YUĞ HƏM DƏ MƏN ÖZÜMƏM
Bu günkü həmsöhbətim "Yuğ Dövlət Teatrı"nın aktyoru, " Azərbaycan Respublikasının Əməkdar " artisti, " Humay Milli Mükafatı " nın laureatı Qasım Nağıdır.
- Qasım Nağı adı Yuğ teatrı ilə doğmalaşmış, daha dəqiq desək, bir-birinə bağlıdır. Yuğ teatrı sizin üçün nə ifadə edir?
35 illik sənət fəaliyyətimin 31 ili Yuğ Dövlət Teatrı ilə bağlıdır. Mən çox şanslıyam ki, Yuğ ailəsinin bir parçasıyam. Yuğ Dövlət Teatrı peşəkar bir dövlət müəssisəsi, əsl mədəniyyət ocağıdır. Burada insani münasibətlər, yüksək səmimiyyət, bir-birinə böyük ehtiram və böyük çalışqanlıq əsas prinsiplərdəndir. Yuğ bir başqa TEATRDIR!
Hər zaman — ruhu şad olsun — ustad Vaqif İbrahimoğlunun adı Yuğun adı ilə birgə çəkilib. Bizə bir zamanlar “balaca Vaqiflər” deyirdilər və bu, düzünü desəm, xoşumuza
gəlməzdi. Amma bu gün deyirəm ki, Yuğ həm də mənim özüməm. Teatrımın adı çəkiləndə insanı istər-istəməz bir fəxarət hissi bürüyür.
2. “Kafkadan salam” tamaşasındakı rolunuza görə Humay Milli Mükafatına layiq görülmüsünüz. Bu tamaşaya dair təəssüratlarınızı paylaşa bilərsinizmi?
2015-ci il idi. Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinə təqdim olunmuşdum və “Humay” Milli Mükafatına layiq görüldüm. Bu mükafatı iki tamaşaya görə aldım — “Fəna” və “Kafkadan salam”.
“Kafkadan salam” tamaşasında cənab “K” rolunu ustadım ifa edirdi. Onun vəfatından sonra yuğçular bu rolu mənə həvalə etdilər. Bu, mənim üçün həm böyük məsuliyyət, həm də böyük bir fəxarət idi. Tapşırılan işin öhdəsindən layiqincə gəlmək üçün çox çalışdım.
3. Amerikalı teatrşünas Riçard Şexner sizin aktyorluq qabiliyyətinizi yüksək qiymətləndirib. Lakin siz bu barədə çox danışmamısınız. Bu mövzuda fikirlərinizi bölüşərdinizmi?
2009-cu il, Misir. “Beynəlxalq Avanqard Teatrlar Festivalı”nda iştirak edirdik. M.Füzulinin “Ya Rəbb” monotamaşası ilə iki gün çıxış etdik. Bizimlə birlikdə əzizimiz, böyük alim və ustadım Aydın Talıbzadə də vardı.
Festivalın ikinci günü Riçard Şexner bir əli ilə Aydın Talıbzadənin, bir əli ilə isə mənim əlimdən tutaraq dedi: “Dediklərimi xahiş edirəm gənc aktyor üçün tərcümə edin.”
Aydın müəllim tərcümə etdi: “Sizin səhnədə o qədər sadə, eyni zamanda sirli bir halınız var idi ki, dediklərinizi tam anlamasam belə, sizi hiss edir, duyurdum.”
Şexner onu da qeyd etdi ki, aktyorun səhnədəki bu varoluş halı üçün konkret bir
nominasiyaları yoxdur. Sonra böyük məmnuniyyətlə bizimlə sağollaşdı.
Festivaldan sonra Aydın Talıbzadə bu mövzuda geniş bir məqalə yazdı və vurğuladı ki, biz Azərbaycan teatrını dünya teatr arenasında layiqincə təmsil etdik, dostlar.
4. Qasım Nağıya görə teatrda nə çətin deyil?
Mənə görə Azərbaycan teatrında nə isə asan deyil, eyni zamanda çətin olan da bir şey yoxdur. Asan deyil ona görə ki, özünü tanıyan, Rəbbini tanıyan insan bir ömür boyu özünü dərk etməyə çalışsa belə, bəzən ona ömür yetməz. Kiminsə üzərində Allahın sayğısı varsa, o insan istədiklərinə nail olacaq.
Eyni zamanda, Azərbaycan teatrında heç nə çətin deyil. Özünə ehtiramın varsa, “mən bu işin sahibiyəm” deyə bilirsənsə, sonda hər şey alınır. Biz xaricdə Yuğ teatrını deyil,
Azərbaycan teatrını təmsil edirik.
Azərbaycan həkimi, müəllimi, hərbçisi necədirsə, aktyoru da elə olmalıdır. Niyə paytaxt aktyoru daha yaxşı, bölgə aktyoru isə zəif hesab edilməlidir? Bu yanlışlığı mütləq aradan qaldırmalıyıq.
5. Qasım Nağının gözündə Vaqif İbrahimoğlu necə bir şəxsiyyət idi?
Hər kəsə həqiqi məktəb, yüksək səviyyəli təhsil və həqiqi ustad arzulayıram. Çox xoşbəxtəm ki, həm gözəl valideynlərim, həm də böyük ustadım olub. Tez-tez düşünürəm ki, insan əlindən öpə biləcəyi valideynlərə və ustada sahibdirsə, doğrudan da xoşbəxtdir.
Allah mənə Vaqif İbrahimoğlu kimi bir ustad nəsib edib. Bu gün də onun işığını üzərimdə hiss edirəm. Enerjisi, ruhu sanki başımın üzərindədir, səhnədə məni izləyir.
Hələ ki, valideynlərim, ustadım və ailəm qarşısında hesabatdayam. Bu, mənim kiçik
hesabatımdır. Allah bizi bütün müsahibələrdən və BÖYÜK SORĞU-SUALDAN üzüağ çıxarsın.
Səmimi və maraqlı suallarınıza görə sonsuz təşəkkür edirəm. Bütün işlərinizdə Ulu Tanrıdan böyük uğurlar arzulayıram!
Söhbətləşdi : Nicat Hunalp

