Edebiyyat.az » Proza » GÜLNAR ƏHMƏD - TANRININ MÜHAKİMƏSİ

GÜLNAR ƏHMƏD - TANRININ MÜHAKİMƏSİ

GÜLNAR ƏHMƏD - TANRININ MÜHAKİMƏSİ
Proza
nemət
Müəllif:
18:49, 24 aprel 2020
1 952
0
GÜLNAR ƏHMƏD - TANRININ MÜHAKİMƏSİ






(filosofların çəkişməsi)

 

     Qüdsdəki Yafa prospektində poçtun qarşısındakı səkidə şala bürünmüş yaşlı bir qadın oturub tilsim satırdı. İnsanlar üstü rəngli saplarla möhkəm-möhkəm sarılmış bu kağız parçalarını bir az şans gətirsin deyə, amma daha çox qadını incitmədən ona kömək etmək üçün alırdı. Çox adam bu tilsimlərin nə olduğunu düşünməzdi, amma qadın, dostlarımdan birinə içində Tanrının telefon nömrəsi olduğuna inandırmaq üçün and aman edəndə, dostum tilsimi açdı və içində yerli bir nömrə olduğunu gördü. Dostum nömrəyə bir neçə dəfə zəng elədi, cavab verən olmadı. Yenə bir gün oradan keçirdik. Dostum əyilib gülərək bunu qadına söylədi. Qadın da gülərək cavab verdi, “Əsil Tanrının edəcəyi iş deyilmi? Ona işin düşər, amma tapa bilməzsən.”

Lesley HAZLETON

 

GEORGİAS: Heç bir şey yoxdur, olsaydı da bilə bilməzdik, bilsəydik də başqalarına söyləyə bilməzdik.

DEMOKRİT: Əslində biz heç bir şey bilmirik. Çünki gerçək uçurumun dibindədir.

PLATON: Mən, “Qanunlar” kitabımda kainatda baş verənlərin qaynağını araştırdım. Baş verənlərin, kosmosu idarə edən, xeyir və müdriklik sahibi bir Ruhda olduğunu öyrəndim. 

ARİSTOTEL: O, Nousdur. O ilk hərəkət etdirici qüvvədir. İlk mühərrikdir. Düşünməkdir. Mühərrik sadəcə forma deyil, məzmun da deyil, eyni zamanda həyat və zehindir.

SİSERON: Kosmosa baxanda, göylərə tamaşa eləyəndə orada fövqəladə bir zəkanın ilahiliyindən başqa nə görə bilərik ki!

St. ANSELMUS: Tanrının yoxluğunu iddia edən hər bir axmaq bilməlidir ki, onun zehnində də bir Tanrı ideası var. Onun varlığını inkar edənlər əslində Tanrının varlığını üstüörtülü şəkildə təsdiq etmiş olurlar. Çünki bu Tanrı, onların zehnində var artıq, inkar etməklə təmizləyə bilməzlər. 

QAULİNO: Anselmus onda fərz edək ki bir “İtmiş ada” var. Biz də bu adadan daha böyüyünü təsəvvür edə bilmirik. Belə bir adanı təsəvvür edib, onu zehnimizdə canladırırmağımız o adanın həqiqətən də olması demək deyil axı.

St. ANSELMUS: Tanrı, özündən daha böyüyü düşünülə bilməyən vardlıqdır. Bir sözlə, Mükəmməllik Tanrının əsil təbiətidir.

DEKART: Elədir Anselmus, amma bir az fərqlidir. Əvvəlcə müəkəmməllik məsələsinə gələk. Bir sənətkar öz əsərinə necə imza atırsa, Tanrı da “mükəmməllik” fikrini demək olar ki öz varlığının bir sübutu olaraq bizim ruhumuza yerləşdirmişdir. Zehnimizdəki mükəmməlik ideasından yola çıxıb Tanrını tapa bilərik. Tanrı, həm də məcburi varlıqdır. Necə ki üçbucaqlının daxili bucaqlarının cəminin iki düz bucağın cəminə bərabər olması o üçbucağın mahiyyətindən ayrıla bilmirsə, dərə fikri dağ fikrindən ayrılmırsa, varlıq da Tanrıdan ayrıla bilmir. Buna görə Tanrını varlıqdan kənar olduğunu düşünmək, ən az vadisiz dağ düşünmək qədər ziddiyətlidir. Qanadlı ya da qanadsız bir atı xəyalıma gətirə bilərəm, amma Tanrını varlıqdan (yəni mükəmməl varlığı mükəmməllikdən) ayıra bilmərəm.

RUSSELL: Dekart, sən bir çox tərəfdən sxolastik fəlsəfənin təsiri altında qalsan da modern fəlsəfənin qurucususan, sənin metodoloji şübhəçiliyini yüksək qiymətləndirirəm, riyaziyyata əhəmiyyət verməyini və bunları fəlsəfənin mərkəzinə yerləşdirməyini təqdir edirəm. Amma, bunlar vasitəsi ilə sübut etməyə çalışdığın ontologiya dəlilin (Tanrının tərifindən yola çıxıb onun mövcudiyyətinə çatmaq və bu yolla tanrının isbatını tamamlamaq)  qəbul olunmazdır. Çünki sən, Tanrı var olduğu üçün belə düşünmürsən, tam tərsinə, sən elə düşündüyün üçün tanrı var olmuş olur. Başqa sözlə Dekart, sən özün öz Tanrını yaradırsan.

KANT: Mən nə Anselmusun nə də Dekartın fikri ilə razıyam. İkinizin də arqumentiniz uğursuzdur. Sən Dekart, mükəmməl varlıq anlayışıyla başlayırsan, bu varlığı  məcburu varlıq kimi təqdim edirsən və sonra da gerçəyə keçirsən. Varlıq yalnız analizlə varıla bilməyəcək bir xarakterdədir. Tanrı üçün də bu belədir. Çünki varlıqla bağlı mülahizələr analitik deyil, sintetikdir. Yəni varlıq yaxud mövcudiyyət heç bir subyektin içində yoxdur.

ALVİN PALANTİNQA: Kant, imkan ver heç olmasa ontologiya prizmasından inanlar üçün bu, yəni Tanrının yoxluğunu düşünməyin mümkünsüzlüyünün bir ifadəsi, imanları yönündə əllərində bir sübut olsun.

HUME: Anselmus, mükəmməllik anlayışı ilə Tanrı anlayışını yan yana qoyanda “mükəmməl varlıq” anlayışı əldə ediriksə, onda gəl dağ və altun anlayışlarını da yan yana qoyaq, “altun dağ” anlayışını əldə edək. Altun dağ anlayışına sahib olmağımız, onun da faktiki mövcudiyyətini tələb etmirmi? Demək ki, mükəmməl varlıq anlayışının zehində olması onun həqiqətən mövcud olmasını tələb eləmir.

Dekart, indi gələk sənin cəfəngiyyatına, bizim qabiliyyət və bacarıqlarımız nə qədər ki indiki kimi qalacaq, bizim Tanrının təbii quruluşunu bilməyimiz mümkün olmayacaq.  Biz həmişə, nə vaxtsa var olduğunu düşündüyümüz şeyin sonradan var olmadığını düşünə bilmişik, biləcəyik də. Zehnimizdə hansısa obyektin həmişə varlıq olaraq qaldığını fərz etmək məcburiyyətində deyilik. Ona görə məcburi varoluş sözünün heç bir tutarlı mənası da yoxdur. 

RUSSELL: Hume, bunarın dediyindən belə başa düşdüm ki, dəlillər Tanrı inancını yox, Tanrı inancı dəlilləri yaradır. Bu adamların “inanmaq istəmələri” psixoloji davranışdır. Onların inanclarını bir təmələ söykəməyə ehtiyacları var. 

MONTESKYÖ: İnanıram ki, üçbucaqlara da bir Tanrı yaradın desəydilər, Tanrılarına üç tərəf çəkərdilər, müflisləşmiş zadəganın oğlu kimi.

MİKELANCELO: II Julius Magna Kapellanın tavanını bəzəməyi mənə sifariş edəndə, mən kitabın buyruğuna baxdım. Kitabda “Tanrı Adəmi öz surətində yaratmışdı” yazılırdı. Ona görə Tanrını, yaratdıqlarının ən gözəlinə bənzətdim.

VOLTER: Əgər Tanrı bizi özünə bənzər yaradıbsa, demək ki, biz də ona borclu qalmamışıq.

PASKAL: Gəlin Tanrının var olub olmadığını müəyyən etmək üçün püşk atdığımızı düşünək. Püşkün birində Tanrı yoxdur. O birində Tanrı vardır və Tanrı varsa o dünyada həm mükafat həm də cəza vardır. Şəxsən mənim Seçimim Tanrının varlığı olardı. Tanrı yoxdursa onsuzda heç nə itirmirəm. Yox əgər varsa!? Demək onda mən itirəcəm. Hazırda Tanrı varsa da o bizim təsəvvürümüzdən uzaqdadır. Bizim onun nə olduğunu bilməyə qabiliyyətimiz yoxdur. 

ÖMƏR XƏYYAM: Cənnətdə hurilər varmış, qara gözlü, 

                                  İçkinin də ordaymış ən gözəli

                                  Desənə biz çoxdan cənnətlik olduq

                                  Bax, bir yanda şərab, bir yanda sevgili

TOMAS AUGİNAS: Görmürsünüzmü, hərəkət edən hər şey başqa biri tərəfindən hərəkətə gətirilir. Hər nəticə bir səbəbə, hər səbəb bir nəticəyə bağlanır. Siz bu nizamı görmürə bilmirsinizmi?

HENRİX İBSEN: Biz ona qorxu deyirik, siz inanc deyirsiz.

FƏRABİ: İnsan, daş, ağac öz varlığını özü tələb eləmir. Biz bunların yoxluğunu təsəvvür eləyəndə fikirlərimiz ziddiyətə düşmür. Bunlar mümkün varlıqlardı. Bir də varlığı və mahiyyəti eyni olan, öz varlığını tələb edən varlıq var. Bax bu Tanırıdır. 

İBİNİ SİNA: Səninlə razıyam.

İBNİ MEYMUN: Qoy O, həmişə ucalsın! Qoy O, həmişə ucalsın!

HUME: Mən sizə bir ev yaxud saray göstərsəm, hansı ki, rahat, xoşagələn bir yeri olmasın, pəncərələr, qapılar, ocaqlar, dəhlizlər, pilləkənlər hər yer, gurultu, qarışıqlıq, yorğunluq, qaranlıq, hədsiz istilik və soyuqluq mənbəyi olsa... Hər halda çox düşünməyə ehtiyac duymadan tikilişində problem axtarardınız.. və deyərdiniz, memar bacarıqlıdır, niyəti də xoş olsaydı, bu narahatlıqların hamısı heç olmasa çoxunu aradan qaldıracaq şəkildə bir plan qura bilərdi və bölmələri bir birinə uyğunlaşdırardı. Makina şəfəqtsiz, qayğısız düzəldilmiş bir əsərdir. Sanki yaradıcısı bu böyük əsəri bitirəndən sonra ona heç əl gəzdirməyib. İnsanın arzu, istək və ehtiyacları ilə təbiətin quruluşu və funksiyası arasında bir uyğunsuzluq var. Bəlkə də bu dünya insan üçün, insana görə dizayn olunub, amma təbiətdə inkar edilə bilməyəcək, izahı olunmayan bir şər var. Belə bir dünya teizmin dediyi kimi xeyirsevər bir Tanrının əsəri ola bilər, ancaq, biz bu dünyaya baxanda buradan bir Tanrı inancına vara bilmərik.

RİK VARREN: Təməl hədəfi və məqsədi bəşərövladı olan kainat, xüsusən həyatla bir bütün şəklində dizayn edilmişdir. Tanrı bu planetin iqlimini biz yaşayaq deyə yaratdı.

VOLTER: Şübhə o qədər də yaxşı şey deyil amma əmin olmaq absurt vəziyyətdir.

RUSSELL: Yerüzü daima yaşanılabiləcək şəkildə qalmayacaq. İnsan irqi itib gedəcək. Bunu bizə Termodinamika elmi deyir... elmi sübut əsas olduğu müddətdə kainat bu planetin üstündə yavaş yavaş irəliləyən mərhələləri keçərək olduqca dəyərsiz bir nəticəyə varır. Kainat yavaş-yavaş ölümə doğru sürünür. Bu məqsəd dəlili mənim xoşuma gəlmir. Buna görə hansısa tanrıya inanmaq üçün bir səbəbim yoxdur. Yaşadığımız dünya həqiqətən bir plana uyğun olaraq davam edirsə, bu planı quranın yanında Neron övliya olardı.

LEİBNİZ: Həndəsənin elementləri adlı kitabın əzəli olduğunu, əlimizdəki nüsxənin əvvəlkindən, onun da daha əvvəlkindən sonsuza qədər sürəti çıxarıldığını fərz edək. Belə bir vəziyyətdə nə qədər geriyə getsək də, bu kitabın niyə var olduğuna dair tam bir səbəb əldə edə bilməyəcəyik. Eyni şəkildə kainatın da əzəli olduğunu fərz etsək, geriyə doğru səbəbləri zinciri bizə heç vaxt onun niyə var olduğu haqda kifayət qədər açıqlama verməyəcək. Buna görə kainatın var olduğuma səbəbinə dair bir son açıqlama, kainatdan kənarda olmalıdır, bu səbəb Tanrıdır. 

HUME: Səbəblər zinciri bir yerə qədər gedir, oradan da bir sıçrayışla səbəbsiz bir səbəb yaxid ilk səbəb olaraq kainatın üstündə və kənarında duran Tanrıya çatır, eləmi!? Belə bir mühakimə uğursuzdur. Əgər səbəbi sonsuza qədər aparıb bir yerdə duracaqdıqsa, niyə kainatın kənarında duran bir Tanrıya qədər aparmaq məcburiyyətində qalaq? Niyə maddi dünyada söykənməyək, maddəni ilk səbəb olaraq qəbul etməyək?

RUSSELL: Fikir vermə Hume, bu gün belə bir səbəbi mühakimə eləməyə ehtiyac yoxdur. Varolan hər şeyə görə bir səbəb axtarmağımız xəyallarımızın yoxsulluğundanır. Dünyanın başlanğıcının olması üçün heç bir səbəb yoxdur. O əzəldən bəri də var ola bilər. Bu an üçün əlimizdə olan bilgilərə görə danışsaq, ki, elmi yanaşmanın tələbi də budur, söyləyə biləcəyimiz bir şey vardır. O da kainat sadəcə vardır və oradadır amma varlıq səbəbi bilinmir.

İBNİ RÜŞT: Kainatda var olan hər şeyə, gecəyə gündüzə, günəşə aya, heyvanlara bitkilərə, çaylara dənizlərə, torpağa suya, havaya atəşə, hər şeyə baxanda insanın varlığına bir uyğunluq, bir məqsəd görürünür. İnsanlar bunlardan faydalanır. Bu uyğunluq, bu faydalılıq təsadüfən meydana gələ bilərmi, mümkün deyil. Burada böyük ahəng və onun məsəd var. Bu bir iradə sahibinin mövcudluğunu göstərmirmi?

QƏZALİ: Kainatdakı yaranmışlar və müxtəlif varlıqların hamısı insan üçün yaradılmışdır. Bütün bunlar müdriklik sahibi Tanrının varlığı üçün bir dəlildir.

HUME: Bu dünyaya qəflətən bir yad adam düşsəydi, ona bu dünyanın şər yuvası, xəstələrlə dolu xəstəxana, cinayətkarlar və borclularla dolu həbsxana, cəsəd dolu müharibə meydanı, okeanlarda dalğalarla boğuşan gəmilər, tiranlıqdan, qıtlıqdan, epidemiyalardan əriyib yox olmuş bir xalq göstərərdim. Sonra həyatın nəşəli tərəfini göstərmək və həzləri haqqında da fməlumatı olsun deyə onu hara apara bilərdim? Bir gecəyə, bir operaya, yoxsa bir saraya? Haqlı olaraq, ona yalnız əzab və kədərin başqa cürəsini göstərdiyimi düşünərdi.

TOMAS AQUİNAS: Bütün təbii varlıqlar bir məqsədə doğru düzgün bir şəkildə irəliləyən ox kimidirlər. Düzgün irəliləyən oxu istiqamətləndirən ağıllı və məharətli bir oxçu olduğu kimi, təbətdəki varlıqları da məqsədə uyğun şəkildə idarə edən bir Tanrı vardır. 

THOMAS HUXLEY: Heç bir dini etiketi özümə uyğun görmədim və yaraştırmadım. Hər şeyi bilirəm deyən gnostiklər, mən sizə qarşı çıxıram və özümü siz hərşeyi bilənlərin (gnostik) tərsinə olaraq, aqnostik (bilməyən) elan edirəm. Çünki kilsə mənim bilmədiyim məsələrdə daha çox şey bildiyini iddia edir. 

ƏRƏB: Biz buna laedri deyirik.

VİLYAM PALEY: Çiçəklərin açdığı bir çəmənlikdən keçərkən ayağımı bir daşa vurduğumu və daşın oraya haradan düşə biləcəyini fərz edin. Hər hansı məlumatım olmadığına görə bəlkə o daşın elə həmişə orda olcuğu cavabını verə bilərəm. Bu cavaba düşüncəsiz cavab demək o qədər də asan deyil. Fəqət yerdə bir saat tapdığımı və o saatın oraya necə düşə biləcəyinin araşdırıldığını fərz edin. Saat elə həmişədən orada idi cavabını demək olar ki düşünə bilmərəm. Təsadüfən tapılan saatın quruluşu və işləməsi nəzərə alınanda onun bir dizayneri, ustası olacağını düşünəcəm. Eyni şəkildə kainatın quruluşuna və işləməsinə baxanda, onun da bir yaradıcısı olduğunu söyləməliyəm. Saat kimi kainat da ağıllı bir ustanın əl işi deyilmi?

HUME: Paley sənin müqayisəndə nöqsan var. Əvvəla gərək müqayisə olunan obyeklər arasında tam uyğunluq olsun. Yəni kainatın dizaynına baxıb buradan bir dizaynerin mövcudluğu fikrinə gələ bilərik amma bu dizaynerin vücudu olub olmadığı, hansı ölçüdə necə bilgiyə, iradəyə, gücə sahib olduğu mövzusunda bir nəticəyə gələ bilmərik. Bir ev tikmək, gəmi düzəltmək, bir şəhər salmaq, bir dövlət qurmaq üçün çoxlu adamın yığışması lazımdır. Bir dünyanı qurmaq və formalaşdırmaq üçün niyə bir neçə ilahi varlıq bir yerə yığışmasın. Madam ki tanrı ilə usta arasında bənzərlik çoxalır, nəticə də o qədər güclü olacaq. İnsanlar kimi bir yox bir neçə tanrı yığışıb kainatı yarada bilməzdimi? Lap deyək ki, kainat nə vaxtsa dizayn kimi bir şeydən çıxdı. Bu dünyanı daha keyfiyyətli səviyyə ilə müqaisə eləyəndə görürük ki, çox qüsurlu və yetkinlikdən uzaqdır. Elə bil bir uşağın ilk kobud əl işidir. Qüsurlu işindən utanıb bəlkə onu sonradan başından eləmişdir. Yaxud çox yaşlı tanrının ağlı itirmiş qocalar sayağı yaratdığı bir şeydir.

RUSSELL: Milyon illərdir bu dünyanın hakimi mütləq, qadiri mütləq tərəfindən içindəki hər şeylə birlikdə, bütün qüsurlarıyla ən yaxşı formada yaradıldığına inanıldığını görmək məni heyrətə salır. Mən heç cürə inana bilmirəm. Sizə dünyanı mükəmməlləşdirmək üçün hakimi mütləq və qadiri mütləq bacarıqları verilsəydi milyon illərdə Ku-Klux-Klan yaxud Faşistlərdən daha yaxşı bir şey yarada bilməzdinizmi?

İnsanın güzgüyə baxıb güzgüdəki əksini Kainatın məqsədinin milyon illər boyu əldə etməyi arzuladığı nəticə sanaraq lovğalanması biraz axmaqlıq deyilmi? Şəxsən mən milyonlarla ilin hər şeyə gücü çatan tanrısı olsaydım, insanın özünü bütün zəhmətlərimin nəticəsi sayıb lovğalanmasına dözməzdim.

ÖMƏR XƏYYAM: Mənə şər deyib şər edəcəksən

                                  Uca Tanrı, nə fərqin qalacaq məndən

KANT: İmana yer açmaq üçün bilgini məhdudlaşdırıram. Tanrı inancının bir səbəbi var və bu səbəb praktik ağıl kontekstində, əxlaq vasitəsilə ortaya qoyula bilər. Əxlaqın məqsədi çoxunuzun dediyi kimi xoşbəxtliyə çatmaq deyil, “ən böyük xeyr”ə çatmaqdır. O da əxlaqlılıq və xoşbəxtliyin birləşmiş halıdır.

RUSSELL: Deyirlər ki, yaxşılar tanrının əmr etdikləri, pislər isə tanrının qadağan etdikləridir. Mən, əxlaq dəlili ilə Tanrının varlığı haqda gətirilmiş dəlilləri “teistlərin zehin səviyyəsi baxımından bir geriləmə” olaraq görürəm. Kantın dedikləri hər şeydən əvvəl fəlsəfi olmaqdan çox psixoloji tərkibə sahibdir. Kant, sən, Saf Ağlın Tənqidində teistlərin dəlil bostanına üç daş atmışdın, hamısı da tutmuşdu. Fəqət bunu edər etməz özün əsassız əxlaq dəlili qoydun ortaya. Bunun səbəbi sənin böyüdüyün mühitdir. Sən də hamı kimi şübhəçisən. Amma əxalq məsələlərində ananın dizinin dibində öyrəndiklərinə qeyd şərtsiz inanırsan. 

Şər! Hans Yunq buna “ateizmin qalası” deyir. Deyirsiniz yaxşıyla pis (xeyirlə şər), Tanrının buyruluqlarında yoxdursa biz onu hiss edə bilmərik. Mənim belə bir buyruğa ehtiyacım yoxdur. Mən, maviylə sarını ayırd etdiyim kimi pislə yaxşını da hislərimlə ayırıram. Nə istədiyimizi bizə duyğularımız deyir, istədiyimizə çatmağa yolu ağlımız göstərir. Duyğu orqanlarında problem olan adam bunları fərqli görə bilər, mən çoxluğun görə bildiyindən danışıram. Xeyrin Tanrı buyruğundan gəldiyinə inansaq, onda gərək Tanrının özü üçün xeyir və şərin fəqri olmasın. Bu baxımdan Tanrı xeyirdir, yaxşıdır deməyin mənası qalmır. İnanc, doruluğu elmlə, təcrübəylə sübut olunmamış bir şeyə dəyişmədən bağlanmaqdır. Fəqət, əxlaq rasional və təcrübi xarakterə malik insani faktdır. İnsanın bilgisi təcrübəsi dəyişdikcə əxlaq dəyərləri də dəyişir. 

Əgər əxlaq normalarını dinin səlahiyyətinə versək, nəticələr təxmin edə bilməyəcəyimiz qədər pis olar. Dinin verdiyi əmir, sorğu sualsız qəbul ediləcək və icra olunacaq. Bax bu fanatizmdir.

Dini əxlaq səbəbsiz əmirlər yığınıdır. Dayanmadan, etməyəcəksən deyən, qadağalar qoyan, itaətə söykənən tabular yığını yaradan və bütün bunlar üçün heç bir əsas gətirməyən əxlaq, ibtidai beyinin məhsuludur.

EPİKÜR: Russell, mən bu sualı düz 2300 il əvvəl vermişəm. 

                  Tanrı, şəri yox etmək istəyir gücü çatmırmı?

                  Onda acizdir.

                  Gücü catır, özümü istəmirmi?

                  Onda şəri sevir.

                  Həm gücü çatır həm ürəyi istəyir?

                  Onda nədir bu şərin qaynağı? 

 

RUDOLF OTTO: Bizim bir silahımız da var numinos, dini təcrübə. Bu təcrübə dərindən hissedilən, bəzən insannı qorxuya salan, onda bir heçlik duyğusu oyandıran, bəzən də adamı ovsunlayıb heyrətə salan, bənzərsiz və ifadəolunmayan bir təcrübədir. Bu dəlilin obyekti, bütün dinlərin mahiyyətində var, fəqət o dinə aid rasional və teorik anlayışlara sığmır. Sadəcə hiss edilir, ifadə edilmir.

RUSSEL: Siz mistikadan danışırsız yəqin ki Otto. Amma mən sizə elm vasitəsilə cavab verəcəm. Elm adamları bizə bir təcrübənin nəticəsini söyləyəndə, o təcrübəni necə apardıqlarını da söyləyirlər ki, başqaları da o təcrübəni apara bilsin. Söylədiyi gözlənən nəticəni verməzsə, elm adamının nəticəsi qüvvəsini itirir. Mistiklərin öz təcrübələrində hansısa elmi təcrübəyə ehtiyac görməmələrində problem yoxdur. Problem, o təcrübəyə bizim də inanmağımızı istəyəndə ortaya çıxır. Bizim də mistikin irəli sürdüyü iddianı digər iddalar kimi təcrübədən keçirməyimiz lazım gəlir. Mənə görə mistik təcrübələr üç nöqtədə birləşir. Kainatın bütünlüyü, şərin bir ehtimaldan ibarət olması və zamanın qeyri real olması.

Təcrübələrinin əsasən bir birinə bənzədiyini deyən miskitklərin, bir mərhələdən sonra anlaşa bilmədiyini görürük. Niyə Protestantlar yox Katoliklər Məryəmin xəyalını görür, Xrisiyanlarla Müsəlmanlara baş mələk Cəbrayıl bir çox böyük həqiqəti açır, Taoçu Çinli mistiklər əsas inançlarının öyrətdiyi nəticəyə uyğun olaraq bütün nizamın pis olduğunu söyləyir. Çox adam mistikin xəyal gördüyü vəziyyətə gətirilə bilər, amma başqa təsir vasitəsilə. Onlar bəsirət gözlərini açmaq üçün əsasən oruc tutur, nəfəs alıb verməyə nəzarət edir, tərki dünya olurlar. Bütün bu şərtlər mənə görə ruhun gözünü açan yox əksinə qavrayışı bütünlüklə pozan şərtlərdir. Onda narkotika, xaşxaş, alkoqol da bizim qavrayış və təcrübələrimizdə bir sıra dəyişiklik yarada bilər. Hətta bəzən gerçəyin o zamana qədər təcrübədən keçirmədiyimiz bəzi yönlərini də aşkara çıxara bilər. Fəqət epistemoloji qaydalarımızda yer vermədiyimiz üçün onları ümumi elmi mənbələrimiz arasında saymırıq. Elmi baxımdan az yeyib göy üzünü görən adamla, çox içib ilanları görən adam arasında bir fərq yoxdur.

HUME: Din sadəcə bilinməyən deyil həm də zərərlidir və quruluşuna görə əxlaqla zidiyyətlidir. Bir çox dini ayinlər coşğuyla görülər, fəqət ürək o anda soyuq və laqeyiddir. Yavaş-yavaş duyğularını gizləməyi öyrənir, saxtakarlıq və yalançılıq artmağa başlayır. Dində ən böyük çoşğuyla ən dərin ikiüzlilük arasında zidiyyət yaranmır, əksinə çox vaxt eyni adamda birləşmiş olur. 

LÜDVİQ VİTGENŞTEYN: Ən yaxşısı budur, haqqında danışa bilmədiyimiz şeylər haqqında susasaq.

EYNİŞTEYN: Elmi materialistlər, siz yavan təcrübənizlə kifayətlənməyə məhkumsunuz. Fanatik ateistlər, aşırı dindarlar, bəs siz, göy qübbəsinin musiqisini dinlədinizmi? İnanmıram.

RUSSELL: Deyirlər guya dünyaya ədalət gətirilməsi üçün Tanrının varlığı şətrdir. Kainatın bildiyimiz bu tərəfindən böyük ədalətsizlik var, çox vaxt yaxşı əzab çəkir, pis gözəl ömür sürür. 

Kainatın geri qalan bölümü haqda heç nə bilmirəm. Amma insanlar ehtimallar üstündə düşünə bildiyi müdətdə bu dünya bizə gözəl nümunədir. Burada ədalətsizlik varsa, güman ki başqa bir yerdə də var. Düşünün. Bir portağal sandığını açmısınızı, üstdəki portağallar xarab olub. Siz, altdakılar yaxşı olmalıdır ki nizam düzəlsin deməzsiniz hər halda. Hamısı xarabdır deyərsiniz. Elm adamının gözü də kainat haqda belə düşünəcəkdir. Və belə deyəcəkdir. 

TOMAS NAGEL: Kimya və fizika ilə ortaya çıxan kainat hər nə qədər gözəl və heyranedici olsa da mənasızdır. 

RUSSELL: Məndən soruşurlar ki “Sizcə, Tanrı deyilən şeyin olmadığı dəqiqdirmi? Yoxsa Tanrı varlığını ispatlamayıbmı?” Mən belə bir şeyin olmadığı haqda dəqiq heç nə demirəm. Deyirəm ki, Olimp, Norveç, Babil yaxud Misir tanrısının vəziyyəti nədirsə sizin (yaxud bizim) tanrının da vəziyyəti odur. Bu nəzəriyyələrin heç biri o birindən üstün deyil.

İnsanların inancsız, dinsiz ola bilməməsi, bunlarsız həyatın çətinlikləri ilə mübarizə apara bilməmələri kimi düşüncələr qorxaqlıqdan qaynaqlanır. Özündən kənarda bir inanc səbəbi axtarması və özündən böyük sandığı bir varlığa inanmaq istəməsi insanı Tanrıya inanmağa məcbur etməz. Çünki insanın özündən kənarda hər şeydən əvvəl ailəsi, sonra mənsub olduğu millət və bütün insalıq kimi şeylər var. Bir də insanların içində yaranabiləcək yaxşılıq duyğularını doyurmağa bunların gücü çatacağını düşünürəm.

Yaxşı bir dünya üçün bilgiyə, mərhəmət duyğusuna, cəsarətə ehtiyac var. Keçmişə həsədlə baxmağın, bilgisiz adamların söylədiyi sözlərin azad zəkaları zincirləməsinə ehtiyac yoxdur. Qorxusuz bir görüz və azad bir zəka. Gələcək üçün ümidə ehtiyac var, ölmüş olan bir keçmişə baxa-baxa qalmağın mənası yoxdur. Zəkamızın yarada biləcəyi gerçək, o keçmişdən daha çox yüksək səviyyəyə çatacaqdır.

BORXES

Aqnostik olmaq demək, hər şeyin ola bilməsi, hətta Tanrı və Müqəddər üçlüyün də ola bilməsi deməkdir. Bu dünya o qədər qəribədir ki, hər şeyin olması və olmaması mümkündür. Aqnostik olmaq demək, mənim uzun, gözəl və əsrarəngiz bir ömür sürməyimə səbəb oldu və məni dada da tolerant etdi. Fərdi olaraq mən ölümdən də qorxmuram.

F. C. KOPLESTON: Ser, birdən öldünüz və o dünyada tanrı ilə qarşılaşdınız. O da sizdən “niyə mənə inanmadın ey bəndəm” soruşdu, nə cavab verəcəksiniz?

RUSSELL: Deyəcəm ki, ey Tanrı, sən də özünü daha aydın göstərsəydin!

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)