Edebiyyat.az » Proza » Viktoriya Tokarevadan povest

Viktoriya Tokarevadan povest

Viktoriya Tokarevadan povest
Proza
admin
Müəllif:
17:28, 17 yanvar 2022
3 951
0
Viktoriya Tokarevadan povest

 





 Yazıçı Viktoriya Tokarevanın adı keçmiş sovetlər ölkəsində və müasir Rusiyada ”şəhər nəsri” və ”qadın nəsri”nin özünəməxsus simvoluna dönübdür. V.Tokarevanın əsərləri uzun illərdir oxucular tərəfindən böyük maraqla qarşılanır. Parlaqlığı və psixoloji dəqiqliyi ilə seçilən və yadda qalan, eləcə də istehza və incə yumorla dolu hekayələri sevilə-sevilə oxunur. V.Tokareva, ”Mimino”, ”Uğur centlmenləri” kimi məşhur sovet kinokomediyaların ssenari müəlliflərindən biridir. Bu yazıçı xanım haqlı olaraq müasir rus ədəbiyyatının klassiki sayılır. 

            V.Tokarevanın çoxsaylı əsərlərində Rusiyada yaşayan Azərbaycanlılara da ”rast” gəlmək olur. ”Öz həqiqətin” hekayəsi – iki Bakılı balasının romantik, həyacanlı və kədər dolu sevgi dastanıdır. Əsərdəki hadisələr 1964–1990-cı illərin Bakısı və Rusiyasında yer alır. Bakıda doğulmuş rus qadın Marina Quskonun özündən yaşca gənc olan Rüstəm ilə tanışlığı, eşqi və sonrakı taleyindən bəhs edilir. 

            Beynəlmiləl Bakı şəhərində doğulmuş sadə rus qızı Marinanın həyatında hər şeyə — sevgiyə də, ayrılığa da, kədərə də, ümüdə də yer var. Sevdiyi insanların xəyanəti və uşaqlarına bəslədiyi ümüdlərin puça çıxması ilə qarşılaşan Marinanın taleyində, XX əsrin 90-cı illərində SSRİnin faciəvi şəkildə dağılması güzgüdəkitək əks olunur. O zaman bir çoxları kimi Marina da doğma vətənindən uzaqlara köçməyə məcbur olur. Hər şeyini geridə buraxıb kimsənin qucaq açıb gözləmədiyi, kimsənin çağırmadığı məchulluğa yola düşür başıbəlalı xanım. Üzünün yumşaq slavyan cizgilərinə uyğun gəlməyən ötkəm xasiyyəti, Marinanın çətin, dar günlərində yeganə dayaq nöqtəsinə çevrilir.   Həyat yoldaşının xəyanətini bağışlamayan   Marina, Rüstəmin xəyanətini nəinki bağışlayır, hətta illər sonra keçmiş sevgilisinə kömək məqsədi ilə cinayətə də əl atır... 

            Kiçik həcminə baxmayaraq, kitab olduqca informativ və hadisələrlə zəngindir. V.Tokarevanın gözəl bədii dili hekayəni təkrar-təkrar oxumağa dəvət edir.

            Hekayə Rusiyada iki dəfə ekranlaşdırılıb: 2008-ci ildə iki hissəli film kimi, 2017-2018-ci illərdə isə eyniadlı teleserial formatında. “Öz həqiqətin” dilimizə İlahə Ucaruh tərəfindən çevrilib.

            


 

Öz həqiqətin

 

(povest)

 

 

 

Marina

 

 

          Onun həyatı həm sadə, həm də mürəkkəb idi. Hər insanda olduğu kimi.

          Marina İvanovna Qusko, sadə rus ailəsində, Bakı şəhərində doğulmuşdu. Bakı — keçmiş  sovetlər zamanı bütün xalqların sülh və qardaşlıq içində yaşadığı beynəlmiləl bir şəhər idi.

          Həyat həyətlərdə keçirdi. 

          Balaca Marina qonşu uşaqlarla — Xaçik, Solomonçik, Polad və David ilə oynayardı. Nahar çağı gələrdi, pəncərələrdən analar, nənələr uşaqlarını çağırardı, hər kəs öz ləhçəsi ilə. Hər şey də adət edildiyi kimi idi. Başqa cür ola da bilməzdi.

          Marina dənizə tərəf qaçıb oğlanlarla neft buruğunun lap başına dırmaşmağı sevərdi. Bu, təhlükəli idi. Uşaqlar oradan aşağı, ölümün qucağına yıxıla bilərdilər. Onlar bu təhlükəni dərk etmirdilər. Uşaq idilər.

          Valideynləri Marinayla məşğul olmurdu. O, öz gününü özü qurar, özü də onu doldurardı. Doyunca oynayandan, qaçandan sonra evə qayıdıb ölütək yatardı. Ayaqları da kirli-paslı. Ancaq uşaqlıq dövrü idi, həyatın başlanğıcı, onun ən kövrək şəfəqlənən çağı idi. Marina daima qışqırıb-bağıran anasını, daima dava-dalaş edən qardaşını sevərdi. Axı sevəndə nəyəsə görə sevməzlər. Sadəcə sevərlər, vəssalam.

          Marina dərslərindən “üç”, “dörd”, nəğmə dərsindən “beş” alardı. Onun güclü, duru səslə əntiqə oxumağı var idi. Məktəb xorunda onu həmişə solist qoyardılar. O, xorun önündə durub mahnını başlayardı. Nəqarətə isə xor qoşulardı. Hamıdan öndə fərdi oxumaq bir xoşbəxlik idi.

Marina məktəbi bitirib pedaqoji instituta girir. Müəllim olmaq həmişə yaxşıdır. Şərəfli və qarındoyuran işdir. 

          Azərbaycanlı valideynlərin müəllimlərə zəmbillərlə ərzaq gətirdiklərini Marina öz gözləriylə görmüşdü: ev toyuqları, meyvə, göy-göyərti. Əvəzində müəllimlər lazımi qiymətlər qoyurdular. Dərin biliklər şərq qızlarının nəyinə gərəkdir? Məktəbdən sonra ərə gedib uşaq doğacaqlar. Riyaziyyat bazarda ancaq pul saymaq üçün lazım olacaq. Rus dili isə bəlkə qətiyyən lazım olmayacaq.

          Valideyn və şagirdlərin yaltaq sifətlərini Marina unutmamışdı. İnsanları qorxu və itaət altında saxlamaq onun ürəyincə idi. Bütün ölkəni Stalin itaəətdə saxladığı kimi, ancaq daha kiçik miqyasda.

          Marina hakimlik etmək istəyirdi. Bu yolla o, alçaldılmış uşaqlıq kompleksinə qalib gəlirdi. 

          Tələbəlik illərində onun bircə donu var idi. Axşam yuyub, səhər ütüləyərdi. Bircə donu olsa da, politexnik institutundan Volodka Sidorov ona aşıq olur. Rəqs meydançasında tanış olmuşdular.

          Volodka, Marinanı dəvət etməkdən öncə öz dostu Borisi qızın yanına göndərir: onunla rəqs edər yoxsa yox? — soruşmağa.

          Boris, uzunboylu yaraşıqlı oğlan, Marinaya yaxınlaşdıqda qızın ürəyi bərk-bərk döyünməyə başlayır. Qız, azqala oğlanın qucağına yıxılmağa hazırdı. Amma məlum olur ki, Boris sadəcə onun dostuyla rəqs edib-etməyəcəyini öyrənməyə gəlibmiş.

          Məyyus halda Marina, “bəs onun özü hardadır?” —  soruşur.   

          Qısaboylu, yengəctək enlikürək Volodka yaxınlaşır. Əlbəttə, Borisə çatmaz. Ancaq çirkin də demək olmazdı. Özü də yaxınlaşa bilərdi.

          Sabahı kinoya gedirlər. Qaranlıqda Volodka qızın əlindən tutur. Marina tualetə getmək istəyir, seansın ortasında çıxmaq isə yaxşı deyil. O, əziyyət çəkib bir təhər dözür, Volodkanın mehribanlığı da yetərincə təsir etmirdi.

          Seansdan sonra parka yollanırlar. Volodka Marinanı ağaca söykəyir, qızın incə belindən tutub öz dodaqlarını onun dodaqlarına toxundurmağa başlayır. 

          Müasir qız rahatca xahiş edərdi: beş metr qabağa keç, üzünü də o yana çevir. On saniyədən sonra da həyat tamam başqa rənglərə boyanardı. Əllinci illərin qızları isə fərqli idi. Oğlanlar, gənc qızlarda sidik yığılmasını bilməməliydi. Ayıbdır. Qızlar — sadəcə çiçək içində doğulmuş Düyməciklərdir. 

          Qısası, Volodka öpdüyü an Marina tumanına işəyir. Qaranlıq idi, göz-gözü görmürdü, yalnız su şırıltısı eşidilirdi.

          Volodka qısa boynunu ora-bura döndərib:

  • O nədir? — soruşur.

          Marina da, qulaq verirmiş kimi, başını ora-bura çevirib:

  • Harda? — soruşur.

          Sonra qız, Volodkanı o ağacdan uzaqlaşdırır, başqa bir ağacın yanında öpüşlərə qərq olur, istəkdən inildəyir, ayrı hal ilə öpüşür. Oğlanın beldən aşağı sürüşən əllərini isə dayandırır. 

          Axşam donu yenə yumaq lazım olur. O vaxt Volodka heçnə hiss etmir. Hiss etsəydi də, asanlıqla bağışlayardı. Marinanı, onun hərarətini, onun ətrini və sirli çığırlarını öyrənməyə heçnə mane ola bilməzdi. Oğlan, qızı daha da dərindən, daha da çox öyrənmək istəyirdi. Hər zaman.

          Evlənirlər.

          Anası qonşulara danışırdı: nə vaxt gəlirsən — yatırlar. Həqiqət idi.

          Doqquz ay sonra evladları olur. Leninin uşaqlığına bənzəyən açıq rəngli qıvrım saçlı yaxşı bir oğlan uşağı dünyaya gəlir.

            Marinanın imtahanları, sessiyası başlayır, uşaq bağçaya gedir. Evə gətirməyə gələndə, uşağı boğazınadək yaş, soyuqlamış, yarıac   vəziyyətdə görürdü. Adamın başı gicəllənirdi: hansı işdən yapışacağını bilmirdi: kirli bələkləri yusun, yoxsa konspektləri oxusunBaxışı güzgüyə sataşanda, Marina öz boz sifətini, altı göyərrmiş gözlərini görürdü. Könlündən yatmaq, ancaq yatmaq, heçnəyi düşünməmək, letarqiya yuxusuna getmək keçirdi. Volodka kömək etmirdi, onun ağlında bircə şey idi. Marina əlacsız qoyuntək tabe olur, sevişdikdə isə hardan pul tapacağını, sabaha nə bişirəcəyini, imtahanı necə verəcəyini düşünürdü ancaq

          Analıq, adətən, xoşbəxtlik sayılır. Xoşbəxtlik — pul, köməkçi olduğundadır. Hər şey varsa, uşaq da hər şeyə əlavə olandadır. 

          Əzab-əziyyətdən başqa heçnə yoxdursa, artlq sən insan yox, yağış altında islanan atsan.

 

 

 

 

 

 

 

 

          On il keçir.

          İnstitutdan sonra Volodka zavodda kiçik başçı vəzifəsində çalışır. Səs-küy, gurultu, sərxoş fəhlələr. Naharadək, yəni saat on ikiyədək ayıq olardılar. On ikidən sonra isə müqəddəs əməl başlayardı. Volodka da onlara qoşulardı. Ancaq öz qədərini bilmək şərtilə. Hörmət sahibi idi.

          Volodka işini xoşlayan idı. Ümumiyyətlə, o, işləməyi sevərdi. İşin gedişatı içində olmaq, ona özü-özlüyündə maraqlı gəlirdi. Yekun məqsəd müəyyənləşdirilmişdi, hər bir gün də məqsədə doğru irəliləyiş idi. 

          Ev isə darıxdırıcı idı. Marina daima nədənsə narazı, pul-para ona azlıq edərdi. Oğlu hər zaman nəsə tələb edərdi: gah belində gəzdirməli, gah dərs öyrətməli, gah gizlənpaç oynamalıydı. Volodka isə yorğun olurdu. Nə gizlənpaç?.. Onun istəyi – başını atıb yuxuya getmək idi. 

          Elə də edərdi. Qazeti sifətinə atıb mürgüləyərdi. 

          Balıq qarmağı dartdığı kimi, Marina da gəlib suallarıyla onu dartardı. Volodka   oyanıb güc-bəlayla gözlərini açardı. O, dövlətin verdiyi maaşdan artıq evə gətirə bilmir, vəssalam. Qonaq gedə bilmir, orada darıxdığına görə. Onun bacardığı — işləyib yatmaqdır. Bəli. Orqanizmi belədir.

          Zaman keçdikcə təzadlar soğulmur, get-gedə dərinləşir. Etiraz əlaməti olaraq Marina öz qadınlıq borcundan boyun qaçırır, ərini həyat qədər vacib olandan məhrum edirdi. Bu vəziyyət, Volodkanın özünə yeni sevgili, erməni qadın tapmasıyla bitir. Marinaya xəbər çatdırılır: o qadının ayaqları tüklüdür. Əvvəllər ər, evə gəlib yeyib yatardı. İndi isə gəlib yeyib gedirdi. Erməni qadının evində yatırdı.

          Dalaşmağa yeni mövzu tapılır. Əvvəllər iki mövzu idisə, indi mövzu üç olur.

          Marina xəyanətkar ərini evdən qovmaq istəyir, anası isə:

          — Dəli olubsan? Adam da doğmaca ərini başqa əllərə verər? — deyir.

          Marina fikrə gedir. Onun və yalnız onun olan Volodka birdən-birə başqa bacaqlar, başqa gözlər, hələ başqa daha nələr-nələr tapdığını düşünüb üzülür.

          Marina məktəbdə işləyir, ibtidai siniflərə dərs deyirdi. Boş vaxtının hamısını dəftər yoxlamaq aparırdı. 

          Müəllimlər otağında hamı onun ailə vəziyyətini müzakirə edirdi. Marina öz rəfiqəsi, coğrafiya müəlliməsi ilə dərdləşmişdi, iki nəfər bildiyini isə, deyərlər, el-aləm bilər. Mahnıda deyilir: “Məni atmağın yox, el içində söz-söhbətlər yandırır...”[1]

          Marinaya elə gəlir, sanki müəllimlər otağında ortada çılpaq dayanıb, yanındakılar isə devrə vurub diqqətlə ona baxırlar. Utanır, üşüyür, özünü tənha hiss edirdi.

          Kollektivin əksəriyyəti Marinanın tərəfini saxlayırdı: müstəqildir, namuslu-qeyrətli, əla mütəxəssisdir. Sinifində ordu nizam-intizamı var, təlim prosesi təmin edilirdi. Qanun da onun tərəfindəydi: pasportunda — möhürü, uşağı. Ailəsi. Bəs erməni qadın kimdir?

          Lakin erməni qadının tərəfini saxlayanlar da varıydı. Deyirdilər, bu erməni qadın, bütün şərq qadınlarıtək dinməz-söyləməz kişiyə tabe olur, artıq sual vermir, allah göstərməsin, tənqid etmir. Yalnız dadlı yeməklər bişirir və tabe olur, özü də böyük həvəslə. Bütün ürəyini verir. Yenə də — cənub temperamenti. Gözləri də böyük və məxməridir. Bütün cənub insanlarının gözləri böyük və gözəl olur. Əla obraz yaranırdı: gözəl, itaətkar, temperamentli... Volodkanı anlamaq olardı.

          Marinanı dərd alır. Nə etməli?

          Müəllimlər otağında dostcasına məsləhət verilir: ailəni möhkəmlətmək, ikinci uşağı doğmaq gərək. Uşaq bağlayacaq. Bir də — aliment. İki uşağa aliment – otuz üç faizdir. Aliment verən kişi erməninin nəyinə gərəkdir? Ermənilər pul saymağı yaxşı bacarırlar. Qız uşağı doğulsa, Volodka  heçyana gedən deyil. Atalar qızlarını dəlicəsinə sevər.

          Deyilən kimi də edilir. Marina qoçaqlaşıb hamilə qalır. Doqquz aydan sonra da dünyaya bir qız gəlir. Adını Snejana qoyurlar. Bu incə ad qeyri-rus adı idi. Marina qeyri-rus olan hər şeyə qibtə edərdi, buna “Qərbə sitayiş” deyilir. Bir qədər keçəndən sonra isə Snejana bolqar adı olduğu məlum olur. Bolqariya isə Qərb sayılmaz. Mariya adı qoymaq daha yaxşı olarmış, beynəlxalq standartdır. Ancaq Snejana Snejana olaraq da qalır, qısaca Snejka çağırılır. Ad qıza çox yaraşır.

          Volodka fikirli-fikirli gəzir, həyat tərzini isə dəyişmirdi. İşdən sonra evə gələr, yemək yeyib çıxıb gedərdi. Həyatının əsas qismini erməni qadının yanında keçirərdi.

          Marinanın böyük qardaşı Pavel soruşur:

  • İstəyirsən, onu əzişdirim?

          Marina fikirli-fikirli cavab verir:

  • Bilmirəm.

          O, həqiqətən də nə edəcəyini bilmirdi. Bir tərəfdən, heçkəsə çatmasın deyə, Volodkanı döyüb öldürmək istəyirdi. Digər tərəfdən isə, əri onun üçün məhz elə indi, əlindən çıxmaq istədiyi bu ərəfədə dəyərli idi. Birdən-birə Marina ərində bir çox müsbət cəhətlər görməyə başlayır: az danışan, dürüst, işguzardır, ən əsası isə — kişidir. Kişi zəhmi onun gözlərində, çiyinlərində, nə qədər qəribə olsa da, həm də sadiqliyindədir. Əri on ildən çoxdur Marinaya sadiq idi, indi də ömrünün sonunadək o biri qadına sadiq olacaq. Görünür, kişi ömrünə bir qadın yetmir. 

          Pavel, Volodkanı icazəsiz döyür. Öz təşəbbüsü ilə. Bu yolla bacısının namusunu qoruyur. Tək yox, yoldaşıyla. Volodka yerə yıxılanadək döyürlər. Yerə düşəndən sonra da bir-iki dəfə çəkmə ilə sifətinə təpik atırlar. Var gücləriylə. Volodka evə qayıdır, dişlərini tüpürür, əşyalarını yığır. Şəhərdən çıxıb gedir. Erməni qadınla birlikdə. Onu da döyəcəklərindən qorxur.  

          Marina Paveli danlayır. Pavel planın hamısını pozmuşdu. Qızları böyüyəcəkdi, Volodka da ona alışacaqdı, bəlkə ermənidən ayrılacaqdı da. Ayrılmasa da, iki ev arasında yaşayacaqdı. Heçnədənsə belə daha yaxşı olardı. Bəs indi nə? Otuz iki yaşında, iki uşaqlı qadın. Kimə lazımdır? Yad uşaqlar kimə lazımdır?..

 

 

 

 

 

 

 

          Ayaqda qalmaq lazım idi. Lakin necə?

          Marina qızını bağçaya verir, özü də ora işə düzəlir. Məktəbdən çıxmalı olur. Bağçada ikisinin də qarnı tox, uşaq da göz qabağında idi. Yeməkxanadan evə də yemək aparırdı: qazançada şorba, üstündə — əriştəli kotlet qazançası, bankada — quru meyvə kompotu. Oğlu Saşa üçün mükəmməl qida alınırdı — zülal, vitaminlər. Yaşamaq olar, acından ölməzlər. Geyimə də pul çatırdı: maaşı, üstəgəl Volodkanın alimenti var idi. Qarınları tox, əyin-başları geyimli-kecimli idi. Bayramlarda Snejana yaşıl məxmər donda və balaca laklı ayaqqabılarda hamıdan gözəl görünürdü.  

          Ancaq tək qarın doydurmaqla iş bitmir. Xüsusən də gənc yaşlarında.

          Uşaq bağçasının müdiri Marinayla yaxınlıq etmək istəyir, müdirin ağzı isə noxud ilənirdi. Deyirlər, sevmədiyin insanlar pis qoxar. Sevdiklərin isə — ətir saçar. Qarşılıqlı cazibə qoxularda gizlənir. İtlərdə olduğutək. Sadəcə insanların bundan xəbəri yoxdur.

          Marina müdirlə öpüşə bilmir. Ürəyi bulanır. 

          Sonra dul kişi peyda olur. Kartof növbəsində tanış olmuşlar. Dul kişinin Saşayla yaşıd bir oğlu varıydı. Kişi qoca deyildi, qırx beş yaşındaydı. Pis deyildi. Marina ona diqqət etməyə başlayır: mənzil sahəsi, maaşı var... Günlərin bir günü isə dul kişi deyir:

          — Oğlunu anana ver. Qoy Snejana bizimlə qalsın. İki uşağımız olar — sənin qızın, mənim də oğlum. Bərabər.

         Deyilən sözün mənası Marinaya çatanda, məna isə tez, bircə dəqiqənin içində çatır,   dul kişi artıq yox idi. Yəni fiziki cəhətdən hələ də otağın ortasında dayanmışdı, dəhlizə çatıb əynini geyinib qapıdan çıxması isə üç dəqiqə çəkir. O gündən sonra bu kişi, Marinanın həyatından tamam silinir.

                         O vaxt  Saşanın   on iki yaşı var idi. Uzunboylu, marallardakıtək nazik ayaqları və                böyük dizləri var idi. O, hər yerdə anasının arxasınca gedər, ağır çantaları daşıyar, əsl kişi                kimi kömək edərdi. Marina öz saç düzümü və makiyajı barədə Saşayla məsləhətləşərdi. O                da belə tövsiyyələr verərdi: “Bənövşəyi dodaq boyasını vurma, suda boğulmuşlara                oxşayırsan...” Marina da o zamanlar dəbdə olan bənövşəyi boyanı dodaqlarından silib   zərif  çəhrayı rənglə əvəz edərdi. Gerçəkdən də, daha cavan və daha təbii görünərdi. 

                         Marina oğlunun tənbəl, təşəbbüskar olmadığını görsə də, onu dünyalar qədər se-               virdi... Söhbət öz evladından gedəndə, nöqsanlar görünmür. Marina nöqsanları    məziyyətə çevirirdi. Tənbəldir, ancaq sırtıq deyil. Təvazökardır. O “tənbəl      olmayanlar”          isə bütün bəşəri dəyərləri kərkədan kimi tapdalayıb keçirlər. 

                         Dul kişinin arxasınca qapı şappıltıyla örtüləndən sonra Marina ağlayır. Lakin göz                yaşları nurlu, güclü idi. Marina, məhəbbət yollarının onun üzünə bağlı olduğunu,                uşaqları        üçün yaşamalı, onları ayaqları üstündə qoymalı olduğunu anlayır. 

 

               

 

 

 

 

 

 

                         Snejana birinci sinfə gedir, Marina da məktəbə qayıdır. Snejana yaxşı oxuyur, dərsi                           göydə götürürdü. Balaca qızın qeyri-adi olması gün kimi aydın idi. Bunu başqaları                          da görürdü.

                         Marina şəxsən özü üçün artıq heçnə gözləməyəndə tale ona şahanə bir hədiyyə                    verir. Bu hədiyyənin adı Rüstəm idi.

                         Əvvəl Marina onun səsini eşidir.

                         Qadın evdə oturub dəftər yoxlayanda telefon zəng çalır.

                         Marina dəstəyi götürür:

                               — Alo!..

                         Xoş kişi səsi dillənir:

                         — Camalı çağırın, xahiş edirəm.

                         Marina nəzakətlə:

                         — Səhv düşmüsüz,— deyib dəstəyi asır. 

                         Diqqətini dəftərlərə yönəldir, ancaq zəng yenidən çalınır, eyni səs xahiş edir:

                         — Xahiş edirəm, Camalı telefona çağırın...

                         — Dedim axı, ora düşməmisiz. — Marina dəstəyi asır.

                         Beş saniyə keçir. Zəng. Marina yüngülcə acıqlanaraq tənbehedici səslə:

                         — Burda Camal-filan yoxdur. Siz hansı nömrəni yığırsız?

                         Xoş kişi səsi lazım olan nömrəni deyir.

                         Marina tələbkar səslə:

                         — Elə dediyiniz o nömrəni də yığın.

                         Xoş bariton cavab verir:

                         — Bağışlayın.

          Marina telefonun dəstəyini asır, fikrini isə işinə cəmləyə bilmir. Ona elə gəlir ki, o adam bir də zəng edəcək. Edir də. 

                         Marina it kimi:      

         — Alo!        

          Dəstəkdəki susur. Bədbəxt bariton sahibi, Camalı çağırmağa cəsarət etmir. Marina:

          — Bu sizsiz? — soruşub yoxlayır.

          Bariton etiraf edir:

           — Mənəm.

          Marina ehtiyyatla:

          — Telefon stansiyasında yanlış calayırlar.

          — Bəs nə edək?

           — Siz o Camalın nömrəsini mənə verin, ona zəng edib deyim, sizə zəng vursun. Adınız nədir?

          — Rüstəm.

          — O sizi tanıyır?

          — Əlbəttə. Doğma qardaşıyam.

          — Yaxşı. Deyərəm Camal sizə zəng edər. Nömrəsi nədir?

          — Mənim?

  • Yox ee. Sizinkini neyniyirəm? Camalın telefonunu deyin.

          Rüstəm nömrəni deyir. Marina yazıb dəstəyi yerə qoyur. Sonra lazım olan rəqəmləri           yığır. Eynilə əvvəlki səsə bənzər səs telefona cavab verir. Deməli, Rüstəmlə           Camal həqiqətən də qardaşdırlar. 

          Marina rəsmi tərzdə:

  •  Xahiş edirəm, qardaşınız Rüstəmə zəng edin. Onun zəngi sizə çatmır.

          Camal soruşur:

  • Bəs siz kimsiz?
  • Telefonçu.

          Marina dəstəyi yerinə qoyur. Fikrini işinə yönəldir. Dörd dəftər yoxladıqda yenə  zəng gəlir. 

          Rüstəm:

  • Çox sağolun. Hər şey qaydasındadır, — deyir.
  • Lap yaxşı.

          Birdən Rüstəm soruşur: 

  • Sizin adınız nədir?

          Marina anlamır:

  • Nəyinizə gərəkdir?
  • Necə deyim e, alışdım sizə. Elə gözəl səsiniz var.

          Marina gülümsəyir. 

          Rüstəm təklif edir:

  • Gəlin görüşək, filmə baxmağa gedək.
  • Bəs məni necə tanıyacaqsız?
  • Əlinizdə bir qəzet tutun.

          Bariton təhlükəsiz və çox zərifdir. Həqiqətən, niyə də kinoya getməyəsən... 

          Marina soruşur:

          — Bəs neçə yaşınız var?

  • İyirmi altı. Çoxdur.

          Marina kədərlənir. Özünün otuz iki yaşı var. Altı yaş böyükdür.

          Ərə getmir ki. Kinoya isə altı yaş fərqlə də getmək olar. 

          Marina göstəriş verir:

  • Deməli belə. Boynumda qara xal-xal ağ şərf olacaq. Məndən xoşunuz gəlməsə, yanımdan ötüb keçərsiz.

          Rüstəm ürəyiaçıqlıqla etiraf edir:

  • Siz elə indidən xoşuma gəlirsiz.

          Gənc, avam oğlandır. Bu, həyat təcrübəsi aşıb-daşan dul kişi deyil.    

Marina Snejkanı Saşaya tapşırır. Necə və saat neçədə yedizdirməyi göstərir. Özü isə geyinib, “Ağ yasəmən” ətrini vurub kinoteatra yollanır.

          Marina yarım saat gözləyir, Rüstəmin gəlməyəcəyini anlayır. Daha doğrusu, gəlib, amma yanından ötüb keçibdir. İki uşaqlı rus xala onun nəyinə gərəkdir... Uşaqlar haqda, əlbəttə, bilmir, ancaq xəbər tutacaqdır. Marina köksünü ötürüb evə qayıtmaq üçün avtobus dayanacağına yollanır. On addım atdığında qəflətən, sanki yerin altından, qarşısında təbii ölçülü Ömər Şərif[2] peyda olur. Bəyaz dişlər, bəyaz köynək, xurmayı saçlar. Sarıyağız azərbaycanlı. Belə də olur. O, Marinanın əlindən tutub təngnəfəs deyir:

  • Məni Camal ləngitdi. Axırıncı dəqiqədə gəlib çıxdı. 
  • Deyərdiniz tələsirsiz...
  • Deyə bilmərəm. Böyük qardaşdır.

          Deməli, böyük qardaşı zora salmaq olmaz, Marinanı isə olar. Müsəlman ailə klanının yaxşı tərəfləri də, pis tərəfləri də var, bir çubuğun iki başı olduğu kimi.

          Bu görüşün heçnə verməyəcəyi Marinaya aydın olur. Rüstəm — həddindən artıq yaraşıqlıdı. Bu qadın onun nəyinə gərəkdir? Gülməlidir də. Heyfslənirmi? Əsla. O, nə bir şey itiririr, nə də bir şey qazanırdı. Qurd keçinin nəyini yeyib? Həyat hələ qarşıdadır. Bu olmasın, bir başqası olsun. Bəlkə də — nə bu, nə də başqası. Kişi – nəsil artırmaq üçündür. Uşaqlar isə artıq var. Proqram yerinə yetirilibdir.

          Rüstəm dillənir:

  • Jurnala gecikdik. Amma heçnə olmaz...

          O, Marinanı çoxdan tanıyırmış kimi əlindən tutur, qaçırlar. Qara xal-xal ağ şərf də küləkdə yellənir.

          Kinojurnal başlamış, ancaq içəri buraxırlar. Öz yerlərinə keçib yanaşı otururlar.

          Buğda, ölkə ambarlarına tökülür, özbəklər pambıq yığır, pambıq da bəyaz qartək tökülür. Marina həddindən artıq gərgin halda ekrana, Rüstəm isə — qadına baxır. Marina yan baxışla hiss edir: buna göz qoyulur. Oğlan ölçüb-biçir. 

        Rüstəm — yaxşı Azərbaycan ailəsindən olan yaxşı oğlan idi. Anası — Bakı teatrının qabaqcıl aktrisası — oğluna yaxşı Azərbaycan ailəsindən yaxşı bir qız axtarırdı, aktrisa olmasın, allah eləməsin... Belə qız hələ tapılmamışdı. Həyat yoldaşını, gələcək uşaqların anasını seçmək asan deyil.

         Qaranlıq zalda cavan rus qadını diqqətlə gözdən keçirir, qadın onun daha da çox xoşuna gəlirdi. Marinanın hər şeyində yumşaqlıq varıydı: sifətinin yumruluğunda, kətan saçlarında, mavi gözlərinin baxışında. Azərbaycan qızlarında belə mavilik, belə kətan yumşaqlığı olmur.

          Film bitəndə Rüstəm artıq tamamilə vurulmuş və hər bir avantüraya hazır idi.

 

 

 

 

 

 

 

        

          Avantüra uzun illər sürür.

       Marina düşünür: “Nə yaxşı ki, Volodka məni atdı. Yoxsa belə olacağını da heç bilməzdim...”

          Rüstəm hüquq-mühafizə orqanlarında kapitan rütbəsində çalışırdı. Atası və qardaşı da bu sahədə işləyirdilər. Atası — general, Camal isə polkovnik idi. Ola bilsin, elə özləri- özlərinə rütbə verirdilər...

        Rüstəm işə gəlir, iş otağının divarlarına göz gəzdirir, sonra da Marinaya məktəbə zəng edirdi. Marina da bu zəngi gözləyir, tez dəstəyi qaldırırdı. 

          Rüstəm dillənirdi:

           — Xahiş edirəm, Camalı çağırın.

       Marina sevincək qaqqıldayır, zınqırov kimi cingildəyirdi. Rüstəm qadının xoşbəxt səsini duyduğunda, bütün varlığı o səsə əks-səda verirdi. Rüstəm, Marinanın qulağına   pıçıldadıqları deyiləsi deyildi. Marina dəhşət içində o yan-bu yana göz gəzdirirdi: görəsən, eşidən varmı? Yox. Kimsə eşitmir, heç ağıllarına da gətirmirlər. 

       Marinanın ürəyi bu sözlərdən azqala dayanırdı. Nəbzi tamamilə gözlənilməz yerlərdə — boğazında, məsələn, dodaqlarında, daha da aşağılarda vurmağa başlayırdı. Müəllimlər otağındakıları azdırmaq üçün Marina quru səslə “Çox sağolun. Çox nəzakətlisiniz” deyirdi. Qoy elə bilsinlər, işlə bağlı danışır. lakin sevgi iş deyilmi? Bu — insan həyatında mövcud olan işlərdən ən əsasıdır. 

        Zəng vurulurdu. Marina jurnalı götürüb dərsə girirdi. O, yuxuda gəzən lunatiklərtək, heçyana baxmadan, başı dumanlı-dumanlı gülümsəyərək tərpənirdi.

       Rüstəm plaşını götürüb tez küçəyə qaçırdı, cəld trolleybusa qalxırdı. İyirmi dəqiqəyə məktəbə çatırdı. Skamyada oturub üzünü yuxarı qaldırır, gözlərini ikinci mərtəbəyə tuturdu.

          Marina pəncərəyə yaxınlaşırdı. Rüstəmi görüb gözlərini ona yönəldirdi. Onların baxışları kəsişir, baxışlarından da güclü elektrik axırdı. Bu elektrik sahəyə ağcaqanad və ya bir böcək düşsəydi, elə o an da yerə yıxılıb ölərdi.

          Marina dərsi keçə bilmirdi. Sinifdən çıxa da bilmirdi. Bu hərəkətini müdür bəyənməzdi. Marina məsum uşaqlara müstəqil iş verir, məsələn, quş rəsmi çəkməyi tapşırırdı. “Yayı necə keçirmişəm” adlı inşa yazmağı tələb edirdi. Sonra yenə pəncərəyə yaxınlaşırdı. Donub qalırdı. Onların məhəbbət seli sahəsindən uçan böcəklər də ölüb yerə düşürdülər. 

          Axşamlar Rüstəm, Snejanaya dərslərində köməklik edir, Saşa ilə şahmat oynayırdı. Demək olar, Rüstəm həm ər, həm də ata idi. Uşaqlar, xüsusilə də Snejka, onu sevirdi. Snejka doğma atasını xatırlamırdı. Qəlbindəki bu yeri Rüstəm doldurmuşdu. Çoxları Snejka ilə Rüstəmin bir-birlərinə oxşadığını deyirdi. Həqiqətən də, nəsə var idi.

         Hərdən qonaq gedirdilər. Ancaq bu — Marinanın çevrəsi idi. Rüstəm Marinanı öz çevrəsinə çıxarmırdı. Marina məşuqə statusunda idi, Azərbaycanda isə bu status, yumşaq desək, prestijli deyil. Ancaq onlar nə bilir? Heçkəsdə heçvaxt belə yaxınlıq olmayıb. Marinayla Rüstəm birlikdə yeyir, birlikdə yatır, birlikdə düşünürdülər. Onları bir-birindən heç bir qüvvə ayıra bilmirdi. 

 

 

 

 

 

 

 

 

          Marinanın böyük qardaşı Pavel ölür. Volodkanı döyən həmin o oğlan. Xəstəliyin adı uzun və  qəliz idi: limfoqranulematoz. Qan xəstəliyi. Görən, nədəndir?

          Ölüm haqda arayış almaq üçün Marina xəstəxanaya gedir. Qardaşının əşyaları təhvil verilir: pencəyi, şalvarı, bir də saatı. Saat hələ işləyir. Marina ağlayır. Rüstəm yanında dayanıb üzülür. Paveli tanımırdı, ancaq sevgilisini ilk dəfə dərdli gördüyündən, az qalırdı ürəyi partlasın. 

          Sonra xəstəxananın parkından keçirlər. Birdən Rüstəm cığırın ortasında Marinanın üzünü, gözlərini, ağzını ehtirasla öpməyə başlayır. Günün günorta çağında camaatın gözü qarşısında öpüşmək müsəlman əxlaqına ziddir. Bura Fransa deyil. Amma Rüstəm əxlağı vecinə almırdı. Marina da ehtirasla ona cavab verirdi. Dərd, yersiz ehtirası arxa plana çəkməli idi. Ancaq qətiyyən belə deyildi. Həcmli bir əşyanı hovuza endirdikdə, suyun səviyyəsi qalxdığıtək, Marinanın öz qəmini sevgidə boğması da sevgini daha yüksək, daha dolğun edirdi. 

          Ola bilsin, dərd çəkəndə qanın içinə adrenalin buraxılır, xoşbəxtlik isə onu parçalayıb bədəndən çıxarır. İnsan da intuitiv olaraq sevgiylə müalicə ediir.

          Çox ehtimal, xöşbəxtlik və dərd — bir çubuğun iki başıdır. O başlar, bir bütünü təşkil edir.

 

 

 

 

 

 

 

 

          Sevgini ağırlaşdıran xoşagəlməz şey abortlar idi. Onların qarşısını almaq mümkün deyildi. Marina, çox istəkli o ağuşlarda nəticələri nə düşünmək istəyir, nə də düşünə bilirdi. Zəriflik və ehtiras şüalarında hər şey sönüb yox olurdu. Təbiət, səhlənkarlığın qisasını alırdı. Təbiətin öz qanunları var.

          Marina abortlara Rüstəmdən qat-qat rahat yanaşırdı. Rüstəm, sevimli qadınını abort otağına yola salanda, ilan vurmuş at kimi başını bulayırdı: 

          — Məni evladsız qoyacaqsan.

          Rüstəm uşaq istəyirdi, evlilik isə təklif etmirdi. O, hər şeyi olduğu kimi saxlamaq, üstündən də bir uşaq, oğul istəyirdi. Məsələn, Fərhad adlı.

          Günlərin bir günü Marina fikrə gedir: axı niyə də yox? Qoy balaca bir Fərhad doğulsun, iki uşaq olan yerdə üçüncü də olar.

          Marina növbəti abortu gecikdirir. Sevgi barını öldürməyə ürəyi gəlmir. Anasının yanına məsləhətləşməyə gedir. Anası, Bakı kəndlərinin birində yaşayırdı. Marina elektrik qatarıyla yol gedir, getdikcə də uşağı saxlamaq qərarına yaxınlaşırdı. Bu fikir onu içdən-içə gücləndirir, körpəni də indidən sevməyə başlayırdı. 

          Anası sərt şəkildə:

  • Ağlına da gətirmə, — deyir. — Axı niyə atasız uşaq böyütməlisən? İkisi azdır?

          Marina sakit səslə:

  • Onu sevirəm.
  • Hə, nə olsun? Azərbaycanlılar yalnız özlərinkilərlə evlənir. Dinləri belədir. 

Ruslarla isə eləcə gəzirlər. Azərbaycan qızlarıyla gəzə bilmirlər. Bəri-başdan evlənmək lazımdır. Ruslar isə burdakılar üçün cələbdi...

          “Cələb”ın nə olduğunu Marina yaxşı bilirdi.

          Anası həmişəki kimi kobud idi. Ola bilsin, qızına görə əzab çəkir, bu əzab da köpüklənib ağızdan bu cür tökülürdü.

          Marina ayağa qalxaraq:

  • Gedim. Evindən kələm qoxsu gəlir. Ürəyimi bulandırır.

          Həqiqətən, hər şeydən ürəyi bulanırdı. Doğma anasından da.

          Marina, yolda, evinə qayıdarkən, anasının, əfsuslar, qadın xoşbəxtliyi görmədiyini, bunu heç təsəvvür də edə bilmədiyini düşünür.  Anası üçün sevgi — pasportda möhür və birgə yaşayış demək idi. Bəs birgə yaşamaq nədir? Ruhsuz-qanadsız əmək, qarşılıqlı qıcıqlanma, daimi neqativdən çıxış yolu kimi də — vodka. Dincəlmə. Ya da indikilərin dediyi kimi — relaksasiya. Xalq vodka ilə özünü müalicə edir, vodka ilə də öz kökünü kəsir.

          Qadınlar kişilərdən güclü və davamiyyətlidir. Anası içmir, həyata tab gətirir. Bununla belə, yazıq, sevimli kişi qoxusunun  nə olduğunu belə bilmirdi.

          Rüstəmdən fərqli qoxular gəlirdi: nəfəsi — çiyələk, qoltuğunun altı — qarağat yarpağı, qarnı — quru şərab ətri verirdi. Rüstəm, torpağın bütün ətirləri ilə, südəmər körpətək təmiz və bihuşedici qoxurdu. Marina da bu ətri canına çəkməyə, canavar kimi isti dili ilə yalamağa və qorumağa hazır idi.

          Volodka sevgidə xudbin idi. Solist kimi, təkcə özü haqda düşünürdü. Tək və əsas o idi, hamı da ona uyğunlaşmalı idi. Rüstəm isə tamam başqadır. O, duetə dəvət edirdi. Kişi və Qadın duetinə. İkisi də xoşbəxtlik almağa yox, xoşbəxtlik verməyə çalışırdı. Digərinin xoşbəxtliyindən özü də xoşbəxt olurdu. 

          Aah! Bu insanı necə də sevirdi. Onun necə yemək yeməsindən xoşu gəlirdi: çeynəməsindən, udmasından. Necə yatmasından xoşu gəlirdi: sakit nəfəs alır, qarnı isə qadının əli altında tərpənirdi. Rüstəmin bəsit insan olmasına baxmayaraq, onun söhbətlərini dinləməkdən xoşu gəlirdi. Rüstəm kitab oxumazdı. Kitabı neyniyir? Başqalarının fikirləri nəyinə gərəkdir? Mahnı oxumaq mümkünsə, onda musiqidən baş çıxarmaq nəyə lazımdır? Rəsm əsərləri isə ancaq divardan asılmaq üçündür. Onlara mütləq baxmaq gərək deyil.

          Onun əsas realizasiyası sevgi idi. Bax, burda o, nəhəng idi. Böyük duyğularla aşıb- daşmaq da, böyük duyğuları qəbul etmək də istedaddır. 

          Marinanın üç dəyəri var idi: uşaqları, təsərrüfatı və Rüstəmi. Yaxşı biş-düş edirdi, qazanların başında cadügarlığı bacarır və sevirdi. Qadın idi. Anasının yeməkləri yaxşı alınmazdı. Uşaqlarını yarımçıq sevərdi. Sevərdi, amma onlar üçün heçnə etməzdi. Kişiyə qarşı sevgini palçıq sayardı. Soruşmaq gərək: bəs insan nə üçün yaşayır?

          Marina, hər şeyə rəğmən, anasıyla söhbətdən sonra gedib yenə də abort elətdirir. Biri az, biri çox.

          Rüstəm başını silkələyir, soruşur:

  • İçindəki bir insanı öldürməyə necə ürək edirsən?

          Marina cavab vermirdi. Deyə bilərdi: “Evlən, ondan sonra tələb et.” Gəl ki, bu, kobudluq olardı. Rüstəm onunla evlənmək istəsəydi, deyərdi. Təklif etmirsə, demək —istəmir. Bu haqda danışmaq da təhlükəlidir. Danışıb-danışıb münasibətləri məhv etmək olardı. Həqiqət ilə qalardı, ancaq Rüstəmsiz qalardı. Nə ilə bitəcəyi bilinməyən bu xöşbəxtliyin içində qalmaq  daha yaxşı idi.

          Marinanın cəsarəti bircə suala çatırdı:

  • Məni atmayacaqsan?

          Rüstəm, qadının əllərini ürəyinin üstünə qoyub gözlərini bərəldərək:

  • Səni heçvaxt atmaram... Həmişə bir yerdə olacağıq. Ölənədək.

          Qadın da rahatlanardı. Ölümə çox var. Hər günün içində də Rüstəm var.

 

 

 

 

                                                          * * *

 

 

 

          Günlər həqiqətən də bir-birinin ardınca keçib gedir.

          Saşanın on səkkiz yaşı tamam olur. Əsgərliyə çağırılır, harasa aparılır. Kazarmada yer verilir.

          Yarım il sonra Saşa qaçır. Qatara minib Bakıya gəlib çıxır. Qapının ağzında peyda olur. Marina hər şeyi anlayıb yerindəcə donub qalır. Ayaqları saxlamır. Əsgərlikdən qaçmaq — maddədir. Həbsxanadır. On səkkiz yaşlı oğlanın başına həbsxananın nə açacağını təsəvvür etmək çətin deyil.

          Marina Rüstəmdən kömək istəyir. Rüstəm də — öz general atasından. General, lazımi yerə zəng edir. Saşa geri qayıdır. Hərbi hissədə bunun yoxa çıxmasını sanki heç görməmişlər. Sanki xəstələnmiş, indi də sağalıb qayıtmışdı.

          Üç ay sonra bir zəng də lazım olur, Saşanı Bakı ətrafı hissələrin birinə dəyişmək üçün. Saşa, hərbi sanatoriyada başını girələyir, yol cığırlarını süpürür, boru, kərpic daşıyır. Muzdurluq edir. Həftəsonları evə gedir. Sonralar isə tədricən evdə gecələməyə başlayır. Hamı rahatdır. Kimin sayəsində? Rüstəmin.

          Rüstəm ailə büdcəsinə pul gətirmirdi. Onun maaşı öz cib xərclərinə güclə çatırdı. Buna baxmayaraq, yaxın qohumları rayonda yaşadığından, Rüstəm ayda bir dəfə bir dolu maşın, keyfiyyətinə söz olmayan ərzaq gətirirdi: ev çaxırı, kəsilmiş hind toyuğu və çoşqa, mer-meyvə, hələ diri, əsnəyən osetrina balığı və s.

          Rüstəm bunların hamısını masanın üstünə boşaldanda elə gözəl bir natürmort alınırdı — adamın onları yeməyə heyfi gəlirdi. Belə anlarda Rüstəm özünü müftəxor yox, əsil kişi, ailə başçısı hiss edirdi.

          Snejana fikrə gedərək, ölmüş donuz balalarının sifətlərinə, məğlub edilmiş simurq quşunun — hind toyuğunun — ağarmış boynuna baxır, hələ bərkiməmiş başına qəddarlıq haqda düşüncələr gəlirdi. Görünür, qəddarlıq, həyat sxeminin tərkib hissəsi kimi daxil edilibdir.

 

 

                                                

 

                                                 * * *

 

 

 

          Həftəsonları Marina, Rüstəm və Snejana dənizə gedərdilər.

          O vaxtlar Xəzər dənizi təmiz, şəfalı idi. Rüstəm uzaqlara üzərdi, adamı lap qorxu tutardı. Snejana çimərlik paltarında, yaş qumdan qala düzəldərdi. Marina burda da boş durmazdı: tərəvəz arıtlayar, salfetkaların üstünə düzərdi. İsti yemək termosda olardı. Birinci və ikinci yemək üçün geniş boğazlı xüsusi termosu var idi.

          Rüstəm, üzməkdən soyuq, ac və darıxmış qayıdardı. Tüklü sinəsiylə qadının  günəşdən istilənmiş bədəninə sarılardı. Qum dənəciklərinin qonduğu sifəti öpüşlərə bürüyərdi. Xoşbəxtlik, bax, budur! Xöşbəxtliyin təsviri: qumlu boş sahildə qadın və kişi...

 

 

 

 

 

 

 

 

          Rüstəmin anası isə hələ də yaxşı Azərbaycan ailəsindən yaxşı bir qız axtarırdı. Tapır  da. Qızın iyirmi yaşı vardı. Adı İradə idi. 

          Adı Rüstəmin xoşuna gəlir. Qız da xoşuna gəlir: başıaşağı, hətta bir qədər hürkmüş görünürdü. Rüstəmin qıza yazığı gəlirdi. Ümumiyyətlə, Rüstəm ürəyi yumşaq adam idi. İradənin əndamı yetişmişdi, böyük döşləri və möhtəşəm kök budları vardı, amma qadınlıq onda hələ oyanmamışdı. O, akvariumdakı qəribə balığa tamaşa edərcəsinə maraqla, ancaq soyuq-soyuq  Rüstəmə baxırdı.

          İradənin iyirmi, Rüstəmin otuz altı yaşı, Marinanın qırx iki yaşı var idı. Qırx iki yaşda daha doğmazlar. İyirmi yaşda isə — doğarlar, həm də bir dəfə yox, istədiyin qədər. Məsələnin bu tərəfi hər şeyi həll edir. Rüstəm uşaq istəyirdi. O, atalıq üçün artıq yetişmişdi, Marina isə bütün imkanları əldən vermişdi. Marina riskə getmək istəmirdi. Riskə getməyən isə qazanmaz. 

          Rüstəmin anası səbirsizliklə nəvə istəyir, Rüstəm də onun istəyini nəzərə almalı idi. Müsəlman dünyasında ananın istəyi qanundur.

          Hər şey zaqs və sadə toy ilə bitir. Toydan sonra — yataq ilə. İradə ilə yaxınlıq, əlbəttə, alınır. Lakin duet alınmır. Moçart alınmır. Elə-belə... köpək valsı olur.

          Yuxuda Rüstəm ağlayır. Səhər anası soruşur:

  • Ona dedin? — “Ona” sözünü xüsusi vurğulayır. O, Marinanı heçvaxt adıyla çağırmırdı. 

          Rüstəm boğuq səslə:

  • Yox,— deyir.

          Anası qətiyyətlə əmr verir:

  • Get de. Onsuz da biləcək. Qoy səndən eşitsin.

          Rüstəm trolleybusa oturub məktəbə gedir. Sözünü hazırlamaq istəyir, amma alınmır. Düşünür: hələ gedim çatım, sonra vəziyyətə baxaram, sözlər öz-özünə gəlib dilimə çıxar. Marina deyə bilər: “Ruslarla gəzirsiz, özününkülərlə isə evlənirsiniz”. Bu da həqiqət olacaq, ancaq bütöv həqiqət yox. Deməli, yalan olacaqdır. Marinaya deyəcək ki, yalandır. O da cavab verəcək: “Cəmi on gün tanıdığın bir qızla evləndin. Məni isə on ildir tanıyırsan. Söz də vermişdin — ölənəcən atmayacaqsan...”

          Rüstəm məktəbə yaxınlaşır, içəri girməyə isə cürət etmir. Bura Marinanın ərazisi idi, riskə getmək də istəmirdi. Ona elə gəlir ki, kimsə burda onun arxasından bir təpik qoyacaq, o da həyətdən top kimi başı irəli çıxacaq. 

          Bədən tərbiyyəsi müəllimi Heydər bayıra çıxır. Tanış idilər. Rüstəm salamlaşır. Heydər cavab verir:

  • Salam. Marina lazımdır? Onun əlavə məşqələləri var.

          Rüstəm xahiş etir:

          — Çağır da, nə olar!

          Heydər qapıdan içəri girib az sonra yenə görsənir. 

  • Gəlir, — deyib idman meydançasına qaçır. Orada yuxarı sinif şagirdləri cavan heyvantək artıq ora-bura qaçışırdılar.

          Rüstəm şeir oxuyan olsaydı, çox yaxşı bir şairənin “Oh, hər tərəf cavan canlarla dolu” sətrini yada salardı. Amma Rüstəm şeir haqda düşünmür. O, Marinaya bəd xəbər gətirmişdi. Qədimlərdə bəd xəbər gətirən çaparların başlarını bədəndən ayırardılar,   heçbir günahları olmasa da. Onlar sadəcə məlumat ötürücüləri idi. Rüstəm isə günahkardır, deməli, onun başı iki dəfə vurulmalı idi: günahkar kimi və bəd xəbərçi  kimi.

          Boz rəngli Orenburq yaylığına bürünmüş Marina, məktəbin geniş qapısına gəlir. Martın başı idi, külək acı-acı vıyıldayırdı. Rüstəm, onun qadın zərifliyini və köməksizliyini görür. O, öz yaylığına həm gənc qız, həm də qoca qarıtək bürünmüşdü. 

          Qəflətən Rüstəm, bu qadını taleyin ümidinə atdığını anlayır, aydınca görür.  Ağlamağa başlayır. 

          Onsuzda uca olan qaşlarını Marina biraz da qaldırır:

  • Sənə nə olub?

          Rüstəm hey ağlayır, ağzından bircə söz də çıxara bilmir.

          Marina onun göz yaşlarına bələd idi. Rüstəm, sevişməkdən sonra, xoşbəxtliyin ağırlığına dözməyəndə ağlayardı. Sevgilisi üçün darıxanda telefonda ağlayardı. Rüstəm sentimental və kövrək idi, adamın duyğularını yerindən oynatmağı xoşlayardı. İndi də, on günlük iş məzuniyyətindən sonra hisslərlə oynayırdı. Səfeh.

          Marina güzəşt edib gülümsəyir. Məktəb qapısının ağzında, yuxarı sinif şagirdlərinin gözləri qarşısında onu qucaqlaya bilməzdi. Ona görə də soruşur:

  • Axşam gələcəksən?

          Rüstəm:

  • Gələcəyəm.

          Marina:

  • Qaçım gedim. Orda sinifdənkənar məşqələm var.

          Dönüb gedir. Ağlına gəlmir. Heçnə hiss etmir. Qəribə idi. Marina olduqca intuitivdir. O, sevdiyi insanda baş verən hər şeyi sezərdi. İndi isə — sükut. Görünür, Rüstəmin özündə heçnə dəyişməmişdi. Pasportunda möhür peyda olmuşdu. Pasportda, qəlbində isə – yox. 

          Marina gedir. Rüstəm yerindəcə qalır. Göz yaşlarını külək qurudur. Fikirləşir: “Doğrudan da, axşam niyə də gəlməyim?” Nə olacaq? Heçnə. Keçmiş həyatının kökünü büsbütün birdən-birə qopara bilməz axı. Otuz altı yaş — yetkin yaşdır: öz dəyərlərin, öz bağlılıqların var. Eynən belə...

          Axşam Rüstəm Marinagilə gəlir — mövsüm meyvə-tərəvəzi natürmortu ilə, Snejana üçün kukla, Marina üçün də sevgi ilə. Bu sevgi, sözün əsl mənasında gözlərdən fışqırıb barmaqların ucundan süzülürdü. Ancaq, qəribə görünsə də, gecə saat on iki olanda Rüstəm evə hazırlaşmağa başlayır. O, həmişə Marinanın yanında gecələyərdi. Gecəboyu bədənləri bir-birinin ətrini alar, yeni səviyyədə, ilahi bir səviyyədə xüsusi   yaxınlıq yaranardı. Marina üçün bu yaxınlıq orqazmlardan daha vacib idi. 

          Rüstəm:

  • Qala bilmərəm. Anam xəstələnib.

          Ana — müqəddəsdir. Marina inanır.

          Ananın xəstəliyi uzun çəkir. Bir il. İkinci il. Nə etməli? Yaşlı qadındır...

          Çıxıb getməsinə Marina yavaş-yavaş alışır. Heçnə olmaz. Qayıdır gəlir ki...

          Rüstəm həftədə iki dəfə gəlirdi: bazar ertəsi və cümə axşamı. İki xidməti gün. Qalan günləri isə anasıyla keçirirdi. Bu rejim oturuşmuşdu. Bunun öz üstünlükləri də vardı. Uşaqlara daha çox vaxtı qalırdı.

          Saşa, mart pişiyi kimi elə hey hardasa veyillənirdi. Evə ancaq yeməyə-içməyə gəlirdi. Əvvəl Marina narahat olur, sonra vəziyyətlə barışır. Oğlanlar böyüyür, quşlartək uçub yuvadan gedirlər.

          Snejana on üç yaşındaydı, yeniyetməydi. Məktəb. Volodka, qanuni ata, uşaqlarla maraqlanmırdı. Öz erməni qadınıyla birlikdə hardasa İrkutskda yaşayırdı. Orda da iki uşağı var idı.

          Adamın öz ciyar-parasına, həm də belə gözəl və keyfiyyətli doğma qızına laqeyd ola bilməsini Marina anlamırdı. Başqaları ona heyrət edir, özününkünün isə vecinə deyildi. Müsəlmanlar belə etmir. Cənub xalqlar evladsevər xalqdırlar. Kaş Rüstəmə doğardı. Amma   deyərlər, “kaş”ları əkdilər, bitmədi...

          Snejana küncdə oturub məktəb bayramına Yeseninin “Гой, ты Русь моя святая»[3]  şeirini əzbərləyirdi. 

          Soruşur:

  • Гой” nə deməkdir?

          Marina izah edir:   

  • Ehey” deməkdir.
  • Onda niyə “Гой”?

          Marina fikrə gedir. Rusiyada yaşasaydılar, belə sual yaranmazdı. Köksünü ötürür, amma ağrı-acısız. Marina Bakıda doğulub, türk şivəsi, mədəniyyəti, yeməyi onun içinə hopmuşdu. O, bu ürəyiaçıq gözəl xalqı sevirdi. O, Azərbaycan abu-havasından qidalanmışdı, özü də cüzi ləhçə ilə danışırdı. Bu ləhçədən əl də çəkmirdi, əksinə, onu bəsləyirdi. Rus ruhunu da — blinləri, mahnıları, sifətləri də sevirdi... 

          Marina əsl beynəlmiləlçi idi. Onunçün yaxşı və pis insan vardı. Milliyyətin isə nə fərqi...

 

 

 

 

 

 

 

 

 

 

          Bir gün Rüstəm Moskvaya gedir, iş məzuniyyətinə. Deyir: ixtisasartırmaya gedir. Rüstəmin vəzifəsi böyüyürdü, artıq o, polkovnik rütbəsində idi. 

          Moskvadan zəng edir, üç gündən sonra, çərşənbə axşamı gələcəyini xəbər verir. Marina sevinclə telefon dəstəyinə:

  • Nə bişirim: kələm dolması yoxsa şorba? — qışqırır.

          Rüstəm düşünmədən cavab verir:

  •  Ondan da, bundan da.

          Marina Rüstəmin ac olduğunu, yemək istədiyini anlayır. Yazıq Rüstəm, yad, biganə adamların arasında hardasa gəzir. O isə sevgiyə, əzizlənməyə alışıb. Anası, Marina, uşaqları, qardaşı Camal onu həddindən çox istəyirdilər. O, sevgi içində üzürdü, sevgisiz isə üşüyüb donurdu. Sevgisiz qanı dayanırdı. 

          Marina qışqırır:

  • Özün necəsən oralarda?

          Rüstəm qışqırır:

  • İxtisasartırmadır.

          Telefon şıqqıldayıb kəsilir.

          Axşam narahat halda Camal zəng edir. Onlar Marinayla tanış, demək olar, dost idilər. Camalın arvadıyla Marina danışmazdı. Onun, bunu ikinci sort saydığını görürdü. Cələb saymasa da, cələbə yaxın bir şey sayırdı. 

          Camal soruşur:

  • Rüstəm zəng etmişdi?

          Marina nəzakətlə xəbər verir:

  • Hə. Çərşənbə axşamı gələcək.
  • Bəs uşaq?

          Marina anlamır:

  • Hansı uşaq?

          Camal sorğu-sualını davam edir:

  • Əməliyyata saxlayırlar ya yox? Professor nə deyib?

          Marina heçnə anlamır:

  • Hansı professor?

          Camal susur. Dəstəyi arvadı götürür. Dəqiq soruşur:

  • Uşağı əməliyyata saxlayırlar yoxsa imtina ediblər?

          Marina təkrarlayır:

  • Hansı uşağı?
  • Bəs sən heçnə bilmirsən? 
  • Nəyi bilməliyəm?

          Qardaşının arvadı biraz susur, sonra:

  • Yaxşı. Özünüz həll eləyin, — deyib dəstəyi asır.

          Telefonun yanında Marinanın ayaqları qatlanır... Ağzı quruyur. Fikrini toparlamağa çalışır. Deməli: Rüstəm hansısa bir uşaqla Moskvaya gedib. İxtisasartırmaya yox, onu professora göstərməyə gedib. Əməliyyat lazımdır. Demək, uşaq xəstədir. Kimin uşağıdır? Camalın? O zaman Camal elə özü gedərdi. Demək, bu — Rüstəmin uşağıdır. O, evlənib, uşağı da xəstə doğulub.

          Marina, məktəbin qapısında Rüstəmin ağlamasını yadına salır. Elə onda evlənib. O vaxtdan da gecələməyə evinə getməyə başlayıb.

          Hər şey zəncirvari ard-arda düzülür. Yalanın üstü açılır. 

 

 

 

 

 

 

 

 

 

          

          Rüstəm qayıdır. Söz verdiyi kimi, çərşənbə axşamı gəlib çıxır. Onu kələm dolması və şorba gözləyir. 

          Rüstəm yeyir, yedikcə də dodaqları yağdan parıldayır, damcılar çənəsinə axır.

          Marina onun iştahını qaçırmaq istəmir, ancaq boşqabı kənara itələyib arxaya çəkiləndə soruşur:

  • Professor nə dedi? Əməliyyatı boynuna götürdü ya yox?

          Rüstəm mavi gözlərini Marinaya dikib məsum-məsum baxır. 

          Marina onun dürüst mavi gözlərinin içinə:

  • Evlisən, bir uşağın da var.
  • Kim dedi?
  • Camal.
  • Sən də ona qulaq asırsan?
  • Həm də necə...
  • Yalan deyir hər şeyi. Mənə paxıllıq edir. O, arvadını sevmir, sadəcə qorxur. Heçkəsə qulaq asma.

          Rüstəmin sifəti sakit, aydın idi, yalançılarda belə olmur. Yalan — görünür, qığılcımtək gözlərin dərinliklərində gizlənir, dodaqlardan süzülür. Marina şübhəyə düşür: yalan deyən hansıdır — Rüstəm yoxsa Camal? Soruşmaq, onları üzləşdirmək olar. Lap onun evinə getmək də olar. Deyək, arvadını və oğlunu görəcək. Sonra nə? Marina deyəcək: aldatdın məni. Lakin aldadırdı? Evlənməyinə söz vermişdi? O, yalnız sevirdi. İndi də sevir. Xəstə uşağı qoyub bura, onun yanına gəlib. Qadına olan sevgisi mərhəmətdən güclüdür. Rüstəm məşuq idi, məşuq da qalıb. Bununla belə, Marinanın anası haqlı çıxır: onlar özününkülərlə evlənir.

  • Bircə mənə qulaq as, başqa heç kəsə! — Rüstəm əmr edib masanın arxasından çıxır. — Hamı paxıllıq edir. Heçkəsin də belə sevgisi yoxdur...

          İçqırıb duşa gedir.

          Marina çarpayıda yer salır, əllərinin hərəkətləri isə yavaşlanır. Əlləri artıq inanmır.   Yaxşı  əlamət deyil. 

          Sonra uzanırlar. Rüstəmdən əvvəlkitək çiyələk ətri yox, yediyinin iyi gəlir. Ət ilə soğan qoxur. Nəfəsi qadının düz üzünə vurur. Marina dözməyib dillənir:

  • Get ağzını yaxala.

          Rüstəm, ağır-ağır enib neandertaltək çılpaq addımlayır. Adam utanır  ona baxmağa. Bu da yaxşı əlamət deyil.

 

 

 

 

 

 

 

 

          Birinci Saşa çıxıb gedir. O, Azərbaycanlı tərəvəz alverçilərinə qoşulub Moskvaya yollanır. Moskva bazarında alver edir. Azərbaycanlılar onu özlərinki hesab edirdi. Ləhçəsi doğma gəlirdi.

          Elə oradaca sarısaç bir qızla tanış olur, tezliklə də Marina toy şəkilləri alır. Fotoşəkillərdə Saşa, gənc gəlinin barmağına nişan üzüyü taxırdı. 

          Gəlin gözəgəlimli deyildi, xırda gözlü, sərçəburun idi. Marina öz Saşasına belə həyat yoldaşı arzulamırdı. Özü bilər...

          Marina ağlayıb-sızlayıb bütün ümüdlərini Snejanaya bağlayır. Qız uşağı anaya daha yaxın olur.

          Snejana məktəbi bitirir. Sinif yoldaşı Maqsud Hüseynov ona aşıq olur. Maqsudun atası nazir idi.

          Marina şirin-şirin xəyallar qurur. Qızı varlı-karlı, nüfuzlu evə gəlin gedəcək.  Marinanın statusu da birdən-birə qalxacaq. O — ibtidai sinif müəlliməsi, boşanmış  qadın, rus cələbi olmayacaq. O — Hüseynovların qudası olacaq, onların ortaq nəvələri olacaq. Hüseynovların pulu uşaqlara da, nəvələrə də, üstəlik gələcək dörd nəslə də yetər. Əlavə məşqlərdən imtina edib, məktəbi atmaq da olar. O, Rüstəmin valideynləri — general və aktrisanın fırlandığı çevrədə görünəcək, onlarla rahatca  salamlaşacaq.

          Lakin dəhşətli hadisə baş verir. Snejana qonşu həyətdəki Oleq adlı bir tatara vurulur. Oleq — ailənin ilkidir, on qardaş-bacısı var. On ac-yalavac tatar balası bütün günü həyətdə sürünür, tırtıl yeyirdilər. 

          Bu necə baş verib? Bunu Marina necə gözdən qaçırıb? Qonşulardan eşidir. Sən demə, həmin bu Oleq hər gün qızını yola salır, hər gün də onlar ön qapıda dayanıb mırt vururlar. Anası cələbdi, qızı da özünə oxşayıb... 

          Marina, üzülməyə vaxt olmadığını anlayır. Dərhal Snejananı olduğu mühitdən qoparıb, Oleqdən uzaqlaşdırmaq lazımdır. Moskvaya. Saşanın ailəsinə. Saşa ona tibb texnikumu tapıb. Həkim olmaz, tibb bacısı olar. Yenə də pis deyil.

          Sənədləri göndərirlər. Qəbul imtahanlarına dəvət gəlir.

          Moskvaya uçmalıdır.

          Marina qızını yola salmağa gedir. Təyyarə  gecikir. Bufetə girirlər. Qızını əzizləmək üçün Marina Snejanaya pirojna alır. Yad qızın yanında qızı necə olacaq? Ağrıdan azqalır ürəyi dayana. Snejana ağzıyumlu çeynəyir. Onun ağzı balaca və pişik ağzıtək incədir. Gözləri böyük, yumru, narahat baxışlıdır. Bu üzü, bu uşaq əllərini Marina necə də sevirdi. Ancaq qızına olan sevgisi qəlbinin dərinliklərində gizlədilmişdi, çölə isə zəhərli tüstütək kobudluq çıxırdı. Eynən öz anasındakıtək. Yaşlandıqca Marina sifətdən də, xasiyyətdən də anasına daha çox oxşayırdı. Öz məqsədinə çatmaq üçün vəhşi öküztək hər şeyi yarıb keçməyi bacarırdı. 

          Marina:

  • Moskvaya getdiyini Maqsud bilir?

          Snejana:

  • Əşi, rədd olsun...

          Deməli belə. Hər şey aydındır. Statusu yerində qalacaq, hətta enəcək də. Hüseynovların pulu başqalarına xidmət edəcək.

  • Bəs o...  — Marina, “Oleq” adını tələffüz belə etmək istəmir. — O bilir?

          Snejana: 

  •  Yazacağam ona. — Ətraflı danışmaq istəmir.

          Marina nəzakətlə:

  • De görüm, xahiş edirəm, səni zibilxanaya çəkən nədir?
  • Sevirəm onu. Sənin o Maqsudundan isə zəhləm gedir. Onun barmaqları elə bil donuz sardelkalarıdır.
  • Barmaqların bura nə dəxli var?
  • Bəs nəyin dəxli var?

          Marina heca-heca:

  • Pers-pek-tiv-lər. Sənin bu kəndçi tatarının nə perspektivi var? Süpürgə? Görəsən,  sizdən olan uşaqlar nə olacaq?

          Snejana gözlərini qırpır, çay fincanına iki göz yaşı düşür. 

          Marina köynəyinin düyməsini açır. Havası çatmır:

  • Bacarmıram...

          Cəmilə adlı ofisiant qız onlara yaxınlaşır, Marinanın keçmiş şagirdidir. Şəhər, onun şagirdləri ilə dolu idi. Qızlar, bir qayda olaraq, ali təhsil almağa can atmırdı. 

          Cəmilə salamlaşır:

  • Salam, Marina İvanovna. Xəbər verdilər – reys yenə gecikir. Eşitdiniz?

          Snejana şəfqətlə təklif edir:

  • Sən qayıt. Özüm minib gedərəm.

          Marina çaşqın-çaşqın Cəmiləyə baxır.

  • Gedin, gedin... Mən ondan muğayət olaram.

Snejana çiynini çəkir:

          — Balaca uşağammı mənə baxsınlar?  

          Marina, qızıyla ciddi söhbətin alınmayacağını anlayır. Qəlbləri bir-birinə həddindən artıq yaxındır. Snejana bu sıxlığa dözə bilmir. Marina  onu incitməyini bitirsə, qız da bir az sakitləşər. 

          Marına çıxıb gedir. Avtobusla yol gedərək səssiz-səssiz ağlayır. Yanaqlarından axan göz yaşlarını barmağıyla silir. Günlər necə də yavaş keçir. On yeddi il isə bir andaca uçub yox oldu. İndi də, bax, Snejana gedir. Getməsi yaxşıdır. İlk məhəbbətin ömrü qısa olar. Gözdən uzaq, könüldən iraq.

          Yarım saat sonra Marina mənzilinə girər-girməz zəng çalınır. Cəmilədir. Snejananın təyyarəni gözləmədiyini xəbər verir. Qızın dalınca uzunboylu qaraşın bir oğlan gəlib, harasa birlikdə yoxa çıxıblar. Minişdə də Snejana yox idi. 

          Özünü-sözünü itirmiş halda Marina:

  • Bəs bilet?

          Cəmilə:

          — Hə də... — Bundan başqa nə əlavə edə bilərdi?

          Bilet batıb. Snejana Oleqlə qaçıb. 

          Sanki üzünə qapı çırpılmış, Marinanın sifəti odtək alışıb yanırdı. O, dəqiqəbaşı “hə də...” deyirdi.

          Anası sevgi nədir, bilmirdi, Marinanı da başa düşmürdü. Marina isə sevginin, ehtirasın nə olduğunu bilsə də, yenə də qızını anlamırdı. Bu nədir? Nəsillərin toqquşmasıdır? Yox. Snejana, tərbiyyəli, kitab oxuyan oğlanı, qızıl medalçı Maqsudu seçsəydi, heçbir nəsillər toqquşması da baş verməyəcəkdi. 

          Özü də iş pulda deyildi. Məsələ ünsiyyətdədir. Ailənin abu-havasındadır. Digər tərəfdən, Rüstəm də heç filosof deyildi. Lakin onunla xoşbəxt idi. İndinin özündə də, o yalandan sonra da xoşbəxt idi.

          Marina mənzilində o yana-bu yana addımlayır, qaçmaq istəyir, hara qaçacağını isə bilmirdi. Lənətə gəlmiş o Oleqin harada yaşadığını bilmirdi. Marina, təsadüfən uçub içəri   girmiş quştək çırpınıb özünü o divara-bu divara vururdu. 

          Rüstəm gəlir, hər zaman olduğutək: aydın və ürəyiaçıq. Marina özünü Rüstəmin üstünə atır. Rüstəm onu tutub qucaqlayır, isidir. Onun qucağında Marina sakitləşir.          Rüstəm filosofyana dinlənir:

  • Nə olar — olar. On yeddi yaş nədir? Bu — sadəcə başlanğıcdır. Günəş şəfəqidir.

Şəfəqdən də öncədir. Günəşin ilk şüasıdır. Qoy Oleq olsun. Sonra başqası. Zorla qoparıb ayırmaq olmaz! Özü qopacaq. Bircə uşağa qalmaya!

 

 

 

 

 

 

 

 

 

 

 

 

          Çox keçmir, ortaya uşaq məsələsi çıxır. Snejana hamilə qalır. Marina bunu yadlardan öyrənir. Snejana nə zəng edir, nə də gözə dəyirdi. Yəqin, qorxurdu.

          Marina gözlərini yumub, uşağın dünyaya gəlməməsini, bətndəcə ölməsini dua edirdi. Tanrıdan belə şey istəmək günahdır, günah. Uşaq Snejananı sıx-sıx Oleqə bağlayacaq. Marina isə Snejananı geri qaytarmaq, yuyub, bəzəyib, təmiz, işıqlı bir başqa həyata adlatdırmaq istəyirdi. Heminqueydəkitək.

          Bir il yarım keçəndən sonra əlində səkkiz aylıq uşaqla Snejana peyda olur. Demək,  aeroportda o, artıq hamilə idi.

          Snejana dilənçi cır-cındırları açır, ordan soxulcanabənzər nazik balaca qız çıxır. Adı rus adıdır — Aleksandra, Alya. Körpə, Marinaya baxıb gülümsəyir, sanki tanıyır. Bu dişsiz təbəssüm də bıçaqtək gedib düz ürəyə batır. Marina da onu tanıyır. Kosmosdan doğma ruh uçub gəlmiş.

          Marina qızcığazı qucağına alıb bir daha qaytarmır. Snejana geri istəmir də. O, Moskvaya getməyə, tibb texnikumunda oxumağa hazırlaşır.    

          Anası haqlı çıxır. İndi Snejana Marinanın dəlilləri ilə razılaşır. Oleq — həyatın lap dibidir. Orda yaşamaq mümkün deyil. Orda it də yaşamaz.

          Çexovun üç bacısı dediyi kimi — “Moskvaya, Moskvaya...”

 

 

 

 

 

 

 

 

 

          Snejana Moskvaya gedir. Marina isə körpə uşaqla qalır. Həftədə iki dəfə də Rüstəmlə görüşür. 

          Marinanın Alyanı sevməsini demək — heçnə deməməkdir. O, uşağı ilahiləşdirir. Balaca qız, eynən atası kimi qarayağız, dümdüz kəsilmiş iri qaragözlü idi. Gözlərinin ucları nə aşağı, nə də yuxarı, ikonalardakıtək dümdüz idi. Burnu düz, ağzı isə pişik balasının ağzıdır. Snejananın ağzıdır. Ola bilsin, Oleq gözəldir. İçini nifrət bürüdüyündən, Marina o zaman oğlana düz-əməlli baxmamışdı da. O isə, yəqin, gözəl və kövrək idi. 

          İndi, Snejana Oleqi atandan sonra, Marina ona qarşı daha mülayimdi, lakin görmək istəmirdi. Niyə də görməlidir? Uşağı da göstərmək istəmirdi. O, Aleçkanı heçkəslə paylaşmaq istəmirdi. Doğmaca atasıyla da. Düzünü desək, Oleq də heç israr etmirdi. Ot yeyən heyvan, özündən daha böyük heyvandan, məsələn, vəhşi öküzdən, qorxduğutək, Oleq də Marinadan qorxurdu. Yeməsə də, tapdalayıb keçərdi.

          Hamilə Snejanaya yağdırdığı qarğışları yada salanda, Marina utanıb dəhşətə gəlirdi. Bəs Tanrı eşitsəydi? Tanrı — şükürlər olsun — səfeh dualara baş qoşmur. O, bu duaları qulaqardına verib. Səfeh nənəni bağışlayıb.

          Aleçka böyüyür, inkişaf edir, hər ay yeni bir şey bacarırdı: “nənə”, “ver” deyirdi, çəpik çalırdı.

 

 

 

 

 

 

 

 

 

 

          Payız gəlir, məktəb başlayır. Aleçkanı körpələr evinə verməli olurlar. Sonra uşaq bağçasına. Hərşey otuz il öncə olduğutək yenidən başlayır. Həyatın başlanğıcındakı kasıblıq da.     

          Rüstəm kömək etmir. Hardan etsin? Qohum-əqrəbadan gələn natürmortlar ailəyə daşınır. O, iki ev saxlaya bilmir. Səkkiz martda dəvə yunundan hazırlanmış yaşıl, qara və qırmızı dama-dama şərf bağışlayır. Tünd, gözəl bir şərf. Rüstəmdən pay bircə bu olur. Marina heç bir pay-puş da ummur. Rüstəm, onun həyatına yaraşıq və məna vermək üçün gəlib. Onun rolu-işi budur. Marina özünü yalnız Rüstəmin yanında vəhşi öküz kimi aparmırdı. Onun yanında göyərçinə dönürdü. Rüstəmin Marinagildə keçirdiyi iki gün bütün həftəni tarazlayıb işığa bürüyürdü.

          Düzdür, kişilər var, dərk də edir, pul da qazanır, evlənirlər də. Amma başqalarının kişiləri.

          

 

 

 

 

 

 

 

          Saşadan məktub gəlir. Oğlu olub. Adını Maksim qoyublar. İndi oğlanların hamısı ya Denis ya da Maksimdir. Yermolay adında bir insan da yoxdur. Təkcə Soljenisində var.

           Snejana yaxşı bir oğlana ərə gedib, adı Oleqdir. Yenə Oleq. Rusdur, əlləri qızıldır, avtomexanik işləyir.

          Marina gözlərini məktubdan çəkir. Avtomexanik  də professor deyil. Fəhlə sinfidir. Saşa bazarda tərəvəz satır. Uşaqlarının həyatı samballı olmadı ki olmadı. 

          Ən maraqlısı isə — Snejananın Alyanı soruşmaması idi. Demirdi: necədir, ölübmü-qalıbmı, nəcə dolanırsız? Alya ilə birlikdə Snejana öz keçmiş həyatını kəsib atmışdı, çünki Alya onun keçmiş həyatının bir parçası idi. Belə-belə işlər...

          Marina, nənəsindən başqa heçkəsə lazım olmayan balaca nəvəsinə çox acıyır. Amma heçnə olmaz... Nənəsinin canı sağ olsun. Nənəsi ölməyib ki...

 

 

 

 

 

 

 

 

 

 

          Səhər tez qalxırdılar. Marina məktəbə, Aleçka bağçaya gedirdi.

          Birinci Marina qalxırdı. Nəvəsi, əllərini yanağının altına qoyub şirin-şirin yatırdı. Adamın oyatmağa ürəyi gəlmirdi. Marina işığı yandırır. Aleçkanın göz qapaqları qımıldayır. İşıq siqnalı onu dərin yuxudan çəkib çıxarırdı. 

          Sonra Marina otaqda o yana-bu yana gedir, döşəmə cırıldayır, servantdakı qab-qacaq yavaşca cingildəyirdi. Bu səs siqnalları Aleçkanı dərin yuxudan oyadırdı. Nəhayət, o, gözlərini açır. Biraz ağlayır. Yuxusu gəlirdi. Böyüməkdə olan orqanizm   yatmaq istəyir. Ancaq qalxmaq lazımdır. Bu lənətə gəlmiş “lazımdır” sözü. İstəmirsən, amma lazımdır. Soruşan gərəkdir: kimə lazımdır?...      

          Rüstəm də Aleçkanı sevir, ayağında yelləyir, türkcə mahnı oxuyurdu. Marinanın ürəyi düşürdü: birdən uşağı əlindən salar. Yanında durub nəzarət edirdi.

          Rüstəm gülməli oxuyurdu. Marina mahnının sözlərini anlamırdı. Alya sevinirdi. Marina rahat-rahat gülümsəyirdi. Müqəddəs ailə. 

          Adama elə gəlirdi, həmişə belə də olacaq. Ancaq heçnə həmişə olmur. Qonşu qarı demişkən: “Nə qədər təmizləsən də, kirlənəcək, nə qədər içsən də, yenə suzacaqsan...”

 

 

 

 

 

 

 

          Perestroyka gəlir. Sonra Sumqayıt hadisələri də baş verir.

          Çuşkalar — rayondan gəlmiş azərbaycanlıları belə adlandırırdılar — bulanıq  çaylartək şəhərə axışır. Erməniləri qırırlar. Çuşkalar mənzil idarəsinə gedir, sakinlərin siyahısını götürür, erməniləri seçib onların ünvanlarına yollanırdılar. Ölüm evə gəlirdi. 

          Belə şeylər 1915-ci ildən, türklərin erməniləri qeyri-insani amansızlıqla öldürdüklərindən sonra olmamışdı. Yetmiş ildən sonra hər şey təkrarlanır. Çuşkalar,  ermənilərin arxasınca qaçır, onların isə günahları sadəcə erməni olmaları idi. Ermənilər bacardıqları qədər özlərini müdafiə edir. Qarabağ, Qarabağ — bu söz, dağdan yuvarlanan daştək bütün ölkəni coşdurub-daşdırır. 

          Azərbaycanlılar Qarabağı öz torpaqları sayırdı, çünki o, coğrafi olaraq Azərbaycanın ərazisində yerləşirdi. Ermənilər Qarabağı özününkü sayırdı, çünki əsrlər boyu bu torpağı şumlayıb becərmiş, orda məskən salıb yaşamışdılar.   

          Hər şeyi olduğu kimi saxlamaq da olardı, kim özününkü sayırsa — saysın. Nə fərqi var? Dostluq içində yaşayırlar, vəssalam... Lakin dostluğu nifrət əvəzləyir.

          Nifrət — sevgitək məşum duyğudur, ancaq mənfilik işarəsiylə. Nifrət —epidemiyadır. Bütün məkanı bürüyüb heçbir sərhəd tanımır. Ermənilərdən ruslara keçirlər. Kafirlər müsəlman torpaqlarını tərk etməlidir. Azərbaycan azərbaycanlılar üçündür. Qoy bütün başqalar çıxıb öz yurdlarına getsinlər. Bu millətçilik mərəzi məktəbə də gəlib çıxır. Məktəb müdiri, azərbaycanlı ağzını toyuq götütək büzüb xeyli susur. Uşaqlar səbəbsiz-filansız bir-birlə dalaşır.

          Marina özünü nədəsə günahkar hiss edir. O, avtobusda getməkdən qorxur, dükana girməyə qorxur. Ətraf baxışlarda ondan iyrəndikləri oxunur. Ona qarşı kobud davranırlar. Yönələn təhqirlərdən ən yumşağı “rus cələbi” idi. Günlərin birində iki üfünət qoxan gənc oğlan, Marinanı həyətin küncünə çəkib kərpic parçasıyla başına vururlar. Zərbə düz yox, sürüşəntək olduğundan başının dərisi soyulur. Qan elə fışqırır, sanki qoyun başı kəsiblər. Marina var gücü ilə çığırıb-bağırmağa başlayır. Çuşkalar qadının çantasını qapıb qaçırlar. 

          Çantada cəmi beş rubl və dodaq boyası var idi. Zərbə də, hiss edir, həyat üçün təhlükəli deyildi. Demək, canını yaxşı qurtarmışdı. Lakin Marina səsini kəsmir. Durub qışqırır, ağlayır — bu qışqırtıda isə hər şey var idi: şəhərin xəyanəti də, Rüstəmin xəyanəti də. Bir də bunu aydın anlayır: artıq heçnəyi dəyişmək mümkün deyil.

 

          

 

          

 

 

 

 

 

          Marina çıxıb getmək qərarına gəlir.

          Moskvaya. Uşaqlarının yanına. Onun yeri — balalarının yanıdır. Evli Rüstəmin böyründə oturmaqdan nə çıxacaq?..

          Rusiyaya. Moskvaya, Moskvaya...

 

 

 

 

 

 

 

          Vidalaşma anı gəlir.

          Rüstəm əşyaları yığmağa kömək edir, Marokko apelsinlərinin boş qutuları və paltar sərmək üçün işlədilən kəndir topası gətirir. Nə qədər olmasa da köməyi dəyir.

          Səssizcə kitabları, qab-qacağı qabqarırlar. Rüstəm, işğuzar görünsə də, məyusdur. Sonra başını qaldırıb soruşur:

  • Bəs mən necə olacam?

          Marina:

  • Sən arvadınla yaşayacaqsan, oğlunu böyüdəcəksən.

          Rüstəm, onun hər şeyi bildiyini anlayır. Avam, Marinanın ona tamamilə inandığını sanırdı indiyədək. 

          Rüstəm başını aşağı salır. Yalanı davam etmək istəmir. Daha doğrusu, istəyir, lakin bu yalanın artıq heç bir mənası yoxdur. 

          Marina soruşur:

  •  Oğluna nə olub?
  • Anadangəlmə ürək çatışmazlığı var.
  • Təhlükəlidir?

          Rüstəm:

  • Onbeş yaşadək yaşayırlar.
  • İndi neçə yaşı var?
  • Beş.

          Deməli, on ili qalıb. Biri var öz davamını böyüdəsən, biri də var... Marina bu haqda düşünməkdən də qorxur. O, özünü Rüstəmin yerində təsəvvür etmək də istəmir. Yazıq Rüstəm...

          Marina soruşur:

  • Nə vaxt evlənmisən? Məktəbin yanına gələndə? Ağlayanda?
  • Hə...
  • Bəs niyə demədin?
  • Deyə bilmirdim. Bağışla...

          Rüstəm ağlamağa başlayır, ancaq əvvəlkitək yox, başqa cür. Adətən o ağlayanda uşaqtək ağlayardı, sanki ağlamasını görüb ona təsəlli verilməsini, sakitləşdirilməsini istəyirdi. O ağlamaq, basqı ağlaması idi. İndi isə kişi kimi ağlayırdı. Üzünü gizlədirdi. 

          Marina:

  • Səni bağışlayıram. — Onsuz da  Rüstəm öz payını almışdı. İndi haqq-hesab çəkməyin yeri deyildi...

          Marina onun başını qucaqlayır. Rüstəmin saçlarından doğma və xoş qoxu gəlirdi. Ümumi gələcək onları tərk etmiş, keçmiş isə hüceyrələrin hər birinə hopub qalmışdı. Nə də olmasa, məhəbbət əsl məhəbbətdirsə, insanda əbədi qalır. Xroniki xəstəlik kimi. 

 

 

 

 

 

 

 

 

          Marina Moskvaya əliboş getmir. Özünü toparlayıb mənzilini sərfəli qiymətə — altı min dollara — qonşularına satmışdı. O dövr üçün az pul deyildi. Rubla çevirsən — bir neçə milyondur. Elə çıxır, milyonçu olmuşdu.

          Marina hər şeyi öyrənmişdi: ya oğlunun, ya da qızının evində pasport qeydiyyatına düşəcək. Müvəqqəti yox, daimi. Daimi qeydiyyata düşəndən sonra öz ixtisası üzrə işə düzələ biləcək. Müəllimlərə ehtiyac var, heçkəsin az maaşa işləmək istəmədiyinə görə. Ancaq az pul da — puldur.  Marina qənaət etməyin ustasıdır. O, hətta “Fərdin müasir şərtlərdə sağ qalması” adlı dissertasiya da yaza bilərdi.

          Gələcək həyat ona belə görünürdü: Saşa arvadı ilə, iki uşaq — Maksim və Alya. Bir də özü — nəslin başçısı, təsərrüfatçısı və uşaqların tərbiyyəçisi. Cavanlar işləyər. Marina evi saxlayar. Hər şey məntiqlə. Qarşıda — xoşbəxt qocalıq gözləyir, çünki öz evladlarına xidmətdən daha böyük xoşbəxtlik ola bilməz.

 

 

 

                                                

                                                          * * * 

           

 

 

          Qırx dəqiqədən sonra qatar yola düşür. Qutuların, bağlamaların yerləşməsi üçün bütöv bir kupe götürülmüşdü. Yola salan Rüstəm idi. Ondan başqa kim olacaqdı?..

          Marina vağzaldan Moskvaya zəng edir. Moskva kodunu və Saşanın telefonunu yığır.

          Gənc yastı səs:

  • Alo. — Marina anlayır, bu — arvadı Lüdkadır.

          Marina qışqırır:

  • Saşanı olar?

          Marina texnikaya o qədər də bel bağlamır, səs yaxşı gəlsin deyə, qışqırır.

  • Evdə yoxdur. Kim soruşur?
  • Marina İvanovna. Anası.

          Lüdka cansıxıcı səslə reaksiya verir:

  • Hə... Nədir?
  • Saşaya çatdırın, gəlirəm. Sabah yox o birisi gün səhər saat yeddidə gəlib məni qarşılasın, Bakı-Moskva qatarı, dördüncü vaqon, onaltıncı yer...

          Marina, Lüdkanın qələm götürüb hər şeyi yazacağını gözləyir: qatarın gəlmə vaxtını, vaqonun nömrəsini. Lüdka isə narazı səslə:

  • Xeyir ola, qonaq gəlirsiz?
  • Qonaq niyə? Yaşamağa.
  • Bizə?

          Marina təəcüblənir:

  • Bəs hara?

          Lüdka kütbeyin imiş. Ana oğlunun yanına gəlir. Bu haqda uzun-uzadı danışmağa nə gərək var? Lüdka isə, görünür, başqa cür düşünür: fakt qarşısında qoymaq yox, əvvəlcə icazə almaq lazımdır. 

          Marina dəstəyi asır. Vaqonun yanına qayıdır. Rüstəm, Aleçkanın əlindən tutub, saatına göz atır. Marina Aleçkanın əlini öz əlinə alıb:

  • Get, — deyir.

          Qatarın tərpənməsini və ayrılığı bir neçə saniəyə barı ləngitmək üçün vaqonun yanıyla Rüstəmin təngnəfəs qaçmasını Marina görmək istəmir. Rüstəmə yazığı gəlir.

          Özünə yazığı gəlməli idi — payız yarpağıtək yerindən qopub, nə evi-eşiyi, nə həyəti-bacası, onu orda necə qarşılayacaqları da hələ bilinmir. Heç qarşılayacaqlarmı?.. Marinanın özü-özünə yazığı gəlməliydi, onun isə üçüncü evladına – Rüstəmə – yazığı gəlirdi. Görəsən, özünün də bir yazıq oğlu olan bu yazıq oğlan həyatdan necə baş çıxaracaq...

          Gözyaşları gözlərini yandırır, lakin Marina dişlərini bərk-bərk bir-birinə sıxır.       Əmr verir:  

  • Get, Rüstəm. Get, arxaya da dönmə.

          Rüstəm sözünə baxır, ona tabe olmağa alışmış, geri baxmadan gedir. O, səadətin daha olmadığı, yalnız borc və əzabdan ibarət öz həyatına gedirdi. 

          Marina gecəni yatmır. Özünə acıması, taleyini danlaması ürəyini yeyib qurtarırdı. Saşanın onu qarşılayıb-qarşılamayacağı fikri də onu bir başqa tərəfdən üzürdü. 

          Saşa vaqona yaxınlaşır, dostlarını da gətirir. Onlar bütün bağlamaları, qutuları cəld balaca “raf” maşınına doldururlar.

          Bərk-bərk bürünülmüş Aleçka maşının yanında dayanır. İqlim dəyişikliyinə görə Marina uşağın soyuqlamasından qorxur. 

          Aleçka:

  • Yuxuda balaca atlar gördüm, — deyir.

          Saşa dərinə getmək istəmir, soruşur:

  • Hə?

          Marina başa düşür: gecə qatar titrəyib, yırğalayıb, Aleçkaya da elə gəlib, guya o, balaca atların belindədir.

          Marina əyilib öz qızı-nəvəsini öpür. Yad, biganə insanların içində durmuş uşağa yazığı gəlir.

          Moskva həyatı başlayır.

 

 

 

 

 

 

                                                          Moskva

 

 

 

           

          Saşa arvadının şiddətli müqavimətini yatırdır, Marinayla Alya da onların  Brateyevo rayonundakı iki otaqlı mənzilinə köçürlər. Brateyevo — keçmiş kənd adıdır. Marinaya elə gəlir, Moskvaya yox, bir-birinə bənzər darıxdırıcı binaları olan Şevçenko şəhərinə düşübdür. 

          Brateyevoda qalırsansa, Moskvada yaşamağının nə mənası var? Belə halda Tambovda, ya da Tulada da yaşamaq olar. 

          Snejana ilə əri Ximkidə ev kirayələyir. Ancaq Marina oraya gedib çıxa da bilmir, dəvət etmədiklərinə görə. Snejanayla əri özləri qonaq gəlir, tortla bir şüşə şampan gətirirlər. Aleçkaya — heçnə. 

          Hiddətdən Marinanın dili də tutulur. Dörd il qızını görməyəsən, özün də əli boş gələsən. Bu heç cür ağıla sığmır. 

          Marina Moskvaya yola düşəndə, Snejananın Alyanı onun əlindən alacağından qorxurdu.  Bu isə Snejananın ağlına da gəlmir. Onun bütün fikri-zikri yeni Oleq idi.

          Yeni Oleqin saqqalı və gözləri Çe Qevaranınkına bənzəyirdi. Ancaq beretkasızdı. Təvazökar görünürdü.

          Oleq ilə Snejana nəfəslərini yenicə dərən kimi, Marina maraqlanıb mənzil məsələsini  öyrənir: onlar kommunal evin bir otağını kirayələyirdilər. Marina Oleqdən soruşur:

          — Bəs əvvəllər harda yaşayırdız?

          Oleq:

  • Valideynlərimlə.
  • Onda da kommunal evdə?
  • Yox. Bizim üç otaqlı mənzilimiz var.

          Marina sorğu-sual edir:

          — Orda qeydiyyatdasız?

  • Hə...
  • Üç otağın birində yaşamaq daha rahat olmazmı? Yoxsa kirayə daha yaxşıdır? Niyə pulu havaya sovururlar? 

          Snejana sıxılır. Anasının vəhşi öküz ruhunun yenə oyandığını, yoluna nə çıxsa, kim çıxsa — fərqi yoxdur — tapdalayıb keçəcəyini görür. 

          Oleq təmkinlə cavab verir:

  • Mən ayrı yaşamağa üstünlük verirəm. — Oleq, qaynanasının xoşuna gəlmədiyini görüb çəkinir.

          Marina başa düşür: valideynləri uşaqlı qadınla Oleqin nigahından narazıdırlar. Snejananı qeydiyyata salsalar, avtomatik olaraq Alya da qeydiyyata düşməlidir. Onlar yad uşaq istəmir. Yad uşaqlar kimin nəyinə gərəkdir?... 

          Marina yol göstərir:

  • Mənzili iki başqa mənzilə dəyişə bilərsiz.
  • Valideynlərim dəyişdirmək istəmir. Oraya alışıblar. Onlarla da məhkəmədə  çəkişməyəcəyəm.
  • Niyə? — Marina məhkəmədən savayı başqa yol görmür.

          Oleq sərt baxışla qaynanasına baxır:

  • Çünki bu, prinsiplərimə ziddir. Valideynlərim artıq qocadır, mənsə cavanam. Peşəm var. Hər şeyi özüm qazanacağam. 

          Lüdka Oleqi dəstəkləyir:

  • Düz eləyirsən.  Əsl kişi söhbəti edirsən...

          Lüdka üçün əsas məsələ — debatları bitirib badəni qaldırmaq idi. İçmək həvəskarıdır, üstəlik də masada Marinanın hazırladığı əla zakuskalar var: qara ciyər paşteti, üç cür salat, “şuba altında selyodka” salatı, isti yeməklərdən isə — sobada bişirilmiş ballı ördək. Yeməyin ətri bütün evə yayılmışdı.         

  • Ailə birləşməsi sağlığına!  — Saşa sağlıq deyib badəni başına çəkir.

          Marina fikir verir: oğlu içmir — ard-arda başına çəkir. Öyrəşib. Bundan başqa  Marina onun kişiləşdiyini, çiyinlərinin genişləndiyini, boyu atasınınkından uca olsa da, bədəninin Volodkanın bədəninə bənzəməyə başladığını görür.

          Ailə zakuskalara hücum edir. Maksim, davranış qaydalarına uyğun olaraq çəngəllə deyil, daha çox yemək yeyə bilməsi üçün xörək qaşığıyla yeyir.

          Marina çəngəli onun tərəfinə yaxınlaşdırır, üstəlik də uşağın əlinin üstündən yavaşca şappıldadır. Marina, Lüdkaya oxşadığına görə, Maksimi sevmir. Kopiyasıdır. Anasındakıtək kiçik gözləri və sərçəburnu var. Öz nəvəsini sevmədiyini Marina özü- özünə də etiraf etməyə utanır. Alyanı özündən də çox istəyir, Maksimə isə qanı qaynamır. sanki o uşaq yad uşağıdır. Lüdka bunu görüb inciyir: bir uşaqla gəlib bunlarda lövbər salması, beş adamın iki otaqda sığınması az imiş. Yataqxanadır. Yataqxanadan başqa da — Maksimi sevmir, sevməməyini heç gizlətməyə də çalışmır. Yad ərazidə öz qayda-qanunlarını yeridir. Evin yiyəsi Lüdka da bunların hamısına dözməlidir...

          Ancaq indi kefi kökdür, qabağında gerçək içki, zakuska və desert üçün qızılgüllərlə bəzədilmiş tort var.

          Marina şampan içkisini sevmir, içəndə gəyirir. Qara ciyarın zayını çıxaran ağır, yağlı tortlar da yemir.

          Marina ayağa qalxıb mətbəxə keçir. Mətbəxin işi bitmək bilmir: sobada pıqqapıq ördək  bişir. Marina sobanın ağzını açır. Qaynar hava üzünə vurur. 

          Düşünür: “Qazanacaq. Görəsən, nə vaxt qazanacaq? Buna on il gedər. Bütün cavanlığı pul qazanmağa sərf olunar. Pul yığmaq... Hər şeydə qənaət etmək, boğazından kəsmək... Bəs nə zaman yaşayacaqsan?”

          Snejana mətbəxə girir. Susub dayanır. Sakitcə soruşur: 

  • Ərim xoşuna gəlmir?

          Marina təəcüblənmiştək:

  • Nə işimə qalıb?! Onunla yaşayan sənsən.

          Snejana sərt şəkildə:

  • Ay sağol. Səndən artıq dərəcədə xahiş edirəm, qarışma. Yaxşı? Ondan xoşun gəlmirsə, bir də bura gəlmərik.

          Deməli, Snejana öz anasını və balasını yad dilənçiyə dəyişməyə hazırdır. Demə, sövdələşməyə gəlmiş: vəhşi öküz onun taxılını tapdamamalıdır.

          Marina dikəlir, Snejana baxır. Beş il bundan öncə aeroporta geyindiyi həmin o qara kostyum. Deməli, indiyədək başqasını ala bilməmişlər. Həmin pişik ağzı, uşaq gözləritək narahat gözləri. Bunun hamısı əvvəllər də vardı... Bu, keçilmiş dərs idi.

          Marina qızını qucaqlayır, qızının cücə çiyinlərini hiss edir. Snejana bir az kənara çəkilərək:

  • Səndən ördək qoxur. 

          Bu da olmuşdu — Marinayla öz anası arasında. Ancaq onda kələm qoxsu gəlirdi...

          Axı niyə ən yaxın, ən lazımlı insanlar bir-biriləri ilə dil tapammır? Çünki Rusiya Azərbaycan deyil. Orda böyüklərə hörmət var. Yaşca böyük olana müəllim deyirlər. Burda isə — səfeh qarı...

 

 

 

 

 

 

 

          Lüdkanın iki çür əhval-ruhiyyəsi olardı: yaxşı və pis. Lüdka univermağın ətriyyat şöbəsində işləyirdi. Gün ərzində adamlardan yorulurdu. Evə kefsiz gələrdi: yemək istəyər, bir də Saşanı qısqanardı. Ona elə gəlirdi ki, əri hamıya lazımdır. Əri sanki bazarda vitrində durur, hər qadın da — minlərlə qadın — yaxınlaşıb tərəvəzə toxunduğutək onun ərinə toxuna bilərdi. Lüdkanın gözündə Saşa şık, cazibəli idi, heç bir rəfiqəsinin əri Saşanın kəsilmiş dırnağı da ola bilməzdi. Saşa haqda kimsə nəsə xoşagəlməz bir söz söyləyəndə, Lüdkanın kefi açılardı. Sanki ərini onun əlindən almaq istəyənlərin biri azalırdı.

          Lüdka evə taqətsiz gələr, keçib masanın arxasında oturardı. Masada təmiz salfetkayla örtülmüş yemək olardı. Bu cür bir zamanlar Marina Rüstəmi gözləyərdi.  Salfetkanın altında isə — lobya, göyərti, paştet. Tavada —  qoyun ətindən lüləkabab. Marina Azərbaycan məktəbini keçmişdi: göyərti və ədva çox olmalıdır. Yazıq Lüdka heçvaxt belə qidalanmamışdı. Onun gündəlik yeməyi kolbasayla yumurta, bir də dükan düşbərəsi idi.

          Lüdka pis əhval-ruhiyyədə dinməzcə yeyir, sonra tualetə gedir, ordan da yüngülləşmiş, şıltaq, gumrahlaşmış qayıdır. 

          Üzünü Marinaya tutur:

  • Ana... 

          Sadə el adəti ilə qaynananın “ana” çağrılması Marinanın xoşuna gəlmirdi. Ancaq fikir vermirdi.

  • Birinci mərtəbədə qonşumuz var — alkaş Dimka Prozorov. 

          Marina ürəyində tez qeyd edir: “Prozorov” aristokrat soyadıdır. Yəqin, Dimka səfil aristokratdır. 

  • Deməli, onun üç otaqlı mənzili var, üstündə pul verib iki otaqlıyla dəyişə bilərik.

          Marina anlamır:

  • Hansı iki otaqlını deyirsən?
  • Bizimkini, əlbəttə. Bizim axı iki otağımız var. Üç olar. Hərənin bir otağı. Biri — Alya ilə sənin. Biri  — Saşa ilə mənim. Üçüncü də — Maksimin. 

          Marina:

  • Bəs televizor harda?
  • Sizdə. Yataq otağında olmayacaq ki. 
  • Deməli, siz öz seriallarınıza baxıb qurtaranacan gözləyəcəyik? Uşağın rejimi var.

          Lüdka mehribanca: 

  • Yaxşı da, ana. Vallah, bu məsələni sonra həll edərik. Axı üç otaq iki otaqdan

daha yaxşıdır. 

          Lüdka qalxıb bir daha tualetə gedir. Oradan yanaqları pörtmüş, işləri xod gedənlərtək kefi kök, damağı çağ çıxır.

          Marina alkoqolikin mənzilini təsəvvür edir. O evə girmək asan iş olmayacaq.

           Soruşur:

  • Üstünə nə qədər qoymaq lazımdır?

          — Beş min. — Lüdka çantasından bahalı siqaret çıxarır.

  • Beş min nə ilə?
  • Necə yəni nə ilə?.. Əlbəttə, rublla yox.

          Marina dəqiqləşdirir:

  • Dollarla?

          Lüdka siqaretini yandırır:

  • Hə... — Evdə siqaret çəkmək yaxşı deyil — uşaqlar var, lakin Marina susur.  

Marina təəcüblənir:

  • Bəs üç otaqda  tək yaşayır o?
  • Ailəsi var, amma qaçıb.

          Lüdka ayağını ayağının üstünə aşırıb gözəl-gözəl siqaret çəkir. Ayaqları kapron corabda parıldayır. 

          — Qaçsalar da, qeydiyyatdadırlar, — Marina məntiqlə qeyd edir.

  • Bizimkinə qeydiyyata düşərlər. Onları küçəyə atmırıq ki. Onlara iki otaqlı mənzil veririk. Eyni blokda. Vərdiş də az şey deyil...

          Marina ürəyində götür-qoy edir: “Beş min evin üstündə verilməlidir. Min də — təmirə. Bu da altı. Deməli, uşaqla bir qəpiksiz qalacaqlar. Xəstələnmək də olmaz. Qarşıda isə — tənha xəstə qocalıq gözləyir. Qocalıq həmişə tənha və xəstə olur, uşaqların əhatəsində olsa da”. 

          Marina qətiyyətlə:

  • Pulum-mulum yoxdur.
  • Yaxşı da, ana... Mənzilinizi satmısız. Sizdə bizdən çoxdur.

          Hardan bilir? Yəqin, Aleçka ağzından qaçırıb. Aleçka qoca qarılar kimi burnunu hər yerə soxur. İki nəfərin bildiyini də, deyərlər, aləm bilər. Yəni Lüdka bilər.

          Marina qətiyyətlə:

  • Vermirəm! Əlli yaşım var. Götü açıq qalmaq istəmirəm.
  • Ana... Axı bura gəlmisiz... Burda yaşayırsız. Sizi qovmuram ki. Niyə də kömək etməyəsiz? Niyə də ailəyə öz payınızı qoymayasız? 

          Marina oğul böyüdüb, Lüdkanın ərini. Ödəyəcəyi pay da budur.

          Marina:

  • Yox” sözünü başa düşmürsən?
  • Yaxşı... Yoxdur — yoxdur. — Lüdka bunu fəlsəfi tərzdə deyib tualetə girir. 

          Oradan çıxmaq yerinə yerə yıxılır.

          Marina onun başının üstündə dayanıb nə edəcəyini bilmir. Lüdka at kimi ağırdı. Marina gəlinini kilimin üstünə sürüyüb, kilimin üstündəcə də, xizək kimi, yataq otağına sürüyür. Uşaqlar yanında ora-bura qaçışır, şənlənir. Elə bilirlər — oyundur. 

          Sonra üçü birlikdə Lüdkanı çarpayıya dırmaşdırırlar. Maksim onun ayaqqabılarını çıxarır. Aleçka üstünə yorğan örtür.

          Uşaqlar Lüdkanın xətrini istəyir, ondan qorxmurlar.

 

 

 

 

 

 

 

 

 

          Marina tualeti yoxlamaq istəyir, su çəlləyindən bir araq şüşəsi tapır. Hər şey aydın olur: deməli, yaxşı əhval-ruhiyyəni Lüdka burdan alırmış...

          Axşam Saşa evə gələr-gəlməz Marina soruşur:

  • Lüdkanın içdiyini bilirsən?

          Saşa:

  • Necə düşünürsən? Sən bilirsən, mənsə — yox?

          Oğlu yorğun və acdır. Marina, sevgi dolu gözləri ilə onun yemək yeməsinə baxır. Ac uşağı yedizdirməkdən daha ləzzətli heçnə yoxdur. Yayındırmamaq üçün sual verməməyə çalışır, ancaq dözə bilmir:

  • Normal, təmiz qız qəhət idi? Gərək elə mütləq tör-töküntü tapardın?

          Saşa sakitcə cavab verir:

  • Gec idi. Maksim doğulmuşdu.
  • Bəs mənə niyə yazmadın?

          Saşa sualı başa düşmür:

  • Nəyi yazmadım? Maksim doğulanda yazdım.
  • Arvadının içki düşkünü olduğunu niyə yazmadığını deyirəm.
  •  Sənin bilməyini istəmirdim. İndi bilirsən.

          Marina:

  • Bəs nə edək?
  • Bilmirəm. Uşağı içəyən ananın üstünə atıb gedə bilmərəm. Lüdkanı da ata bilmərəm.
  • Niyə?
  • Yazığım gəlir. Özün düşün: atsam başına nələr gələr...
  • Özünə yazığın gəlsin. Sənin öz həyatın nəyə dönəcək...
  • Deməli, qismət beləymiş...

          Saşanın sifəti sakit, şövqsüz idi. Volodkadakıtək. Özündən daha çox başqasına acımaq cəhəti isə anasından keçmişdi. Lakin Marina vəhşi öküz inadını mərhəmətlə uzlaşdıra bilirdi. Saşada isə nə inad, nə də şöhrətpərəstlik vardı. Mərhəmət və taleyə itaətdən başqa heçnəyi yoxdur.

 

 

 

 

 

 

 

 

 

          Marina yuva qurmağa başlayır. O, hər yerdə yuva salırdı, qatarla gedərkən kupedə də fincanları, salfetkaları düzür, səliqə yaradırdı. Əsl qadındır. Rüstəmin neçə illərdir ondan əl çəkməməsi boş yerə deyildi...

          İlk növbədə Marina köhnə “Minsk” soyuducunu atır. Qırx il yaşı var idi soyuducunun. Qapısını rezin artıq kip tutmurdu, içərisinə isti hava girirdi. Yemək xarab olurdu. Marina “Minsk”i Dima Prozorova verir, evə isə Almaniyanın “Boş” firmasının soyuducusunu alır. Marina öz müqəddəs xəzinəsinə, öz dollarlarına girib oradan böyük  məbləğ, altı yüz dollar, çıxarıb evə soyuducu gətizdirir. Yeni soyuducu bəyaz, parıltılı, üç buz kameralı, buzu da öz-özünə açılan idi. Bundan yaxşısı dünyada olma bilməzdi.

           Soyuducunu görcək, sevincdən Lüdkanın ayaqları dözməyib qatlanır.

  • U-ya,  — uzadaraq deyir.  — Bu sona quşunun qiyməti neçədir?

          Marina, təvazö və açıq ürəklə:

  • Önəmli deyil,  — deyir. Bu, Marinanın evə payı idi.

          Lüdka tualetə yollanır. Marinaya görə, əsas məsələni danışmağın vaxtı çatmışdı. Lüdka, qayıdıb kefinə kef qatmaq üçün siqarerini yandıranda, Marina elan edir:  

  • Qeydiyyata düşəcəyəm. — Marinanın tərzidir: soruşmaq yerinə adamı fakt qarşısında qoyardı. — Qeydiyyata düşəcəyəm, — təkrarlayır.
  • Hara? — Lüdka diqqətini artırır, hətta ayılır. Baxışı mənalılaşır.

          Marina icəşmə tərzi ilə:

  • Necə yəni hara?.. Oğlumun yanına. Başqa hara olacaq?...

          Lüdka ayılıb sərt şəkildə sözü kəsir:

  • Deməli belə. Oğlunuzun bu mənzilə heç bir aidiyyatı yoxdur. Bu mənzili mənə atam alıbdır. Anamla atam öz qocalıqları üçün yığırdı, amma mənə verdilər, kooperativ üçün. Ərim başqa şəhərdən gəlib deyə. Bu bir. 

          Marina araya girir:

  • Axı Saşa burda qeydiyyatdadır...

          Lüdka davam edir:

  • İkincisi, qeydiyyata düşsəniz, mənzil sahəsinə haqqınız çatacaq, evi də dəyişdirmək istəsək, mənə üçdə bir hissə çatacaq. Evi dəyişdirib məni kommunal mənzilə soxacaqsız.

          Məsələ aydındır: Lüdka Marinaya inanmır, qaynanasından da hər cür hiylə gözləyir. 

  • Saşayla yaxşı yaşamağımızı istəsəydiz, ev üçün pul ayırardız. Siz isə istəmirsiz...

          Marina qeyd edir: Lüdka göründüyü kimi də ağılsız deyil.

          Marina mülayimcə araya girir:

  • Lüdka...

          Marinanın demək istədiyi budur: mənzil qeydiyyatı olmayan insan, cəmiyyətdən kənarda qalır. Bomj sayılır. Onu nə işə götürürlər, nə də hətta rayon poliklinikasına qeydiyyata salırlar... Lüdka isə heçnə eşitmək istəmir. 

          Lüdka: 

  • Yox! “Yox” sözünü bilirsiz? — qışqırır.

          Marinanın öz xəyalında qurduğu bütün yaşayış, partladılmış evtək göz görə-görə darmadağın olurdu. 

          Marina: “Yox — deməli yox. Tanrı bilən məsləhətdir...” — deyə bilərdi. Lakin sən saydığını say, gör fələk nə sayır — deyərlər... 

 

 

 

 

 

 

 

 

 

 

          Saşa bazarda alver edir, rəqabətə isə tab gətirə bilmirdi. Azərlərin – azərbaycanlıları belə adlandırırdılar — tərəvəz işində, onun becərib satmasında xüsusi istedadları var. Onlar alıcıları ustalıqla cəlb edir, malı sehrbaztək soxuşdura bilirlər. Gənc sarışın qızlara endirimlər edirdilər. Tərəzi fırıldaqları vasitəsilə yaşlı xalalardan əlavə pul qoparırdılar. “Kiloqram” sözünü “tçiloqram” kimi tələffüz edirdilər. Onlara nə qədər başa salsalar da, yazıq kiloqram yenə də “tç” ilə qalırdı[4]

          Saşa isə elə durduğu yerdə də dururdı. Alıcılar ondan yan ötüb keçirdilər, Saşanın öz işinə can yandırmaması bazarını soyudurdu. 

          Alıcılar soruşurdu: “Üzüm xarici üzümdü?” Yanındakı rəqibləri gözlərini bərəldir, sinələrinə döyürdülər: “Krasnodar üzümüdü”... Halbuki apreldə üzüm nə gəzir?

          Saşa isə razılaşırdı: “Hə, xaricidi”. Deməli, üzüm parniklərdə yetişdirilib, içində də vitamin-filan yoxdur. Elə-belə, bəzəkdir... Sadəcə sudur. Elə su da qoxur. 

          Bahalı mal qalıb xarab olurdu. Sahibi cərimələyirdi. Hər dəfə Saşa ziyana düşürdü. O, kimdənsə asılı olmaq istəmirdi, ancaq ikiqat asılı qalırdı — alıcıdan da, sahibkardan da.

          Saşa evə yorğun-ağrın, taqətsiz qayıdırdı.

          Marina onu yedizdirir, canla-başla dinləyirdi, gözləri ilə balasını oxşayırdı. Soruşur:

  • Evə daha erkən gələ bilmirsən?
  • Öz palatkam olsaydı, Əhmədi ora qoyub, özümsə evdə, sənlə uşağın yanında  oturardım. 

          Marina anlamır: 

  • Əhməd kimdi?
  • Muzdlu işçi. Tacikdi.
  • Tanıyırsan onu?
  • Yox əşi. Onların hamısı Əhməddir. Taciklər azərlərdən daha təvazökardılar. Daha az oğurlayırlar.
  • Onda onu qoy.
  • İlkin kapital olmalıdı. Bilirsən, palatka neçəyədi? Üç min dollara.

          Məbləği eşidən Marina, yerində donub qalır. Üç min — evinin yarı qiymətidir. 

  • Palatkanı metronun yanında qoyardım, qeydiyyatdan keçərdim, yerin pulunu ödəyərdim və — irəli. On faizi Əhmədin, qalanı da özümün olardı. Təmiz gəlir. Kiçik kapitalizm.

          Marina maraqlanır:

  •  Daha ucuz palatkalar var? 
  • Pul, palatkaya yox, yerə görə verilir. İmza atanlara ödəməlisən.
  • Pul verməsən olmaz?
  • Olar. Ancaq onda alver eləməyə imkan verməyəcəklər.

          Marinaya çatır:

  • Mafiya?
  • Hər kəsin öz qabı var. Qazanmaq istəyirsənsə — xərcləməlisən. 

          Saşa, çörəyi, uşaqlığındakıtək, böyük dişləklərlə yeyirdi. Adamın yazığı gəlirdi.  

          Marina qalxıb mətbəxdən çıxır. Bir neçə dəqiqədən sonra qayıdıb Saşanın qarşısına otuz ədəd yüz dollarlıq pul qoyur. 

          Saşa onları iki əliylə götürür, üzünə yaxınlaşdırıb öpür. Yəqin, elə bilir, yuxudur.  Yaxınlaşdıraraq, yuxuda yoxsa reallıqda olub-olmadığını yoxlayır.

          Marina təəcüblə:

  • Neyləyirsən? Çirklidir axı...
  • Sənin pulların çirkli deyil. Müqəddəsdir. Yarım ildən sonra hamısını sənə geri qaytaracağam...

          Marina güzəştlə:

  • Yaxşı görək. Nə vaxt imkanın olar, onda da qaytararsan.

          O, özünün verici rolu ilə fəxr edir. İçində hər şey nəğmə çalır, işıq saçır.

          Saşa yoxlayır:

  • Heyfin gəlmir?

          Marina başını bulayır:

  • Yox...  — Dediyi   tər-təmiz həqiqətdir.

          Divarın o tərəfində Lüdka kimləsə telefonla danışır. Qalın səslə nəsə deyirdi. O bilmədən, onun arxasında hansı tarixi hadisələrin baş verdiyindən də xəbərsiz. 

 

 

 

 

 

 

 

          Marina, yenə də Lüdkadan xəbərsiz, qalan pullarını MMM banka aparır. Bu bank haqda televizordan eşitmişdi. Heçbir proqram Lenya Qolubkovsuz keçmirdi. Lenya, Çapayev kimi xalq qəhrəmanına dönmüşdü. O, xalqın müftə varlanmaq  röyasını gerçəkləşdirirdi.

          Camaat, pulu banka qoyanda, məbləğin ağactək artacağına avamca inanırdı. Xalqın bu avamlığından, bu sadəlövhlüyündən, üstəgəl iqtisadi savadsızlığından qoçaq Mavrodilər istifadə edirdi. Elə bir piramida yaratmışdılar ki, o, hökmən uçmalıydı. Uçur da. Maraqlı olan isə budur: aldadılmış müştəri kütləsi Mavrodinin hiyləgərliyinə inanmaq istəmir, mitinqlərə yığışaraq onu müdafiə edirdi. 

          Marina mitinqə getmir. Hər şeyi bir anda anlayır. Marinada sadəlövhlük və biclik həmahəngdir. Ona görə də həm xalqı, həm də Mavrodini anlayırdı. Bir də o, pullarının onunla birdəfəlik “sağollaşdığını” anlayır. İt də getdi, ip də getdi. Tapıb qaytarmaq olmaz.

          Marinanın ağzı quruyur — qanına adrenalin sıçrayır. Bu yolla insan orqanizmi stressə reaksiya verir. O, tez-tez xaç çəkib “Atamız” duasını başdan-başa oxuyur. Başqa nə edə bilər? Milisəmi qaçası?

 

 

 

 

 

 

 

 

 

 

          Yarım il keçir. Saşa pulları sadə bir səbəbdən qayrata bilmir. O səbəbi öncədən görmək olardı. Rəqiblər gəlib palatkanı yandırır. Səhər Saşa metrodan çıxanda, külə dönmüş palatkasının dəmir dirəyini görür. Üç min tüstüyə dönüb göyə sovrulmuşdu. 

          Palatkasıtək özü də öz içində yanıb-yaxılmış, yaralı Saşa evə gəlir. Qəflətən Marina dərk edir: Saşanı palatkasıyla birlikdə yandıra bilərdilər, və ya binanın blokunda güdüb güllələyə bilərdilər. Ancaq palatka ilə kifayətlənmişdilər. Şükürlər... Marina tez-tez xaç çəkə-çəkə, “Allah, özün kömək ol...” deməyə başlayır.

          Allahdan başqa kömək istəməyə kimsə yox idi...

 

 

 

 

 

 

 

 

 

          Narazılıqlar yığışıb çoxalır, kritik həddə çatır. Günlərin bir günü də partlayış baş verir.

          Səbəb, həmişə belə vəziyyətlərdəkitək boş şey olur. 

          Uşaqlar oyuncaq üstündə dalaşır. Marina Alyanın, Lüdka isə, təbii, Maksimin tərəfini saxlayır. Uşaqlardan şəxsiyyət təhqirlərinə keçirlər, sözün əsl mənasında əlbəyaxa olub bir-birini döyməyə, üz-gözünü cırmağa başlayırlar.

          Saşa otağa girir, Lüdkanı çəkib anasından ayırmağa başlayır. Lüdka isə döyüş iti bulteryertək döyüşür. Saşa qrafindəki suyu onun üstünə tökür. Lüdka bir anlıq aralanır. Saşa onu əllərilə tutur, hara aparacağını bilmir, balkona sürüyür.

          Lüdka bağırır: “Məni balkondan atacaq!” Uşaqlar ulaşır. Saşanın sifəti heyvan sifətinə dönür. Marinanı qorxu alır — birdən oğlu həqiqətən də gəlini yeddinci mərtəbədən aşağı atar. Sonra da həbsxanalıq olar. 

          Marina atılıb Saşanı Lüdkadan ayırmağa çalışır. Bir təhər ayıra bilir. 

          Lüdka hönkür-hönkür ağlayır. Saşa əsim-əsim əsir, əsəbdən əsməcə tutur. Marinanın ağzı qup-quru quruyur, dili yuna dönür. Nə yaxşı, cinayətsiz ötüşülür.

          Yatmağa dağılışırlar. Axşam saat onbirdi.     

          Gecə Marina yatmır. Götür-qoy edir: narazılıqlar heç bir yana çıxıb gedən deyil, əksinə, yığışıb artacaqlar. Ziddiyyətlər zaman keçdikcə yoxa çıxmır, kəskinləşir. Marina Lüdkanın sərxoşluğuyla heçvaxt barışmayacaq. Lüdka isə mənzildə gəzən və rastına çıxan hərşeyi ildırım toputək yandırıb-yaxan deyingən qarıyla yola getməyəcək. 

          Lüdkanın öz həqiqəti vardı: spirtli içkiyə həvəsi atasından keçmişdi. İrsi xəstəlikdi. Başqa xəstəliklərtək. Məsələn, şəkər xəstəliyi. Şəkər xəstəsi olmaq niyə ayıb deyil, alkoqolik olmaq isə ayıbdır? Onun sevimli şairi Visotski də alkoqolik idi. Heçnə də olmadı. Düzdür, tez öldü, amma çatdırıb çox şey elədi.

          Əlbəttə, müalicə olunmaq olar, ancaq, deyirlər, qadın alkoqolizmi pisdir, müalicəyə tabe olmur. Özünü kodlaşdıra bilərsən, ancaq onda sən sən olmursan — başqası olursan. Tikilmək olar[5], dözə bilməyib içsən — bir saatın içində ölürsən. Belə risk nəyə lazım? Qoy necə var, elə də qalsın. 

          Marina otağın ortasına qoyulmuş şkaftək mane olurdu ona. Birdən-birə hardansa qaynana peyda olur, səssiz-səmirsiz, siçan kimi bir yerdə oturmaq əvəinə rəhbərlik edir, başqasının ərazisində öz qaydalarını tətbiq edir. Buna heçbir heyvan dözməz: boğazını gəmirər, buynuzuna keçirər...

          Bu gecə Marina yatmır. O, Saşaya görə qorxur. Çıxılmaz vəziyyətdə qalıb, həqiqətən də bir gün Lüdkanı ya balkondan aşağı atacaq, ya da unitazda boğacaq. Sonra da neçə il iş kəsəcəklər.

          Yaxşısı budur — özü çıxıb getsin. Özünüləğv etsin. Ancaq hara getsin? Snejananın yanına mümkün deyil, heç istəmir də. Qalır – dövlət. Qaynar nöqtələrdən gəlmiş qaçqınlarla məşğul olan miqrasiya xidmətləri var. 

          Qaçqınları hardasa növlərə görə ayırıb yerləşdirirlər. Harda olduğunu öyrənmək lazımdır. Hansısa bir qaçqınlar düşərgəsində.

          Səhərə yaxın Marina qərara gəlir: Alyanı anasına verəcək. Özü — qaçqınlar düşərgəsinə yollanacaq. İndiki vəziyyətdən daha da pis olmaz. Özünə görə narahat    deyil. Marina mağarada da yaşayar, gündə bir tikə quru çörək də yeyər. Təki uşaqları yaxşı dolansınlar.

          Səhər saat altıda Marina ayağa qalxır. Kiçik bir məktub yazır. Sonra çıxıb gedir. Çantasında beşyüz rubl vardı.

 

 

 

 

 

 

 

 

          Ruslar Özbəkistandan, Bakıdan, Çeçenistandan qaçırdı...

          Qaynar nöqtələrdən gəlmiş köçkünlərlə məşğul olan məmurların başlarına azqala hava gəlirdi. Bircə məqamda hər şeyini itirmiş insan seli onların üstünə axırdı. Bir insan hər şeyini itirəndə, heçnəyini itirməyənlər, öz evlərində yaşayanlar, öz qablarından yemək yeyənlər isə ətrafda gəzəndə, ədalət tarazlığı pozulur. İncimiş insanlar da, dəqiq desək — ədalətə zidd olaraq incidilmişlər də — it kimi yarıheyvana dönür: onlar nifrət də eləyir, hürür də, yalmanır da. Yağlı tikə uğrunda adamı dişləməyə də, atılan tikəni  birinci tutmaq üçün yuxarı hoppanmağa da hazırdılar.

          Nə yalmanmaq, nə də hoppanmaq Marinaya gərək olmur. O, sakitcə avtobusla Ağ evin yaxınlığındakı qeydiyyat məntəqəsinə gəlir. Onu özü kimisilərlə birlikdə qeydiyyata alırlar. Qaçqınların əksəriyyəti Bakıdan idi, bu da adamı sevindirirdi. Elə bil müharibədə həmyerlilərinlə rastlaşmısan.

          Qeydiyyatdan sonra avtobus hamını Bolşevo stansiyasındakı boş sanatorayaya aparır. 

          Bəzilərini sanatoriyaya yerləşdirirlər, Marinanın bəxti isə gətirir: onu, sanatoriyanın xidmətçiləri üçün qırmızı kərpicdən yeni tikilmiş binaya yerləşdirirlər. Xidmətçilər gözləyər, onların sahəsi var. Qaçqınların isə heçnəyi yoxdur.

          Marinaya iki otaqlı mənzildə ayrıca bir otaq düşür. 

          Qonşu otağa Çeçenistandan rus qaçqın qadın Verka və on yaşlı qızı Allanı yerləşdirirlər. Belə kiçik uşaq üçün Verka bir qədər qoca idi. Əlli yaş vermək olardı. Bəlkə gec doğmuşdu.

           Qız, koreyalılara bənzəyirdi, Verkadan əsər-əlamət yox idi. Bəlkə oğurlayıb. Bəlkə də əri koreyalı idi.

          Verka dəhşət şeylər danışır: yaraqlılar gəlib işkəncə verir, camaatın dişlərini çıxarırdılar. Marina qulaq asıb yerindəcə donurdu. Demək, bəxti gətiribmiş: bircə dəfə başından, həm də yavaş, vurmuşdular. 

          Marina soruşur:

  • Axı nəyə görə?
  • Necə yəni nəyə görə? Rus olduğumuza görə. 

          Dünyanın başına hava gəlib. Erməniləri erməni olduqlarına görə öldürürdülər. Yəhudiləri — yəhudi olduqlarına görə. Rusları isə —  rus olduqlarına görə.

           Marina:

  • Bəs dişləri nə ilə çəkirdilər?
  • Kəlbətinlə... — Verka ağzını açıb körpə uşaqlardakıtək ağzının dərinliyindəki çılpaq damağını göstərir...

          Marina təəcüblənir. Verkanın ön dişləri yerində, kök dişləri yox idi. Yaraqlılar kəlbətinlə işləsəydi, asanlıqla əlçatan dişləri, yəni ön dişləri çəkib çıxarmalıydılar. 

          Marina Verkanın aferist və hoqqabaz olmasından şübhələnir. Qaçqınların içində necə adam desən vardı. Camaatın yazığı gəlsin deyə bəziləri özünü kasıb göstərir, cır-cındır geyinirdi. Digərləri, əksinə, qır-qızıllarını taxıb özlərinə elmi adlar verirdilər.

          Marksist-leninist fəlsəfəsi üzrə həqiqi professor da vardı. O, yaxşı yemək bişirdiyinə görə, ixtisasını dəyişib aşbaz olmuşdu. Sanatoriyanın mətbəxində işləyirdi. 

          Qaçqınlara gündə üç dəfə yemək verirdilər. Pis yedizdirmirdilər, ona görə də heçbir mağaradan və quru çörək parçasından söhbət gedə bilməzdi.

          Verka ayda bir dəfə Moskvaya, Erməni döngəsinə gedərdi. Orada Qırmızı Xaç tərəfindən uşaq məvacibi verilirdi. O pula pul demək olmazdı.

          Marina işlərini tezcə düzüb-qoşandan sonra qonşu bağ evlərində özünə dolanışıq mənbəyi tapır. 

          Sanatoriyanın ətrafında yeni rusların kərpic kotecləri vardı. Marina pəncərə silir, ev yığışdırır, yemək bişirirdi. Saatına iki dollar verirdilər. Bu sənə Erməni döngəsi deyil.

          Verka ali təhsilli olduğunu, ona görə də varlı adamların dalınca zir-zibil yığmağı, onun sözləriylə desək, göt silməyi özünə yaraşdırmadığını deyirdi. Marina isə belə hesab etmirdi. Göt də silmək olar. İşləmək ayıb deyil. Ayıb olan— oğurluq eləməkdir.

          Yeni ruslar və onların arvadları Marinayla ünsiyyət qurmurdular. Ediləsi işi tapşırır, işə qəbul edir, pulunu ödəyirdilər. Şəxsiyyət kimi Marina onlara qətiyyən maraqsız idi.

          Sahiblərin ikinci kateqoriyası — varlı təqaüdçü qadınlar idi. Keçmiş olanlardan idilər. Keçmiş həyat yoldaşları, keçmiş gözəlçələr idi. Onlar Marinayla tanış olur, onun vəziyyətini öyrənir, dinləyir, təsəlli verirdilər. Marina həvəslə onlarla əlaqəyə girir, tezcə bu dostluqdan nə qopara biləcəyini götür-qoy edirdi. Ancaq heçnə qoparmaq olmurdu. Olsa-olsa —  köhnə pal-paltar. Dostluq — dostluq yerində, pullar isə — ayrıca.

          Marina zəhləsi getmiş Lüdkadan canını qurtardığına görə xoşbəxt idi. Ayrılıqda nifrət kəskinləşmişdi. Gəlinini yada salanda, qadını sözün əsl mənasında əsməcə tuturdu. Aleçka üçün darıxırdı, beş yaşlı qızın böyüklərlə bir otaqda yatmasına üzülürdü. 

          Alyasız həyat bir qədər mənasını itirmişdi. Həyatın mənası sadəcə sağ qalmaq ola bilməz. Marina özü kimi məğlub olmuşların əhatəsində idi. Bu, adamı bərabərləşdirir və sakitləşdirirdi. Marina professor-aşbaz ailəsindən başqa heçkəsə paxıllıq etmirdi. Professor Bakıdan öz arvadıyla birgə çıxıb gəlmişdi, onlar Yəcuc-Məcuc kimi[6] əlləri   

qoynunda yan-yana gəzirdilər. 

          Marina da uşaqlarının ayağına dolaşa-dolaşa yox, bax beləcə — əlləri qoynunda gəzmək istəyirdi.

          Xoşbəxtliyin yoxluğu sağlamlığa zərər verir. Beyin narazılıq hormonu ifraz edir, insan da nəm çəkmiş royaltək kökdən düşür. Yanlış səslər çıxarmağa başlayır. Cütlük olmalıdır. Dəst olmalıdır. Marina öz dəstsizliyini gizlədir, gözlərinin dibindən isə yalnızlıq oxunurdu. 

          Rüstəm, hardasan? Əslində, harda olduğu məlumdur. Öz arvadı İradənin yanında. Başqası lazımdır. Kim olur-olsun...

          Aşağı mərtəbədəki qırx yaşlı mühasib Qalina özünə nişanlı tapmışdı. Amma heçkəsə göstərmirdi. Yəqin, utanırdı. Paxıl Verka fərziyyəsini yürüdür: Qalina, əldə edəcəyi gəlirə görə ərə gedir. Lakin əsl sevgi də elə gəlirdir, faydadır. İnsan güclü duyğu alır, güclü duyğu da verir. Bərabər mübadilədir.

          Günlərin bir gün Qalina gəlir — sözlü adama oxşayır. Nişanlısının  bir qohumu var. Qoca deyil, 55 yaşındadır. Ailə qurmaq üçün biri ilə tanış olmaq istəyir. Moskvada mənzil sahəsi, şəhər kənarında da odunla istiləndirilən, hamamı-tualeti olmayan bir evi var. Elan ilə tanış olmaqdan qorxur, necə adama rast gələcəyini bilmək olmaz.  Vasitəçi ilə tanış olmaq daha yaxşıdır. Qalina ona Marinanı məsləhət bilir.   

          Marina xatırladır:

  • Axı mən yaşlıyam.
  • Guya o cavandır?

          Verka:

  • Bu altmış yaşlı pergüntlar[7] otuz yaşlı axtarırlar. 

            Qalina izah edir:

  • Otuz yaşlı olmaz. Ürəyi xəstədir.

          Marina şübhələnir:

  • Onda öləcək ki...
  • Ölər — evi sənə qalar...

            Qalina telefon nömrəsini qoyub çıxıb gedir. Sanballı görünməkçün Marina iki gün gözləyəndən sonra zəng edir.

          Səsindən bəsit adama oxşayır. Zabit səsidir. Hə, nə olsun? Rüstəm də hərbçidir. Bəs kimlə tanış edəcəklər? Nobel laureatı ilə?

          Görüş haqda razılaşırlar. Namizəd özünü təqdim edir:

  • Adım Vladimir Konstantinoviçdir. Sizi “Sokol” metrosunun yanında gözləyəcəyəm.

          Marina təklif edir:

  • Belorusski” daha yaxşıdır.
  • Niyə?
  • Mənə daha yaxındır.

          Marina Moskvanı tanımır, yolu azmaqdan qorxur.

          Soruşur:

  • Bəs mən sizi necə tanıyacağam?
  • Əlimdə qəzet olacaq. Soyadım Mikolayçukdur.
  • Soyadınız nəyimə gərəkdir? Milisioner deyiləm ki...

          Görüş gününü, saatını, yerini təyin edirlər.

          Görüş yerinə bir zamanlar Rüstəmlə tanış olmaq üçün getdiyi kimi gedir. Lakin  xal-xal şərflə deyil, başına beretka qoyur, saçlarının yarısı ağarmış və boyanmamış olduğuna görə.

          Marina vağzaldan çıxır, metroyadək addımlayır, birdən Vladimir Konstantinoviçi görür. O, boz plaşda, ucaboylu, qələmqabı kimi də düzküncdür. Boz saçları arxaya daranmış, dik burunlu, boz sifətlidir. Meyid sifətitək. Əlində, danışıldığı kimi, qəzet tutmuşdu.

          Marina dayanmır. Sürətini azaltmadan yanından ötüb keçir. Bu qətiyyətli yerişlə də platformayadək addımlayaraq elektriçkaya girir. Həmin an da qatar yerindən tərpənir. Marina təqibdən qaçırmış kimi sevinir. 

          Yolboyu pəncərəyə baxır. Həyat hekayəsi tamamilə tərsinə təkrarlanır. Telefonla tanışlıq. Əldə qəzet, taleyin dəyişəcəyinə ümid. Lakin o zaman bu ümid yüngül idi, qaçaraq, əl-ələ tutaraq idi. İndi isə Vladimir Konstantinoviç dikinə qoyulmuş tabuttək dayanmışdı. Sifəti də tabutsifətdir. Hardasan, Omar Şərif? Hardasan, cavanlığım, öz şəhərim?

           Marina çöçələ barmağıyla gözyaşlarını götürərək səssizcə ağlayır. Öz otağına girər-girməz paltarını soyunmadan çarpayısına yıxılır, bir zamanlar o həyətin ağzındakı kimi, var  gücü ilə hönkür-hönkür ağlayır. Duyğu da eyni duyğudur: büsbütün çarəsizliyə məhkumluq və nəyisə dəyişdirmək mümkünsüzlüyü duyğusudur. Yəqin, uçqun altında qalmış şaxtaçı da bu cür hisslər keçirir. 

          Marina həyatla vidalaşırcasına ulayır. Qız isə qara balaca koreyalı gözlərilə qorxa-qorxa dayanıb ona baxırdı.

 

 

                                                            ---------

 

 

 

          Verka firmada iş tapır: qida əlavələri yayır. Hər satılmış dəstdən faiz alırdı. Gəliri şəxsi israrlılığından asılıdır. Verka ensefalit gənəsitək adamlardan yapışır. Malı almaq mübahisə etməkdən daha asandır.

          Marina dəmir sərtlik göstərir. O, heçbir əlavələrə inanmır, üstəlik — yenə növbəti bir Mavrodinin insanların sağlamlığı üzərində biznes qurmasından şübhələnir. Verka and içir, qaraçıtək sinəsinə döyür. Buna baxmayaraq Marina dirənə bilir. Onun məqsədi var: pul yığıb Aleçkanı yayda harasa aparmaq istəyir. Aleçka üç ay təbiət qoynunda olacaq. Yeni ruslardan da yaxşı istirahət edəcəklər. Əlbəttə, onlara çata bilməzlər. Amma yenə də — səma hamıya səmadır, hava da hamıya birdir. 

 

 

 

 

          

 

          Qaçqınlar kampında təşviş başlayır. Binanı qanuni sahiblərinə qaytarmaq üçün rəhbərlik, evlərin boşaldılmasını tələb edir.

          Hər tərəfin öz həqiqəti vardı. Qaçqınlar dövlətin qurbanı olduqlarını bəyan edir. Onlar da insandır, evsiz-eşiksiz it sürüsü deyillər.

          Növbədə duranların həqiqəti isə — mənzilə görə sanatoriya üçün, demək olar, on il pulsuz-parasız çalışmışdılar. Onlar bu mənzilləri, allahdan bir tikə çörək payıtək gözləyirdilər. Bəlkə ondan da çox. Bir tikə çörəklə ac qarnı doyuzdurmaq olar, evdə isə ömrünün sonunadək yaşayacaqsan. Qanuni növbə gözləyənlər də dövlətin səhvlərinə  cavabdehlik edəsi deyillər. Qoy qaçqınlar Neçernozemyeyə[8], heçkəsin olmayan o boş torpaqlara getsinlər. Başqalarının mənzil sahəsini tutmaqdansa, orada özlərinə ev tiksin, fermer təsərrüfatı yaratsınlar. 

          Professorun Dövlət Dumasında tanışı vardı. O demişdi: evi verməyin, qanun sizin tərəfinizdədir.

          Beləcə, Fələstində, Qəza bölgəsindəkitək qarşıdurma başlayır.

          Qaçqınlar mənzillərində barrikada qurur, növbədəkilər isə qaynayan kütlə  halında aşağıda yığışır, hədə-qorxu yağdırır, hətta daş atırlar. 

           Marinanın mənzilinə qanuni sahiblər — gənc cütlük, ər-arvad qalxır. Sakit-sakit başa salırlar: Marina burdan üç günün içində çıxmalıdır. Əks halda — ailəsinin üstünə gedəcəklər.

          “Üstünə gedəcəklər” sözünün mənasını bilmədiyindən, Marina, sözü məcazi mənada deyil, əsl mənasında, “maşınla əzəcəklər” kimi başa düşür. Lüdkanı əzsələr —yenə eybi yoxdur. Bəs Aleçkanı əzsələr necə?...  

          Marina qaçıb qəsəbəni dolaşır. Stansiya yaxınlığında şüşəbəndli bir otaq kirayələyir. Vladimir Konstantinoviçdəkitək — tualetsiz, hamamsız bir ev. Ancaq baha deyil. Qadın, əşyalarını bağlamalara doldurub gün ərzində hamısını bir-bir yeni mənzilinə daşıyır. Verka atmaca atır:

          — Qoyunun yanında qurd olursan. Qurdun yanında isə özün qoyuna dönürsən.

          Marina soruşur:

          —  Sən özün kimsən?

  • Mən heçkəsdən qorxmuram. Həyatda görmədiyim şey qalmayıb...

          Verka qalır. Həqiqətən də mübarizə və qarşıdurmada onun böyük təcrübəsi var. O, qorxusuz və həyasızdır — sağ qalmaq üçün iki vacib keyfiyyətə malikdir.

          Professoru arvadı ilə sanatoriyada saxlayırlar. Tanrı onu aşpaz yaratmış. Bu peşədə həvəskarlar peşəkarları ötüb keçir.

            Mühasib Qalinanı da saxlayırlar. Onun bütün sənədlərdən başı çıxır, onun yanında heç bir vergi təftişi adama qorxulu gəlmir.

          Yaxşı mütəxəssislər işə yarayır. Qorxmazlar və riskə getməyi bacaranlar özləri qalır. Qalanları Kimrıya, fermer təsərrüfatı yaratmağa gedir. Bu Kimrının harda yerləşdiyini düzəməlli bilən yoxdur, amma nədənsə bu “Kimrı” sözündən adamın gözü heç su içmir. 

          

          

          

          

          Yayda Aleçka Marinaya verilir. Onlar hər gün ağac ətiri verən evdə yuxudan oyanır, açıq pəncərədən çiçəklənən alma ağaclarını görürdülər. Marinaya elə gəlirdi ki, qışboyu uşaq ac qalıb. O, nəvəsinə keçi südü içizdirir, bol vitaminli yeməklər yedizdirir. Həqiqətən də, Aleçka çiçəktək açır, sifəti əriktək buğdayı-çəhrayı rəng olur. Qıza baxdıqca baxmaq istəyirsən.

          Yayın ortaları Snejana ilə Oleq baş çəkməyə gəlirlər. Marina otağı onlara verir, özü isə Aleçkayla şüşəbəndə keçir. Ailənin bir yerdə olması Marinanı sevindirir. Hər şey hamıdakı kimidir. Marina hətta Oleqin də başına fırlanmağa, qulluğunda durmağa hazırdı. 

          Oleq işə getmir. Snejana deyir: ezamiyyətdədir. Nahardan sonra isə bağ evə bir maşın yaxınlaşır, içindən dazbaş və çüşka sifətli iki qaraşın adam çıxır, hoppanıb hasardan həyətə keçirlər. 

          Marina onları sərt səslə dayandırır:

  • Hara? Uşaq yatır.

          Həqiqətən də, yeməkdən sonra Aleçka yatırdı.

          Çuşkalar dayanır. Oleq peyda olur — onları pəncərədən görübmüş. Üçü də hasarın o tərəfinə keçir. Sinxron olaraq maşına əyləşib harasa çıxıb gedirlər. Hər şey — sakit-sakit baş verir. Kinolardakıtək.

          Snejana sahənin ortasında dayanıb qalır. Onların arxasınca baxır. 

          Marina soruşur:

  • Hara apardılar onu?

          Snejana tutqun səslə:

  • İşləməyə.

          Marina hiss edir — işlər xarabdır. Məsələnin nə yerdə olduğunu çəkib qızından çıxarmağa başlayır. Məlum olur: bir il bundan öncə Oleq, böyük məbləğdə borc pul götürüb, vaxtında isə qaytara bilməyib. Onu sayğaca otuzdurublar. Marina pulun quldurlardan götürüldüyünü anlayır. Təmiz adam olsaydılar, sayğaca oturtmazdılar.

          Marina təəcüblənir:

  • Bəs bu quldurları hardan tapıb?

          Snejana izah edir:

  •  İndi ölkənin yarısı quldurdu. İndiki zəmanədə problem — təmiz adam tapmaqdı.

          Oleqin mexanikliyi allah vergisidir. O, maşını yaxşı həkimtək hiss edir. Dərhal diaqnoz qoyur. Belə ustalar qısa vaxtda bərk getməyə başlayır, öz emalatxanalarını açır, əlləri pulla oynayır. Quldurlar isə Oleqi öz qarmaqlarına keçirib, oğurlanmış maşınların nömrələrini sökmək üçün onlarla işləməyə məcbur edirlər. Oleqi özləri ilə əlbir ediblər, dəstələri tutulsa, Oleq avtomatik olaraq həbsxanaya düşəcək. Əslinə qalanda, onlar Oleqə  pul da ödəmir. Pul seli quldurların cibinə axır. 

          Oleq gizlənməyi, qaçmağı qərara alır. Bolşevoya qaçır. Qaynanasının qanadı altına. Buradan onu tapmayacaqlarını düşünüb. Avamca. Quldurlar isə tezcə yerini öyrəniblər. Necə? Bilinmir.

          Marina:

  • Bəs borc pulu nə üçün almışdı?
  • Qaraj üçün.
  • Qaraj neçəyədir?
  • Altı minə.

          Həmin o yanan altı min. Bunlara versəydi, daha yaxşı olardı.

          Oleq bütün günü maşının altında uzanıb işləyir, sonra da evə gəlir, duş almamış birbaşa Snejananın böyrünə girirdi. Görünür, maşın yağının qoxsu ona mane olmurdu. Snejanaya da. Bəlkə də bu qoxu ona daha çox kişi qoxsu təəsuratını verib ehtirasa gətirir.

          Vasvası Marina buna dözə bilmir.

          Qızına tapşırır:

  • Ona de yuyunsun! Yoxsa özüm deyəcəyəm.

          Snejana ərinin tərəfini vermir:

  • Qaranlıqda soyuq suyun altına necə girsin?

          Bağ evində kanalizasiya sistemi yoxdur. Duş həyətdədir. Üç metr hündürlüyə qaldırılmış sadəcə bir çəlləkdir. 

          Marina çıxış yolu tapır:

  • Vedrədə qızdırmaq olar.

          Snejana razı olmur:

  • O yorulub. Bundan başqa da... Axı sənin onunla nə işin var? O ki sənin yanına yox, mənim yanıma uzanır. 

          Belə olduğunda işə Marina özü keçir. O, Oleqin işdən evə gəlməsini gözləyir, evə girməyə imkan vermir. Öz geniş bədəniylə girəcəyi qapayır.

          Şərt kəsir:

  • Əvvəl duşa, sonra   keç get.

          Oleq güzəşt edib gülümsəyir, qaynanasıyla dalaşmayacaq ki... Duşa gedir. Marina ona köhnə mələfə və paltar yuyucu toz verir. Sabunun kifayət etməyəcəyindən ehtiyyat edir.

          Yarım saat sonra donmuş-üşümüş Oleq Snejananın yanına girir.

          Ay pəncərədən boylanır. Oleq tir-tir əsir. Dişləri bir-birinə dəymir. Snejana onu əlləriylə, ayaqlarıyla, dodaqlarıyla, dərisinin hər santimetri ilə qucaqlayır. Ona yazığı gəlir. Ona inanır. Bilir: günlərin bir günü quldur toru dağılacaq, hər şey qorxulu yuxutək unudulub gedəcək. 

          Tor necə dağılacaq? Nə baş verə bilər? Quldur həyatında isə HƏRŞEY ola bilər. Onların yaşayışı elə belədir. Ya hər şey — ya heçnə. Bir gün heçnə olacaq. Snejananın ümüdü də elə bunadır. Onun əminliyi Oleqə də keçir. O, ümüdlə yuxuya gedir. Ümüdlə də yaşayır.

          Onlar xobəxtdir. Hər şeyə rəğmən.

          Marinanın öz dəlilləri var. O, qızını başa salır:

  • Onu atmalısan. Qoy çıxıb getsin, sən isə Alya ilə burda qal. Mən özüm sizi saxlayacağam.

          Snejana sakit-sakit öz münasibətini bildirir:

  • Mən onu atmaq istəmirəm, burda qalmaq da istəmirəm. Mən Oleqlə olmaq istəyirəm. 
  • Türməyə də dustaq payı aparmaq istəyirsən...
  • Lazım olsa, pay da aparacağam.
  • Dekabrist qadın...
  • Bəs hansı yaxşıdı? Ömürboyu məşuqə qalmaq yaxşıdı?

          Snejana ən ağrılı, nəfəskəsən yerə vurur. 

          Marina cavab verir:

  • Mən sevirdim.
  • Mən də sevirəm. Qarışma həyatıma. Nə istəyirsən? Boşanım? Sənin ətəyindən tutub durum?

          Marina ağlayır. Aleçka mənəvi dəstək vermək istəyir. O, göy flomasteri götürüb qayın ağacına çap hərflərlə “Mən nənəmi sevirəm” yazır. M hərfi tərs yazılır.

 

 

 

 

 

 

 

          Marina o yana-bu yana çevrilərək, bütün gecəni gözü açıq keçirir.

Yatmazdan əvvəl Marina, Lüdkanın qonşusuna zəng edir. Qonşu məlumat verir: Lüdkayla Saşa barışıb, can deyib can eşidirlər. Saşa işləyir, uşaq böyüyür, Lüdka içir. Hər şey qaydasındadır. 

          Snejana öz taleyini dəyişdirmək haqda eşitmək belə istəmir. Deməli, beləcə də davam edəcək. Gəlin — əyyaşdır. Kürəkən — cinayətkarlarla əlbirdir. Qohumlara bax da!

          Axı niyə hamı insan kimi yaşayır, bunda isə hər şey tərsinədir?

          Nəyi düz etmir? Günahı nədir? Rus ziyalılarının klassik sualı var: kimdir müqəssir və nə etməli? Ağlına da gəlmir: heçkəs günahkar deyil, heçnə də etmək lazım deyil. Hərkəs öz həyatını yaşayır. Başqasının təcrübəsini isə heçkəs heçvaxt nəzərə almır.

          Səhərə yaxın sanki vəhy gəlir. Çətin də olsa, hamının yuxudan oyanmasını gözləyir. Nahar vaxtı təntənəli elan edir:

  • Oleq! Bilirəm nə etməlisən. Sən o quldurların haqda gedib milisə xəbər verməlisən. Onları tutarlar, sən də quş kimi azad olarsan.

          Oleq yaxşı əhval-ruhiyyədədir. Şən səslə:

  • Nə quş, anacan... Bazarı yığışdırın.

          Marina anlamır:

  • Nə?

          Snejana tərcümə edir:

  • Yəni danışığını bil.
  • Bəs bazar niyə?
  • Bazar — ziddiyyətlər deməkdir. 
  • Hansı dildə?

          Alya  açıqlayır:

  • Oğru dilində.
  • Aman allah...

          Marina qorxur. Altı yaşlı Alyanın oğru dilindən başı çıxır. Bəs bu qız böyüyəndə nə olacaq? 

          Oleq izah edir:

  • Onları satsam, gəlib bütün ailəmi biçib yerə sərərlər.

          Marina dəqiqləşdirir:

  • Biçərlər? Yəni zorlayarlar?

          Snejana dəqiqləşdirir:

  • Öldürərlər.        

          Marinanın qanı donur:

  • Kimi?

          Oleq şən səslə yekun vurur:

  • Hamını. Gəlib hamımızı qanımıza qəltan edərlər.

Qanımıza qəltan edərlər”i Marina izahsız da anlayır. Məsələ aydındır — bizi öz qanımızda boğarlar.

          Marina yemək yediyi yerdə xıp dayanır. Ağzındakı loxmanı heçcür uda bilmir. Tüpürə də bilmir. O, ağzıdolu oturduğu an ağcaqanad tutmuş qurbağaya bənzəyir. 

          Oleq qaynanasına baxıb ciddi şəkildə deyir:

  • Marina İvanovna, siz qanuna tabe olan insansız. Mənim milisim məni qoruyur, düşünürsüz. Hə? İndi isə başqa zəmanədir. Milis də başqadır. İndikilər mentdir. Banditləri satacam, mentlər də məni satacaq. Aydındır?

          Nəhayət, Marina udqunur. Üzünü qızına çevirir, sözləri bir-bir tələffüz edərək:

  • Ya mən. Ya o, — deyir.

          Snejana cavab verir:

  • O.

          Marinanın nəfəsi kəsilir:

  • Doğma ananı yad kişiyə dəyişirsən?  

          Snejana sakit səslə xatırladır:

  • Axı biz danışmışdıq...

          Vəssalam-şüttamam.

 

          

 

 

 

 

 

 

          Marina son yarım il kottedjdə, bankir evində işləyir. Bankirin bir neçə xidmətçisi — sürücüsü, uşaq dayəsi və ev qulluqçusu var. Qısaca: evqulu. Həmin o qul Marinadır. Məktəbdə müəllimlərin on dəfə daha az pul aldığı o vaxtlarda, ona ayda ikiyüz dollar maaş verirlər. Maaşıyla Marina özünə ev kirayələyir, qidalanır, üstəlik qara günə pul da yığa bilir. 

          Marina həm qulluqçu, həm də aşpaz işləyir. Qida ərzaqları onun sərəncamındadı.

          Hər şeydən biraz götürmək — oğurluq yox, bölüşməkdir. Marina bəzi xırda-para şeyləri Aleçka üçün dala atır. O, bunu “suxoy payok” adlandırır, payı təsərrüfat çantasında gizlədir. Gözə sataşmasın deyə, çantanı dəhlizdə bir küncə qoyur. Sonra təmizlik işlərinə başlayır.

          Ev böyük, beşyüz metrdi. Əvvəllər Marina yorulur, sonra isə alışır. Buxarlı tozsoran, müasir yuyucu vasitələr, hətta döşəməni silmək üçün əskilər də — hər şey xaricidir, rahatdır. Təmizlikdən ev par-par yanırdı.

          Vanna otağına trenajorlar qoyulmuş. Zirzəmidə isti su ilə təmin edilmiş hovuz var. Burda hər şey sağlam olmağa və uzun ömür sürməyə hesablanıbdır. Xidmətçilər hovuza buraxılmır. Xidmətçilər üçün duş var.

          Marina bankirin özünü görməyib. O, heçvaxt evdə olmur, pul qazanır. Oleq kimi. Lakin bankir özü üçün işləyir, Oleq isə — soyğunçular üçün.

          Yataq otağında bankirin fotoşəkli qoyulub: gənc və şkaftək kvadratdır. Amma heçnə olmaz. Belə ağılla, belə pullarla şkaf da olmaq olar.

          Evi bankirin arvadı Sveta idarə edir. Marinaya görə, Sveta korlar cəmiyyətində düzəldilmiş Barbi kuklasına bənzəyir. Sifəti — lazım olduğundan daha uzun, bədəni isə daha qısadır. Buna baxmayaraq ağ düz saçları var, qışda da, yayda da dərin dekolteli paltarlar geyinir.

          Marina bu bankirin öz ağzının dadını bilmədiyini hiss edir. Barbi onun komplekslərini aşkar edir. İstədiyi bu imiş: sarısaç, böyük məməli. Amma yanlış dükandan alınmışdı. 

          Marina ağır-ağır nəfəsini ötürür: Snejana Svetadan əksikdir? Ondan daha da   yaxşıdır. Zərif, incə, iri gözlü qızcığazdır. Snejana bankirə ərə getsəydi, Marina da bu evdə sahibətək yaşayar, trenajorlarda məşq edər, hovuzda üzər, Aleçkanı böyüdərdi. İndi isə Aleçkanın yerinə Ninoçkadır.

          Ninoçka Svetanın birinci nigahdan olan qızıdır, yekəsifət, ətliyanaq, şahzadə qızlar kimi sevgi və vitamin içində böyüyür. Bu qıza ayrıca dayə və fərdi qulluq nəzərdə tutulmuşdu. O, istədiyi qədər yatır, sonra onu yedizdirib-içizdirib, özü kimisilərlə oynayıb-əylənmək üçün qumluğa aparırdılar. 

          Marina Aleçkanı səhərlər yuxudan necə oyadıb uşaq bağçasına aparmağı yadına düşür. Aleçka oyanmaq istəmir. Marinanın qəlbində, Til Ulenşpiqelin sinəsində gəzdirdiyi  Klaasın külütək[9], ədalətsizliyə qarşı bir etiraz səsi gəlirdi. Kövrəlməmək üçün Marina dodaqlarını büzür. O, bolşeviklərin onyeddinci ildə xalqı inqilaba qaldırmalarının səbəbini anlayır. “Oğrudan oğruya halaldır.” İndi yeni bir Lenin yerindən qalxıb camaatı səsləyərsə, Marina ilk sıralarda olacaq.

           Svetanın anası gəlir — Marinayla həmyaşıd. Sükan arxasında, mobil telefonla. Gah o zəng edir, gah  da ona zəng edirlər. Hamının ona, onun da, öz növbəsində, hamıya lazım olduğu hiss olunur. 

          Marina qaynanaya baxır, xəyallar qurur. Bankir qaynanası olsaydı, o da özünə bir iş qurardı. Onun o qədər açılmamış istedadı var. Marina maşın sürməyi öyrənər, Moskvaya gedər, dəbli toplantılarda iştirak edər, onu da televizordan göstərərdilər. Ola bilsin, özünə pərəstişkarlar da tapar, onları əlində fırladardı. Manikürlü, saçları da melirovkalı, cavan həyat sürərdi. Bəs nə? Əlli yaş qocaqlıqdır? Adamı qocaldan illər yox, kasıblıq bir də nankorluqdur.

          Nankorluq yalnız uşaqlara yox, cəmiyyətə də aiddir. Çox sevdiyi Sovet ittifaqı, hardasan? Bu qadını evsiz-eşiksiz, qulluqçuya döndərmiş indiki ölkə — kimsən?

          Marina köksünü ötürür, dodaqlarını yığır, özgələrin cah-calalına baxır. Keşkə yuxu olardı, oyanıb hər şeyin əvvəlkitək olduğunu görərdi. Hamı bərabər yaşayardı. İsa peyğəmbrin həvariləritək Politbüro üzvləri də öz yerlərində qalardı. Onlar haqda heçkəs heçnə bilməzdi.

          İndi isə aşkarlıqdır. Hamı hər şeyi bilir: gənc kişilərlə dolu bir sualtı gəminin batmasını da, şaxtaçıların aclıq çəkməsini də, “məqsəddənkənar istifadə” adı verdikləri hakimiyyətdəkilərin oğurluğunu da. Hər gün Çeçenstanda insanlar bir-birini öldürür. Bununla da belə kimsə hovuzda üzür, başqalarının əməyindən faydalanır...

          Birilərin hər şeyi var. O birilərin heçnəyi yoxdur. ORADA, yuxarıda, bu işlərlə  məşğul olan kimdir? Yəqin, səma dəftərxanasında bilgisayar qırılıb, siqnallar da gedib çatmır.

 

 

 

 

 

 

 

 

 

          Həyatda elə günlər olur ki, yaxşı nə varsa, axışıb bir araya gəlir. Əksinə də olur: tale zərbələri, canavartək gizlənə-gizlənə gəlir, birdən-birə hər tərəfdən hücuma keçirlər.

          Marina beş saatını işləyib bitirir, həmişə olduğutək evə gedir. Sveta onu artırmada dayandırıb deyir:

  • Çantanızı verin, xahiş edirəm.

          Marina özünü toparlayıb sakitcə soruşur:

  • Niyə?
  • Yoxlamaq üçün. — Sveta izahlayıb çantanı özünə tərəf dartır.

          Marina razılaşır. Dalaşası deyil. 

          Sveta çantanın ağzını aşağı əyib boşaldır. Döşəməyə quru iri Melitopol gilası, üç limon və üç alma düşür. Üstəlik folqaya bükülmüş balıq. Setter it, cumub xoşladığını oradaca yeyir. Meyvələri iyləyir. 

          Sveta:

  • İşdən çıxarıldız.

          Marina pörtür. Sifəti odtək yanır. Dayənin xəbərçilik etdiyini başa düşür. Köpək qızı. Marina soruşur:

  • Kəsiriniz gələcək? Bu cüzi bir şeydir...

          Sveta razılaşır:

  • Cüzi olmağına cüzidir. Amma növbəti dəfə nə oğurlamaq istəyəcəyinizi bilmirəm.

          Marinanın xətrinə dəyir:

  • Oğru deyiləm. Ziyalı adamam. Ali təhsilim var.
  • Ziyalı adamlar soruşmamış heçnə götürmür. Ali təhsili isə hər bir cahil də ala bilər. O qədər ali savadlı cahil var.

          Sveta Marinanın sonuncu maaşını verir. Zərfin içində. Marina mübahisənin mənasız olduğunu anlayır. And-aman eləyir:

  • Bir daha etməyəcəyəm.
  • Edəcəksiniz ya yox — bu haqda düşünmək belə istəmirəm. 

          İşçi bazarı nəhəngdir. İş axtaranların sayı, iş təklif edənlərdən qat-qat artıqdır. Marina kimiləri Sveta kimilərindən olduqca daha çoxdur. Qırx yaşlı sadə bir xoxol qadını işə götürmək, daima köksünü ötürən, dodaqlarını büzən, gözü orda-burda qalanı götürməkdən daha asandır Sveta üçün. Boş çantanı Marinaya uzadaraq:

  • Sağ olun, — deyir.

          Marina  dinməzcə çantanı götürüb, gilası əzməmək üçün ayaqlarının altına baxa-baxa gedir.

          Setter, darvazayadək yola salaraq onun arxasınca qaçır. O, Marinanı sevirdi, qadını öpmək üçün hər dəfə onun üstünə hoppanmağa çalışardı.

 

 

 

 

 

 

 

 

          Marina bağ evə yaxınlaşır, Oleqin maşınını görmür. Kandardan addımını içəri atır  — şkaflar boş, bütün əşyalar ortalığa dağıdılıb, elə bil evə oğru giribmiş. Yola tələm-tələsik hazırlaşdıqları hiss olunurdu.

          Marina ev sahibinin yaşadığı tərəfə keçib soruşur:

  • Bizimkiləri görməmisən?

          Ev sahibəsi cavab verir:

  • Getdilər.
  • Bir söz dedilər?
  • Sağ olun — dedilər.

          Marina öz tərəfinə qayıdıb yatağa uzanır.

          Tale öz yekun nöqtəsini qoyur. Onun heçnəyi qalmayıb: nə ailəsi, nə işi, nə evi. Görünür, o, ORADA kiminsə xoşuna gəlmir.

          Marina heçnə düşünmədən uzanır. Sadəcə uzanır, vəssalam. Nə yemək yemək, nə düşünmək — heçnə etmək istəmir.

          Dərin depressiya başlayır.

          Marina üç gün uzanıqlı qalır. Sonra HƏYAT adlı bu baş tutmayan tədbir ilə haqq-hesab çürütmək qərarına gəlir. Marina Svetayeva dediyi kimi, Yaradanın biletini ona geri verməli[10]. Bu dünyada səyahət etdiyi yetər. Heçkəsi günahlandırmır. Başqaları o yana, özü özünə  də gərək deyil.

          Marina evdən çıxıb meşəyə yollanır. Nöqtəni necə qoyacağını hələ qərarlaşdırmayıb. Özünü Rüstəmin hədiyyə verdiyi şərflə asmaq olar. Hamının gözü qarşısında sallanmaq elə də xoş deyil. Yarğandan çaya tullanmaq olar, amma çay dərin deyil. Sür-sümüklər xurtma-xaşıl olar, özün isə əlil arabasında qalarsan. Nə oyana, nə bu yana. Nə ölürsən, nə yaşayırsan.

          Marina yerə yıxılmış bir ağac görür, dincəlmək üçün onun üstündə oturur.

          Quşlar oxuyur. Yarpaqların arasından günəş öz yumşaq şəfəqini səpələyir. Qarışqa yuvasında qarışqalar qaynaşır. Hər birinin işi öz başından aşır. Marina, nəfəs verib-alan bu canlı təpəciyə baxıb fikrə gedir. Elə bu an ağacların arasından bir qadın görsənir — gənc deyil, lakin baxımlıdır. Yaxşı saç düzümü var.

          Qadın ağaca yaxınlaşıb soruşur:

  • Olar?

          Marina:

  • Buyurun, — deyib yer vermək üçün biraz çəkilir.

          Marinanın ağlına da gəlmir: ORADAN buna qoruyucu mələk göndərilib. Mələk     çox cavan deyil, mələyin yaxşı saç düzümü var.

 

 

 

Anna

 

 

 

          Qadının adı Annadır. Kişinin adı isə Ferapontdur. 

          Ferapont — Andrey Ferapontovdur, Annanın 24 il birgə yaşadığı əridir. Gələn il gümüş toyları olacaq.

          Həyatları yaxşı da keçib, pis də, babat da. Yaşlandıqca təzadlar yoxa çıxmır, əksinə, daha da dərinləşir. Təzadlar elə dərinləşir ki, Ferapont rahat danışa bilmir. Hər dəfə əti kəsilən donuztək, daha dəqiq desək — qabantək ciyildəyirdi. Görünür, Anna onu qıcıqlandırırdı.          

          Anna bu ciyiltiyə qulaq asıb-asıb, bağ evinə qaçır. Əvvəlcə bir günlüyə, sonra bir həftəliyə, daha sonra isə o evdə qalıb yaşamağa başlayır. Sakitlik, rahatlıq. Şəhərdən fərqli olaraq burda zaman başqa cür hərəkət edir. İşinə gedən yol, şəhərdəki evindən yarım saat daha qısadır. Maşın isti qarajdadır. İti Nayda onu özündən də çox sevir, ona qeyri-insani, kosmik sədaqətlə baxır. Adama bundan artıq daha nə lazımdır?

          Ev, həkim olmuş babasından qalmışdı. Əlli üçüncü ildə Stalin, onu zəhərləndirmə ittihamıyla həkimi güllələtdirmək istəyir. Lakin özü ölür. Baba isə qalır. İyirmi il də yaşayır.

          Babasının atası da kənd həkimiymiş, Çexovu tanıyırmış. Ulu nənəsi isə — şəfqət bacısı — imperator qızları Olqa və Tatyana ilə tanışıymiş. Zərif sifətlər, üstü qırmızı xaçlı, bəyaz şax yaylıqlar, hər kəsə inanan gözlər. 

          Tanış rəssam, bu fotorəsmə baxıb şəkil çəkmişdi. Bozumtul-bej arxa fon. Zamanı yarıb keçən parıldayan gözlər.

          Anna bu şəkli öz yataq otağından asmışdı. Yuxudan oyananda əsrin əvvəlindəki qızlara baxar, qızlar da ona baxardı.  

          Bağ evindən başqa babasından sonra sahilyanı binada səkkiz otaqlı mənzil qalmışdı. Mənzili xaricilərə kirayəyə vermişdilər, bu pul ilə də dolanırdılar. Hər şeyə yetirdi, istirahətə, səyahətlərə də pul qalırdı.

          Annanın səyahət etməklə arası yox idi. Ferapontla yola çıxmaq, daima onun pis əhval-ruhiyyəsinə davam gətirmək, adama çox baha başa gəlirdi. Tək  getmək isə darıxdırıcıdı. 

          Alışılmış iş həyatında darıxmağa vaxt qalmır. O, dörd palataya cavabdehdir. Tez-tez  yeriməyə və tez-tez danışmağa öyrəşib. Televiziya diktorutək. Kütbeyin, heçnəyi ilk dəfədən anlamayan xəstə ilə rastlaşanda, Ananın başından azqala tüstü çıxır. Buna baxmayaraq, bütün nəsli kənd həkimi olduğundan, Anna dözür. “Mərhəmətli olmaq lazımdır, dayı...”[11] 

          Bağ evi taxtadan olsa da, möhkəmdir. Evin öz qoruyucu mələyi var, gecələr şıqqıltı salır. Bəzən tüfəng atəşinə bənzər bir səs gəlir. Ola bilsin, bu —  babanın gəlişidir. 

          Anna yuxudan oyanır, morqdakı ölütək donub qalır. Yorğanın üstündən balaca çoxbilmiş bir siçan qaçır, heçkəsin olmadığını sanır.

          Anna səhəri gözləyr. Pişik saxlamaq qərarına gəlir. Canlı məxluqdur — baxır, miyoldayır.

 

 

 

 

 

 

 

          Bu gün hava cənnətdəkitək ilıq və həlimdir.

          Anna meşəyə yollanır. Bir çəmənliyə çatır.

          Yerə aşırılmış ağacın gövdəsində orta yaşlı bir qadın oturub. Sadə, rus qadını deyərlər belələrinə. Sadə olmayanı varmı? Kraliça Elizaveta? Sadə deyil, İngiltərəlidir...

          Anna yaxınlaşıb:

  • Oturmaq olar? — soruşur.

          Bütöv ağac boyda yer olsa da, qadın bir az çəkilir. 

          Anna oturur. İrəliyə baxmağa başlayır. 

          Dərindən düşünəndə, onun həyatı elə də pis deyil. Əri qışqırsa da, tamam başqa bir ərazidə mövcuddur. 

          Oğlu — bacarıqlı bilgisayar proqramistidir, Amerikada, San-Fransisko tərəflərdə yaşayır. Silikon vadisində öz evi var. İrlandiyalı qadınla evlənib.

          Qızı — tibb institutu tələbəsidir. Bir oğlanla yaşayır. İndi hamı belə yaşayır. Əvvəllər bu — biabırçılıq sayılırdı, indi isə — normadır. 

          Belə çıxır — Annanın hər şeyi var: əri, iki uşağı, işi, pulu. Daha bundan artıq nə lazımdır? Əslində isə onun yalnız  Nayda itin baxışları ilə baxan xəstələri var. Anna soyuq boş çarpayıda yatır, üstündə də siçan qaçışır. İyirmi dörd illik həyatının nəticəsi —boş ev və zirzəmidəki damdabacadır. Bəs sonra? Elə eyni şey.

          Dirəyin üstündəki qadın sakit-sakit oturur, sorğu-suala, sözə-söhbətə girişmirdi. Yaxşısı da elə budur. Anna, anabiozdakıtək, fikirsiz-düşüncəsiz donub qalmışdı. Sonra qalxıb gedir. Bütün gün oturmayacaq ki. 

          Bir neçə addım atır, sonra geri boylanır. Qadın qalxıb onun arxasınca baxır. Anna sual verir:

  • Mənim yanıma gəlibsiz?

          Qadın susur. Axı itlər danışmaz.

          Anna dəvət edir:

  • Keçin.

 

 

 

 

 

 

 

 

          Anna və Marina birlikdə yaşamağa başlayırlar. 

          Anna sanki öz uşaqlıq dövrünə düşmüşdü: eyni qayğı, eyni güvən hiss edirdi.

          Damdabaca sakitləşmiş, özünü yaxşı aparırdı. Siçanlar gözə dəymir, yəqin çölə qaçmışdılar. 

          Anna pəncərədən düşən günəş şüalarına oyanır. Otağı günəş saçan tərəfədir. Fotodakı qızlar duru, mülayim baxışlarla baxır, sanki “yaxşıdır, deyilmi?” soruşurlar.

          Aşağıda, birinci mərtəbədə, yumşaq ayaq səsləri bir də miyoltu eşidilir. Bu — Marinadır, öz-özünə mahnı mızıldayır. 

          Anna aşağı enir.

          Masada salfetkanın altında nahar qoyulub, özü də elə-belə nahar yox, Meksika seriallarındakı kimi: xrustal stəkanda təzə sıxılmış apelsin şirəsi. Pörtdədilmiş balqabaq. Papayya əvəzi. Bizim iqlimdə papayya bitmir. Təzə, indicə süzülmüş şor. Masada hər gün yediyi yumurta yoxdur. Pendir-çörək yoxdur. 

          Anna duş qəbul edir. Səhər yeməyi yeyir. İşə yollanır.

          Marina tək qalır. Televizoru açır. Tozsoranı elektrikə taxıb texnika nəriltisi altında öz gəlirlərini sayır.

          Anna ona ayda iki yüz əlli dollar, üstəlik yemək-içmək və yaşayış yeri verir. Nə yaxşı oldu — bankir arvadı Sveta onu qovdu. Orada ev ağzınacan adamlarla doluydu, qonaq-qaranın əlindən oturmağa macal tapılmırdı. Burada isə — böyük boş ev, bunu yığıb-yığışdırmağa nə var. Gələn-gedən yoxdur. Özün özünə xanımsan.

          Marina özünü partiya sanatoriyasındakı kimi hiss edir. Elə bil yeni bir qapı açıb, yeni bir dünyaya ayaq basıbdır. Tanrı sənin üçün yeni qapı açmaq istəyəndə, əvvəlki qapını bağlayır.

          Bundan əvvəlki qapılar, şükür, bağlanmışdı. Mismartək batıb ürəyi göynədən bircə Alya idi. Marina nahara Norvejin az duzlu qırmızı syomğa balığı yeyəndə, özündən asılı olmayaraq Alyanın bu məqamda nə yediyini düşünürdü... Pəncərəsi taybatay açıq otaqda, geniş rahat çarpayıda yatmağa hazırlaşanda, qeyri-ixtiyari ağıla gələn sual — Alya nəyin üstündə yatır? — sualı idi. Ən əsası da — harda yatır? Ola bilsin, açılıb-bükülən çarpayıda, dəhlizdə yatır. Altı yaşlı qız uşağını özləri yatdığı otaqda yatızdırmazlar ki... Bəs yatızdırırlarsa? Onda Alya nə görür, nə eşidir? Belə qeyri-sağlam təcrübənin nələrə gətirib çıxaracağını təsəvvür eləmək çətin də deyil...

          Marina ağır-ağır köksünü ötürür, o yana-bu yana baxır. Aleçkanın harda yatacağını ağlında götür-qoy edirdi. Öz yanında da yatızdıra bilər, ayrıca otaqda da yer sala bilər. Yer nə qədər istəsən var.

          Marina bu barədə Anna ilə danışmaq istəyir, uyğun məqam gözləyirdi. Belə məqamın ələ düşməsi isə asan deyil. İş günləri olanda Anna səhər tezdən işə gedir, qayıdanda isə yorğun-ağrın qayıdırdı. Pambıq kuklatək gözlərini dikib otururdu. Söhbət düşmürdü. Marina Annanı hiss edir, mövzunu ortaya  atmırdı. Anna bunu hər şeydən üstün tuturdu. Ünsiyyətdə ən əsası — rahatca birgə susmağı bacarmaqdır.

          Həftəsonları telefon zənglərinin ardı kəsilmirdi. Xəstələr zəng vurub sorğu-sual edirdi: bu dərman,  yoxsa o dərman daha yaxşıdır? Dərmanı yeməkdən əvvəl yoxsa yeməkdən sonra qəbul etmək daha yaxşıdır? Belə baxanda, kiçik məsələlərdi. İki dəqiqə vaxt aparır. Ancaq bu dəqiqələri üst-üstə yığanda, bütöv iş günü alınır. Anna telefonun yanında durub təmkinlə izah edirdi. Telefon dəstəyini yerinə qoyar-qoymaz — başqa zəng fışqırırdı. 

          Marina onların hamısını başdan eləmək istəyir, Anna isə qoymurdu. Keçmişin, daha dəqiq desək, inişilki əsrin kənd həkimləri də gecəyarısı qalxıb atlarla dağı-dərəni  keçərdilər. Yaxşı ki, indi telefon var.

          Nəhayət, Marina məqam tapıb sözarası rahatca deyir:

  • Bir aylığa nəvəmi bura gətirəcəyəm...

          Anna ürəyində qeyd edir: Marina icazə almır, olarmı-olmazmı soruşmur. O, adamı fakt qarşısında qoyur. Kiminsə onun yerinə qərar verməsini isə Anna sevmirdi. Susur.

          Anna it kimi yorulur, evdə uşaq nadincliyinə dözməyə nə taqəti, nə də əsəbi çatır.           

          Baş həkim Karnauxov, Annanı işlə mümkün qədər çox yükləyirdi. Artıqlamasıyla. Özü isə varlı-karlı xəstələri qəbul edirdi. Anlaşılandı. Həkim maaşı bu zəhmət və məhsuliyyət ilə uzlaşmır. Anna rüşvət almırdı. Başqalarının bədbəxtliyindən də faydalanmaq olar? Xəstə ürək isə — əsil bədbəxtlikdir. İkincisi: Annanın pulu var. Karnauxov pulu dəlicəsinə sevir, pullar isə onu sevmirdi. Karnauxovun əlinə pul gəlməyi ilə getməyi bir olurdı. Annada – əksinə. O, pula biganə idi, kirayə verdiyi evin aylıq pulu  özü-özünə Annaya yapışırdı.

          Anna yalnız konfet və gül hədiyyələri qəbul edir, hədiyyəni ürəkdən keçən yüngülvari qurban hesab edirdi. Anna gözəl qutuları bara yığırdı. Bu, “hədiyyə fondu” adlanırdı. 

 

 

 

 

 

 

 

 

          Hər axşamüstü Marina yola çıxıb Annanı   qarşılayırdı. Anna öz küçəsinə dönür, yolun sonunda da Marinanın rahat vücudunu görür, sakit minnətdarlıq duyğusu ürəyini titrədirdi. Soruşan gərəkdir: bu yaşında onun nəyinə gərəkdir ər? Ərə görə də əlavə əldən-ayaqdan getmək üçün? Həyatı asanlaşdıran, gözəlləşdirən belə köməkçi hər şeydən yaxşıdı... Həyat dalğalarında fəlakətə uğramış iki gəmitək, Marina və Anna, bir-birinə qısıldığına görə batmırlar. Suyun üzərində qalmaq üçün bir-birinə söykənirlər...

          Axşam televizora baxırlar.

          Anna NTV kanalını açır, Marina isə bu kanala nifrət edir — hakimiyyəti tənqid etdiyinə görə. Marina qanuna tabe olan adamdır, hökümətə əl qaldırmaq ona pis gəlir. Hökümətin nüfuzu olmayan ölkədə yaşamaq olmaz. 

          Marina nəticə çıxarır:

  • Stalinin zamanında daha yaxşıydı.

          Anna xatırladır:

  • Stalinin zamanında toplama düşərgəsi vardı.
  • Bilmirəm. Bizdən heçkəs həbsdə yatmayıb.

          İnsan, dünyanı özündən keçirib tanıyır. Marinanın heç bir qohumu həbsə düşməmişdi, başqalarında nə olub, nə keçib — özləri bilər.

          

 

 

 

 

 

 

 

          Hərdən bazar günləri qohum-əqraba gələdi: Ferapont — maşınla, qızı da öz nişanlısı ilə, həmçinin maşınla.

          Anna ora-bura qaçıa dadlı yemək hazırlayardı, Marinanın əli ilə, əlbəttə. 

          Masa arxasına oturardılar. Araya sakitlik düşər, hamı ləzzətlə yeməyini çeynəyərdi. Qızı az yeyər, demək olar, biraz qurtdalanıb boşqabı geri itələyərdi. O, hər zamankıtək, arıqlamaqdaydı, orqanizmi stress içindəydi. Daxili stressə görə az danışar, təkəbbürlü olardı.

          Anna elə hey sual verər, əsəbləşər, həddindən artıq çox danışar, bütün öz görünüşü və səsiylə quyruq bulayardı. Onların xoşuna gəlmək, getmələrini biraz da ləngitmək istəyərdi. Bahar selitək şırıldayardı. Ferapont sifətini turşudub xahiş edərdi:

  • Biraz sus, nə olar! Ağzına gələni danışırsan.

          Anna özünə haqq qazandırardı:

  • Nə deyirəm? Heçnə demirəm...

          Qızının nişanlısı nitqə başlayardı. Marina qulaq asmazdı. 

          Sonda soruşardı:

  • İsti yeməyi gətirim?

          Hamı Marinaya elə narazı baxışlarla baxardı ki, sanki Marina Nobel mükafatı laureatının nitqini kəsmişdi.

          Marina özü-özünü dolandıra bilmir. Anna — ailə başçısıdır. Bunların hamısı onun hesabına yaşayır, daha dəqiq desək — onun babasının hesabına yaşayırlar. Bütün daşınmaz əmlak — mənzil, bağ evi, mebel, rəsm əsərləri, mal-dövlətin hamısı Annaya miras qalmışdı. Bunların hamısı isə Annaya elə baxır, sanki onun bunlardan asılacağı vardı. Niyə? Axı niyə Anna bunları öz yerinə otuzdura bilmir? Ferapontu iti qovantək qovmaq yerinə, ona mənzilini verib, ona maşın alıbdı...

          Marinanın öz sahibəsinə yazığı gəlirdi. Annanın qızına “Bəs səni bu səviyyəyə kim çatdırıb? Ananın ayaqlarını yuyub suyunu içməlisən ee...” deməyi gələrdi. Lakin Marina özünü saxlayar, öz yerini bilərdi. 

          Sonra qohumlar kifayyət qədər tez dağılışardı.

          Qız, qapının yanında Marinaya tərəf başını bulayıb, yavaşca anasına deyərdi:

  • Bu ağzıəyri birtəhərdir e. Başqasını tap.

          Anna diksinərək:

  • Bəs bunu neyləyim?
  • Hardan tapmısan?
  • Allah göndərib.

          Ferapont əlavə edərdi:

  • Evə çatdırılıb.

          Anna fərqində olardı: bir tərəfdən, onlar Annanı qısqanır, digər tərəfdən,  Annanın həyatı onların veclərinə də deyildi. Sağ-salamatdır — vəssalam. Onların gur şəhər həyatı vardı. Qızı nişanlısına vurğundur. Ferapont — azadlıq və tənhalığa. Tənhalıq da azadlığın daha kəskin halıdır.

          Marina qeyd edərdi: qohumlar özlərini yad kimi aparır. Yadlardan da pis. Yadlarla daha çox ünsiyyət qurmaq olar. Demək – varlılar da ağlayır. Elə həmin gözyaşları ilə.

          Anna yola salmağa çıxardı. Ayrılıq məqamını uzaqlaşdırardı.

          Qohumlar maşınlarına oturan kimi, gözdən itərdilər. Annanın baxışları, qarmaq kimi ilişir, onları cırmaqlayıb yerə mıxlayardı

          Maşın qapısının çırpılıb örtülməsi, işə salınmış motorun tüstüsü — di yallah... Yoxdurlar. Bircə kəskin benzin iyi qalardı təmiz havada uzun vaxt. Havanı korlayıb gedərdilər.

          Marinanın üstündən bir yük götürülərdi sanki. O, ikiqat yorulardı: öz yorğunluğu ilə və Annanın gərginliyi ilə.

          Anna da azadlığa çıxmasına sevinərdi. Təmiz badələr çıxarardı. 

          Marina qəlbindəkini çıxarıb tökərdi:

  • Belə baxanda, bunların hamısı əclafdı. Səninkilər də, mənimkilər də. 
  • Valideyn sevgisinin nədən ibarət olduğunu bilirsən? Başqasının həyatına soxulmamaqdan — səndən xahiş etməyiblərsə... Sən soxulursan, payını da alırsan. Mən isə soxulmuram...
  • Amma yenə də payını alırsan.
  •  Elə bunun sağlığına da içək... 

          Onlar içib zakuskadan yeyərdilər. Hərdən bütöv şüşənin axırına çıxardılar. Mahnı oxumağa başlayardılar. Sadə rus arvadlarıtək, yaxşı, səliqəli oxuyardılar. Əslində onlar elə sadə rus arvadlarıydılar da. 

          Marinayla Anna oxuyardılr:

          

          Bundan ötrü keçmək olar hər şeydən

   Buna içimdə elə bir inam var, 

    Günboyu qapıda qalmağım asan,

      Səni gözləməmək daha çətindir[12]

            

            Marina, mahnını kəsərək:

  • Görəsən, murazına çatdımı?  

          Anna anlamır:

  • Kim?
  • O qadın da... qapının ağzında gözləyən.

          Anna köksünü ötürərək:

  • Yox, çatmadı. O — şairədi. Cavan ölüb. Ondan sonra o kişi də tezliklə öldü.
  • Kim?
  • Bu qadının qapıdan çəkilməyərək yolunu gözlədiyi həmin o kişi.
  • Bir yerdə öldülər?
  • Yox. Başqa-başqa yerlərdə. Kişi evliydi. 
  • Onda qapının ağzında gərək heç durmazdı. Səfeh qadın...

          Anna etiraz edir:

          — Niyə ki... Mahnı qaldı.

          Marina sərt, razılaşmayaraq:

  • Başqalarına qaldı. Hər şey yalandı.

          O, ildən-ilə ona yalan danışan Rüstəmi xatırlayır. 

          Sərt şəkildə deyir:

  • Hamı yalan danışır, ölür. — Rüstəmin yalan danışdığına görə ona nifrət edirdi. Özünə də nifrət edirdi, inandığına görə. Səfeh.

          Anna dirənir:

  • Mahnı ki qaldı.

          Bu da bir həqiqətdir. Heçnə izsiz yox olmur.

 

 

 

 

 

          Uşaqlar Marinaya zəng etmirdi. Bəlkə, hara zəng edəcəklərini bilmirdilər. Marina onların həyatından yoxa çıxmışdı, azqala axtarışa verilməliydi. Amma axtarış da kömək etməzdi. Dövriyyədən çıxarılmışı necə tapasan? Nə pasportu, nə qeydiyyatı vardı...

          Marina da onlara zəng etmirdi. O, öz qarşısına məqsəd qoymuşdu: mənzil aldığında  zəng edəcək. Bilirdi, ikinci dərəcəli mənzil fondu var. İnsanlar öz şəraitlərini yaxşılaşdırır, köhnə evi atır, yenisinə keçirlər. Bu atılmış mənzilləri yandırmaq, onları təmir etməkdən daha asandı. Lakin aztəminatlılar kateqoriyası var, onlar üçün də bu yaşayış yerləri — xilasdır. İkinci dərəcəli mənzilləri şəhər icra hakimiyyəti aşağı qiymətlə, yeni tikilən evlərdən beş qat ucuz satırdı.

          Marina hesablamışdı: bütün pullarını qəpiyinədək saxlasa, iki ildən sonra özünə mənzil ala biləcək.

          Anna bütün gününü işdə keçirir, Marina isə ondan gizli, qonşu bağ evlərində əlavə pul qazanırdı. Bu əlavə pulları da mücrüsünə qoyurdu. Mücrüsü isə köhnə toxunma papaq idi. 

          Hərdən, tək qalanda, Marina pullarını hacıqaratək yenidən sayardı. Anna ona maaş verəndə, üstündə böyük baş şəkilləri olan pullarla verməsini xahiş etmişdi. Balaca başlı pulların köhnəlməsindən, onları qəbul etməyəcəklərindən qorxurdu.

          Marina, ətli yanaq, uzun saçlı və büzük dodaqlı kişiyə uzun-uzadı diqqətlə baxardı. Franklin. Tamam inandığı yeganə kişi bu idi. Yalnız Franklin onu mənzilə, qeydiyyata və müstəqilliyə aparırdı. İndi Marina qeyri-leqal emiqrant kimi yaşayırdı. O, Moskvaya getməkdən də  qorxurdu. Birdən onu saxlayarlar, sənədlərini soruşar, polis şöbəsinə aparar, fahişələrlə bir yerə salarlar. 

          Volodka və Rüstəm, onu həyat dalğalarına atıblar. Bacarırsansa — üz, sahilə çıx, bacarmırsansa — bat. Franklin isə ona əl uzadıb sahilə çıxaracaq.

          Bir gün qonşu, Kuznetsova soyadlı qoca qarı, südçünün pulunu vermək üçün gəlib yüz rubl borc istəyir. 

          Marinadan pul istəmək, borc olsa da, onun həyatının mənasına kobudca soxulmaq demək idi. 

          Marina:

  • Yox! Yoxumdu! — qışqırıb ağlayır.

          Kuznetsova, “dəlidir” — düşünür, qorxub geri qayıdır. 

          Nayda it, sahibənin halını hiss edib, sanki söyə-söyə hürməyə başlayır. Qonşu həyətlərdəki başqa itlər də qona qoşulub, bir-birininə it dillərində nəsə təhqir yağdırmağa başlayırlar.

 

 

 

 

 

 

          Yayın ortalarında Anna Bakıya səfərə hazırlaşmağa başlayır.

          Bakıda “Avrasiya” beynəlxalq kardioloqlar konfransı keçirilirdi. Dünyanın hər yerindən tibb ulduzları toplaşacaqdı.

          Karnauxov, Annanın getməsini, biraz havasını dəyişməsini təklif edir. Bu — keyfiyyətli və sədaqətli xidmətə görə onun Annaya minətdarlığıdır.

          Marina, səfər haqda xəbər tutan kimi narahat olmağa, evin içində ora-bura çabalamağa başlayır.

Servantın barını açır, hədiyyə fondundan ən böyük və bahalı “Motsart” konfet qutusunu götürür. Annanın qarşısına qoyur.

           Tapşırır:

          — Rüstəmə verərsən. 

          Anna yüngülcə maraqlanır:

  • Bəs icazə almaq istəmirsən?

          Marina səmimiyyətlə təəcüblənir:

  • Qıymırsan? Gör orda nəçə qutu var, itinə tök.

          Nə düzdür — düzdür, qutu çoxdu. Amma yenə də, soruşmaq lazımdı. Evdə bir sahibə olmalıdı, iki yox.

          Anna Marinaya baxır. Marinanın saçları dağılmış, sifəti qız üzütək pörtmüşdü. Görünür, keçmiş həyatının şahidi və iştirakçısı olmuş Rüstəmi ona göstərmək, Marinaya çox vacibdi. Marina həmişə qulluqçu kimi, yaşsız, qeydiyyatsız, qeyri-leqal emiqrant kimi yaşamamışdı. O — sevilən və sevən idi. Krallığın ilk xanımı, deyək — ikincisi idi... Bundan başqa o, tibb elitasına aid olduğunu Rüstəmə göstərmək istəyirdi. Marina xahiş edir:

  • Amma təsərrüfat işlərinizə baxdığımı söyləmə. De — qohumuq. Əmim nəvəsinin arvadısan.

          Anna razılaşır:

  • Soruşsa — deyərəm.

          Hər halda, o həqiqətən də, kiminsə əmisi nəvəsinin arvadı ola bilər. Bütün insanlar qardaşdır...

 

 

 

 

 

 

 

          Bakı — dəniz sahilində yerləşən gözəl, samballı şəhərdir. Göydən elə bil od tökülür, adam istidən huşunu itirirdi. Huş isə lazımdı. Məruzələr olduqca maraqlıdı. Hamı konfrans zalında toplaşır, heçkəs boyun qaçırmır, diqqətlə məruzəçini dinləyirdilər. Yarıçılpaq oturub özlərini yelpikləyirdilər.

          Anna kosmetikadan istifadə etmirdi. Belə istidə nə kosmetika? Konfransda əsasən kişilər iştirak edirdi, yığışanların doxsan faizi — keyfiyyətli, intellektual və maddi imkanlı kişilərdir. Hətta bir neçə yaraşıqlı kişi də var, əslində, ağıllı kişi həmişə yaraşıqlıdı. Lakin Anna o yana-bu yana baxmır. Həyatın “qadın-kişi” tərəfi onu qətiyyən maraqlandırmır. Maraqlı olan, bircə məruzənin mövzusudur: “Aterosklerozla mübarizə”. 

          Ateroskleroz — zamanla, işlənməkdən yaranan pasdı. Qan damarları su borularıtək paslanır. O boruları dəyişməyi öyrəniblər, təmizləməyi isə bacarmırlar. Bunun üçün zamanı tərsinə çevirmək lazımdı. İnsan, nağıllardakıtək, geriyə, zamanı tərsinə çevirərək yaşamağa başlamalıdı. Öz xalqını səhrada dolandıran Musanın isə dəqiq yaşı məlumdur: 400 yaş. Ola bilər. Ateroskleroza qalib gəlsələr, insan ömrü ikiqat, üçqat artacaq. İncilə görə, Sara, Yaqubu doxsan yaşında dünyaya gətirmişdi. İncildə nəyisə səhv salmaları çətin ki mümkün olsun...

          Ateroskleroz elə qocalığın özüdür ki var. Çünki insan ruhu qocalmır. Əbədi qız və ya oğlan olur. Bəzilərində isə — əbədi balaca oğlan və ya qızcığaz olur. Boris Pasternak özünə 14 yaş verirdi. O, hətta altmış yaşında da on dörd yaşlı idi.

          Bəs onun, Annanın, neçə yaşı var? Onaltıdan doxsanadək. Bəzən o, tısbağatək müdrik olur, bəsən isə sadə şeyləri anlaya bilmirdi. Onu aldatmaq çox asan idi... Çünki o özü bunu istəyirdi. “Aldanmağa özüm də şadam...”[13]

          Skeptik kmi yaşamaq, hər şeyin qiymətini bilmək darıxdırıcıdı. Heçbir gözlənilməzlik olmadan, heçbir geyim dəyişikliyi ilə səciyyələnən teatr olmadan yaşamaq cansıxıcıdı. Hər şey yastı və birölçülüdü: xoşbəxtlik — müvəqqəti, ölüm — qaçılmazdı. Hamı yalan danışır, hamı da ölür.

          Bəlkə ölmürlər? Sadəcə başqa zaman ölçüsünə keçirlər.

          Bəlkə yalan danışmırlar? Yalan — doğrunun olmaması deyil. Yalan — başqa bir doğrudur.

 

 

 

 

 

 

 

          Rüstəm ilə səhər saat səkkizdə görüşmək imkanı olur. Annanın başqa zamanı sadəcə yoxdu. Konfrans — xüsusi ovqatdı. Bütün gün məşğulsan, beyin — müəyyən bir proqramdadı. Tanımadığı Rüstəmlə görüş haqda sövdələşmək də — əlavə zəhmətdi. Anna, onun üçün yalnız onbeş dəqiqə vaxt ayıra bilər: səkkizdən səkkiz onbeşədək.

          Rüstəm hotel otağına girir. Anna ürəyində düşünür: “Elə bil ucuzlaşdırılmış Ömər Şərifdir”. Bu adamda nəsə var, nəsə də çatışmırdı.

          Rüstəmdə nəyin olduğunu, nəyin də çatışmadığını Anna araşdırmır. Sərəncamında yalnız onbeş dəqiqə var.

          Anna konfet qutusunu verir. Bununla da missiyası bitir. Rüstəm çıxıb gedə bilər, lakin dərhal getmək yaxşı çıxmır. 

          Rüstəm:

  • Bəlkə ora-bura getmək üçün maşın lazımdı? Bəlkə kabab, göyərti-möyərti yeyək? — soruşur.
  • Çox sağolun. Konfransın öz nəqliyyatı var.
  • Necə? — Rüstəm alnını qırışdırır.

          Anna izah edir:

  • Kardioloqlar konfransı keçirilir bizdə.

          “Kardioloq” sözünü eşidər-eşitməz Rüstəm gərginləşir. Əfsuslar, bu termini o çox yaxşı tanıyır. 

          Rüstəm soruşur:

  • Oğlumu göstərmək olar? —  Həmin anda da sifəti dəyişilir. Gözlərində aclıq görünür. Oğlu — qəlbinin bitməyən aclığıdır. Annanın qarşısında tamam başqa bir insan dayanmışdı.

          Anna soruşur:

  • Əlinizdə onun xəstəlik tarixçəsi var? 

          Rüstəm:

  • Hər şey var.

          Anna tapşırır:

  •  Bu gün saat on ikidə onu yanıma gətirin. Nahardan əvvəl konsilium təşkil edərik. Bu, konfransın bir hissəsi olar.

          Rüstəm, cibindən qələm çıxarıb “Motsart” konfet qutusunun üstündə ünvanı yazır. İndi konfet hayı, Marina hayı deyil. Keçmişin heç bir mənası yoxdur. İndi tərəzinin gözünə onun taleyi qoyulmuşdu. 

          Anna hər şeyi başa düşür, artıq sual vermirdi.

 

 

 

 

                                                * * *

 

 

 

          Rüstəm, aristokratcasına dəqiq zamanında gəlir. Yanında oğlu, ciddi, gözəl oğlan uşağı dayanmışdı. Onun gözəlliyi cənub gözəlliyinə bənzəmirdi — gözə çarpan deyildi — bir növ sakit gözəllikdi. Gözləri — boz, saçları — tünd şabalıdı, göyümtul dodaqları ağır ürək çatışmazlığından xəbər verirdi. 

          Onu uşaq kardioloqları — Maniladan[14] gəlmiş professor və Moskvadan gəlmiş Karnauxov yoxlayırlar.  Konsilium qurulur. Hər kəs öz fikrini bildirir.

          Fikirlər üst-üstə düşür: əməliyyat olunmalıdır. Zamanı qaçırmaq olmaz. Daimi oksigen çatışmazlığından, başqa orqanlar da əziyyət çəkməyə başlayıb.

          Hələ beş il öncə belə uşaqlar ölümə məhkum sayılırdılar. İndi isə bu qüsuru aradan qaldırmağı bacarırlar. 

          Karnauxov deyir:

  • Sizi növbəyə qoyacağıq. Moskvaya gələcəksiniz.

          Rüstəm soruşur:

  • Nöbvə uzundu?
  • Təxminən yarım il.
  • Bəs niyə belə gec?

          Anna izah edir:

  • Çünki xəstə çoxdur, xəstəxana isə birdi.

          Rüstəm maraqlanır:

          —Amerikada yaxşıdı, yoxsa bizdə?

  • Amerikada bahadır.

          Rüstəm dəqiqləşdirir:

  • Neçəyədi?

          Anna sualı ingiliscəyə çevirir. Konsilium iştirakçıları anlayaraq başlarını tərpədirlər. Qiyməti deyirlər.

          Anna tərçümə edir.

          Rüstəmin qaşları yuxarı qalxır. Sifəti tutulur. Aydındır, deyilən məbləğ onun üçün  əlçatmazdı. 

          Balaca oğlan araya girir:

  • Niyə təəcüblənirsən? Əməliyyat — ali səviyyədə ixtisaslaşdırılmış, eksklüziv əməkdir, yüksək məsuliyyətdir.     

          Anna ingiscəyə çevirir. Konsiliumun iştirakçıları gülümsəyir, başlarını bulayırlar. Bu qəribə balaca oğlan onların xoşuna gəlir, onun üçün mümkün olan hər şeyi etmək istəyirlər.  

          Karnauxov soruşur:

  • Kitab oxumağı sevirsən?

          Oğlan təəcüblə cavab verir:

  • Təbii.
  • İndi nə oxuyursan?
  • Lenin və Stalini.

          Rüstəm açıqlayır:

  • Evimizdə əsərlər toplusu var. Atamdan qalıb. — Görünür, atası partiya işçisiymiş.

          Anna başa düşür: oğlan, uşaq oyunları oynaya bilmir, tam hərəkətli yeniyetmə həyatı yaşaya bilmir. Əksər vaxtını evdə keçirdiyinə görə, çox oxuyur.

          Karnauxov soruşur:

  • Maraqlıdı?
  • Stalin maraqlı deyil. Lenində isə artıq mətn çoxdu.
  • Bəs kimdə artıq mətn yoxdu?
  • Puşkində. Yalnız fikri ifadə edən sözlər var.

          Annanın yadına Vısotskinin sözləri düşür: “ Xəstə olan daha erkən böyüyər...”[15] Təbiət, həyatın qısa proqramını hiss edib, şəxsiyyətdəki hər şeyi daha sürətlə aşkarlamağa tələsir. Ona görə də çox vaxt ağır xəstə uşaqlar əqli cəhətdən daha irəlidə, az qala dahi olurlar. 

          Qəbul bitir.

          Anna yola salmağa və sağollaşmağa çıxır. 

          Soruşur:

  • Marina İvanovnaya nə çatdırım?
  • Çox sağol... Sizə görə...

          Rüstəm əlləri ilə sifətini gizlətmədən ağlayır. Qaşları titrəyir. Dodaqları əsir.

          Rüstəmin həyatında, gecə qaranlığında görünən işartıtək ümid görünməyə başlayır. Bu ümidi, hələ dünən tanımadığı Anna təşkil etmişdi.

          Rüstəm dayanıb ağlayır. Anna dözə bilmir. Gözləri dolur.

          Uşaq qırağa baxır. Melodramada iştirak etmək istəmir. Özünü güclü üstinsan hiss etmək xoşuna gəlirdi. Hər şeyə nifrətedici baxışla, hər şeyə kənardan və üstdən baxmaq. Döyüşdən üstün olmaq istəyirdi.

          Yəqin, Niçşeni çox oxumuşdu.

 

 

 

 

 

 

          Anna Moskvaya qayıdır.          Marina, həmişəkitək onu yolda gözləyir.

          Anna taksidən çıxır. Çamadanı, hədiyyə qutularını çıxarır. Azərbaycanlılar milli suvenirlər bağışlamışdı.

          Marina, “salam” vermək yerinə soruşur:

  • Hə, necə oldu?

          Bu sualda çox şey var idi: “Rüstəmi gördünmü? Konfetləri verdinmi? Necədir? Nə dedi?”

          Anna bircə kəlmə ilə cavab verir:

  • Yaraşıqlıdı. — Yəni: gördüm, çatdırdım, baxdım və təvazökarcasına qiymətləndirdim — yaraşıqlıdı. 

Anna əlavə edir:

  • Uşaq da əladı.

          Marina anlamır:

  • Nə uşaq?

          Bu sualı artıq bir dəfə Camala vermişdi. Üzünün ifadəsi də eynidir.

  • Rüstəmin oğlu. Onun anadangəlmə ürək çatışmazlığı var. Moskvaya əməliyyata gələcəklər.

          Marina tutulur:

  • Arvadıyla?
  • Bilmirəm. Yəqin...

          Evə girirlər. Masada ət, kələm və qaragilə piroqları var. Plitənin üstündə ev əriştəsindən hazırlanmış qəliz şorba gözləyirdi. 

          Xoşbəxtlik elə budur: yemək istəyəndə sənə yemək versinlər. 

          Masa arxasına otururlar. 

          Marina soruşur:

  • Onları kim çağırmışdı?
  • Necə yəni “çağırmışdı”? Qonaq çağırmamışdılar. Tibbi səbəblərə görə.
  • Niyə bəs sən?
  • Mən həkiməm. Rüstəm xahiş etdi, mən kömək etdim. Bəs nə etməliydim? Etməməliydim?

          Marina dodaqlarını büzür. Anna — ONUN adamıdı. ONUN ərazisidi. Rüstəm isə  O satqın həyatı Marinanın ərazisinə sürüyüb gətirmişdi.

          Anna şorbayla dolu qaşığı ağzına aparır. Ləzzətdən gözlərini yumur. Bu zərif şam yeməyində sevgi və qayğı gizlənmişdi. Yüngül bir öyünmə də vardı: “Bax gör, necə bacarıram!”

          Anna təsdiqləyir:

  • Bu şorba deyil. Şərqidir.

          Marina soruşur:

  • Bəs o nə dedi?
  • Kim?

          Suala bax da.

          Marina xatırlayır:

  • Rüstəm.
  • Heçnə. Amerikada əməliyyatın neçəyə olduğunu soruşdu. 
  • Mənə bir şey göndərmədi?
  • Göndərdi: sağol... — “Sizin üçün” sözlərini Anna buraxır, demir. Xətrinə dəyə bilərdi. Əslində, o olub-keçənlərin qarşısında quruca “sağol” da adamın xətrinə dəyə bilərdi.

          Marina gözlərini aşağı salır.

          Anna sadəlövhcə soruşur:

          — Bir-birinizi sevirdinizsə, niyə evlənmədiniz?

          Marina qısa cavab verir:

  • Onun dini başqadı.

          Rüstəmin onu atdığını deməyəcək ki. Deməyəcək ki, əlcəyi çırpantək, həyatından çırpıb atdı.

  • Nə olsun? Demək olar, bizim bütün həkimlərin dini başqadır. Hamısının da arvadları rusdu.

          Marina dəqiqləşdirir:

  • Yəhudidirlər? Yəhudilər axı əbədi qaçqındırlar. Onlar sağ qalmağa çalışırlar.

          Anna gülümsəyir:

  • Maraqlı fikirdi...

          Onun dostları və iş yoldaşları qətiyyən qaçqınlara oxşamır. Əksinə, həyatın sahiblərinə oxşayırlar. Tatar Akçurin isə — birinci kardioloqdur.

          Marina ehtiyyatla soruşur:

  • Bəs onun oğlu necə uşaqdı?
  • Möhtəşəmdi. Məndən olsa, onu oğurlayaram.

          Marina fikrə gedir: “Mənim ola bilərdi. Amma sağlam olardı. Başqa qanların qarışığından uşaqlar daha yaxşı olur. Müxtəlif növ ət qarışığından yaxşı çıxan kotlet kimi”. 

          Marina soruşur:

  • Oğlan Rüstəmə oxşayır?
  • Ondan daha da ağıllıdı....

          Deməli belə. Deməli, Rüstəm ona elə də ağıllı görsənməyib. 

          Anna özünü günahkar hiss edir, lakin günahının nədən ibarət olduğunu bilmirdi.

          Onlar mətbəxdə oturub qaragilə mürəbbəsiylə çay içir, başlarının isə üstündən duyğular o yana-bu yana qaçışırdı.

          Giriş qapısı şappıldayır. Evdə yüngül ayaq səsləri eşidilir.

          Anna qorxur:

  • Kimdi?

          Marina boğuq səslə:

  • Aleçkadı.

          Anna anlamır:

  • Kim?
  • Nəvəmdi, başqa kim olacaq...

          Marina, adəti üzrə, yad ərazidə öz qanunlarını yeritməklə məşğuldu. Bu yaşda o, öz vərdişlərini niyə də dəyişməlidi? Uşaq hava alar, yaxşı yemək yeyər — burda qeyri-adi nə var? Burda hər şey boldu. Yarısı itə tökülür. Böyüklər üçün də fayda var: bir-birinə qapanıb qalmazlar, öz mehrlərindən, hərarətlərindən üçüncüyə — balaca və böyüməkdə olan bir insana da pay vermək lazımdı. Gülü sulamaq gərəkdi.

          Anna, piroq əlində, donub qalmışdı. Aydındı: ayağını qapıdan çölə atan kimi, Alya peyda olub evdə. Marina — müstəqildi, heçkəsdən də asılı olmayan insandı. Heçkəsdən asılı olmamaq isə özbaşınalıqla həmsərhəddir. Fərq çox incədir. 

          Bu arada Aleçka soyuducuya doğru qaçıb, oradan yoğurt götürür. Ayaqlarını qaldırıb kresloda oturur. Televizoru açır. 

          Televizorda kütbeyin oyun gedir. Otağı kütbeyin mətn doldurur. Aleçka gülür. 

          Anna tələb edir:

  • Televizoru söndür.

          Alya məsləhət verir:

  • İkinci mərtəbəyə gedin. Orda eşidilmir.

          Marina səsini qaldırır:

  • İkinci mərtəbəyə özün get. Orda da televizor var.

          Alya tərsliyinə salır:

  • Ordakı balacadı... — Desə də, qalxıb gedir.

          Anna, kəşfindən iflic olub yerində qalır. Onu (Annanı) sevmirlər. Onu sadəcə neft quyusutək istifadə edirlər. Hamı istifadə edir: Ferapont da, Karnauxov da, xəstə ordusu da. Elə bilirdi, sadə rus qəlbli Marina, ona yazığı gəldiyindən qayğı göstərir. Amma... “Xəyal örtüyünü çəkdim, oyandım”[16]...  Çatski kimi. 

          Anna, boşqabını kənara itələyib, ikinci mərtəbəyə, öz yataq otağına qalxır. 

          İkinci mərtəbədə televizor guruldayır. 

          Anna, Alyaya:

  • Aşağı get!

          Qızcığaz dodağının altından:

  • Hə də... Gah yuxarı, gah aşağı...

          Amma televizoru söndürür.

          Aleçkanı, çətinliklə olsa da, idarə etmək mümkündü.

          Marina, təmkinli-təmkinli aşağıda oturmuşdu. O, əsəbləşəndə təmkinli görünürdü. Təmkin — müdafiə refleksiyasıdır. Marina riskə gedir, özü də bunu anlayırdı.  Annanın səbr kasası daşsa, ikisinin də burdan çıxıb getməsini xahiş etsə, onun gedəcəyi yeri yox idi. Aleçkanı anasına aparacaq, özü isə vağzala gedəsi olacaq. Oturub qatarları qarşılayacaq.

          Aleçka rahatca enir. Deyəsən, təhlükə sovuşmuşdu. Bəlkə də yox. Sabah qovacaqlar. Sabah — sabahdır. İndi isə uşağı yedizdirmək lazımdı.

          Marina, nəvəsini otuzdurub, ən yaxşı tikələri ona qoymağa başlayır. Aleçka iştahla yeyir, Marina isə qarşısında oturub onun hər udduğu tikəyə görə alqış edirdi. 

          Gecə Annanın yuxusu ərşə çəkilir.

          Yadına babasının danışdığı bir hadisə düşür. Müharibə zamanı babası evinə yiyəsiz bir uşaq  gətiribmiş. Nənəsi ilə onu yedizdirir, çimizdirib geyindirir. Ertəsi isə o uşaq dostlarını da gətirib evi talayırlar. Xeyirxahlığı zəiflik kimi başa düşmüşdü. 

          Marina da eləcə. Nəyin bahasına olursa olsun, sağ qalmağa çalışır. Quyudan yuxarı dırmaşır, arxasınca da nəvəsini dartır. İndi nəzakət yeri deyil. Quyudan yuxarı dırmaşanların  nə vicdanı, nə də qeyrəti olur. Yalnız bir arzuları var — yuxarıya çıxmaq.

          Anna, hamını başa düşür. Onu isə heçkəs başa düşmək istəmirdi. Neft quyusundan  bəhrələnərcəsinə, ondan bəhrələnirdilər. Digər tərəfdən, quyu varsa, ondan niyə də bəhrələnməsinlər... Boş neft quyusu mənzərəsindən daha kədərli mənzərə ola bilməz.

 

 

 

 

 

 

 

          Çərşənbə axşamıdı. Annanın yadında yaxşı qalmışdı, çünki həftənin çərşənbə axşamı əməliyyat günüdür. Anna evə yorğun qayıtmışdı. 

          Alya, televizorun qarşısında oturub cizgi filminə baxırdı. 

          Anna, şam yeməyi yeyib yataq otağına qalxır. Daha erkən uzanmaq, tək qalmaq, mütaliə etmək istəyirdi.

          Yataq otağında hər şey həmişəkitəkdi. Bir şeydən başqa: “bacılar” fotosunda imperatorun qızlarına bığ çəkilmişdi. Deməli, Alya, yataq otağına girib, özünü ev sahibəsi sayıb, ağlına gələni edibdir.

          Anna, aşağı düşüb Marinanı yuxarıya çağırır. 

          Marina qalxır, baxır, ancaq burda heçbir qəbahət görmür. Uşaqlar hər şeylə maraqlanır, hər şeyi bilmək istəyir. Onlar bu yolla dünyanı öyrənir.

          Annanın başı dumanlanır. Qan təzyiqi qalxır. Ürəyi bulanır. Çarpayıda oturur, dərman istəyir. 

          Marina təəcüblə:

  • Sənə nə oldu? Bundan ötrü? Silərəm.

          Anna zəif səslə:

  • Marina... xahiş edirəm, nəvəni götür evinə apar. Gözüm onu görməsin. Anladın?

          Marina otaqdan çıxır.

          Aleçka, günahkar pişiktək açıq televizorun qarşısında oturmuşdu.

          Marina özündən çıxır:

  • Köpəyin qızı köpək. Burnunu niyə hər yerə soxursan? Niyə hara gəldi soxulursan?

          Ağlamağa hazırlaşanda, Aleçkanın dodaqları tərpənir. Balaca sifətində iztirab görünür. Marina, nəvəsinə çox əsəbləşə bilmir. Annaya isə çox əsəbləşə bilir.

          Aleçkanın əşyalarını yığa-yığa ürəyində düşünür: “Bahofə, xanıma bax da...”

          Marinanın imkanı, getməyə yeri olsaydı, elə indicə Aleçkanı da götürüb həmişəlik çıxıb gedərdi.

          Marina idman çantasını qabqarır, Aleçkanın da əlindən tutub evdən çıxır.

          Yol uzundu. Əvvəl şosseyədək addımlayırlar. Sonra həmişə ağzınadək dolu olan avtobusa minirlər. Daha sonra metro ilə gedirlər.

          Metroda Aleçka isti başını nənəsinin çiyninə söykəyib yuxuya gedir. Marina, yuxarıdan qızın başına baxır. Saçları zil qara, başının dərisi maviyə çalırdı. Marinanın hülqumuna sevgi axır. Kiminsə Aleçkadan xoşu gəlməməsini qətiyyən anlaya bilmirdi. 

          İndi Snejanagilə çatıb uşağı yatızdıracaq. Səhər isə evin yaxınlığından bir iş axtaracaq, nə iş olur-olsun, fərqi yoxdur, lap gözətçi işi olsun. Lap qəpik-quruş versinlər, amma ailənin yanında olsun.

 

                             

 

                             

 

                                                          * * *

 

 

 

          Snejana qapını açır.

          Marinanın burnuna pişik sidiyinin kəskin iyi gəlir. “Salam” əvəzinə Marina qaş-qabaqla:

  • Bu nə üfünətdi? — deyir.

          Sara ləqəbli pişik otaqdan mətbəxə keçir. 

          Pişiyin alnından çənəsinədək uzanan ağ zolaq, heyvanın üzünü iki qeyri-bərabər hissəyə böldüyünə görə, sifəti asimmetrik görünür.

          Marina:

  • Necə də eybəcərdi.

          Aleçka etiraz edir:

  • Eybəcər niyə olur? Çox gözəldi... — Qızcığaz pişiyin üstünə atılıb onu pəncələrindən qaldırır, üzündən öpür.

          Aleçkanın ev üçün darıxdığı və məmnuniyyətlə bura qayıtdığı görünür. Balaca insanlara hara olsa yaxşıdı. Onlar kasıblıqla zənginlik arasında böyük fərq görmür. Onlar ”şən” və “darıxdırıcı” arasındakı fərqi görürlər.

          Oleq, mətbəxdə şam yeməyi yeyir. Görünür, işdən yenicə qayıdıb. Marina ürəyində qeyd edir: “Çox işləyir”.

          Oleq salamlaşmağa çıxmır. O, fikirli-fikirli yeməyini yeyir, özünü elə aparır, sanki qapının o tərəfində baş verənlər ona qətiyyən aid deyil. 

          Snejana soruşur:

  • Soyunacaqsan?

          Soruşmur: qalacaqsan? Bunu ağıla da gətirmək olmaz. Məsələ belə qoyulur: üst paltarını soyunacaqsan yoxsa dərhal çıxıb gedəcəksən?.. 

          Marina:

          — Evə gedim. Artıq gecdi.

          Deyir, sonra isə dediyi “evə” sözünə təəcüblənir. Annanın evinə alışmışdı, onu özününkü hiss edirdi. Marina, o evi yığıb-yığışdırır, onun hər küncünü-bucağını tanıyırdı. O ev — təmiz, ekoloji, əsilzadə evdi, köhnə ağac ətri və geniş pəncərə altlığında canlı gülləri vardı.

 

 

 

 

 

 

 

 

          Anna uzanıb tavana baxır. O, Marinaya ümüd bəsləyir, onun yad, qərib qəlbinə söykənmək istəyirdi. Lakin yad — yaddır. Adama kömək əlini yalnız özününkü uzadar, çünki özününkü — özününküdür. 

          Bəlkə Moskvaya qayıtsın? Ferapontla yaşasın? Onun qayğısını çəksin? Ailənin heç olmamasındansa, pis ailə daha yaxşıdır. Bunu psixoloqlar müəyyən edib. 

          Anna yerindən qalxıb Moskvadakı mənzilinin telefon nömrəsini yığır. Ferapontun sakit, ziyalı səsini eşidir:

  • Bəli... Eşidirəm.

          Anna:

  • Mənəm. Necəsən?

          Ferapont bir qədər təəcüblə:

  • Babatam...
  • Nə yeyirsən?
  • Sardelka.
  • Bəs birinci yemək?
  • Kubiklər.

          Anna təklif edir:

  • İstəyirsənsə, gəlim bir şey bişirim.

          Ferapont kədərli səslə:

  • Yox əşi... Nəyə gərəkdir?

          Anna, köksündə məhəbbət çırpıntısı duyur.

          Dillənir:

  • Bəlkə Moskvaya köçüm?
  • Bilmirəm... Özün bilərsən...

Mənzilin dərinliyindən qıvraq qadın səsi gəlir. 

          Ferapont:

  • Yaxşı, mən yatıram, — deyib dəstəyi asır. 

          Annanın gözləri yol çəkir. Bu nə səsdi?  Evində qadın var? Yoxsa televizor işləyir? 

          Anna kabinetə keçir, televizoru açır. Yaxşı fiquralı, böyük ağızlı gənc qadın cəld-cəld hava haqda danışır. Siklon və antisiklon haqda.

          Annanın əlləri yanına düşür. Bəlkə evdə qadın var? Onda qayıtmağın yeri yoxdur. Yaşamaq üçün qarın içində itib-batmış bax bu boş ev qalır. 

          Fikrən yalvarır: “Kaş Marina tez qayıdıb gələrdi”.

          Uzanır, yuxuya getməyə çalışır. Lakin beynində elektrik xətt xarab olub. Düşüncələri qısalır, qırılır, sonra yenidən yaranırdı. Sanki bu qısa qapanma heçvaxt birməyəcək.

          Hardasa saat ikiyə yaxın qapı şıqqıltısı gəlir.

          “Marinadır”, — Anna, başa düşüb ürəyində sevinir. Sakitlik tapır. Anna gözlərini yumur, yuxu onu sanki sürükləyib quyuya aparır. Narahat, qırıq-qırıq yatmaqdan sonra, dərin sağlam yuxuya getmək necə də böyük xoşbəxtlikdir.

 

 

 

 

 

 

 

 

          Yaz gəlir. Günəş yeri qurudur. 

          Marina, keçən ilin boz yarpaqlarını bir yerə yığıb yandırır. Qatı qara duman,  borudan çıxantək, dümdüz qalxır.

          Evdə telefon zəng çalır. Marina yaxınlaşmaq istəmir. Onsuz da ona zəng etmirlər. “Evdə yoxdur” demək ilə telefona yaxınlaşmamağın fərqi yoxdur. Gözləyərlər, görərlər — cavab verən yoxdur, başa düşərlər — evdə deyil. Zəng sırtıq-sırtıq, həm də sanki şən-şən çalınırdı. Təkid edirdi.

          Marina dırmığı ağaca söykəyib evə girir. 

          Narazı səslə:

  • Eşidirəm, — deyir.

          Bir səs qışqırır:

  • Xahiş edirəm, Camalı çağırın! — Bu səsi Marina min səsin içindən tanıyardı.  Marina, səsi boğula-boğula:
  • Nə Camal, hansı Camal? Hardasan?
  • Moskvadayam! Mənə çağırış gəlib. Qulaq as, əməliyyata pulum çatmır. Səndən başqa zəng edəcəyim heçkim yoxdur.

          Marina qışqırır:

          — Nə qədər?

          — İki min.

  • Rubl?
  • Yox, nə rubl? Dollar.

          Marina təəcüblənir:

          — Bəs sən pulsuz gəlmisən?

  • Onlar dedi — Amerkada bahadır, bizdə isə pulsuzdur.  Bizdə tibbin pulsuz olmasına alışmışam...
  • Nə vaxta lazımdı?
  • Bu günə... Saat beşədək kassaya köçürmək lazımdı.
  • Yaxşı, gəl...

          Marina düşünmür. Sözlər, şüurundan qabaq çıxırdı. Bu sözləri, bu hərəkətləri ona  sanki kimsə göydən endirirdi. 

          Marina təkrarlayır:

  • Gəl!
  • Qulaq as, hara gəlim?.. Burada heçyanı tanımıram. Metronun qarşısına gətir. Gözləyəcəyəm.

          Marina qışqırır:

  •  Yaxşı. “Belorusskaya” metrosunun yanında dur. Saat iki ilə üç arası gələcəyəm. 

          Rüstəm qışqırır:

  • Bəs mən səni necə tanıyacağam?
  • Boynumda xal-xal şarf olacaq. Xoşuna gəlməsəm, keçib gedərsən. 

          Qəribə sükut düşür. Marina, Rüstəmin ağladığını anlayır. Utandığından ağlayır, pul istədiyinə görə. Minnətdarlıqdan ağlayır — etiraz etmədiyinə görə. Keçmişə sadiq qaldığına görə. Həqiqətən də, onun ağız açası başqa kimsəsi yoxdur.

 

 

 

 

 

 

 

 

          Marina avtobusadək qaçır, sonra avtobusla gedir. Onu basır, əzir, sıxırlar.  Böyründən qaraçılar dirsəkləyir. 

          Nəhayət, Marina birtəhər avtobusdan çıxır. Metroya üz tutur. Birdən çantasının kəsildiyini görür. Marina, titrəyən barmaqlarıyla çantanın ağzını açır. Çantanı qatır-qarışdırır. Pulqabı yoxdur. Səkkiz ayda qazandığı bütün pullar — iki min dollar — hansısa bir yadın cibinə keçmişdi. Pullar, “Marina İvanovna, xudahafiz”— demişdi. İyirmi totuş yanaqlı franklinlər əl eləmişdilər: “Qudbay, may lav, qudbay...” Sözün əsl mənasında gözləri qaralır. Yaşıl ləkələr əmələ gəlir. Bu an yaşadığı duyğu, bir neçə duyğudan ibarət kokteylə bənzəyirdi: inciklik, acıq, nifrət, ümidsizlik, bundan da başqa — özünü itirmə duyğusu. İndi nə etməli? ”Belorusskaya”ya gedib “pul yoxdur”, “pulu oğurladılar” demək? Onda getməyin nə mənası var? Rüstəm pul gözləyir, HƏR ŞEY o puldan asılıdı. Bu vəziyyətdə pulun mənası puldan çoxdur. 

          Marina maşın saxlatdırır. Sürücü, yaşlı bir kişi, soruşur:

  • Hara?
  • Ora, sonra da geri.

Kişi dəqiqləşdirmək istəyir, lakin qadının üzünə baxıb:

  • Oturun, — deyir.

 

 

 

 

 

 

 

          Marina, qaça-qaça evə girir. Yazı masasına tərəf sıçrayır. Yuxarı siyirmədə bir kom kəhrəbə muncuq, muncuqların altında məktub paketi, paketdə isə — bir dəstə dollar vardı. Avam Anna, pulu oğrulardan bu cür gizlədirdi. Düşünürdü — tapmazlar. Oğrular, girib siyirməni qurdalasalar, muncuqları görəcəklər, paketi — yox.

          Marina, çoxdan bu paketi tapmış, pulu da saymışdı. Orda altı min dollar vardı. İndiki tərzlə desək — altı paçka vardı. 

          Qadın, pulu sayıb iki paçka götürür, yerdə qalanını əvvəlkitək qatlayır. Üstündən ağır muncuqları qoyur. 

          Marina nə etdiyini dərk etmir. Önəmli olan — pulların bu gün Rüstəmə çatdırılmasıdır. Sonra isə nə olar — olar.

          Marina özünü tanıya bilmir. Bəlkə də o, özünü tanımırdı. Ona elə gəlirdi ki, Rüstəmi bağışlamayıb. Onu ürəyində kəskin, ağır sözlərlə ittiham edirdi. Sözlərlə qamçılayırdı. Sən demə, nifrətdən qaynaqlanan bütün bu məzəmmətlər, sevgidən başqa bir şey deyilmiş. Sifəti əyilmiş sevgiymiş. İndi get bundan baş çıxart...

 

 

 

 

 

 

          Maşın, Marinanı darvazanın arxasında gözləyirdi. Sürücü “Belorusskaya” metrosunun düz yanına gətirir. Əlli rubl istəyir. Hələ dünən bu pul məsrəfi Marinaya dəhşətli gələ bilərdi. Bugün isə — fərqi yoxdur. 

          Rüstəm kökəlmişdi. Qarnı kəmərinin üstündən sallanırdı. Dəri gödəkcəsi əyninə dar idi. 

          Bu  gödəkcəni Marina unutmamışdı. Gödəkcənin ən azı on beş yaşı vardı. Deməli, yenisini almağa pulu yoxdur. 

          Marina bilirdi: milislər, şəxsi mühafizə strukturlarına dağılışıblar. Mühafizəçilik üçün Rüstəm yaşlıdır. Deməli, köhnə yerində oturur. Qəpik-quruş alır.

          Rüstəm Marinaya baxır. Marinadan nəsə çıxıb getmişdi. Cavanlıq parıltısı getmişdi. Nələrsə də qalmışdı: yumşaq slavyan cizgiləri, gözlərinin göylüyü.

          Rüstəm, dayanıb Marinaya alışırdı. Həyat onları əzmiş, əlləmiş, avtobusdakı qaraçı qadın kimi soymuşdu. Ancaq buna baxmayaraq, onların hər ikisi sağ-salamatdı, hər birinin içində də, matryoşkadakıtək, əvvəlki insan vardı.

          Rüstəm etiraf edir:

  • Bilirsənmi, adları unutmağa başlamışam. Unuduram — kimin adı nədir. On il bundan qabaq cümə günü mənə dediyin hər bir söz isə yadımdadır. Sən mənim əsl və yeganə sevgimsən.

          Marina susur. Sonra deyir:

  • Hə, nə olsun?
  • Heçnə. Daha doğrusu, hərşey.

          Heçnə. Və hərşey. Bu keçmişi indiki zamana daşımaq olmaz. Marina onu öz həyatına çağıra bilməz, çünki öz həyatı yoxdur. Rüstəm də onu özü ilə çağıra bilmir 

  •  imkanı yoxdur.

          Onların nə indisi, nə də gələcəyi var. Lakin ehtirasın cingillədiyi və böcəklərin ölüb yerə düşdüyü o keçmiş büsbütün onlara məxsusdur. Keçmiş də — yenə sən özünsən. 

          Marina pulları uzadır.

          Rüstəm, pul dəstəsini götürüb adi rubl kimi iki qatlayır, keşməkeşli günlər görmüş gödəkcəsinin iç cibinə gizlədir. 

          Etiraf edir:

  • Nə vaxt qaytaracağımı bilmirəm.

          İkinci dərəcəli mənzil bir addım arxaya, bir addım da kənara çəkilir. Buna deyərlər— “qoy başqasının bəxti gətirsin”. Lakin mənzil, qeydiyyat və təqaüddən daha önəmli bir şey vardı.

          Birdən Rüstəm xahiş edir:

  • Heçnəyi dəyişmə, yaxşı? Sənin yanına qayıdacağam.
  • Nə vaxt?
  • Bilmirəm. Yalan demək istəmirəm. 

          Marina istehza ilə:

  • Buna da şükür...   — Əvvəllər o həmişə yalan deyərdi.

 

          

 

 

 

          Marina metro ilə qayıdır. Avtobusla. Sonra piyada. Meşəyə, tanış qarışqa yuvasına tərəf dönür. Yerdəki dirəyin üstündə oturur.

          Hansısa əclafın biri qarışqa yuvasına çubuq soxmuş, qarışqalar da gücünü üçqat  artırıb çalışırdı. Dağıdılmış mənzillərini bərpa edirdilər.

          Marina diqqətlə baxır: hər qarışqa, öz gücünə   uyğun və öz gücündən daha da artıq yük daşıyırdı. Bu cərgəni, belində çox böyük yumurta daşıyan bir qarışqa qapayırdı. Qarışqa, ağırlığın qarşısında əyilir, ancaq ayaqları ilişsə də, dayansa da, yükü sürüyür, dartırdı. Bəlkə, arada tərini də silirdi.

          Birdən Marina düşünür: Yer kürəsi də, insanlarla birlikdə, qarışqa yuvasıdır. Bu qarışqaların arasında da ən ağır yükü o daşıyır. Yuxarıdan isə kimsə dirəyin üstündə oturub ona baxır...

 

 

 

                                                                             Ruscadan çevirdi: 

 

                                                                             İlahə Ucaruh

          

 

          

 

 

            

          

 

 

 

 

 

          

 

           

 

 

          

          

 

 

                                                

 

           

    

 

 

 

 

          

 

 

          

 

 

 

 

          

 

 

            

          

            

          

           

 

 

          

 

    

 

 

 

 

 

 

 

 

 

    

 

 

                   

 

           

            

 

 

           

 

 

 

   

          

   

    

 

 

           

          

 

          

 

          

   

 

 

 

 

          

 

 

           

 

 

 

          

 

 

 

            

 

 

 

          

 

       

 

 

                         

          

          

 

 

 


[1]          B.Timofeyev-Eropkinə aid “Pəncərənin altında meşə gilası əsir” şeirindən («Под окном черемуха колышется»). Hekayədəki bütün şeir çeviriləri və altxət yazıları tərcüməçiyə məxsusdur. 

[2]  Ömər Şərif – Misir mənşəlli dünyaca məşhur kinoaktyordur. Əsərin qəhrəmanı Rüstəm bu aktyora bənzədilir.

[3]          S.Yeseninin "Ehey, qutsal Rusiyam mənim” Гой ты, Русь, моя родная”şeirindən.

 

[4]           [] səsi rus əlifbasında «ч» hərfi ilə göstərilir.

[5]                  Tikilmək — spirtli içki asılılığından müalicə yollarından biridir. Yançaq əzələsinə      “Esperal” kimi maddə ilə dolu özəl kapsula yerləşdirilir. Tikiş qoyulandan sonra          maddə qana qarışır. Qanda bu maddə alkohol ilə qarşılaşdığında, insanın halı           pisləşərək qəflətən ölümlə nəticələnə bilər.

[6]                  Dini kitablarda  Yəcuc və Məcuc adlı iki mifik xalq. 

[7]                  H.İbsenin “Per Günt” dram əsəri qəhrəmanının adından yaranmış sözdür.           Qocalanadək bir qadının yanında qərar tuta bilməyən kişilərə deyilir.

[8]                      Neçernozemye — Rusiyanın qara torpağı olmayan, bərəkətsiz bölgəsi.

[9]  Belçikalı yazıçı Şarl de Kosterin (1827—1879) «Ulenşpiqel əfsanəsi” əsərində Til        Ulenşpiqel, tonqalda yandırılmış atasının ürəyinin külünü balaca bir kisəyə       doldurub öz boynundan asaraq, sinəsinin üstündə qisas simvolu kimi gəzdirirdi.

[10] M. Svetayevanın “Gözlərdəki yaş!” (“О слезы на глазах!”) şeirindən.

      

[11]                  A.P.Çexovun “Vanya dayı” pyesindən.

[12] V.M.Tuşnovanın “Sevərkən ayrılmazlar” (“Не отрекаются любя”) şeirindən.

[13]    A.S.Puşkinin “Etiraf” («Признание») şeirindən.

[14] Manila — Filippin dövlətinin paytaxtıdır.

[15]   V.Vısotskinin “Xəstəlik tarixçəsi-III”  (“Исторя болезни-III ”) şeirindən.

 

[16]  A.S.Qriboyedovun “Ağıldan bəla” poemasından.


Tərcümə: İlahə Ucaruh
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)