Vaqif Osmanov - “BU GÜN GƏLƏCƏYİN TARİXİDİR”, VƏ YAXUD SONUNCU DƏRVİŞ KİMDİR?
“Birinci cümlə adamın amanını qırır, əhədini kəsir”. Bunu mən demirəm, Kənan Hacı deyir. “Yaddaş kartı”nın davamı “Sonuncu dərviş”də. Kitab ilk səhifəsindən məni özünə çəkib, daha doğrusu, tilsimləyib. Az qala, hər səhifədə 5- 10 cümlənin altından xətt çəkib kitabı bəzəmişəm, düzünü desəm, kitabı pis günə qoymuşam, yəqin müəllif məni bağışlayar. Bu, mənim qiymətli bildiyim kitaba “amansız münasibətim”dir, oxu tərzimdir. Elm fədaisi Azad Mirzəcanzadə kitabla belə davranışa “analitik oxu tərzi” deyirdi.
Kiabın məziyyətləri haqqında fikrimi yazmaq istəyirəm, deyirəm bəlkə Kənan müəllim üçün maraqlı olar. Amma nədən və haradan başlayım, bilmirəm. Məncə, heç “olum və ya ölüm” dilemması belə müşkül olmamışdı. Qalmışam fikir məngənəsində. Amma birinci cümlədən sonra bu işin də axarına düşəcəyinə əminəm. Çünki kitabın üz qabığındakı “Gerçək roman” “ayama”sı və “Sonuncu dərviş”in ilk cümlələri “ipucu verir” ki, yaddaşımın hansısa bir küncü oyansın və diqtə etsin. Həm də kitabda yazılanların gerçəkliyinə inanıram axı. Bu dünyada gerçəklikləri yazmağın asan olmadığını da bilirəm. Əslində bu fil yüküdü. Amma qələm əhlinin fildən güclü olduğunu da anlayıram. Kənan Hacı da bu yükün altına girəndə özünəinamlıydı, bilirdi ki, fildən də, dəvədən də güclüdür. Uşaq deyil ki...
Heyf ki, Kənan Hacını gec “kəşf” etmişəm, buna görə mənəvi itkilərim də az olmayıb. Bunun ən böyük günahkarı ədəbi tənqiddir. Yaşının çox olmamasına baxmayaraq onun müşahidə qabiliyyətini, gördüyü, eşitdiyi hadisələrə operativ və vicdanlı reaksiyasını, düşündüklərini yaddaşına və ağ vərəqlərə köçürmə istedadını, mütaliə marağını niyə indiyə kimi özlərini “ədəbiyyat cəfakeşləri” adlandıranlar görməyiblər?! Bəlkə ədəbiyyatın “səhnəsində, tamaşa salonunda və kulisində” baş verənləri Kənan Hacı onlardan yaxşı bildiyindən yazmaqdansa susmağı üstün biliblər.Hər cümləsindən maddiyyat yağan bəzi ədəbi tənqidlə məşğul olanlar heç olmasa hərdən bir yaxşıya yaxşı deyəydilər barı. Axı insaf da yaxşı şeydir. Lap elə dindardırlarsa, insaf dinin yarısıdır...
Həm də unutmasınlar ki, onların çörəyi sözdən çıxır, halallıqla yeyilən çörəyin tamı, ətri daha ləzzətlidir. Öz çörəyinə qiymət verməyənin süfrəsinin bərəkəti də olmaz. Bir də, Sabir babamız kimi “düzə düz, əyriyə əyri” deyəndə vicdan da dərindən nəfəs alıb rahatlanır. Hərdən bir vicdanı da sevindirək...
Söz adamları ilə ədəbi diskussiyalar zamanı çoxları xatirə memuar əsərlərini yazmağın asanlığını önə çəkirlər.Mən elələri ilə heç vaxt razılaşmamışam. Bu janrdakı əsərlərdə hər cümlənin, hətta sözün məna yükünü, məsuliyyətini anlasaq bilərik ki, yazıçı bu əsərində tarix yazır. Tarix də süni bər - bəzəyi sevmir. Asif Atanın Mütləqə İnam dünyabaxışının sayıq qoruyucusu Safruhun fikrindən əxz etdiyimiz nəticə budur ki, tarix ənnik - kirşanlı gözəl deyil:
“Keçmişi düzgün başa düşməyən onu başqalarına göstərməkdən utanır, onu öyrənmək və ondan öyrənmək əvəzinə onu ya bəzəyib - düzəyir, ya da danır”. İbrətamiz fikirdir!..
“Bu günün həm də gələcəyin tarixi” olduğunu anladan Kənan Hacı insanları robot olmamağa çağırır. Çünki “robotun yaddaşı olmur. Zaman bizi keçmişdən ayırsa da, xəyal bizi həmişə geri qaytarır”.
Kənan Hacı ilə söhbətlərimizin birində söz adamları barədə fikir yürüdürdük. O, söz adamlarına insanları bu dünyanın adiliklərindən xilas edib mənəvi dünyamızı duruldan söz kahinləri hesab edir. Amma dəqiq bilmirəm özünü həmin zümrəyə daxil edir, ya etmir. Onun təvəzökarlığı mənim bunu biməyimə mane olur. Bu onun özünə də əslində mane olur. İndi özündənrazılıar meydan sulayır. Mən Kənan Hacını söz kahinləri zümrəsinin yuxarı başında görürəm...
Mətləbdən uzaqlaşdıq deyəsən. “Sonuncu dərviş”ə qayıdaq. Öncədən deyim ki, “sonuncu dərviş kimdir?” sualı mənim kimi sizin də beyninizi hələ çox məşğul edəcək. Bunu mənim qavradığım şəkildə böyük türkçü, millətsevər qazax şair və yazıçısı Oljas Süleymenov “Az i ya” kitabında yazıb:
“Qədim Çində üzərində tanrı Ariya Balonun təsviri olan dəyirmi güzğü düzəldilirdi. Güzgünün bir üzü cilalanmışdır. O biri üzündə arxasını çevirib oturmuş çoxəlli Allahın qabarıq təsviri vardı. Siz onun peysərini və kürəyini görürsünüz. Tanrının öndən necə göründüyünü bilmək üçün güzgünü o biri üzünə çevirir və ... özünüzü görürsünüz”...
Kənan Hacı “Sonuncu dərvişi”n təqdimatına sözü anlayan insanları dəvət edəndə məni də o siyahıya salmışdı. Sevindim, bu mənə qarşı böyük iltifat, sayğı idi. Hətta orada onun yazıçının təxəyyülünün özünəməxsusluğu haqqında dediyim bir - iki cümlədə Kənan Hacının əsərlərinin finalındakı ümidlə süslənmiş işığı gördüyümü dedim. Bu ilahi işığı sözə həssas yanaşsaq mütləq görməliyik. Bu işıq çoxumuzun yolunda əbədi mayakdır. Əslində həyat ağacıdır.
Kənan Hacını çağdaş ədəbi mühitin avanqardlarından biri hesab edirəm. Əlbəttə, söhbət yazı üslubundan yox, öndə dayanmaqdan gedir.
Kənan Hacının yaradıcılığı mənim üçün niyə maraqlıdır? Birinci,yazıçının erudisiyasına bələdəm, bilirəm ki, nəsə mənəvi qida tapacağam. İkincisi, yaddaşının gücünə arxalanıb elə hadisələri qabardır ki, bu da mənim üçün maraqlı və yaxud yenidir. Xüsusilə memuar xarakterli avtobioqrafik əsərlərdə elə məqamlarla qarşılaşırsan ki, müəllifə bir yağlı “sağ ol!” deməyi də unutmursan. Çünki bu sənin də ömrünün bir anıdır. Üçüncüsü, dili o qədər zəngin, axarlı, rəvan və səlisdir ki, bəzi cümlələri unuda biləcəyindən qorxub əlüstü qeyd dəftərinə köçürürsən. Kənan müəllim antik və çağdaş ədəbiyyatı və fəlsəfəni dərindən anlayır. Müxtəlif fəlsəfi görüşlərdən, cərəyanlardan bəhs edən kitabı artıq tamamlamışdır. Əslində Kənan Hacının dili filoloqlar üçün tədqiqat obyekti, bir elmi işin mövzusudur.
Kənan Hacının “zamanın kollaj etdiyi hadisələrə” öz yanaşması var:
“Öz düşüncələrini dəstəkləmək üçün uydurduqları hekayələrin arxasında gizlənən yazıçılar gerçəyin üzünə dik baxa bilmirlər. İş xatirə anı yazmağa gələndə mütləq gerçək hadisələrin onlara toxunan tərəflərini ixtisar edirlər və ya detaldan yan keçirlər. Halbuki, hadisənin mahiyyəti məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən məqamlarını yazmadıqda yazıçıya iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir. Bəs nə etməli? Keçmişi tərəfindən rahatlığı pozulan insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraflardır”.
Yazıçı deyir ki, yaddaş sözlər vasitəsilə mənim yaşadığım, gördüyüm tarixi fiksə edir. Düşündüm, təkcə Kənan Hacınınmı? Təkcə Bakının dünəni və bu gününün tarixinimi? Kitabı vərəqlədikcə hər kəs orada öz ömründən keçən günlərdən heç olmasa bir an tapıb ya sevinir, ya da kədərlənir, bəzən isə nostalji hisslərin qanadlarından yapışır, yerdən ayrılır. Onda kədərlə sevincin sınırlarını təyin etmək qəliz məsələyə çevrilir.
Bu kitab “sehirli xalat”dır, ya “uçan xalça”dır, bəlkə də xatirələrin, arzuların, xəyalların qanadlarıdır. Uşaq düşüncəsiylə üstündə oturduğumuz xalçanın uçmasını çox arzulamışıq, bəlkə də əlçatmaz göyləri daha ədalətli, ideal cəmiyyət hesab etdiyimizdən, yaxud gerçəkliyi göylərdən daha dəqiq görmək üçün. Biz nağıllara gerçəklikdən çox inanmışıq. Amma Kənan Hacının yazdıqları nağıl deyil, gerçək tarixdir...
Yazıçı “Yaddaş kartı”nın içindəkilərin aşıb - daşdığını, bir kitaba sığmadığını görüb yeni yaddaş kartını - “Sonuncu dərviş”i yazmağı qərara alır. Nə yaxşı ki, yazdı, “hər halda yazılan qalır”. O, “yaşadıqlarını və yaşamaq istədiklərini” yazıb. “Tale kitabı”nı yazmaq zərurəti məhz buna görə yaranıb”.
Kənan Hacının köhnə Bakı üçün darıxmasında heç bir qeyri - adilik görmürəm. Çünki Bakının qədim ənənələrə, mədəniyyətə, özünəməxsus milli ruha sahib olan, əncirli, şanılı, gülafrəngili, dənizli, qumlu, sözlü və musiqili kəndində doğulan, boya - başa çatan, sözünün mayasına o kəndin ağsaqqal və ağbirçək işıqlı insanlarının həyat fəlsəfəsini, spesifik xüsusiyyətlərini qatan yazıçı “Sonuncu dərviş”lə Azərbaycanın hər bölgəsinin, kəndinin, elatının tarixinə ekskurs edir. Bizim görə bilmədiklərimizi, yaxud görüb yanından etinasızlıqla ötüb keçdiklərimizi qələmə alır. Ona görə də deyirəm ki, bu kitab Vətən tarixinin bir səhifəsidir. Mirzə Ələkbər Sabir demişkən, “düzü düz, əyrisi əyri” yazılmış...
Yazıçı deyir ki, o kəndin uşaqları Bakını tut ağacının altından görmüş, böyüdükcə nəhəng meqapolisin içində özünü tapmağı, təsdiq etməyi bacarmışlar. Kimisi ilahi səsi, kimisi sözə könül verməyi, kimisi səhnədə ölməz obrazlar yaratması ilə. Kimisi də elə - obaya başucalığı gətirməyən utancverici əməlləri ilə. Kənan Hacı isə özünütəsdiqin ən şərəfli yolunu - qələmə sarılıb olub -keçənləri, olacaqları ürəyinin diqtəsi ilə olduğu kimi yazmağı üstün tutdu. Kitablarla, sözlə sevgilisi kimi davranaraq tut ağacının budaqlarındakı izini, dəniz sahilindəki uzundimdik “aerodrom” kepkalı Baladadaşların saflığını yazmağa çalışdı. Yenə deyirəm,yaxşı ki, yazdı. Qələmindən süzülüb ağ kağıza düzülən fikirlərdəki səmimiliklə heyran qoydu bizləri.
“Sonuncu dərviş” də gələcəyə böyük inamla yazılan cümlələrlə yanaşı, pessimist notlara da rast gəlmək olur. Bu da təbiidir. Sevinc və kədər insanın ömrünə ornamentlər həkk edən əriş və arğacdır.
“Tarix Bakının küçələrində son günlərini yaşayır”. Şəhərsalma işlərindəki plansız tikililər, şəhər arxitekturasının əndrabadi yenilikləri, İçərişəhərlə,Bakının kəndlərindəki tarixin yadigarları olan memarlıq abidələr ilə, etnoqrafiya ilə, adət və ənənələrlə “qaydasız döyüş”lər belə düşünməyə əsas verir.
Yazıçı üçün Bakının dənizi də, ağacı da məbədgahdı. Amma unutqanlıq azarımız sağalmır ki, sağalmır, gündən günə sancıları çoxalır. “Budaqlarına əli çatmayan tut ağacı” Kənan Hacıdan küssə də yenə onun yolunu gözləyir. Çünki ağac insandan vəfalıdır...
Yazıçı tez - tez Bakının dünəni ilə bugünü arasında paralellər aparır, təkcə Bakının yox, zəbt olunmuş, düşmən tapdağına dözməyən, yolumuzu gözləyən Qarabağın, onun mirvarisi Şuşanın da ağrılarından danışır:
“Bakının dünyanın bütün ziddiyyətlərini özündə birləşdirən bir nöqtəsi var. Bura “Zavağzalnı” deyirlər. Keçmiş əyyamlarda erməni lotuları burada yerləşən kafedə donuz kababı çəkərdilər. İndi o kafenin yerində “Şuşa” restoranı tikiblər, kababçılar da özümüzünkülərdir. İldə, ayda bir Şuşa yadına düşə, ya düşməyə... Biz itirdiyimiz torpaqların adlarını şadlıq saraylarına vermişik, içində düd deyincə yeyib - içib köpüklü sağlıqlar demişik, “Yanıq Kərəmi”yə qol götürüb oynamışıq”...
Bizi uşaqlığımıza, gəncliyimizə aparan körpülərin təməli nə qədər möhkəm, yolları necə də işıqlıdır. Bu gün intihar göydələninə çevrilən körpülərin insanları haraya apardığından xəbərsizik. Vaxtilə bizi sellərin aparmasına razıydıq, təki namərd körpüsündən keçməyək. İndi isə körpüsalanlar yox, körpülər namərdləşib. Ona görə də qədim - qayım simalı təbii tariximizi unudub, bu günkü tariximizi “ənnik - kirşan”layıb, qrimləyib ənrabadi şəhər, binalar tikməklə məşğuluq. Taleyin bir acı rüzgarı süni bəzəkli şəhərin üzünün rənginə əl gəzdirən kimi çopurlar görünür. Belə çopurlar mənəviyyatımızda daha çoxdur. Onda da hay-haray salırıq ki, ay aman, mənəvi dəyərlər əldən getdi, qoymayın. Nə tarix, nə də mənəviyyat yamaq götürmür. Qoruya bilmədiyimiz, tarixin karvanına qoşulub gedən mənəvi xəzinəmizin örnək olası incilərini bu gün yana - yana axtarmaq Böyük Səhrada ürəksərinlədən bulaq tapmaqdan çətindir. Görünən itirdiyimiz deyil, bizi aldadan, uçurumlara sürükləyən ilğımdır, uzaqdan “gəl - gəl” desə də çatmaq olmur. Gəlin, az - çox bizə miras qalan, “bir - iki çantaya yığıb” saxlamağa gücümüz çatan işıqlı nəyimiz varsa onu qoruyaq, gələcəyə ötürək...
Şəhərin göydələnlərinə “yastı - yapalaq damlardan boylananlar” bilir köhnə Bakının dəyərini. Bir darısqal həyətdə bir kiçik Azərbaycan kəndinin sakinləri yaşayırdı. Bakının hər kəndini yerli sakinləri böyükdən kiçiyə hamı bir - birini tanıyırdı, bütün Türk ellərində olduğu kimi xeyirdə, şərdə birlik, səmimi münasibət vardı. İndiki göydələnlərin “super mədəni” sakinləri divarın o tayındakı qonşunu ya tanımır, ya da tanısa da salam verməyi özünə sığışdırmır, nəinki xeyirxahlıq etmək, imdada yetmək. Budur müasir Bakı nənzərələri.
Kənan Hacının söz dənizində özünü balq kimi azad hiss etdiyini, mahir qəvvas olduğunu bilirdim. “Sonuncu dərviş”i oxuyanda gördüm ki, o, həm də söz asimanında azad və şahanə süzən qartaldır.
Kənan müəllim çox şanslı sənət adamıdır. O, işıqlı insanların əhatəsində “gündən günə bir buğda dənəsi boyda böyüdüyünü”, hətta sözün və sənətin azmanları ilə “badə toqquşduraraq boğazını yaşladığını” ilk yazısını - “İki sahil”də dərc edilən”Sənətə “gəmi” ilə gəlmiş rəssam”ı yazmaq üçün keçən əsrin 70 - ci illərinin “Qobustan” incəsənət toplusunun bir neçə sayını oxuduğunu qürurla xatırlayır.
Alqışlanmalı peşə dərsi, sözə qiymətdir. Bu gün sözün çörəyini yeyənlər üçün gülməli olar ki, jurnalist qəzetə yazı hazırlamaq üçün bir neçə ədəbi nəşr oxuyur.
“Jurnalistika nədir” sualını bu gündən sonra mənə ünvanlayanlara mən Kənan Hacının “fundamental” tərifini söyləyəcəyəm: “Çətin,gecəsi - gündüzü bilinməyən, eyni zamanda maraqlı, maraqlı olduğu qədər də təhlükəli” söz və fikir sənətinə jurnalistika deyilir. Jurnalistika dərslərinə salınmalı, altından qırmızı xətt çəkib fərqləndirməli fikirdir.
Kəna Hacının beynini Rəhimağa müəllim kimi əsl söz fədailəri işıqlandırmışdı. O, əsl dostluğu, zəhmətə qatlaşmağı, mütaliə vərdişini, elmə, biliyə, kitaba münasibəti, yaxşı yazmaqla bərabər yaxşı oxucu olmağı Rəhimağa müəllimdən öyrənmişdi. Ona görə də yazıçı “kitab kimi müqəddəs adam”ın - Rəhimağa müəllimin tövsiyyələrini unutmadığını qələminin məhsulları ilə sübut edir. O, “Sizif əməyi”nə qatlaşaraq gördüyü işdən zövq alan, yazdıqca, bətnindəki işığa can atan sözdən “azad” olduqca rahatlaşan söz adamıdır. O, müəlliminin “gördüyün işdən zövq ala bimirsənsə, onda əziyyətin on qat ağırlaşacaq” xəbərdarlığını unutmur. Bu onun yaradıcılıq leytmotividir.
Rəhimağa müəllim müdrikliyin “düstur”unu kəşf etmişdi: “zəhmət üstəgəl hövsələ”. Həyatını kitaba həsr etmiş bir insan haqqında əlimizdə bir kitab yoxdur. Bu da həyatın gerçək və acı paradoksu. Sağlığında qiyməti verilməmiş insanların heç olmasa ruhuna sayğı göstərək. Niyə bu qədər qədirbilməz, qəddar və daş ürəkliyik? “Biz niyə bu qədər unutqanıq”?
Buzovnada elə sənətkarlar yetişib ki, onlar muğamın Məcnunu olmuşlar. Xanəndə Nəriman Əliyevi Kənan müəllim “səsin səfiri” kimi xatırlayır. Maraqlıdır ki, bir çox məşhur xanəndələrin püxtələşməsində əməyi olan Nəriman müəllim qızlarınnın birinə “Rast”ın şöbəsi Dilkeşin, o birinə “Bayatı - Şiraz”ın şöbəsi Dilrubanın adlarını qoymuşdur. Bu adamın iliyində, qanında sözlə musiqinin vəhdəti muğam hərəkət etdiyinə dəlalət edir. Kənan müəllim ölməz muğam fəlsəfəsini elə incəliklə duyur və açır ki, sanki 100 -150 il yaşamış müdrik el sənətkarının yazdıqlarını oxuyursan:
“Onun “Segah”ının ahu - nəvası çoxlarını dili yanana qədər dilləndirəcək, ürəkləri bu səsin istisindən soyumayacaq... “Humayun” sükutu öz qapısınacan qovub heydən salacaq”...
Kənan Hacı hər janrda qələmini sınaya bilər və uğur da qazanar. Özlərini “postmodernist” adlandırıb muğama dodaq büzənlərə demək istəyirəm ki, Kənan Hacı çox yazılarında onlardan üstün postmodernistdir. Klassikliklə müasirliyi sintez edib əsərlər yaratmaq hər qələm sahibinin işi deyil. İnanıram ki, Kənan Hacı muğamla yanaşı caz, rok, rep haqqında da yazsa mükəmməl alınar. Çünki sözünün nüfuzunu qorumağı bacarır. Ona görə də onun yazdıqları oxunaqlıdır, aktualdır, incə sənətdir, heç vaxt unudulmayan tarixdir.
Xanəndənin “Mahur Hindi”nin ecazkar dünyasının boyuna biçilən, həyatının ritminə uyğun gələn səsi” sanki bu dünyaya məxsus deyildi.Onun yaşı sözdən qədim idi, muğamsevərlər hələ bu səslə çox görüşəcəklər”. Ürəkləri fəth eləyən sənət də, sənətkar da,söz də, səs də ölməzdir!
Dünəni tanımaq, unutmamaq, qiymətləndirmək, qürur duymaq mənəviyyatdan, vicdandan, əxlaqdan irəli gəlir. Bu insani məziyyətlərsiz bütöv, kamilliyə can atan insan olmaq mümkün deyil. Qədirbilənlik, xeyirxahlığa sidqi ürəkdən minnətdarlıq vicdanın səsidir, Kənan Hacı.
O səs qoy həmişə oyaq olsun!
VAQİF OSMANOV
aprel 2019.