Fərid Muradzadədən iki hekayə

Proza
Fərid Muradzadədən iki hekayə
Əsgər çəkməsi
Yorulmuşdu. Hava da olduqca soyuq idi. Gecədən başlayan qar yolları keçilməz etmişdi. Taqəti tükənirdi, amma dayanmaq olmazdı. İslanmış paltarları xeyli ağırlaşmışdı. 35 kq -lıq əsgər yükü və avtomat hərəkəti daha da çətinləşdirirdi. Ayaqları suyun içində ,,üzürdü". Şaxtalı hava insanın damarda qanını dondururdu. Əsgər çantasını atmağı qərara almışdı. Daha bu ağırlığı daşıyacaq gücü qalmamışdı. Əsas silahı idi. Avtomatın üstündəki daraqdan əlavə daha 4 daraq gülləsi vardı. Qalan nəyi vardısa atacaqdı. Onsuz da yaşamaq ümidi sıfıra bərabərdi. Rastına çıxdıqca erməni itlərini öldürməkdən başqa bir amalı yoxdu. Gördüyü dəhşətli, fəlakətli, ağılasığmaz hadisələrin şoku canından çıxmamışdı. Qar üstünə düşən solğun gün işığı adamın gözünü ,,aparırdı". Hər tərəf ağappaq idi. Amma ona elə gəlirdi ki hər yer qırmızı qan rəngdədir. Günahsız, məsum körpələrin donmuş, qanlı cəsədləri gözlərinin önündən getmirdi. Soyuq əhədini kəssə də qızınmaq üçün isti ocaq düşünmürdü. Dünəndən bəri oddan qaçırdı. Od, alov barədə əsla düşünmək istəmirdi. O barədə fikirləşən kimi elə bil özü odlanırdı, yanırdı, ürəyi sıxılırdı, rəsmən özünü alovun qırmızı dilləri içində görürdü. Xocalı faciəsindən 6 gün keşmişdi. O, 6 gün idi ki səfil-sərgərdan gəzirdi. Əvvəlcə kifayət qədər gücü vardı. Xocalı

Alçaq!;- deyib ard-arda bıçağı Tiqranın boğazına sapladı. Birdəfəyə başı kəsilmiş toyuq kimi qarın üstündə çabalaya-çabalaya murdar olan Tiqrana baxdıqca qismən də olsa ürəyi rahatlaşırdı. Dəqiqəbədəqiqə yalvarış dolu böyümüş gözləri ilə ona baxıb yardım uman erməniyə baxdıqca nifrəti daha da artırdı. Adicə heyvan kəsiləndə ona baxmayan Ayaz indi boğazı üzülmüş erməni dığasının gəbərməyinə elə soyuqqanlı şəkildə baxırdı ki elə bil hansısa maraqlı bir filmə tamaşa edirdi. O, indi həqiqətən mərhəmət hissini itirmişdi. 6 gün əvvəl Xocalıda şəhid olan günahsız insanlar, məsum, körpələr, uşaqlar, namusu tapdanmış qadınlar da Tiqrandan və tiqrankimilərdən imdad diləmişdilər. Ancaq faydası olmamışdı. İndi növbə Ayazın idi. Burada nə qədər oturduğunu bilmirdi, amma artıq tamamən donduğunu hiss edirdi. Tiqranın isti, qalın paltarları və içi tüklü əla bir əsgər çəkməsi vardı. Bir anlıq həyat eşqi ona güc gəldi. Əyilib onları çıxararaq geyinmək istədi. Lakin soyuqdan donmuş əlləri yanına düşdü. Ayaz bu paltarları geyinə bilməzdi. Gözünün önünə bu çəkmələrlə azərbaycanlıların qanlı meyitlərinin üstündən şövqlə keçən Tiqran gəldi. Bu çəkmələr neçə-neçə günahsız insanın cəsədlərini tapdamış, bu paltarlar bəlkə də onlarla namusu tapdanmış azərbaycanlı qadınlara toxunmuşdu. Yox! O bunları əyninə geyə bilməz! Heç vaxt! Bunları geyinib sağ qalmaqdansa ölmək daha gözəldir. Qarın içində gömgöy olmuş ayaqlarının üstündə duran buz heykəlin gözlərində qəribə bir ifadə vardı.
Tablo
Bildiyimiz kimi Bakı-Sumqayıt yolunda hər gün böyük tıxac olur. Bu tıxacda ən çox əziyyət çəkənlər isə səhər Sumqayıtdan, Xırdalandan, Masazırdan Bakıya, axşam isə Bakıdan əks istiqamətə gedən insanlar olur. Gərgin iş saatının sonunda işdən çıxan yorğun insanlar bəzən
saatlarla yolda qalırlar. Avtovağzalda ənənəvi marşrut çatışmazlığı olduğundan insanlar 20 Yanvar dairəsindən yol maşınları ilə evlərinə getməyə daha çox üstünlük verirlər. Son günlər maşınlara və sürücülərə əməlli-başlı qənim kəsilən BNA işçiləri də əsəbləri tarıma çəkilmiş
insanlar üçün əlavə problemə çevriliblər. Doğrudur 20 Yanvarın dairəsinin tənzimlənməsi əslində təqdirəlayiqdir, amma insanların rahatlığını da düşünmək gərəkdir. Alternativ variantları isə mən deyil, aidiyyatı orqanlar özləri təşkil etməli, o orqanların məmurları isə icra etməlidirlər. Bu başqa bir mövzudur. Yazmaq istədiyim isə başqa. Deməli belə. Yorğun halda mən də digər insanlar kimi gündəlik istifadə etdiyim ən sərfəli
nəqliyyat vasitəsi olan metrodan çıxıb 20 Yanvardan ,,rahat" şəkildə Sumqayıta getməyə niyyətlənmişdim. Yeraltı dünyadan yerüstü dünyaya axışan insan kütləsinə qoşulub lazım olan məkana çıxdım və.... sürpriz! Uzun-uzadı insan izdihamı... Yorğun simalar, gərilmiş əsəblər,
hədsiz aqressiya! İnsanlar ənənəvi olaraq necə gəldi, pərakəndə şəkildə (bizdə normal toplanma olmadığı üçün bunu qeyd etdim) deyinə-deyinə gedirdilər. Mən də maşın tapmaq ümidi ilə üzüaşağı ,,Bravo" marketi istiqamətində hərəkət edən kütləyə qoşuldum. Nəhayət insan selinin içində qəflətən ,,möcüzəvi" şəkildə boş bir ,,mercedec" maşın çıxıb düz qarşımızda dayandı. 4 nəfər maşına əyləşib yola rəvan olduq. Bilən bilir bu yolların əhvalını...
Addım-addım Biləcəri enişini əyləc sisteminin qırmızı işıqları fonunda enməyə başlamışdıq. Bir-birinə yol vermək istəməyən sürücülərin hay-küyü, biri 1 qəpikdən də ,,ucuz" olan ,,yağlı" söyüşlər, maşınlardakı bəzi adamların açıq maşın şüşələrindən aydınca eşidilən bayağı söhbətləri
və s. insanın bütün sinir sisteminə, əsəblərinə, psixologiyasına mənfi təsir göstərirdi. Bu dəm bizim də sərnişini olduğumuz maşının sürücüsü də ,,vəcdə gəlib" birini rusca söyüb-suvadı. Sonra da özünə haqq qazandıraraq dedi:
-Padles mənim yoluma girirdi gördünüz də. Elə o başlayan başladı nə başladı.... Brat, bizdə ponyatka var, bu indikilərdə ponyatka-zad yoxdur. Biz soveti görmüşük, ağsaqqal-qarasaqqal yeri bilmişik. Adam dilində söz soruşursan bilmirlər, söz deyirsən qanmırlar. Ala, bu nədir ,ala?! Atam-atam, mən də sənin dilində danışıram. Durub ingiliscə bir-iki söz öyrəniblər, onları işlədirlər. Guya bunlar sovromennidilər. Heç öz dillərindən xəbərləri yoxdur. Bir sözlə müasir gəncliyi ,,ağ yuyub, qara sərdi". Mən də əslində elə olmadığını başa salmağa çalışdım, təbii ki, savadım yetən şəkildə. Müasir savadlı gənclərdən tanıyıb bildiklərimdən sitat gətirdim. Amma çifayda ki, xeyir eləmirdi. Adam bu "öz dilini bilməyənlərə" çox qızğın idi. Mənimlə yanbayan əyləşən gənc oğlan da gənclərin içində nümunəvi olacaq bir neçə gənci örnək göstərdi. Amma heyhat, təəssüf... Gəncin qarşıda enəcəyi hiss olunurdu. Çünki gözləri ilə yola nəzarət edirdi. Sürücünün cuşa gəldiyini görən gənc oğlan odlu-alovlu ,"natiqə" bəri başdan:
-Zəhmət olmasa döngədəki tablonun yanında saxlayarsınız,-dedi (döngəyə azı 300 metr məsafə
vardı. Yəqin ki, qardaş adamın trans halında olub unudacağını təxmin edirdi).
- Ay brat, burda?
-Yox, döngədə tablo var, onun yanında.
Heç 50 metr getməmişdik ki, sürücü bir də soruşdu:
-Qaqulya, burda?
-Yox, döngədə.
Təxminən bu düz yolla bir 70-80 metr də irəliləmişdik ki, sürücü maşını sağa çəkib dedi:
- Ay brat, buranı deyirdin?
Səbrim daralırdı. Sərnişin isə səbrlə,‐ "xeyr, döngədə, tablonun qarşısında",-dedi.
Ay brat, döngə haradır, tablo nədir e?!
- Səhərdən dil dərsi keçirsən! Öz dilində tablonun nə olduğunu bilmirsən! Qabaqda, "Oba
Market"dən sağa burulub saxla! Döngə də oradır, tablo da!
Döngəni burulub maşını sağa çəkib saxladı. Maşından enən gənc oğlan:
-"Poliqlot brat", bəli döngə buradır, tablo isə bax budur,-deyib reklam tablosunu göstərdi.
-Ala, plakatı deyirmişsən də. Deyəydin pavarotdakı plakatda saxla də!
- Mən sənin bəyənmədiyin gənc nəslin nümayəndəsi sənə pavarotla döngənin, plakatla tablonun fərqini əyani izah etdim. Öz dilini normal bilməyən əslində sən və səninkimilərdir. Heç zaman tanımadığın insanlar haqqında fikir yürütmə! ,- deyib oradan uzaqlaşdı.
Maşın hərəkətə gəldi. İşıqforda dayananda sürücü qəfil mənə tərəf dönüb dedi:
-Doğrudan plakat tablodur?
Mövzuya uyğun linklər: