Edebiyyat.az » Ədəbi tənqid » Əlili Şəfiqə: Alber Kamünün “Taun”u – Ölüm və mənasızlıq qarşısında insanlıq

Əlili Şəfiqə: Alber Kamünün “Taun”u – Ölüm və mənasızlıq qarşısında insanlıq

Əlili Şəfiqə: Alber Kamünün “Taun”u – Ölüm və mənasızlıq qarşısında insanlıq
Ədəbi tənqid
admin
Müəllif:
20:14, 18 avqust 2025
174
0
Əlili Şəfiqə: Alber Kamünün “Taun”u – Ölüm və mənasızlıq qarşısında insanlıq



 Bəzən həyat sakit axarında davam edirmiş kimi görünür. İnsanlar gündəlik işləri 

ilə məşğul olur, sabahın bugünkü gündən fərqli olmayacağını düşünürlər. Lakin 

qəfil bir hadisə - müharibə, xəstəlik, və ya təbii fəlakət bu sakitliyi pozur. 

Kamünün “Taun” romanında da hadisələr məhz bu istiqamətdə

irəliləyir,gözlənilmədən yayılan epidemiya bütün bir şəhəri silkələyir, insanları 

həm ölüm, həm də həyatın mənasızlığı ilə üz-üzə qoyur

Əsərdəki hadisələr Əlcəzairin Oran şəhərində baş verir. Bu şəhər cansıxıcı, 

monoton və ruhsuz bir məkandır; insanlar günlərini eyni ritmlə keçirir, 

ətraflarında baş verənlərin fərqinə varmadan sadəcə yaşayırlar. 

Amma bir gün hər şey dəyişir. Şəhərin küçələrinə görünməz bir taun qaranlığı 

çökür. İnsanlar birdən-birə anlamağa başlayırlar ki, həyat heç də düşündükləri 

qədər sakit və sabit deyil. Dünən günlük həyatını yaşayan adamlar bu gün 

ölümün ayaq səslərini duymağa başlayırlar. Küçələrdə səssizlik hökm sürür, 

qapılar kilidlənir, ailələr bir-birindən ayrılır. Hər kəs həm fiziki, həm də mənəvi 

cəhətdən əsarət altına düşür.

Kamü üçün taun sadəcə tibbi fəlakət deyil. Bu, həyatın gözlənilməzliyinin, 

ədalətsizliyinin və mənasız görünən tərəflərinin simvoludur. Xəstəlik bəzilərini 

heç səbəb olmadan öldürür, bəzilərini isə sağ saxlayır. Bu artıq məntiqsiz, absurd 

bir vəziyyətdir. Burada Kamünün məşhur “absurd” fəlsəfəsi üzə çıxır: insan 

mənaya can atır, amma kainat susur.

Romanda fərqli insanlar bu absurd qarşısında özünəməxsus mövqe tutur:

Həkim Ryö – Kamünün fəlsəfəsinin canlı təcəssümüdür. O, qalib gəlmək üçün 

deyil, mübarizə aparmaq üçün yaşayır. Ryö üçün əsas məqsəd heç nəyə

baxmayaraq, ayaqda qalmaqdır. Onun hərəkətləri insana xatırladır ki, həyat 

mənasız görünsə də, mübarizənin özü mənalıdır.

Taru – keçmişdə atasının verdiyi ölüm hökmünə şahid olması onun ruhunda 

sağalmaz iz buraxıb. O,bu mübarizəyə qoşulmaqla bəşəriyyətin “bir-birini 

ölümə məhkum edən” xəstəliyinə,yəni tauna qarşı çıxır. Taru üçün taun təkcə

bioloji deyil, həmçinin mənəvi bir bəladır.

Qran – sadə bir bələdiyyə işçisidir, amma ən çətin günlərdə böyük fədakarlıqlar

göstərir. O, illərlə yazdığı əsərin ilk cümləsini mükəmməlləşdirməyə çalışır. Bu 

qəribə inad insanın həyatın mənasızlığı içində belə nizam və məna axtarışının 

simvoluna çevrilir.

Kottar – fəlakətdən fayda götürən yeganə obrazdır. Cinayəti taun sayəsində

ertələnir. Buna görə də taunun bitməsini istəmir, çünki bəla onun üçün 

azadlıqdır. Bu isə insan təbiətinin başqa bir yönünü göstərir: bəla hər kəsə eyni 

təsiri göstərmir.

Rahib Panelu – əvvəlcə taunu Allahın günahkarlara göndərdiyi cəza kimi qəbul 

edir. Amma günahsız bir uşağın dəhşətli ölümü onun inancında böyük sarsıntı 

yaradır. Panelu anlayır ki, insan ağlı bəzi faciələr qarşısında acizdir.

Bütün bu obrazların həyat fəlsəfələri bir-birindən fərqli olsa da, onları 

birləşdirən bir taun gerçəyi var. Əgər “Yad” əsərində fərdi absurd ön 

plandadırsa, “Taun”da bütöv bir cəmiyyətin absurd qarşısında verdiyi reaksiyanı 

görürük.

Kamü oxucuya hər zaman bir ümid işığı buraxır: həyat mənasız görünə bilər, 

amma bu, ümidsizliyin ortaya çıxması demək deyil. Mənanı biz özümüz 

yaradırıq – mübarizəmizlə, sevgimizlə, başqasına dəstəyimizlə. Bu düşüncə

onun “Sizif haqqında mif” əsərindəki fikirlərlə də səsləşir: insan öz taleyini 

daşımağa məhkumdur, amma onu mənalı edən də elə bu daşımağın özü ola bilər.

Nəhayət, taun sona çatır. Şəhər yenidən nəfəs alır, küçələr dolur, insanlar birbirinə qovuşur. Amma bu qələbə tam deyil, hər kəsin qəlbində görünməz izlər 

qalır. Çünki taun yalnız ölüm gətirmədi; o, insan ruhunun sınandığı, qorxu və

ümidin eyni anda yaşandığı bir sınaq idi. Eyni zamanda, o, yenidən başlamağın, 

həyatın mənasını axtarmağın və öz taleyimizə sahib çıxmağın qapısını açdı.

Romandan bizə bəzi suallar qalır: Bəs bizim həyatımızın mənası nədədir? Belə

bir bəla qarşısında biz hansı mövqedə dayanardıq?

Viktor Franklın bu sitatı romanın əsas mövzusunu çatdırmaq baxımından 

dəyərlidir.

“Yaşamaq əzab çəkməkdir və sağ qalmaq, əzabda bir məna tapmaq deməkdir.”

Əgər biz həyatımıza bir məna qatırıqsa, deməli absurda qarşı mübarizə aparmaq, 

sevgini paylaşmaq və ümidimizi qorumaq bizim əlimizdədir. “Taun” 

romanındakı qəhrəmanlar kimi, hər birimiz də öz taleyimizdə mənalı bir iz 

buraxa bilərik.

Ümid edirəm ki, hər kəs öz həyatının mənasını tapmaq uğrunda Kamünün 

qəhrəmanları kimi mübarizə aparar və absurdun qarşısında dayanmağa cəsarət 

göstərər.


 Naxçıvan Dövlət Universitetinin, “Azərbaycan dili və ədəbiyyatı 

müəllimliyi” ixtisasının III kurs tələbəsi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)