Edebiyyat.az » Ədəbi tənqid » Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr

Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr

Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr
Ədəbi tənqid
admin
Müəllif:
10:50, 06 sentyabr 2025
79
0
Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr



 İlkin sinifli cəmiyyət yaranandan üzü bəri minillərdir ki, hamının fani dediyi uğrunda qanlar tökülən gəlimli-gedimli, bir ucu ölümlü dünyanı böyük cahangirlər fəth etməyə, külli dünyaya sahib olmağa can atıblar. Müəyyən mənada seçilmiş insanlar buna müyəssər də olublar, lakin necə deyərlər "Süleymana qalmayan dünya, heç kimə qalmayıb"Böyük fatehlərin qılınc, silah, qan, dəhşət, rəzalət, səfalət və müharibələr bahasına ələ keçirdikləri dünya və xalqlar bir müddət sonra onları unudub. Onların adları qaniçənlikləri, amansızlaıqları, hərislikləri yalnız qədim salnamələrdə və müasir  tarix kitablarında qalıb. Lakin dünyada insan qəlbini onların heç biri fəth edə bilməyiblər. Elə insanlar da var ki, dünyanı sözlə fəth ediblər. Söz gücünə insanların qəlbində qərar tutublar. Belə dahi söz ustalarından biri də 19-cu əsr Fransız ədəbiyyatının ən nəhənglərindən olan 51 illik ömründə 100-ə yaxın roman yazan, dünyanın hər guşəsində oxunan Onore de Balzak olmuşdur. Balzak insan talelərini, dövrün ictimai-siyasi vəziyyətini, insan düşkünlüyünü, yüksək cəmiyyətdəki boşluqları, əxlaq kodeksinin sadəcə müəyyən dairələrdə bir növ qəlib olmasını, cəmiyyətlər arasındakı kəskin sinfi ziddiyyətləri, nəhəng Parisin bətnindəki ən dəhşətli insan yaralarını böyük ustalıqla qələmə almışdır. Onun roman qəhrəmanları bir-birindən fərqli, hər biri ayrılıqda cəmiyyətin siyasi və sosial həyatında aparıcı qüvvə olan insanlardır. Ayrı-ayrılıqda hadisələri fərdlərin üzərinə köçürən və onları mükəmməl şəkildə təsvir edən Balzak əslində sinfi cəmiyyətləri,onların məişət və sosial-siaysi həyatlarını təsvir etmişdir. Amma Balzakın bütün bu kimi məsələlərə yanaşması mahiyyətində bir qərblinin şərqliyə nisbətdə yanaşmasından daha fərqli, daha dərin, individual və rassionalist yanaşmadır. 

Dünya ədəbiyyatında müxtəlif xalqlara məxsus  xəsis obrazları var. Hər xalqın yazarı bu obrazlara bir şəkildə nəfəs verib. Bəzi yazıçılar daha çox bu obrazlara lokal yanaşıblar, amma Balzakın Qobseki fərqlidir.Qobsek daha dərin, daha bəşəridir. Onu oxuyan hər bir xalq özünəməxsus cizgiləri görür. Balzakın Qobseki güldürücü məfhumn altındakı öldürücü deyil, əsl öldürücüdür.Belə bir obraz yaratmaq üçün gərək ki, insan xarakterini yaxşı biləsən, zəngin müşahidə qabiliyyətin olsun. İnsanın nəfsinə hakim kəsilə bilməməsi, sərvət hərisliyi, bu hərisliyin insanı öz cildindən çıxarıb iblisə çevirməsi, tənhalaşdırması, təkliyə çəkildikcə, təkləndikcə daha da qəddar, acgöz olması, heç kimə heç nəyi güzəştə getməməsi, digər insanlara üstdən aşağı baxan, əxlaqi dəyərləri itirib həyasızlaşan, öz bədbəxtliklərini ört-basdır etmək, cəmiyyətdəki nüfuzlarını itirmək qorxusundan Qobsekə möhtac olan, vicdanını satan  bir para  kübar insanları alçaltmaqdan zövq alan Qobsekin sonda öz əməlindən aldığı şeytani həzz müəllif tərəfindən böyük ustalıqla qələmə alınmışdır. Bəli Qobsek pul ilə insanların vicdanını alırdı. Vicdan və əqidə alver predmetinə çevrilmişdi. Alan da satan da alverçi idi. Alan da satan da vicdanını itirmişdi.  "Qobsek"i oxuduqca qoca sələmçinin insan deyil lap şeytan olduğuna əmin olursan. Ən ali bir varlığın sərvət hərisliyindən dolayı rəzilə, acgözə, doymaq bilməyən tamahkara və iblisə çevrilməsinin şahidi olursan. Balzak böyük ustalıqla insandakı ikili xüsusiyyəti ortaya qoyur. Ona sədaqətlə xidmət göstərən vəkil Dervilə məsləhət verərkən Qobsek müdrikə, digər məsələlərdə isə şeytana dönür. Qobsek iki təzadlı insanın bir bədəndə təcəllasıdır. O heç kimə güzəştə getməyən, hər fırıldağa əl atan birisidir. Hiyləgərliklə toxuduğu tora balıq kimi  keçirdiyi insanların sərvəti hesabına gündən-günə zənginləşən, lakin bu qədər sərvətə sahib olsa da dilənçi kimi yaşayan insanın nəfsinə nə qədər qul olduğu dolğun boyalarla təsvir olunmuşdur.Qoca Qobsekə görə istismar olunmaqdansa istismar etmək yaxşıdır. Onun bir həqiqəti var-qızıl. İllərlə onun yanında olan vəkil Dervil belə qoca müəmmanı çözə bilmir. Bəzən öz-özünə suallar verir"əcəba, o hansı cinsdəndir? Dini etiqadı nədir? Dervilə görə Qobsek dinsiz adamdan çox qeydsiz adam idi. Qobsek özünü tam səfil, dilənçi kimi göstərir, amma Parisin ən varlı təbəqəsinə məxsus bir qisim insan ona borclu idi. Qobsek iblis kimi hiyləgər və məkrli insandır. Şeytanilikdən zövq alır. Sevgilisinin toruna düşüb əsirinə çevrilən Anastasiya de Restonun evinə gedərkən özünü şeytan kimi aparması, təmkini, səbri qurbanlarını boğub canını boğazına çatdıranda nəfəs almaları üçün əlini çəkməklə özünə tabe etdirməsi hətta bahalı xalıları çirkli ayaqqabıları ilə bulaşdırmaqdan aldığı zövq onun insan cildindəki şeytanlığına nümunədir. Qobsek qurbanlarının zəif nöqtələrinə mükəmməl şəkildə bələddir. O qızıl sərrafı olduğu qədər də insan sərrafıdır. Acgöz, tamahkar, qızıldan, brilyantdan, sərvət toplamaqdan yorulmayan üz gözü qırış, burnu çopur bu adam əslində nəfsin ümumiləşdirilmiş obrazıdır. Varidat hərisi olan Qobsek ölümü düşünmür, o qədər sərvəti olmasına baxmayaraq səfil kimi yaşayır. Çörəyi qəhvə ilə yavanlıq edib gününü ötüşdürən arıq, boz sifət , qırışsifət bir qocanın əslində Parisin ən zəngin insanı olmasını kimsə bilmirdi. Soyuqdan əssə belə xəsisliyindən odun yandırmırdı. Hətta vəkil Dervilə belə bədxərc olmamaq üçün məsləhət verirdi. Qobsekin qəlbi möhürlənmişdi. Mərhəmət hissindən kənar qalan bu adamın ancaq bir hissi vardı kimsəyə qismət olacağı bəlli olmayan sərvət. Və sonda  o sərvət əslində həqiqi varisə də qismət olmadı.

Brilyantlara olan hərislik. İlahi, Balzak bu səhnəni necə də mükəmməl təsvir edib. Sevgilisinin əsirinə çevrilmiş, ismət və ləyaqətini itirmiş, gözəl Anastasiyanın Maksim de Tray üçün fədakarlıq edərək ən dəyərli sərvətini-brilyant kolleksiyasını Qobsekə girov olaraq verməsi səhnəsi möhtəşəmdir. Nəfsin ən ali səviyyədə tüğyan etməsi bir qoca iblisin timsalında möhtəşəm şəkildə əksini tapmışdır. Brilyantları ən xırda detallarına qədər zərrəbinlə incələyib ucuz qiymətə onlara sahib olan insanın nəşəsindən uşaq kimi oynaması əslində faciələrə aparan insan hərisliyinin pik həddidir. Qobsek tam bir müəmma idi. İllərlə onu yaxından tanıyan Dervil belə sonda qocanı tanımadığını etiraf edir. Qobsekin öləndə belə fanatikcəsinə cəvahirat sayması vəkil Dervili heyrətə gətirmişdi. Ömrünün son günlərində topladığı külli miqdarda  qızıl-gümüşü kimsəyə inanmadığı üçün banklara deyil, kül yığının içində gizlətdiyi üçün soyuqdan  titrəsə belə soba yandırmırdı. Qoca Qobsek əsliində fərdi deyil, bəşəri xəsisliyin, nəfsaniliyin mücəssəməsi idi.

Balzak Qobsekin timsalında pulun insan üzərindəki hakimliyini və bunun cəmiyyətə, insanlar arasındakı münasibətlərə təsirini, eyni zamanda da insanın tükənməz, tərbiyə edə bilməyəcəyi nəfsini, fərqli münasibətlərdə hədsiz hərisliyin(bunu madam Restonun timsalında daha aydın görmək mümükündür)  düşkünlüyün nə kimi faciələrə apardığını möhtəşəm şəkildə təsvir etmişdir. Ümumiyyətlə "Qobsek" bu qəbildən olan əsərlər içərisində mənə görə ən möhtəşəmidir. Qoca Qobsek nəfsin, qızılın qarşısında loyaldlr. Onun məqsədi, məramı ancaq qızıl-gümüş, varidat və sərvətdir. İnsanın bu dünyadan köçərkən heç nə apara bilmədiyi hər kəsə bəllidir, ancaq sərvət düşkünü olan qoca sələmçi əzrayılla çarpışarkın belə brilyantlara qiymət qoymaqdan danışırdı. Mənə görə Qobsek xəsisliyin, möhtəkirliyin, nəfsaniliyin lokal obrazı deyil, ümumən xəsisliyin, sərvətpərəstliyin insan şüurunda daha alt qatlara sirayət edən bəşəri  obrazıdır. 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)