Mətanət Teymurlu- Tarixlə Əfsanənin Kəsişdiyi Qadın

"Əgər onu qınayanlar bilsəydilər ki, bu qadın nə qədər müdrik planlara sahibdir, əmr verməkdə nə qədər qətiyyətlidir, əsgərlərinə qarşı nə qədər tələbkardır və eyni zamanda səxavətlidir, o zaman məni deyil, onu tərifləyərdilər."
~ Zenobiya haqqında Aurelianın Senata yazdığı məktubda ~
“Çobanların Zenobiyanı Araz çayının sahilində tapması” (1850) əsəri fransız akademik rəssam Uilliam Adolf Buqro tərəfindən işlənmiş yağlı boya üzərində kətan əsəridir və hazırda (Paris İncəsənət Məktəbinin Muzeyi) kolleksiyasında saxlanılır.
Əsərin mövzusu Tacitus-un (Roma tarixçisi) “Histories” (Tarixlər, XII.51) adlı əsərindən götürülmüşdür. Orada qeyd olunur ki, Parfiya kralı olmaq istəyən Radamistus, Zenobiyanı düşmən əlinə keçməsin deyə onu öldürməyə cəhd etmiş və sonra çay olan Araz çayına atmışdır. Hələ də sağ olan Zenobiya çobanlar tərəfindən "sakit bir çay qolu"nda tapılmış, yaraları sarılmış və Artaxataya (Şəhər indiki Ermənistan ərazisində, Araz çayı yaxınlığında yerləşirdi) Parfiya dövlətinə aparılmışdır. Oradan o, Tiridateslə ilə görüşmək üçün yoluna davam etmişdir.
Əsərin hazırlıq eskizləri Paris İncəsənət Məktəbi (École des beaux-arts) və Orsey Muzeyi, Paris) kolleksiyalarında saxlanılır. 1850-ci ildə əsas Prix de Rome (Roma Mükafatı) mükafatını Paul Baudry (Paul Bodri) qazanmışdır, lakin Bouguereau ikinci yeri qazanaraq Villa Medici (Roma, incəsənət və sənətkarlar üçün Villa)-da qalmaq xərclərini ödəmək üçün bu mükafatı istifadə etmişdir.
Zenobiya halsız, özünü itirmiş halda, zərif və drapirovkalı paltarlarla təsvir olunub. Paltarı,zinət əşyaları onun padşahlıq statusunu və faciəli vəziyyətini vurğulayır. Fiqurun bədəni incə işıqla vurğulanmış, üz ifadəsi isə həm sakit, həm də taleyin ağırlığını əks etdirir. Zenobiya burada həm faciəli qadın, həm də epik qəhrəman kimi təqdim olunur.
Əsərdə çılpaq kişi fiquru da yer alır. Bu, XIX əsr Avropa akademik sənətində insan anatomiyasını nümayiş etdirmək və akademik realizmi göstərmək üçün geniş istifadə olunurdu. Eyni zamanda, çılpaq kişi bədəni Zenobianın incə və pərdələnmiş bədəni ilə kontrast yaradaraq diqqəti əsas fiqura yönəldir və dramatik gərginliyi artırır. İşıq və rəng istifadəsi də bu dramatik təsiri gücləndirir. İşıq Zenobianın üzünü və paltarını vurğulayır, çobanların ifadələrini dramatik göstərir. Onlar həm sakitdirlər həm də hərəkətdə. Rənglər isə kontrastlıdır; təbiətin sakit torpaq və su tonları ilə Zenobianın parlaq paltarı arasında vizual balans yaranır.
Palmira kraliçası Zenobiya haqqında tarix boyunca çoxlu sayda əfsanələr yaranmış və o, uzun müddət mifoloji bir obraz kimi təqdim edilmişdir. Lakin Zenobiya tamamilə real tarixi şəxsiyyətdir. XX əsrin əvvəllərində ərəb ölkələrində qadın hüquqları uğrunda baş verən hərəkatlarda Zenobiya ideal qadın obrazı kimi qəbul edilirdi.
“Zevsdən törəmiş” kimi təqdim edilən Zenobiyanın dəqiq haradan olduğu bəlli olmasa da, o, özünü Ptolemey və Kleopatranın qadın, Hannibalın isə kişi nəslindən hesab edirdi. Zenobiya 14 yaşında olarkən Palmiranın hakimi Odaenatusun ikinci həyat yoldaşı olur. Kraliça yalnız doğma arami dili deyil, həm də yunan, latın və misir dillərini mükəmməl bilirdi.
O dövrdə Roma imperatoru Qallien hərbi istedaddan məhrum olsa da, ağıllı hökmdar idi. O, imperiyasını qorumaq üçün güclü sərkərdələrə ehtiyac duyduğunu anlayır və bu səbəbdən Zenobiyanın əri Odaenatusu əvvəlcə vassal, daha sonra isə ordu komandanı təyin edir.
Qallien, Palmira və Roma ordularının başında duran Odaenatusu Sasanilərə qarşı müharibəyə göndərir. Sasanilər Roma imperatoru Valerianı əsir götürmüş və o, onların əsirliyində ölmüşdü. Bu, Roma üçün böyük bir biabırçılıq idi və imperator qisas almaq istəyirdi. Odaenatusun yürüşləri uğurla nəticələnsə də, ailə həyatı faciəli sonluqla bitir. Zenobiya, oğlu Vaballat üçün taxt-tac arzusunda idi və bu məqsədlə Odaenatusun əmisi oğlu Meoniusu onun qətlinə razı salır. Lakin Meoniusun taxta çıxmasından bir neçə gün sonra Zenobiyanın əmri ilə o da edam olunur.
Miladi 267-ci ildə Zenobiya kiçik yaşlı oğlu Vaballatı "kral" və "Şərqin hökmdarı" elan edir və özü naiblik etməyə başlayır. Lakin bu titul Roma imperatoru tərəfindən verildiyi üçün irsi sayıla bilməzdi. Romada həmin dövrdə siyasi böhran yaşandığından, bu məsələ mübahisələrdən o yana keçmir.
Zenobiya savadlı, qətiyyətli və cəsarətli bir qadın idi. Müasirləri onun şücaətinə və idarəçilik bacarığına heyran idilər. Roma yazıçısı Tribellius Pollio onun haqqında yazırdı:
"O, ərindən daha cəsarətli idi, vəhşi heyvan ovuna çıxır, hərbi yürüşlərdə iştirak edir, generalları ilə birgə içki içə bilirdi."
İmperator Qallienusun ölümündən sonra Romada yenidən siyasi böhran başlayır. Bu fürsətdən istifadə edən Zenobiya, 269-cu ildə Palmira Krallığının ərazisini genişləndirmək üçün yürüşlərə başlayır. Suriya və Ərəbistanın bir hissəsini ələ keçirdikdən sonra ordusunu Misirə doğru yönəldir. Romalılar Misirə legion göndərə bilməmişkən, Palmira ordusu İsgəndəriyyəni ələ keçirir və ətraf bölgələri Palmira Krallığına birləşdirir.
Zenobiya müxtəlif xalqlardan ibarət olan dövlətində mədəni və dini balans yaratmağa çalışırdı. Bu səbəbdən eyni zamanda Roma, Yunan və Suriya hökmdarı kimi görünməyi bacarırdı. Lakin o, daha çox Misir və Yunan mədəniyyətlərinə üstünlük verirdi. Zenobiya və oğlu Vaballatın təsvirləri olan sikkələr buraxılması yeni imperator Aurelianı hiddətləndirir. Aurelian Qotlarla müharibədən sonra Palmira üzərinə yürüş əmri verir.
Palmira ordusu məğlub olur, Aurelian isə Misirdə sabitliyi bərpa edir. Bu zaman Palmira şəhəri üsyan edir və sakinlər Zenobiyanın yenidən hökmdar olmasını tələb edirlər. Lakin Aurelian bu tələbi rədd edir. Zenobiya əsir alınaraq Romaya aparılır və orada zəncirlənmiş halda nümayiş etdirilir. Lakin onun üzərindəki qızıl-zinət əşyaları və dik duruşu romalıların həm təəccübünə, həm də heyranlığına səbəb olur. Əfsanəyə görə, imperator Aurelian onun gözəlliyinə və dözümlülüyünə heyran qalaraq ölüm hökmünü ləğv edir.
Zenobiyanın sonrakı həyatı haqqında müxtəlif versiyalar mövcuddur. Əfsanəyə görə, o, Roma senatorlarından biri ilə evlənmiş, lakin çox yaşamamışdır. Oğlunun taleyi isə bilinmir.
Zenobiyanın faciəvi taleyi 19-cu əsr sənətçilərini də ilhamlandırmışdır. Herbert Qustav Şmalzın 1888-ci ildə çəkdiyi “Zenobia” adlı rəsm əsəri bu hadisəni dramatik və simvolik formada əks etdirir. Pre-Rafaelit üslubunda çəkilmiş bu tabloda Zenobiya zəngin geyimdə, başında diadem və gözləri uzaqlara – keçmiş imperiyasına doğru dikilmiş halda təsvir olunub. Roma əsgərləri və imperiya simvolları fonu bəzəyir və bu, Palmiranın artıq Roma tərəfindən fəth olunduğunu göstərir. Zenobiyanın duruşu məğlubiyyətə baxmayaraq, iradənin və kraliça qürurunun təcəssümüdür.
Zenobiyanın həyat hekayəsi əsrlərdir yazıçıların, rəssamların və rejissorların diqqətini cəlb edib. Onun Roma İmperiyasına qarşı mübarizəsi, cəsarəti və müdrikliyi onu həm tarixi, həm də bədii obraz kimi məşhurlaşdırıb. Uilliam Uare-nin “Zenobia, Palmira Kraliçası” romanı, Arthur Mörfinin “Zenobia” pyesi və daha müasir dövrlərdə Marqaret Corcun “Kleopatranın xatirələri” romanı onun obrazına müraciət edən nümunələrdəndir.
Palmira şəhəri isə təkcə Zenobiyanın hökmranlığı ilə deyil, həm də memarlığı, sənəti və çoxmədəniyyətli cəmiyyəti ilə tanınırdı. Roma ilə Asiya arasında yerləşən bu şəhər İpək Yolunun əsas qovşaqlarından biri idi. Lakin 2015–2017-ci illərdə İŞİD tərəfindən işğal edildikdən sonra şəhərin çox hissəsi dağıdılmış, abidələr məhv edilmiş və sənət əsərləri qanunsuz yollarla satılmışdır.
Palmira qazıntılarına rəhbərlik edən suriyalı arxeoloq Xalid əl-Əsəd, qədim şəhərin xəzinələrinin yerini açıqlamaqdan imtina etdiyi üçün İŞİD tərəfindən vəhşicəsinə qətlə yetirildi. O, 50 ildən artıq bir müddətdə Palmiranın qorunması və sənədləşdirilməsi üçün çalışan, bir neçə qədim və müasir dildə danışa bilən tanınmış bir alim idi. Ona bir çox Avropa ölkəsi sığınacaq təklif etsə də, o, Suriyanı tərk etməmişdi. Bəşəriyyət ona və onun kimi alimlərə borcludur.