Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANLI — ÖZÜNÜYARATMA FƏLSƏFƏSİNDƏN “ÖZÜNÜYARADANLAR”* ROMANINA

VAQİF OSMANLI — ÖZÜNÜYARATMA FƏLSƏFƏSİNDƏN “ÖZÜNÜYARADANLAR”* ROMANINA

VAQİF OSMANLI — ÖZÜNÜYARATMA FƏLSƏFƏSİNDƏN “ÖZÜNÜYARADANLAR”* ROMANINA
Ədəbi tənqid
admin
Müəllif:
06:34, 19 may 2024
1 214
0
VAQİF OSMANLI — ÖZÜNÜYARATMA FƏLSƏFƏSİNDƏN “ÖZÜNÜYARADANLAR”* ROMANINA




       (Azad Qaradərəlinin “Özünüyaradanlar” romanı üzərinə gəzişmələr)



                        I



            “MƏN”  MƏNƏVİYYATIN  KÖKÜDÜR



     

     “Özünüyaradanlar”a Azad Qaradərəli “roman” təyini verib, mənsə “traktat”. Bu traktat millidir -“Siftə” ilə başlayır. Görəsən “siftə” təkcə bizim düşüncəmizin məsuludur? Yoxsa, başqa xalqların da yaddaşında var?

     Bu əsər roman janrında bir yenilikdir - cəmi üç surət var. Başqa nasirlərdən fərqli olaraq Yazıçıya bu obrazlar bəs edir ki, bu günkü qeyri-müəyyən cəmiyyətin məchullarını çözə bilsin. Bu üç real insanın biri yerin üstünü - cəmiyyətin qanunlarını əla bilir, o biri yerin altını da görüb, üstünü də. Yazıçının da bilmədiyi nəsə yoxdur. Üç nəfərin düşüncələrindən yaranan əsər həyatın bütün sahələrini işıqlandırır, yaxşını yaxşı, pisi pis. Əlbəttə, o dövrün məşhur şəxsiyyətlərinin söhbətləri, xalqdan nigaran ruhları, xatirələri Yazıçının qələmə aldıqlarına rəng qatıb romanı bütövləşdirir.

     “Özünüyaradanlar”ın kredosu: “Özünü dərk etməyən başqasını heç dərk etməz”.

     Biz “özünüyaratma”dan daha canfəşanlıqla “özünüməhvetmə” ilə məşğuluq. Nədir özünüməhvetmə? Mənəvi dünyamızın deqredasiyası, milli dəyərlərə, adət-ənənələrə sayğısızlıq.

     Nə yaxşı ki, yan-yörəmizdə 3-5 nəfər örnək, meyar olası bəndələr var. Onlar da olmasaydı, bu dünya əsl cəhənnəm olardı - cəhənnəmməkan. Bəs üfüqdə bizə gəl-gəl deyən cənnətməkan hara getdi?

     Yazıçının təsvir etdiyi indiki xaosa bürünmüş cəmiyyət təkcə “özünüdartdıran” manıs, yazar və ilaxır qarı-qocalarla yox, həm də “özünüdartan”larla da dopdoludu. Ən çox da “özünüdartdıran”lardı özünüdartanlar. Öz aramızdı, özünüdartdırmaq özünüdartmaqdan daha təbiidir. Özündən müştəbehlərin sir-sifətindən təbiilik, Yazıçının dili ilə desək, naturalizm qaçaq düşüb. Bu xudpəsənd (farslar demiş) məxluqların kiminsə uğuruna sevinməsinə ürəkləri imkan vermir. Yazıçının yazdığına da quş qoyurlar, Filosofun düşüncəsinə də, yeraltı aləmi yaradanın əməyinə də... 

     Ay mirzə (Yazıçı), bizim görmədiklərimizi görənə, bizim yaza bilmədiklərimizi yazana bəşəriyyət yaranandan ehtiyac olub. Onlar toplumdan cəsarətinə görə fərqləniblər. Çağdaş zamanımızda bir çox fikir, qələm əhlinin “Ucubuluq”u, Təpəgözü də var, qələmdən Ucubuluqun caynaqlı uzun əlləri, Təpəgözün əzələli qolu kimi yararlanırlar. Çoxu boz məmurun özündən çox, kölgəsindən, nəfəsindən qorxur. Və beləcə “qorxu ədəbiyyatı” yaradılır. Ona görə də Üzeyir bəyə, Məmməd Əminə, Elçibəyə, Sabirə, Cavidə, Mirzə Cəlilə cırmaq atırlar, elə bilməyin ki, cəsarətlidirlər, həqiqətdən, ədalətdən, haqdan, kəsərli sözdən qorxurlar.

     Yazıçının da, Filosofun da, lap elə yeraltı adamın da vəzifəsi cəmiyyətdəki “acıların düyünü”nü çözməkdi. Yaradanın da işləkləri var ha! Fağır tapan kimi nə ağır yükü varsa, belinə şəlləyir, çək ki, çəkəsən. Bilir ki, çəkəcək... Nazim Hikmətsayağı desək, mən çəkməsəm, sən çəkməsən, o çəkməsə kim çəkəcək?! Ağ əlli, bozsifət, halallıqdan bixəbər məmurmu, yaxud onun harın balasımı?

     Rahatlığı da Yaradan “özündənrazı”lara ərmağan edib – təmənnasız-filansız. Bəzən onlara seçilmişlər də deyirlər. Ayə, görəsən “özündənrazılar” nə vaxtdan “seçilmişlər” olublar?

     Məni bu kəlləmayallaq fəlsəfəmə görə qınamayın, dünyanın özü başıaşağıdı. Görün nə zəmanəyə gəlib çıxmışıq ki, “Xoşbəxtlik” də gileyli-gileyli mızıldanır: “İnsaf elə, qoy o yazı yazan nəyi necə yazacağını özü seçsin”. Xoşbəxtliyin fikri ilə tam razıyam...

     Öz aramızdı, Mirzə (Yazıçı), sənin yoluna heç “Ucubuluq” da daş dığırlada bilməz. Sənin qələmini başqa səmtə yönəldəcək, həqiqət yolundan azdıracaq İblis da tanımıram. “Çabalayıb-çarpışanların” qapısı qıfıl görməz, cığırını ot-ələf basmaz. 

     “Yuxarıdakı”nın vicdanlı “Redaktor”unun dünya yaranandan işi başından aşır. O tarix yazmaq və o tarixi redaktə etmək qüdrəti hər kəsə verilmir. Ancaq özü-özünü redaktə edənlər anlayır ki, “insan oğlu tarixini özündən sonra deyil, sağlığında yazmalıdır”. Bu yükdümü, missiyadımı? Bilmirəm.

     “Özünüyaradanlar”ın ən “şirin” yerində yenidən “siftə” ilə üzləşdim. Yerin altında az qala ömrünün yarısını keçirən, yerin altını üstündən yaxşı bilənlə Gülün “siftə sevgisi” əsərin yeraltı qəhrəmanını xoşbəxtliyə - saf sevgiyə bələyirdi. Aldığı ağ, qırmızı və sarı gül də siftəydi, özünün və Gülün sevgisi də. Yeraltı adamla Gülün sevgisi o qədər səmimidir ki, özümdə Dostoyevskiyə düzəliş etmək cəsarəti tapdım: “Dünyanı sevgi xilas edəcək”. Yazıçının qəlbi və qələmi də belə düşünürdü.

     Hətta Filosof da bu yeraltı insanda sevgi çiçəklədiyini bilir. Necə bilməsin? Filosofun, fəlsəfəsinin mayası da sevgidi. Sevgisiz nə fəlsəfə? Bir də sevgiyə, çiçəyə, sözə, düşüncəyə yerin üstünün, altının nə fərqi? Təki münbit şərait olsun. Sevgi, söz yerin altını da gülüstan edər. Sevən ürək yeraltı dünyada da sevgi ağacıdı. Günəş tumurcuqların üzünə gülən kimi təbəssümlə oyanır. Axı “sevgidə atom gücü var”... 

     Yazıçı romanın - mənim qənaətimə inansanız traktatın əvvəlində yazırdı ki, “təndir plazmadır”. Sonra da bildik ki, “sevgi də plazmadı”. İndi elə zəmanədə yaşayırıq ki, tez-tez qiyməti artan, xəstəlik törədən maye (su) də, dəmləndirib, boğub canlar alan qaz da , dabanımıza, alnımıza dəyən bərk daş da qorxulu düşməndi. Ən yaxşısı elə plazma imiş – təndir, sevgi plazması...

     Ay Mirzə, Filosofu qınamayın, “ÖZ” yox, “O” var olan mühitdə həqiqəti hamı doğa bilmir. Həqiqətə hamilə olmaq hər kişinin işi deyil, nər kişinin işidir. “Özünüyaratma” həqiqətin qardaşıdı. Nə yaxşı ki Filosof  “özünüyaratma” fəlsəfəsini doğub”. Buna da şükür. Millət vəkilləri demişkən, prioritet məsələ odur ki, Filosofun da, filosofiyanın da nüvəsində “sevirəm” var. Ona görə də əbədidir.

     Bir də müdrikliklə həqiqət qardaşdımı? Bu Hamletsayağı sual oldu deyəsən. Elə fəlsəfə ilə ədəbiyyat (“literatura”) ruh əkizləridir. Yazıçı və Filosof kimi. Yeraltı adam da yerin altının filosofudur – Yazıçının və Filosofun tale üçlüsü...

     Bəhlul Behcəti Yazıçının yaradıcılığına işıq tutanlar yaxşı tanıyır. Zəngəzurun işıqlı insanı, 1918-1920-ci illərdə - Cümhuriyyət dönəmində Zəngəzurun qazısı böyük Türk oğlu, Türkçülüyün yorulmaz yolçusu Ali Kafkasyalının təbiriycə desək “gəzərgi işıq” idi. “Hətta Nuru Paşa ordusu ilə Qafqazı ermənilərdən xilas etməyə gələndə ilk görüşdüyü adamlardan biri Bəhlul Behcət olmuşdu”.

     Bəhlul Əfəndi sünnü-şiə məsəsələsinin qəti əleyhidarı olmuş, bu məsələdə mövhumatçıları da “tərbiyə” edə bilmişdi. Cümhuriyyətin devrilməsindən sonra Bəhlul Behcət qazıdan qaziyə çevrildi...

     14-15-ci əsrdən bizə miras qalan “soyurqal” bu gün çiçəklənmə dövrünü yaşayır. İndi hər rayon bir məmurun soyurqalıdır. Biz hələ də 14-15-ci əsrdəmi yaşayırıq? Buna neofeodalizm demək daha doğru olmazmı? Leninin “işıqlı yol”unun sonu buymuş? “Bir addım irəli, iki addım geri” hərəkətdəyik, gəlib çatmışıq 14-15-ci əsrə. Bu düşüncələrim də Yazıçının təxəyyülündən su içib.

     44 günlük Vətən Müharibəsinin Zəfərindən sonra azad edilmiş torpaqlarımız da soyurqala çevrildi. Kəndçinin nə işi var oz doğma yurdunda, torpağında? Təhlükəlidir! Minaya düşərlər! Qoruyurlar bizi! Nəhayət vətəndaş barədə “düşünməyə” başlayıblar. Bu da bir siftə!

     Tarixin, mədəniyyətin, adət-ənənənin güzgüsü coğrafi adların “Ağıllı kənd”lərə qurban verilməsi, süpürülüb atılması da kiməsə xidmətdir – özümüzün özümüzə “ayı xidməti”.

     Kaktus plantasiyası əkib-becərən iş adamı zərərə düşsə də, zəhməti ilə fəlsəfə yaradıb. Niyə zərərə düşüb, yaratdığı fəlsəfə nədir? Bu sualların cavabını “Özünüyaradanlar”da tapa bilərsiniz.

     Bəzi insanlar da biznesmenin becərdiyi kaktusa bənzər övlad yetişdirir:

     “Əgər siz uşaqlarınızı yağ-bal içində böyütsəniz, onlardan böyük adam olacağını zənn etməyin. Buraxın, onlar gələcək həyatlarını özləri qursunlar.. Özlərini özləri yaratsınlar...”

      Bu saç-saqqalını təhsil yolunda ağartmış təcrübəli pedaqoq - Yazıçının qənaətidir. Özlərini yaratmayanlar əzab nədi bilməzlər. Axı yaratmaq ən ağır və şirin əzabdı...

     O ki qaldı rəhmətlik müğənni Rövşən Behcətin  Filosofdan, Yazıçıdan, yeraltı səltənətin adamından daha məşhur olmasına burada təəccüblənmədim. Hun-Türk imperatoru Atillaya görə, bir dövləti, imperiyanı çökdürmək üçün çağdaş düşüncəylə desək, onun təhsilini, səhiyyəsini məhv etmək, çal-çağır və alverlə başını qatmaq bəs edər. Televiziyaların birində reportyor, küşədə ali məktəb tələbələrindən Məmməd Əmin Rəsulzadənin kimliyini soruşanda, kimisi şair, kimisi məşhur yazıçı kimi tanıdığını söylədi. Sevindim ki, müğənni, meyxanaçı deyən olmadı...

     Hə... Gələk ikinci Behcətin - yerin atını hamımızdan yaxşı bilənin növbəti “siftə”sinə. Bu həm də acı sürpriz idi. Həmkəndlisi, Bakıda ən yaxın adamı F.... Bakının ortasında Behcətə “atdı”. Bu xəyanət də saf qəlbli Behcətin növbəti “siftə”siydi...

     Sonda Filosofun düşüncəsindən bir ayrıntı:

     “Allahın barmağı yoxdur, amma tökülən gözlər ki, var...”

     Ürəyimizi qoruya bilmirik, barı gözlərimizi qoruyaq...


                            


                       


                        II



        “KÖNLÜNDƏ  DİNCƏLƏN  İNSANLARLA YOLA ÇIX”


                                    Şəms Təbrizi




     “Özünüyaranlar”da Azad Qaradərəli məhz belə insanlarla - Filosofla, İkinci Behcətlə yola çıxıb dərdləşir, fikir mübadiləsi edir. Hətta Bakıxanovun heykəli ilə həsbi-hal edir, özünü anlayandan onun daxili aləmini zəbt edən soruya cavab istəyir. Neyləməli, səkkiz milyard həmplanetimiz olsa da, üç-beş nəfər ruh ortağımızı tapa bilmirik. Kəmiyyət çoxaldıqca, keyfiyyət azalır.

     “Acıların adamı” İkinci Behcətin babası Məşədi Behbud, əmisi Surxay təkcə Zəngilana yox, bütöv Zəngəzur mahalına örnək kişilərdən olub. Surxay ermənilərin Zəngilanın kəndlərinə hücumunun qarşısının alınmasında  o dövrün məşhur qaçaqları Qaçaq Fərzalının və Qaçaq İsrafilin dəstəsinə yardım göstərən, daşnakların canına üşütmə salan nüfuzlu və varlı-hallı insan kimi bu gün də ehtiramla xatırlanır. Qan üzərində qurulan Sovetlər onu da “galladar”, “kulak” kimi güllələyib.

     Yazıçının qələmə aldığı sənədli-tarixi Həsən Hüseynin hekayəsi “Bursanın səsi” 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanda daşnak tör-töküntülərinə qarşı döyüşlərdə həlak olanların xatirəsinə ehtiram kimi həm fəxredicidir, həm də nisgilli notlara süslənmişdir. Həsən Hüseyn Azad müəllimin babasının dayısı Qaçaq Fərzalının yaxın dostu olub. Qafqaz İslam Ordusuyla geri qayıtmayıb Zəngilanda qalan çavuş Həsən Hüseyn ömrünün sonuna kimi doğulduğu ellərə həsrət qalıb. Həsrət yanğısını azaltmaq üçün nəvəsinə Bursa adı qoyub. Bu kövrək notlu təsəlli məni də xəyalən Bursaya apardı.

     Surxayın oğlu Qara Mamedin Zəngilanın keçmiş NKVD sədri Gəncinski ilə görüşü, rayon rəhbərliyinin tapşırığı ilə özünün QAZ-24-dündə Gəncəyə aparması və bu uzun səfərdə onların, xüsusilə Gəncinskinin söhbətləri,  məncə bir tarixi roman üçün qiymətli ədəbi materialdır. İnanmıram ki, bu məqam həssas Azad müəllimin nəzər-diqqətindən qaçsın. Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq tutmaq da özünüyaradanların missiyasıdır. “Missiya” missioner sözünün kökü olsa da, belə missiya şərəflidir. Tarixi gerçəklikləri malalaya-malalaya başımıza oyunlar gəlib, xain düşmən ürəklənib üstümüzə yeriməyə cürət tapıb. İnanıram ki, ədəbiyyatımızda “yeni naturalizm”in aparıcı söz adamı Azad Qaradərəli həqiqətə arxa çevirib nəyisə malalamağı heç ağlına da gətirməyib. Buna onun bütöv yaradıcılığı sübutdur.

     Qara Mamedlə Gəncinskinin söhbətlərində hər an qığılcımın alova dönməsi məqamlarını hiss etməmək mümkün deyil. Ancaq kəmhövsələ, çılğın olsa da, həm də tədbirli və müdrik Qara Mamedin daha çox soy-kökü, babaları, atası haqqında gerçəklikləri öyrənmək istəyi onu qisas almaq, sərnişinini maşınla birlikdə gedərgəlməzə - dərənin dibinə yuvarlamaq arzusuna qalib gəlir. Axı bu qansız və soyuqqanlı məxluqun əli Qara Mamedin atası Surxay kişinin qanına bulaşmışdı.

     Onların yol boyu söhbətindəki Qaçaq Fərzalı, Zəngəzurun qazısı Bəhlul Behcət Əfəndi haqqında tarixi faktlar böyük Türk kişisinin mənəvi dünyasının təcəssümüdür.

     Romanın ikinci hissəsində məni özünə cəlb edən maraqlı məqamlar: 

     1. Əmir Teymurun göstərişi ilə hadisələrin cərəyan etdiyi Zəngəzurun bu yerlərində buzovların körpə vaxtından dili kəsilir. Niyə? “Maldili” yeməkxanasının adında gizlənən tarix nə deyir?

     2. Romanda tarixi şəxsiyyətlər: Sultan və Xosrov Sultanov qardaşları, Bəhlul Əfəndi, Qaçaq Fərzalı, Qaçaq İsrafil, Hacı Osman Çələbi, Mustafa Əfəndi, Məşədi Behbud.

     3. Top, Sənəli, Ozan (Hozana), Qazanzəmi, Çöpədərə, Xanlıq, Maşanlı, Almalı, Qaradərə, Rəzdərə,  Sobu, Hənd və digər coğrafi adlar. Bunlar hamısı danışan tarixdir.

     4. Qara Mamedlə Gəncinskinin  yolboyu söhbətləri. “Maldili” kafesində nahar.

     5. “Qazı Bəhlulun qazi Bəhlula çevrilməsi”.

     Azad Qaradərəlinin bizə Qaçaq Fərzalı tanıtımı: “Babam danışırdı ki, dayım - Qaçaq Fərzalı ana babamın dayısı olub - döyüşlərin birində ağır yaralanır. Elə yerdə imiş ki, qənşərə çıxsa, mütləq yeni gülləyə tuş gələcəkmiş. Yanında isə təbabətdən başı çıxan bir qaçaq varmış. Yaraya baxıb deyir ki, Fəzi, qorxma, bu yaradan sənə ölüm yoxdur.

     Fərzalı deyir, həkim, axı çox ağrıdır, nəfəs almağa çətinlik çəkirəm.

     Təbrizdə dava vaxtı bir çox adamı ölümdən qurtaran bu qaçaq həkim bildirir ki, mən yarana məlhəm sürtdüm, ağrı tezliklə azalacaq, amma iş orasındadır ki, sənin qanın tez laxtalandı, bədən özü özünü qorudu. Qorxma, qanaxma dayandı...

     Fərzalı həkimə qəzəblənir: “Nə qorxmaq, ədə! Mən ölümnənmi qorxacam?! Düşmən gülləsindən ölmək istəmirəm, vəssalam...”

     Azərbaycanda qaçaq hərəkatı, məşhur qaçaqlar, keçən yüzilliyin 30-cu illərindəki xalq üsyanlarını əks etdirən geniş araşdırmamla 2022-ci ildə Ərzincanda düzənlənən Uluslararası Türk Dünyası Simpoziumunda çıxışımda Qaçaq Fərzalı, Qaçaq İsrafil, Qaçaq Süleyman (Gülsüm) barədə söhbətimi 40-a yaxın Türk dövlətinin nümayəndələri təkcə maraqla yox, həm də heyrətlə qarşıladılar.  

     Yazıçının böyük şəxsiyyət Abbasqulu Ağa Bakıxanovla (daha doğrusu heykəliylə) xəyali və səmimi ərkyana söhbəti: “Salam, böyük adam. Hər dəfə istəyirəm soruşam, yadımdan çıxır. Sən o vaxt torpaqlarımızın parçalanması mərasimində ruslar tərəfdən iştirak edən yeganə Azərbaycanlı – Türk idin axı... Buna qəlbin necə dözdü?

     Heykəl gərnəşir, daşın içindən daşlaşmış sözlər tökülür:

     “Mən Rus padşahının əsgəri idim. Atıq-əskik bir şey edə bilməzdim. Nə lazımsa, “Gülüstani- İrəmdə var...”

     “Sağ ol, böyük adam. Sənin əsərlərin, həyatın bizimçün məktəbdir... Amma torpaq dərdi bir qələm adamı kimi həmişə məni üzüb... Ona görə o sorunu sordum... Ruhunu incitdimsə, bağışla...”

     Torpaq dərdi... Heç vaxt yarası qaysaqlanmayan, əbədi ağrılı dərd. 

     Azad müəllimlə bizim görüş yerimizin ünvanı hər dəfə Bakıxanovun heykəlinin qarşısı olmasının hikmətini də bilirdim. Əlbəttə, Vətən, torpaq, el-oba həsrəti, yanğısı onun böyük ustaddan hesabat sormaq cəsarətini artırmışdı.

     Yazıçının - həssas qələm adamının yaradıcılığına, xarakterinə az-çox bələd olan biri kimi bilirəm ki,  son bir qərinədə yurd həsrəti Azad müəllimin ürəyində, Allah bilir neçə-neçə çapıqlar yaradıb. O, Zəngilana tələsir, əzəli və əbədi torpağa. Ölməyə yox, yaşamağa, qurub-yaratmağa. Ustad Məmməd İsmayıl demişkən, hələ yaşamağa dəyər...  



                        ***



     Gül İkinci Behcətin xilaskarı və sədaqət rəmziydi. Zamanın sərt sınaqlarından üzüağ çıxan bu ilahi sevgi qarşısını bir qara kabus – koronavirus adlı kəmfürsət kəsdi. Onunla mübarizə asan deyildi. Bu “qaydasız oyun”da qara kabus Gülü ikinci Behcətin əlindən aldı. Ala bildimi? Yox, qırılmaz tellərlə İkinci Behcəti Gülün unudulmaz ruhuyla bağladı. İndi Gül o dünyasında tam arxayındı ki, sevdiyi insan ona əbədi sadiqdir. Axı ikinci Behcət onun “albatros”udur...

     “Əsl sevgi ruha bənzəyir. Hamı onun haqqında danışır, amma çox az adam görür” (Fransua De).


    





                                    


                              III



            İNSAN  OLMAQ – MÜBARİZ  OLMAQDIR


                                    İ.V.Höte



     Düşünürəm ki, “siyasətbazlıq, riyakarlıq adlanan qaranlıqlar”da (Asif Ata) çabalayan zaman və onun müəmmalı övladı cəmiyyət niyə gündən-günə daha da boz-bulanıqlaşır? Bəlkə sarılığa, “bayquş korluğu”na tutulub? Bəlkə koronavirusa ayrı-ayrı fərdlər deyil, elə zaman və cəmiyyət yoluxub? Sağalmayacaqmı? Xəlil Cübrana inansaq, hər fikir, düşüncə doğmamız, əkizimiz öldükcə bizim də bir hissəmiz ölür. Ən böyük ölüm gələndə artıq bizim çoxdan ölmüş olduğumuzu anlayır, ölmüş hissələrimizi götürüb gedir. Bizdən bu dünyada heç nə qalmır. Elə o dünyada da.

     Nədir cəmiyyətin dərdi? Azad Qaradərəlinin “Özünüyaradanlar”ında tapdım bu ağırılı suala ipucunu. Məncə, “qarışqaların mükəmməl danışığını, hətta nitq söyləyə bilmələrini” eşidən, anlayan, “yuvasını  Platon Akademiyasına bənzədən” (elə arıların da) filosofların azlığıdır. Nə qədər ki, filosoflar cəmiyyətin loğmanı olmaq istəmir, yaxud olmaqdan qorxurlar, ağrı-azarını duymurlar, dünyanın yaxası qalacaq təbii fəlakətlərin kataklizmlərinin - istiləşmənin, subasmanın,  buzlaşmanın əlində. Elmi mənbələrdən bilirik ki, belə fəlakətlər bəşəriyyəti dəfələrlə məhv edib. Yenə o günlərimi gözləyirik? İnanın, düşünməyə zaman ölçüsüylə desək, anlar qalıb.

     “130 milyon ildir ki, yaşayan (sözün həqiqi mənasında yaşayan, mövcud olan yox), hətta dinozavrları görən”, Akademiya yaradan qarışqaları biz şüurlular indi-indi öyrənməyə çalışırıqsa, bəzi işlərinə mat-məəttəl qalırıqsa, gələcəyimizi necə və nə vaxt öyrənəcəyik, planlaşdıracağıq? Hələ də özünüqoruma mərhələsindəyik. Bəs özümüzü nə vaxt yaradacaq, varlığımızı təsdiq edib tanıdacağıq? Özünüqorumadan özünüyaratmağa yol, məsafə nə qədərdir? Bu zaman vahidi neçə milyard insanın ömrünün ekvivalentidi?

     Qarışqalar doğulandan “şüşə libasa bürünüb özünü yaradaraq uzunömürlü olublar, insan övladı isə anadangəlmə lüt doğulub, şüuru artdıqca yarpaqla ayıb yerlərini örtüb, XXI yüzillikdə isə yenidən soyunmağa başlayıb. Cəmiyyət abır-həyanı artıq bilib. İncə yerlərimizi sərsəri küləklərin ağzına vermişik ki, yaşayaq. Budur, insan övladının tərəqqisi, sivilizasiya, qloballaşma! 

     Əzizim İkinci Behcət, hələ çox yararlanmalıyıq qarışqalardan. Yerin altını yerin üstündən yaxşı bilən insan, sənin yeraltı səltənətini özündən yüz dəfə ağır yük daşıyan qarışqalar yüz milyon ildən çoxdur ki, öz incə addımları ilə tədqiq edirlər, yeraltı saraylar tikirlər - labirintləri, havalandırma sistemləri ilə.

     “Qarışqa koloniyası böyük ailə kimidir. Ailənin üzvlərinin hamısı ümumi anadan - “məlikə”dən və çox vaxt eyni atadan, yəni ananın cütləşdiyi erkək qarışqaların birindən törəyir. İctimai davranışın bir forması da koloniyanın həyatında mühüm rol oynamış ən azı iki nəslin birgə yaşayıb fəaliyyət göstərməsidir. Bu nəticəyə qarışqaların qəribə dünyası ilə uzun illər maraqlanan ABŞ alimi Bert Helldobler gəlmişdir” (“National Geoqrafic” yurnalı, 1984)...

     Qarışqaların davranışlarına diqqət verəndə onlara ictimai varlıq kimi baxmamaq olmur. Onlar bir-biri ilə məharətlə əməkdaşlıq edir, mənasız yerə qatil olmur, tutduqları “əsir”ə humanist münasibət göstərirlər, boş yerə, “ağılsız”casına güc işlətmirlər, insanlardan fərqli olaraq.

     “Sifətində oyuncağı sınmış uşaq məsumluğu” gəzdirən İkinci Behcət də əslində qarışqa ömrü yaşayanlardan - “özünüyaradanlar”dandı. Özündən ağır yük daşıyıb - həm fiziki, həm də mənəvi. Qarişqa kimi həm yeraltı imarətlər - metrostansiyalar tikintisində pay sahibidir, daşlı-kəsəkli, qumlu torpağı dırnaqları ilə münbitləşdirib öz “əsər”ini - gül gülü, bülbül bülbülü çağıran qonaq-qaralı bağını yaradıb. Bəli, yaradıb!

     O da oxuyub “vartaped” (ermənicə müəllim) olmaq istəyi ilə Zəngəzurun ucqar kəndində kitabları vərəq-vərəq özününküləşdirdi - özünüyaratmaq üçün, sonra yeraltı dünyanın yarımsakini oldu - ömrünün yarısını “o dünya”da keçirdi. Oxudu, qurdu, yaratdı, doğmalaşdı, dostlar tapdı o möhtəşəm sarayda, aktyor Fazil Salayevin diliylə desək, qatarlar o yana, bu yana şütüyən işıqlı yeraltı dünyada. İkinci Behcətlərin əməyi sayəsində “qara üzlü şəhər”in üzü ağardı.

     O, Gülə rast gəlincə elə bilirdi şəhər elə F....-ların, Ş........-ların məskənidi. Bilirsiniz hansı F....-nı deyirəm? Yazıçının mənə tanıtdığı İkinci Behcətin əmisi “şoferlərin professoru Qara Mamed” F....-ya yox, onun hegemon, “söz və nüfuz sahibi” arvadı Ş........-ya məktub yazıb kənddən gələn “əmanət”ə - İkinci Behcətə göz-qulaq olmağı tapşırmışdı, onlarsa “əmanət”i öz tamahlarından qoruya bilmədilər.

     İkinci Behcət gənc və təcrübəsiz olsa da fərasətliydi, qara üzlü şəhərdə öz xilaskarını tapa bildi, özünü də qorudu, xilaskarını da. Onlar öz talismanlarını tapmışdılar - “Sokratın ölümü” rəsm əsərini. Onlara yaşam stimulu verən bu əsər birgə ömür boyu İkinci Behcət və Güllə birlikdə oldu, elə indi də.        

     Sokrat da özünü yaradanlardan olub, xoşbəxt ola biməsə də, müdrik olub - yəni fiosof. İndikilərdən yox. Sokratın bəşəriyyətə əbədi bir vəsiyytəti qalıb - “özünü tanı!”

     Azad Qaradərəli bizi elə zamanlara aparır ki, o dövrlərdə ən ilahi inanc yerimiz kitab idi. O vaxt  müqəddəs sayılan kitab bu gün niyə adi kağıza çevrildi? Qəhrəmanlarmı adiləşdi? Bəlkə ideal bildiklərimiz o vaxtlarda qalıb?

     “Adam var ki, hansısa oxuduğun roman qəhrəmanına bənzəyir. Adam var ki, hazır obrazdır, bax, dinlə, götür, sal yazacağın əsərə - özü özünü yaradacaq”.

     Azad müəllimin üç “özünüyaradan”ı - Yazıçını, Filosofu və Metro mühəndisini bəzən gerçək, bəzən də xəyali görüşdürüb yeni mənəvi dünya yaratmaq istəyində bulunmasının bir məqsədi var: “Asif Əfəndiyevi gözümüzün qabağında çərlədən” cəmiyyətdə mənəvi xilas yolumuz “özünüyaradanlar”ın azlığı və tənhalığıdır. “Mütləqə İnam” öyrətisinə (təliminə) inananların azlığı bu “özününüyaratma” fəlsəfəsini yarı yolda qoydu. Monolit birliyimizin olmaması yaşadığımız coğrafiyada yaşayanların əbədi bəlasıdı.

     Özünəgüvənlik olmayan yerdə özünütanıma, özünüyaratma necə ola bilər? Belə mücərrəd suallar qarşısında baş sındırmaq əzabımıza, əndrəbadi fikirlər burulğanından azad olmağımıza bəlkə insanlığa xidmət edən filosoflar yardım edə? Belələrinin sayı əllərimizdəki barmaqlar qədər deyil. Yazıçı bizi inandırır ki, Filosof bu onluqdadır.

     Və bir də “maşın professoru Qara Mamed”. Qara Mamed də “özü özünü yaratmaqla məşğul olmuşdu uzun illər”. Bunu təkcə Yazıçı yox, bütün Zəngəzur camaatı da təsdiq edir. “Çoxlarını insan olmağa, insan kimi yaşamağa, kitaba, biliyə səsləyən Qara Mamedi Yazıçı Filosof səviyyəsinə qaldırır. Əslində belə də olmalıdır. Cəmiyyətin əksər üzvü filosof olmasa, dünya düzələn deyil.

     Azad Qaradərəlinin bu romanı yazmaqda məqsədi nədir? “Ruhuna yaxın dostlarıyla özünü daha böyük işlərçün doğulanların cərgəsində görmək”.  Bu özünüyaratmaya, özünütəsdiqə, özünəgüvənə doğru yoldur. Bunu bizə anladan Yazıçı həm də Filosofdu. Yazıçının xəyali söhbətlərinin gerçək nəticələrinə inanaraq belə nəticəyə gəldim ki, ruhunu daim qidalandıranlar, bəsirət gözü açıqlar özünüyarada bilər. Ruhi qida cəmiyyətin xilas yoludur. Bu yol Babək, Füzuli, Nəsimi, Cavid, Sabir, Hadi, Üzeyir bəy Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Natiq Qasımov, Mübariz İbrahimov, Polad Həşimov yoludur.

      Yazıçı bizi “ruhi səyahətə dəvət edir”. Çox gəzən çox bilər, deyiblər. Fiziki səyahətə çıxanlar çox görür, ruhi səyahətçilərsə çox duyur. Maddi dünya ilə mənəvi dünyanın fərqini ruh adamları anlayar. Biz özünüyaratmadan keçib “ətrafımızıyaratma, millətiiniyaratma, dövlətiniyaratma” mərhələsinə niyə keçə bilmirik? Ona görə ki, maddiyyat mənəviyyata meydan sulayır, əzələ nümayiş etdirir. Neçə ilin 77 yaşlı ağsaqqal alimi kirayə qaldığı daxmadan kitabları, yazı-pozusu ilə bərabər küçəyə atılır. Səbəb utancvericidir - kirayə haqqını verə bilmir. “Pul bəlaları” (Jül Renar) yıxıb sürüyüb mənəviyyat sahiblərini.

     Azad müəllim “Özünüyaradanlar”ın sonunda daha bir özünüyaradanla tanış edir sevimli  oxucularını. Çoxları onu tanımır. Keçən yüzilliyin 50-60-cı illərində milli azadlıq hərəkatının yaradıcılarından idi Oqtay Eldəgiz. Yaratdığı Milli Azadlıq Qərargahı (MAQ) Bakıda, Sumqayıtda milli oyanışın ilk qaranquşlarından idi. Yazıçı haqlı olaraq təəssüflə vurğulayır ki, Oqtay Əfəndini “uğrunda canını fəda etdiyi xalq tamam unutmuşdur”. Unutqanlıq hər bir xalqın faciəsidir, yeni-yeni bəlalar doğan qəddar anadır.

     Mənəviyyat adamı, azadlıq və müstəqillik mücahidi Oqtay Eldəgəz də özünyaradanların örnəyi idi. Özündən, gözündən əzab tökülən bu əfəndi insanın günahı Vətənini, xalqını özgür, müstəqil görmək istəyiydi. Heyif ki, o, dəryanın ortasındakı hər şeydən uzaq bir estakada üzərinə özü özünü sürgün eləmişdi ahıl yaşında. Nə yaxşı ki, neftçi-operatorluğu ona qıymışdılar. Onun orada ürəyi partlayardı, ruhu ölərdi - ətrafında beş-on nəfər ruh yaxını olmasaydı. 

     Oqtay Eldəgəzə görə, Azərbaycan Türklərinin nüvəsində gizli neytron və protonlar mövcuddur, günlərin birində onlar hərəkətə gəlib bu xalqa qurtuluş yolunu göstərəcək.

     Yazıçının dili ilə desək, “xalq kimliyini tanımayanda kiçilir”.

     Müəllim, filoloq, yazıçı, publisist, jurnalist, mətin siyasi xadim, dəniz neftçisi ömrü yaşamış azadlıq və müstəqillik mücahidi Oqtay Eldəgəz qədirbilən və azadlıqsevər insanların yaddaşında Azərbaycanın müstəqillik tarixində silinməz izlər qoyan müdrik öncəgörən, böyük Türkçü, Turançı kimi əbədi qalacaq. 

     Budur, özünüyaratma!... 


                                



                                                        IV



            YAŞAMAQ – RUHANİ  POTENSİALIN  HƏYAT

                ENERJİSİNƏ  ÇEVRİLMƏSİDİR

                                    Tur Xander



     Süqut. Ən vahiməli və qorxulu söz. Eşidəni üşüdür, yandırır. Neqativ hisslərlə limhəlim doludur bu ifadə. Ölüm, itim, itki, məğlubiyyət, işğal, əsarət...

     Süqutun bir “memar”ı da “sapı özümüzdən olan baltalar”dı. Şablon ifadə ilə desək, düşmən dəyirmanına su tökənlər. “Uzaqgörən” “bədbaxt” məmurumuz birinci Qarabağ Müharibəsi başlayan ərəfədə Meğriyə girməyi “beynəlxalq aləmi üstümüzə qaldırmaq” kimi başa düşürdü. Bəs Qarabağ və onun ətraf ərazilərinin işğal olunması nə idi? Düşmənin və onun havadarlarının xətrinə dəyməmək? Bizim atalarımızın bir sözü var: “Dadanan qudurar”. Kim qudurtmuşdu tamahkar qonşunu? Əlbəttə, bizim məmurların manqurtluğu, vəzifə hərisliyi, tamah dişinin itiliyi. 

     “Yollara tökülə-tökülə, qırıla-qırıla, ölə-ölə” hara gedirik biz? Beynəlxalq aləm bunu görmürmü? Beynəlxalq qanunlar ancaq bizim üçünmü? Siyasət bumu?  Cavidanın, Babəkin, Cavanşirin düşmənlə illərlə vuruşduğu döyüş meydanı niyə belə kimsəsiz durumdadır? Bizi süquta təhrik edən səbəb nədir? Məncə, dəyərlərimizə biganəlik. Biganəlik zəhərdi, beyin iflicidi başqa bir adı...

     Axı ulu babalarımız qorxaq, laqeyd olmayıblar. Hətta verimsiz torpağın bir qarışını da qıymayıblar yağıya. Fikrət Qocanın “Babalarim” şeiri ilə desək:


            Biri qaçaq olub - mərd olub,

            Biri qoçaq olub - mərd olub,

            Biri kasıb olub - mərd olub.

            Bəs bu namərdlər hardandı?

            Bax, bu mənə dərd olub...


     Ulu Türkün şərəfli tarixindən əcnəbilər də yazıblar. Bəli, bunu da danmaq olmaz ki, utancverici məqamlar da az olmayıb. Əllbəttə heç bir xalq təkcə qələbə sevinci dadmayıb, məğlub adı daşıyan zamanı da olub. “Özünüyaradanlar”da Yazıçı Behcət bəyin təhkiyəsi ilə bir məqamı anladır - qürur anımızı: “Bu günkü Əfqanıstan adlı  ölkənin adını, əslində Zəngəzurlular qoymuşlar”. 

     Bu başqa bir böyük Türkün “xidmət”idir - Əmir Teymurun. 

     Ancaq təəssüfedici və ağrılı faktdır ki, Türk Türkə qılınc qaldırandan başlanıb faciələrimiz. 

     1905, 1918, 1988. Bir yüzillikdə  Türkə qarşı soyqırımlar silsiləsinin üç dövrü. Xain düşmənin arxasında dayanan “parçala və hökm sür!” şüarlı imperiya türkə qarşı yürüşlərini vaxtaşırı təkrarlayırdı. Son siyasi çarpışmalarda “qardaş” İran da erməni ilə qardaş olduğunu etiraf etdi...

     Azad müəllim, doğrudan da “adamın əli üzündə qalır”...

     Ermənizm koronavirusdan da dəhşətli virusdur. Bunu da tale bizə qonşu edib. Ermənizm elə həyasız virusdu ki, heç maska da təsir eləmir. “Kor ilan”la savaş, gözləri görənlə savaşdan qat-qat çətindi. Heç olmasa, üz-üzə gələndə gözlərinin nə demək istədiyini anlayırsan, ehtiyatı əldən vermirsən. Bizə düşmənin xaini, nankoru, həm də gözləri koru qismət olub, yaxşılığımızı “görməyib”, belələri mənəvi kordu, onların bəsirət gözü yerli-dibli olmayıb...

     Behcət bəyin 70 illik yubileyindəki qutsal anları Yazıçı kövrək duyğularlarla qələmə alır. Təəssüf ki, az keçməmiş başqa bir “kor ilan” - koronavirus Behcət bəy-Gül cütlüyündən Gülün üstünə atıldı. Sən demə, doğrudan da “həyat çox zalım müəllimmiş, əvvəl imtahan edir, sonra dərs keçirmiş” (Andre Jid).

    Behcət bəyin təsəllisi və şükranlığı da “kitaba sığmayacaq qədər geniş həyata” (Əhməd Haşim) özünəxas yanaşmadı:

     “Hə, Gül, boynuma alım ki, mənim məclisimi (70 illik yubileyi - V.O.) aparan o Yazıçı ilə yaxınlığım, onun kitablarının təsiri, onun özünün aurası, kitablarının təqdimatında yeni insanlarla tanışlığım olmasaydı, yəqin ki, mən bu şələni çəkə bilməzdim.

     Bilirsən, nə oldu? O Yazıçı mənə yazı həsr etdi, Gül! Yadındadır, əmimə həsr etdiyi yazı? Mən o yazını oxuyanda göz yaşlarımı tuta bilməmiş, qəhərlənmişdim. Sən də gülmüşdün ki, axı sən möhkəm adamsan, nə oldu?

     Dedim, Gül, bu adam mənim ürəyimdən keçənləri yazıb... Bilirsən, bizim tərəflərdə yazı-pozu, ədəbiyyat adamı olmayıb. Olub e, şeir, qəzəl yazanlar ki, onları da bu yazıçı tapıb üzə çıxardıb. Amma əməlli-başlı əsər yazan, hekayə, roman yazan olmayıb. Elə bu yazıçı da siftədi, bizim elin-obanın siftəsi...”

     “Siftə”lərlə başlayan milli sevgi romanının - “Özünüyaradanlar”ın  daha bir xoş, qürurverici siftəsi!

     Behcət bəyi yaşadan bir inam vardı bu dünyada - Gülün ruhu həmişə onunlaydı, hətta yuxuda da. Onların sevgisi, həyatı, Emerson demişkən, balaca bir əbədiyyət idi. O “həyatın mənşəyində səmimi duyğular vardı, duyğulanmanın da təməli eşqdir” (Ziqmund Freyd).

     Romandakı başqa bir obraz - meşəbəyi Emran kişi (Behcət bəyin atası) mərhəmət, xeyirxahlıq, qarşısındakını bir sözlə, işarə ilə anlayan insan kimi humanistliyin gerçək rəmzidir. Yazıçının gənclik illərində meşədən odun gətirərkən onunla qarşılaşma səhnəsi fikirlərimə haqq qazandırır.

     “Yazıçı üçün hərəkəti, rəftarı ilə təmiz xammal” olan Behcət bəy “əli kitablı, yaxşı adam olduğu üçün təkcə Yazıçının yox, elə bizim də dostumuza çevrildi. Söz və mənəviyyat birliyindən yaranan dostluq əbədi olur. 

     “Sənəti qiymətləndirən, ondan həzz alan” (Xalq artisti Hacı İsmayılov), “Sənəti duyan” (“Bulaq” verilişinə Səməndər Rzayevlə həyat verən Xalq artisti, Behcət bəyin qohumu Məhluqə Sadıqova”) Behcət bəyin “ən böyük yüksəkliyi kitaba bağlılığıdır”. Bu da Yazıçının qənaətidir.

     Kitaba, sözə, fikir adamına bağlılıq Behcət bəydə həyatin sərt sınaqlarına dözüm yaradıb, hətta ölüm kabusu koronavirus onun Gülünü “solduranda” bu ağrıdan onu kitab, söz, yazıçı dostları xilas edib. O, yaşayır, Gülünü də yaşadır, yenidən “həyata qayıdır” - iki ömrü yaşamaq üçün. 

     Yazıçı bir dahi şəxsiyyətlə tez-tez görüşür - Abbasqulu Ağa Bakıxanovun hüznlü heykəli ilə. Onun Bakıxanova dəyəri əslində bizə, gələcək nəsillərə örnəkdir. İndi Vətənimizin, xalqımızın işıqlı insanlarına dodaq büzən, yuxarıdan aşağı baxanlar anlamırlar ki, Bakıxanovların Vətən üçün etdikləri ali xidmətin mində, milyonda birinə sahib deyillər. Qəlbimizdə heykəli əbədi ucalacaq insanlar qürur, güvən yerimizdir. Bəyənməmək asan yoldu, eqoistlərin qələbəsidir. Kimin ürəyinə eqoizm hakimlik edirsə, o, başqasının uğurunu görə, bu uğura sevinə bilmir. (Əlbəttə, burada sırf insan halı olan, insan mənini duruldan insan eqosundan söhbət getmir. Eqoizm özündənmüştəbehlik, eqoistlik özünəvurğunluqdursa, insan eqosu onun təbii halı, özünütanımasıdır.)

     Yazıçı qəhrəmanını - Behcət bəyi hamımızdan yaxşı - ləyaqətli insan kimi tanıyır. Behcət bəy kimə nə layiqdisə, onu canla-başla edir. Necə ki, Məhluqə Sadıqovaya layiq yubileyin əsas təşkilatçısı olub.

     Yazıçı fikri: “Layiq olanı etmək... İnsan oğlunu min illərdir bu həyata bağlayan budur, həyatını mənalı edən, gözəl dünyamızı yaşamalı edən...” 

     “Həyatı onun mənasından artıq sevmək lazımdır” (F.Dostoyevski). Behcət bəy də belədi.

     Yazıçının Posuyla (sonradan Polad) fikir mübadiləsi, elm, ədəbiyyat, poeziya söhbətləri, ədəbiyyatla fizikanın, ədəbiyyatla kimyanın sintezindən yaranan mükəmməl biliklər sistemi - yeni pedaqoji metodlara yönəlik düşüncələri, əslində maraqlı yanaşmadır. Təəssüf ki, bunu qavraya bilməyənlərin, ona görə də gözü götürməyənlərin daha asan yolu qalır – yeni dünyabaxışlı insan yetirəsi məktəbin qapadılması. Yazıçı (həm də təcrübəli pedaqoq) həyəcan təbili çalır - xaricə beyin köçü sabahımızın zülmətidir. 

     Ədəbiyyatda atalar və oğullar problemi əbədi mövzudu. Yazıçı da nigarandı gələcəyimizdən - Poladın özü ilə oğlu arasındakı əbədi qaranlıqlara məhkum olunmuş mənəvi uçurumdan. Filosofu isə “Sokratın ölümü” əsərinin taleyi düşündürür. Anladır ki, bu əsərin həmin divardan asılma ömrü Polad müəllimin ömrü qədərdir. Behcət bəy də, mən də eyni narahatlığı yaşadıq...

     Görəsən biz nə vaxt “yaşamağı şəkillərdən, azadlığı yabanı (azad, səllimi) atlardan, axıb keçməyi saatdan, sevməyi arılardan öyrənəcəyik?” 

    Biz şüurlu varlıq deyilikmi?..


                                                            


                        V


                ÖZÜNÜYARATMAQ  ŞƏRƏFİ



     Özünüyaradanlar zamanı qabaqlayanlardı... 

     Özünüyaradanlarda qəlb var, ruh var, beyinlə ruhun vəhdəti var - Süni İnsandan fərqli olaraq...

     Onların qəlbinin Günəşi gecə də, gündüz də əbədiyanardı...

     Yazıçının bir hücrəsi var - dahilər odası. Bu hücrədə bir səs əbədidi - Yazıçıya “QORXMA!”  deyən, onu “ayaqda saxlayan” Ananın səsi...

     O Ananın səsi Yazıçını özünüyaratmağa vəsilə olub...

     ... Yazıçı dostum, doğrudan da “tale köpəyoğlu şeydi”, bir anın içində qatırçı qızının oğlunun başına şahlıq quşu qondurur, başqa bir qatırçını da vəzir edir. Ancaq hər məmləkətdə yox... 

     Bu cür göydəndüşmə səadət  belələrinə nəsib olur - vəzifəni və sərvəti götürmək üçün yeddiqat əyilib sual işarəsinə dönənlərə...

     Sokratkimilərə - özünüyaradanlara yox...

     Nədir Yazıçının günahı? Yaratmaq, yoxu var etmək. Dursunlar bunu necə anlasın? Nə yaxşı ki, Xosrovlar var. “Bir əli quru ağac kimi yanına sallalı” Xosrovların bir baxışı bəs edir quduz Dursunları ram etməyə...

     Filosof düşünür və əmindir ki:

     “İnsanlığın sürəkli inkişafı bir gün onun başına bəla olacaq. Yaratdığı Süni İnsan - Süni intellekt ona hücüm edəcək və insanlığı məhv edəcək... Yer üzü bəşərin deyil, onun yaratdığı Süni intellektin iradəsi ilə idarə olunacaq”...

     Süni intellekt - çağdaş cəmiyyətin balası və bəlası... 

     Dursunlar, Qırışlar, İt Əlilər, Əbdürrəhmanlar, Qıprav Eylaslar, İmirlər, Xanqulular, Məsumələr hər gün artmaqdadı, daha doğrusu, küçükləməkdə... (Yazıçının bir romanını oxuyarkən digərinin qəhrəmanları ilə ya yenidən üzləşirsən, ya da necə olursa, onları xatırlamalı olursan, necə ki, mən xatırladım.)

     Ananın tərsinə rəvayəti bir başqa anlamdı, həm də bir başqa aləm. Bəzən satiriklər övladlarına tərsinə nəsihət yazırlar. Sabirin “yat, qal dala laylay”ı, “oxutmuram, əl çəkin!”i, “görmə! - baş üstə, yumaram gözlərim”i, “bir söz eşitmə! - qulağım bağlaram”ı  kimi. Bunu anlamaq və yerinə yetirmək qalır nəsihət ünvanlananın dərrakəsinə, düzünə də edə bilərlər, tərsinə də. Belə nəsihətlərdəki düz tərsinənin tərsidi. Tərsinə nəsihət Süni intellektə ünvanlanıbsa, vay cəmiyyətin halına. Ananın rəvayətindəki kimi. Indi Xeyir də göz çıxarır, baş kəsir. Türk qızının dedikləri cəmiyyətin boz-bulanıq həqiqi mənzərəsidir:

     “Şahım, sən bunun səbəbini məndən deyil, sənə üzdə xeyirxah görünən, daldada quyu qazan vəzirindən soruş. Get ağzıbirə, gir ayaqlarına kündə vurulan pəhləvanların hücrəsinə. Gör sənin ordunda baş kəsən, qan tökən, ölkələr fəth edən qəhrəmanların nə kökdədir?! Gör həqiqi alimlər, yaltaqlıq bilməyən şairlər, xalqın içindən çıxmış sənətkarlar niyə türmədə əziyyət çəkir?! Onda biləcəksən ki, Şərmi Xeyirin gözünü çıxardır, yoxsa Xeyirmi Şərin?.. Çoxdandır sənin məmələkətində Xeyirlə Şərin yeri dəyişik düşüb, Şahım! Sənin eyş-işrətdən başını qaldırıb  insanlara üz tutmağın, inşallah, yeri tərs düşənləri sahmana salar.

    Deyilənə görə, şah həmin bilgə Türk qızını özünə vəzir təyin edir və möhkəm-möhkəm tapşırır ki, bir də heç bir rəvayəti tərsinə danışma...”

     İncə məqama fikir verin: şah bilgə qıza ultimatum da verdi, onun fəaliyyət proqramını da yazdı: “bir də rəvayəti tərsinə danışma!”.  Sabiranə desək, “dinmə, danışma, yat,  sən deyən olmayıb hələ!”

     Hə... Yazıçı dostumun təhkiyəsinə görə, “o ili şahın məmləkətində bütün toyuqların yumurtası tərs gəlir...” 

     Axı “xoruz”lar öz kefindədi...

     Yazıçı dostum, bilgələrin şah sarayında səliqə-sahman yaratmasından min illər keçib. İndi bilgələr başqa “saray”lardadı...


                        ***


     Ehh... Yazıçı dostum, nəinki “dərəmiz-düzümüz, dağımız-daşımız, mal-heyvanımız, toyuq-cücəmiz, qaz-ördəyimiz, itimiz-pişiyimiz”, elə özümüz də “allahumuduna qalmışıq”. “Alxışlar qarğışa çevrildi”. Analarmı, günahkar, Xeyirmi, Şərmi?..

     Bizim kimilər “Oralara yaxın ola bilməzdik. Könlümüz oraları istəsə də”... Kimdir bizim  könlümüzün fəryadını eşidən, dediyimizlə oturub-duran?..

     “Ağıllı kənd”. Ada baxın. Biz beş-on ağıllı həmfikir tapmaqda çətinlik çəkirik, ancaq ağıllı kənd tikirik. Adı da “Ağalı”. Burda da ağasız ötüşə bilmədik...

     “Ağıllı kənd” tariximizə qəsdmi, qara torpağa gömməkmi? Bunun nəyi, harası ağıllı iş oldu ki?! Axı hər coğrafi ad tarixdi, olaylar şahididi...   


     Yazıçı dostumla Zəngilana “xəyali səfər” də baş tutmadı*. “Əcnəbilər seyrə balonlarla çıxır”, bizim avtomobilimiz geriyə hərəkətdədi...

     Şərait bizi “balıq” etdi. Gölü qurumuş balıq. Cadar-cadar torpaqların çatlarının arasına girib intizarla yağış gözləyən balıq. Quru səhrada üzməyi öyrənməliyik gölsüz qalmış balıqlardan. Yağışda ki, çıxıb ceyran belinə, bizim gölə yağmır ki, yağmır. Təbiət ana qısırlaşıb. Çaylar susuz qalıb, torpaqlar doğma insanların nəfəsinə, zəhmət tərinə, cütcü nəğməsinə, Bəsitçay qoruğu da çinarlara həsrət. Yağı qənim kəsildi çinarlara da. Nəyə qənim kəsilmədi ki? Vətənə qayıtmaq da qalıb insafa-mürvətə...


     Yazıçının “Dünyanın ən böyük adamı”nın - Anasınıın ruhuna hesabatını - birinci vəsiyyətini (vəsiyyətdən çox bir həssas oğulun, nəvənin yanğılı ürək sözlərinə bənzəsə də) oxuyanda ürəyim göyüm-göyüm göynəmişdi. Onda Azad müəllimə ustad Məmməd İsmayılın “hələ yaşamağa dəyər bir az da” misrası ilə təsəlli verməyə çalışmışdım. Azad müəllim kövrəlmişdi, məni də kövrəltmişdi...

     Yazıçı dostumun Ana ruhuna ömür hesabatı bir torpaq həsrətlisinin lirik bəyanıydı: 

     “Mən Zəngilana getməyə hazırlaşıram, anam. Səni isə burada - Maştağa məzarlığında ananla birgə qoyub gedirəm. Bakı özgə yer deyil ki, canım anam. Bakı torpağı da Vətəndir, hələ daha irəlidir. Mərkəzimizdir. Təbrizdən sonra ikinci şəhərimizdir Bakı... Demirdin, məni əzan səsi gələn yerdə dəfn elə? Gündə üç dəfə ruhunuz əzan səsi eşidir...

     Mən də qocaldım, ana. Orada, Qaradərədə dəfn olunsam, elə bilirəm inciməzsən. Babalarımın yanında dəfn olunacağam, anacığım. Sənin isə nəvələrin, nəticələrin burda - Bakıdadırlar. Tez-tez gəlib sənin, nənəmin məzarını ziyarət edəcəklər.

     Icazə ver, anacığım, gedim yurdumuzu təzədən tikim. Evimizi, həyət-bacamızı sahmana salım.

     Söz verirəm, oradan torpaq gətirib məzarına səpəcəyəm.

     Məzarına qurban, anam! Ruhunu öpürəm...” 

     “Özünüyaradanlar”da  ikinci vəsiyyəti oxuyanda məchul hisslər məni ağuşuna aldı, halbahal oldum. İlahi, buna ürək necə dözsün? Axı Yazıçı dostumun ürəyi daş, dəmir deyil, həzin bayatı kimi kövrəkdi. Şəraitmi dəyişmişdi, yoxsa?.. İkinci vəsiyyətdən fərqli olaraq birincidə işıq vardı. Şərait o işığı öləziləşdirmişdimi? Yaxşi bilirəm ki, Yazıçı dostum işıqlı insandı, onun inam işığı heç vaxt sönə bilməz. O, ətrafındakı həmfikirlərinin qəlbinə həmişə işıq göndərməkdədi. İkinci vəsiyyətdə başqa bir mənəvi dəyərlər - işıq qədər önəmli kişilik, ərlik, qeyrət, qədirbilənlik, himayədarlıq gördüm:

      “Bir arzum, istəyim, lap elə vəsiyyətim var. Onu da bura yazım, qalanını yazılmayan sətirlərin arasından oxuyarsınız: mən öləndə anamla nənəm yatan Maştağa qəbiristanında dəfn edərsiniz. İki qadını orada təkmi qoyacağıq?! Heç olmaz... Hə... Sonra... Haçansa kəndimizə köç olsa və mən onu görməsəm, içinə mürəkkəb yığıb yazdığım avtomat qələmimi aparıb Qaradərədə, ana babam Məmmədqulunun və ata babam Camalın qəbirlərinin yanında dəfn edər, sadə bir qəbir götürərsiniz. Üstündə yazarsınız ki, burada yazıçı Azad Qaradərəlinin qələmi dəfn edilib. Babalarımın ermənilər dağıdan qəbirlərini də mənimki biçimdə götürər, təzələyərsiniz.

     Allah ölülərə rəhmət eləsin, dirilərə də ağıl versin.

     Amin”.

     Sizi Zəngilan, Qaradərə, imperiyalar yaradan dahi insanlar yetişdirən Baharlı elləri gözləyir, Azad müəllim. Biz də o yerlərdə sizin qonağınız olmaq, təsvir etdiyiniz ulu Türk oylaqlarını ziyarət etmək arzusundayıq. “Yurdunuzu təzədən tikməli, evinizi, həyət-bacanızı  sahmana salmalısınız, oradan torpaq gətirib Pakizə ananın, İzafə nənənin Maştağa qəbiristanlığındakı məzarlarının üstünə səpməlisiniz, onların narahat və nigaran ruhlarını sevindirməlisiniz...

     Axı onların unudulmaz ruhuna söz vermisiniz. Bilirəm ki, sözünüzə sadiq nəvə, oğulsunuz...

     Kaş Sizə 70 il də yaşamaq imkanı veriləydi. Bu həm sizin arzunuzdur, həm də mənim...

     

     S.A. (Söz Ardı):

     Polyak xalqının böyük oğlu, dünya şöhrətli pianoçu, bəstəkar, “fortopianonun şairi”, qismətinə 39 illik ömür payı düşən Fredrik Şopen ömrünün son 18 ilini Fransada yaşamağa məhkum olunur. O, sənətinin və Vətəninin fədaisi idi. Beş yaşında pianoda ifa etməyə başlayan Fredrik yeddi yaşında ilk əsərlərini yaratmışdır. 12 yaşı olanda müəllimi, çex pianoçusu A.Jivni “Şopenə öyrədəcəyim bir şey qalmadı” deyib. Şopenin ovcu, barmaqları balaca olduğundan bütün akkordlarda ifa edə bilmək üçün barmaqlarını uzadıb. Bu ağrılı prosedura dözə-dözə sənətini zirvəyə qaldırıb, xalqını dünyada tanıdıb.

     Fransaya mühacirət edəndə özüylə bir qab Polşa torpağı da aparır. Polşada milli azadlıq hərəkatı başlayanda Vətənə dönmək istəyir, tezliklə hərəkatın amansızcasına yatırıldığını eşidir və anlayır ki, artıq Vətənə yolu bağlanıb. Vəsiyyət edir ki, öləndə onun ürəyini Polşada dəfn eləsinlər. Vəsiyyətə əməl edib onun nəşini Fransada, ürəyini canından çox istədiyi Polşada dəfn edirlər. İndi Varşavanın Müqəddəs Xaç kilsəsinin sütunlarının birində polyak xalqının böyük oğlunun ürəyi saxlanılır.

     Şopenin ürəyinin dəfn olunduğu kilsədəki sütunun qarşısında aşağıdakı cümlə yazılıb: “Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq”.

     Qazi zabit, şair, publisist dostumuz Rəfail Tağızadənin “Şopenin ürəyi” poeması sözün qüdrəti ilə yazılmış nəhəng simfoniyadır, Şopenin bir noktürn qədər qısa ömrünə rekviyemdi. Rəfail müəllim bu əsərini, eləcə də Qarabağ ağrılarını rəssam şair Adil Mirseyidin təbiriylə desək, ürəyinin qanıyla yazıb.

     Belə uzun Söz Ardını yazmaqda məqsədim nə idi? Şopenin ürəyi və Azad Qaradərəlinin qələmi. Bu müqayisə yerinə düşürmü? Əslində  bu suala cavab verməkdə acizəm. Bircə onu deyə bilərəm ki, qələm söz adamının bəlkə də ikinci ürəyidir. Polemikaya səbəb olacaq bu müqayisə mənim subyektiv düşüncəmdi. Bəlkə də qüsurludu, yerinə düşmədi. Ancaq düşündüklərimi yazmaqda azadam. Azad müəllimin də mənimlə razılaşacağına inanmasam da, ürəyimdən keçəni qələmə aldım.

  

     “Özünüyaradanlar”ın qayəsi Faustun, daha dəqiq desək, Hötenin dili ilə:

     “Yaşamaq istəsən vuruş həmişə,

     Azadlıq layiqdir o adama ki,

     Atıla bu yolla hər an döyüşə”.

     “Özünüyaradanlar” üç özünüyaradanın - Yazıçı, Filosof və yerin altını bizdən yaxşı tanıyan Behcətin “xəyali səyahəti”nin gerçək təəssüratlarıdır... 

     Yazıçı dostum, yazırsınız ki, yaşadığımız hamısı mifdir, buna sözüm yox. Bəs yaratdıqlarımız? Məncə, bunlar gerçəklikdi, danılmaz həqiqətlərdi. Siz bunu sübut etməkdəsiniz...

     Özünüyaratmaq insanın özüylə, “mən”i ilə səmimi söhbətidi, hesabatıdı...

     Özünüyaratmaq şərəfli işdi...


                                        06.05.2024

                       






---------------------------------------------------------------------------------------------

*Yazıçı Azad Qaradərəlinin “Özünüyaradanlar” romanı edebiyyat.az saytında hissə-hissə yayımlanmaqdadır. 

*Xəyali səfər baş tutmadısa, yazıçı lap bu günlərdə doğma rayonuna, kəndi Qaradərəyə həqiqətən yola çıxdı və 70 illiyini xaraba kəndində ailəsi və yaxınları ilə qeyd etdi. Feysbuk xəbərlərində vəd etdiyi kimi yeni janrda bir əsərlə oxucularının görüşünə gəldi – video-hekayə ilə: “Turacın gileyi, yaxud ayaqlarımda gələn qanqal tikanları”.


                


                        

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)