Rasim Əlizadə - Keçmişin bulanıq izləri

Yenə darıxdırıcı yay günlərindən biridir və mən yenə yazmaq həvəsinə düşdüm. Düşündüm ki, bir hekayə yazmaq daxilimin rahatlıq tapmasına kömək ola bilər amma hekayə yazmaq ruh halında deyiləm, həm də hekayə yazacaq qədər maraqlı hadisə yaşaya bilmədim son aylarda. Elə bu səbəbdən sizinlə ancaq ağlıma gələn, ürəyimə axan fikirləri bölüşə bilərəm. Bəlkə də bu fikirlər sizə maraqlı olmayacaq və ya az bir qisminizə maraqlı olacaq amma mən yenə də yazım, məndən yazmaqdır, sizdən oxumaq. Həyat elə bir şeydir, elə bu an, bu dəqiqə hamımız hansısa işlə məşğuldur və ya nəyisə düşünürük, xəyal qururuq, arzulayırıq, içimizdə nə iləsə mübarizə aparırıq, hansısa bir sözə, hadisəyə ilişib qalırıq. Keçmiş çox vaxt yaxamızı buraxmır, nə indiki anı yaşamağımıza imkan verir, nə də gələcəyimizi formalaşdırmağa. Çox vaxt harasa da getsək, hər hansı bir işlə də məşğul olsaq yenədə ağlımız ilişib qalır keçmişdə. Joe Dispenza deyir ki, keçmişdə baş vermis hadisənin emosiyaları ilə yaşayanda, gələcəy zamana enerji axışı keçə bilmir və hər gün eyni duyğularla yaşayıb, eyni hadisələrin təkrarlanmasına səbəb olur. Keçmişin qaranlığı bizim işıqlı dünyamızı zülmətə çevirir. Və insanların çoxu azadlıqda olsa da belə sanki bir dustaq həyatı yaşayırmış kimi bu azad həyatdan, işıqlı dünyadan zövq ala bilmir. Bəs yaxşı bizlər özümüzü keçmişin bu amansız pəncəsindən necə qurtara bilərik? Mənə qalsa, mənim kimi həssas və ruh halı stabil olmayan insanlar çətin qurtula bilsin amma ümumi insanları və çıxış yolu tapanları nəzərə alsaq deyə bilərəm ki, yeganə yol unutmaq və bağışlamaqdır. Bütün olanları unudub, silib, özünü və səni bu hala salanları bağışlamaq. Amma bu məqamda insanı tutub küncə sıxan bir şey də qarşımıza çıxıb bizi salamlayır, o da çox iti olan insan yaddaşıdır. Elə buna görə deyilir ki, keçmişi unutmaq qeyri-mümkündür sadəcə zaman keçdikcə öyrəşmək, qəbullanmaq var. Yaddaş insanın daxilindəki cəhənnəmidir. Hamı özünü həmin cəhənnəmdə cəzalandırır. Məşhurlardan biri bu baxımdan yaxşı bir fikir söyləmişdi illər əvvəl, deyirdi ki, kinli deyiləm amma yaddaşım güclüdür. Belə başa düşmək olar ki, nə qədər unutsaq da, bağışlasaq da, keçmişi, olanları, pis hadisələri, pis insanları beyindən silmək olmur. Bu çətin və dözülməz yaddaş müharibəsində hər kəsə qalib olmağı arzulayıram. O dəbdə olan fikirdə deyildiyi kimi, gecə içimdə başlayan müharibə bitsə də, səhər oradan sağ çıxan olmadı. Hamını öldürdüm. İnsana elə gəlir ki, daxilində nələrisə, kimlərisə öldürür amma əksinə məncə insan öz özünü öldürür. Çünki bizim həyatımız, xarici dünyamız bizim öz daxilimizdəki aynanın yansımasıdır. Daxilində nə varsa onu tapır insan. Soz zamanalar qarşıma çıxan psixoloji və dini videolarda tez- tez dünya həyatının bir oyundan, simulyasiyadan ibarət olduğu deyilir. İddiaya görə, qismət deyilən şey yoxdu sadəcə biz əvvəlcədən müəyyən olmuş hadisələri yaşayırıq, bizə aid olan rolu oynayırıq, sanki yuxudaymışıq kimi. Həzrəti Əliyə aid olan bu sözdə də dərin həqiqətlər yatır, deyir insanlar yuxudadır öləndə oyanacaqlar. Həqiqətən mi yuxudayıq, bizim əynimizə tikilmiş bu həyat hekayəsini istəsək də, istəməsək də yaşamaq məcburiyyətindəyik? Bəs azad iradəmizlə taleyimizə yön verib, dəyişdirə bilmərik? Bəlkə hə, bəlkə yox amma hər şeyin sonda bir oyun, yuxu olub olmadığını bilə bilməmək də insanı qeyri-müəyyənliyin içinə sürükləyir. Quranda dünya həyatının oyun-oyuncaqdan başqa bir şey olmadığı bildirilir. Həyat üzərinə olan bu fikirlər yəqin ki, təsadüfən və ya mahiyyətsiz, əhəmiyyətsiz ola bilməz. Ən azından insan başına gələnləri analiz edəndə nəsə qəribəlik olduğunu hiss edir. Yaşadıqca, yaşı artdıqca hər şeyin fərqinə daha yaxşı varır, yavaş-yavaş öz həqiqətlərini tapır. Bir şeirdə deyildiyi kimi, böyüməyə tələsmə, böyü gör sənlə necə oynayacaqlar?
İnsan öz taleyi qarşısında məğlubdur,asılıdır, acizdir. Çox vaxt düşünürəm ki, insan bu qədər öz acizliyinin,zəifliyinin, talehi qarşısındakı məğlubiyyətinin fonunda necə özünü mükəmməl, özündən razı hesab edə bilər? Təkəbbürlü insanlar bu baxımdan özlərini aldadırlar. Əslində insan kimdir sualına ən yaxşı cavab elə budur, insan əslində heç kimdir. Bunu bilmək istəyirsənsə daxilindəki ən dərinə enib özünlə üzləşə bilsən buna əmin olacaqsan. Sən Allah və onun sənə bəxş etdiyi taleh qarşısında heçkimsən. Quranda biz insanı çətinlik içində yaratdıq, insan ziyan içindədir, dünya həyatında rahatlıq yoxdur kimi fikirlər insanın necə bir dünyada yaşadığını bəlli edir. Təkəbbür bu baxımdan həm mənasız həm də pis bir şeydir. Məhəmməd peyğəmbərin hədisində qəlbində zərrə qədər təkəbbürü olan insan Cənnətə girə bilməyəcək deyilir amma indiki kapitalizm dünyasında insanlar öz eqoları ilə fəxr edib, mənfəət naminə həyat yaşayırlar. Ancaq mən qabağa gedim, mən diqqət mərkəzində olum, hamıdan zəngin, tanınan, hörmətli, uğurlu olum. Bəziləri gündəm məndən ibarət olsun deyə dəridən qabığdan çıxarkən bir şey unudurlar ki, bir gün hər şey bitəcək, heçkim olduqlarını fərq edəcəklər. Burada ən problemli məsələ isə elə insanlar Allahdan uzaq olurlar, yaxınmış kimi görünsələr də daxillərində uzaq olurlar çünki lovğa insan Allahı sevib yaxın ola bilməz.
Söhbətimin axırlarına yaxın başıma gəlmiş bir hadisəni bölüşsəm düşünürəm ki, fikrim daha dəqiq izah edə biləcəm. Mən bir neçə il əvvəl ard-arda uğur qazandığım bir period baş verirdi. Və mən həyata qarşı böyüklük etmək hissiyatına qapıldım, öz daxilimə şeytani bir fikrin daxil olmasına icazə verdim, bu düşüncə o idi ki, həyatımda hər şey qaydasındadır, hər şey stabildir, mənə bundan sonra heçnə ola bilməz, Allah mənə toxunmaz, özümü çox özgüvənli hiss etmiş, toxunulmaz, güclü biri olduğuma inanmışdım. Amma ki, həmin andan heç bir gün keçməmişdi ki, başıma çox pis bir bəla, hadisə gəldi. Qəlbimi yandırıb yaxan bu hadisənin bu izini ömrü boyu daşıyacaqmış kimi gəlir, çünki iti yaddaşım və keçmişə olan bu mənasız emosional bağlılığım bunu mənə unutdurmayacaq. Hadisənin detalları sizə maraqsız olar deyə bəhs etmirəm amma əsl demək istədiyim odur ki, heç vaxt özünüzü həyata, taleyə, Allaha qarşı böyük bilməyəsiz və ya hiss etməyəsiniz, hiss etsəniz belə tez bir zamanda üzrxahlıq edib, bağışlanma diləyəsiniz. Bu dünyanın bir nizam intizamı var və belədə gedəcək, Allaha qarşı özünü böyük bir güc sahibi kimi sırımaq istəyəndə elə həmin an Allah, həyat insanı sındırır. Bəzən də elə insanların özü, çünki insan Allahdan uzaq düşəndə Allah onu insanların əli ilə cəzalandırır, əksinə insan Allaha yaxın olanda onun bütün işlərini, münasibətlərini Allah düzəldir, yoluna qoyur. Ona görə hər işinizi Allaha görə edin, yaradıldanı da Yaradandan ötrü sevin. İnsanlar və bu həyat fanidir, əbədi olan yalnız Allahdır, artıq təkcə məmnun edəcəyimiz və intizarında olacağımız varlıq Allah olmalıdır, insanlar yox, əksini etmiş olsaq insanların ümidin qalmış, onlardan asılı vəziyyətdə olub, məğlub həyat yaşamış olacağıq. Təvəkkül yalnız Allaha olmalıdır. Unutma, insanlara görə Allahı unudanda, Allah da səni unudacaq və elə həmin insanların sənin həyatını alt üst etməsinə icazə verəcək.
Əlizadə Rasim
01.07.2025.





