Edebiyyat.az » Söhbət » Vasif Ayanın məşhur “Yaramaz” filminin katibəsi, aktrisa Lalə Bağırzadə ilə müsahibəsi

Vasif Ayanın məşhur “Yaramaz” filminin katibəsi, aktrisa Lalə Bağırzadə ilə müsahibəsi

Vasif Ayanın məşhur “Yaramaz” filminin katibəsi, aktrisa Lalə Bağırzadə ilə müsahibəsi
Söhbət
admin
Müəllif:
19:11, 10 fevral 2022
2 968
0
Vasif Ayanın məşhur “Yaramaz” filminin katibəsi, aktrisa Lalə Bağırzadə ilə müsahibəsi





“Sözün düzü mən bilmirdim nə olacam, ancaq dəqiq hiss edirdim ki, İncəsənətin hansısa sahəsi ilə məşğul olmalıyam. Bu mənim yolum olacaq.”
    “Ceyhun Mirzəyev mənə zəng edib hirsləndi ki: “Lalə, sən mənim evimi yıxmaq istəyirsən?!”
V.A: Lalə xanım, gəlin sizi bir qədər yaxından tanıyaq. Lalə xanım necə oldu ki, aktrisalıq sənətini seçdı?
L.B: Bilirsən Vasif, aktyorluq məndə heç bir zaman hobbi olmayıb. Bu mənim sənətimdir. Mən peşəkar aktrisayam, və öz sənətimə hər zaman çox ciddi yanaşmışam. 1972 ci ildə, orta məktəbi bitirmişəm. Deməli, necə oldu mən aktrisalıq sənətini seçdim. Evdə heç kəs bilmirdi ki, mən İncəsənət İnistitutuna sənədlərimi vermişəm. ( o zaman universitet deyildi ). Özüm də rus sektorunu bitirmişdim, ancaq inistitutda təkcə Azərbaycan sektoru vardı. Azərbaycan dilində isə məişət səviyyəsində danışa bilirdim, söz ehtiyatım çox deyildi. Evdə valideynlərim deyinirdi, “Otur dərs oxu, bu gün sabah giriş imtahanları olacaq”. Əslisində anam istəyirdi ki mən Moskvada oxuyum. Mən də bunu istəyirdim və o zaman aktyorluğu oxumağı artıg qarşıma məqsəd qoymuşdum. Düşünürdüm ya VQİK-ə ya da GİTİS-ə sənədlərimi verim. Valideynlərim mənim aktrisa olmağıma heç bir zaman etiraz etməyiblər. İkisi də müasir düşüncəli insanlar idilər. Hər ikisi də geoloq idi. Atam bütün cavanlığını uzaq Şimalda işləyib. Düzdür, o müddətlərdə artıq atam yox idi, dünyasını dəyişmişdi. Ancaq anam qarşıma şərt qoydu ki, istəyirsən VQİK istəyirsən GİTİS, hansında təhsil alsanda, gedib qohumumuz Lida xala gildə qalacaqsan. O da Moskvada deyildi, Jukovski şəhərində yaşayırdı. Moskva ilə Jukovski arasında məsafəni elektriçka ilə iki saata getmək olurdu. Anama dedim ki, mən orda qala bilmərəm. Hər gün bu uzun yolu getmək çətindir. Mən də bütün tələbələr kimi yataqxanada qalaram, ya da mənim üçün ev tutacaqsınız. Anam isə deyirdi ki, “Ev tutsaq belə, sən tək qız uşağı, Moskva kimi şəhərdə necə qalacaqsan? Axı Moskva Bakı deyil.” Onda mən anamla razılaşdım ki, yaxşı, o zaman mən elə burda jurnalistikaya daxil olaram. Universitetin də rektoru o vaxtlar akademik Faiq Bağırzadə idi, Allah ona rəhmət eləsin. O bizim ailəmizə yaxın adam idi. Anamla AZİ-də bir kursda, bir grupda oxumuşdular. Gedib onunla danışdıq, Faiq müəllim dedi ki bu il jurnalistika fakultəsinin rus sektoruna gəbul yoxdur və məsləhət etdi ki, filologiya fakultəsini seçim. Sən bu il daxil ol filologiyaya, bir müddətdən sonra mən səni jurnalistikaya keçirərəm. 
Həsən Əbluc mənə deyirdi ki: “Lalə, sən ailə qura bilməyəcəksən...”
Bir dəfə küçə ilə gedirdim. Gördüm ki, böyük bir izdiham var. Axı o vaxt bütün ali məktəblərə imtahanlar təkcə avgust ayında götürülürdü. Allah Həsən Əbluca qəni-qəni rəhmət eləsin, Elnazın atasına. Həsən Əbluc Baba Salahovun qızı ilə evlənmişdi. Baba Salahov isə mənim böyük bibim gillə qapı qonşusu, həm də bir ailə kimi idilər. O, zaman da dəqiq yadımda qalmayıb Həsən Əbluc deyəsən nişanlı idi, ya da təzə evlənmişdi. Gəldim dedim ki, Firəngiz, bəlkə Həsənə deyəsən məni hazırlasın İncəsənət İnistitutuna. Dedi, deyərəm Lalə, ancaq evdə bilirlərmi ki, sən ora gedəcəksən? Dedim, yox e hec kəs bilmir. Bibimin də çox tünd xasiyyəti var idi. O vaxt mental dəyərlər nə qədər qabarıq olsa da belə, həmişə bibimin arzusu olub ki, mən Leninqradda oxuyum. Özüdə çox istəyirdi ki, rəssam-modelyer olum. O bilirdi ki mənim uşaglıgdan rəssamliğa həvəsim olub, doğrusu  bir balaca cızma qaram da var idi. Bibim isə respublikanın əməkdar memarı Tuğra Bağırzadə idi. Lənkəran, Şəki Teatrlarının proyektini bibim vermişdi, uzun illər Naxçıvanda Möminə xatun türbəsinin restavrasiyası ilə məşgul olub.  Deməli, mən Həsən Əblucla görüşdüm, ona bildirdim ki, mən İncəsənət İnistitutuna daxil olmaq istəyirəm. Həsən Əbluc dedi “Ay Lalə, sən nə danışırsan, Tuğra xanım bilsə məni yer üzündən silər”. Dedim Həsən, narahat olma, heç kim bilməyəcək, mən sənədlərimi gizlin verəcəm. Dedi: “yaxşı, ancaq sən gərək birinci mərhələ üçün bir dənə şeir, bir təmsil, bir etüd göstərəsən. Get nə istəyirsən seç mən sənə istiqamət verəcəm”. Mən də orta məktəbi rus dili üzrə bitirdiyim üçün yerli ədəbiyyatdan Səməd Vurğun və Mirzə Ələkbər Sabirdən başqa demək olar ki, heç kəsi tanımırdım. Həsən Əbluc mənə maşınkada çap olunmuş Səməd Vurğunun “Zamanın bayraqdarı” adlı poemasını verdi və dedi ki, bu səhifədən bu səhifəyə kimi öyrənib sonra gəlib mənə danışarsan görüm səndə necə alınır. Mən də gedib xəlvət öyrənib, gəlib Həsənə danışdım. Dedi: “Lalə, rus dili ləhcən qabarıq hiss olunur. Ancaq başqa bir məsələ var... Bax, mən sənə deyirəm Lalə, İnistitutu bitirəcəksən, nə ailə qura biləcəksən, nə elə çox obrazlar başından aşıb tökülməyəcək, intriqalar bu sənətdə çoxdur, bu sənətin öz çətinlikləri var...”
1972 ci ilin iyul ayı idi. Mən inistituta sənədlərimi verdim. Birinci gün imtahana girdim, indiki kimi yadımdadır,  qəbul imtahanında rəhmətlik Rza Təhmasib - aktyorluq kafedrasının müdiri, professor, sonra rejissorluq kafedrasının müdiri, SSSRi xalq artisti, professor Mehdi Məmmədov, Əzizağa Quliyev ( daha sonra o mənim səhnə danışıq müəllimim olmuşdu ) bir də musiqi üzrə imtahanı götürən səhv etmirəmsə xalq artisti Rəhilə Cabbarova idi. Kamisiyanın sədri  Rza Təhmasib idi. Təhmasib müəllim dedi qızım, sən nə vaxt bitirmisən məktəbi. Dedim bu il. Dedi evdə bilirlər sən sənətlərini bura vermisən? Dedim bəli bilirlər. Dedi nə hazırlamısan. Dedim Səməd Vurgundan “Zamanın bayraqdarı” poemasından bir hissə. Dedi buyur. Mən bir neçə cümlə dedim. Qətiyyən həyəcanlı deyildim. Təhmasib müəllim dedi, qızım adın nədir, dedim Lalə. Dedi, Nailə? Yaşlı idi, zəif eşidirdi. Dedim yox Lalə, və nədənsə  gülmək tutdu məni. Bir iki bənd demişdim ki, saxladılar. Soruşdular sən musiqi məktəbini bitirmisən? Dedim musiqi məktəbini yox, ancaq uşag vaxtı xareoqrafiya məktəbinə getmişəm. Dedilər ki: “O, zaman sənin ritmin, musiqi biliyin də yerində olar”. Sonra dedilər kifayətdir. Mehdi Məmmədovun da bir baxışı var idi. Qaşlarını çataraq, mənə diggətlə baxırdı. Ona baxanda ürəyimdə deyirəm nə acıqlı kişidir. Təhmasib müəllim nədənsə mənə dedi ki qızım sən get o biri imtahanlara da hazırlaş, sən inistituta daxil olacaqsan. Rza Təhmasib mənə belə deyəndən sonra sanki qanadlanaraq ordan çıxdım. Digər imtahanımız da ədəbiyyatdan idi. Mənə dedilər ki, kim ki, rus sektorunu bitirib, o rus ədəbiyyatından imtahan verəcək. İmtahana gəldim, Hibabə xanım, Allah ona rəhmət eləsin, mənə dedi ki: “Siz haranı bitirmisiniz?” Dedim, mən rus sektorunu bitirmişəm. O, mənə Lev Tolstoyun “Hərb və sülh” əsərindən qadın obrazı haqqında sual verdi. Bu sual da mənim üçün çox rahat bir sual idi. Çünki mən  həmi rus həmi gərb ədəbiyyatını çox yaxşı bilirdim. Çoxlu mütaliəm var idi.  Sonra o mənə bir sual da verdi, bu sualda fakt səhvi etdiyim üçün, o mənim səhvimi düzəltdi və 4 qiyməti aldım. 
V.A: Lalə xanım, siz özünüz imtahandan keçəcəyinizə inanırdınızmı?
L.B: Sözün düzü məndə elə bir gərginlik yox idi. Məndə heç vaxt “mandraj” deyilən şey olmayıb. İkinci imtahanı verdikdən sonra evə gəldim. Evdə də hər gün mübahisə gedir ki, otur dərslərini oxu, hazırlaş, əlinə bir kitab al. Dedim ki, narahat olmayın artıq inistituta daxil olmuşam. Dedilər, nə danışırsan, başın xarab olub? Nə inisititut? İmtahanlar hələ heç başlamayıb, səni kim götürüb? Dedim ki: “mən İncəsənət inistitutuna daxil olmuşam”. Çaşqın vəziyyətdə idilər, dedilər, sən axı jurnalistikaya gedəcəyini söyləyirdin? Anama dedim ki, o, nisyə söhbətdir, mən onu etsəydim bir il itirəcəkdim. VQİK istəyirdim, GİTİS istəyirdim, ancaq özümüzünkü də pis deyil ki. Nəsir Sadiqzadə, Ədil İsgəndərov,  Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təhmasib, Cahid Hilalov kimi sənətkarlar orda dəs deyirdilər. 
V.A: Lalə xanım, VQİK deyirsiniz, məsələn, siz ruslardan hansısa aktyoru özünüzə örnək götürüb, bu sahəni seçmişdiniz, yoxsa necə?  
L.B: Sözsüz. Nümunə götürdüklərim çox idi, həm öz aktyorlarımızdan həm də ruslardan. Mən o vaxt Həsənağa Salayevin sənətinə çox vurğun idim. Siz gənclər onu görməmisiniz. 
V.A: Bəli. Mən onu “Aygün” filmindən tanımışam.
L.B: Elədir, “Aygün”, “Onu bağışlamaq olarmı”... Mən səhnədə onun “Oktay Eloğlu”suna baxmışam.
V.A: Sonra, “Görüş” bədii filmi.
L.B: Onun “Sənsiz” tamaşasına baxmışam.
V.A: Bəs Lalə xanım, burda təhsil alandan sonra belə bir fikriniz olubmu ki, gedib Rusiyada yenidən təhsilinizi davam etdirəsiniz? Orada çalışmaq arzunuz olubmu?
L.B: Mən 3-cü kursda oxuyanda, bizim İnistitututda həm rus sektoru açıldı, həm də Bakıdan VQİK-ə birinci heyət getməli idi, məşhur pedaqoq Yevgeni Matveyevin kursuna. Bizim də o vaxt rektorumuz, rəhmətlik Rahib Hüseynov çox ciddi adam idi. VQİK-ə imtahan verənlərə deyirdi ki, gedin, bir söz demirəm, öz işinizdir, ancaq daxil olmasanız mən sizi təkrar geriyə götürməyəcəm. Bizimlə belə bir şərt kəsmişdi. Mən də fikirləşə-fikirləşə qalmışdım. Anam mənə dedi ki: “Lalə, yaxşı tutaq ki, sən getdin, axı Moskva boyda şəhərdə yenə də tək qalacaqsan, bayır-baca görməmiş bir qızsan. Necə olacaqsan?”  Sonra özüm düşündüm ki, lap tutaq ki, getdim, daxil oldum, 4-5 il oxudum. Sonra? Məni bəyəm Moskvada saxlayacaqlar? Oxudun, bitirdin, deyəcəklər ki, get öz respublikana. Həm də mən ailənin yeganə övladı idım, anamı tək goyub gedə bilmədim.
V.A: Niyə ki? Bəlkə orda qalıb teatrların birində işləmək olardı?
L.B: Bəlkə də. O da şans məsələsi idi. Elə şeyə mənim çox ümidim yox idi. Həmdə ki, mən artıq ikinci kursdan səhnədə idim. Onda bizim fakultənin dekanı rəhmətlik Ənvər Dadaşov məni yanına çağırıb dedi ki, rejissor Tofiq Kazımov zəng edib, get onunla mütləq görüş. Dedim, görəsən xeyirdimi? Dedi ki, Tofiq müəllim “Qılınc və qələm” əsərini hazırlayır, orda Qətibə obrazına gənc bir qız axtarır. Tofiq müəllim də eksperimentlər etməyi çox sevirdi. Dedim: “Ay Ənvər müəllim Qətibə roluna mən necə gedim axı, elə əzilib qalaram o boyda rolun altında”. Dedi, get danış gör nə məsələdir. Getdim,Tofiq Kazımovla görüşdüm, Tofiq müəllim mənə baxıb dedi ki, mən bu qızı tanıyıram. Dedim, Tofiq müəllim mən bu Qətibə obrazını istəmirəm axı? Dedi ay qız sakit ol, hələ sənə bu rolu verən yoxdur. Dedi, “Sən bizim hansı əsərlərdə məşğulsan?” O vaxtlar da Mirzə İbrahimovun “Kəndçi qızı” əsəri tamaşaya qoyulmuşdu. Məni isə bu tamaşaya rejissor Əşrəf Quliyev gətirmişdi. Dedi, o zaman tamaşanı təfil ver sonra, İnstitutu da bitirən kimi təyinatın olacag bura. Yəni Azdramaya. Elə də oldu. İnstitutu bitirən kimi təyinatım verildi Azdramaya. O, vaxt Azdramada çox gözəl kollektiv var idi, həm də çox güclü rejissorlar, aktyorlar orda işləyirdi. Mehdi Məmmədov, Tofig Kazımıv,  Ələsgər Şərifov, Ağakişi Kazəmov məşq edəndə, mən kulisdə otururdum, diqqətlə onların işinə baxırdım. Baxmayaraq ki kulis arxasi çox soyuq və tozlu idi. Ancaq mən maraqla onların iş prosesini izləyirdim. Onlar necə aktyorlarla işləyirdi.  Onlar həqiqətən çox nəhəng insanlar idi. Tofiq müəllimin isə estetikası isə tamam başqa cürə idi.
V.A: Hər biri məktəb idi ...
L.B: Bəli, hər biri məktəb. Adam cavan olanda dərk etmir ki, sən kimləri həyatda görmüsən. İnsan yaşa dolduqca dərk edir. Mən Hökümə Qurbanova ilə, Barat Şəkinskaya ilə, Ağasadığ Gəraybəyli, Nəcibə Məlikova, Mirvari Novruzuva, Əliağa Ağayev, Fateh Fətullayev, Məlik Dadaşov, Məmmədrza Şeyxzamanov kimi nəhənglərlə bir səhnəyə çıxmışam. Hələ Fuad Poladovu, Kamal Xudaverdiyevi, Hamlet Gurbanovu,  Səməndər Rzayevi, Şəfigə Məmmədovanı, Səfurə İbrahimovanı,  Hamlet Xanızadəni, Zərnigar Ağakişiyevanı, Vəfa Fətullayevanı  demirəm.  İndi tam əminliklə deyə bilərəm ki, belə sənətkarlarla səhnədə partnyor olmag özü böyük şansdir hər bir aktyorçun.  Səhnədə mənim ilk tərəf müqabilim Fuad Poladov olub.  Təsadüf elə gətirib ki, biz sonralar da bir sıra tamaşalarda tərəf müqabili olmuşuq, və artıq hər bir mimikamızı, hər bir intonasiyamızı, necə deyərlər, havadan tuturduq – bu bizim sənətdə ən vacib amillərdən biridir və aktyor üşün uğurun yarısı deməkdir. Fuad Poladov kimi öz işində son dərəcədə ciddi, son dərəcə məsuliyyətli nəhəng bir sənətkarla səhnədə tərəf mügabil olmaq hər bir aktyor üçün boyük xoşbəxtlik və eyni zamanda böyük məktəb deməkdir.
V.A: İndi baxanda daha qiymətli, daha dəyərli görünür, elədir?
L.B: Təbii ki. Təsəvvür et ki, mən 90 yaşlı Ağasadıq Gəraybəyli ilə bir səhnədə oynamışam, Cəfər Cabbarlının “Sevil” tamaşasinda mən Gülüş rolunda o isə mənim atamı oynayırdı. O, Gəraybəyli idi ki, mən onu canlı əfsanə sayirdım.  
“ Anam dedi ki, Lalə, sənə Eldar Ryazanov zəng eləmişdi...”
V.A: Bu Teatrla bağlı olan məqamlar, xatirələr idi. Gəlin bir qədər də kinodan danışaq.
L.B: Deməli, ikinci kursda təhsil alandan, Azərbaycanfilm Kinostudiyasında hansı filmin sınaq çəkilişləri olurdu məni həmişə dəvət edirdilər. Həmişə, mən də kinoya çəkiləcəyəm deyə çox həvəsli idim. 1,3,5, 10 – çoxlu sınaq çəkilişləri gedirdi, ancaq məni filmlərə dəvət edən yox idi. Sonra mənə izah etdilər ki, hər sınaq çəkilişi film çəkmək demək deyil, onların əksəri sadəcə plan doldurmaq üçündür ki, gün ərzində neçə aktyor dəvət olundu, kastinqlərdən keçdı və s. Deyirdilər ki, siz də tələbəsiniz və bunlardan keçməlisiniz. Ancaq bəzən də mənə deyirdilər ki, səni çəkmək üçün gərək yuxarıdan zəng edib tapşırdalar. Bir dəfə teatrda işləyəndə hansısa tamaşanın məşqi idi. Aktisa Şükufə Yusupova mənə dedi ki: “Lala, Vaqif tebya işit”. Deyirəm, “Kakoy Vaqif?” Dedi, “Mustafayev”. O zamanlar Vaqiflə tanışlığım var idi. Şükufə dedi ki, “O, sənə zəng edir, tapa bilmir səni.” Bizim şəhər telefon nömrəmiz də dəyişmişdi. Mən nömrəmi yazdım verdim Şükufəyə. Dedi, mən ona sənin nömrəni verərəm. Axşam da Azrama da tamaşam var idi. Evə də çox yorğun gəlmişdim. Anam da dedi ki, Lalə, sənə bir nəfər zəng etmişdi, adını deyəsən Eldar Ryazanov dedi. Təəccüblə anama baxıram. Deyirəm, “Eldar Ryazanov məni hardan tanıyır? O mənə niyə zəng edib ki?” Deyir, bilmirəm o idi, yoxsa kim idi, ancaq çox emosinal, canfəşanlıqla danışırdı. Yadimda galan təkcə Eldar Ryazanovun adı oldu. Deyirəm bəlkə Vaqif Mustafayev olub? O, Eldar Ryazanovun tələbəsidir, bəlkə onun tələbəsi olduğunu deyərək sənə özünü təqdim edib. Anam dedi ki, ola bilər. Ancaq ona sənin tamaşanın olduğunu, gec gələcəyini söylədim. O, vaxtlar elə idi, tamaşalar 8 də başlayardı. Mən də evə 12 üçün güclə gəlib çatırdım. Bu söhbətdən bir az keçmiş Vaqif Mustafayev zəng elədi. Dedi: “Lalə mən film çəkirəm, sən gəl, mən səni çəkmək istəyirəm. Deyirəm, axı sən məni necə çəkəcəksən, heç bir kastinq olmayıb. Dedi, sən gəl mən sənə ssenarini təqdim edəcəm. Baş rolların birində səni çəkəcəm. Mənə də çox qəribə gəldi ki, bu necə olur məni birbaşa baş rola çəkir. Səhəri gün məşqdən sonra getdim Kinostudiyaya. Vaqif mənə ssenarini verdi. O, ssenari indiyə kimi hələ də məndə evdə qalır. Vaqif Mustafayev dedi, bunu oxu. Ssenari də kimin olsa yaxşıdır - Ramiz Fətəliyevin – mənim ən çox sevdiyim dramaturglardan biri.  Hətta bir dəfə onun pyesi əsasında hazırlanmış “Vəkil neyləsin?” tamaşasında kiçik bir roldada çıxış etmişəm – poçtalyon Vera. Ssenarini oxudum. Düşündüm ki, bu mənim kinoda debütüm olacaq. Mən niyə risk edib baş rolu götürüm. Həm də burda əsas obrazda qadın yox, kişi qəhrəman daha çox gözə çarpır. Təbii ki, söhbət “Yaramaz” filmindən gedir. Bu filmdə heç “Maşallah” obrazına çəkilən aktyor Yaşar Nurinin də rolu əsas deyildi. Əsas rol “Hətəmin” - Mamuka Kikaleyşvilinin idi. Vaqif Mustafayevə dedim ki, bu çox gözəl ssenaridir. Birnəfəsə oxumuşam. Sən də çox istedadlı rejissorsan, bu filmi yaxşı da çəkəcəyinə əminəm. Gəl sən mənə ordakı katibə obrazını ver. Düzdür onun da sözü az idi:  “Zvanit narodniy artist Balayev-Balayan” yadınızdadırsa. Dedi bəs o biri obrazı istəmirsən? Dedim, yox bu daha çox mənə uyğundur. O obraza isə, o vaxtlar bir aktrisa var idi, Zöhrə Şirinova, onu Vaqif Mustafayevə məsləhət bildim. Səhərisi gün Vaqif zəng etdi ki: “Lala ti papala v desyatku. O, obraz sanki elə o aktrisanın boynuna biçilib”. Həmin obraz da filmdə Yaşar Nurinin xanımı obrazı idi. Sonra çəkilişlər başladı, mən öz səhnələrimə çəkildim. Bitdi. Sonra Vaqif yenə zəng etdi ki, sabah çəkiliş var, gəl. Dedim axı mənim səhnələrim bitdi. Dedi yox, Ramiz Fətəliyev sənin oyununu bəyənib, əlavə epizodlar artırıb. Sonra bu obrazım bir qədər də genişləndi. Bu zamana kimi ömründə kinokamera görməyən, çəkiliş meydançasında iştirak etməyən bir aktrisa idim. O, dövrdə filmləri Moskva təsdiq edirdi. Moskvadan Vaqif gil qayıdandan sonra, mənə dedi ki: Lala bütün Qoskino səndən danışırdı. “Vot eto sekretarşa, armyanskaya aktrisa?” Onlara deyrdik ki, yox e, o, erməni aktisası deyil, bizim öz aktrisamızdır. Deyirdilər, “Ocen kalaritnaya”- bir sözlə çox bəyəniblərmiş oyunumu. Bilirsiniz ki, o film daha sonralar nə qədər festivallarda birinciliklər əldə etdi, mükafatlar qazandı. Odessa, Rio De Janeyroda, San Fransiskoda,  Odessada, Bolgariyada… bütün dünyanı gəzdi “Yaramaz” filmi. 
V.A: Lalə xanım, bir neçə il öncə mən “Yaramaz” filminin 25 illiyində də iştirak etmişdim.
L.B: Mən də həmin tədbirdə iştirak etmişəm.
V.A: Bəs 1988 ci ildə bu fil çəkilərkən, sizin tərəf müqabilləriniz olmuş, Mamuka Kikaleyşvili ilə, Həsən Turabov ilə çəkilişlər zamanı hər hansl bir maraqlı xatirələriniz olubmu? 
L.B. Maraqlı situasiya deyəndə, Turabov daha o vaxt Turabov idi də, nə qədər filmlərə çəkilmişdi. 
V.A: O zaman yaxın tanışlığnız var idi hə Turabovla?
L.B: Əlbəttə. Biz elə Həsən Turabov ilə teatrda bir yerdə işləyirdik və həmin ərəfədə o teatrın drektoru idi. Mən həmişə onun xətrini çox istəmişəm, elə o da mənim xətrimi çox istəyirdi. Düzdü daha sonralar aramız dəydi, bir balaca inciklik oldu aramızda. Çox təəssüf ki, dünyasını dəyişənə kimi də münasibətlərimiz düzəlmədi...
V.A: Lalə xanım, mənə görə, Həsən Turabovun yaradıcılığnda onun ən sevdiyim obrazı “Yaramaz” filmindəki Qəzənfər Mamedoviç obrazıdır. Filmdə Turabovun öz iş masasının üzərinə hoppanması səhnəsi var idi. Deyilənə görə onun ayağının altına nəsə qoyublarmış ki, o öz kreslosunun üzərinə rahat atlana bilsin. Düzdür?
L.B: Bəli, tramplin kimi bir şey var idi. Çünki Turabov deyird ki, belim ağrıyır, atlana bilməyəcəm. Amma sonra atlana bildi. Mənim gözümün önündədir o səhnələr. 
V.A: Sizin çəkilişlər neçə gün çəkdi?
L.B: Bir neçə müddət çəkildi. Axı Ramiz Fətəliyev əlavələr edirdi. 
V.A: Sizin Mamuka ilə bir səhnəniz var. Orda o sizin üzərinizə bağırır və siz ağlayırsınız. O səhnəcik çox maraqlı alınıb. Ümumiyyətlə Mamuka ilə tandeminiz necə alınırdı? Yəqin ki, o zamana kimi bu aktyoru tanımırdınız.
L.B: Elədir. Mamuka Kikaleyşvilini bu filmə kimi tanınmırdı. Onu biz məşhur etdik bu “Yaramaz” filmi ilə. Mamuka Kikaleyşvili Sovet ekranına Azərbaycanfilmdən gəldi. O, əvvəl Sanço Panso oynamışdı, o obraz da Mamuka üçün elə də yaddaqalan obraz deyildi. Onu da deyim ki həmin o dediyin kadr “Sovetskiy ekran” jurnalında çap olunmuşdu, o illər bu jurnal çox populyar idi, və hamı zəng edib, məni təbrik edirdi.
V.A: Bu filmdəm sonra onun üçün yollar açıldı, bir neçe filmə də çəkildi.
L.B: Hə, elədir. Bu filmdən sonra, ard-arda bir neçə filmlərə çəkildi. Əslində o obraz Səməndər Rzayev üçün yazılmışdı. Qismət olmadı ona. O vaxt o xəstəxanada idi. Vaqif gözlədi, gözlədi. Sonra artıq məcbur oldu, aktyor axtarışına çıxdı və Mamukanı dəvət etdi. Mamuka da bu obrazın haqqını verdi, çox çox gözəl oynadı. 
V.A: Mərhum aktyorumuz Həsən Əbluc da onu çox gözəl dublaj edib.
L.B: Bəli. Həsən Əbluc o obraza öz səsi ilə doğmalıq qatıb.
V.A: Bu filmdən sonra Mamuka Kikayleyşvili ilə heç əlaqəniz oldumu?
L.B: Bu filmdən sonra, onunla bir dəfə tədbirdə görüşmüşdük. Filmlə bağlı deyildi. Səhv etmirəmsə Gürcüstan səfirliyinin tədbiri idi, orada görüşmüşdük. Sonra bir daha heç rast gəlmədik. Bir az keçəndən sonra da eşitdim ki, rəhmətə gedib. Mən çox pis oldum. 
V.A: 2000 ci ildə...
L.B: Bəli. Mamuka çox cavan idi. O, Sanço Panso roluna görə özünü kökəltmişdi. Dedim Mamuka çox kökəlmisən, ziyandır. Dedi, Yox, bu obraza görə belə kökəlmişəm. İstədiyim zaman, özümü arıqladacam.  Dedim sənə çətin olacaq. 
V.A: “Yaramaz”ın yubileyində, mən Paşa Qəlbinurdan eşitdim ki, Mamuka hansısa filmə çəkilmək üçün ağzında olan  bütün dişlərini çıxartdırıbmış. 
L.B: Bəlkə də, ola bilər. Düzü bu haqda məlumatsızam. Filmin çəkilişi zamanı bir əpizod yadıma düşdü. Deməli Mamuka üstümə “Kak tı mojeş tak qovarit, kak tı mojeş?!” deyə bağırır. O səhnədə mən ağlamalıydım, ancaq çəkiliş zamanı məni gülmək tutmuşdu. Səhnəyə fikir versəniz mən gülərkən əlimlə üzümü gizlətməyə çalışıram. Filmdə bu epizodu Vaqif Mustafayev verəndən sonra ondan soruşdum ki, Vaqif nə əcəb bu dublu filmə salmısan, axı mən orda obrazdan çıxmışam, gülürəm. Deyir, mənə elə bu cür lazım idi. Mənə sənin gözlərinin gülməyi vacib idi. O səhnədə sənin qəhrəmanın axı özünü yalandan rəhbərlərinə göstərən katibə obrazı idi. Guya keçmiş drektorunun işdən çıxması səni çox sarsıdıb, onun vəzifəsini itirməsi sənin üzür, sən də canfəşanlıq nümayiş etdirirsən, yalandan ağlayırsan. Ancaq eyni zamanda yeni gələn drektoruna da yaltaqlanmağı unutmursan. Mənə sırf bu cür, yalançı ağlamaq lazım idi. Bir dəfə Yaşar Nuri də mənə yaxınlaşdı ki, “Lalə səni təbik edirəm, gözəl oynamısan”. Dedim, əşşi onsuzda mənim səhnələrimin əksərini yəqin ki kəsib doğrayacaqlar. Yaşar dedi ki ki: “Yox, heç nəyi kəsməyiblər, heç bir kadra dəyməyiblər, hər şey yaxşıdı”. Sonra Nizami Kinoteatrında kinonun təqdimatı keçırildı. Anşlaq idi. Təsəvvür et ki, Mərkəzi Komitəyə bilet vermişdilər, biri də geri qayıtmamışdı. Basa-bas idi, Nizami Kinoteatrının hər tərəfində adam əlindən tərpənmək olmurdu. Bütün heyət orda idi. Çox təmtəraqlı təqdimat keçdi. Sonra da film bütün festivallarda iştirak etdi. “Zolotoy dyuk” mükafatı aldı, Vaqif mənə zəng edib demişdi. “Yaramaz” filmi bir çox mükafatlara sahib oldu. 
“Kino aktrisası kimi məni Vaqif Mustafayev kəşf edib...”
V.A: Vaqif Mustafayev özü də tələbkar rejissor idi, aktyorlarla yaxşı işləməyi bacarırdı, elədir?
L.B: Vaqif aktyorları oynada bilir, amma onda aktyorları oynatmaq ehtiyacı da yaranmır. Nə üçün? Çünki o sənə o rolu veribsə, bəlkə də sən özün özünə inanmırsan ki, yox e bu mənim obrazım deyil. Ancaq Vaqif Mustafayev sənə deyir ki, sən gəl çəkil, sonra ekranda özünə baxarsan gör bu rol səninkidir yoxsa yox. Vaqif özü bir istedaddır. 
V.A: Mən onu televizyaçı kim yox, ancaq rejissor kimi çox sevirəm. Məsələn, siyahi tərtib etsəm “Yaramaz” filmini birincilikdə görərəm. 
L.B: Hər halda mən az filmə çəkilsəm də, ( 6-7 ) mənim kinoaktrisa kimi tanıdan, kəşf edən “Yaramaz” filmi olub və Vaqif Mustafayev olub. Düz 10 il ərzində elə bir film olmasın ki, məni kinostudiyaya fotoprobaya, kinoprobaya dəvət etməsinlər. Vaqif isə məni heç bir kastinq olmadan, birbaşa kinoya çəkdi. Mən ona deyirdim ki, yox e mən tamaşada daha çox rahatam,  heç bir zaman filmə çəkilməmişəm, görəsən necə olacaq? Dedi, “Ya tebye qavaryu, tı menya daveryayes? Vsyo. Narahat olma.”
V.A: İndi Vaqif Mustafayev ilə münasibətiniz varmı?
L.B: Çox gözəl,  o mənim üçün ilk uğurlu kino debütumun müəllifi kimi və bir dost kimi əzizdir. 
V.A: Bu filmdən sonra “Fəryad” filminə çəkildiniz yoxsa?
L.B: Yox. Deməli, bir dəfə mən kinostudiyanın həyəti ilə gedirdim. Gördüm ki, Cəfər Cabbarlının heykəlinin yanından rejissor Nizami Musayev qaça-qaça gəlir. Nizami “Yaramaz” filmində ikinci rejissor idi. Əlində ssenari var idi. Dedi, ay Lalə elə mən səni axtarırdım, al bu ssenarini, bunu oxuyarsan. Dedi, oxu, orda özün öz obrazını tapacaqsan. Ssenarini kimin yazdığını soruşdum. Dedi, Ramiz Fətəliyev və Rovşən Ağayev. Dedim, eyni zamanda Ramiz Fətəliyev bu proyektin bədii rəhbəri idi. Vəssalam, ona söz yoxdur! Gecə yatmaram, amma onu oxuyaram ( gülür ) Elə orda bir iki səhifə oxumuşdum ki, ssenari məni tutdu. Bu “Lətifə” filminin ssenarisi idi. Oxudum, bitirdim, gəlib Nizami Musayevə dedim ki, Nizami bu şedevrdir. Dedi, bəyəndinmi? Dedim əladır e ancaq bunu sənə çəkməyə icazə verəcəklər? Sovet dövrü idi. Dedi narahat olma, bu kamersiya filmi olacaq. Sponsorlu film olacaq, dövlət hesabına çəkilməyəcək. Dedi, öz obrazını tapa bildinmi, çəkilməyə razısanmı? Dedim əlbəttə. Dedi Ramiz Rimma obrazını elə sənin üçün yazıb. “Lətifə” filmini Nizami Musayevlə rejissor Yefim Abramov birgə işləyiblər. 
1989 cu il idi. 1990-cı il hadisəsinə az qalmışdı. Biz yalnız sonralar anladık ki, əslində “Lətifə” filmində 1990 cı ilin hadisələrini dəgig prognozu verilmişdir. İlk çəkilişlər mənim çəkildiyim səhnələr idi. “Qoşa-Qala” qapısının yanında çəkilmişdi. Orda o zaman ASPS deyilən dir idarə var idi, həmin idarənin binasında çəkilişimiz başladı. İdarənin işçiləri də binaya tez-tez girib-çıxırdılar və sözsüz ki, görürdülər ki, burada film çəkilişləri gedir. Onlardan da kimsə bizim filmin mövzusundan xəbər tutmuşdu, gedib rəhbərliyə demişdilər ki, bu film bütünlüklə Sovet əleyhinə hazırlanmış bir film olacaq. Sonra bizə gəlib dedilər ki, burdan elə gedin ki, heç iziniz tozunuz da qalmasın. Biz də şələ-şüləmizi yığışdırıb çıxdıq ordan. Sonra kinostudiyanın pavilyonunda lift səhnələrini çəkməyə başladıq. O vaxtlar da kinostudiya buz kimi idi. Atopleniyalar işləmirdi, su gəlmirdi. İçəri soyuq idi. O, film bir çətin şəraitdə çəkildi ki. Ancaq böyük həvəslə, ləzzətlə çəkilirdik. Yaşar Nuri, Əjdər Həmidov və mənim lift səhnəm çox maraqlı alınmışdı. Mənə nədənsə daha çox maraqlı idi Əjdərlə işləmək. Əjdər ümumiyyətlə çox həssas aktyor idi. Və beləcə “Lətifə” filmi çəkildi. Filmin təqdimatı əvvəl aktyor evində sonra isə Nizami Kino Teatrında baş tutdu. Necə ki, mitinqlər olur e, o qədər adamlar gəlmişdi. Adminstrator bizə dedi ki, mən bu qədər izdihamı ancaq hind filmləri nümayiş ediləndə görmüşəm. Sonralar “Yaramaz” və “Lətifə” filmləri Moskvanın Mərkəzi televiziyası ilə gostərdilər və mənə Moskvada yaşayan bir çox həmyerlilərimiz zəng edib öz sevinclərini və təbriklərini çatdırdılar.
V.A: Özüdə bu filmdə maraqlı aktyor ansamblı var idi. Ceyhun Mirzəyev, Rasim Balayev, Muxtar Maniyev, Aleksandr Şarovski..
L.A. Bəli, çox gözəl aktyorlar toplanmışdı. Sonra Nizami bu filmi Krasnodara Qorbaçovun vətəninə apardı. Baxışdan sonra Mixaıl Qorbaçovun qəzəblənmiş həmvətənləri “Lətifə” filminin süjetindəki siyasi çıxışları görüb tələb etdilər ki, filmin yaradıcıları 48 saat ərzində Krasnodar ərazisini tərk eləsinlər.
Təqdimatdan sonra “Lətifə” filmi iki il rəfdə qaldı. Bu vaxt ərzində o, 2,5 milyon rubla satıldı. Analogiya aparmaq istəməzdim, amma qeyd edim ki, həmin vaxt Tarkovskinin filmi 300 min rubla satılmışdı və bu, böyük məbləğ hesab olunurdu. Bu haqda “Sovet mədəniyyəti” qəzeti yazmışdı. Bizim uğur haqda isə Moskva nədənsə susurdu.
V.A: Demək olar ki, bu filmi nadir hallarda efirdə göstəriblər.
L.B: Təəsüf ki bu belədir, halbuki bu filmi məndən çoxları soruşur, hətta indiki gənclərdə, baxmayarag ki o film ekranlarda olanda onların çoxu hələ dünyaya gəlməmişdi. Yeri gəlmişkən, bu il “Lətifə” filminin 30 illik yubileyidir. Doğrudur rəsmi səviyyədə bu heç kimin yadına düşmür, lakin filmin tamaşaçı auditoriyası heç də azalmayıb, və bu da bizim üçün böyük mükafatdır.  Mən tam əminlik ilə deyə bilərəm ki, bu film hər zaman müassir səslənəcək. Bu filmdə mənim qəhrəmanım Rimma KQB nin agenti və erməni cəsusudur. Ona tapşırılmışdı ki, iki nəfər azərbaycanlı – birinin əlində portfel - liftə minəcək. Portfeldə bomba var və o bomba mütləg partlamalıdı. Və yadındadırsa, ssenaridə çox gözəl geyd olunub ki, bu millətin nəyinki lifti, heç bombaları da düz əməlli işləmir. (gülür) 
Bundan sonra isə mən çəkildim Əbdül Mahmudovun Natiq Rəsulzadənin əsəri əsasında çəkdiyi “Gecə qatarında qətl” filmi oldu. Bu filmdə Fəxrəddin Manafovun baş rolda çəkilmişdi. Mənim də obrazım epizodik idi. Daha sonra Cahangir Mehdiyevin çəkdiyi “Girişmə, öldürər” filminə çəkilmişəm, rəhmətlik Tələt Rəhmanovla birgə. O filmdə də balaca obraz idi. Sonra rəhmətlik Ceyhun Mirzəyev mənə zəng elədi ki, Lalə səni filmə çəkmək istəyirəm. “Fəryad” filminə. Ssenari hazırdır. Baş rollardan biridir. Ceyhun dedi ki, filmdə iki ana xətt var idi. Kişi baş rolunu Məlik Dadaşov oynayacaq, qadın baş rolunu isə sən oynamalısan. Burda sən erməni müəllimə obrazındasan – Klara Şagenovna, Məlik Dadaşov da həmçinin erməni obrazıdır. Gəldim ssenarini oxudum. Dedim Ceyhun çox gözəldir. Allah Ceyhuna rəhmət eləsin, çox gözəl insan idi. Mənə dedi gəl prob üçün sənin bir neçə şəklini çəkək. Onda da qayda var idi, foto çəkilməli idi. Yəni sonra deməsinlər ki, yoxlamadan, kastinq edilmədən çəkilib. Yadımdadır gedib mənim üçün rəssam Rafiz İsmayılovun eynəyini gətirdilər. Eynəyi taxıb, saçımı başqa formada yığdım. Dedilər səndə əsl erməni sifəti alındı. Sonra axşam zəng elədilər ki, sabah səhər 5 nömrəli xəstəxananın zirzəmisində ilk çəkiliş günümüzdür. Neçə vaxtdı çəkilmirdim deyə çox darıxırdım kino üçün. Eyvana tez tez çıxırdım ki, indi çəkiliş qruppasının maşını gəlib məni götürəcək. Elə bu zaman anam mənə dedi ki, Lalə, mənə su ver, dərman içim. Diqqətlə baxdım, gördüm anamın vəziyyəti dəyişdi, danışa bilmir, başa düşdüm ki, onu iflic vurub. Tez təcili yardım çağırdım. Həkimlər gələndən sonra dərhal zəng etdim Ceyhun Mirzəyevə ki, vəziyyəti ona başa salım. Telefonu işçilərdən biri götürdü. Dedim, Ceyhuna təcili deyin ki, mən çəkilişə gələ bilmirəm, anamın vəziyyəti yaxşı deyil. O, da deyəsən içkili olduğu üçün, gedib Ceyhuna deyib ki, Lalə roldan imtina edib. Bir də gördüm Ceyhun Mirzəyev mənə təlaşla zəng edib: “Sən nə edirsən, Lalə? Evimi yıxmaq istəyirsən? Niyə çəkilişdən imtina etmisən? Biz axı sənlə danışmışdıq axı!” Dedim: “Ceyhun nə danışırsan, mən imtina etməmişəm axı. Sənə birinci gündən demişdim ki, bu ssenarini mən çox bəyənmişəm. Burda nəsə anlaşılmazlıq olub”. Başa saldım ki, məni düz başa düşməyiblər, məlumatı sənə düz çatdırmayıblar. Sadəcə anamın başına belə hadisə gəldiyi üçün çəkilişə gələ bilmirəm”. Ceyhun Mirzəyev məni anladı. Beləcə o filmə də anam xəstə olduğu üçün sadəcə epizodik obraza çəkilmişəm. Əslində ssenaridə mənim səhnələrim Məlik Dadaşovun səhnələri ilə eyni, paralel şəkildə idi. Mənlə telefon danışığında Ceyhun Mirzəyev mənə dedi ki: “Lalə, yaxşı, mən səni bir həftə gözləyəcəm”. Ancaq sonra o bir həftə oldu 10 gün anam isə daha da pisləşirdi. Ceyhun yenə zəng elədi. Dedim: “Ceyhun, vallah məndə alınmır. Qadını bu vəziyyətdə tək qoya bilmərəm”. Onda Ceyhun dedi ki, gəl heç olmasa bir epizod səni çəkim. Dedim bəlkə, başqa aktrisa çəkəsən? Dedi: “yox, bu rolda mən ancaq səni görürəm və səni də çəkməliyəm”. Razılaşdım, gedib bir epizod çəkildim. Sonra Ceyhun mənə yenə zəng etdi ki, bəs necə edək, mən axı səni yenə çəkməliyəm. Dedim, Ceyhun inan ki, məni səndən daha çox yandırır obrazımın bütün səhnələrinə çəkilməməyim. Obraz həqiqətən geniş idi, maraqlı idi, ancaq nə edim. Sonra Ceyhun Mirzəyev məni gəlib apardı çəkilişə, elə bir gündə iki epizoduma da çəkildim. Çəkilişlər yenə də həmin xəstəxananın zirzəmisində idi. Sonra filmin ssenarisindən Ceyhun ana xətti, mənim səhnələrimi çıxardı. Təəssüf o filmi özü görmədi. O filmi Vaqif Mustafayev yekunlaşdırdı. 
Hətta sonralar da Mehriban Ələkbərzadənin filmində çəkilişlərim də elə eyni şəraətdə keçib. 
V.A: Mehriban Ələkbərzadənin hansı filmi idi?
L.B: Filmin adı “Güzgü” idi. 
V.A: Mənim ənənəvi sualım var sizə, Lalə xanım: Sovet filmlərindən hansı filmi bəyənirsiniz, hansısa məşhur Sovet aktyoru ilə görüşünüz olubmu? Sevdiyiniz hansısa aktyor varmı? 
L.B: Çoxdur. Saya-hesaba gəlməz. İdeal deyə bilmərəm, hər aktyorun öz yeri var mənim üçün. Məsələn, Yevgeni Leonovu necə sevməmək olar? Yevgeniya Simonova bizim zamanlarda gənc idi. Onu bəyənirəm. Sonra Marina Neyolovanı necə mən sevməyim? Faina Ranevskayanı necə sevməyim? Mənə elə gəlir bütün dünya Ranevskayanı sevir. Nonna Mordyukovanı, Aleksandr Poroxovşikov, Georgi Vitsini, Aleksandr Abdulovu necə sevməyəsən axı? Alisa Freyndlixi, Tatyana Samoylovanı necə sevməyim? O qədərdilər ki. Onların hərəsi bir məktəbdir!
V.A: Onların hər hansısa biri ilə görüşmək imkanınız olubmu, yaxud tamaşalarını izləmisinizmi?
L.B: Yox, görüşüm olmayıb. Ancaq tələbə vaxtı biz Sankt-Peterburqa getmişdik, o vaxt hələ Leninqrad idi. Yaxontov adına bədii qiraətçilərin müsabigəsi keçirilirdi. Tələbə idik, çıxışlar edirdik. Mən orda Vasili Lanavoyu gördüm. O, vaxtlar da Lanovoyun yaxşı vaxtları idi. Hardasa 1970 ci illərin ortaları idi. Yəqin ki, Lanovoyun o vaxt təxminən 45 yaşı olardı. Frunzik Mıkırtıçyanı da görmüşəm. 
V.A: Lalə xanım, sözün düzü etiraf edək ki, Cigərxanyan, Frunzik Mıkırtıçyan erməni aktyorları olsalar da kino tarixinin nəhəng aktyorları hesab olunurlar, bunu danmaq olmaz.
L.B: Belə bir söz var: “Kino  kosmopolitik sənətdir” yəni ki, burda aktyorların milliyəti əhəmiyyət kəsb etmir. Məsələn, Yefim Kopelyan var idi. Onun necə möhtəşəm dublaj səsi var idi.
V.A: “Baharın on yeddi anı” filmini səslənidrən...
L.B: Bəli, “Baharın on yeddi anı” filminin kadrarxası səsi. Mən həyatda Frunziklə qarşılaşmışam. Sovet dövründə hətta onun pərəstişkarı da olmuşam. 1982-83 cü illərdə Yerevana teatr festivalına getmişdik, oturub kofe içirdik. O zaman kişilər uzun qara layka plaşlar geyinirdi, bu plaşlar dəbdə idi. Bir də gördük qapıdan həmin o plaşda Frunzik içəri girdi. Biz gözlərimizə inanmırdıq. Hamımız heyrətlə ona baxırdıq. O, da bizə baxıb gülümsünürdü. 
V.A: Ən sevimli Sovet filminiz hansıdır?
L.B: Yenə də qeyd edirəm çoxdur. Məsələn, “Məhəbbət və göyərçinlər” filmi. O, filmdəki aktrisa Nina Doroşina, bu yaxınlarda rəhmətə getdi. Necə gözəl aktrisa idi. Sizə bir şey deyim, məsələn mən “Baharın on yeddi anı” kimi populyar seriala bir dəfə də olsa axıra kimi baxa bilməmişəm. 
V.A: Maraqlıdır, niyə?
L.B: Əsas səbəb odur ki, o vaxtlar çox tamaşalarda oynayırdım, məşqlərə hazırlaşırdım. Gah yorğun gəlirdim, gah da serialın yarısına çatırdım. Seriala da əvvəldən baxmayanda mənası olmur. Bir dəfə axıra kimi baxdığım çox gözəl çəkilmiş ingilis serialı olmuşdur “Saga o Forsaytax” Jon Golsuorsinin romanı əsasında. 
V.A: Lalə xanım, bəs əksər filmlərdə erməni obrazı canlandırmısınız. Bu sizi narahat edib?
L.B: Qətiyyən. Deməli, bu “Lətifə” filmi ekranlara çıxanda anam artıq təqaüddə idi. Onun keçmiş iş yoldaşları da təqaüddə idilər. Bir dəfə anamın iş yoldaşının qızı zəng edib öz anasına ki, “Ana, filmdə bir erməni qadın obrazı var, görəsən nə əcəb o aktirsanı dəvət ediblər? Anası da cavab verib ki, ay bala, bu Leyla xanımın qızı Lalədir e, nə erməni. Qızı təəccüblənib, inana bilməyib. Bilirsən, Vasif, obraz obrazdır. Sən hər bir obrazı oynamağı bacarmalısan. Bu məni qətiyyən narahat etməyib, əksinə hər bir aktyoçun mənfi obrazı canlandirmag daha da maraglıdır ən azı ona görə ki, belə obrazlarda  müəyyən ştrixlər daha da gabarıg görünür.  Bilirsən, hərdən belə aktrisalara rast gəlirsən ki, onlar fahişə obrazına rast gələndə, ümümiyyətlə fahişə sözünü istifadə belə edəndə cırlayırlar. Buna görə roldan imtina belə etməyə hazırdılar. Mən belə aktrisaları görəndə dəhşətə gəlirəm. Sən sənətdən nə qədər kasad olmalısan ki, gərək nə qədər dar düşüncəli olasan ki, sənət ilə reallığı ayıra bilməyəsən. 
L.B: Bəs lalə Bağırzadə bu gün çəkilən filmlərdən razıdırmı? 
L.B: Mən heç kimin xətrinə dəymək istəmirəm. Gənc adamlardı, çəkirlər, çəkilirlər... Ancaq Azərbaycanfilm deyəndə, adamın yadına o dövrün filmləri düşür və düşəcək. Bizim sevdiyimiz o köhnə filmlər. Bax, o filmlər həmişə yaşayacaq. İndi pultu əlimə alıb kanalları dəyişəndə, görürəm ki, serial gedir, bir anlıq dayanıb baxıram. Görürəm baş rolda qəşəng qızdı, qəşəng oğlandı. Ancaq bütün bunlar sənətdən çox bir makiyaj, gözəllik müsabiqəsini xatırladir. Elə bil aktyorun yaratdığı obrazın ruhu yoxdur. Bir də çox şey rejissorlardan da aslıdır. Sən rejissorsan, sən o aktyoru oynatmağı bacarmalısan. Tofiq Kazımov deyirdi ki, “Mənə taburetkanı verin, mən onu oynadaram səhnədə!. Mənə telefon kitabçalarını verin, mən ondan tamaşa qurum. Məndə bu fantaziya var.” Dorğrudan da o korifey idi. 
      Teatrdan Jurnalistikaya gedən yol ...
V.A: Lalə xanım, mən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında çalışanda, sizinlə oranın dəhlizlərində tez-tez rastlaşardıq. Teatrdan və kinodan uzaqlaşıb jurnalistikaya sığındınız. Sənv etmirəmsə “Kaspi”də çalışırdınız? Bir az bu haqda danışaq, necə oldu ki, aktrisalıqdan jurnalistikaya gəldiniz?

L.B: Bəli. “Kaspi”də mədəniyyət şöbəsinin müdürü idim. Ümumiyyətlə mənim jurnalistikaya gəlməyim necə baş verdi. 1990 cı illər durğunluq dövrləri başladı, teatr dağıldı, kino dağıldı. Bir dəfə teatrdan qanı-qara halda çıxıb Nizami metrosuna tərəf gedirdim. Dövrünün tanınmış jurnalisti var idi, İradə Vəkilova, “Assa-İrada” agentliyinin rəhbəri, tərcüməçi-şair  Mansur Vəkilovun həyat yoldaşı idi. İradə xanım yolda məni gördü, hal-əhval soruşdu, məni öz ofislərinə dəvət elədi. Dedi ki: “Lalə, neynirsən, nə işlə məşğulsan?” Dedim, neyləyəcəm. Teatr pis vəziyyətdə, kino yoxdur. Heç bir işım yoxdur. İradə xanım mənə dedi ki: “qulaq as, sən yaza bilirsən?” Dedim: “İradə xanım, mən həyatım boyu heç nə yazmamışam.” Dedi: “Gəl belə edək. Sən balaca bir yazı yaz. Səni nələr incidir, ən yaralı yerin haqqında nəsə bir yazı hazırla və  mənim üçün gətir.” Mən də evə gəldim, düşündüm ki, mənim yaralı yerim nədir və başladım yazmağa. Həmin ərəfədə kinostudiyaya getmişdim və orda gördüklərimi qələmə alamğa başladım.  Kinostudlyada uzun boş dəhlizlərə baxırdım. Otaqların qapıları tayba-tay açıq, üfunət iyi gəlir. lift işləmir. Öz-özümə deyirəm ki, buranın vaxtları var idi. Bütün pavilyonlarda hamı qarışqa yuvası kimi qaynaşırdı. Aktyorun biri gedərdi biri gələrdi. Qruppalar hərəsi öz otaqlarında. Hamı hərəkətdə idi. Gör burda kimlər işləyib: Leyla Bədirbəyli, Tofig Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Yusif Vəliyev – kimlər yox idi burda. Dəhlizləri gəzəndə, o vaxtlar məşhur siqaretlər var idi, “kemel” “konqres”, o, siqaretlərin qoxusu kinostudiyanı bürüyərdi. Bir də kofe ətri dəhlizlərdən əksik olmazdı. Bütün bunları müqayisə edəndə məni ağlamaq tutdu. Boğulurdum. Bütün düşündüklərimi yazıb İradə xanıma gətirib təqdim etdim. İradə xanım dedi ki: “Lalə, sən yaxşı yazırsan ki. Vəssalam, bunu apar təqdim elə redaksiyaya. O, vaxt “Günay” qəzeti var idi, 3 dildə nəşr olunurdu. Apardım məqaləmi verdim, qəzet çıxdı. İnanın yazım necə var elə, olduğu kimi, qəzetdə çap edilmişdi. Sonra da təklif etdilər ki, gəlin əməkdaşlıq edəyin, bizə yazılar hazırlayın gətirin. Mən də işsiz idim. Heç bir qazancım yox idi. 1992 ci ildən 1997 ci ilə mənim həyatımda çətin dönəm idi. 5 il orda işlədim. Daha sonra  “Nedelya”, “Tribuna”, “Strana”, “Nezavisimaya gazeta”, “Kaspiy” gəzetlərində işlədim. “Günay” qəzetinə müxbir kimi gəlmişdim, sonra İnformasiya Agentliyinə məni birbaşa baş redaktor götürdülər. Sonra “Ria Novosti” agentliyində çıxan “Strana” gazetində baş redaktorun birinci müavini, başqa qəzetlərdə isə mədəniyyət şöbəsinin rus dili bölümləri üzrə müdürü olmuşam. 
V.A: Lalə xanım, nə əcəb bioqrafik kitab düşünmürsünüz? Çoxlu sayda xatirələriniz var. Məsələn rusların hər aktyorunun bir neçə kitabı var. Onlar bu sahədə daha aktivdirlər.
L.B: Əlbəttə çox istəyərdim. Bilirsən, bu kitabın ərsəyə gəlməsi üçün böyük miqdarda pul və vaxt lazımdır. Ancaq mən sənə deyim ki, mən kitab buraxsaydım mütləq sənətdə, arxa planda baş verənləri işıqlandırardım. Yəni belə bir deyim var “ayın görünməyən tərəfi” - çalışıb ayın görünməyən tərəfindən yazardım, insanlara sənət aləmindəki proseslərin göstərərdim...
Elə müsahibəmin sonluğunda “Lətifə” filmində çəkilmiş Lalə Bağırzadənin qəhrəmanı Rimmanın sitatını paylaşmaq istəyirəm: 
 “Ölüm qabağı bir söz demək istəyirəm. Bax, biz hər birimiz bir həyat yaşamışıq. Pis-yaxşı, həyatdı da yaşamışıq. Xeyirlə də qarşılaşmışıq, şərlə də. Həm bizi sığallayıb, həm də ora-bura çırpıb həyat. Biz onu həm sevmişik, həm də nifrət etmişik. Amma indi ölüm qabağı finişə yaxınlaşdıqca anlayırsan ki, həyat nə qədər də gözəldir. Elə gözəldir ki... Həyat gözəldir dostlar!”
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)