Azər Qismət - Den Braun mistikası
Ədəbi tənqid
Azər Qismət - Den Braun mistikası
"Da Vinçi kodu" əsəri oxucuların ixtiyarına veriləndən sonra yazıçı Den Braunun ulduzu parladı. Məhz həmin əsərin yazılışı Braunun əvvəllər çox da oxunmayan kitablarını yenidən gündəmə gətirdi. "Da Vinçi kodu"na qədər onun əsərləri uğur qazanmamış, zəiflər kateqoriyasına aid edilmişdi. Nəşriyyatlar yazıçının əsərlərini nəşr etməyə maraq göstərmir, bu işi könülsüz yerinə yetirmişdilər. Hər bir nəşriyyat rəhbəri istəyər ki, bestseller dərcindən külli miqdarda pul qazansın. Amma "Da Vinçi kodu"ndan sonra qapılar Den Braunun üzünə açıldı. O, həm də dünyanın ən varlı yazıçıları siyahısına düşdü.
Den Braun yazır ki, "Da Vinçi kodu"nu yazana qədər cəmiyyətdə adamların nələri oxumaq istədiklərinə dair sorğu aparıb: "Uşaqların detektiv xoşladığını bilirdim, lakin onların maraq dairəsini tuta bilməyəcəkdim. Çünki uşaq detektivinə dair minlərlə mövzu işlənmişdi". Elə ona görə də Den Braun böyüklərin detektiv istəklərinin nədən ibarət olduğunu öyrənməyə çalışıb. Məlum olub ki, böyüklər intellektual detektiv əsərlərini bəyənirlər. "Da Vinçi kodu" əsərində də intellektual detektiv mövcuddur. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsər daha da qiymətə mindi. Kitab qısa müddət ərzində çoxmilyonlu oxucuların qəlbinə yol tapdı, eyni zamanda, Hollivudun marağını da cəlb etdi. Eyni adlı film Den Brauna dünya şöhrəti gətirdi. Yazıçı bilməzdi ki, "Rəqəmsal qəsr", "Mələklər və şeytanlar", eləcə də "Yalan nöqtəsi" əsərlərindən sonra belə dünya şöhrəti qazanacaq. "Da Vinçi kodu" isə onu şöhrət zirvəsinə qaldırdı. Təkcə bir gündə 6 min kitab satıldı. Nəşriyyat rəhbərləri əsərin uğur qazanacağını duymuşdular. Ona görə də birinci tirajı 230 minə qaldırdılar. Az müddət keçmədi ki, adamlar şikayət etdilər: "Bizə kitab çatmadı, yenidən dərc edilsin". Az müddət keçəndən sonra tiraj mərhələlərlə 81 milyona çatdırıldı, 44 dilə tərcümə olundu. Təkcə 3 il ərzində əsər 260 milyon dollar gəlir gətirdi. Bu Coan Roullinqin "Harri Potter"indən 4 dəfə çox idi.
Bəs yazıçı niyə belə sirli əsərlər yazır? Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Məsələn, Den, onun qardaşı Qreqori və bacıları Valeri heç vaxt Milad küknarının altında hədiyyə görməzdilər. Hədiyyələrin əvəzinə onlar xəzinə gizlədilən xəritələr tapar, üstəlik şifrlə zəngin şeirlər aşkar edərdilər. Tapmacaları tapdıqca otaqdan-otağa keçər və Milad hədiyyələrinin harada gizlədildiyi həmin kodlarla müəyyən olunarmış. Bütün bu sirli-xudalı oyunları quraşdıran valideynlər isə ürəkdən gülərmişlər. Onlar Fillips-Ekseterdəki kollecdə pedaqoq olduqlarından övladları ibtidai siniflərdə pulsuz təhsil almaq imkanı qazanmışdılar. Den Braunun anası dini mahnılar üzrə mütəxəssis sayılır və kilsədə orqan ifa edərmiş. Den uşaqlıqdan ata-anası arasında mehribanlıq görmüş, onların kitabları arasında böyümüşdü. Atasının tərtib etdiyi "Müasir riyaziyyat" kitabı indi də ABŞ məktəblərində tədris olunur.
Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. İndi həmin kollecdə dünyanın 29 ölkəsinin nümayəndələri təhsil alır. Bəzi gizli cəmiyyətlərin fəaliyyəti hələ də öz aktuallığını saxlayır. İndiyə qədər kollec rəhbərliyi belə şeylərə çox da əhəmiyyət vermir. Məsələn, həmin cəmiyyətlərdən olan "Qırmızı dərililərin təşkilatı"na hər adam girə bilməz. Mütləq inanılmış və sınaqdan keçmiş şəxs həmin ordenin sahibi ola bilər. Təşkilatın yığıncaqlarına yalnız hindu paltarında daxil olmaq mümkündür. Ümumiyyətlə, həmin kollecdə "Sen-Olban Kral arkanı", "Pifiya cəngavərləri və xeyirxah Tamliyerlər" cəmiyyətləri də yaradılmış və bütün bunlar Den Braunun gözlərinin qarşısında baş vermişdi. "Da Vinçi kodu" əsərində belə gizli təşkilatların fəaliyyətindən müvəffəqiyyətlə istifadə olunub. Bir sözlə, əsərə doğru gedən yolda bütün fraqmentlər ona gerçək həyatdan verilmişdi. Hər addımı gizli anlarla dolu Den Brauna yalnız yazmaq qalırdı.
Kolleci bitirdikdən sonra Den Braun İspaniyanın Sevilya universitetində oxudu. Gələcəyin yazıçısının hələ 21 yaşı vardı və o, ömrünü musiqiyə həsr etmək qərarına gəlmişdi. Bu məqsədlə Sevilyada incəsənət kursuna yazılıb. Mühazirələrin birində baş verən bir hadisə Den Braunun həyatını dəyişib. Dərs zamanı müəllim Leonardo da Vinçinin rəsm əsərlərindən ibarət nümayiş etdirdiyi slaydda sirli kodların mövcud olduğunu göstərib. Den diqqətlə baxıb görüb ki, İsa Məsihə həsr edilən "Gizli yığıncaq" rəsm əsərində masanın üzərində çaxırla dolu kuzə yoxdur. İsa Məsihin yanında əyləşən İohann isə Mariya Maqdalinaya bənzəyir. Sonralar o öz xatirələrində yazmışdı: "İncəsənət tarixi ilə məşğul olan mütəxəssislər üçün bu hər hansı açılış deyildi. Ancaq bizim əksəriyyətimiz üçün gizli göndərişlərə əsas sayıldı". Məhz həmin dəsrdən sonra Den Braun Leonardo da Vinçinin bütün əsərlərini diqqətlə gözdən keçirib və xeyli sayda kodlar aşkarlayıb.
1993-cü ildə Den Braun musiqidən kənarlaşdı. Halbuki ona qədər bir neçə diski çıxmışdı. Heç də pis oxumurdu, üstəlik bəzi mahnıları özü bəstələmişdi. Qərara alır ki, ingilis dilini tədris etsin. İki ildən sonra onun ilk yumoristik əsəri dərc olunur. Qadınlara tövsiyə xarakterli əsərdə bildirilir ki, 187 kişidən aralı dursunlar. Nəşriyyatlar həmin əsəri çətinliklə də olsa bir neçə min tirajla satmağı bacarırlar. Müəllif indi də ilk ədəbi debütü barədə danışmağı xoşlamır: "Axmaq yumoristik əsər idi. İndi nəşriyyatlar həmin əsəri dərc etməkdən boyun qaçırırlar və yaxşı da edirlər". Den Braunun işləri yaxşı getmirdi. Onun "Mələklər və şeytanlar" adlı diski də musiqişünaslar tərəfindən ciddi qarşılanmadı. Uğursuzluğu görən yazıçı növbəti əsərini yazmağı qərara alır: "Rəqəmsal qəsr". Əsərin ideyası ona 1995-ci ildə, ingilis dilini tədris etdiyi məktəbdə baş verən bir hadisədən qaynaqlandı. Günlərin birində kollecə təhlükəsizlik xidmətinin iki agenti gəlir və vəsiqələrini göstərib deyirlər ki, "sizin şagirdlərdən biri Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyinə təhdid yaradır". Araşdırma zamanı məlum olur ki, bir şagird dostuna e-mail vasitəsilə məktub göndərib. Məktubda ölkəsindən narazılıq edib, təhqirli sözlər yazıb, hətta Klintonu öldürməyə hazır olduğunu bəyan edib. Məhz sonuncu ifadə ölkənin milli təhlükəsizlik orqanlarının əməkdaşlarını təşvişə salıb və bu məqsədlə məktəbə gəliblər. Ölkə rəhbərini təhdidin zarafat olduğu aydınlaşıb. Lakin bu hadisə Den Braunun beynində yeni əsərinin yaranmasına təkan verib. O, təhlükəsizlik xidməti əməkdaşlarının elektron məktublara necə nəzarət etdiklərini öyrənməyə çalışıb, xeyli bilgi əldə edib. Dərinə getdikcə bəzi təhlillər aparıb. İlk vaxtlar düşünüb ki, adamların şəxsi məktublarını oxumaq düzgün deyil, bu, insan hüquqlarının pozulması deməkdir. Sonrakı fikrində isə tamam əksini düşünüb: bu, ölkənin təhlükəsizliyi üçündür. "Rəqəmsal qəsr" əsərini yazmağa başlayanda Den səhər tezdən oyanar və dərsin başlanmasına qədər bir neçə səhifə yazarmış. Den Braunun yazı tərzi müasir yazıçılar üçün örnək sayılmalıdır. Daha doğrusu, onun əsər yazarkən etdiyi idman hərəkətləri gərəkli sayıla bilər. Belə ki, o yazı masasının üzərinə qum saatı qoyur. Qum qurtarıb saatı çevirmək lazım gələndə ayağa qalxıb idman hərəkətləri edir. Yaxud yazı işi çətinliklə gedəndə turnikdən başıaşağı asılı vəziyyətdə sallanır. Bunu ona görə edir ki, qan beyninə yaxşı işləsin: "Belə etməklə vacib problemlərin öhdəsindən asanlıqla gəlirəm".
Den Braunun "Mələklər və şeytanlar" əsərinin yazılması ideyası təsadüfən yaranıb. Den və həyat yoldaşı Blayt Avropaya səyahətə çıxırlar. Vatikana ekskursiya zamanı onlara "İl Passetto"nu göstərirlər. Bu, Roma papasının gizlənməsi üçün dəhliz idi. Təhlükə yarananda Roma papası gizli dəhlizlə iqamətgahından uzaqlaşa bilərmiş. Gid onlara deyib ki, hələ qədimdə Vatikanın düşmənləri olan gizli təşkilat fəaliyyət göstərib. Onlara "ilyumünatlar" deyilərmiş. İlyuminatlar Qaliley, Bruno, Kopernik və digər edam edilən elm adamlarına görə Vatikandan qisas almağı qərara alıblar. Den Braunun beynində ideya yaranır: növbəti əsərinin qəhrəmanları ilyuminatlar olacaq.
Bütün bu əsərlər Den Braunu daha da püxtələşdirirdi. Növbə dahiyanə və milyonlarla oxucunun qəlbinə yol tapacaq "Da Vinçi kodu" əsərinə çatırdı. Məşhur tənqidçilər - Darrel Blok, Ervin Lütser, Ceyms Harlou və Sandra Mizel "Da Vinçi kodu" əsərini tənqid atəşinə tutdular. Belə tənqidlər Den Braunu kədərləndirmədi. Əksinə, düşündü ki, fikir ayrılıqları əsərin məşhurluğuna köməklik göstərir, həm də Leonardo Da Vinçi şəxsiyyətinə sevgini daha da artırır.
Den Braun indi də yazır. Yorulmur. Söz verib ki, "Da Vinçi kodu"ndan da güclü əsər ortaya qoyacaq. Bunun üçün dünya səyahətinə çıxır, xalqların adət-ənənələri ilə maraqlanır, kilsə və məscidləri ziyarət edib hər divarı, hər daşı diqqətlə gözdən keçirir. Onun fikrincə, dünyanın sirri qədim abidələrdə gizlənib. Sadəcə, diqqətlə baxmaq lazımdır. İstənilən hadisə təsadüf deyil, istənilən daş gizli koddur.
Mənbə: Edebiyyatqazeti.az
Mövzuya uyğun linklər: