Edebiyyat.az » VAQİF OSMANLI - GƏNC YAZIÇININ CƏMİYYƏTƏ ÖTÜRDÜYÜ İSMARIŞLAR

VAQİF OSMANLI - GƏNC YAZIÇININ CƏMİYYƏTƏ ÖTÜRDÜYÜ İSMARIŞLAR

VAQİF OSMANLI - GƏNC YAZIÇININ CƏMİYYƏTƏ ÖTÜRDÜYÜ İSMARIŞLAR
---
admin
Müəllif:
21:10, 29 iyun 2026
2
0
VAQİF OSMANLI - GƏNC YAZIÇININ CƏMİYYƏTƏ ÖTÜRDÜYÜ İSMARIŞLAR

 

 

                                                (ovqat)  

 

     Nemət  Mətinin prototipi hesab etdiyim lirik qəhrəmanının – əminəm ki, özünün kompüterdə yox, “ilk dəfə kağız üzərində yazdığı, qələmin və kağızın sehri ilə daha geniş sularda üzməyi bacardığı” “Dəfnə” romanında cərəyan edən hadisələrdən, obrazlarin xarakterindən yazmaqdan uzağam. Nədənsə məni cəmiyyətin düşdüyü acınacaqlı duruma yazıçı təhkiyəsi və təxəyyülə ilə yanaşma daha çox cəlb elədi.


     Bu, həssas gənc yazıçının həyatin ayrı-ayrı məqamlarına lirik qəhrəman “T” (şərti adı Tərxan olsun) vasitəsi ilə “həyat etiraz”larıdır.

     “Düşünən insanın hər yerdə və hər zaman tənha olduğu” cəmiyyətdə yaşamaq, düşünmək, həqiqətə sığınaraq ürəkli fikir söyləmək, yalana göz ağartmaq, üsyan etmək azad olmağın çətin, ancaq şərəfli yoludur. Amansız, kəmfürsət, hər addımda sənə quduz dişlərini qıcayan cəmiyyət səni udmasa. Gərək elə mübarizə aparasan ki, Təpəgözlərin pəncəsinin və köpək dişinin altına düşməyəsən. “T”-ni həyat udurmu?

     “Otuz yaşın depressiyası yaxasından möhkəm yapışan” “T”-nin “niyə insanlar kitab oxumur, niyə oxuyanlar da bir müddət sonra soyuyur” dilemması təzə olmasa da, köhnə də deyil. Bu bizim, “T”-nin yaşamağa məhkum olduğu bozsifət zəmanənin məhsuludur. “T” belə düşünsə də, etiraz etsə də, yaşıdları, həmqələmləri özündə belə düşünmək cəsarəti tapmır. Cəsarət çatışmazlığı sindromundan əziyyət çəkənlər anlamırlar ki, “həyat etirazdan doğur, kim nə qədər etiraz edirsə, o qədər yaşayır”. “Yazmaqdan çox oxumağı sevən” “T”-ni bu həyat düsturu laqeyd insanların qafasında heç vaxt özünə yer tapa bilməz.

      “İnsanların ağıllanması, bir saf ideya ətrafında birləşməsi kimlərəsə sərf etmir”. Bu kimlərisə ayıltmağın, özümüz də ayılmağın, doğru yola istiqamətlənməyin, istiqamətləndirməyin cığırları həyat, mübarizə kitablarının vərəqlərindən keçir. Çoxumuzun isə bu nahamar cığırlarla addımlamağa həvəsimiz, meylimiz yoxdur. Əlbəttə, biğanəlik at oynadan, laqeydlik buzu qanları donduran, tamah atının cilovu əldən çıxan zəmanədə bu yolu keçməyin yollarını öyrənmək və öyrətmək asan deyil. Ancaq keçməliyik, hətta canımız bahasına. Ancaq “T” kimi “qiyamçı”ların yoludur bu yol. Böyük sərkərdə Napoleonun dediyi kimi, “tənqid edilə bilməyən (daha doğrusu, tənqidin palçığı yapışmayan – V.O.) yeganə insan xisləti cəsarətdir”. O da təəssüf ki, insan övladının əksəriyyətində yoxdur.

     “T”-nin cəsarəti varmı, yetərincədimi? Nemət də, mən də bu suala cavab axtarmaq üçün “Dəfnə” ilə hələlik sonu naməlum yola çıxdıq. Bizə uğur diləyin. Görək başımıza nələr gəlir?

     Ancaq bu sualın daha dəqiq cavabını tapmağı oxuculara həvalə edirik.

     Nemətin “T”-si ilə tam razıyam ki, “kitab sisteminin çarxına taxta soxanlar” çağdaş günümüzdə yaman çoxalıb. Nurdan, lap dəqiq desəm, əlahəzrət ilahi sözün nurundan gözləri qamaşan yarasaxislətlilər işıqlı dünyanı zülmət içində görmək istəyindən əl çəkmirlər, yəqin ki çəkməyəcəklər də. Belələrinin yolunu ancaq işıq kəsər – ilahi işıq.

     Düşünürəm: Yaşamaq üçün dəridən-qabıqdan çıxdığımız qos-qocaman cəmiyyətdə Folkner düşüncəli, yəni heç olmasa Nobel mükafatı almaq münasibəti ilə prezident Con Kennedinin nahara dəvət etməsinə məşhur yazıçının cavabına – “tanımadığım adamlarla nahar etmək üçün bu qədər uzaq yol getməyəcək qədər yaşlıyam” cümləsinə bənzər bir imtinaya Azərbaycan ədəbi mühitində nə vaxt rast gəlsəm, onda bizdə də Nobelçilər yetişəcək.

     Nemət, bizimkilərin “beynindəki milyardlarla hüceyrələr” də özümüz kimidi, “bir-biri ilə əlaqə yaratmaq, fikir formalaşdırmaq” qabiliyyətinə malik deyillər. Ancaq etirazçıların özünün və ətrafdakıların yararsız düşüncələrindən imtina etmək gücü olmayan özümüzə layiq cəmiyyətdə özündən narazılıq, özündən imtina yoxdursa, özümüzün özümüzə gücümüz çatmırsa, Folknerlər yaranması illüziyadır, boş təsəllidir, baş qatmaqdır, özümüzü aldatmaqdır. Nə vaxta qədər? Qəliz sualdır. Düz deyirsən, Nemət, “dayanmadan danışan insanlar düşünməyə vaxt tapa bilməzlər”, iş görməyə də.

      “Beyninin gücünə güvənən, yarımçıqlığı sevməyən “T” xislətlilərin azadlıq naminə ruhları sərbəst olur, ilahi toxunuşla“ bir-birini anlayır, tamamlayırlar. Belə insanların qıtlığını yaşayırıq. Çox olsaydılar, dünya ülviləşərdi.

     Nemət, mən də oxumuşdum “Məscid yolunda gülləri qoxulamaq” hekayəsini. “Danq-danq”ları mənə çox tanışdı, həmişə qulaqlarımda “SOS” kimi səslənir, mənəviyyatın, insanlığın, mərhəmətin, ömrün son anlarından xəbər verir. Ömrü yaxşı , xeyirxah işlərə sərf etməyə çağırır. Xəbərdarlıq edir ki, “Ey insanoğlu, mən gedirəm, işin varsa tez elə, sevirsənsə sev!”

     Doğrudan da “günah olmasaydı, dualar nəyə lazımdı ki?”. Günahlarımızın yuyulması, bağışlanması üçün dualar edib bəd əməllərimizi davam etdirmək, üstünü örtmək gülünc və sadəlöhlükdür. Bu yolla günahlar bağışlanarsa, heç kəs günah sahibi olmaz. Oskar Uaylda görə, axmaqlıqdan başqa günah yoxdur. Axmağın əməllərini bağışlamaq özü günahdır. “Günahlar artdıqca, həyat azalır” deyirdi Fridrix Şiller. Anlayaq ki, haqlıyıqsa heç nədən qorxmamalıyıq, haqq bizi dualarsız da qoruyacaq. Bəli, Nemət, düşüncənə şərikəm, “gülləri qoxulamaq, qışqıra-qışqıra oxuduğumuz dualardan min qat böyük və saf duadır”.

     Nemət Mətinin romanda bir ağrılı məsələyə - “istedadlı yazarların xaraktersizliyinə” toxunması məni lap dərindən düşünməyə vadar etdi. Gənclər yaşlılardan bir işıq ili qədər irəlidəymiş Nə yaxşı, təqdirəlayiqdir. Zamanın gözüaçığı olmaq da ən böyük istedaddır. Təki gözüaçıqlığın, istedadın bəhrəsi xeyirxahlıq, mərhəmət və digər mənəvi meyarlar olsun.

      Mifologiyanı, dünya ədəbiyyatını yaxşı bildiyindən Nemət tanrılar vasitəsi ilə şüurlu varlıq insanlara çatdırır ki, “sevgi yerlə göyü birləşdirən hiss və duyğudur”.

     “T”-nin fikrincə həyatımızda ən gözəl şeylər az-az olmalıdır. Bu qənaətlə razılaşmaqdan uzağam. Niyə biz həmişə yaxşı, şirin ali hisslərin tamarzısı olaq. Yaxşı çoxluğun qədrini bilmək, qorumaq insanlığın missiyası və təntənəsidir. Belə dəyərlər qədər çox olsa, eybəcərliklər az olar.

     Nemət Mətin “yaradıcılığı dəli sevda” kimi anlayanda və anladanda onun gələcək uğurlarına ümidim, inamım artdı. Rüfət Əhmədzadənin təbiriylə desək, “belə sevdaya düşənlər xeyli olub”. Nə qədər “xeyli olsa” bir o qədər yaxşıdır. Sabahımızın ədəbi aləmi – söz və fikir səltənəti  daha mükəmməl olar...   


                               İyun 2026

 

     

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)