Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - Süsən nənənin nağılları

Lətif Şüküroğlu - Süsən nənənin nağılları

Lətif Şüküroğlu - Süsən nənənin nağılları
Proza
admin
Müəllif:
15:27, 08 may 2025
306
0
Lətif Şüküroğlu - Süsən nənənin nağılları





“Can nənə bir nağıl de”

Əhməd Cəmil.

“Əgər istəyirsinizsə uşaqlarınız ağıllı olsun, onlara nağıl oxuyun, istəyirsinizsə daha ağıllı olsunlar, onlara daha çox nağıl oxuyun” Eynşteyn. 

Nağıl eşitməmiş, ya oxumamış adamlardan ehtiyat edirəm.


Yenə sübhdən çay-çörək hazırlığındaydı. Bir azdan nəvəsi oyanacaqdı deyə, tələsirdi. Çır-çırpı ilə odladığı samovarın qaynamasına lap az qalmışdı. Gec qalmamaq üçün əl-ayaq edib qaynatdığı təzə yumurtanı, yağ, pendiri süfrəyə düzmüşdü. Qonum-qonşunun, daha çox oğlunun söylənməsinə də baxmırdı. “Axı, bu boyda samovarı kimə qaynadırsan, iki-üç fincan çay içəssiz deyə, niyə özünə əziyyət verirsən? Çaydanı qoy qaza qurtarsın getsin, özün də bir hovur dincəl. Səhərin gözü açılandan axşama qədər ayağın altına gəlmir, yazıq deyilsən?” 

Yaşı yetmişi haqlasa da, bu illər ərzində ağır xəstələnib yatağa düşdüyü günlərdən savayı, qar, yağış, isti, soyuq demədən hər səhər vərdiş etdiyi işləri görür, samovara od salmağı da unutmurdu. İndi bu tədarükü istəkli nəvəsi üçün görürdü. “Nə qədər canım sağdı, qoymaram uşaq ala-çiy çay içsin”, deyib dururdu. Qazda hazırlanan çayı, xörəyi “ala başına, kül başına” adlandırıb bəyənmədiyini kənddə hamı bilirdi. Onu da bilirdilər ki, eyvana qoyulan üçgözlü qaz ancaq qonaq-qara gələndə işə düşür. Hava imkan verəndə mis qazanı həyətdə ocaqdan asması da adət şəklini almışdı. “Hayıf dəyil, mis qab, yeməyin dadını-tamını saxlayır. Yoxsa, indikilər, bir az bərk qarışdırsan dibi deşilər”. Bunu da bəyənmədiyi alüminium qab-qacaq haqqında deyirdi. Dünyasını dəyişənə qədər də belə qaldı. Dədə-babadan vərdiş etdiyi mis qazanda biş-düş etdi, samovar çayı dəmlədi. Bu vərdişlərini kapriz sayanlar, “ağzının dadını bilir”, deyənlər də oldu.

Samovarsa, həqiqətən, iki adam üçün çox böyük idi, oğlunun dediyinə görə beş litr su tuturdu. Üzü yaya, ta payızda xəzəl tökülənədək qalan artıq suyu səliqə ilə qablara boşaldırdı ki, nəvəsi içsin. Yay-qış eyvana açılan pəncərə önündə, ya da həyətdəki palıdın altında içi qaynadılmış su dolu müxtəlif şüşə qabların düzülməsi də neçə illərdi adət şəklini almışdı. Yayın qora bişirənində samovarı ikinci, bəzən üçüncü dəfə qaynadır, tez soyuması üçün də qapağını götürüb kölgəliyə qoyurdu. Soyuducuda su saxlamağı xoşlamırdı. “Tamını dəyişib təlx olması o yana, tərli içərsən başına çıxar”, deyirdi. Doğru sözə nə deyəsən. Yayın qızmarında iş-güc, ya başqa səbəbdən tər dabanından çıxanda soyuducudan soyuq su içməyin törətdiyi fəsadları azmı görmüşük? Təbiblər bunu istidən genişlənmiş damarların soyuğun təsirindən qəfil yığılması ilə izah edirlər. Ancaq nə hikmətdi, qan-tər içində olsan belə, dağların buz bulaqlarının suyu adama heç bir zərər vermirdi. Həqiqətdir ki, təbii nə varsa, faydalı və ziyansızdır. Günümüzdə təbiətlə həmahəng yaşamağı seçənlərin sayının həndəsi silsilə ilə artması yəqin bununla bağlıdır. Görünür, təbiətin parçası olduğumuzu dərk etməyə başlamışıq. Ağsaqqal, ağbirçəklərimiz bu yolu sövq təbii, fəhmləri ilə seçmiş, yaşamlarını təbiətə uyğun qurmuşdular. Əksəriyyəti düz-əməlli təhsil görməsə də, onlar fitrətən müdrik idilər, güclü müşahidə qabiliyyətləri vardı. 

Hə, onu deyirdik axı, nənənin dəyişməyən missiyalarından biri də samovar suyunu soyudub hazır saxlamaq idi. Bilirdi ki, uşaqlarla oynamaqdan təngnəfəs olmuş, dili ağzında qurumuş nəvəsi güc-bəla özünü həyətə çatdırıb:

Ay nənə, susuzdan öldüm, içməyə nə var, soruşacaq. 

O da can-ciyərinin yanğısını soyutmaq üçün qablara töküb palıdın altına düzdüyü su qablarını göstərib, “doyunca iç, suya nə gəlib. İstiyirsən, ayran da varımızdı”, deyəcək. Nəvəsi də hər dəfə olduğu kimi, paşa könlündən keçəntək, kiloluq bankadakı hələ tam soyumamış suyu birnəfəsə başına çəkib yenidən uşaqların yanına qaçacaqdı. “Oğlan uşağıdı, qoy nə qədər istiyir, oynasın, atılıb düşsün. Şəhərdə dörd divarın arasında qalıb neyniyəsidi? Odee, qardaşı keçən yay bir-iki həftəliyə gəlmişdi, havasızlıqdan uşağın sifətinin qanı da çəklib. Gedəndə elə bilirdin başqa uşaqdı, sir-sifətinə qan gəlmişdi”.

Bunu öz-özünə desə də, bəzi vaxtlar, şəhərdə yaşayan qızına eşitdirirmiş kimi dilinə gətirirdi. Çünki anası iki il əvvəldən yanında qalan nəvəsini dərslər başlayan kimi şəhərə aparıb oradakı məktəblərdən birinə qoymaq istəyirdi. Guya kənd məktəbində (deyilənə görə tezliklə bu kəndə qəsəbə statusu veriləcək) yaxşı dərs keçmirlər, uşaq tay-tuşundan geri qalar. Ancaq nə onun nəvəsini buraxmaq, nə də nəvəsinin şəhərə getmək fikri vardı. Burada ikisi üçün də yaxşı idi. Məktəb də evin beş-on addımlığında yerləşirdi və heç şəhərdəkindən də pis dərs keçmirdilər. Düzdür, dil öyrənmək üçün lazımi şərait və mühit yoxuydu, Kazım müəllimin həyat yoldaşından savayı, kənddə qeyri millətin nümayəndəsi yaşamırdı. Amma nə olsun, elə keçən il bir nəfər rus dili müəllimliyinə, biri Xarici Dillər İnstitutuna, üçüncüsü də o vaxt ölkədə yeganə olan universitetə qəbul olundu. Əziyyət çəkib öyrənmək istəyənə heç nə çətin deyil. Allaha şükür, nəvəsi də zəkalı uşaqdı, ikinci sinfə keçib, 3-cü, hətta 4-cü sinifin ana dili kitabında olanları da oxuyub, neçə şeir, nağıl, hekayət bilir, riyaziyyatı da yaxşı oxuyur. (Süsən nənə vərdiş etdiyi kimi hekayə yerinə “hekayət” deyirdi.) Müəllimləri də razılıq edir, “qoçaqdı, deyiləni tez götürür, yaddaşı güclüdü”, deyirlər. “Həm də burda bütün günü gözüm üstündədir, şəhərdə sən işə gedəndə bunlara kim baxacaq? Birini güclə saxlayırsan, o saa bəsdi. Yazıqsan, bir özünə fikir ver, həmişə cavan olmuyassan. Nə qədər əl-ayağım üstümdədir, özüm saxlayacam”.

Qızı anasının fikri ilə tam razılaşmasa da, susub artıq söz deməmiş, bununla da şəhər, məktəb söhbətini qapatmışdılar.

Nəvəni bu qəsəbəyə bağlayan başqa neçə səbəb də vardı. Əvvala, yaxın qohumları, kiçik xalası və dayısıgil də bu kənddə ev yerləşmişdilər və onunla həmyaşıd uşaqları vardı. Böyük xalasıgil rayonun başqa kəndində yaşasalar da, lazım olanda onların gəlib-getməyi də uzağı bir saatın söhbətiydi. Allah eləməmiş nənəsinə bir şey olsa, açacağı qapılar, kömək istəyəcəyi xeyli adam tapılardı. Kəndə bağlanmasının bir səbəbi də dostlaşdığı uşaqlar idi. Xüsusi ilə ondan yaşca iki ay kiçik olan xalası oğlu və qonşudakı həmyaşıdı ilə canbir dost idilər. Evlərinin yetmiş, səksən addımlığındakı çayda çimir, qonşu kəndin uşaqları ilə futbol oynamağa da birgə gedirdilər. Elə başqa uşaqlarla da münasibəti yaxşı idi. Bir-iki nəfər cığalı nəzərə almasaq, qalanları ilə sözü heç vaxt çəp gəlməmişdi. Bir də kənddəki mehribançılığı, ona simsarları qədər həssaslıqla, qayğı ilə yanaşan insanları şəhərdə çətin tapmaq olardı.

Onu bu kəndə bağlayan daha iki səbəb də deyək. Doğrusu, bunlardan birincisini həmin vaxt öz uşaq ağlı ilə çətin izah edə bilərdi. Ancaq necə deyərlər, bu hissin onda nə vaxt yarandığını, heç yaşı qırxı, əllini keçəndə də dəqiqləşdirə bilməmişdi. Görünür, bəzi keyfiyyətlər bizə irsi, qan yaddaşımzla keçir. İzahı çətin olan belə hallarda “ağlı kəsəndən bunu duyur, hiss edirdi” deyirik. Onun uşaqlıqdan təbiətə vurğunluğunu da bu cür izah etmək, məncə, daha doğru olar. Əcdadları kimi, bu yerlərin gözəlliyi onu da ovsunlamışdı. Buraların təbiəti, həqiqətən, gözoxşayan, əsrarəngsiz idi. Oxçu çayının kənarında yerləşən, kiçik təpələrlə əhatələnmiş kəndin güney qənşərində, bir neçə kilometrlikdə Azərbaycanın Güneyinin (o illərdə “o tay” deyirdilər) sıralanmış, uzaqdan boz-qara rəngə çalan qoca Savalanın silsiləsi olan Binə dağları ucalır. O dağların quzey ətəklərindən bir vaxtlar rəhmətlik ulu babasının ulu nənəsini qaçırıb atın tərkində Xudafərin körpüsündən keçirib bu taya gətirdiyi Araz çayı axır. Suları az qala ilin dörd fəslində bulanıq olan Xan Araz. Bu çayla, ilin əksər vaxtları gur suyunun ətəyini yuduğu o boz-qara dağlarla, o dağların o üzündə qalan, nənələrinin “abad şəhərimiz” dediyi Təbrizlə bağlı nə qədər xəyalları vardı. O xəyallar Süsən nənənin çin olmayan arzularından, ulu nənəsinin qəlbində yaşatdığı uzaq, əlçatmaz diyara sevgidən doğmuşdu. İllər keçdikcə onlara olan sevgisi, bağlılığı daha da artmışdı. Onlar Süsən nənədən eşitdiyi, Təbriz yaxınlığında, Üzümdil dağ silsiləsinin ətəyinə sığınmış bir kəndlə bağlı xatirələrə, nağıllara, rəvayətlərə, bayatılara dönmüşdülər. 

Kəndin quzeyindən isə yaşıl sinəsində min sirr gizlədən Əsgülüm dağının o üzündə lap uzaqda bir vaxtlar el-obanın yaylaq yerləri olmuş Zəngəzur dağları, onun ən hündür zirvəsi, yay-qış başı qarlı Xustub görünür. Xustubun sərin havasının yayın qora bişirənində o yerdəki kəndlər üçün nə demək olduğunu çoxlarından eşitmişəm. Onun da dilə gətirdiyi kimi, “yay vaxtı evimiz isti olanda nənəm deyərdi: 

 Evin yan pəncərəsini açın, Xuştubun havası içəriyə dolsun. 

Həqiqətən, həmişə də belə olurdu. Xustub dağı kənddən 40-50 kilometr aralı olmasına baxmayaraq, onun təmiz havasını həmişə hiss edirdik”.

Onu bu yerlərə bağlayan ikinci əsas səbəb isə gördükləri, duyduqları ilə yanaşı, uşaqlığında nənəsindən eşidib yaddaşına əbədi yazdığı könül oxşayan söhbətlərdi. Bu unudulmaz təəssüratların qəlbində oyatdığı duyğular illər sonra “o dağlara baxa-baxa böyümüşük və içərimizdə güney həsrəti alovlanıb” şəklində ifadə ediləcəkdi.

Nənəsinin dərdli baxışlarının dikildiyi o doğma diyarın yerləşdiyi məmləkət dərsliklərdə İran adı daşıyan özgə bir ölkə kimi tanıdıldığı illərdə belə onun üçün yad olmamışdı, əksinə illər sonra “o tay”lıqdan çıxıb rəsmi şəkildə əsl adı ilə, Azərbaycanın güneyi kimi qəbul ediləndə daha doğmalaşmışdı. Çünki orada nənəsinin söhbətlərindən tanıdığı uca, sıra dağlar, yamyaşıl meşələr, laləli çəmənlər, şəhərlər şəhəri Təbriz və üzlərini görməsə də bunlar qədər əziz bildiyi doğmaları, bir də el arasında deyildiyi kimi, gorgahları qalmışdı. Nə yazıq ki, o mübarək simaları görmək nənəsi kimi onun da qisməti deyilmiş. Tanrının yazısı beləymiş...

Ulu babası Məşədi Kazım ulu nənəsi Gülbaharı at belində qaçırıb bu taya gətirəndən sonra yeni hökumət yol-yolağanı bağlayıb, get-gəli yasaqladığından, əlaqə biryolluq kəsilmiş, gəlib-gedən olmamışdı. Ər evində gün-güzaranı nə qədər xoş keçsə də, o vaxtdan ürəyinə saldığı dərd Gülbaharın gül üzünü soldurmuş, saçlarını vaxtından tez ağartmış, əllisinə çatmamış ömrünü iki övladına və ərinə bağışlamışdı. Onun əziz, gözəl yurdu, böyük ailəsi, simsarları barədə söhbətləri balaca Süsənin uşaq yaddaşına əbədi hopmuş, anasından eşidib öyrəndiklərini ömrü boyu unutmamışdı. Sonra sinədəftər etdiyi həmin xatirələri yaşatmaq, olub-keçənləri özündən sonra gələnlərə çatdırmaq növbəsi ona çatmışdı. Özünün düzüb-qoşduqlarını nəzərə almasaq, bu hekayələrdə dəyişən yalnız qəhrəmanların adı idi. Anasının ata-anası, qardaş-bacısı onun dilində baba-nənə, əmi-dayı, xala-bibi idilər. Qalan adların qarşısına, sadəcə, “anagil” sözü artırılmışdı. Anamgilin qohumları, anamgilin qonşuları. Həsrət də, yanğı da, ümid də, ünvan da eyni idi. Süsən nənənin bir-birindən maraqlı, nəfəs kəsən, təsirli, Güney sevgili, Güney ətirli söhbətləri təsadüfən başlamamışdı. Bunlar onun sümüyünə, iliyinə işləmiş, bütün varlığını saran nəsnələrdi, qan yaddaşından gələn yazılmamış tarix idi. 

Nənənin ilboyu söylədiyi nağılların əksəri istinin nəfəs kəsdiyi yay gecələrinin, ya da şaxtalı, uzun qış axşamlarının payına düşürdü. Nəvənin yeddi yaşı tamam olanda bu nağılların mövzuları kimi məzmunu da xeyli dəyişdi. Bildiyi, eşitdiyi xalq nağıllarını danışıb qurtaran nənə hərdən dediklərini təkrarlamağa, bir-birinə qatmağa başladı və ona qulaq kəsilən nəvəsinin ciddi etirazı ilə qarşılaşdı. “Bunu eşitmişəm, bu nağılı keçən həftə danışmısdın, ay nənə yadından çıxıb nədi, nağılları niyə qarışdırırsan”. Tez bitən nağıldan sonra yatmaq istəməyəndə isə yalvarışlar başlayırdı:

 Nənə, nə olar bir nağıl da de. Biri varıydı e, adını da demişdin, Bənudəş şəhərinin sirri, bax, onu danış da.

 Başına dönüm daha gecdir, bir azdan yatmalısan, bir də o nağıl qorxuludur, özü də uzundur, axıradək danışsam gecə keçəcək, yuxun qaçacaq.

 Heç nə olmaz, birinci dəfə eşidəndə heç qorxmamışdım, özün bilirsən ki, mən nağıllarda baş verən hadisələrdən qorxmuram. 

 Hə, mənim igid balam, sənin qorxmaz başına dönüm. İnşallah, sabah o nağılı təzədən danışaram, indi vaxt keçib.

 Onda birin danışmışdın e, geri baxsa, cinlər oğlanı aparacaqdı ha, onu danış, o ki uzun dəyli.

 Heç o da qısa deyil. Onu da neçə dəfə danışmışam. Elə mən də yorulmuşam, yataq, sabah hansını istəsən, danışaram.

Beləcə, nənə-bala arasında ikinci, hətta bəzən üçüncü nağıl danışılması ilə bağlı söhbətlər olur, gah nənənin, gah da nəvənin istəyi yerinə yetirdi. Nə qədər sinədəftər olsa da, sən demə, nənənin nağıllarının da tükənən vaxtı olarmış, ya bildikləri ora qədərdi. Eyni nağılı təkrar demək, hadisələri istədiyi kimi dəyişmək, hətta hansı nağıllarısa birləşdirib, yenisini uydurmaq da az qala hər gün artan tələblə ayaqlaşa bilmirdi. Artıq nağıl vaxtı nənənin təxəyyülünün inkişaf məqamlarına dönmüş, əsl yaradıcılıq dəqiqələri, saatlarına çevrilmişdi. Nənə indiyədək kimsənin eşitmədiyi, özünün düzüb-qoşduğu nağılları danışmağa başlamışdı. İnsafən pis də alınmırdı. Ancaq hərdən tez-tələsik quraşdırılan bu maraqlı “hekayət”lər də nəvəsinin haqlı iradlarına tuş gəlirdi. Bu hal tez-tez təkrarlananda çıxış yolu arayan nənənin ağlından bir fikir keçdi. Əslində, bu, boğçasında olanların tükəndiyi, nağılları qarsdırmasının etiraz doğurduğu vaxtdan yaranmışdı. Artıq bu ümidverici fikrə yaşıl işıq yandırmağın tam zamanı idi. Beləcə, nəvənin nağıl aləmində yeni dövr başlandı. Uşaqlığında, yeniyetmə çağlarında anasından eşitdiklərini, gördüklərini nağıllara, hekayələrə çevirməyə başladı. Bu nağılların, hekayələrin əksəriyyəti, “Təbriz yaxınlığında bir kənd vardı”, “o tayda, dağların arxasındakı bir obada”, ya “anam deyirdi ki, bizim kənddə”, “mən balaca olanda” və buna bənzər sözlər, ifadələrlə başlayırdı. 

Nəvə də bu nağılların əvvəlkilərə heç oxşamadığının, ancaq elə bil onlardan daha canlı və doğma olduğunun fərqində idi. Çünki artıq hər cür pisliyə qalib gələn ağ atlı oğlanların, kəndirlə sallandıqları quyunun yandırıcı istisinə dözüb gənc qızları divlərin əsirliyindən xilas edən igidlərin, cadugərin sehrindən qorxmayıb daşa dönmüş insanları qurtaran ərənlərin yerini, adi olsalar da xeyirxahlığı, sədaqəti, mərdliyi, mehribanlığı ilə onlardan fərqlənməyən, sanki tanıdığı, nənələrinin həyatından keçib gələn sadə insanlar tutmuşdu. Nədənsə, həmin insanlardan, onların unudulmaz hekayələrindən danışanda nənənin ixtiyarsız olaraq Güneyə çevrilən gözləri dolur, söhbətin neçə yerində dərindən köks ötürür, bəzən gizli-gizli ağlayırdı da. Bütün bunları büruzə verməməyə, nə qədər gizlətməyə çalışsa da, nəvəsi hər şeyi görür, belə vəziyyətlərdə təkrar-təkrar:

 Ay nənə, yenə nə oldu, axı, o adamlar sənin nəyindir ki, nağılı qurtarmamış ağlıyırsan? Əvvəllər nağıl danışanda heç ağlamırdın.

Düz deyirdi, əvvəlki vaxtlar qəhərlənsə də, “uşağın qəlbinə toxunar”, deyə göz yaşını saxlamağa çalışırdı.

 Sən fikir eləmə, başına dönüm, qocalıqdandı, durduq yerdə gözlərim yaşarır. Niyə ağlıyıram, sən varsan, qardaşın, xalan, dayın uşaqları yanımdadır. Nəyim çatmır ki, ağlıyım.

Ancaq o yaxşı başa düşürdü ki, nənəsinin nəsə böyük bir dərdi var. Çünki nə zaman Təbriz, baba-nənə, bibi-xala, əmi-dayı adı çəkilir, özünü ələ ala bilmir, gözləri dolur. Hərdən “yazıq anam nə gün gördü ki”, deyib dərindən köks ötürdüyü vaxtlarda üzünü qəfil qara buludlar alır və ixtiyarsız göz yaşları yanağı boyu süzülürdü. Təbrizlə bağlı nağıllarınsa bir özgə aləmi vardı. “Dünyanın ən qədim, ən işıqlı, ən sevimli şəhəri” barədə deyilənləri eşidən hər kəs bu şəhərin vurğunu olurdu. Sonralar mən də bir neçə dəfə Süsən nənənin indiyədək unutmadığım Təbriz ünvanlı söhbətlərini eşitmiş, onlardan zövq almışdım. Həmin nağılların, söhbətlərin bir özəlliyi də vardı. Onların əksəriyyəti bayatı ilə başlayır, ya da bitirdi. Sonralar daha aydın başa düşdük ki, bu bayatıların hərəsinin öz yeri, məqamı varmış. Biri digərindən əvvəl, ya da sonra işlədilsə, nağılın məzmunu dəyişər, ahəngi pozularmış. Başqa dinləyiciləri bilmirəm, ancaq onlardan ikisi mənim bu gün də yadımdadır:

Ağ dəvə düzdə qaldı,

Yükü Təbrizdə qaldı.

Oğlanı dərd apardı,

Dərmanı qızda qaldı.


Təbriz üstü Miyana,

Qızılgülə boyana

Oxu bülbülüm, oxu,

Bəlkə yarım oyana.

Görəsən o Təbriz deyilən yerdə (artıq oranın böyük, gözəl bir şəhər olduğunu  bilirdi) nəyi, kimi qalıb? Hələ uşaq ağlı bunları kəsdirə bilməsə də, ancaq dayısından bir neçə dəfə eşitdiyi “ulu babam, dayım, nənəmin əmisi uşaqları” sözləri onunüçün yaxşı ipucu olmuşdu. Büruzə verməsə də, nənəsinin uzaq yurdda qalan doğmalarına görə ağladığını başa düşmüşdü. Ancaq heç cürə başa düşmədiyi məsələ o idi ki, niyə nənəsi onları görməyə gedə bilmir, ya da o adamlar bir yol bura gəlmirlər. Bunu dayısından da soruşmağa cürət etmirdi. Yəqin soruşsa, bir az hövsələsiz olan dayısından yenə “bunlar uşaq işi deyil” cavabını alacağından çəkinir, ya da onun qəlbinə toxuna biləcəyindən ehtiyatlanırdı. Görməsə, tanımasa da, onlar ən yaxın qohum-əqrəbası sayılırdı, əmi-dayı, xala-bibi idilər. Buna görə də hələlik susub məqam gözləyir, əslində isə, uşaq ağlı ilə özü bu suallara cavab axtarırdı...

 Nənən qurban, daha yatdığın bəsdi, dur, əl-üzünü yu, bir loxma tut, gecdi. Bir azdan Nüsrət gələcək (Nüsrət xalası oğludur), çaya çimməyə gedəssız. Ama, başına dönüm, elə qıraxda çimərsən, o Sərxanın gədələrinə qoşulub uzağa getmə. Deyir, o gün ikisi də batırmışlar, qonşumuz Şirvan gücünən çıxarıb.

Gözlərini ovuşdura-ovuşdura, könülsüz şəkildə üstündəki yüngül örtüyü kənara çəkib: 

 Ay nənə, niyə narahat olursan, daha səkkiz yaşım var, uşaq deyiləm ki, özümü burulğana salım. Onlar burulğana düşmüşdülər, yoxsa biz çimdiyimiz yer dərin deyil ki, kimsə batsın.

 Başına dönüm, çaydı, sudu, bunlarla zarafat olmaz, bir də gördün çayın yuxarı başında hardasa güclü leysan tökdü, sel-su gəldi, dizdən bildiyin yerdə su boğazına çıxdı. Allah qorusun, uşaq nədi, ötənlərdə Araz daşanda o qədər qəvvasları batırıb ki.

 Ay nənə, bu, Araz deyil ki, Oxçu çayıdır. Ən dərin yeri körpünün altındadır, biz də orda çimmirik, heç böyüklər də bizi ora buraxmırlar, narahat olma.

Nənə cavab vermək istəsə də, vaz keçdi. Anasından eşitdiyi dualardan birini dodaqucu pıçıldayıb, sonra da əlini göyə açdı və “şükür kərəminə, ay Allah, sən bilən məsləhətdir. Bu tifil amanatı özün xəta-bəladan qoru”, dedi.

O axşam nənənin danışdığı nağıl təzə olmasa da, maraqlı idi. Həmin nağılın qısa məzmunu belə yadında qalmışdı. İrana ziyarətə gedən bir nəfər bu taylı cavanın yolu Təbriz ətrafında bir kənddən düşür və burada gördüyü qızdan xoşu gələn cavan üç gün orada qaldıqdan sonra həmin qızı at belində bu taya qaçırır. Amma zorla qaçırmır ki, özünün dediyinə görə, fərasətli cavanın macal tapıb kəlmə kəsdiyi qızın da ona meyli olub. Ən əsası da böyük bacısı kimi özündən xeyli yaşlı birisinə qismət olacağı qızın gözünü qorxutduğu üçün bu addımı atıb. Yoxsa, xeyir iş baş tutmazmış. Axı, deyəsən bu hadisəni, ya buna oxşar başqa birini o, nə vaxtsa elə nənəsindən, təkcə ondan deyil, dayısından və xalasından da eşitmişdi. Hələ bu harasıdır, özü demiş “daha huşu qalmayan” nənəsi bu əhvalatı müxtəlif vaxtlarda bir neçə dəfə danışmışdı. İndi o əhvalatı təkrar eşidən nəvə həmin cavanı tanıdığını büruzə vermək istədi. Ancaq nağılın dadını qaçırmamaq və sonrakı günlərdə təkrar eşidəcəyini bildiyi üçün susdu. Bir vaxtlar el adəti sayılan bu hərəkəti mərdliyi, fərasəti ilə nənəsinin qürur duyduğu, adını həmişə sevgi ilə çəkdiyi ulu babası törətmişdi. Hələ Təbriz yaxınlığındakı o kəndin Üzümdil silsilə dağlarının ətəyində yerləşdiyini, nənəsinin bütün doğmalarının orada qaldığını da eşitmişdi. Yaxşı bənna olan ulu babası sonralar bir neçə dəfə Güneyə getmiş, hətta orada bir neçə bəyə ev də tikmişdi. Onlardan iki nəfərinin adı nənənin nağıllarında da çəkilirdi – Qəhrəman xan və Şirindil xan. Təəssüf ki, illər sonra nağılda eşitdiyi bu həqiqəti də dəqiqləşdirmək mümkün olmadı.

Son vaxtlar nənənin nağıl və söhbətlərinə bəzi gecələri onlarda qalan xalası oğlu Nüsrətlə birgə qulaq asırdı. Daha dəqiq, ötən qışdan nənələrinin biri-digərindən şirin nağıllarına qulaq asa-asa yuxuya gedirdilər. Hətta bir dəfə hansısa qorxulu nağılda baş verənlər yuxusuna girib Nüsrəti bərk qorxutmuş, səhər açılana qədər bir neçə dəfə elə qışqırmışdı ki, səsinə evdəkilər də oyanmışdı. Tez özünü yetirən nənə onun başını tumarlayıb:

 Heç gör Nadir qorxur? Sən ki, onunla yaşıdsan, nağıldakılar hamısı uydurmadır. 

Sonra ağlına nəsə gəlmiş “lap həqiqət olsa belə, niyə qorxmalısan, bunlar keçmişdə baş verib, indinin hadisəsi deyil ki. Nənəsi boyuna qurban, Nadirə lap körpəykən danışdığım ən qorxulu nağılları da neçə yol təzədən söyləməyimi istiyirdi. Maşallah, indi ikiniz də böyük kişisiniz, artıq məktəbə gedirsiniz”, demişdi. 

Nəvələrinin hamısını çox istəsə də, Nadiri o birilərindən fərqləndirirdi. Diqqətli müşahidəçinin gözündən yayınmayan bu fərqliliyi hiss etdirmək istəməsə də, özü ilə bacara bilmir, necə deyərlər, müraciəti, münasibəti onu ələ verirdi. Ancaq bunu sezsələr də “ağbirçəyin xətrinə dəyər” deyə dillərinə gətirmirdilər. Onlar yaxşı başa düşürdülər ki, bunun əsas səbəbi körpəlikdən Nadirgilin valideynlərinin ayrılması idi. “Ürəkləri qırıqdır, hər söz xətirlərinə dəyər”, deyə düşünür, onlarla bacardıqları qədər həssas və mehriban davranmağa çalışırdılar. Şıltaqlıqlarına, hərdən yol verdikləri uşaq yaramazlıqlarına belə dözür, bəzi hərəkətlərini görməzdən gəlirdilər. Doğrusu, daha dəcəl olan kiçik qardaş belə məsələlərdə lap irəli getmişdi. Ancaq nənə əhəmiyyət vermir, səbr edir, kimsənin bacarmadığı dözüm göstərirdi. İnsafən, son illər, xüsusi ilə onunla tək qalandan Nadirin irad tutulacaq hərəkətləri xeyli azalmışdı. İndi isə nənəsinin “böyük kişi”, “evin kişisi” saydığı Nadir daha ağıllı, təmkinli olmuş və bu yaşda öz hərəkətlərinə cavabdehlik daşıması ilə doğmaları ilə yanaşı, kənddə əksəriyyətin hörmətini qazanmışdı. Nahaq yerə deyildi ki, haqqında söz düşəndə yaşlılar “bu uşağın böyük gələcəyi olacaq”, deyirdilər. Bir Allah bilir ki, bu sözləri eşidən Süsən nənənin şadlığından qəlbi köksünə sığmırdı, deyirdin indicə sinəsini yarıb çıxacaq. İllərin kədəri, dərdi kölgə salan gözlərinə bir anlığa sevinc işığı dolur, nurlu çöhrəsi bir az da nurlanırdı. 

Düzü, buna həmişə təəccüb qalmışam ki, bir insanın gözündən qəm-qüssə yağa-yağa, üzü necə bu qədər nurlu qala bilər. Ancaq tez də öz-özümə demişəm ki, nənə-babalarımızın az qala hamısının üzündə nur yoxuydumu? Allahın lütfüdür ki, ana-bacılarımız yaşlananda alınları qırışsa da, üzlərindəki nur azalmır ki, artır. Bu həm İlahinin töhfəsi, həm də onların qəlblərinin, ruhlarının təmizliyi, daxili aləmlərinin saflığı ilə bağlıdır. Nur qəlblərdən nur saçılır, deyərlər. Ancaq inanın ki, bu xoşbəxtlik hər xalqa nəsib deyil. Yaşım görə az görməmişəm, bəzi xalqların sinni 50-yə çatan qadınlarının çoxunun üzündə o nur olmur. Adını çəkmək istəmədiyim xalqın qadınları isə yaşı 40-ı keçdisə, məsələ tamamdır, gecə qəfil qarşına çıxsa, az qala zəhri-bağrın yarılar. Nə deyim, vallah, nənələrin sözü olmasın, Allah bilən məsləhətdir.

Süsən nənənin nur yağan çöhrəsinə buludlar gətirən dərdli bayatılar da vardı. Hərdən ağrı-acı ünvanlı nağıllardan sonra səslənən bu dərdli bayatılar eşidənlərin də qəlbini sıxırdı. “Arazı ayırdılar, qum ilə doyurdular”. Hər il neçə yüz ton qum, gil axıdan Araz qumla doyardımı? Hələ o ki, ola Süsən nənə kimi o tay həsrəti ilə yaşayan... Yanlışa yol verdim, buna yaşamaq demək olardımı? Bu yaşamaq deyil, gündə bəlkə yüz yol, min yol qovrulmaq idi. Yüzlər, minlər kimi elindən, obasından ayrı düşüb, çarəsi mümkünsüz dərd əlində qovrulanlar. Bunu rayonlarımız erməni işğalında qaldığı illərdə Azərbaycanın quzeyinin neçə yüz min yurd həsrətlisi də yaşadı. Çarəsiz dərdlərin nə olduğunu gördük. Bax, onda Süsən nənəni daha yaxşı başa düşdük, daha içdən anladıq. Onuntək vətəndən ayrı düşənlərin sel kimi axıtdıqları dərdli göz yaşları necə oldu? Bu göz yaşları necə, Arazı doyura bildimi? Yəqin bu sual da onun dərdli ömrünün çözülməz sualları kimi elə sual olaraq qalacaq. 

Süsən nənənin ünvanlı nağıllarının bir neçəsi Sarıcalı-Cavanşir nəslindən olan Əbdüssəməd bəy Aşiqlə bağlı idi. Qarabağ xanı İbrahimxəlil xanın qohumu olan Əbdüssəməd bəyin nəsli də çar Rusiyası Qarabağı işğal etdikdən və İbrahim xanı öldürdükdən sonra əksər simsarları kimi xanlıq mərkəzindən köçüb ucqarda yaşamağa məcbur qalmışdı. Əbdüssəməd bəyin atası, Qarabağın tanınmış ziyalısı, şair Məhəmməd bəy Aşiq yeni yaşayış yeri olaraq Şuşa qəzasının Mehri yaşayış sahəsində ona bağışlanmış bu kəndi seçmiş və burada ikimərtəbəli geniş mülk tikmişdi. Son vaxtlarda uçulub-dağılsa da, kənddə uşaqdan-böyüyə hamı qalıqları görünən həmin mülkün kimlərə məxsus olduğunu yaxşı bilirdi. Əbdüssəməd bəy də eyni təxəllüslə lirik şeirlər, qəzəllər yazmış, “Məclisi-üns” ədəbi yığıncağının üzvü olmuş, adı ədəbiyyat tarixinə düşmüşdür. Onun məşhurluğunun və unudulmazlığının bir səbəbi də əsl ziyalı və xeyirxah insan olması ilə bağlıydı. Süsən nənənin yaşlılardan eşitdiklərindən yadında o da qalmışdı ki, qonaq-qarası əksik olmayan bu evə xaricdən məşhur adamlar da gəlirmiş. Onların arasında bir nəfər alman alim haqqında daha çox danışılırdı. Sonralar öyrəndik ki, həmin şəxs tədqiqatçı Qustav Radde imiş və 1890-cı ildə Azərbaycanda səfərdə ikən Əbdüssəməd bəyin də qonağı olub.

Əbdüssəməd bəyin həyat yoldaşı Şirinbəyim xanım da bəy nəslindən olub. O, əri ilə birgə öz mülklərində musiqili axşamlar keçirirmiş. Əsl kübarlıq mücəssəmsi olan bu xanım qarmonda ifa etməyi də bacarırmış. 

Əbdüssəməd bəy hazırcavablığı ilə də məşhurlaşıbmış. Onun bu keyfiyyəti ilə bağlı mən çoxlarından eşitmişdim. Deyilən görə, o, ermənilərin xislətinə yaxşı bələd olduğu üçün heç vaxt onlara üz vermirmiş. Bunu bildiyi üçün qisas almaq fikrinə düşən bir erməni qələbəlik yerdə bəyi pərt etmək üçün ona üz tutur ki:

 A bəy, bizim arvadların çayın yuxarı başında murdarladığı suyu aşağıda sizin camaat necə içir? 

Bu biədəb erməninin nə məqsəd güddüyünü yaxşı anlayan Əbdüssəməd bəy heç halını pozmadan: 

 Deyirəm axı, niyə bizim cavanların çaya girmələri ilə özlərini dağa-daşa vurmaları bir olur, cavabını verir.

Əbdüssəməd bəy və onun kimi tanınmışlarla bağlı nağıllarda Qarabağda baş verən əhvalatlar, ermənilərin Azərbaycan kəndlərini vəhşiliklə talan etməsi, dağıtması, əhalini qırılmaları, rusların törətdiyi qanlı hadisələr barədə də danışılırdı. Nənənin ermənilərin 1918-ci ildə Zəngəzurun azərbaycanlılar yaşayan əksər kəndlərində törətdikləri qətliamlar barədə danışdıqları isə, əslində, nağıl variantında olsa da, gerçək tarix idi. Həmin qırğınlar zamanı ailəsini qorumağa çalışan atası da onları Güneyə keçirmək üçün Arazın sahilinə aparıb və bir neçə gün orada qalıb “palaçılar”ı gözləyiblərmiş. Arazın dəli-dolu çağı olduğundan, çayı atla geçmək təhlükəli imiş. Yaxşı minikçi olduğu üçün özü birtəhər keçə bilərdi, ancaq arvad-uşaq necə olacaqdı. Yaxşı ki, “palaçılar” gələnə qədər vəziyyət düzəlib və bir neçə ailə bərabər kəndə geri qayıdıblar. 

“Pala” sözünü ilk dəfə eşitdiyim üçün mənasını soruşdum. Dostum dedi ki, o dövrdə Araz çayından insanları o tay, bu taya keçirirmək üçün qoyunun, yaxud keçinin qarnını üfürüb doldurur, ağac parçalarının altına  şar kimi bağlayır, suya buraxırmışlar ki, batmasın. Sadə formalı qayığa bənzəyən bu üzən qurğuya pala deyirmişlər. 

Bu nağıllar tariximizin tamam başqa, həm də daha canlı səhifələrini onun uşaq yaddaşına həkk edirdi. Sonralar müxtəlif arxivlərdə həmin illərin hadisələrini təsdiq edən sənədlərlə rastlaşanda nənəsinin dediklərinin, sadəcə, nağıl olmadığını öyrənəcəkdi. Ancaq hələlik bu qanlı, dəhşətli hadisələr nağıllarda baş verirdi və onların arasında az qala hər bir azərbaycanlı ailəsinin yaşadığı faciələr vardı. Ancaq yaxşı ki, o nağılların hamısında kədərli, qəmli hadisələrdən bəhs olunmurdu. Onlardan birində Şuşada aynabəndli, abad evlər tikən bir ustadan danışılırdı. Bu usta özgəsi deyil, Süsən nənənin rəhmətlik atası, onun ulu babası idi. Nənəsinin xatirələri ilə bağlı olan bu xoş hadisələr onun da qəlbinə rahatlıq gətirirdi. 

Nənə o evləri özün görmüsən, onlar indi də qalır?

 Yəqin qalar. Düzü mən o evləri görməmişəm. Rəhmətlik atamın bizi özü ilə oralara aparmağa imkanı yoxdu. Gedib harada qalacaqdıq? İş-güc adamıydı, oraya gəzməyə getmirdi ki bizi də apara. Ancaq özündən, bir də anamdan eşitmişəm.

Şuşaya getmək elə də çətin deyildi. İndi olmasın, sonra gedərdi. Anası bir dəfə o şəhərdə olmuşdu və deyirdi çox da uzaq deyil. Laçın yolu getsən beş, altı saata çatarsan. Ancaq anası kimi, onun da könül quşu Təbrizə qonmuşdu. Təbrizinsə, yolları bağlıydı. Onu yeni hökumət bağlamışdı. Bunu əsasən də, o tayda simsarları qalan azərbaycanlılar üçün etmişdilər. Qardaş-qardaşı, qohum-qohumu görməsin, tanımasın deyə. Sovetin qadağaları illərlə dərd üstünə dərd gətirdikcə, Gülbahar nənə kimi heç olmasa birgünlük görüşməyə çarə arayanların da ümidləri öləzimişdi, nağıllarının qəhrəmanları da daha nə ona, nə də dediklərinə qulaq kəsilənlərə kömək göstərə, əl uzadıb yerdən qaldıra, dərdlərinə dərman ola bilmirdi. Ancaq bir gün sevdiyi nəvəsinin dedikləri sanki onun qəlbində qeybdən bir ümid çırağı yandırmışdı. Növbəti nağılını bitirər-bitirməz göz yaşları boğan nənəsini qucaqlayan nəvə nə fikirləşmişdisə, “nənə heç ürəyini sıxma, qoy böyüyüm, istədiyin kimi böyük adam olacam, səni özümlə Təbrizə aparacam orada bütün qohumlarını görəcəksən”, dedi. Bu sözlərdən kövrəlib gözləri bir az da dolan nənə: 

“Allah ağzından eşitsin, ay bala. Nənənin dərdinə bəlkə sən çarə tapdın, yoxsa daha hamıdan, hər yerdən, hər şeydən əlimi üzmüşəm”. 

Bu sözləri desə də, ürəyində, həqiqətən, belə ola biləcəyinə o qədər də inanmamışdı. Çünki bir vaxtlar anası da müharibədən sonra möhkəm ümidlənmiş, hökumətin doğmalarını görmək üçün onlara da icazə verəcəyi günü gözləmişdi. Deyilənə görə nə qədər adam belə icazə ilə Güneydəki qohum-əqrəbasına baş çəkmişdi. Ancaq neçə yerə yazsalar da, bir nəticəsi olmamış, gələn cavabların hamısında az qala eyni bəhanələr, vəziyyətin imkan verəcəyi günü gözləmək barədə vədlər oxumuşdular. Müharibə də qurtardı, Güneydəki Sovet qoşunları da geri döndü, sağ qalan tanış, bilişlər də kəndə qayıtdılar, ancaq onlar hələ də gözləyirdilər. Vəziyyətsə düzəlmədi ki, düzəlmədi. Sonra kimsə İrandakı Sovet səfirliyinə müraciət edib çətin də olsa, səfər icazəsi ala bilməyin mümkünlüyündən danışmışdı. Yenə müraciət etdilər. Ancaq bu dəfə cavab tez gəlsə də, xahişin yerinə yetirilməsinin mümkün olmaması daha konkret yazılmışdı. Beləcə, bir ömür keçdi. Ana-atası da ömürlərini övladlarına bağışladılar. Dəyişən yalnız bu itkilər, bir də dünyaya yeni gələn körpələr oldu. Anası kimi, Süsən nənənin də Təbriz yuxuları çin olmadı ki, olmadı. İndi də nəvənin dediyi bu ümidverici sözlər. Öz-özünə “nə bilim, vallah, inanmayan kafirdir deyirlər, Allah bilən məsləhətdir. Şükür kərəminə, bəlkə elə bu tifilin dediyi olacax”, pıçıldadı. 

Doğrudan da, bəlkə onu neçə illik əzabdan canından artıq sevdiyi nəvəsi qurtaracaq, nə biləsən. Yeməkdənsə, yenə ümid yaxşıdır, deyiblər. Əli yerdən, göydən üzülən nənə bu sözlərin hələ dünyanın gəlişindən-gedişimdən o qədər də halı olmayan bir uşaq tərəfindən xətrini xoş etmək üçün deyildiyini bilsə də, köks ötürə-ötürə boz-qara dağlara baxa-baxa qalmışdı. O söhbətdən neçə il sonra nəvəsinin yüksək sayılan ali məktəbə daxil olması nənənin ümidini bir az da artırmış, onun vədini tutacağına ciddi-ciddi inanmağa başlamışdı. Ancaq atalar demiş, sən saydığını say, gör fələk nə sayır. Fələksə, yenə doğru, düzgün saymadı. Süsən nənənin nə gözləri yollardan yığıldı, nə dərdinə təsəlli olacaq bir söz eşitdi. Çox təəssüf ki, ömrü Güneyli, Quzeyli gediş-gəlişlərin adi hal aldığı günləri görməyə çatmadı. Nəvəsi ali təhsilini başa vurmamış bu dünyadan köç etdi. Beləcə illər keçdi və ana yurdunun, doğmalarının həsrəti ilə dünyadan nakam gedən nənənin özü nağıla döndü. İndi nənəsindən eşitdiyi o nağılları və nakam ömrü haqqında hələ söylənməmiş “Süsən nənə” nağılını öz övladlarına danışmaq növbəsi nəvəyə çatmışdı...

Nənəsinin istədiyi gerçəkləşmişdi, böyük, sayılıb-seçilən kişi olmuşdu. Uzun illər güney kimi əlçatmaz qalan quzeyin bir parçası, doğma yurd da işğaldan qurtarmış, bitməz olacağından qorxduğumuz həsrətə son qoyulmuşdu. Azad yurda yol alanda ilk baş çəkəcəyi məkan nənəsinin məzarı olacaqdı. Bunu çoxdan qətiləşdirmişdi və belə də edəcəkdi. 

Tez-tələsik kəndə baş çəkib qəbirstanlığa üz tutdu. İlk gözünə dəyən tamamilə uçurulmuş, sındırılmış baş daşları, nəsə axtarılırmış kimi alt-üst edilmiş məzarlar oldu. Ürəyi bir az da sıxıldı. Üzüyuxarı olsa da, addımlarını yeyinlətməyə və mümkün qədər bu dəhşətli mənzərələrdən uzaqlaşmağa çalışdı. Budur, nənəsinin və tanıdığı bir neçə adamın uyuduğu təpəlik. Burada rayonun işğalından qabaq iki nəfər şəhidi də dəfn etmişdilər. Ancaq məzarlarını götürə bilməmiş, sadəcə, nişanə qoymuşdular. Gözlərinə inanmadı. O nişanələr də, nənəsinin məzarı yerində idi, günəş, yağış bir qədər əyilmiş baş daşına vurulmuş şəkli soldursa da, sanki nənəsinin doğma, kədərli baxışları ona zillənmişdi. Əksər qəbirləri dağıdan goreşənlərin əlindən bu doğma məzarın salamat qurtarması, əslində, möcüzə idi. Hələ də gördüklərinə inanmırdı. Kənd-kəsəkdə daşı-daş üstə qoymayan vandalların görünür, qəbristanlığın lap yuxarı başında olan bu qəbirlərə qədər getməyə səbirləri çatmayıb. 

Gül dəstini məzarın üstünə qoyub bir xeyli fikrə daldı. Nənəsinə verdiyi vədi, həmin vaxt o kədərli gözlərdə necə bir ümid qığılcığının parladadığını xatırladı, ürəyi əsdi, içindən bir gizilti keçdi. Ona elə gəldi ki, indicə məzardan nənəsinin mehriban, ancaq illərlə gözləməkdən yorulmuş, ərkyana səsini eşidəcək: “Söz versən də gedə bilmədin, eləmi?” Sanki bu suala cavab olaraq hesabat verirmiş kimi:

 Hə, ay nənə, bağışla, sənin də gözünü yolda qoydum, dedi. Sonrakı sualı gözləmədən:

 Əslən Təbrizdən olan bir iş yoldaşım vardı, indi o da haqqın dərgahına qovuşub. Qırx ildən sonra ona səfər icazəsi veriləndə xahiş etmişdim, kəndinizə gedib, doğmalarımızı soraqlasın. Gedib-gəldi heç bir məlumat olmadığını dedi. Görünür, ya uzun illərdən sonra o yerlədə kimsəmiz qalmayıb, ya da adamlar ehtiyat edib bildiklərini gizlədiblər. Keç günahımdan, indiyəcən sənə verdiyim sözü tuta bilməmişəm. Ancaq daha gözləməyə özümün də səbrim qalmayıb. Şəhərə qayıdım, işlərim nə qədər çox olsa da, bir yana qoyub Təbrizə, kəndinizə gedib sağ qalan qohumlarımızla görüşəcəm. Oradan sənin də, Gülbahar nənəmin də məzarına torpaq gətirəcəm. Təbriz torpağı. Deyirdin anan son nəfəsində ancaq onu arzulayımış ki, “sağlığıma qismət olmadı, heç olmasa məzarıma qarışsın”. 

Gündüz gördüyü ağır, dəhşətli mənzərələrdən ürəyi sıxılsa da, tanıdığı bir neçə adamın görüş xahişindən imtina edə bilmədi. Gecə yarısına qədər davam edən şirin söhbətlərin bir ucu yenə Güneyə, nənəsinin həsrət qaldığı doğma yerlərə gedib çıxdı. Yenə onun vəsiyyəti barədə fikirləşdi və tezliklə Güneyi ziyarətə getmək qərarını bir daha yəqinləşdirdi. Daha gözləyə bilməzdi, yoxsa əziz insanın ruhunu narahat edərdi.  Bu isə onun üçün həyatda ən çox ehtiyat etdiyi bir hərəkət olardı. Səhəri gün bir-iki yerə baş çəkib yola düşməliydi. 

Avqustun sonları olsa da, günün istisi adamın üzünü qarsırdı. Bir tikə tutmadan görüş yerindən birbaşa yola çıxmaq qərarı etirazla qarşılansa da, inadından dönmədi. “Getməliyəm, işlərim çoxdur”, deyib israr etdi.

Yola tək çıxmasan yaxşı olar. Həm bürküdür, həm də yorğunsan, uzun yoldur, qoy uşaqlardan biri səninlə getsin, maşını növbə ilə sürərsiniz, belə məsləhətdir. 

Adəti üzrə kimsəyə əziyyət vermək istəmirdi, həm də bir az da tərsliyinə salıb:

 Birinci dəfə deyil ki uzaq yola çıxıram. Yayda da, qışda da olub. Özüm sürüb gedəcəm, narahat qalmayın, çatan kimi də xəbər edərəm. Sağ olun, dedi.

Xasiyyətini bildikləri üçün daha israr etmədilər. “Ehtiyatla sür, yaxşı yol”, deyib vidalaşdılar.

Növbəti təpəni aşanda yenə qeyri-ixtiyari Güney tərəfə baxdı. Artıq görünmsə də, qonşu rayonun ərazisini keçənədək Arazla paralel hələ bir neçə kilometr də yol qalırdı. Təxmininə görə, Xudafərin körpüsünün bərabərinə çatmaq üzrə idi. Əslində, Xudafərin ərazisində vaxtı ilə iki körpü salınıb. Artıq onlardan biri, deyilənə görə ustanın tikdiyi tamamilə uçulub dağılmış, digəri, şagird tikən isə hələ də ayaqda qalır. Sürəti bir az da artırsa, min illik yaşı olan, Azərbaycanın Güneyi ilə Quzeyini birləşdirən o qoşa körpünü də arxada qoyacaqdı. Fikirləşdi ki, şosse yolunu kəsib üzü Güneyə getsə, yəqin işlək körpünün düz yanına olmasa da, bir neçə metrliyinə çıxa bilər. Bu fikrin ağlına gəlməsi ilə sürətlə irəliləyən maşının yoldan çıxıb bir neçə dəfə aşması arasında saniyələr keçdi. Qəfil zərbənin onu maşının salonundan kənara necə atdığını hiss etməsi ilə huşunu itirməsi arasında dəqiqələrmi, saatmı keçdi, onu da bilmədi. Ona elə gəldi ki, başının üstündə mavi donlu, nur üzlü gənc bir qadın dayanıb, yardım etməyə çalışır. Onun kimliyini bilsə də, son gücünü toplayıb sanki yəqinləşdirmək üçün soruşdu: 

Sən kimsən?

Gənc qadın xəfif gülümsəyərək: 

Mələk. Qorxma, yanındayam, dedi.

Daha heç nə soruşmadı. Ağrının təsirindən qapanan gözlərini təkrar açanda özünü Xudafərin körpüsünün üstündə gördü. Nədənsə, körpüdə ondan və bayaqkı gənc qadından savayı kimsə yox idi. Orta tağa təzəcə çatmışdılar ki, qəfil çıxan göy qurşağının qövsləri körpünün hər iki ucundakı tağlara sarı əyilib onları öz rənginə boyadı. Ancaq nə o, nə də bu mənzərəni eyni heyranlıqla seyr edən gənc qadın hara getdikləri barədə heç nə soruşmadı. Çünki hara  getdiklərini ikisi də bilirdi. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)