Elçin Alıoğu - "La casa de papel" serialının tənqidi
Ədəbi tənqid
Hər yerdə pafos və ucuz dekorasiyalar.
Qarətçilər barədə əhvalat. İlk baxışdan, serial üçün əla, hətta orijinal ideyadır.
Belə seriala çoxlu pul gərəkdir.
Axı hər filmdə macəra təki qarəti göstərmək olmur.
Ok, nə olsun?!
Bütün atışmalar, qışqırıqlar, ora-bura qaçışlar, qaş gərmələr olmadan onlar maraqlı əhvalat göstərə bilərdilər?
Məsələn, Al Paçinonun baş rolda oynadığı, bir lokasiyada çəkilmiş "Dog Day Afternoon" kimi.
Bəlkə burada da, "La Casa de Papel"də və ya Netflix-də "Money Heist" adı ilə göstərilən teleserialda?
Üstəlik, 4 mövsümdə.
Yox, alınmadı. Premyerası İspaniyanın "Antena 3" telekanalında olan, Pireneydəki uğurundan sonra ABŞ-ın "Netflix" stiriminq servisinin satın aldığı "La Casa de Papel" serialından vəcdə gəlmədim.
Serial çürük dialoqlarla bayağı dramın qarışığı olan ucuz filerdir.
"Netflix" dünyanı bürümüş koronavirus pandemiyasında özünə əziyyət vermir. Karantindir, hamı internetdədir, kütləni boş dialoqlu, minimum hərəkətli seriallarla "yemləmək" olar.
Fransız Qüstav Lebon axı kütlə barədə nələrisə yazmışdı, yadınızdamı?
Əməllicə klişe.
Yəni bir seriyada kimsə ölür, daha doğrusu, ölməlidi - amma növbəti seriyada personaj sağdır, çünki güllə gicgahını dalayıb keçib, vəssəlam.
Serialda məntiqsizlik çoxdur. Əhvalat ümumiyyətlə, ssenariçilərin təbirincə desəm, "hərəkət etmir, yerimir".
Qarətçilər elə hey Zərbxana binasında istirahət edir, aralarında dalaşır, bir-birlərinə böyük pafosla tapança tuşlayır, girov götürdükləri adamlarla hind filmlərinin qəhrəmanları kimi danışır, öz aralarındakı münasibətləri aydınlaşdırırlar.
Bununla yanaşı çox aşağı İQ-su olan qadın detektiv Rakel Murilyo bu hiyləgər qarətçilərin məkrli planlarını aşkarlamağa çalışır.
Əslində yaxşı aktrisa olan İsiar İtunyonun yaratdığı bu obraz 3-cü mövsümdə qarətçilərə qoşulur.
Alvaro Mortenin yaratdığı "Professor", yəni bütün bu qarətçi dəstəsini yığmış lider Serhio Salvador Markinanın başçılıq etdiyi bandanın hər üzvü ifrata varır kamera qarşısında.
Hər yerdə pafos və ucuz dekorasiyalar.
Belə hiss yaranır ki, birinci mövsümün ilk seriyası olan "Efectuar lo acordado"dan tutmuş dördüncü mövsümədək rejissorlar Aleks Pina, Hesus Kolmenar və Alehandro Bassano vəcdə gələrək Aleks Pina və Pablo Roanın ssenarisini tam miqyasda formalaşdırmağa çalışırlar.
Ssenari isə elə bil planetdəki ən müxtəlif janrlarda - hind detektivlərindən tutmuş türk melodramlarınadək - filmlərdəki gedişlərlə hərəkətlərin məcmusudur.
Qəhrəmanların davranışları asanlıqla proqnozlaşdırılır, süjetdə fəlsəfi ideya nəzərə çarpmır.
Əslində İspaniyada çəkilən filmlərlə teleserialların tam yarısında bəlli sadəlövhlük və boşluq var ki, onları da aktyorlar qibtə ediləsi əminliklə ortaya qoyurlar.
Bu, mənə Bollivud filmlərini xatırladır.
"La Casa de Papel"in ilk iki mövsümündə müəyyən peşəkarlıq vardı və bütün təsadüflər əla planın bir hissəsi idi.
İndisə absurd, plan əlaqəsiz səhnələrdən ibarət və ümumiyyətlə, baş verməyə biləcək hadisələrin tizerləri.
Birinci və ikinci mövsümlərdən fərqli olaraq, 4-cü mövsümdə hadisələrin axarının sürətlə, ağlasığmaz məcrada dəyişməsinə rəğmən, Professor" hər şeyi zərgər dəqiqliyi ilə öncədən bilir və görür.
Belə marazm ilk mövsümlərdə yox idi.
Teleserialın ssenari müəllifləri sanki 1990-cı illərdə ilişib qalırlar: o dövrlərdə ki, gülləbaranda kimsə ölmürdü, ekranda isə qəhrəmanların rəşadətli, cəsurluq püskürən replikaları vardı.
"La Casa de Papel"də qəhrəmanların əhvalı ildırım sürətilə dəyişir.
Birini sevir, sonra başqasını, sonra üçüncünü.
Əvvəl məzaradək birlikdə olacaqlarına and içirlər, sonra ən xırda problem onları dəyişir. Direktorun mühafizəçisi ilk əvvəl soyuqqanlı qatildi və onu aradan götürmək gərəkdi.
Sonra - işə bax - o, tətiyi çəkə bilmir və qarətçilər də onu öldürə bilmirlər.
Əməlinə görə olsa belə...
Ursula Korbero, Alvaro Morte, İsiar İtunyo, Pedro Alonso, Alba Flores sanki biyardakı kimi davranırlar.
Amma nə olsun ki?! Serialın milyonlarla fanatı var, qırmızı kombinezonlar və Salvador Dali maskaları ədalətsiz sistem, kapitalizmlə mübarizə simvollarına dönməkdədir.
Teleserialın 4-cü mövsümü əhvalatın davamı yox, parodiyası təsiri bağışlayır.
Üçüncü mövsümdən bəri çəkilişə ayrılan pullar on dəfələrlə artdığından "daha çox, səs-küylü, bahalı edək" prinsipi işə düşüb və sonucda yeni seriyalarda hər səhnə sanki bahalı ekşn mənşəlidir.
Məntiqsə yoxdur.
Söz yox, "La Casa de Papel"in ilk iki mövsümü "heist-movie"nin yeni, tamaşaçıın finalda, qəhrəmanların qarət planını gerçəkləşdirdiyi hissədə heyrətlənərək aldandığı tipologiyadan uzaqlaşaraq fərqli forma yaratmaq cəhdi idi.
Burada hər seriyada heyrətlənmə vardı. Belə ki, qəhrəmanların növbəti problemlə üzləşmələri xarizmatik və hiləgər Professorun banda üzvlərinə hansı situasiyada nə etmək barədə məsləhətlər verdiyi fləşbeklərlə sıralanırdı.
Həmin dövrə ruh və məzmunca oxşar teleserial "Prison Break" sayıla bilər. Yadınızdamı, o serialda qardaşını xilas etmək üçün bilərəkdən həbsxanaya düşən baş qəhrəman dahi planının sadəcə bir məqamı - insanları nəzərə almadığını unutmuşdu?!
İnsanlar elə "La Casa de Papel"də də "Professor"la bandasının planlarını pozurlar. Amma onların impulsiv davranışlarının nəticələrində ilk iki mövsümdə məntiq tapmaq olardı.
Məsələn, zibilxanada pusquya düşən "Professor" saçlarını qutalinlə boyayır, paltarını cırır, şalvarını batırır, burnunu qanadır və özünü evsiz-eşiksiz adam kimi qələmə verərək qaçır.
Səhnəyə minimal büdcə gərək olsa da, o, serialın ruhunu və qəhrəmanların uğura nail olmaq üçün hər yola əl atmaq niyyətlərini bariz göstərirdi.
Dördüncü mövsüm barədə belə demək olmur. "B" kateqoriyalı "döyüş" filmləri ilə Latın Amerikasının "sabun" operalarının irreal qarışığını görürük.
Məsələn, mövsümün yarısında qəhrəmanlar qarətçilərdən oğlanla qızın divanda ayaqyalın oturduqlarına görə - bəs nədir, bunu elə-belə etməyiblər əlbət - didişirlər.
İkinci yarıda qəhrəmanlar bankın mühafizəçini öldürmək istəyirlər. O da sən demə, İspaniyanın ən yaxşı "kommandos"u imiş, amma atəş aça bilmir.
Sonuc - bitmək bilməyən mübahisələr, qeybətlər, məhəbbət intriqaları, qarətlə bağlı minimum süjet, habelə son illərin ən pis ekşn-səhnələrindən biri: qəhrəmanlar bir-birlərinə dar dəhlizdə atəş açırlar, yüzlərlə güllə çovuyur, amma hamı sağ qalır.
Dördüncü mövsüm çox ləng və tənbəl, tamaşaçıların sevimlisi, ikinci mövsümün sonunda öldürülmüş "Berlin"lə bağlı fləşbəklərlə dolu fillerdir.
Son əhvalatın yeni hissəsində olmalıdır.
Lakin problem odur ki, süjetin acı bağırsaq kimi bilərəkdən uzadılmasının qanunauyğun nəticəsi saspensin və baş verənlərə marağın itməsidir.
Əfsuslar olsun...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Yuval Noah Harari - Koronavirusdan sonrakı dünya
Vladimir Nabokov Dostoyevski haqqında
Asif Ata. VƏCDLİ İDRAK
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )