz örtülmür. Hiss edirəm ki, atam dayanıb mənə baxır. Sonra gəlib qapını örtdü:
- Bax, öyrən, dedi.
Sonra uşaqlıq qonşularımızdan, başqa tanışlardan dolaşıq bir yuxu gördüm. Birdən atamın səsi eşidildi. İlk sözlərini sabaha qədər yadımda saxlaya bilməmişdim. Ancaq sanki: “14-10-a zəng elə. Qara Şahbəyim arvad”, ya da buna bənzər bir söz deyirdi. Sonra mənə lap yaxınlaşıb: 
- 10 il qabaq sənə deyirdim, mənim həyatım belə davam edə bilməyəcək. Deyirdin ki, yox, hər şey düzələcək. İndi gördünmü, mən deyən oldu, heç nə düzəlmədi, dedi.
Sonra gördüm ki, mən cağın üstünə uzanmışam. Birdən elə bil, yerimi dəyişdilər. Hiss etdim ki, atam da mənim yanıma uzanıb. Görürəm ki, bizdən başqa heç kəs  yoxdur. Elə bil, dedilər ki, o, ölüm ayağındadır. Soruşdum:
- Hansı həkimi çağırım?
- İskəndəri çağır, dedi.
Sonra nə fikirləşdisə:
- Gəl bəri, getmə, heç nə lazım deyil, onsuz da artıq gecdir. Sən rahat uzan, mənim yerim burada deyil, dedi.
Elə o andaca hər şey yox oldu.
Yadımda qalan sonuncu yuxunu səhəri gün gördüm.
11 yanvar 1984-cü il. Rayondakı evimizin həyətində “Villis” markalı maşın dayanmışdı. İçəridəkiləri aydın görməsəm də, sükan arxasındakının atam olduğunu hiss edirdim. Nədənsə, o, son illər tamam başqa markalı maşın sürsə də, mən yuxularımda sonralar da “Villis”i görmüşəm. Maşının sağ arxa qapısı açıq idi. Elə bil, oradan başqa biri də maşına mindi. Arxadan görünüşündən əmimin üçüncü oğluna oxşayırdı. Ancaq o, yaxud başqası olduğunu dəqiqləşdirə bilmədim. Çünki mən də maşına minmək istəyəndə atamın səsini eşitdim:
- Sən burada qal, dedi.
- Mən də getmək istəyirəm, elə bir vacib işim yoxdur, dedim.
- Biz ayrı yerə gedirik. Lazım olsa, aparardıq. Gecikirik, bizi çox gözlətmə, səhərə ancaq çatarıq, dedi.
Mübahisə etmədim. Maşın həyətdən çıxanacan orada qaldım. Arxamdan bir qadın səsi gəldi: “Niyə tək buraxdın, gərək gedəydin ki, yanında kimsə olsun”.
- Məni getməyə qoymadı, dedim.
Sonra narın yağış yağmağa başladı. İslanmamaq üçün içəri keçdim. Gördüm itimiz də həyətdə durmayıb, arxamca evə girməyə çalışır. Sonra həmin qadının itə acıqlanaraq onu qovan səsini eşitdim. Ayılmasam da, yuxuda olduğumu hiss edirdim. 
Bir qədər sonra gördüyüm qarışıq yuxudan yaddaşımda yalnız evimizin bir küncünün uçması qaldı. Bunun necə baş verdiyni bilmədim. Ancaq ətrafımdakı adamların üzlərindəki təlaşdan, gözlərindəki qorxudan nəsə dəhşətli bir hadisə olduğunu hiss edirdim. Özü də bu mənzərəni bizimlə birgə atamın da gördüyünü duyurdum.
… Övladlarını canından artıq sevən, onların yolunda ölümə belə hazır olan atam artıq yox idi. Onunla ölümündən təxminən 19 gün əvvəlki, son görüşümüzü xatırladım. Birdən-birə yadıma düşən bu söhbət zamanı atam məni rayondakı evimizi satıb, Bakıda həyət evi alıb ora köçmək, bacımla bir yerdə üçlükdə yaşamaq üçün razı salmaq istəyirdi.
-    Sən də, bacın da məktəbi bitirirsiniz, Bakıda işə düzələrsiniz, mən də bir iş taparam, burdakılara da 2-3 otaqlı bir ev alaram, hər ay da pul göndərərəm.
Bu, əslində, onun ailəsinin yenidən dağılması anlamına gəlirdi. Mən qəti etiraz etdim. Onun ikinci dəfə ailəsini dağıtmasına razı ola bilməzdim. Bizim anasızlıqdan çəkdiklərimizi indi də onların atasızlıqdan çəkmələrinə razı ola bilməzdim.
-    Gediriksə, bir yerdə gedək, qalırıqsa da elə. Axı onlar da bizim kimi sənin uşaqların deyilmi? Onları necə ata bilərsən?
-    Mən onları atmıram, ancaq başqa yolum yoxdur. Anaları ilə birlikdə qalmaq istəmirəm. Özün də gördün ki, mən ikinci mərtəbədə tək yaşayıram. Nə fərqi var, burada tək qaldım, ya Bakıya köçdüm?
Atam az qala gecə yarısınadək məni öz qərarının doğruluğuna inandırmağa çalışdı. Hətta evi satmaq üçün bir həkimlə razılaşdığını da bildirdi. Ancaq mən yox deyib, durdum. Onun: - Mən bu evdə yaşaya bilmirəm, havam çatmır, gələn dəfə gələndə görəcəksən ki, mən yoxam, deməsi də məni inadımdan döndərmədi.
- Qoy universiteti qurtarım, sonra danışarıq, dedim.
Bu inadım indiyədək məni yandırır. Ən xoşbəxt günlərimdə də qəlbimin dərinliyində “atamın ölümünə mən bais oldum”, deyib qovruluram. Ancaq nəyi isə dəyişmək artıq mümkünsüzdür. Keçmişi qaytarmaq mümkün olsaydı, bir an da tərəddüd etməzdim. Qardaş-bacımı da atmaz, onların bizimlə birlikdə olmasının yolunu tapardım. Dogrudan da, həyatda ölümdən başqa hər şeyin çarəsi varmış. İndi nə ağır iztirablar, nə peşimançılıq heç nəyi dəyişmir. Bu dərd yükü ilə yaşamağa məhkumam.
Onun ürəyinə dammışdı ki, bu, bizim son görüşümüzdür. Mənsə təkəbbürdən doğan bir laqeydliklə ona ağıl verməyə cürət etmişdim. “Bəs camaat nə deyər”. Axı camaat üçün bu itki ayların, illərin çəkilməz dərdi deyildi ki... Bu, bizim dərdimizdi. Onu sevənlərin, həyatını onsuz təsəvvür etməyənlərin dərdi. Ancaq insan, doğrudan da, hər dərdə dözür. Həyat davam etdikcə ən ağır dərdlər də xatirələrə çevrilir, yaddaşa dönür. Beləcə dərd olmaqdan çıxıb, həyatın gətirdiyi qayğılar, yaşantılar içində avazıyır, hətta bəzən unudulur. Unutmaq əslində, yaşamaq istəyinin doğurduğu bir zərurətdir. Bunu etiraf etsək də, etməsək də, bəzən insan özünü şüurlu surətdə unutmağa sövq edir. Axı sən də yaşamaq istəyirsən. Bu hiss isə əvvəl-axır bütün hisləri üstələyir.
2015-ci ildən yazmağa başladığım və bir il sonra ilk versiyasını tamamladığım bu tale kitabında atam haqqında yazacaqlarımın, demək istədiklərimin heç yüzdə biri olmasa da, hələlik, bu qeydlərlə kifayətlənmişdim. “Sənət.az”saytına minnətdaram ki, 2016-cı ildə bu kitabı hissə-hissə öz ədəbiyyat səhifəsində yerləşdirmiş, oxuculara çatdırmışdı. Ancaq nə o zaman, nə də indi, 2021-ci ildə mən bu kitaba və atam haqqında yazacaqlarıma nöqtə qoymamışam və qoymuram. Yəqin Zəngilana qayıdıb onun və başqa doğmalarımızın məzarlarını, o torpaqları, azadlığa çıxmış yurd yerlərimizi, o dağların əlçatanlarını ziyarət edəndən, yaşadığım hissləri bir qədər də cilalayıb vərəqlərin indilik ağ olan yaddaşına köçürəndən sonra bu nöqtəni qoymağa özümü hazır biləcəm. Ona qədər isə hər iki missiyanı yarımçıq qalmış hesab edir, onu yerinə yetirəcəyimi ümidlə və bir az da səbirsizliklə gözləyirəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)