AZAD QARADƏRƏLİ — ÖZÜNÜYARADANLAR (roman) / Üçüncü hissə
Nə olursa olsun, evlən. Xanımın yaxşı
olarsa, xoşbəxt, pis olarsa, filosof olarsan.
Sokrat
YAZIÇI
Kədərli halda çöldə gəzərkən Filosofun bir qarışqa ailəsinin ətrafında bardaş qurub oturduğunu gördüm. “Nə edirsən?” dedim.
FİLOSOF
Qarışqaları müşahidə edirəm. Onların dialoqunu dinləyirəm.
YAZIÇI
Axı onların dialoqunu necə dinləyə bilərsən ki, qarışqalar danışa bilmirlər?
FİLOSOF
Bu sənə elə gəlir. Əslində, qarışqalar mükəmməl danışır, hətta nitq söyləyə bilirlər. Mən onların bu yuvasını Platon Akademiyasına bənzədirəm.
YAZIÇI
Yaxşı görək!
FİLOSOF
Sən Akademiya sözünün əfsanəvi qəhrəman Akademusun adından alındığını bilirdin? Təsəvvür edirsən, indiki akademiyalar, elm məbədləri bir zaman Afinada doğulub böyümüş bir insanın adından alınıb?!
YAZIÇI
Maraqlıdır... Yaxş, sən qarışqalar haqqında daha maraqlı bir fikrin olduğunu bilirsən yəqin: onların Süleymanla qarşılaşmaları... Quranın 27-cü surəsi...
FİLOSOF
Hə, o məşhur məsələdir ki...
YAZIÇI
Amma mən daha maraqlı bir nüansı deyirəm... Quranın 27-cü surəsində 18-ci ayədə deyilir ki, Süleymanın qoşunu gələndə qarışqaların padşahı dedi:”Ey qarışqalar! Yuvanıza girin ki, Süleyman və qoşunu sizi (ayaqları altına) basıb əzməsinlər.”
Burada tərcüməçi “əzməsinlər” kimi çevirib o sözü, əslində isə bu kəlmə ərəbcədə “yəhtmənnəkun”, yəni sındırmaq deməkdir... Həəəəəəə.... Qardaşım, nəql edirlər ki, avstraliyalı alim Makkeni Human ömrü boyu Quranda səhv axtarır və “tapır” – məhz həmən bu “yəhtmənnəkum” kəlməsinin kitabda səhv olduğunu qeyd edir. Yəni qarışqanı necə sındırmaq olardı axı? O ki şüşə deyil...
İKİNCİ BEHCƏT
Doğrudan e, maraqlıdır, niyə axı sındırmaq?!
YAZIÇI
İş də elə bu sındırmaq və şüşə kəlmələrində, yaxud ərəbcədəki yəhtmənnəkun sözündədir... Xahiş edirəm, bu şüşə kəlməsinə ciddi fikir verin...
Hə, alim bir gün başqa bir alimə - zoologiya aliminə qonaq olur və zoologiya alimi ona oxumaqçün qarışqalar haqqında yazdığı öz əsərini verir. Həmin əsərdə yazılırdı ki, qarışqaların bədəninin üst hissəsi şüşə materialındanıdır və bu onları xarici təsirdən qoruyur. Əgər siz əlinizə bir ovuc qarışqa yığıb sıxsanız, əlinizdə nə isə xırçıltıya bənzər səs eşidəcəksiniz, elə bil nə isə sınmışdı... Bəli, bəli, qarışqanı əzərkən onun üst hissəsindəki şüşə materialı sınmış olur...
FİLOSOF
Nə gözəl! Möhtəşəm! Yazıq Makkeni!..
YAZIÇI
Hə, doğrudan da yazıq olur adama... Bütün kitablarını yandıraraq Qurana biət edir... Cənab Filosof, bu, qarışqaların özünüqoruma instinqindən yaranan şüşə libasa bürünmələri sənin fəlsəfi təliminə necə də uyğun gəlir!..
FİLOSOF
Hə, hə... Elədir... Özünüqoruma elə özünüyaratmanın bir fazasıdır... Bax, milyon illərin Qarışqa Akademiyası eynən Platonun Akademiyası kimi öz bəhrəsini verib: qarışqalar şüşə libasa bürünüblər ki, bu da onların uzunömürlü olmalarına gətirib çıxardıb...
YAZIÇI
Qarışqalar, əslində az yaşayır fərd olaraq, amma söhbət təbii ki, qarışqa ailəsindən gedir ki... Dünyamızın ən böyük ailələrindən olan Qarışqa ailələri hətta təbabətə də girişirlər – özlərini müxtəlif xəstəliklərdən müdafiə etmək üçün antibiotik ifraz edirlər...
FİLOSOF
Mən həmişə qarışqalarda bir hikmət aramışam. Onların fəlsəfəyə bir köynək yaxın olduğu düşüncəsindəyəm... Hımmmm... Şüşə... Qarışaqlar... Demək, hikmət burdaymış... Qəribədir ki, qarışqalar planetimizdə 130 milyon ildir ki, mövcuddurlar. Hətta dinozavrları da görmüşlər.
YAZIÇI
Alimlər onu da sübut etmişlər ki, qarışqa ailəsi ən demokratik ailədir. Burada heç kim heç kimin işinə mane olmur, heç kim heç kimin haqqına girmir.
İKİNCİ BEHCƏT
Qarışqaların mühəndislik qabliyyəti əsil möcüzədir. Onların yerin dərinliklərində qurduqları səltənətdə iki cür havalanma sisteminin olması, girişdəki yad qüvvələr üçün yaratdıqları labrintlər sirr olaraq qalmaqdadır. Yerigəlmişkən, metro tikintisi zamanı bu vintilasiya sistemindən bəhrələniblər...
FİLOSOF
Ən maraqlısı bilirsiniz nədir? Ölənə yaxın xüsusi qoxulu maye ifraz edirlər və digər qarışqalar ölənin “yasına” gəlir, birlikdə onu qarışqa qəbiristanında “dəfn edirlər”... Yazıçı dost, görürsən, qarışqalarda nə hikmətlər var?..
YAZIÇI
Hə, elədir. Sən haqlısan. Amma bu qarışqa söhbətini bir kədərli notla bitirmək istəyirəm: amerikalı alimlər qarışqalarla bağlı həyəcan təbili çalıblar. İş ondadır ki, qlobal istiləşmə qarışqaların yaşam tərzinə mənfi təsir edə bilər. Başqa sözlə, istiləşmə bu templə davam edərsə, qarışqalar məhv ola bilər. Axı onlar təbiətin bu şıltaqlığına reaksiya verə bilmirlər... Yadındadır, Eynişteyn demişdi ki, arıların məhvi insanlığın məhvi ilə bir vaxta düşə bilər. Məncə, o dahinin sözünə bunu da əlavə etmək olar: qarışqaların və arıların məhvi insanlığın məhvinə səbəb ola bilər...
Amma düşünürəm ki, elmin sürətli inkişafı gələcəkdə təbiətin bu cür işlərinə mane olmağa yardım edə biləcək... Hərçənd elmin və alimin bu günkü vəziyyəti o qədər də ürəkaçan deyil...
FİLOSOF
Bir tatar ata sözündə deyilir ki, qarışqa meydanı tutar, bunu heç kim anlamaz... Hələ ki, qarışqalar meydandadır...
***
YAZIÇI
Axşamüstü İkinci Behcəti çox kefsiz gördüm... Sifətində oyuncağı çalınmış uşaq məsumluğu vardı. Kədər boğazına qədər yığılımş, onu əldən salmada idi.
“Danış” dedim. Danış ki, yüngülləşəsən...
İKİNCİ BEHCƏT
Qarışqalar yadıma özümü saldı. Mən də qarışqa olmuşam axı. Qarışqa kimi işləmişəm. Qarışqa kimi səbrlə özümə düzən vermişəm. Heç bir dayağımın olmadığı bu Qara üzlü şəhərdə özümü ağ günə çıxartmaq üçün çalışmışam... Və tale mənim qarşıma Onu çıxartdı... Buracan ki bilirsiniz...
...Yataqxanada uzanmışam və gözlərim tavana zillənib. Ona yazdığım məktubu düşünürəm. Bizim zamanımızda məktublaşmaq kimi gözəl bir adət vardı. “Gənc Verterin iztirabları”nı oxuyanda iki sevən gəncin həyatında məktubun nə qədər önəmli olduğunu düşünmüşdüm. Mən o məktubu birnəfəsə kağıza töksəm də, sətirbəsətir əzbər bilirdim. Bir-bir o sətirləri təzədən xatırladım.
“Əzizim, Gül.
Mən ucqar bir rayonun ucqar bir kəndində doğulmuşam.
Atamın kəndi dağlar arxasında, gözəlliklər məskənində, yaşıllıqlar arasında yerləşirdi. İnsan burada min il yaşasa da, of deməz, ölüb oralarda qalmaq istərdi. Dağlardakı kəklik qaqqıltısı, əlik hafxırtısı, meşələrdə cürbəcür quşların büsatı adamı yaşamağa, həyatdan zövq almağa səsləyirdi. Almalı düzü, Qala təpəsi, Vənni bulaq, Səbətkeçməz yoxuşu, bir az yuxarılarda Pəribartaz, Alçalı tala kimi yerlərdə adam sehrlənir, buraların sahibi kimi başını daşlar üstünə qoyub uyumaq, göy üzündəki günəşin göydə gəzərliyinə şahid olmaq, axşama yaxın meşədən dərdiyin min cür nemətlə bərabər, otardığın mal-heyvanı da qabağına qatıb evə dönürsən və məlum olur ki, otardığın heyvanlardan bir neçəsini itiribsən. Kənd camaatı gəlir evinizin üstünə, ailə dəyir bir-birinə, mal nobatı (yəni mal növbəsi, bizdə belə deyirdilər) vaxtı itirdiyin heyvanları axtarmaq üçün heyvan sahibləri ilə gecənin qaranlığında meşəyə üz tutursan... Yorğun-arğın halda ayaqların sızıldayır, gündüz dağ-dərədən aldığın ləzzət burnundan tökülür. Və elə bu vaxt meşəbəyi atan at üstündə bu yandan çıxır. Qabağında da itirdiyin heyvanlar. Sənə itin sözün deyir, az qalır ki, döysün də. Acıqlı-acıqlı bağırır: -Hə, bilirəm niyə itirmisən bu heyvannarı?! Genə o zəhrimar kitabları açıb oxumusan, başıı kitablar aparıb, heyvanları itirmisən! Nenirsən kitabı?! Oxuyub, vartaped olassan?!”
Gül, inanırsan, mən hələ də bilmirəm ki, o vartaped nə deməkdir...
Nə isə. Gün gəldi, mən səkkizinci sinfi bitirdim. Onda bütün şoferlərin professoru adlanan əmim bizə gəlmişdi. Əmimə yalvardım ki, məni oxumağa aparsın. Mən bu gözəl kənddə qalsam, ürəyim bu gözəlliklərdən partlayacaq!..
Əmim ağıllı adam idi. Atamla kabab çəkdilər, yeyib-içdilər və axırda o atama dedi:”Əmi, gəlmişəm Behcəti özümlə aparam... Bakıda uçilişə qoyacam. Oxuyub, bir sənət sahibi olsun. Burda bir meşəbəyi işi var, onu da sən tutmusan. Allahın naxırçısı yeri də tutulub. Qoy uşaq getsin, sənət öyrənsin, xoşbəxt olsun.”
Atam, bir aşağı baxdı, bir yuxarı baxdı, bir söz deyə bilmədi. (O, əmimdən əməlli-başlı çəkinirdi.) Handan-hana səsi çıxdı:”Qoy ayın axırı gəlsin, maaş alım, heç olmasa cibinə beş-on manıt qoyum...”
Əmim gülümsündü:”Maaşı gözləyə bilmərik. Böyün-sabah sentyabr gəlir. Bilirəm ki, ətliyə mal vermisən, onun pulunun yarısı bəs eləyər. Ət hazırlığı idarəsinin müdiri ilə danışmışam, ordan pulu alıb, qoyacam cibinə, vəssalam, şüttamam.”
O gün əmim məni QAZ-51 maşınının kabinəsinə qoyub, rayon mərkəzinə gətirdi. Lazımi işləri görəndən sonra özü Bakıya gedən bir nəfərə qoşub, qatarla yola saldı. Yola salanda bir ağzıbağlı məktub da vermişdi. O məktub Fərruxun – Fedyanın arvadı Şəhrəbanuya yazılmışdı. Lap son vaxtlarda başa düşdüm ki, niyə məktub evin kişisinə deyil, arvadına ünvanlanıb...
Nə isə. Başağrısı olsa da, gərək yazım bunları. Səhər Fedya məni Montindəki peşə məktəbinə apardı. O uçilişdə metroda işləmək üçün mütəxəssislər hazırlanırdı. Daha arxasını bura yazmağın bir mənası yoxdur. Qalanını yaxşı bilirsən...
Gül, sənə rast gələnə qədər bu Bakıya nifrət edirdim. Çünki bu qəribə şəhərdə hamı mənə Fedya və Şəhrəbanu kimi gəlirdi...
Hə, bir şey qaldı axı. O “professor” əmim Bakıya gələndə mən bu ailənin başıma gətirdiyi əhvalatı ona danışdım. Əmim soruşdu ki, yaxşı, o əhvalatdan neçə il keçib, indi sən nə eləmisən? Qayıtdım ki, əmi uçilişi bitirib zavodda işə girdim, sonra qiyabi yolla instituta qəbul olundum. Az sonra metroda işə düzəldim. İndi mənə bir otaqlı ev veiblər...
Əmim gülüb dedi ki, yadındadı, mən səni Bakıya yola salanda Şəhrabanuya məktub yazmışdım? Bax, qoy onların sənə pis vaxtlarda həyan olmalarına görə o min manat sadağa olsun... Bir daha nə onlara üz çevir, nə o pulun adını tut. Sən indi səni bu şəhərdə tək qoymayacaq adamı axtar... Səni bu şəhərin adamı edəcək kəs, sənin xilaskarın olacaq...
Mən uzun müddət əmimin o sirli sözünü ağlımdan keçirib, bir yana çıxa bilmirdim:”Xilaskar”... Bu nə deməkdir axı?! Necə yəni, xilaskar? Bəyəm, mən dənizdə-zadda batmışam ki, məni xilas etsinlər? Ya müharibəyə-zada getmişəm, yaralanmışam ki, həkimlər ölümdən xilas etsinlər?! Uşaq ağlımla əmimin dediyi o fəlsəfi sözü vərəvürd edir, sirri açmağa çalışırdım...
Gül, nəhayət, uzun çək-çevirdən sonra anladım ki, o xilaskar sənmişsən.
Meşədə qəfil adamın üstünə pələng çıxanda bilmirsən ki, nə edəsən, necə xilas olasan? Bu vaxt qeybdən gələn bir səs sənə deyir: qorxma, gülləni sıx onun sənə tərəf açılmış ağzına! Və sən tətiyi çəkəndə pələng göydə dövrə vurub yerə düşür...
Bax, Gül, mənim o qeybdən gələn səsim sənsən.
Özü də mən səni tanıyanda, görməzə-bilməzə sevəndə atanın, ananın kimliyini bilmirdim ki! Ailəni belə tanımırdım. Hesab elə ki, sıfırdan başlayırıq. Nə ailən, nə atan-anan mənimçün maraqlı deyil. Gəl, Gül. Gəl hər şeyi təzədən başlayaq. Sıfırdan. Mən yenə üç rəngli gül alım, səni yaşadığın evin qarşısındakı küçədə gözləyim, sonra əl-ələ tutub gedək mənim o insan hənirinə həsrət bir otaqlı evimə. Nə elçilik, nə nişan, nə toy istəyirəm, nə büsat. Mənə sən lazımsan, Gül. Sən mənim nicatımsan. Gəl, Gül. Gəl əl-ələ tutub dünyanın o başına gedək. Lap istəsən, bu şəhərdən çıxıb Moskvaya, Kiyevə, Leninqrada gedək. Elə bilirəm ki, bizə hər yerdə yuva qurmağa gücüm şatacaq. Axı mən mühəndisəm, metro mühəndisi. Harda olsa, bir parça çörəyimiz olacaq...
Gəl, Gül. Gəl ki, həyatımızı yenidən başlayaq.
Səni ömrü boyu sevəcək adam Behcət.”
***
Səhər açılan kimi kəsmişəm evlərinin qabağını. Heç olmasa, bir üzünü görüm. Sonra işə gedim. Tərslikdən, on beş dəqiqə gözləsəm də, çölə çıxmadı. Adətən, bu vaxtlar qarşıdakı mağazadan isti çörək alar, sonra evlərinin blokuna girərdi. Gəlmədi. Getdim, amma yarıcanım onların evinin qabağında qaldı.
Axşam işdən dönəndə yenə onların evi tərəfdən saldım yolumu. Özümə söz verdim ki, neçə saat olur-olsun, onu gözləməli, heç olmasa, üzünü görməliyəm.
Gözlədim. Axşam oldu. O isə gözə dəymir. Telefon nömrələrini bilsəm də, yalnız onun dediyi saatlarda yığmışdım nömrəni, çünki həmin saatlarda Gül evdə tək olurdu. İndi isə axşamdır. Yəqin ki, hamı evdədir. Əlacım kəsilir. İki qəpiklik tapıb qarşıdakı telefon köşkünə girirəm.
“Alo” – kişi səsidir. Həyəcandan əllərim əsir. Dilim topuq çalır. Amma qərara gəlmişəm ki, danışacam.
“Alo, Gülü... bağışlayın, Gülyanı... üzr istəyirəm, Gülnarəni olar?”
Kişi səsi bir qədər ötkəm tərzdə “Kimdir soruşan?” deyir.
Mən belə sual olacağını hesablamışdım, amma cavabımın nə olacağını heç düşünməmişdim. Nə isə mızıldanıram. “Bilirsiniz... Gülya xanım...Gülnarə... bu gün gəlmədi... Biz nigaran qaldıq... Ona görə... Dedim bəlkə, xəstələnib eləyib?..”
Kişi bir az yumşaq tərzdə “Adınız nədir?” deyə soruşur.
“Behcət...”
“Behcət, oğlum, Gülnarə xəstələnməyib, amma nədənsə bir az kefsizdir... Qoy çağırım, özün danış onunla...”
İlahi! Bu nə möcüzədir baş verir?! Mən söyüş, təhqir gözləyirdim, amma adam onu telefona çağırır... Şükür sənə, xudaya!
“Alo, kimdi danışan?” – hirslə soruşur.
“Gül, mənəm. Bağışla ki, səni pis vəziyyətdə qoydum... Qorxdum... Elə bildim ki, xəstələnmisən... Özümnən asılı olmayaraq... Bilirsən, Gül, mən bu gün evin orderini almışam...”
“Bunnan mənə nə? Sağ olun...”
“Gül, bir dəqiqə... Gül...”
“Yaxşı, sağ olun. Sabah mən ora baş çəkərəm...”
Aha. Aydın oldu. Sabah o gələcək! Ona görə telefonun dəstəyini yerinə qoyan kimi evimə cumuram. Boş otağın içində o baş-bu başa gəzir, ev üçün nə lazım olduğunu düşünürəm. Amma özümə söz verirəm ki, Gülya bura gəlməyənə qədər heç nə alan deyiləm.
Səhər şənbə günüdür və son zamanlar qısıxdırıb yığdığım pulu da cibimə qoyub Gülgilin binasının arxasındakı baxçaya gedirəm. Son vaxtlar burada görüşüb, gəzməyə gedərdik.
Bir xeyli gözlədikdən sonra o gəlir. Bir qədər sınıxsa da, çox gözəldir. Hətta sınıxmaq da ona yaraşır. Əlimi yumub ona sarı uzadıram:
”Tap görüm, burda nə var?”
“Nə bilim?”
“Sən bunu bilməlisən!” – sevinclə qışqırıram.
O isə əlini yumulu əlimin üstünə çəkir, sanki kodu açır və yumruq açılır. Parıldayan bir cüt açar görünür. Onun gözləri gülür.
“Evinin açarıdır?”
“Evimizin!” – gileylə dillənirəm.
“Sən niyə zəng vurmuşdun? Papa hislənə bilərdi? Yaxşı düşmədi...”
“Amma hirslənmədi. Bir gün sizə gəlsəm, yəqin ki, məni elə telefondakı kimi xoş sözlərlə qarşılayacaq... Əminəm ki...”
“Dayan. Sən yaxşı-yaxşı düşündün?”
“Nə barədə?”
“Mənim kimsəsiz bir qız olmağım barədə? Mənim cehizim-filanım olmaya bilər? İndiyə qədər məni saxlayan ailə biz evlənəndən sonra məni tamam yaddan çıxarda bilər? Mən...”
“Gül, neçə dəfə deməliyəm: mənə tək sən lazımsan! İstəyirsən çıxım Qız qalasının üstünə, oradan qışqırım ki, ey Bakı, ey bakılılar, mən bu qızı, təkcə Gülün özünü sevirəm! Mənə onun özünnən başqa kimsə lazım deyil!.. Hə istəyirsən?!”
Biz gəzə-gəzə gəlib bu qədim qalanın qənşərinə çıxmışdıq və mən onun əlindən tutub qalaya tərəf dartışdıradım. O isə gülə-gülə əlini əlimdən qurtarmağa çalışır və yenə gülürdü.
Nəhayət, söz verdi ki, bir də bu mövzuda danışmayacaq. Mən isə hələ də ürəyimə yığılmış sevincimi onunla bölüşməyə davam edirəm:
“Bir az pul yığmışam. İstəyirəm ki, səninlə bu gün evimizə gedək, otaqçün, kuxna üçün, hamam-tualetçün nə lazımdırsa, alaq. Axı mən belə şeyləri hələ bilmirəm...”
Hiss etdim ki, Gülün də içində fərəh hissi baş qaldırır. O, gülən gözlərini dolandırıb mənə baxdı və aşkar sevinclə dedi:
-Papa axşam dedi ki, qulağıma çatıb ki, oğlanın təzə evi var... Nəbadə evin içi üçün bir şey-mişey alasınız... mamanla gedin, evə baxın, sonra gəlib mənə xəbər verin, cer-cehizi özüm sifariş verəcəyəm...
Mən də qürurlandım.
Qız qalasının yanındakı kafedə əyləşdik və bu təzə xəbərləri qeyd etmək üçün o vaxtın çox sevilən yeməyi tabaka sifariş verdik...
***
Sonra Səkkizinci kilometrdəki birotaqlı evimizə baxmağa getdik.
Gül birinci mətbəxə və hamam-tualetə baxdı. Sonra qonaq otağımıza və həm də yataq otağımıza girdik. Divardan tək bir şəkil asılmışdı. Bunu mənə bir dostum hədiyyə etmişdi. Əvvəl götürmək istəmədim. Şəkildəki kişilərin hamısı yarıçılpaq idi. Amma şəkilin altında rəssamın adından sonra “Sokratın ölümü” sözlərini görəndə razılaşmışdım. Sokratı, hər halda böyük mütəfəkkir filosof kimi tanıyırdım. “Bu nədi belə?” deyə şəkili göstərib güldü Gül. Və mən Sokratdan bir xeyli mühazirə oxumalı olandan sonra “yaxşı da, qoy qalsın, doğruçu papam da yoxdu ki, şəkilini asam, qoy elə bu yarıçılpaq kişi qalsın” deyib güldü...
O vaxtdan neçə ev dəyişmişik, amma Sokrat da bizimlə olub həmişə...
İndi də kişinin şəkli qonaq otağımızın görünən yerindədir...
(Sonralar Sokrat haqqında bir neçə kitab oxudum və başa düşdüm ki, məni bu şəkilə və həm də Sokrata bağlayan elə-belə şəkil məsələsi deyilmiş. Adam, yazıçı dostum demişkən, özünüyaradanlardan imiş. Bu kişinin “özünü tanı” əmri min illərdir insanlığa hakim kəsilib. Təəssüf ki, insan oğlu hələ də nə özünü, nə ona verilmiş bu gözəl dünyanı tanımadı... )
Sokrat da bu dünya ilə, bu insanlıqla dil tapa bilmədiyi üçün zəhər içməyə məcbur edilərək edam edildi...
Məni bu fransız rəssamı Jak-Lui Davidin əsərinə bağlayan da elə bu imiş...
***
Əmimə sifariş yolladım ki, dədəmi, nənəmi də götürüb, təcili Bakıya gəlsin. Elçi getmək lazımdır.
Bir həftəyə əmim dədəmi, nənəmi də götürüb gəldi. Elçiliklə nişanı bir yerdə etdik. Əmim üzüklərimizi öz əlləri ilə taxdı. Nənəmin göz yaşlarını görəndə mən də özümü tuta bilmədim.
Gülgil qəşəng süfrə açmışdılar. Türkün sözü, quş südünəcən vardı. Bir görəydiniz əmimlə qaynatam necə vururlar?! Hələ dədəm?! Pəh! Kişi məni tərifləyə-tərifləyə yüz-yüz vurur, arada bir lətifə də söyləyirdi. Bir lətifəsində isə məni lap, mincivanlılar* demiş, baqaja qoydu.
“Bir gün Behcəti göndərmişəm mal nobatına... Malın yarısın itirib... Deynən niyə?”
Qaynatam gülə-gülə soruşdu:”Niyə?”
“Əşşi, açıb kitabı, qoyub qabağına, başdeyib oxumağa... Day mal qalar? Basıb gediblər Ənnağı dərəsinə!.. Qışqırıram ki, ədə, bu kitabı az oxu, oxuyub vartapetmi olassan?! Kimə deyirsən? Bı gədə belə yaramaz uşaxdı...”
Əmim düzəliş verdi:”Kaş bütün uşaqlar onun kimi yaramaz olaydılar... Əşşi, xəbərin var, oğlun instuta girib e, injiner olacax?!”
Bu dəfə mənim sağlığıma içdilər.
Dədəm yüz faiz keflənib. İşləri qarışdırmasa yaxşıdır. Bu vaxt qaynatam dillənir:”Biz şuşalıyıq. Orada bir erməni qonşumuz vardı... Bu vartaped sözünü onlardan eşitmişəm... Gərək ki, müəllim deməkdir. Düzdür, sizin oğlunuz müəllim olmayacaq, amma onnan da geri qalmayan mühəndis olacaq... O biri övladalarınızı da oxudun. İndi dünya kitabnan, elmnən irəli gedir...”
Bir həftə sonra biz evləndik.
***
Artıq Sobudan köçüb gəldiyimiz Qaradərə kəndində təndirimiz vardı. Bakıda gördüyüm təndirlərdən yox, onlar yerin üstündə olur, bizimkilər yerin altında idi. Təndirin qırağında süfrə salar, xəmiri ərsinlə kəsib urfaynan kündələyərdilər. Sonra kündəni çörək taxtasının üstünə qoyar, oxlavla yayar, lavaş salardılar.
-----------------------------------------------------------------------------
*Mincivan – Zəngilan rayonunda dəmiryolçular qəsəbəsi. Zəngilanın və qonşu rayonların əhalisinin ev-eşik qurduğu, dəmir yolundan çörək qazandığı bu qəsəbənin əhalisi çox ayıq idi. Ən son dəb, ən son çıxan kitablar, ən yaxşı təhsil və ən çox işlənən atmaca sözlər də burada olurdu.
Təndirin axırına yaxın qalan kündələri lavaş deyil, fətir yapardılar və üzünə anamın yumurta sarısı çəkdiyi o fətirlərin ətri adamı məst edərdi. Bakıda yaşayalı əlli ildən yuxarı oldu, amma mən anamın o fətirlərinin qoxusunu verən çörək görmədim...
YAZIÇI
Mənim də bir təndir xatirəm var...
Xatirə deyəndə ki, 2000-ci illərdə yazarların yarızarafat, yarıgerçək “Nobel nitqi” yazmaları vardı. Birini də mən yazmışdım. Ordan sətirlərdir bunlar...
“...Dərsdən çıxıb evə dönəndə birbaş təndir üstə gələrdim. Əvvəllər həftədə bir dəfə təndir odlayan nənəm, nədənsə hər gün təndir salardı. Bunun da səbəbini bir az sonra öyrənəcəyəm: Xruşşov dönəmi başlamış və qarğıdalı inqilabçısı necə siyasət yürütmüşdüsə, yarımaclıq deyilən dövr gəlmişdi. Ona görə də arvadlar gen-bol çörək bişirməyə qorxurdular. Gündəliyi gündə bişirir, iqtisadi təhlükəni sovuşdurmaq istəyirdilər. (Bizim camaat çöl-bayır adamı idi deyə, çölçü kimi bir həftənin, on günün quru lavaşını bişirər, yeyəndə də isladıb nazik təndir yuxası yeyərdilər.)
Çantamı yerə atıb özümü yıxırdım nənəmin dizinin gözünə. İzafə nənəm məni çox istədiyindən çörəyin qıpqırmızı qızarmışından qoyurdu qabağıma. Mən də siçan kimi xırtıldada-xırtıldada gəmirirdim qupquru lavaşlardan. Bu dəm nənəm mənə təpinərdi:
-Ədə, kitabı yerdən götür, günahdı.
Bilirdim ki, götürməsəm oxlovla əlimin üstündən çırpacaq. Çörək xırtdatmağa ara verib, çantanı götürər, təndirin tənəkədən* düzəldlmiş çəpərinin bir az yuxarısından asardım. Nənəm bununla da razılaşmazdı.
-Yuxarıdan as, lap yuxarıdan as ki, toz qonmasın kitaba.
Çantamı tənəkənin həlqələrinə bağlanmış sivrimlərdən (tut ağacının şivlərinin yaş qabığından soyularaq hörülmüş ipəbənzər əşyadır ki, ədəbi dildə qarşılığını tapmadığım üçün kəndimizdə işləndiyi kimi yazdım) asandan sonra əl çəkərdi məndən.
Çörəymi evimizin küncündəki balaca boz siçan kimi başlayardım bala-bala xırtıldatmağa. Bu ara qonşumuz Sayat dostum (bizdə əmi, dayı arvadına dostu deyərdilər) çıxardı qənşərə və qeyzlə soruşardı ki, bizim lobya yerinə çəpiş** girib, bax, söyürəm ha, sizinki dəyil ki?!
Nənəm də əlindəki oxlovla mənim lap hündürdən asdığım çantama vurar və deyərdi:
-Bu kitab haqqı yox, mənimkilər dəyil! Nə dərər söyəssən, söy...
Fəxrlə çantama, onun içindəki ana dili, hesab***, rus dili kitablarıma baxardım. Zarafat deyil, nənəm mənim kitablarıma and içirdi...
(Məni qınamayın, elə o vaxtdan kitaba müqəddəs əşya kimi baxmışam. Kitabı yerə atana acığım tutar, qeyzlənərdim. Heç yadımdan çıxmaz. Bir dəfə köhnə dostum professor Rəhim Əliyevlə hardansa gəlirdik şəhərə tərəf. Bir də gördük ki, zibillikdə özüboşaldan ZİL maşın dayandı, bir maşın kitabı əyib zibilliyə tökdü və sürüb getmək istəyəndə professor onun qabağını kəsdi.
-Bu kitabı hardan gətirirsən? Nöş zibilliyə tökürsən?
-Ağsaqqal, mən buyruq quluyam, dedilər apar tök, mən də gətirib tökdüm... Mən kiməm ki, mənə qəzəblənirsən?
-Axı kim dedi, hardan gətirdin bunları?! – Rəhim müəllim lap özündən çıxmışdı.
-Bax, ay kişi, o zavod var e, Bakraboçidi, nədi, adını da düzəməlli bilmirəm, onun həyətində bir kitabxana varmış... Kitabxana bağlanıb, kitabları da yüklədilər mənim maşınıma, dedilər, apar tök svalkaya... Mən də gətirib tökdüm... Bude ha, on manat da zəhməthaqqı veriblər...
-----------------------------------------------------------------------------------------------
*Tənəkə - qamışdan hörülən və barama qurdu vaxtı üstündə qurd bəslənən əşyadır ki, ondan bəzən çəpər əvəzi də istifadə olunurdu.
**Çəpiş – keçinin balası, ovlağa dialektdə verilən ad.
***60-70-ci illərdə ibtidai siniflərdə riyaziyyat yerinə hesab dərsi keçərdilər.
Sürücülük bir şey yoxdu. Ona görə adamı buraxdıq. Və başladıq kitabları seçələməyə. Neftə aid rus dilində cild-cild kitablar, sonra Şoloxovun, Simonovun, Mixalkovun, Tolstoyun, Nizaminin, Sabirin, Mirzə İbrahimovun... kitabları çıxdı qarşımıza... Mən Çingiz Aytmatovun “Əlvida Gülsarı”sını görəndə dəliyə döndüm.
(Üz qabığı paralanmış o kitabı o vaxtdan evə gətirmişəm, kitabxanamda durur.) Sonra Rəhim müəllim başladı kitabları seçib NİVA maşınının arxasına yığmağa. Bunu niyə etdiyini bilməsəm də, mən də ona kömək etdim. Və maşının arxasını doldurub gəldik professorun qardaşının restoranına. Restoranın həyətindəki səliqəli bir otağa yığdıq kitabları və Rəhim gülə-gülə qardaşına dedi ki, bu günnən sənin restoranının da kitabxanası oldu.
Mən tez maşına sarı gedib, “Yazı”nın son sayından iki ədəd gətirib təzə “kitabxana”ya qoydum və gülə-gülə dedim:
-Qoy yeni kitabxananın “Yazı”sı da olsun!
Sonra restoranda yemək yeyəndə Rəhim müəllim dedi:
-Bir ölkədə ki, kitaba, kitabyazana hörmət qoyulmadı,orada xeyir-bərəkət olmaz. Sən hindi özüvü ora-bura çırpıb bu boyda jurnal buraxırsan, kiminçün?Təbii, insanlarçün, oxucularçün. Amma oxucular mını bilirmi? Xeyir, bilmir... Kitabı svalkaya tökənnən nə gözləyəsən? Vallah mının bədəli ağır olacey...
(...Zəruri qeyd. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, biz professor Rəhim Əliyev və daha bir neçə dostla birgə bir zamanların məşhur ədəbiyyat dərgisi olan “Yazı”nı bir müddət birgə çıxartmışıq. Bu hadisə də o günlərdə olmuşdu.)
Axı nənəm də elə-belə nənə deyildi. Bir tərəfi Qara Yusifi taxta çıxardan baharlılardan, o biri tərəfi Dədə Qorqud yadigarı qaragünlülərdən olan bu qadından kəndimizdə hamı çəkinirdi...”
S.A. (Söz Ardı)
Bu hadisədən illər sonra İstanbulda “Süd gölü” (onlar “Süt gölü” yazırlar) adlı hekayələr kitabım çıxmışdı. Və “Kaynak yayınları” kitab evi məni o kitabın təqdimatına dəvət etdi. Bəylik düzündəki TÜYAP deyilən yerdə təqdimatda iştirak edəndən sonra dostum mərhum yazar Orxan Qaravəli məni balıq yemək üçün restorana dəvət etdi. Orada dostlarla yeyib-içərkən sağlıqlar dedik. Mən də bir sağlıq dedim:
-Əziz dostlar! Mən kitaba and içən bir qadının nəvəsiyəm...
Sonra yuxarıdakı təndirüstü əhvalatını danışdım və istanbullu dostlar çox mütəssir oldular... And olsun kitaba! Kitab haqqı!
İKİNCİ BEHCƏT
Hə, elə ki, anam təndiri salardı, gəlib kəsərdim yanın, həm ona təndiri yandırmaqda kömək edər, həm də ilk çörəyin çıxmasını gözləyərdim. İsti-isti, tər-tər o lavaşı alıb dürməkləmək, ağzımı yandıra-yandıra yeməkçün ürəyim gedərdi. Heyhat! Anam o ilk lavaşı heç vaxt mənə verməzdi. Oxlovla əlimin üstünə çırpar, “siftəni yeməzlər” deyərdi hökmlə.
“Niyə ay nənə?!” – ağlamsınardım. (Bizlərdə anaya nənə, ataya dədə deyərdilər.)
“Düşər, düşməzi olar... Çörəyin siftəsini yeyənin arvadı ölər deyiblər...”
“Ay nənə, nə olar, qoy o birinci çörəyi mən yeyim!.. Çox istiyirəm onu...”
“Olmaz dedim. Gözlə, ikincini, ya elə üçüncünü verərəm, arasına kişmişan qoyub, tər-tər yeyərsən...”
Bir neçə çörək çıxandan sonra nənəm, nəhayət ki, mənə o isti çörəklərdən birini büküb verərdi...
Əlimi yandıra-yandıra, ağzımı pörşələyə-pörşələyə yeyərdim o çərəyi...
***
Ay nənə, sən, bəlkə mənə yaxşı fikir verməmisən, əlimin üstünə o oxlovla möhkəmcə çırpmamısan?! Gözünnən yayındırıb o təndirin siftəsini yemişəm bəlkə?!.
Bəs yeməmişəmsə, mənim yarım, mənim Gülüm, mənim həyatımın mənası niyə məni tək qoydu, ay nənə?! İndi mən həyatımın siftəsini itirənnən sonra necə yaşayım, ay nənə?!.
Onu qoruya bilmədim...
***
YAZIÇI
Biz onunla, bəlkə, on il olar yaxınlaşmışıq. Nə bilim, bu da bir tale məsələsidir. Əvvəllər də salam-kalamımız olub. Amma elə salam-kalam səviyyəsində qalıb. Sonralar isə onun “professor” əmisi vəfat etdi. Düzü, bu adam mənim də uşaqlığımda izlər qoymuş birisi idi və heç kimdən dəvət gözləmədən o kişi haqqında bir yazı yazdım. Mənim yazılarım iki cür olur: bir bədii yaradıcılığımın nüvəsini təşkil edən sırf bədii yazılarım – roman, hekayə və uzun hekayələrim, bir də elə adı üstündə olan adamların heç adına, ünvanına toxunmadan, olduğu kimi yazdıqlarım. Bunlara sənədli hekayə də demək olar, bədii oçerk də... Bu yazıların təhrini də bir qədər sonra tapacam: yaşım altmışı keçəndən sonra anladım ki, bədii yazılarımdan başqa, mənim sənədli memuar yazmağa ehtiyacım var və “Məndən sonra” adlı memuar romanın yazılışı belə başladı. Qəribədir, on ilə yaxındır ki, o əsəri qıxım-qıxım, parça-parça yazsam da, hələ bir tərəfə çıxmayıb. Ən böyük arzum odur ki, bu əsəri özüm həyatda ikən bitirib çap etdirim.
Bax, onun əmisi haqqında yazdığım yazı da, əslində, həmin əsərdən parça kimi qələmə alınıb...
Bilmirəm, bura uyarmı, uymazmı, amma qəhrəmanımıza və mövzumuza çox dəxli olduğu üçün həmin yazını bura da əlavə edirəm...
Elə bilirəm ki, oxucum üçün də, qəhrəmanım üçün də önəmli olar...
(Mötərizə arasında da olsa, qeyd etməliyəm ki, qəhrəmanımın ilham aldığı, örnək bildiyi adam idi bu “professor”. Hətta o dərəcədə ki, mən bu yazını yazandan sonra mənə qarşı diqqəti birə on artdı. Bəlkə, bizim tanışlığımızın dostluğa çevrilməsinin bir səbəbi də o yazı olmuşdu. Yazı saytlarda yayımlanandan sonra böyük ilgi gördü, hətta bədii yazılarımdan da aşırı ilgi. Və mən bundan mütəəssir olub, yazını üç cildlik “Renessans həsrəti” kitabımın ikinci cildinə saldım. Təbii ki, “Məndən sonra” memuarında da öz yerini tutmaqdadır. Sağlıq olsun, o kitabı da qəhrəmanımla birgə görərik...)
Beləcə, o sirli, sehrli yazı qarşınızdadır...
“Adam var ki, şəkil kimidi, yəni yaraşıqlı, qədd-qamətli. Adam var ki, ona baxıb şəkillənirsən. Yəni, özünü düzəldirsən – güzgü timsalı. Adam var ki, elə bil rəsm əsəridir, ağ kətan parçasının önündə dayanmağı bəs edər ki, canlı sənət əsəri biləsən...
Adam var ki, hansısa oxuduğun roman qəhrəmanına bənzəyir. Adam var ki, hazır obrazdır, bax, dinlə, götür sal yazacağın əsərə - özü özünü yaradacaq...
Bir fiolosof dostum var. Bir gün soruşdum ki, nə üzərində işləyirsən? (Bilir ki, ciddi soruşuram. Yəni, bizdə yalançı professorlar, hətta akademiklər itinə tökdür. Soruşsan nə yaratmısan, nə kəşf etmisən, başlayacaq hansısa ortabab şair kimi vətən gözəlliyini tərənnüm edən qafiyəpərdazlıq etməyə...) Üzümə kədərli-kədərli baxıb inamsızcasına dedi: “Özünüyaratma fəlsəfəsi” üzərində işləyirəm. Sevincək soruşdum ki, nədi axı bu ÖZÜNÜYARATMA? Dedi hələ özüm də bilmirəm... (Nə yazıqlar ki, o dostum bunu mənə dediyi vaxtdan on ildən çox zaman kəsiyi keçib. Amma bu illər ərzində nəinki özünüyaratma deyilən bir şey yaranıb, heç onun “ö”-yünü də cızmayıb... Amma... Amma... Gərək olanı deyim: bu dost o dostlardan deyil. Həyatımda gördüyüm, qəbul etdiyim 3-5 elm adamından ən ciddisidir. Mən onun nəsə yaradacağına əminəm... Amma qardaşım, bu fəlsəfə ki, var, əcaib bir şeydir... Sokratı intihara sövq etmədimi?! Hələ Asif Əfəndiyev – Asif Ata?! O boyda kişini gözümüzün qabağında çərlətdilər... Dostum isə elə bir filosofdur ki, mən onun bir gün sel kimi çağlayacağına inanıram... O fəlsəfəni yaratmasa da, fəlsəfə onu yaradacaq... Hə, az qala unutmuşdum: siz o dostumu bu əsər boyu çox görmüsünüz. Hələ görəcəksiniz də... Zarafatla sataşmağıma baxmayın: o özü özünü yaradanlardandır...)
Bəli, insan var ki, özü özünü yaradır. Valideynlərin, mühitin, müəllimlərinin rolu qismən olsa da, o, özü özünü yaradır...
Adına Zəngilan camaatının Qara Mamed (Qara Məmməd) dediyi Məmməd kişi belə adamlardandı. Top kəndində doğulmuşdu. Atasını 30-cu illərdə qolçomaq adı ilə güllələmişdilər. Anası və mərhum əmisi saxlamışdı onu. (Bizim qəhrəmanın meşəbəyi atası onun əmisi idi.)
Sonrasını isə bilirsiniz: özü özünü – gələcək QARA MAMEDİ yaratmaqla məşqul olmuşdu uzun illər...
***
Yadımdadır, bizim kəndə (artıq onların ailəsi ermənilər tərəfindən yandırılaraq dağılmış Topdan bizim kəndə köçmüşdülər) ilk maşını o gətirmişdi. Kolxozun bu palturkasını görəndə mən dostlarımla uzun zaman bu möcüzənin ətrafında fırlanmışdıq. Sonra bu maşını PAZ avtobus əvəzlədi. Bu da bir ilk idi. Onun içində oturmaq lüksünü Məmməd kişi biz uşaqlardan əsirgəməzdi.
Sonra ilk taksini – sarı QAZ-24 maşını - Zəngilana gətirən də o oldu. Və 1981-ci ildə mənim toyum olanda bizimkilər o sarı maşını gəlin maşını kimi bəzəmişdilər. (Artıq ailə rayon mərkəzinə - Pirçivan şəhərinə yerləşmişdi. Şəhərin girəcəyində onların yeni tikilmiş gözəl evi vardı.)
***
Mincivan qəsəbəsində 9-cu sinifdə oxuyurdum. Hər gün 10-12 kilometr yolu ayaqla gedib-gəlirdim. Bir dəfə dərsdən çıxıb evə gələndə DSR yolu deyilən yerdə oturub təsadüfi maşın gözləyirdim. Vaxtı öldürmək üçün çantamdakı hansısa yarımçıq qoyduğum bədii kitabı oxumağa başladım. Necə kitaba girmişəmsə, yanımda dayanan maşını fərq etməmişəm. “Ay kirvə!” – səsdən diksindim. (Bizim ailə onlarla kirvə idi.) Məmməd kirvə idi. Avtobusu saxlayıb məni səsləyirdi. Qalxıb yanına getdim və salamlaşdım.
-Nə oxuyursan?
Oxuduğum kitabın adını dedim. (Təəssüf, indi hansı kitabı oxuduğumu unutmuşam.)
-“Zəngəzur” romanını oxumusan?
-Bəli, - dedim.
-Bəs “Zəngəzur dağlarında”nı necə?
-Yox, onu oxumamışam...
-Oxu, oxu... Çox oxu. Sənnən bir şey çıxacaq... Gəl otur, gedək...
Maşına əyləşdim. Yol boyu maraqlı söhbətlər elədi. “Qabusnamə”dən danışdı, “Min bir gecə” kitablarından söz saldı, daha adını eşitmədiyim bir neçə kitabın adını çəkdi...
(Elə yeri gəlib deyim: Məmməd kirvənin sonralar söhbətləri məndə dərin iz buraxdı. Hekayələrimdə, romanlarımda onun söhbətləri təsirsiz ötüşmədi. Konkret “Ən ağır yük” heakyəmdəki süjeti o danışmışdı mənə.)
Və maşını atamgilin həyətinə sürdü. (Atamla anam ayrıldığından mən anmala qalırdım.) Atamla hal-xoşdan sonra məni göstərib “bu cavan oğlanı yolda gördüm, dedm piyada gəlməsin, həm də kirvəmlə bir görüşüm” deyib qoluma girdi və atamgilin həyətindəki Əmirin cəvizinin dibinə yönəldi. Orada ocaq qalayıb kabab çəkdilər. Sonra maşından araq çıxartdı. Deyəsən, ilk dəfə mən də araq içdim...
O məclisdən heç ayrılmaq istəmirdim. Qara Məmməd deyilən bu adamın söhbətindən doymaq olmurdu ki...
Və o məclisdə ilk dəfə özüm haqqında xoş söz eşitdim.
-Vəli, bu oğlanı mənim gözüm tutdu, - dedi atama. - Kitaba elə cummuşdu ki, maşının siqnalını eşitmədi... – Və mənim sağlığıma içdilər!!!
...Məmməd kişi atamla, əmim Kamranla dost idi. Rayonun bütün sürücülərinin ilk müəllimi idi o. Əmim ona daldada “maşının professorudur” deyirdi...
Özünüyaradan o “professor” bu günlərdə (02.03.2018) haqq dünyasına qovuşdu. Tək özünü deyil, çoxlarını insan olmağa, insan kimi yaşamağa, kitaba, biliyə səsləyən, özündən sonra çoxlu sayda “professor” sürücülər qoyub gedən Qara Məmməd... Yerin pərqu olsun!
S.A.(Söz Ardı)
Bu Sözardını lap sonralar yazıram. (Hə, bunu da oxucunun bilməsi lazım: bu Söz Ardı da bir ilkdir, siftədir. Mən bir çox müəlliflər kimi P.S yazmadım, öz dilimizdəcə S.A, yəni Söz Ardı yazdım.) Mən oxuduğunuz portret yazısını bu əsərə salanda bir şeyi hiss etdim: elə bu kişi də siftələrin adamıymış: ilk maşın, ilk avtobus, ilk taksi onun sayəsində bizim kənd-kəsəyə gəlib çıxıb... Siftələrin adamı sonradan mənim qəhrəmanımın yetişməsində təkan olub. Məşhur filosufun təbirincə desəm:”Atam-anam məni göydən yerə endirmişdi, müəllimim yerdən göyə qaldırdı...”
***
YAZIÇI
Biz sizinlə bu qəribə səyahətə çıxanda, yəqin ki, güman edirdiniz, yalnız respublikamızın görməli yerlərini, möcüzəli təbiətimizi, nə bilim daha nələri seyr edəcəyik. Əgər belə olsaydı, onda bizim hər gün küçə-bacada rastlaşdığımız adi insanlarla nə fərqimiz olardı? Yox, mən insanlarımızı aşağılamaq istəmirəm, sadəcə qələmə aldığım bu əsərdə ruhuma yaxın dostlarımla özümü daha böyük işlərçün doğulanların cərgəsində görmək istəyirəm. Bununçün insanda təkcə fiziki göstəricilər kifayət etməz. Yemək, işə getmək, axşam arvadınla həsbi-hal etmək, uşaqların dərsi ilə bir az maraqlanmaq, sonra yenə yemək, yatmaq və yenə işə getmək... Əksər insanımızın həyat “devizi”, nə yazıq ki, bunlardan ibarətdir...
Artıq ayıq oxucu bilir ki, biz dostlarımızla, əslində xəyali bir səyahətə çıxmışıq. Düzdür, bunu lap fiziki səyahət də hesab edə bilərsiniz. Zira insanımızın bu gün ən çox çatışmayan tərəfi ruhi qidadır. Fiziki göstəricilərimiz ruhi dünyamızı elə kapsamış ki, sanki heç olmayıbmış...
Lədun, yaxud ləduniyyət deyilən bir ürfan elmi var ki, burada iki bir-birini heç tanımayan, lakin ruhi yaxınlığı olan adamların bir yola çıxmaları mümkündür. Lədunu kəsb etmişlər başqalarına bənzəməzlər və onların təsəvvüfdə yeri ayrı. Onların ruhu daim oyaq olar, həyata bəsirət gözləri ilə baxarlar. Allahın sevgili xəbərçiləri İsa da, Musa da, Məhəmməd də o yolun yolçularıdır...
Hesab edirəm ki, elmi ləduniyyətlə mədəniyyətin və dünyəvi elmlərin birliyi yeni bir insan fazasının ortaya çıxmasına imkan vermişdir. Bu insan kamildir. Təkcə özünün, ailəsinin, nəsil-kökünün deyil, millətinin, hətta mümkün olarsa, dünyanın dərdini çəkir. Bildirim ki, millətinin və dövlətinin dərdini çəkənlər, eyni zamanda dünyanın dərdini çəkmiş olurlar... Axı bir təcavüzkarın qarşısına çıxıb öz millətini, dövlətini qoruyan qəhrəman həm də dünyanı qorumuş olur...
Mənə görə Mübariz İbrahimov, Polad paşa kimi qəhrəmanlar da o mərtəbəyə vaqif olanlardır. Hələ qəhrəmanlığı bu yaxınlarda üzə çıxan, Xocalı faciəsindən sonra dostları ilə könüllü döyüşə yollanaraq son gülləsinəcən vuruşub bayrağımızı qoruyan, qəhrəmanlığı yalnız bir italyan fotoqrafın çəkdiyi şəkillər əsasında üzə çıxan Natiq Qasımov!
(Mən onun haqqında romanımızın başqa bir fəslində ayrıca söz açacağam.)
...Biz, nə yazıq ki, səyahət dedikdə bir ölkədən başqasına getməyi, bir rayondan digərinə yollanmağı nəzərdə tuturuq. Amma bu, fiziki səyahətdir. Bu dəfə mən sizi ruhi səyahətə dəvət etmişəm. Orada bizim xalqımızın azadlığı və istiqlaliyyəti uğrunda həyatını qurban verməyə hazır olan, hətta bəzi hallarda qurban verən insanların ruhu dolaşır... Və nə yazıq ki, onlar haqqında çox az adamın məlumatı var...
Kompüterimin ekranında bir şəkil var. 90-cı illərdə bir gənc adam bütün qorxu və təhlükələri gözə alaraq Hökümət evinin qarşısına vurulmuş nəhəng SSRİ gerbinin üstünə çıxır və milli bayrağımızı onun üstünə sancır! Təsəvvür edirsiniz? Onu elə oradaca güllə ilə vura bilərdilər. Yaxud insanın özündən az qala iki dəfə böyük olan o nəhəng əşya onun üstünə aşa bilərdi və həkaza...
FİLOSOF
Hə, yadımdadır. Mən onda kənddə yaşayırdım. Amma dediyin şəkilə həmişə heyrətlə baxmışam...
YAZIÇI
Elə mən də o zaman rayonda yaşayırdım, amma şəhərdə baş verən hadisələri daim izləyir, hətta arada qaçıb Bakıya gəlir, Azadlıq meydanına – mitinqçilərin yanına gedirdim... Bilirsən, sanki millətin genini kimsə tərpətmiş, onun unutduğu qan yaddaşına – venasına girmiş, qanın axışını dəyişmişdilər. Millət ağır insultdan ayılan, dirçələn, silkələnib özünə gələn insanı xatırladırdı. Xəstəlikdən ayılan adama necə ürək-dirək verərlər, bax, millətin öndə gedən simaları çıxışları ilə xalqın ruhunu dirçəldirdilər. Hiss edirdim ki, mən özüm dünənki adam deyiləm. Qabaqlar Bakıya gələndə işlərimi tez görüb rayona tələsirdim ki, evdə, işlədiyim məktəbdə görəcəyim işlərin üstünə gedim. Amma indi Azadlıq meydanında bir-birini əvəz edən natiqləri dinləyə-dinləyə içimdə tüğyan edən hisslərin təsiri ilə tamam dəyişirdim və heç geri dönmək istəmirdim...
Danışdığım o əhvalat isə, gerbin üstünə bayraq taxan oğlanın məsələsini deyirəm, əsl fantastika idi!.. Onun adını da yaddaşımda saxlamışdım. Dayan görüm necə idi?
BEHCƏT
Müəllim, səhv eləmiəmsə Tələt idi...
YAZIÇI
Ay sağ ol! Tələt... Tələt Əliyev! Əlizadə, daha doğrusu... Niyə bu söhbəti saldım, bilirsinizmi? Tariximizin çox qaranlıq səhifələri var ki, onlara işıq tutmaq təkcə tarixçilərin deyil, elə biz yazıçıların da borcudur. Neçə vaxtdır Oqtay Eldəgiz adlı bir Azərbaycan qəhrəmanının taleyi məni rahat buraxmır... Güman edirəm ki, ən azından siz onun adını eşitmisiniz?
FİLOSOF
Hə, vardı tarixdə belə bir şəxs...
BEHCƏT
Mənə də tanış gəldi...
YAZIÇI
Belə də bilirdim. Onu uğrunda canını fəda etdiyi xalqı tamam unutmuşdur... Qoy onun haqqında bildiklərimi sizə danışım, yaddaşınızı təzələyim...
Oqtay Kərim oğlu Rəfili 1934-cü ildə Bakının Xilə kəndində (bir adı Əmircandır ki, nədənsə bu adla daha çox tanınır) doğulub. BDU-da filoloji fakültədə oxuyub. Orta məktəbdə müəllim işləsə də, Eldəgizlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb ki, buna görə də özünə Eldəgiz təxəllüsünü götürüb. 1958-ci il Sumqayıt mitinqinin təşkilatçılarından olub. 1962-ci ilin oktyabrında yaradılan MAQ-ın (Milli Azadlıq Qərargahı) sədri olub. Bu gizli təşkilat öz tərkibinə ölkənin ən böyük ziyalı kəsimini və vəzifəli şəxsləri qata bilmişdi. Təsəvvür edirsiniz? Kompüterimin ekranına qoyduğum bir şəkil məni hər gün narahat edir... İnanılası deyil, ay kişi! Hətta o dərəcədə ki, Oqtay Eldəgiz mənim laübali adam bildiyim şair Hüseyn Arifi belə MAQ-ın iclaslarına qata bilibmiş... Hə, vallah! A kişi Azərbaycanın Nazirlər Sovetinin sədrini Sadıq Rəhimovu belə MAQ-a üzv edə bilmiş!? A kişi... Ələviyyə Babayeva e, bax o xanım yazıçını belə... Daha İsmayıl Şıxlını, Bəxtiyarı demirəm ki... A kişi, Xudu Məmmədov onun müavini olub e MAQ-da!...
Hə, bir məsələni unutdum: mənim bu sətirləri yazdığım günlərdə bu böyük adamın, Oqtay Eldəgizin 90 yaşı tamam olurmuş!.. Az qalıram Zaurun, Xoşqədəmin verilişlərində şou göstərənlərə və onlara huş-kuşla baxanlara, başı ilə götü bilinməyən hansısa ortabab xalq yazıçısı, ortabab akademik, ortabadan da aşağı deputat üçün yaltaqlananlara qışqıram: başınızı qaldırın, bir özünüzə, bir ətrafınıza baxın, bir bu kişi haqqında da düşünün...
FİLOSOF
Hə, mən Oqtay Eldəgiz haqqında oxumuşdum haçansa... Sadəcə...
BEHCƏT
Mənə də tanış gəldi... Amma...
YAZIÇI
Niyə onu xatırladım, bilirsinizmi? Filosof dostumuzun ozünüyaratma fəlsəfəsinə mənim əlavəm var: özünüyaratma əladı, superdi... Amma, mənim əzizlərim, məncə burada bir qədər eqoizm var... Özünüyaratma gözəl bir fikirdir, möhtəşəm ideyadır, zira burada dayanıb durmaq olmaz. Özünüyaratmanın üst fazası, məncə ətrafını yaratma, millətini yaratma və sonda dövlətini yaratma olmalıdır. Oqtay Eldəgizin fəaliyyəti məhz buna fokuslanıb... Daha maraqlısı bilirsiniz nədir? MAQ-dan sonra Xalq Cəbhəsi yarandı, Milli Azadlıq hərəkatı 90-cı illərdə vüsət aldı və xalqımız meydanlara çıxaraq qurbanlar bahasına olsa da, müstəqil dövlətini, ikinci respublikanı qurdu, yaxud bərba etdi... Amma Oqtay Eldəgiz bu prosesi görsə də, hayqırıb demədi ki, eyyyyy, sizin hərəkat başlanğıcını mənim yaratdığım MAQ-dan alıb!.. Bəli, demədi, sadəcə, bu olanları sevinc hissi ilə izlədi...
Amma bizim borcumuz o kişini və onun MAQ-çılarını xatırlamaq, onlara rəhmət oxumaq olmalıdır... Çünki onlar bizə göstərdilər ki, özünüyaratmanın sonunda ətrafını yaratma, millətini yaratma, dövlətini yaratma var...
FİLOSOF
Maraqlıdır. Məncə, sən bizim fəlsəfi düşüncəmizə yeni naxış əlavə etdin. Düzdür, bu fəlsəfədən daha çox tarixi bir gedişdir, amma hər mənada haqlı gedişdir... Bunun fəlsəfi formulunu tapmaq biz filosofların işi olmalı...
YAZIÇI
Sevinirəm ki, son vaxtlar MAQ-çılarla maraqlananların sayı artmış, onlar haqqında məqalələr yazılmış, vikipediya səhifələri hazırlanmışdır. Təəssüf ki, onların mübarizəsi son dərəcə məxfi aparıldığından haqlarında məlumat çox azdır. Bir çox hallarda Azərbaycanın dövlət və mədəniyyət sahəsində mühüm vəzifələr tutmuş, fəxri adlar almış bu adamlar haqqında onların övladları da, yəqin ki, müəyyən bilgiyə malik deyillər. Tutalım xalq şairləri Osman Sarıvəllini, Hüseyn Arifi, xalq artisti Yusif Vəliyevi necə MAQ-çı hesab edəsən?! Hələ Bərdənin keçmiş katibi Rüstəm Səfərəliyevdən necə MAQ-çı kimi bəhs edəsən?! İnanılası deyil!.. Amma inanmağa məcbursan. Çünki bu insanlar hər cür təhlükəni yenərək bu mübhəm işə qoşulmuşdular...
Aşağıda misal gətirəcəyim faktlar mənim haqqımda bir kitablıq yazılar yazmış bir dostumun məqaləsindəndir. O yazını oxuyandan sonra bu qənaətə gəldim ki, əgər yaşı düşsəydi, yəqin ki, hökmən MAQ-çı olardı...
“1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə söykənir. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı.
Daha sonra 1962-ci ilin dekabarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə, həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, akademik Xudu Məmmədov seçilmişdi.”
Əslində, MAQ yarananadək də bəzi uğurlu işlər görmüşdü. 1956-cı il, sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, gizli qapılar arxasında Azərbaycan SSR-in Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı. Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin buna hazırlaşan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar. Onlara kömək edəsi mühüm simalardan biri Azərbaycan SSR-in Nazirlər Sovetinin sədri Sadıq Rəhimov idi ki, o da bu tapşırığı yerinə yetirməyi öz öhdəsinə götürdü. Həmin vaxt kömək edə biləcək olan şəxslərdən biri də MK-nin 1-ci katibi İmam Mustafayev idi, təəssüf ki, mərkəzdən qorxduğu üçün aramsız təziqlərin nəticəsində geri çəkildi. Lakin Azərbaycan SSR-in şərti yumşaq tərzdə Kreml rəhbərliyinə yetirildi. Nəhayət, Azərbaycan SSR-in istəyi SSRİ-nin rəsmi mövqeyi kimi İran dövlətinə bildirildi ki, Tehranın torpaq arzuları geri götürüldüyü təqdirdə, Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir. Bu ilk növbədə Sadıq Rəhimovun və üzə çıxmağa hazırlaşan Milli Azadlıq Qərargahının başlanğıc uğurları idi.
MAQ-ın ən fəal üzvləri: Oqtay Eldəgəz - tarixçi, müəllim, Xudu Məmmədov - professor, geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)
Sadıq Rəhimov - Azərbaycan SSR Nazirləsr Sovetinin Sədri (1954–1958),Yusif Məmmədəliyev - Azərbaycan sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərb. SSR EA akademiki (1945) və prezidenti (1947–1951 və 1958–1961), SSRİ EA müxbir üzvü (1958), SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958–1961) və Azərb. SSR Ali Sovetinin (4-cü çağırış, 1955–1959) deputatı, Əlisöhbət Sumbatzadə - Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki (1958), Hüseyn Arif - şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), "Azərbaycan Dövlət Mükafatı" laureatı (1978), Azərbaycanın xalq şairi (1989), Əsədulla Qurbanov - fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası "İdeal Sülhün Təbliği Fondu"nun vitse prezidenti, Beynəlxalq Sülh Səfiri, Bəxtiyar Vahabzadə — şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), Yusif Vəliyev, Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti (1979), Rüstəm Səfərəliyev - partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Bəxtiyar Məmmədov - Azneft Birliyinin baş mühəndisi...
FİLOSOF
Xalq öz kimliyini tanımayanda kiçilər... Bir xalq kimi nələrə qadir olduğumuzu və nələrin bahasına bu günlərə gəldiyimizi bilməyimizdə fayda var.
(davamı var)