Əlisahib Cəlilov: “Azərbaycan teatrının ən böyük ehtiyacı yeni tamaşadan əvvəl yeni təfəkkürdür”
Əlisahib Cəlilov: “Azərbaycan teatrının ən böyük ehtiyacı yeni tamaşadan əvvəl yeni təfəkkürdür”
Bu günkü qonağım müxtəlif teatrlarda quruluşçu rejissor kimi fəaliyyət göstərmiş, gənc nəslin teatr rejissorlarından biri olan Əlisahib Cəlilovdur.
1. Əlisahib bəy, Azərbaycanda teatrların bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz? Sizcə, teatrlarımızda nə çatışmır?
Azərbaycan teatrının bugünkü vəziyyətinə baxanda məni narahat edən əsas məsələ teatrlarımızın mövcudluğu deyil, onların hansı düşüncə ilə yaşamasıdır. Çünki bu gün bəzi teatrlarımızda sənətdən daha çox hesabat, yaradıcılıqdan daha çox inzibati maraqlar, istedaddan daha çox şəxsi münasibətlər ön plana çıxır.
Məncə, Azərbaycan teatrının ən böyük problemlərindən biri istedadsızlıq deyil, istedada münasibətdir. Bizdə istedadlı insanlar kifayət qədərdir. Sadəcə, bəzən istedadın qarşısını açmaq əvəzinə, onun qarşısına maneələr qoyulur. Fərqli düşünən sənət adamı dəstəklənmək əvəzinə, problem yaradan insan kimi qəbul edilir.
Bəzi teatrlarda yaradıcı mühitdən çox, vəzifə münasibətləri hökm sürür. Sənətin taleyini bəzən sənət meyarları deyil, şəxsi ambisiyalar, köhnəlmiş düşüncələr və inzibati qərarlar müəyyən edir. Halbuki teatr direktorun kabinetindən deyil, səhnədən idarə olunan yaradıcı bir orqanizm olmalıdır.
Məni düşündürən başqa bir məsələ də odur ki, biz bəzən zəif tamaşaları alqışlamağa, uğursuz işləri uğur kimi təqdim etməyə öyrəşmişik. Premyera olur, güllər təqdim edilir, təbriklər səslənir, şəkillər paylaşılır və bununla da hər şey bitir. Amma heç kim soruşmur: Bu tamaşa sənətə nə verdi? Tamaşaçıya hansı fikri çatdırdı? Teatr tarixində hansı izi qoydu?
Məncə, teatrımızın ən təhlükəli xəstəliklərindən biri də məhz bu saxta məmnunluq hissidir. Hamı hər şeyin yaxşı olduğunu deyəndə, heç nəyi dəyişməyə ehtiyac qalmır.
Bu gün teatrlarımızda daha çox peşəkar müzakirəyə, sağlam tənqidə, yaradıcı rəqabətə və cəsarətli rejissor düşüncəsinə ehtiyac var. Teatr sadəcə aktyorun səhnəyə çıxıb mətn söylədiyi yer deyil. Teatr düşüncə hadisəsidir. Əgər səhnədə baş verənlər tamaşaçını sarsıtmırsa, sual verməyə məcbur etmirsə, onun düşüncəsində iz qoymursa, o zaman biz sənətin mahiyyətindən uzaqlaşırıq.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Teatrda intizam olmalıdır, amma intizam yaradıcılığı boğmaq üçün vasitəyə çevrilməməlidir. Rəhbərlik olmalıdır, amma rəhbərlik sənət üzərində hökmranlıq demək deyil.
Mən heç vaxt qəbul edə bilmirəm ki, hansısa teatr yalnız paytaxtdan uzaqda yerləşdiyi üçün yaradıcılıq baxımından ikinci dərəcəli hesab edilsin. Əyalət teatrı anlayışını qəbul edirəm, amma əyalət təfəkkürlü teatr anlayışını qəbul etmirəm. Çünki sənətin coğrafiyası ola bilər, düşüncəsinin isə sərhədi olmamalıdır.
Və nəhayət, biz tez-tez deyirik ki, tamaşaçı teatra gəlmir. Mən isə hesab edirəm ki, bu sualı verməzdən əvvəl özümüzdən soruşmalıyıq: Biz tamaşaçıya teatra gəlmək üçün hansı ciddi səbəbi vermişik?
Mən Azərbaycan teatrının gələcəyinə inanıram. Ancaq bu gələcəyi yalnız keçmişin şöhrəti ilə qurmaq mümkün deyil. Bunun üçün köhnəlmiş yanaşmalardan, saxta uğurlardan, sənətdən uzaq idarəçilik düşüncəsindən imtina etməliyik.
Çünki teatrın ölümü binanın bağlanması ilə başlamır. Teatrın ölümü səhnədə həqiqətin yerini yalan, istedadın yerini itaət, yaradıcılığın yerini isə qorxu tutanda başlayır.
Məncə, bu gün Azərbaycan teatrının ən böyük ehtiyacı yeni tamaşadan əvvəl yeni təfəkkürdür.
2. Hazırda Mingəçevir Dram Teatrındakı fəaliyyətiniz barədə danışardınız.
Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətimi davam etdirirəm. Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında hazırladığım “Ölümünüz xeyir!” tamaşası üzərində çalışırıq. Tamaşa magik realizm, fəlsəfi qrotesk və epik teatr elementləri üzərində qurulur. Əsas məqsədim insanın mənəvi ölümünü, vicdanın susmasını və qorxunun insan həyatına təsirini səhnə dili ilə ifadə etməkdir. İstəyirəm ki, bu tamaşa yalnız izlənilməsin, həm də tamaşaçını düşündürsün, onun yaddaşında müəyyən iz buraxsın.
3. Kino ilə teatrın fərqi nədədir?
Məncə, kino ilə teatrın hərəsinin öz yeri var. Bunları bir-biri ilə müqayisə edib hansının daha üstün olduğunu demək düzgün olmaz. Sadəcə, hərəsinin öz dili, öz imkanları var. Məsələn, kinoda rejissor kamera vasitəsilə tamaşaçıya nəyi göstərmək istəyirsə, onu göstərir. Teatrda isə tamaşaçı səhnəyə bütöv baxır, özü nəyisə görür, özü nəyisə kəşf edir.
Bir də teatrın maraqlı tərəfi odur ki, burada hər şey tamaşaçının gözü qarşısında baş verir. Eyni tamaşaya iki dəfə baxsanız, fərqli təəssürat ala bilərsiniz. Çünki aktyor da canlı insandır, onun həmin günkü ovqatı, zalın reaksiyası, hətta səhnədəki bir saniyəlik sükut belə çox şeyi dəyişə bilər.
Mən hər iki sənət sahəsinə böyük hörmətlə yanaşıram. Amma şəxsən məni teatrda daha çox cəlb edən onun sərbəstliyidir. Səhnədə bəzən bir əşya, bir hərəkət, hətta uzun bir sükutla çox böyük fikri ifadə etmək olur. Mənim üçün teatrın marağı da elə bundadır.
4. Əlisahib bəy, mütaliə edirsinizmi? Mütaliə edirsinizsə, kimləri oxuyursunuz?
Bəli, mütaliə edirəm. Düzdür, teatrla bağlı işlərim vaxtımın böyük hissəsini alır, amma çalışıram ki, mütaliəyə də kifayət qədər vaxt ayırım. Mənim üçün kitab oxumaq təkcə peşəmlə bağlı bir zərurət deyil, həm də şəxsi maraqdır.
Dünya ədəbiyyatından Dostoyevski, Kafka, Çexov, Şekspir, Kamyu, Bekket kimi müəlliflərin yaradıcılığına marağım var. Azərbaycan ədəbiyyatından isə Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, Yusif Səmədoğlu, Cəfər Cabbarlı və bir neçə müəllifin əsərlərini qeyd edə bilərəm.
Əslində, mən konkret bir ədəbi janra və ya müəllifə bağlı deyiləm. Bəzən klassik bir əsər oxuyuram, bəzən müasir bir müəllifin yazdıqları diqqətimi çəkir. İstedadlı yazıçılar çoxdur, sadəcə, onların hamısı eyni dərəcədə tanınmır. Elə əsərlər var ki, haqqında çox danışılır, amma oxuyanda gözlədiyini tapa bilmirsən. Elə əsərlər də var ki, heç bir gözlənti olmadan oxuyursan və sənə ciddi təsir edir.
Bir də düşünürəm ki, insanın mütaliə zövqü zamanla dəyişir. On il əvvəl böyük həvəslə oxuduğun bir əsərə bu gün tamam başqa cür yanaşa bilərsən. Çünki dəyişən təkcə kitab haqqında düşüncən deyil, həm də özünsən. Məncə, mütaliənin maraqlı tərəflərindən biri də budur.
5. Xarici teatrlarla Azərbaycan teatrlarını müqayisə etsəniz, onları ayrı-ayrılıqda necə dəyərləndirərsiniz?
Xarici teatr dedikdə, yəqin ki, dünya teatrını nəzərdə tutursunuz. Məncə, burada əsas məsələ hansı ölkənin teatrının daha güclü olması deyil, teatra necə yanaşılmasıdır. Dünya teatr təcrübəsinə baxanda görürük ki, bir çox ölkələrdə
yaradıcılıq axtarışlarına, yeni ideyalara və fərqli rejissor yanaşmalarına daha geniş imkanlar yaradılır. Ən əsası, teatrda risk etməkdən çəkinmirlər.
Azərbaycan teatrının isə özünəməxsus ənənələri, güclü aktyor məktəbi və kifayət qədər istedadlı sənət adamları var. Amma etiraf etməliyik ki, bəzən bu potensialdan lazımınca istifadə edə bilmirik. Müəyyən yaradıcılıq stereotiplərindən çıxmaqda çətinlik çəkirik.
Məncə, bizim əsas problemimiz istedad çatışmazlığı deyil, istedadın inkişafına şərait yaradan mühitin yetərincə formalaşmamasıdır. Dünya teatrından öyrənəcəyimiz çox şey var, amma məqsədimiz kimisə təkrarlamaq yox, özümüzə məxsus teatr düşüncəsini inkişaf etdirmək olmalıdır.
6. Mingəçevir ədəbi mühitində kimlərlə tanışlığınız var? Mingəçevir ədəbi mühitini necə qiymətləndirərdiniz?
Mingəçevirin ədəbi mühitini maraqlı və potensiallı hesab edirəm. Burada istedadlı, öz sözü və özünəməxsus düşüncə tərzi olan yaradıcı insanlar var. Xüsusilə dostumuz Elçin Məhərrəmin adını çəkmək istərdim. O, həm istedadlı gəncdir, həm də teatr sahəsində çalışır. Maraqlı pyesləri, şeirləri və özünəməxsus yaradıcılıq yanaşması var.
Nicat bəy, sizinlə də bir dəfə görüşümüz olub. Həmin görüşdə bir neçə şeirinizi səsləndirmişdiniz. Maraqlı yanaşmanız diqqətimi çəkmişdi. Düzdür, yaradıcılığınızla hələ geniş tanış deyiləm, amma bu tanışlığın davam etməsini istərdim.
Mingəçevir ədəbi mühitindən başqa bir neçə qələm adamının da adını eşitmişəm. Sadəcə, yaradıcılıqları ilə ətraflı tanış olmadığım üçün onlar haqqında geniş fikir bildirməyim doğru olmaz. Məncə, bir insan haqqında danışarkən onun yaradıcılığına yaxından bələd olmaq vacibdir.
7. Əlisahib bəy, gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
Bilirsiniz, mən gələcəyi çox uzaqda axtarmıram. Hazırda gördüyüm işin özü də gələcək planlarımın bir hissəsidir. Təbii ki, həyata keçirmək istədiyim layihələr, səhnədə görmək istədiyim əsərlər var. Amma düşünürəm ki, insanın qarşısına bəzən elə fürsətlər çıxır ki, əvvəlcədən qurduğu bütün planlardan daha maraqlı olur.
Mən istəyirəm ki, müxtəlif teatrlarla işləyim, fərqli yaradıcı insanlarla qarşılaşım, özümü yeni janrlarda və səhnə formalarında sınayım. Eyni zamanda, yalnız rejissor kimi deyil, bir insan kimi də inkişaf etmək istəyirəm. Çünki insanın dünyagörüşü dəyişmirsə, onun sənətində də bir müddətdən sonra təkrarlar başlayır.
Söhbətləşdi: Nicat Hunalp
