Edebiyyat.az » Proza » Nemət Mətin - Şahin və Qara.

Nemət Mətin - Şahin və Qara.

Nemət Mətin - Şahin və Qara.
Proza
admin
Müəllif:
18:04, 14 avqust 2021
1 553
0
Nemət Mətin - Şahin və Qara.


 
 Yanvar ayı küçədə yaşayan Şahin üçün əsl imtahan idi. Dayanacaqda avtobusların tüstü borusuna söykənib isinəndə  az da olsa, rahatlıq tapırdı. Gecələr isə yay fəslindəki kimi, parkda yata bilmir, zibillikdən yığdığı kağız və kartonlardan özünə ocaq qalayaraq birtəhər səhərin gəlməsini gözləyirdi. 
 Cırıq da olsa, iy versə də, dünən tapdığı qalın palto üçün sevinirdi. Heç olmasa, bu qış xəstələnməyəcək. Paltonun düymələri olmadığı üçün əlləri ilə onu özünə bükürdü. Kamaz altında qalmış əlcəkləri isə barmaqlarının donmasının qarşısını alırdı. Nikolaydan qalma ayaqqabısının bir tayı ağzını açıb nəfəs alırdı sanki. Digər tayına baxanda şükür etmək olardı. Başına bit düşməsin deyə əlinə qayçı keçdikcə saçını qırxırdı. Ovuca yerləşən əl güzgüsünə yalnız saçını qırxanda baxırdı. Üzünün çirkinə, dişlərinin rənginə və ən əsası, gözlərinin dərinliyinə baxa bilməzdi. Ruhdan düşməyi sevməzdi. Hər dəfə insanlarla söhbət edəndə gülümsəyirdi. "Necəsən?" sualına "Yaxşıyam" cavabı verirdi. Dükanın yanında köhnə bir döşəyin üstündə yatırdı. Dükana daxil olanlardan pul əvəzinə nəsə almaqlarını istəyirdi. Onsuz da onu dükana buraxmırdılar. Üst-başından gələn üfunət, sidik qoxusu isə adamı beş metrədən vururdu. Çimmək haqqında heç düşünmürdü də. 
 Bir dəfə dükanın yanında ocaq qaladığı üçün bütün obyetlərdəki insanlar bayıra çıxıb onu acılamışdılar. Az qala, apteki yandıracaqdı. Aptek dükana bitişik idi. Tüstüdən göz-gözü görmürdü. Şahin işin içindən yaxşı sıyrılmışdı, onu döyməmişdilər.
 Ona casus damğası vuranlar da var idi. Guya hansısa dövlət qurumuna xəbər ötürürdü. Lakin Şahinin çuğulluqla arası yox idi. Daha doğrusu, çuğulluğa saf qəlbində yer yox idi. İstədiyi adamı sayır, istədiyini də saymırdı. Bir adam xoşuna gəlməyəndə ondan uzaq gəzirdi.
 Təqribən, üç ay öncə gecə iki radələrində qarşısına it sürüsü  çıxmışdı... Hürən itlər onu vahiməyə saldığından qaçmağa başlamışdı. Qarşısına daha bir it çıxmışdı. Əyriqulaq itin baxışlarından yorğunluq yağırdı. İt hürməyə başlayanda Şahin ayaq saxlamış, ürəklənərək yerdən daşı götürüb itlərə atmışdı. Balaca it isə daha da bərkdən hürməyə başlamışdı. İtlər hərə bir tərəfə dağılışandan sonra Şahin sevincək halda iti qucağına götürüb sığallamış, o gündən özünə sadiq bir dost tapmışdı. 
 Şahin hara gedirdisə, it də onunla gedirdi. Zibilliyi bir yerdə eşələyib lazımlı şeylər tapırdılar. Şahin yediyi dönərin bir hissəsini itə verir. İt də öz növbəsində kəsilmiş quyruğunu fır-fıır fırlatmağa çalışırdı. İtə  ad qoymağı da unutmamışdı Şahin. "Qarağöz" qoymuşdu adını. Qısaca, "Qara" çağırırdı.
 Təxminən, beş ay öncə Şahini bir iş adamı ağ günə çıxarmağa çalışmışdı. O, əvvəlcə sevinmişdi. Ona verilən paltarları geyinmiş, saçını ömründə ilk dəfə bərbərdə qırxdırmışdı. Son bir ildə ilk dəfə idi çimib, ətirlənmişdi.  İlk iş günü cibinə əlli manat da qoymuşdular. Kiçik bir daxmada yer də vermişdilər. İlk baxışdan hər şey gözəl idi. Lakin Şahinin daxili aləmi evə yerləşmirdi. Tezliklə evdən qaçmışdı.
 Günlərin bir günü Şahin ağlaya-ağlaya hündür göydələnin qapısını təpikləyirdi. Onu sakitləşdirib nə olduğunu aydınlaşdıranda məlum oldu ki, binada işləyən jurnalist başını tovlayaraq ondan müsahibə alıb. Bəs, Şahin nədən narazı idi? Qəzeti yanındakına uzadıb qısaca "oxu" dedi. Bəstəboy, dolu oğlan müsahibəni oxuyub heç nə anlamadı. Üfunət iyi verən bomj nədən narazıdır, görəsən? Çox sağ ol de ki, səni qəzetdə çap ediblər. O, ürəyində düşünsə də, Şahinə demədi. Şahin oğlanın sual dolu baxışlarına cavabsız qalmadı:
—Görmürsən?! Adımı bomj yazıb. Mən ona tapşırmışdım. Mən bomja oxşayıram?! Hə?!
 Təəccüblənən oğlan Şahini sakitləşdirib yola saldı. 
 Günlər aylara qarışıb keçirdi. Hər kəs öz tələsdiyi işinin dalınca qaçırdı. Şahin isə yavaş-yavaş addımlayır, dilənir və nəsə tapıb eləyəndə sevinirdi. Kiçik xoşbəxtçilik ona olduqca böyük gəlirdi. İt də dilini bir metrə çölə çıxarıb onunla bir addımlayırdı. Hərdən ayaqlarına da dolaşırdı. Şahinin bir arzusu var idi: "Sabaha sağ çıxmaq". Vəssalam. Tez-tez taksafona diləndiyi pulu atıb anasına zəng edirdi. Qoca anası yeriyə bilmirdi. Qocalar evinə zəng vururdu. Hal-əhval tutub anasının nigaran ürəyinə su çiləyirdi. Anası hər dəfə ona qalın geyinməyi tapşırırdı. "Yeməyinə fikir ver, ay bala" deyirdi. Onun küçədə yaşadığını bilmirdi. Bilsəydi, bəlkə də ürəyi partlayardı. 
 Şahinin incə səs tonu var idi. Uşaq kimi gülə-gülə danışırdı. Küçədə yaşasa da, pul qazana bilərdi. Zibilliklərdən plastik və digər qabları yığıb təhvil verməklə pul qazana bilərdi. Amma etmirdi. Sakitlik "Qara"dan sonra ən yaxın dostu idi.
 Bu gün Şahini polislər apardı. Nə baş vermişdi, görəsən? Kimi öldürüb "məsum uşaq"? Kimin toyuğuna kış deyib? Yaxınlaşıb salamlaşdım. Polislərdən danışmağa meyilli olanı dilləndi:
—İstirahətə aparırıq Şahini. Qoy bir az dincəlsin. 
 Heç nə anlamadım. Arxalarınca baxdım. Çox uzağa getmədilər. Həmin istiqamətə gedəndə hər şey aydın oldu. Evsiz-eşiksiz insanların sığınacağı var imiş. Ora dəfələrlə Şahini aparsalar da, bir həftədən çox qalmırdı. Nəyin çatmır, ağ oğraş?! Yemək var, içmək var, çimmək var və nəhayət, rahat yatmaq var. 
 Şahin heç vaxt intihar haqqında düşünməmişdi. Çünki hələ anası yaşayırdı. Ona tövsiyələr verən, can deyib, can eşidən qayğıkeş anası...
 Bakının külək tutan küçələri Şahini uzaqdan tanıyırdı. Qoxusundanmı, yerişindənmi, yoxsa baxışındanmı? Bilmirəm. Şahin "evinə" qayıdanda Qara yenidən hürməyə başladı, quyruğunu buladı, Şahinin ayaqlarını iylədi. Görünür, Şahinlə Qaranı heç kim heç vaxt ayıra bilməyəcək.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)