Ugursuz Gün - Namiq Zaman
UĞURSUZ GÜN
(Hekayə)
Çəpərin qırağı ilə sakit-sakit addımlayırdı. Xəyalında yalnız o vardı... Bütün günü fikri, düşüncəsi onunla idi. Əgər o olmasaydı, bu ucqar, şəraitsiz kənddə bircə gün də dözüb-dayana bilməzdi. Bura gəldiyi, hələ sinif otağına qədəm qoymamış, məktəbin həyətində onu ilk gördüyü andan heyran qalmışdı. Onu dərs keçdiyi sinifdə, elə birinci dərsində gördükdə tutulmuş, çətinliklə də olsa, özünü ələ ala bilmişdi. Amma həmin gündən yadında qalan təkcə baxışlar olmuşdu – varlığına hakim olan, bütün ixtiyarını əlindən alıb aparan o mənalı baxışlar... Gənc müəllim həqiqətən şagirdinə aşiq olmuşdu... Nurlunun gülümsəyərək ona baxmağı, onunsa, baxışları ilə Nurlunu süzməyi, onunla səssiz-sözsüz danışmağı sanki uzun illərin dostu, tanışı kimi onları biri-birinə bağlamışdı. Nurlu da müəllimini daha çox doğması, yaxın adamı kimi hiss edirdi. Məktəbli geyimi onun gözəlliyinə, cazibəli əndamına xüsusi yaraşıq verirdi.
Gənc müəllim hər dəfə buradan Nurlunu ev libasıda görmək xəyalilə keçirdi. Amma bu xoş təsadüf hələ baş verməmişdi... Qonşu həyətdə bayaqdan hürən itin qəfil çəpərin üstündən hoppanıb ona tərəf qaçmağı fikirlərini alt-üst etdi. Dönüb qaçmaq istədi. Amma gec idi. İt onun üstünə atıldı. İtin isti nəfəsi onun vücudunu elə qızdırdı ki, az qaldı alışıb-yansın. Ani olaraq, itin hulqumundan yapışıb bərk-bərk sıxmağa başladı. İt xırıldayır, onun əlindən qopmağa çalışırdı. Bir anda səs-küyü eşidib oraya gələn adamlar onları dövrəyə alıb gənc müəllimi itin caynağından xilas etdilər. O, halsız vəziyyətdə yolun qırağında oturdu. Bu zaman adamların arasından ona tərəf gələn Nurlunu gördü. Nurlu gətirdiyi suyu ona uzatdı. Qorxudan özünü itirən gənc müəllim piyaləni alıb başına çəkdi. Sanki vücuduna hərarət, gözlərinə işıq gəldi. Əynindəki qısa ətəkli, al-əlvan don Nurlunu cazibədar tovuzquşuna bənzədirdi, çöhrəsindən, gözlərindən şəfqət yağırdı...
Saatın zəng səsi onu yuxudan oyatmasaydı, uzandığı çarpayının taxtasını sıxaraq yerindən qoparacaqdı. Zəngi söndürüb bir müddət halsız vəziyyətdə uzandı, gördüyü yuxunu xatırlamaq istədi... Tam ayılana, baş verənlərin təsirindən çıxana qədər xeyli vaxt keçmişdi. Yatağından qalxıb mətbəxə keçdi. Qaz sobasına tərəf getdi. Birdən yadına düşdü ki, dünəndən qaz kəsilib, hələ bir-neçə gün də belə olacaq. Elektrik sobasını şəbəkəyə qoşdu. O da işləmədi. Yəqin ki, axşamkı külək yenə də hardasa naqilləri dolaşdırmış, o səbəbdən işıqlar sönmüşdü...
Hər tərəf ağappaq idi. Soyuğa dözümsüz olsa, da səhərin, qarın soyuğu gənc müəllimin ruhunu sakitləşdirdi. Məktəbə çatmağa tələsdi. Yol bomboş idi; nə bir maşın, nə də bir adam görünürdü. Məktəb kəndin o başında olduğu üçün xeyli məsafə qət etməliydi. Kənddə işlədiyi az müddətdə ilk dəfə idi ki, dərsə gecikmişdi, həm də evdən ac-susuz çıxmışdı. Özü yolda olsa da, xəyalları məktəbdə, Nurlunun yanındaydı... Ayağının qəfil islanmağı onu fikirdən ayırdı. Özü də hiss etmədən ayağını üstü qarla örtülmüş su gölməçəsinə basmışdı. Qeyri-iradi qabağa hoppanmaq, vəziyyətdən çıxmaq istədi. Bu dəfə qarın altında görünməz olan palçıq onun sürüşərək yıxılmağına səbəb oldu. Cəld ayağa qalxıb üstünün qarını çırpdı, yerdən götürdüyü qarla paltarındakı palçığı ovuşdurub təmizlədi. Bir tərəfi islanmışdı. Əsəbiləşsə də, ifadəsiz gülməyə, sonra isə özünü qınamağa başladı. İslanmış ayaqqabısını çıxarıb corabının suyunu sıxdı və yenidən geyinərək yoluna davam etdi. Xeyli qabaqda döngədə hansısa həyətdəmi, yoxsa yolun kənarındamı it hürürdü. Ayaq saxlayıb bir qədər dinşədi. Bayaqkı yuxunu xatırladı. İrəli getməməyə qərar verdi. Arxaya boylandı. Uzaqda yolla gələn qaraltı görünürdü. Amma hava bir azca dumanlı olduğu üçün qaraltı aydın seçilmirdi. Əlacı ancaq gözləməyə qalmışdı. Qaraltı yaxınlaşdıqca, əvvəl atı, sonra arxasına qoşulmuş arabanı gördü. Sonda isə kənddə əvvəllər poçt işçisi olmuş Bikəs dayını tanıdı. O, arabayla harasa gedirdi... “Həə, sabahın xeyir olsun, necəsən qərib müəllim?” – deyərək, başının və gözünün hərəkətilə gənc müəllimin arabaya minməsini işarə etdi. Başqa vaxt olsaydı, bəlkə də arabaya minməzdi, amma indi etiraz etməyin yeri yox idi, dərsə gecikirdi. Cəld təkanla arabaya qalxarkən necə oldusa, şalvarının yanı arabanın taxtasındakı mismara ilişdi və bir xeyli söküldü. Bikəs dayı bunu hiss etmədi və mehribanca “qərib” deyə müraciət etdiyi gənc müəllimlə hal-əhval tutub, söhbət etməyə başladı. Özünü toparlamağa çalışan müəllim arabaçının nə danışdığını aydın anlamasa da, guya dinləyirmiş kimi, arada, “hə”, “yox”, “hmm”... cavabıyla həmsöhbətinn danışığına münasıbət bildirirdi. Baş verənlər ona hələ də yuxu kimi gəlirdi. Məktəbə çatanda, sanki yuxudan ayıldı. Söhbətcil qocayla sağollaşıb arabadan yerə hoppandı. Bu an topuğu elə sancdı ki, sanki ürəyinə bıçaq sancıldı. Ayağı burxulmuşdu. Amma özünü o yerə qoymadı – bunu Bikəs kişinin bilməyini istəmədi. Arabaçıya minnətdarlıq edib axsaya-axsaya məktəbə yaxınlaşdı. Şalvarın sökülən yerini gödəkcəsinin ətəyi ilə örtdü. Bir tərəfi donmuşdu. Həyətdəki bir-iki nəfər işçi ilə salamlaşıb jurnalı götürərək sinfə daxil oldu. Dərsin vaxtından bir qədər keçsə də, sakitcə əyləşib öz dərsləri ilə məşğul olan şagirdlərlə salamlaşdı, jurnalı stolun üzərinə qoydu və əyləşdi. Hədsiz dərəcədə səliqəsiz, uçuq-sökük sinif otağı yenə də soyuq idi. Soba da həmişəki kimi ətrafına soyuqluq yayırdı. İçərisində tüstülənən keyfiyyətsiz odun heç onun öz divarlarını da qızdıra bilmirdi. Qış aylarında sinif otaqlarında vağzalda nəqliyyat gözləyən sərnişinlər kimi paltolu-papaqlı, şərfə bürünmüş halda oturmaq adi hal almışdı. Bir sözlə, hər şey yarıtmaz vəziyyətdə idi. Bu soyuq mənzərə gənc müəllimə indi daha çox təsir edirdi. Ayağı həm üşüyür, həm də sızıldayırdı. Soyuqdan titrəməkdən özünü zorla saxlayırdı.
Sanki hələ də yuxu görürmüş kimi sinfi gözdən keçirdi. Nəzərləri yenə də Nurlunun üzərində dayandı. Və o anda baxışları onu axtaran baxışlarla qoşalaşdı. Fikri bir anlıq başqa səmtə yönəldi. Şagirdlər hiss etməsin deyə, tez jurnalı açdı və nəyi isə axtarırmış kimi vərəqləməyə başladı... Əlini cibinə saldı. Qələminin sındığını hiss etdi. Şagirdlər görməsin deyə, əlini cibindən çıxarıb, jurnalı vərəqləməyə davam etdi. Arxa cərgədə əyləşmiş qızlardan birinin “oyy, siçan!” deyib, qışqıraraq ayağa qalxması qəfil partlayışı xatırlatdı. Qışqırtı gələn tərəfə baxmağa hələ macal tapmamış, gənc müəllim sanki bu partlayışın qəlpələrindən birini öz ayağında hiss etdi. Ayağının üzərindəki siçanın üzüyuxarı dırmaşdığını gördü və özündən asılı olmadan geri çəkilmək istəyərkən, oturduğu stulun ayağı sındı və müəllim arxası üstə döşəməyə yıxıldı. Şagirdlər gülüşdülər. O, tez ayağa qalxıb heç nə olmayıbmış kimi, yalançı təbəssümlə: “Axı mən sizə demişəm ki, qorxmayın, amma ehtiyatlı olun!”. Niyə qışqırırsınız?! Hər gün rastlaşdığınız mənzərədir də!.. – deyə, onları sakitləşdirməyə çalışdı. Uşaqlar hələ də gülüşürdülər. Gözucu Nurluya baxdı. Təkcə o pərt olmuşdu. Bu durum gənc müəllimə də pis təsir bağışladı və tez baxışlarını ondan ayırdı. Hay-küydə sobanın borusu da bir-birindən ayrılaraq dəlik-deşik döşəmənin üzərinə düşmüşdü. Bir anda tüstü otağı bürüdü. Müəllim jurnalı əlinə götürüb şagirdlərə “sinfi tərk edin!” deyə müraciət etdi. Bu anda zəng çalındı. Artıq dərs vaxtı başa çatmışdı...
***
Cırıldayan çarpayısında uzanaraq üzləşdiyi “uğursuz gün”ü düşünən gənc müəllim qərar verməyə çalışırdı – sabahdan məktəbə getməmək, hər şeyi bu vəziyyətdə qoyub buralardan, ümumiyyətlə, müəllimlikdən birdəfəlik uzaqlaşmaq qərarı. Artıq fikri qəti idi. Onu bu yoldan heç nə döndərə bilməzdi...
Birdən Nurlunun gülümsər çöhrəsi xəyalında canlandı. Bəs o?!. O necə olacaq?!. Onsuz mən neyləyərəm?!. – sualları beynində ildırım kimi çaxdı. Ayağının ağrısını unudub yerindən atıldı, otaqda var-gəl etmək istədi, amma bacarmadı. Şişmiş ayağının ağrısı artmışdı. Oturub xeyli fikrə getdi...
Özü də hiss etmədən saatı götürüb zəngini həmişəki vaxta qurdu. İşığı söndürüb yenidən çarpayısına uzandı...
