Türkan Nağıyeva - Tanrı ola bilməyən tanrılar

Uşaqlığımın və yeniyetməliyimin ən pak çağlarında müqəddəs sayılan nə varsa, onun gücünə inanmış, hətta özümdən də bir "övliyalıq" məzhəbi uydurub o məzhəbə mütəfəkkirləri, filosofları, şairləri və ən əsas - yazıçıları əlavə etmişdim. Yeniyetməlik vaxtı çox kitab oxumazdım, tanıdığım üç-beş yazar var idi ki, onların sayəsində ədəbiyyata yavaş-yavaş qədəm basmağa çalışırdım. Necə çalışırdım? Hələlik, yazmaqla yox, sadəcə oxumaq və yazıçıları, onların fantaziyalar dünyasını, bər-bəzəkli cümlələrini, bizlər üçün yaratdıqları əsrarəngiz paralel aləmlərini öz balaca pəncərəmdən seyr etməklə. Pəncərəmin balaca olmasına baxmayaraq, çox şeyi görə bilirdim. Bəzən dumanlı görürdüm, amma illəri adladıqca daha aydın pəncərədən baxırdım o dünyaya və mənə elə gəlirdi ki, Yazıçı bu müxtəlif dünyaların Allahıdır. Mən onların müqəddəsliyini qəbul etmiş və sıravi insanlarla onların bir dünyada yaşamadığına inanmışdım.
Mənə görə, yazıçı olmaq Peyğəmbər olmaqla bərabər status daşıyırdı. Onlarla görüşmək, onları dinləmək mənə inanılmaz dərəcədə fövqəltəbii görünürdü. Dediyim kimi, o vaxtlar çox yazar tanımırdım, tanıdıqlarım isə əsasən, klassiklər və yeni dünya ədəbiyyatının nümayəndələrindən idi. Amma klassiklərin də öldüyünə inanmazdım, çünki onların başqa dünyası var və orada yaşamağa davam edirlər, orada yazıçı olma yolunda addımlayan gənclərə dərs keçirlər, oxucuları ilə söhbətləri paralel dünya üzərindən aparırlar. Allahın göndərdiyi müqəddəs kitablar kimi, Tolstoyun, Kafkanın, Axundovun da bizə göndərdiyi müqəddəs kitablar vardı və onlar da səmavidi, toxunulmazdı.
Yazıçıların və şairlərin yazdıqları sevgi məktubları, şeirləri də ilahi idi. Adi insan bu cür sevə bilməz, ancaq yazarlar, şairlər sevə bilər! Şairin şeirini oxuduğumda beynimdə sevdiyi xanımın obrazını yaradıb qönçə dodaqlarına, siyah zülflərinə, badamı gözlərinə kənardan baxıb heyran olurdum. Təkcə gözəlliklərinəmi heyran olurdum? Xeyr! Həm də bu cür sevilmələrinə, daha doğrusu, müqəddəslər tərəfindən sevilmələrinə. Mən heç onların sevdiyi xanımla eşq macəralarını da təsəvvürümə gətirməzdim, gətirə bilməzdim. Tanrılar insanlarla əlaqə qursa, kirlənər. Onlar lap ən gözəl qadınlardan da uzaqda olmalı, toxunulmaz və uca qalmalıdırlar.
İllərin saf təsəvvürləri məni bir arzunun eşiyində saxladı. Mənim də gələcəkdə ömrümü paylaşacağım şəxs yazıçı olmalı idi. Bu fikrə gələndə bir az böyümüş və imkansız kimi görünən məfhumların reallıqla ayaqlaşdığını yavaş-yavaş qəbul edirdim, ancaq ki, yenə də "yazıçı müqəddəsliyi" təsəvvürümdən heç nə əskilməmişdi. Xəyalımda canlandırdığım adam da yazıçı idi və onunla bərabər hekayələr, romanlar yazar, təhlillər edərdik. Onda olardı 17-18 yaşım.
Gəncliyimin ən təzə çağlarından etibarən irreal dünyayla yavaş-yavaş vidalaşırdım. Müqəddəslərdən uzaqlaşırdım, düzünü desəm, "ilahilik"dən. Yazıçıların həyatı haqqında məlumatlar oxuduqca, onların qüsurlarla, xətalarla dolu həyatları "müqəddəs yazıçı" məqamını gözümdən alçaqlara düşürürdü. Çox uzağa getmirəm, hamımızın bildiyimiz Rus ədəbiyyatının ən düha nümayəndələrindən olan Dostoyevski qumar borclarını bağlamaq üçün öz həyat yoldaşının pullarını oğurlayırmış, Anton Çexov qeyri-sabit münasibətlərdə neçə-neçə qadının həyatını məhv edirmiş və daha nə qədər bənzəri misallar var. Bu "tanrılar"ın öncəliklə başqa dünyanın sakinləri olmadığına inandım, daha sonra isə "tanrılar" kiçildikcə kiçildi. Bəs o zaman o əsrarəngiz əsərləri müqəddəslər yazmayıbsa, kim yazıb? Axı, ancaq ilahi güclər elə gözəlliklər yarada bilirdi, bəs hanı həmin ilahilik? Sınıb parçalara ayrılan müqəddəslik təfsirini bir araya topalmağa çalışarkən əllərimi deyil, düşüncələrimi yaraladım. Hisslərimi və inamımı zədələdim.
"Müqəddəs kəslər yoxmuş dünyada. Heç peyğəmbərlər də müqəddəs deyil, heç tanrı da müqəddəs deyil! Müqəddəslər səhvsiz, xətasız olur. Tanrının da ən böyük xətası elə bu gözəl dünyamıza insanları yaratması olub. İstedadlar da, sevgilər də, insanlar da, lap elə yazarlar da ilahi və əlçatmaz məqamda deyillər". Bu narahat düşüncələr gəncliyin astanasında dayanmış 19-20 yaşlı bir qızın daxili sükutunu yaran ilk üsyanı idi.
İllər ərzində dərrakəmdə parçalanmış müqəddəslik məfhumunu bir araya topladım. Bu dəfə pazlları daha fərqli yönləri ilə birləşdirib ilahilikdən qeyri bir məfhumu - ilahi nurdan deyil, insan ruhunun ziddiyyətlərindən doğan o işığı dərk etdim. Qüsurlu şəxsiyyət oxucu üçün istedadın önünə keçməməlidir. Yazıçının şəxsi zəiflikləri — eqosu, mənəviyyat baxımından sorğulanan davranışları onun bədii sözdə ifadə etdiyi dərinlik və təsir gücünü əskiltmir. Yazarlara sevgimin yazarlığa həvəsimlə tənləşdiyi zamandan etibarən düşüncələrim bu yöndə qərarlaşıb. Gələcəkdə hansı fikir ayrılıqlarana düşərəm, düşüncələrim hansı yöndə haçalanar, mən də bilmirəm. Sadəcə, qəbul etdiyim həqiqətim budur ki, əsl yazıçılar tanrı ola bilməmiş tanrılardır...