Edebiyyat.az » Proza » Aydın Canıyev - Ona etibar edin!

Aydın Canıyev - Ona etibar edin!

Aydın Canıyev - Ona etibar edin!
Proza
Necef Esgerzade
Müəllif:
14:44, 28 avqust 2019
1 806
0
  Haqqında rəyim soruşulsa, ilk sözüm elə bu olacaq: “ona etibar edin!” Təəssüf ki, qardaşın qardaşa inamın itdiyi dönəmdə sevinirəm ki, Zamiqi tanıyıram!
 Zamiq Abdullayev fb-də tanıdığım, dostlaşdığım, məclisdə oturduğum ürək, söz, haqq adamıdır. Əslində onu yazılarıma və yazılanlara rəyləri, insanlara və həqiqətə, sözə ədalətli, vicdanlı və layiqli münasibəti mənə doğmalaşdırıb. Zamiq mənim gözümdə özünü şair-yazıçı kimi cəmiyyətə soxuşduran, gözə dürtən, “şair-yazıçı”lığına görə yeddi arxa dönənimizlə bizi “çoban” dədələrinə və “çobansalatı” yaradıcılıqlarına borclu çıxaran çoxlarından və elə bəlkə də hamısından çox yaxşı şairdir!
 Zamiq bu ədəbiyyatda yerini almağa 10 il gecikib – dünya, ümumilikdə isə ədəbiyyat çox amansızdır: Lermontov 27 yaşında 27 əsr oxunacaq əsərlərini ortaya qoymuşdu və gora salamat baş aparmamışdı! Ona görə ki, onu möhtəşəm rus oxucusu oxuyurdu və dostları Zamiqin dostlarından daha qəddar, daha qısqanc, ədəbi tənqidçiləri daha ləyaqətliydilər! Qiymətini verməyə qızırqalanmırdılar! Zamiqi oxuyanlar heç keçən əsrdən əvvəlki əsrin oxucuları, dostları və tənqidçiləri səviyyəsinə də qalxmayıb!
 Zamiq həyatda demirəm, ədəbiyyatda öz yerini almaq üçün hələ iki il də əlləşə bilər – Puşkin 39 yaşacan ömür yaşaya bildi, əsərlərinə əbədiyyət verməklə! Cəfər Cabbarlı, Mikayıl Müşfiq və başqalarından da nümunə götürə bilər!
 Ancaq... Zamiq həm də elə bir axmaq zamanda yaşayır ki, ədəbi ömürdən imtina etmək daha yaxşıdı. Ən azından 1 yaşlı qızı Dəspinə Xatuna yazdığı şeirin həyəcanı və anlamı bunu diqtə edir: 

 "Qızımın bir yaşına"


Gənclikdə özümü
qızını sevdiyim ataların yerinə qoyar,
qız atası olmaqdan qorxar,
Onların yerinə darıxar,
onların əvəzinə nigaran qalardım…
İndi qızımı sevdikcə
bütün qız atalarının yerinə qorxur, darıxır,
nigaran qalıram…
Məncə bütün qız ataları eyni cür darıxır,
eyni cür nigaran qalır,
eyni cür sevirlər.
Oğul atalarından iki,
Allahdan bir pillə yuxarı…
Oğullarını güləşdirər,
əsgərə yola salar, düşmən qabağına sipər edər,
bir az daha sərt sevərlər oğul ataları…
Hətta Tanrı da oğlunu çarmıxla sınamışdı,
yanına aparmazdan öncə…
Mən Tanrı deyiləm, qızım,
Mən oğlunun qolunun gücüylə,
qızının zərifliyiylə öyünən,
sevən,
qorxan,
darıxan,
nigaran qalan Atayam…
Kaş ki,
anaxaqanlığı dövründə doğulsaydın
mən də qorxmadan,
darıxmadan,
nigaran qalmadan
sadəcə səni sevsəydim…
 

Bu gün 37 yaşlı Zamiq Abdullayev üçün oğlu Fatehə yazdığı məsləhət-nəsihət şeir də... adidən adi, alidən ali insan üçün böyük bir simfoniyadır!  
 

Fatehə məktub
 

Ağlın kəsdiyində oxu bu şeiri,
Oxu..
Oxu gör atan nə yazır.
Bəlkə də mən görə bilmədim, balam
Sənin hərflərdən baş açıb, hər gün,
Şeir oxuduğun gözəl günləri...
Neyləyək həyatın qaydası budur,
Hər gün bir insana,
bir qəbir qazır...


Burda hər sətrimdə
sənə sevgini,
Səninlə döyünən qəlbi görərsən.
Bu şeiri yazarkən,
qəlbimdə ağrı,
Çiynimdə həyatın yükü var, amma,
Necə şirin-şirin uyumusan sən...


Sənə böyüdükcə, səni tanıyan,
Hər kəs deyəcək ki, atana oxşa...
Biri -  “savadlı ol sən, atan kimi”..
Biri - “ədəbli ol sən, atan kimi...”
Biri - “atan kimi yeyib-içən ol”,
Biri - “atan kimi “baz” ol deyəcək”...
Biri sənə baxıb atan kimisən,
Yurdu itirmədin - “sağ ol” deyəcək...
 

Amma, qulaq asma sən bu sözlərə,
Mənə oxşamağa çalışma heç vaxt.
Mən savad sahibi deyiləm, bala,
Savadlı deyənlər sənin atana,
Savadlı adamlar görməyib, vallah...
 

Mənim ədəbim də heç çox olmayıb,
Ədəbli adamlar görmüşəm, necə!
Həsəd aparmışam belələrinə,
Hərdən açıq-aşkar, hərdən gizlicə...
 

Mən öz səhvlərimdən danışsam sənə,
Bəlkə də atana asi düşərsən.
Bəlkə də mənə bu taleyi verən,
Ulu yaradana asi düşərsən...
Sən mənə oxşama, qısası, oğul,
Mən çəkən yüklərə dizin tablamaz...
Atanın çəkdiyi ağır dərdləri,
Kimsə çəkə bilməz, kimsə bacarmaz.


Bircə öz ananı incitmə, oğul,
Nə vaxtsa mən belə səhvlər etmişəm.
Anam oyaq qalıb səhərə qədər,
Hansısa gözələ qonaq getmişəm...
Qumar oynamışam, araq içmişəm,
Anam səhərəcən məni gözləyib...
Səhər it günündə evə gəlmişəm.
Anam, yazıq anam, baxıb halıma,
Danışıb, danışıb, danışıb sonra,
Yenə də üstümə kir gətirməyib,
Deyib ki, “balamı ya kimsə pozub,
Ya da ki, balama bədnəzər dəyib”
İncitmə ananı, incitmə oğul,
Onsuz da anamı incitdiyim tək,


Sənin ananı da çox incitmişəm.
Sən tut öz yolunu, doğru yolda ol,
Mən gedən yolları getmə, Fatehim!
Ağıla önəm ver, qurbanın olum,
Mənim səhvlərimi etmə, Fatehim!
Mən otuz yaşımda doydum həyatdan,
Heç vaxt mənim kimi btmə, Fatehim...

 
Və… bu gün nə İlon Mask olub Marsa maşın göndərmək önəmlidi, nə də Kainatın “böyük partlayış”dan yarandığını anlayıb, qeyri-səlis məntiq nəzəriyyəsi ilə cürbəcür texnikalar ixtira və istehsalata tətbiq etmək. Bu gün Azərbaycana qızını-oğlunu sevən, düzgün tərbiyə edən, doğru böyüdən valideyn olmaq da yetərlidir! Çünki…  biz hələ “qarşı binanın üzbəüz pəncərəsindəki qadın”ların sahibiyik!  
 
“Mələfə, qadın tumanı və...”
 

Qarşı binanın üzbəüz pəncərəsindəki qadın,
Saçları qıvrım, qızılı,
Gözləri mavi,
Bənizi solğun...
Qarşı binanın üzbəüz pəncərəsindəki qadın,
Barmaqlarının arasında siqaret,
Dodaqlarında səyirti,
Gözlərində kədər,
Çənəsinin dikliyində qəzəbli fahişə ədası...
Qarşı binanın üzbəüz pəncərəsindəki qadın,
Hikkəylə tüpürür siqareti,
içəridən onu çağıran kişinin səsinə...
Qarşı binanın üzbəüz pəncərəsindəki qadın,
Zivəyə paltar sərir,
Mələfə, qadın tumanı və beş yaşlı qızın
donları, koftaları...
bəs hanı bayaq onu səsləyən kişinin geyimləri,
O kişi burda yaşamırmı?

 
Mən Zamiqi həm də bu baxımdan dəyərli sayıram: insan hüquqlarını daha önərən bu əziz dostuma qızlarımızın, qadınlarımızın tapdanan haqqını qorumağı biz olmayan dönəmlərdə belə etibar edə bilərik. O bizim əvəzimizə də bu haqqı Qardaş, Dost, Ata əvəzi də təmənnasız qoruyar! Səhv etmirəmsə, Zamiq Zərdablı balasıdır: elə dostluğun saflığının, haqqın toxunulmazlığının, sözün sağlamlığının da ən yaxşı zərdabı elə Zamiqdir!
Davam etsin 37! Bu 37 elə 37 il də davam etsə, bəlkə onda yaddaşa qorxulu yox, sevimli bir 37 həkk olunar!
Sənə hansı yaşın xoş gəlir demisən öz statusunda, mənə Sənin bu 37 yaşın dəyərli gəldi, Zamiq: müdrik, ləyaqətli, həm də şərəfli!
Belə də davam et!
Təbriklərim ürəkdəndir – hesab et ki, cəmi bircə dəfə yığışdığımız məclis yenidən təkrar olunur! Əsədlə, Orxanla, Kəramətlə...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)