Mətanət Teymurlu - "Mif və gözəlliyin qovuşduğu an"
Frederik Lord Leyton (1830–1896), Viktoriya dövrünün ingilis rəssamlarından biri kimi sənət dünyasında silinməz izlər buraxmışdır. Akademik realizm və neoklassik üslubun təsirlərini öz əsərlərində əks etdirən Leyton, insan vücudunun və təbiətin gözəlliyini mükəmməl, estetik şəkildə təsvir etmişdir. Leytonun əsərləri, detalların yüksək keyfiyyəti və bir araya gələn obrazların yaratdığı kompozisiyalarla seçilir. Klassik mövzulara olan ehtirası, xüsusən də Yunan və Roma mifologiyasına olan dərin marağı həm gözəlliyin, həm də emosional dərinliyin simvolik təsvirlərlə zənginləşdirir.
“Zəfərin qayıdışı” (The Return of the Victorious). " Odeseyanın Həqiqətləri" (The Truths of Odysseus), “Persefonanın Qayıdışı” (The Return of Persephone) əsəri, bu marağın parlaq nümunəsidir.
“Persefonanın Qayıdışı” tablosu, rəssamın rəng və işıq istifadəsi ilə tanınır, eyni zamanda onun insan duyğularını və mifoloji obrazlarını necə birləşdirdiyini göstərir. Persefona yer üzünə qayıdır, lakin onun üzündə həm hüzün, həm də sevincin qarışığı bir ifadə var, bu da rəssamın insan təbiətinin qarışıq hisslərini və qeyri-müəyyənliyini vurğulamağa çalışdığını göstərir.
Leyton bu əsərində Yunan mifologiyasının simvolizmi ilə bəşəriyyətin həyat və ölüm, sevgi və ayrılıq kimi əbədi mövzularını birləşdirir. Bir zamanlar, ucsuz-bucaqsız dünyada, taxıl ilahəsi Demetranın qızı Persefona zərif bir çiçək kimi böyüyürdü. Onun gözəlliyi səhərin ilk şəfəqlərini utandırır, gülüşü quşların nəğmələrini susdururdu. Anası, Demetra qızını hər şeydən çox sevər, onun üçün dünya sadəcə Persefonanın olduğu yerdən ibarət idi. Lakin tanrıların kralı Zevs, qızını qardaşı Aidlə evləndirməyi planladı. Aid, qaranlıq və səssiz Ölülər Diyarının (yeraltı dünyasının) hakimi, güclü və əzəmətli bir tanrı idi. Zevs bu evliliyin tanrılar aləminə xeyir gətirəcəyinə inanırdı. Lakin bir məsələ vardı. Demetra bu evliliyə heç vaxt razı olmazdı.
Bir gün, Persefona çiçəklərlə dolu bir çəmənlikdə nimflərlə oynayırdı. Günəş gülümsəyir, yüngül külək qızın saçlarını oxşayırdı. Birdən yer çatladı, qaranlıq bir dərinlikdən Aidin qara arabası ildırım kimi çıxdı. O, Persefonanı bir göz qırpımında arabasına çəkdi və yeraltı dünyanın ağırlığı altında qapını bağladı. Çəmənlikdə nimflər ya qorxudan qaçdı, ya da dəhşətdən donub qaldılar. Heç kim nə baş verdiyini Demetraya deyə bilmədi. Yalnız bir dəfə Persefonanın qışqırıq səsi eşidildi və sonra sükut çökdü.
Persefonanın yox olduğunu anlayan Demetra dünyanı ağrı ilə gəzib-dolaşmağa başladı. O, hər qarış torpağı yoxladı, hər səsə qulaq kəsildi, lakin qızından heç bir xəbər ala bilmədi. Günlər ötdükcə Demetra yoruldu, amma əl çəkmədi. Hekata (Hekate - ay, gecə, ölülər, açarlar, sərhədlər, qapılar, yeraltı dünya, cadu, yol ayrıcları və eşiklərlə əlaqəli bakirə tanrıçadır. Hekate tez-tez üç üzü üç fərqli istiqamətə baxan qadın kimi təsvir edilir.) ilə qarşılaşanda, o, Demetraya günəş tanrısı Heliosdan kömək istəməyi məsləhət görür. Helios hər şeyi görən idi. O, qızın qaçırıldığını, bunu Aidin etdiyini, Zevsin isə razılıq verdiyini söyləyir. Bu xəbərlə Demetranın ürəyi alovlandı. O, Olimpa gedib Zevsdən haqq-hesab soruşdu.
"Qızımı qaytar!" – Demetra səsi göy gurultusu kimi əks-səda verdi. "Əgər qaytarmasan, torpağa toxum cücərtməyi qadağan edəcəyəm. İnsanlar ac qalacaq, qurbanlar kəsilməyəcək. Bu sizin sonunuz olar!" Zevs nə edəcəyini bilirdi. O, Aidə Persefonanı qaytarmağını tələb edir. Lakin Aid, yola çıxmazdan əvvəl, qıza nar meyvəsindən bir neçə dənə təklif etdi. Persefona bu meyvənin cazibəsinə tab gətirə bilmədi. O, dənələrdən bir neçəsini yedi və beləliklə, yeraltı aləmin qanunlarına görə, həmişəlik o dünyaya bağlı qaldı.
Nəhayət, Persefona anasına qayıdır, lakin həqiqət tezliklə üzə çıxır. Persefona hər il üç ay Aidin yanına dönməli idi. Bu aylar gəldikdə, Demetranın ürəyi yasa bürünürdü. Torpaqlar quruyur, ağaclar yarpaqlarını tökür, dünya qışın donuna bürünürdü. Persefona geri qayıtdıqda, Demetranın sevinci ilə torpaq yenidən dirçəlir, baharın nəfəsi hər yeri bəzəyirdi. Beləcə, mifə görə bu sevgi, kədər və ayrılıq dolu əfsanə ilə fəsillər yaranmış oldu. Bahar və yay — Demetranın sevinci, payız və qış — onun qəlbindəki hüznün simvolu kimi dünyanın ritmini qorumağa davam edir.
L. Leytonun əsərində, sağ tərəfdə Persefonanın solğun vücudu yeraltı dünyasından – ölümlər diyarında ilin bir hissəsini keçirməyə məhkum olduğu yerdən üzə çıxır. Başı geriyə atılmış, qolları yalvarışla irəli uzanmış vəziyyətdə o, tanrıların elçisi Hermes tərəfindən dəstəklənir. Hermes mavi paltar və qırmızı şlyapa geyinmişdir. Sol tərəfdə isə taxıl və kənd təsərrüfatı ilahəsi Demetra qollarını açaraq qızını qarşılayır. Yunan mifologiyasına görə, Persefonanın yeraltı dünyasından çıxıb anası Demetra ilə yenidən görüşməsi, təbiətin dövri qanunauyğunluğunu baharın gəlişi, torpağın oyanışı və həyatın yenilənməsini simvolizə edir. Bu əsərdə bunu təcəssüm etdirən isti mavi səma və Demetranın ayaqları altında badam ağacının çiçəkləri göstərilmişdir.
“Persefonanın Qayıdışı” əsəri bizə insan həyatında təbiət, ölüm, dirçəlişi kimi əsas mövzuları xatırladır. Bu əsər, təbii dövrlərin insanın daxili dünyası ilə necə əlaqəli olduğunu da vurğulayır. Mifin mənəvi anlamı budur ki, hər bir itki və qaranlıq dövrdən sonra yenidən işıq və ümid doğar. Yeraltı dünyası insan həyatında çətinlikləri və ya ölümlə qarşılaşmanı təmsil edə bilər, amma Persefonanın yuxarıya qayıdışı, hər çətinlikdən sonra yeni bir başlanğıcın mümkün olduğunu göstərir.
Eyni zamanda, əsər Demetranın qızına olan sevgisini təsvir edərək, ailə bağlarının gücünü və sevginin çətinliklər qarşısında necə qalib gəldiyini nümayiş etdirir. Beləliklə, "Persefonanın qaytarılması" həm həyatın təbii ritmini, həm də insanın ümid və sevgiyə olan ehtiyacını bizə çatdırır.