Edebiyyat.az » Palitra » Əbədi Dalğanın Hekayəsi- Mətanət Teymurlu

Əbədi Dalğanın Hekayəsi- Mətanət Teymurlu

Əbədi Dalğanın Hekayəsi- Mətanət Teymurlu
Palitra
Metanet
Müəllif:
00:46, 20 iyul 2026
146
1

Əbədi Dalğanın Hekayəsi

"Əgər cənnət mənə cəmi beş il daha versəydi, bəlkə də əsl rəssam ola bilərdim."

Bu təvazökar, lakin əbədi sənət eşqi ilə dolu sözlərin müəllifi artıq 90 illik bir ömür yaşamış, otuz minə yaxın qravür ərsəyə gətirmiş, adını otuz dəfə dəyişmiş və özünü ölənə qədər hələ də sənətin ibtidai pilləsində duran bir şagird sayan dahi rəssam Katsuşika Hokusai idi.

Katsuşika Hokusai 1760-cı ildə Kavamura Tokitaro adı ilə dünyaya göz açmışdır. Edo şəhərinin (indiki Tokionun) sənətkarlar məhəlləsində keçən uşaqlıq illərində, hələ altı yaşından rəsm çəkməyə başlamış, gənc yaşlarında isə ağac üzərində oyma sənətinin sirlərinə yiyələnmişdir. Daha sonra dövrün tanınmış ustası K. Şuşonun yanında şagirdlik etmişdir. On doqquz yaşında o, Şunro adını (müəllimi ona öz adının ilk hecasını (Şun) pay vermiş, sonuna isə oğlan uşaqlarına və gənclərə verilən ro (oğul/gənc) sözünü əlavə etmişdir. Bu ad onun Katsukava məktəbinə aid olduğunu və sənətə yenicə addım atdığını göstərirdi.)  götürmüşdür ki, bu da onun sonrakı onlarla ad dəyişikliyinin ilki olmuşdur. Yapon adətinə görə rəssamlar yeni sənətkarlıq səviyyəsinə çatanda ad dəyişərdilər, lakin Hokusai bu ənənəni hamıdan çox təkrarlayaraq sənətdə durmadan yeniləndiyini sübut etmişdir.

Rəssam Hokusainin "Fuci dağının mənzərələri" kitabının ilk cildin içində rəssamın öz əli ilə yazdığı bu qeyd var: "Adını Manci — rəsm dəlisi olan qoca olaraq dəyişdirən, keçmiş Hokusai İitsunun fırçasından". Bu kitab, rəssamın uzunömürlülük rəmzi olan və "on min" mənasını verən heroqliflə yazdığı "Manci" adından istifadə etdiyi ilk böyük layihəsidir. Kitabın sonrakı çaplarının birində, yetmiş beş yaşında ikən o, kitabın sonuna özünün məşhur tərcümeyi-hal xarakterli bu sözlərini əlavə etmişdir:

"Altı yaşımdan bəri əşyaların formasını köçürməyə həvəsim var idi və təxminən əlli yaşımdan etibarən rəsmlərim tez-tez nəşr olunmağa başladı; lakin yetmiş yaşıma qədər çəkdiyim heç bir şey diqqətəlayiq deyildi. Yetmiş üç yaşımda bitki və ağacların böyüməsini, quşların, heyvanların, həşəratların və balıqların bədən quruluşunu az-çox anlaya bildim. Beləliklə, səksən yaşıma çatanda daha da irəliləyəcəyimə, doxsan yaşımda isə hər şeyin daxili mahiyyətinə daha dərindən bələd olacağıma ümid edirəm; elə ki, yüz yaşımda sənətimdə ilahi bir mərtəbəyə ucalım, yüz on yaşımda isə hər bir nöqtə, hər bir cizgi sanki canlansın. Kifayət qədər uzun yaşayanlarınız şahid olsunlar ki, bu sözlərim yalan çıxmadı."

Katsuqava emalatxanasında kabuki teatrı artistlərinin və sumo güləşçilərinin qravürlərini çəksə də, o, ustasının ən sevimli şagirdi ola bilməmişdir. 1779-cu ildə ilk qravür silsiləsini nəşr etdirmiş və ilk dəfə ailə həyatı qurmuşdur. 1784-cü ildə Qunbatei adını götürərək emalatxananı tərk etmiş və diqqətini kitab illüstrasiyalarına yönəltmişdir. Məhz bu dövrdə o, ənənəvi insan təsvirlərindən üz döndərib mənzərəyə və gündəlik həyat səhnələrinə keçmişdir. Bu addım təkcə onun öz karyerasında deyil, bütün Ukiyo-e sənətində böyük bir dönüş nöqtəsi olmuşdur.

 Ukiyo-e (yaponca "fani və ya dəyişkən dünyanın təsvirləri") – XVII-XIX əsrlərdə Yaponiyanın Edo dövründə çiçəklənən, əsasən ağac üzərində çap (ksiloqrafiya) üsulu ilə hazırlanan populyar incəsənət janrıdır. İlkin dövrdə geyşalar, kabuki teatrının aktyorları və sumo pəhləvanları kimi əyləncə həyatının qəhrəmanları təsvir olunurdu. Sonralar isə mənzərə, tarix, heyvanlar və bitkilər janrın əsas mövzusuna çevrildi.

Bu üsul tək nüsxə deyil, taxta qəliblərlə kütləvi tirajlandığı üçün ucuz idi və sadə xalq tərəfindən asanlıqla alınırdı.Hər bir əsər dörd nəfərin (rəssam, oymaçı, çapçı və naşir)  birgə yaradıcılığı ilə ərsəyə gəlirdi. 

Janrın ən böyük nümayəndələri Katsuşika Hokusai, Utamaro və Hiroşige hesab edilir. XIX əsrin ortalarında Yaponiyanın qapıları dünyaya açıldıqdan sonra ukiyo-e çapları Avropaya yayılmağa başlayır. Bu əsərlərin fərqli perspektivi, parlaq rəngləri və asimmetrik kompozisiyası Van Qoq, Mone, Deqa kimi impressionist və postimpressionist rəssamların yaradıcılığına dərindən təsir göstərdi. 

Dahinin həyatı heç də asan keçməmişdir. İlk həyat yoldaşı 1790-cı illərin əvvəlində vəfat etmiş və onu üç uşaqla tənha qoymuşdur. 1793-cü ildə ustasının ölümündən sonra o, Katsuqava məktəbindən uzaqlaşdırılmışdır. Bu hadisədən sonra rəssam Avropa sənətinə maraq göstərmiş, fransız və holland qravürləri əldə edərək xətti perspektiv qaydaları ilə təcrübələr aparmışdır. 1797-ci ildə ikinci dəfə evlənmiş və bu nikahdan daha iki övladı dünyaya gəlmişdir. Onun qızı Oi sonralar atası ilə çiyin-çiyinə çalışan istedadlı bir rəssam kimi tanınmışdır.

1801-ci ildə rəssam bu gün bütün dünyanın tanıdığı Hokusai adını qəbul etmiş və əsərlərini "Rəssamlıq dəlisi Hokusai tərəfindən çəkilib" sözləri ilə imzalamağa başlamışdır. Ekssentrik və qeyri-adi xasiyyəti ilə də şöhrət qazanan usta, təmizliyə nifrət etdiyi üçün ömrü boyu doxsan üç dəfə ev dəyişmiş, hər səhər isə uğur gətirsin deyə çəkdiyi Çin əjdahasını pəncərədən aşağı atmışdır.

O, tamaşakarcasına və kütlənin gözü qarşısında rəsm çəkməyi çox sevirdi. 1804-cü ildə Edoda 180 metrlik nəhəng Buddist rahib portretini fırça əvəzinə adi süpürgə ilə çəkərək hamını heyrətə salmışdır. 1807-ci ildə keçirilən bir müsabiqədə isə bir toyuğun ayaqlarını qırmızı boyaya batırıb quşu kağızın üzərində qaçırtmış və ortaya çıxan izləri "Tatsu çayı üzərindəki ağcaqayın yarpaqları" adlandırmışdır.

Əlli yaşında olarkən rəssamın başına ildırım düşmüşdür. 1810-cu ildə baş verən bu qorxulu hadisədən sonra o, "Ağılsız Ononun Cəfəng Şəkil Lüğəti" adlı rəsm dərsliyini nəşr etdirmişdir. 1811-ci ildə isə "Balıqçının Arvadının Xəyalı" adlı məşhur erotik əsərini yaratmışdır. Eyni onillikdə "Mahiyyəti Ötürmək" və on beş cildə çatan, gələcəkdə manqa və anime sənətinə böyük təsir göstərəcək "Hokusai Manqa" dərsliklərini işıq üzü görmüşdür. Onun zəngin yaradıcılığı yalnız sakit mənzərələrlə məhdudlaşmırdı, o, həm də qorxulu, sirli və xəyali hekayələrin təsvirlərinə geniş yer ayırırdı.

Hokusai yaşlandıqca özünün rəssamlıq məharətinin daha da güclənəcəyinə inanırdı. 1830-cu ildə o, özünün şah əsəri sayılan "Fuci Dağına Otuz Altı Baxış" silsiləsini nəşr etdirərək Ukiyo-e sənətini tamamilə mənzərə istiqamətinə tərəf yönəltmişdir. 1831-ci ildə isə "Yüz Xəyal Hekayəsi"ni çap etdirmişdir. Bu dövrdə o, adını İitsu, yəni "bir yaşında" olaraq dəyişmiş və bunu özü üçün simvolik bir yenidən doğuş kimi qəbul etmişdir. (İitsu (Ii-tsu):Hokusainin 60 yaşında qəbul etdiyi və yapon dilində "Bir daha"və ya "Yenidən bir" mənasına gələn təxəllüsüdür. O dövrün Yaponiyasında 60 yaş ömür dövrünün sıfırlanması və yenidən doğulma sayıldığı üçün, rəssam bu adı sənətdə yeni və təmiz bir səhifə açdığını bəyan etmək üçün götürmüşdür. Məhz "Böyük Dalğa" əsərini də o, "İitsuya dəyişən Hokusainin fırçasından" kimi imzalamışdır.)

 "Fuci Dağına Otuz Altı Baxış" silsiləsi əvvəlcə otuz altı qravürdən ibarət nəzərdə tutulsa da, işin gördüyü böyük əks-sədadan sonra Hokusai bura daha on qravür də əlavə etmişdir. Bu əsərlər nəşr olunan kimi böyük uğur qazanmış, ucuz qiymətə Edo bazarlarında yüksək tirajla satılmışdır.

Fuci dağı Yaponiyanın müqəddəs zirvəsi olaraq bütün silsilə boyu təkrarlanan əsas mövzu idi. 46 qravürün hər birində dağ müxtəlif mövsümlərdə, fərqli işıq və mənzərələrdə canlandırılırdı. Bu dağ sadəcə estetik bir gözəllik daşımırdı, həm də fəal bir vulkan idi. XII əsrdə asket Buddizm təliminin mərkəzinə çevrilmiş bu dağ, 1700-cü illərdə baş verən güclü zəlzələ nəticəsində vulkanik partlayışa və hətta dağıdıcı sunamiyə səbəb olmuşdu. Beləliklə, Hokusainin əsərlərində tez-tez görünən təbiət ilə insan arasındakı amansız mübarizə mövzusu təsadüfi seçilməmişdi; dağın özü həm heyranlıq, həm də vahiməli bir təhlükə mənbəyi idi. Hokusainin bu zirvəyə dərin bir şəxsi bağlılığı var idi və bu bağlılıq ölkədə daxili turizmin artması, Fuci dağı təsvirlərinə tələbatın çoxalması ilə üst-üstə düşürdü. Çünki bu qravürlər səyahətçilər tərəfindən çox vaxt xatirə əşyası kimi alınırdı.

Kanaqava Açıqlarında Böyük Dalğa

Silsilənin ən məşhur parçası olan və sənət tarixinə "Böyük Dalğa" adı ilə həkk olunan "Kanaqava açıqlarında Dalğa altında" qravürü 1830-1833-cü illər arasında yaradılmışdır. Kağız üzərində mürəkkəb və rənglə işlənmiş, ksiloqrafiya əsəri, bu gün dünyada ən çox təkrar istehsal olunan və tanınan təsvirlərdən biri sayılır. Hokusai bu şah əsərini 71 yaşında, 6 yaşından bəri fırçaya sarılan bir ömrün süzgəcindən keçmiş zəngin təcrübəsi ilə yaratmışdır.

Kompozisiyada dalğalar və dəniz üstünlük təşkil etdiyi üçün dərin mavi rəng bütün əsərə hakim kəsilmişdir. Silsilədəki ilk on qravür Prussiya mavisindən istifadə edən ilk yapon qravürləri sırasında yer alırdı və bu yenilik tezliklə ona böyük uğur qazandırmışdı. 1831-ci ilin yanvarında Hokusainin nəşriyyatçısı Nişimura Yohachi bu vizual yeniliyi geniş şəkildə elan etmişdi. Tamamilə və ya əsasən mavi rəngdə çap olunan belə qravürlər sənətdə "Aizuri-e"(yaponca:"mavi rəngdə çap olunmuş şəkil")  adlanırdı. İkinci rəng kimi adətən qırmızıdan istifadə olunurdu. Hətta tək bir mavi mürəkkəb növündən istifadə edildikdə belə, təsvirin bəzi hissələrini üst-üstə çap etməklə və ya taxta bloka mürəkkəbi keçidlərlə çəkməklə (bokaşi) rəngin açıq və tünd tonlarını yaratmaq mümkün olurdu. 

Prussiya Mavisi

Bu mavi piqmentin dünya sənətindəki əhəmiyyəti əvəzsiz idi. Qədim Misir mavisinin sintezi haqqında biliklərin unudulmasından sonra bəşəriyyət sabit, davamlı və parlaq ilk süni mavi piqmentini məhz bu kəşflə tapmışdı. Ondan əvvəl Avropa rəssamları bitki mənşəli indiqo boyasından, smalt adlanan kobaltdanTir bənövşəyisindən, yaxud yalnız lapis lazuli daşından hazırlanan və inanılmaz dərəcədə baha olan təbii ultramarindən istifadə etmək məcburiyyətində idilər. Yapon rəssamları da Avropadan bu rəngi idxal etməyə başlayana qədər uzunömürlü və parlaq bir mavi piqmentə sahib olmamışdılar.

Prussiya mavisi, ehtimal ki, ilk dəfə 1706-cı ildə Berlində boya istehsalçısı İ.Y.Diesbach tərəfindən tamamilə təsadüfən kəşf edilmişdir. Diesbach əslində qırmızı koşenil boyası hazırlamaq istəyirdi, lakin bu məqsədlə istifadə etdiyi potaş maddəsi heyvan qanı ilə çirklənmişdi. Qan, potaş və dəmir sulfatın reaksiyası nəticəsində dəmir ferrosianid adlanan, gözlənilməz şəkildə tünd və cazibədar mavi rəngli bir birləşmə ortaya çıxmışdı. 1709-cu ildə bu maddə onu satan ilk tacir tərəfindən “Prussiya mavisi” və “Berlin mavisi” olaraq adlandırılmışdı.

Bu yeni piqment tezliklə bahalı ultramarini bazardan sıxışdırıb çıxarmağa başlamışdı.  1709-cu ilə aid Peter van der  Verffin "Məsihin dəfn edilməsi" əsəri bu piqmentin istifadə olunduğu ən qədim məlum rəsm əsəri sayılır. Tezliklə Prussiya sarayının rəssamları, ardınca isə Parisdə Antuan Vatto, Nikola Lankre, Jan Batist Pater və Fransua Buşe kimi nəhəng ustalar bu rəngdən geniş istifadə etməyə başlamışdılar.

1752-ci ildə fransız kimyaçısı Pyer Maker Prussiya mavisinin parçalanmasından yeni bir turşu əldə etdi. Sonradan isveçli kimyaçı Karl Şele tərəfindən hidrogen sianid kimi xarakterizə edilən bu maddəyə, mənşəyinə görə Almaniyada "mavi turşu" (Blausäure), İngiltərədə isə "Prussiya turşusu" (prussic acid) adı verildi.

Bu piqment həm din, həm də hərb tarixində iz qoymuşdur. XIX əsrin sonlarında ravvin Gerşon Leyner mürəkkəb balığından hazırlatdığı bu boyanı "həqiqi müqəddəs mavi" hesab edərək dini rəmzlərin rənglənməsində istifadə etsə də, bəzi dindarlar bunun süni mənşəyinə etiraz edirdilər. Bundan əlavə, rəng XVIII əsrin əvvəllərindən etibarən Prussiya ordusunun hərbi geyimlərinin əsas rəngi olmuş və Birinci Dünya Müharibəsinə qədər bu simvolik statusunu qorumuşdur.

1820-ci illərdən etibarən isə holland tacirləri vasitəsilə Yaponiyaya gətirilmişdi. Yapon xalqı bu əsərlərə elə bu gözəl, yad və qeyri-adi mavi rəngə görə heyran qalırdı, çünki onun əcnəbi mənşəli olması əsəri daha da qiymətli göstərirdi. Lakin bu mavi rəngin öz problemləri də var idi. Rəng, zamanla solurdu və kifayət qədər baha başa gəlirdi. Hokusai bu əsərlərində eyni zamanda XVIII əsr Hollandiya xətti perspektiv dərsliklərindən öyrəndiyi Qərb kompozisiya üsullarını da tətbiq etmişdir.

Silsilədəki bütün təsvirlərdə Fuci dağı mərkəzi yer tutsa da, "Böyük Dalğa" əsərində dağ bütün kadrı təkbaşına ələ keçirmir. Onun əvəzinə ön planda nəhəng, heyvan pəəncəsini xatırladan qorxunc şəkildə qıvrılan bir dalğa, üç balıqçı qayığının üzərinə çırpılmamışdan öncəki anda donub qalmışdır. Hokusai kompozisiyanı elə bir sərraflıqla qurmuşdur ki, dalğanın qorxunc əyriləri və qayıqlardan birinin gövdəsi uzaqdakı Fuci dağının ətəyinin görünməsinə imkan yaradır. Böyük dalğanın ağ köpüklü zirvəsi isə tamaşaçının baxışlarını birbaşa dağın zirvəsinə aparan mükəmməl bir diaqonal xətt formalaşdırır.

Arxa planda Fuci dağının qarla örtülü zirvəsini əhatə edən tünd rənglər, səhərin erkən saatlarını, günəşin zirvəni yenicə işıqlandırmağa başladığını ifadə edir. Səhnədə üç ədəd "oşiokuri-bune", yəni İzu və Boso yarımadalarından Edo körfəzinə təzə və canlı balıq daşımaq üçün istifadə olunan sürətli yük qayıqları təsvir olunmuşdur. Hər qayıqda avarlarından bərk-bərk yapışan 8 avarçəkən, ön hissədə isə daha 2 köməkçi ekipaj üzvü gözə dəyir. Adətən 12-15 metr uzunluğunda olan bu qayıqlarla müqayisə etdikdə, sahəyə yaxınlaşan dalğanın hündürlüyünün təxminən 10-12 metr olduğu təxmin edilir.

Dəniz bu kompozisiyada tam mənada mütləq hökmrandır. Dalğa mükəmməl bir spiral formasında qıvrılaraq mərkəzi dizaynın ortasından keçir və izləyiciyə arxa plandakı Fuci dağını seyr etmək üçün vizual bir pəncərə açır. Bu nəhəng dalğa bəzən dağıdıcı bir sunami, bəzən qəfil yaranan quldur dalğa, bəzən isə çarəsiz balıqçıları köpükdən yaranmış "pəncələri" ilə hədələyən xəyali bir canavar kimi şərh olunmuşdur. Onun ümumi siluetinin isə qədim əjdahalara bənzədiyi vurğulanır.

Qravürün üzərində iki mühüm yazı yer alır. Yuxarı sol küncdəki düzbucaqlı çərçivədə silsilənin adı qeyd olunmuşdur: "Fuci dağına otuz altı baxış, Kanaqava açıqlarında, Dalğa altında". Bunun dərhal yanında isə rəssamın öz imzası ucalır: "Hokusai tərəfindən fırça ilə çəkilib, adını İitsu olaraq dəyişmişdir".

Arxa plan ilə ön plan arasındakı kəskin, dramatik ziddiyyət də diqqətdən yayınmır. Bir tərəfdə coşqun dalğanın vəhşi və qarşısıalınmaz gücü, digər tərəfdə isə uzaqdakı müqəddəs dağın sarsılmaz sükunəti. Bu iki nəhəng qüvvənin arasında əlacsız və çarəsiz qalan kiçik insan obrazları, bəlkə də Buddist fəlsəfəsinə (hər şeyin keçici və fani olması) və Şintoizm inanclarına (təbiətin hər şeyə qadir olan ilahi gücü) gizli bir işarədir.

1849-cu ildə 90 yaşında dünyasını dəyişən rəssam arxasında otuz minə yaxın qravür dizaynı qoymuşdur. Onun qəbir daşına həkk olunan son adı isə onun bütün mahiyyətini əks etdirirdi: "Rəssamlıqdan dəli olmuş qoca."

"Böyük Dalğa" tipik və adi bir yapon qravürü deyil, əksinə, Avropa materiallarını, Qərb perspektiv prinsiplərini və qədim yapon estetikasını bir araya gətirən mükəmməl bir sintez nümunəsi idi.

Hokusainin dünya sənətinə göstərdiyi təsir onun öz fiziki ömründən qat-qat uzun sürmüşdür. Yaponiyanın qapalı ticarət qaydalarının yumşaldığı 1850-ci illərdən etibarən onun əsərləri beynəlxalq sənət arenasın qədəm qoymuş və böyük heyranlıqla qarşılanmışdır. Onun mənzərə janrına gətirdiyi bənzərsiz yanaşmanı sonralar digər yapon ustası Utavaqa Hiroşige uğurla davam etdirmişdir.

 Fransız rəssamı Qüstav Kurbeyə yeni yaradıcılıq ilhamı bəxş edib onun dəniz mənzərələrinə baxışını dəyişdirən "Böyük Dalğa" qravürü, musiqi dünyasına da dərindən təsir etmişdir. Belə ki, məşhur bəstəkar Klod Debüssi 1905-ci ildə özünün “La mer” (Dəniz) adlı simfonik əsərini bəstələyərkən məhz bu qravürün vizual ritmindən ilhamlanmış və bu şah əsər bəstəkarın not nəşrinin üz qabığını bəzəmişdir.

1888-ci ildə isə dahi Vinsent van Qoq bu əsəri xüsusi tərifləyərək onun dəhşətli dərəcədə güclü emosional və psixoloji təsirə malik olduğunu məktublarında qeyd etmişdir. “Ulduzlu Gecə” əsəri rəng palitrası və fırça vuruşlarında Hokusainin “Böyük Dalğa”sının təsirini daşıyır. Van Qoqun göy üzündə çəkdiyi girdabvari formaları dalğanın gücünü və dinamikasını xatırladır. "Hokusai Manqa" dərslikləri isə Bert Morizo, Pol Qogen və van Qoq kimi sənətkarlar üçün əvəzsiz bir rəsm mənbəyi rolunu oynamışdır. Klod Mone və Qustav Klimt kimi sənət dahiləri isə Hokusainin orijinal qravürlərini böyük səylə kolleksiyalarına daxil etmişdilər.





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)