Kənan Hacıdan yeni şeirlər
İşığın sınma qanunu
Tale mənim yerimi həmişə
qərarlaşdırıb,
bədənim işığın keçid nöqtəsidi,
kürəyimdə sınır bütün işıqlar,
qollarımı qandallayıb
perpendikulyar xətlər,
havadan suya düşəndə
sınır bütün səslər,
bədənimə dəyib çilik-çilik olur
işıqlar,
bütün otaqlarda yandırın işıqları,
qoy heç vaxt
işıqlar sınmasın...
27 aprel, 2026
N. Maçaradzenin “Kvazimodonun şəhəri” romanını oxuyarkən
Kvazimodonun şəhərində,
Notr-Dam kilsəsində
Tanrını axtaran ərəb
eşq kafirləri içində
tənhadı, təkdi...
Həvvasını axtaran Adəmdi,
Paris onun üçün Ədəmdi,
çün sevgidə hələ naşıdı, xamdı,
bilmir ki, aşiqin qübbəsi
dilbərin cüt qaşlarıdı,
mehrab qarşısında onu
əyrilikdən düzlüyə çağırır,
dünyanın hər yerində
eşq səhrasında dolaşır Kvazimodalar,
taleyinə təslim olmaq istəmir Esmeraldalar,
o nakam ərəb Parisdə
sevgisini axtarırdı,
ölümünü tapdı...
Kvazimoda Notr-Dam kilsəsində ona
bu məşum həqiqəti pıçıldamışdı...
02-07 iyul, 2026
Ömür karuseli
Soyuq havaların guşənişini,
basırıq metro vaqonlarının
daimi sərnişini,
şəraitsiz həyatın
səksəkəli kirayənişini,
içindəki hücrənin xəlvətnişini...
daha nə?
Zaman da səssizcə görür işini
iz buraxmadan...
06 may, 2026
Xoşbəxt qarışqalar
Səməd Vurğun bağında
dincəlir çarəsizliyim,
quş zılı ilə naxışlanmış skamyalar
dərdlərin dincəlmək yeridir,
limanı görünməyən gəmidir,
bütün çarəsizlərin cəmidir
bu hüznlü bağ,
çalış, uzaq gəl bu yerlərdən, uzaq...
tum satan qarının dişlərini
tum kimi çırtlayıb zaman,
bu gün onunçün iki dünənə bərabərdi,
indi onun rəfiqələri bu bağın daimi sakinləridi,
bura vaxta uduzanların görüş yeridi...
skamyalardan birində oturmuş cavan
fikirlidir yaman,
yuvasına yem daşıyan
işgüzar qarışqaları müşahidə edir,
pıçıltıyla: “nə xoşbəxtdir bu qarışqalar” deyir...
9 iyul, 2026
Sözsüz adam
Özümü evdə unutdum,
içində sözlərdən yer olmayan adamı,
hər gün kitab rəflərinin tozunu
almağa məhkum olan adamı,
burda, çayxanada
gənc bir şairi gözləyir bədənim,bu sözsüz cismimlə
ona nə deyəcəyəm?
Bir qutu siqaret,
limonlu çay
sözləri əvəz edə biləcəkmi masamızda?..
Bu dəm süfrəyə içi sualla dolu
kuzə gətirir naməlum adam...
3 sentyabr, 2026
“Tənəkə təbil” arzusu
Uşaqlıqda tənəkə təbilim olmadı,
olsaydı, heç vaxt böyüməzdim,
döyülməzdim taleyin əlində,
dənizin sahilində
qumdan evcik düzəldib yaşayardım,
qayaların üstündə oturub
“xoşbəxtlik” gəmisinin yolunu gözləyərdim,
olmadı tənəkə təbilim,
niyə?
Nə bilim?...
05 iyun, 2026
Onlayn zaman
Zamandan danış mənə,
onlayn zamandan,
virtual yolların məsafəsizliyindən,
ovcunun içindəki yer kürəsindən,
qlobal tənhalıqdan,
ölüləri “dirildən” texnikadan,
Chat GPT fırtınasından,
mediatik qalalarda
sığınacaq tapanlardan,
buxur qoxusuyla nəfəs alan
müasir mumiyalardan,
ucuz çayxanalarda
domino çırpan qocalardan danışma,
onların keçmişdən başqa
heç nəyi yoxdur,
onlar offlayndır...
17 iyun, 2026
Sevinc
“Sədərək” Ticarət Mərkəzinə gedən
72 saylı marşrut avtobusunda
sərnişinlərin ciblərində uçunan
qəpik-quruş
alış-veriş zamanı buxarlanacaq,
yerində çıqqılı sevinc qalacaq...
“Ordubad” kafesinin pəncərəsindən
yazdıqlarımı oxuyan ofisiant qızın
yorğun təbəssümündə
ömrü bir azca uzanan sevinc...
çaypulunu o qızın ovcuna basıb
avtobus dayanacağına yollanıram,
heç nə almamışam,
ciblərimsə bomboşdu,
o qızın təbəssümünü özümlə aparıram,
gülümsəyirəm,
təəccüblə üzümə baxır adamlar,
təbəssümün ünvanını axtarırlar,
görəsən o qızın adı
Sevinc deyil ki...
28 iyun, 2026
Ki...
Ki bağlayıcısı
taleyimizin şifrəsidi,
hərflər süfrəsində
iki hərfin birləşməsi ilə
açıldı ömür yolunun kilidi,
bitmiş fikri ifadə edən cümləyə
“ki” ədat kimi də qonaq gəldi:
bu ki mənim ömür boyu
axtardığım qızdır!..
02 iyul, 2026
Söz qəsidəsi
Miniatür eskiz
Sən sözə yadsansa,
daş kim susar,
könlünü bağlasan,
qızıla dönər,
sirrini-sehrini
səninçün açar,
o, səni xəzinə
sahibi edər...
Cismin tilsimini qır,
ruha inan,
bu fani dünyanı ruhuna tapşır,
çərxin tərəzisi
düz çəkir əlbət,
gileyi-güzarı
tamam yığışdır,
elə yaşa ki,
günah zəncirində
sürünməyəsən,
yük etmə özünə
dünya qəmini,
dünya başdan-başa
qəmdir, biləsən...
Söz ilə dostlaşdın,
eşqə yad olma,
axı eşq dolaşır
sözün canında,
sözlə təmiz dolan,
sözə su qatma,
dirilik suyu var
sözün canında...
03 iyul, 2026
*****
Öz uydurduğum Günəşin altında
xoşbəxtəm,
nisbi deyil bu xoşbəxtlik...
17 iyul, 2026
*****
Uşaq olanda
elə bilirdim hər şey
kitablardakı kimi olur;
xeyir şərə qalib gəlir,
böyüyəndə anladım –
kitab həyat deyil,
həyat kitabdır...
17 iyul, 2026
Yorğun Günəş
Günəş çıxır həvəssiz,
yorğundu elə bil,
istisi yoxdu...
külək yatmır, dincəlmir,
dənizin sahili boşdu, adamsızdı,
külək nə qansızdı,
öz içində boğulur dəniz,
dalğalar batırır dəlisovları,
küləyin heyfini
adamlardan çıxır dəniz,
adamları görməyə gözü yoxdu,
dənizin əsəbləriylə oynayır külək,
adamları dənizə buraxmır külək,
Günəşə nə olub?
üfüq boş qalıb,
bəlkə xəstələnib,
biz ona necə baş çəkək?
Külək, ay külək...
17 avqust, 2026
Kəndə gəlmişəm
Kəndə gəlmişəm
Kənd məndən uzaqlaşıb
Adam-adam, dost-dost, küçə - küçə...
Bozarmış xatirələrin
dadı qalmayıb,
Çayxanada ofisianta çay sifariş edəndə
"Təksiniz?" sualına
"iki stəkan gətirin, zəhmət olmasa"
cavabını verirəm,
ikinci stəkan həmişə boş qalır,
Üşüdür məni o stəkanın məşum soyuqluğu
İkinci adam gəlmək bilmir,
heç vaxt gəlməyəcək,
Həyat bu qədər amansızdır...
Kəndə gəlmişəm
yoxluğa salam verməyə...
Salamımı alan yox,
adamlar məni tanımır,
Yad baxışlar daş kimi
kürəyimə dəyir...
Sınıq təbəssümlər
süni çiçəklər kimidi,
dostların məzarı üstə qoya bilmirəm,
eləcə susuram, susuram, susuram...
Daha bundan belə
Ömrün sükut dövrü başlayır.
Kəndə gəlmişəm...
6 Sentyabr, 2026
Mərdəkan
Qəhqəhə çəkən suallar
İçi sualla dolu kuzə,
bu suallardan özünə ölümsüzlük yaradan şair
gerçək həyatdan qaçış marafonuna qoşulub,
özündən xəbərsizdir,
onun illüziyaları zərərsizdir,
bu metafizik dumanda
cavablar görünmür,
yalnız ucsuz-bucaqsız maşın karvanları
sürünür,
səmada hava şarı kimi uçuşan suallar
möhtəşəm tıxaclara baxıb qəhqəhə çəkir,
Tanrı səbrimizi sınağa çəkir...
23.09.2026
