Elşən Əzim- Savaşda barmaq var, barışda barmaq
Nədir bu əzanın sirri, hikməti,
Hər əməldə barmaq, hər işdə barmaq.
Təsbehdə, telfonda, bilgisayarda
Gəzişir cin barmaq, fəriştə barmaq.
Bəzən "sus" göstərir deyib-gülənə,
Bəzən hədə olur sirri bilənə.
Ən zəif, ən sızqa işıqgələnə
Tıxanır çöp barmaq, əriştə barmaq.
Onda hər fərasət tapılar, gördüm,
Ölkələr talanar, çapılar, gördüm,
Taybatay açılan qapılar gördüm,
Çıxışda barmaqdı, girişdə barmaq.
Qaranlıq gecədə, nurlu səhərdə,
Düyündə, bayramda, qəmdə-qəhərdə,
İşdə, evdə, çöldə, kənddə, şəhərdə,
Əkində, biçində, örüşdə barmaq.
Zindanda döyülür, körükdən keçir,
İlantək sürünür, dəlikdən keçir,
Məhəbbət yolunda üzükdən keçir,
Ayrılıqda barmaq, görüşdə barmaq.
Oğlusan yollara düş arasıyla,
İş burasıyladı, iş orasıyla.
Cahan tar-mar olar işarəsiylə,
Savaşda barmaq var, barışda barmaq.
Quru budaq kimi hər yanda əsir,
Abadda titrəyir, viranda əsir.
Turanda kükrəyir, İranda əsir,
Daxildə barmaq var, xaricdə barmaq.
Belə söz mənimtək harfadan çıxır,
Barmaq hədəsiylə arpa dən çıxır,
Baş barmaq qatlanıb ortadan çıxır,
Olur hər tikişdə-quruşda barmaq.
Biləkdə qüvvədi, əldə təpərdi,
Uçuşda qanaddı, pərvazda pərdi,
Ölçüdü, nizamdı, səddi, sipərdi,
Çərək də barmaqdı, qarış da barmaq.
Odur danışdıran sazın da simin,
Lap elə bu şeir... kimindir, kimin?
Burda barmağı var Elşən Əzimin,
Görmədim olmaya bir işdə barmaq.
*********
Gah əlvan fırçayam, gah qara qələm,
Yollarım kətandan, varaqdan keçir.
Mən kimi axtarsam orda tapıram,
Ora üzükməyən uzaqdan keçir.
Bir ümid varıydı, yoxdu səs-səmir,
Ürəyim deyəni saatım demir.
İlbəil biçilib daşınır ömür,
İlbəil dəryazdan, oraqdan keçir.
Yağışam, doluyam, dumanam, çənəm,
Qar-boran ağzında qalan da mənəm.
Dəliyəm, dərvişəm, həmən Elşənəm
Gəl məni yüz kərə sınaqdan keçir.
*******
Daha darıxmalı yer də qalmayıb,
Ünvan da qalmayıb, hara darıxım?
Belə darıxmağın son həddi nədir,
Bəlkə cəhənnəmə, gora darıxım?
Daha gözəllik də xoş gəlmir mənə,
İşrət nəmənədir, heyrət nəmənə?
Nə qədər qış günü çölə, çəmənə,
Yaz günü borana, qara darıxım?
Bəlkə bu darıxmaq son fürsətimdir,
Tənhalıq ən böyük cəsarətimdir.
Alın yazım deyil, xasiyyətimdir
Hamını küsdürüm, sonra darıxım.
