Heinrich Böll — Körpünün üstündə
Ayaqlarımı düzəldib mənə oturub işləyə biləcəyim bir vəzifə veriblər: yeni körpüdən keçən insanları sayıram. Öz bacarıqlarını rəqəmlərlə sübut etmək
onlara zövq verir. Bir neçə rəqəmdən ibarət olan bu mənasız boşluq onları sərxoş edir və mənim lal ağzım bütün gün saat mexanizmi kimi işləyir; rəqəmin üstünə rəqəm yığıram ki, axşam onlara bir statistikanın zəfərini bəxş edim.
Növbəmin nəticəsini onlara deyəndə üzləri işıqlanır. Rəqəm nə qədər böyük olursa, onlar da bir o qədər sevinirlər və məmnun halda yatağa getmək üçün səbəbləri olur. Axı hər gün minlərlə insan onların yeni körpüsündən keçir...
Amma onların statistikası doğru deyil. Təəssüf edirəm, amma doğru deyil. Mən etibarsız bir adamam, baxmayaraq ki, zahirdə dürüst və sakit insan təsiri yaratmağı yaxşı bacarıram. Gizlində isə bəzən kimisə saymamaq mənə qəribə bir həzz verir, sonra birdən mərhəmət hiss edib onlara bir neçəsini “hədiyyə edirəm”. Onların xoşbəxtliyi mənim əlimdədir.
Əsəbi olanda yalnız orta rəqəmi deyirəm, bəzən hətta ortadan da aşağı. Amma ürəyim sevincdən döyünəndə səxavətim beşrəqəmli ədədlərə çevrilib daşır. Onlar isə necə də xoşbəxt olurlar! Hər dəfə nəticəni az qala əlimdən qoparırlar, gözləri parıldayır, çiynimə vururlar. Halbuki heç nə anlamırlar. Sonra başlayırlar vurmağa, bölməyə, faiz hesablamağa — nə etdiklərini özüm də bilmirəm. Hesablayırlar ki, bu gün hər dəqiqə neçə nəfər körpüdən keçib və on ildən sonra neçə nəfər keçmiş olacaq.
Onlar bu gələcək zamanla yaşayırlar — bu onların ən böyük peşəkarlığıdır. Halbuki təəssüf ki, bütün bunlar yalandır...
Mənim balaca sevgilim körpüdən keçəndə — o isə gündə iki dəfə keçir — ürəyim sadəcə dayanır. Ürəyimin yorulmaz tik-takı, o ağaclı küçəyə dönüb gözdən itənə qədər susur. O müddətdə keçənlərin hamısını isə gizlədirəm. O iki dəqiqə yalnız mənimdir, tamamilə mənim, və heç kimə onu əlimdən almağa icazə vermərəm.
Axşam işdən qayıdanda da eyni şey olur. O, səssizcə, səkənin o biri tərəfindən keçib mənim saymağa məcbur olan lal ağzımın yanından ötəndə ürəyim yenə dayanır. Mən yalnız o artıq görünməyəndə yenidən saymağa başlayıram. Və həmin anlarda mənim kor gözlərimin önündən keçmək şansına sahib olanların heç biri statistikanın sonsuzluğuna daxil olmur: kölgə kişilər və kölgə qadınlar, gələcəyin statistik yürüşündə heç vaxt yer almayacaq mənasız varlıqlar...
Aydındır ki, mən onu sevirəm. Amma o bundan xəbərsizdir və mən də bunu bilməsini istəmirəm. O anlamamalıdır ki, necə dəhşətli şəkildə bütün hesablamaları alt-üst edir. Qoy o, uzun qəhvəyi saçları və zərif ayaqları ilə xəbərsiz və məsum halda dondurma dükanına getsin və bol-bol çaypulu qazansın.
Keçən gün məni yoxladılar. Körpünün o biri tərəfində oturub maşınları sayan dostum məni vaxtında xəbərdar etdi və mən cəhənnəm kimi diqqətli oldum. Dəli kimi sayırdım; heç bir kilometraj sayğacı məndən yaxşı saya bilməzdi. Baş statistikaçı şəxsən özü qarşı tərəfdə dayanmışdı və sonra bir saatlıq nəticəni mənim hesabatımla müqayisə etdi. Aramızda cəmi bir nəfərlik fərq vardı.
Mənim balaca sevgilim həmin vaxt oradan keçmişdi və mən həyatda heç vaxt o gözəl qızı gələcəyin statistik rəqəmlərinə çevirməyə icazə vermərəm. Mənim o balaca sevgilim vurulub-bölünməməli, faizlər içində mənasız bir heçliyə çevrilməməlidir.
Onu saya-saya arxasınca baxa bilməmək ürəyimi qanatmışdı və qarşı tərəfdəki dostuma buna görə çox minnətdar qalmışdım. Çünki məsələ birbaşa mənim dolanışığıma bağlı idi.
Baş statistikaçı çiynimə vurub dedi ki, yaxşı işçiyəm, etibarlı və sədaqətliyəm.
— “Saatda bir nəfəri səhv saymaq böyük şey deyil,” — dedi. — “Biz onsuz da müəyyən faiz itkisini hesablayırıq. Mən sizin at arabalarını sayan bölməyə keçirilmənizi təklif edəcəyəm.”
At arabaları isə əsl rahatlıqdır. At arabaları insanın başına gələ biləcək ən gözəl işdir. Gün ərzində ən çoxu iyirmi beş araba keçir və yarım saatdan bir sadəcə növbəti rəqəmi beyninə salmaq kifayətdir — bundan gözəl rahatlıq ola bilməzdi.
At arabaları möhtəşəm olardı. Saat dörddən səkkizə qədər isə ümumiyyətlə heç bir at arabasının körpüdən keçməsinə icazə verilmir. Mən də gəzə bilərdim, ya da dondurma dükanına gedərdim; onu uzun-uzadı seyr edər, bəlkə də evə qədər müşayiət edərdim — mənim heç vaxt sayılmamış balaca sevgilimi...
Tərcümə etdi: Nurcan Sandal
