Rəngli saplardan toxunan gözəllik

![]()
Rəngli saplardan toxunan gözəllik
Dekorativ, tətbiqi sənətin bir növü olan əl toxuculuğunun qaynağı xalq yaradıcılığıdır. Mil və ya milçə vasitəsilə toxunan isti geyimlər, əlcəklər, corablar və s. xüsusilə, qış aylarında kara gəlir, sağlamlığı qoruyur. Qədim dövrlərdən bu günə qədər analarımız, nənələrimiz toxuculuq sənəti ilə məşğul olmuş, bildiklərini gənc nəsilə ötürmüşlər.
Haqqında danışacağımız gənc 13 yaşından bu peşənin sirlərinə yiyələnib. Quba rayonunun Zərdabi qəsəbəsində anadan olmuş 24 yaşlı Hüseyn Kərim bu sənəti uşaq yaşlarından sevib-seçdiyini deyir:
– Xalam toxuculuqla məşğul olurdu. Onun əl işlərinə baxaraq özüm də toxumağa başladım. Sonra əl işlərimi daha da təkmilləşdirmək üçün internetdə əl toxuculuğu ilə bağlı araşdırma apardım. Elə o vaxtdan bu sənətlə məşğul oluram.
Gənc sənətçi deyir ki, toxuma dəqiqlik və incəlik tələb edir:
– Bir işi həvəslə, səbrlə görəndə daha yaxşı nəticə əldə etmək olur. Mən də çalışıram ki, sənətimlə daha gözəl işlər görüm. Toxuculuqla yanaşı, rəqqaslığı da öyrənmişəm. Gözəllik salonunda, həm də saçboyama və üz bəzəmə ustası kimi çalışıram.
Hüseyn daha çox körpələr üçün ayaqqabılar toxuyur:
– Müxtəlif üslubda və rənglərdə əl işlərim var. Toxunma ayaqqabılar uşaqların daha sağlam böyüməsi üçün faydalıdır. İşlərimi “TikTok” sosial şəbəkəsində paylaşıram. İlk dəfə canlı yayımda bir gənc xanım gördü ki, bu işi yaxşı bacarıram. O da məni həvəsləndirdi. Canlı yayımda uşaq ayaqqabıları toxumağa başladım. Daha sonra hazırlanma prosesi ilə bağlı qısa videoçarx paylaşdım. Bu daha çox izləyicinrin marağına səbəb oldu. Getdikcə izləyici sayı artmağa başladı.
Müsahibimiz gələcəkdə şəxsi brendini yaratmağı da düşünür:
– Uşaq ayaqqabıları ilə yanaşı, rəngarəng və fərqli dizaynda çantalar toxumağı qarşıma məqsəd qoymuşam. İstəyirəm ki, izləyicilər məni daha çox tanısın və bu işlə məşğul olmaqdan çəkinməsinlər.
Toxuculuq sənətini yaşadan gənclərin sayı artır. Bu sənətin sirlərinə daha dərindən yiyələnmək istəyirlər. Mən də öz növbəmdə öyrəndiklərimi onlara ötürürəm.
Fidan Salmanova
Edebiyyat.az





