Səkinə Cavadova-“Uqah” xalçasının sirri
Dekorativ tətbiqi sənətin əsas növlərindən olan xalçaçılıq Azərbaycan mədəniyyətinin ən dərin sənətkarlıq sahələrindən biridir. Xalçaşünas alim Lətif Kərimov ilk dəfə olaraq Azərbaycan xalçaçılıq məktəbini bədii və texniki xüsusiyyətlərinə görə dörd böyük qrupa bölmüşdür:
Quba-Şirvan
Gəncə-Qazax
Qarabağ
Təbriz
Quba qrupuna aid xalça nümunələrindən biri də “Uqah” xalçasıdır. “Uqah” adı Şabran rayonunun qədim yaşayış məskənlərindən olan Uqah kəndinin adı ilə bağlıdır.
Uqah kəndi rayon mərkəzindən təxminən 3 kilometr aralıda, Qılınc dağının yaxınlığında, dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə yerləşir. Yerli əhali kəndin adını “Uqah” kimi tələffüz edir. Toponimin mənşəyi tat dilindəki “su” və ya “yer, məkan” mənalı sözlərlə əlaqələndirilir və “suyu bol olan yer” mənasını verir. Kənd əsasən yay və isti fəsillərdə yaşayış üçün əlverişli olmuşdur. Şabranın bir çox ucqar kəndlərində olduğu kimi, Uqah sakinlərinin də bir hissəsi sonralar düzənlik ərazilərə və digər yaşayış məntəqələrinə köçmüşdür. Hal-hazırda kənddə cəmi 5 təsərrüfat mövcuddur.
Quba xalçaçılıq məktəbi Azərbaycan mədəniyyətinə böyük irs bəxş etmişdir. Bu məktəbə aid xalçalar həm bədii, həm də texniki xüsusiyyətlərinə görə digər xalçaçılıq məktəblərindən fərqlənir. Kompozisiyanın mürəkkəbliyi, təbiətə məxsus kolorit, həndəsiləşdirilmiş ornamentlərin riyazi dəqiqliyi və ilmələrin sıxlığı Quba xalçalarının başlıca bədii və texniki xüsusiyyətləridir.
Quba xalçaçılıq məktəbinin naxışlarında istifadə olunan həndəsiləşdirilmiş elementlər xalqın dünyagörüşünü, kainat haqqında fəlsəfi düşüncələrini, inanclarını və yaşam tərzini ornament dilində əks etdirir. Ornamentlərin məzmununda ilahi güc, qoruyucu qüvvə və mənəvi zənginlik anlayışları xüsusi yer tutur. Bu baxımdan Quba xalçaları təkcə dekorativ sənət nümunəsi deyil, həm də Azərbaycan xalqının mənəvi kodlaşmış mədəniyyətidir.
“Uqah” xalçasının elementləri kainat qanunlarını və İslam fəlsəfəsini özündə əks etdirir. Rəng koloriti isə Uqah kəndinin təbiətini xatırladır.
“Uqah” xalçasının ölçüləri əsasən 95×140 sm-dən 110×160 sm-ə qədər olur. Nadir hallarda uzun formalı və ya iri ölçülü nümunələrinə də rast gəlinir. İlmələrin sıxlığı 40×40 olaraq hesablanır ki, bu da bir kvadratmetrdə təxminən 160 min ilmənin olması deməkdir. Xovun hündürlüyü təxminən 5 millimetrdir. Mərkəzi ara sahə, kiçik ölçülü göllər və 2 bala haşiyə nisbətən böyük ölçülü ana haşiyəni əhatə edir; haşiyələr bir-birindən zəncirlərlə ayrılır. Xalçada tarazlıq, ritm, simmetriya və riyazi dəqiqlik özünü göstərir.
“Uqah” xalçasının mərkəzi ara sahəsi açıq qəhvəyi və bej tonlarında işlənmiş, elementlərdə isə əsasən pastel tonlara yaxın rənglər – alqırmızı, tünd göy, açıq göy, sürməyi, qəhvəyi, noxudu və zeytuni yaşıl – istifadə olunmuşdur. Bu rənglər xalçanın ümumi koloriti ilə uyğunluq təşkil edir, Uqah kəndinin təbiət koloritini əks etdirir və xalçanın bədii məzmununu daha da qüvvətləndirir.
Üfüqi xətlərlə düzülmüş saçaqlı elementlər günəşi, ilahi nuru, qüvvə və enerjini simvolizə edir. Bu saçaqlı elementin üzərindəki romb işarəsi iki əks prinsipi – kişi və qadını, göyü və yeri birləşdirən məna daşıyan iki üçbucağın birləşməsidir. Rombun üstündəki səkkizguşəli ulduz İslam fəlsəfəsini əks etdirərək insan ruhunun təkamülünün və yüksəlişinin səkkiz mərhələsini göstərir. Hər bir gölün müxtəlif (isti və soyuq) koloritdə olması həyatın, təbiətin və canlı aləmin rəngarəngliyini, fərqliliyini vurğulayır. Elementlərin ritmik və riyazi qanunlar əsasında dövri təkrarlanması kainat qanunlarının dəyişməzliyini, hər zaman bütün canlı aləm üçün eyni nizamla fəaliyyət göstərməsini bildirir. Ara sahədəki “S” formalı elementlər – qüvvət və ailə ocağının qoruyucusu sayılan “Əjdaha” motivinin qısa stilizə olunmuş forması – şər qüvvələrdən uzaqlaşdırılması inancını əks etdirir.
Bala haşiyədə pilləli romb elementinə rast gəlirik. Pilləli romb insanın mərhələli yüksəlişini və həyat pillələrini təmsil edir. Ana haşiyədə kufi xəttin strukturundan ilhamlanaraq yaradılmış, həndəsiləşdirilmiş bitki motivini xatırladan romb forması qarmaqlı elementlərlə bəzədilmiş və üzərində səkkizbucaqlı ulduz əks olunmuşdur. Bu simvol insan ruhunu, ailə ocağını bədnəzərdən və mənfiliklərdən qoruyan ilahi qüvvəni təmsil edir. Ana haşiyənin yerliyi firuzəyi rəngdədir ki, bu da İslam fəlsəfəsində paklığı simvolizə edir.
Ümumilikdə “Uqah” xalçası kosmoloji xüsusiyyət daşıyır. Məzmun etibarilə ilahi qüvvə ilə canlı aləmin vəhdətini, ailə ocağının və insan ruhunun mühafizəsini, mənfi auralardan qorunmanı və ilahi qüvvə ilə mənəvi müdafiəni əks etdirir.
