Edebiyyat.az » Proza » Axundova Gülnar - MƏMMƏD SƏİD ORDUBADİ "MOLLA NƏSRƏDDİN" YOLUNDA

Axundova Gülnar - MƏMMƏD SƏİD ORDUBADİ "MOLLA NƏSRƏDDİN" YOLUNDA

Axundova Gülnar - MƏMMƏD SƏİD ORDUBADİ "MOLLA NƏSRƏDDİN" YOLUNDA
Proza
Necef Esgerzade
Müəllif:
12:36, 14 oktyabr 2019
2 552
0
-

   Ədibin "Molla Nəsrəddin"ə gəlmə səbəbləri...

    

   1906-cı il aprelin 7-də "Qeyrət" mətbəəsində işıq üzü görən  "Molla Nəsrəddin" jurnalı  dövrün bir çox sənətkarları kimi Məmməd Səid Ordubadinin də yaradıcılığında böyük dönüş yaratmışdır. M.S.Ordubadinin bu jurnal ilə sıx bağlılığının səbəblərindən də biri C.Məmmədquluzadə ilə şəxsi tanışlığı olmuşdur. Yazıçı "Böyük ədiblə görüş" adlı xatirəsində bu haqda yazır: "Mən böyük ədibimiz Mirzə Cəlil Məmmədquluzadə ilə birinci kərə Şürbi Mirzə Cəlilin vasitəsilə tanış oldum. Gənc olduğum zaman Naxçıvana getmişdim, Naxçıvan şairlərindən Bala Əşrəf məni Şürbi Mirzə Cəlil ilə tanış etdi. Bu tanışlıq mənim Mirzə Cəlil Məmmədquluzadə ilə birinci kərə görüşməyim üçün zəmin yaratdı..."

   Ədibin "Molla Nəsrəddin" jurnalında iştirakının digər səbəblərindən biri isə Ömər Faiq Nemanzadə ilə sıx yaradıcılıq əlaqəsi idi. Hətta Ö.F.Nemanzadə onun "Qəflət" kitabına "Bir-iki söz" adlı müqəddimə yazmışdır. Bu jurnal ədibin həyatında bir cığır açmışdır. Özü üçün xüsusi üslub, janr müəyyənləşdirən ədib yaradıcılığında satirik üslubu sabitləşdirmiş, bu üslub ilə müxtəlif mövzuları canlandırmışdır. Mollanəsrəddinçilər cəbhəsinə qoşulan ədib dil məsələsinə də ciddi fikir verməyə başlamışdır.  Məhz "Molla Nəsrəddin" ədəbi məktəbi ilə sıx bağlı olduğuna görə 1908-ci ildə  jurnaldakı "Abunə dəftərimiz açıldı" adlı elannaməsində 10 nəfər müəlliflə bir sırada onu əsl mollanəsrəddinçi hesab etmişdir. M.S.Ordubadinin "Sabir və Molla Nəsrəddin" adlı səhnə əsərindən  də aydın olur ki, Ordubadi Sabiri və Mirzə Cəlili özünün ən yaxın silahdaşı hesab etmişdir.  

         

   "Politika aləmində", "Elmi-nücum", yoxsa "Naxçıvandan yazırlar"...?!

    
   Məmməd Səid Ordubadinin "Molla Nəsrəddin" jurnalında ilk çap olunan yazısı ətrafında müxtəlif fikirlər söylənilmişdir. Yavuz Axundlu  ədibin "Politika aləmində" adlı felyetonunu "Molla Nəsrəddin" jurnalında çap olunan ilk əsəri hesab etmişdir: "M.S.Ordubadinin "Molla Nəsrəddin" jurnalında ilk yazısı- "Politika aləmindən" adlı felyetonu məcmuənin 2 iyun 1906-cı ilin 9-cu nömrəsində "Hərdəmxəyal" imzası ilə çap edilmişdir"Kamal Talıbzadə əvvəli 1906-cı il 6-cı sayında imzasız, davamı isə 9-cu nömrədə çap olunan "Elmi-nücum" adlı felyetonu sənətkarın "Molla Nəsrəddin" dərgisində çap olunmuş ilk yazısı kimi qəbul etmişdir. Məmməd Səid Ordubadi yaradıcılığının araşdırılmasında böyük rolu olan Fəridə Vəzirova və Abbas Zamanov isə "Molla Nəsrəddin" jurnalının 1906-cı il 4-cü nömrəsində "Qafqaz xəbərləri" ümumi başlığı altında çap olunan "Naxçıvandan yazırlar" yazısını ədibin bu jurnalda çap olunmuş ilk məqaləsi kimi göstərmişlər. İmzasız verilən  bu məktubun M.S.Ordubadiyə aid olmasını biz ədibin  Respublika Əlyazmalar fondunda saxlanılan xatirələrindən öyrənirik. Kamal Talıbzadə bir məqaləsində bu felyetonun M.S.Ordubadiyə məxsusluğuna şübhə ilə yanaşmışdır: "M.S.Ordubadi tərcümeyi-halında (Respublika əlyazmalar fondu, M.S.Ordubadi arxivi, iş 135) qeyd edir ki, onun "Molla Nəsrəddin"də ilk əsəri 1906-cı il 4-də çap olunmuşdur. Halbuki, həmin nömrədə "Hərdəmxəyal" imzası ilə heç bir yazı nəşr edilməmişdir. Orada "Naxçıvandan yazırlar" adı altında imzasız bir məlumat vardır ki, bunun Ordubadiyə aid olub-olmadığını müəyyən etmək çətindir".  Həmin yazının dili və üslubuna baxsaq, Məmməd Səid imzasını görə bilərik.  "Molla Nəsrəddin" jurnalına yazılar göndərən ədiblərin öz bölgəsindən, o mühitin nöqsanlarından, mövcud vəziyyətdən yazması da mollanəsrəddinçilər üçün ədəbi vasitə idi. İmzasız olan "Naxçıvandan yazırlar" başlıqlı yazının  Məmməd Səid Ordubadiyə məxsus olması şübhə doğurmur.  O, bu yazısında Naxçıvan mühitini ustalıqla öz qələmindən keçirir: "Təəccüb burasındadır ki, məcmuə buraya çatan kimi Naxçıvan mahalını "çəyirtkə" basdı" (1906; 4). Ədib "Molla Nəsrəddin" jurnalının ilk buraxılışı və onun cəmiyyətə təsiri haqqında yazaraq  jurnalı qəbul etməyən əhalini kəskin tənqid hədəfinə çevirir, "bizə "jurnal" oxumaq yaraşmaz",-deyib dərginin şəkillərini uşaqlar üçün əyləncə, kağızını isə od qalamaq üçün vasitə hesab edən xalqı ifşa edir. 

 

    Hərdəmxəyal adamlar az deyil...

    

   Jurnalın bu nömrəsinin (1906; 4) maraqlı bir məqamı da ondan ibarətdir ki, burada görkəmli mollanəsrəddinçilərin - Sabir,  Əli Nəzmi və M.S.Ordubadinin                             bir-birilərindən xəbərsiz göndərdikləri ilk məqalələri imzasız olaraq çap olunmuşdur. Mirzə Cəlilin "Niyə məni döyürsünüz?!" felyetonu da məhz bu nömrədə imzasız olaraq çıxmışdır. Bundan sonra Ordubadi gizli imzalarla jurnala yazılar göndərməyə başlamışdır. "S.", "M.S", "Səid", "M.Səid", "Səid Hacağazadə", "Felyetonçu", "Tat", "Lüt", "Bəhayi", "Divanə", "Ruhi-reyhan", "Məsa", "Təəssübkeş", "Zığ-zığ" və başqa imzalarla müxtəlif qəzet və jurnallarda şeirlərini çap etdirən  Ordubadi "Molla Nəsrəddin" jurnalında "Hərdəmxəyal" imzası ilə tanınmışdır. Cəlil Məmmədquluzadə onunla görüşəndə: "Doğrudan da, xalqımızın içərisində hərdəmxəyal adamlar az deyil"- deyə bu imzanı çox bəyəndiyini söyləmişdir. Hətta sonralar Mirzə Cəlil özü də bəzi yazılarını bu imzada yazmışdır. "Hərdəmxəyal" imzası ilə bağlı Abdulla Şaiq ədib haqqında yazdığı məqalələrin birində belə qeyd edir: "Əvvəllər ziyalıların bir qismi "Hərdəmxəyal" imzası ilə yazılan mənzumələrin də "Hop-hop" tərəfindən yazıldığına inanırdı".

  

   Təqiblər, ölüm hədələri,  sui-qəsd...

         
   Ordubadinin mövzu müxtəlifliyi yaradıcılığında rəngarəngliklə öz əksini tapmışdır.  "Molla Nəsrəddin" jurnalı mövzu sərbəstliyini ədibin öhdəsinə vermişdir. 

Bundan sonra sanki onun istedadı qol-qanad açmış,  şeir və felyetonları ilə cəmiyyətə güzgü salmışdır. Cəmiyyət isə öz eybəcərliklərini görməyə tab gətirməyəndə bütün mollanəsrəddinçi kimi onu da Allahsız, dinsiz adlandırıb daş-qalaq etmişdir. Ədib "Molla Nəsrəddin" jurnalındakı iştirakına görə təqiblərə məruz qalmışdır. Özü bu haqda xatirələrində yazmışdır: "Əsərlərim artıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki iştirakım çoxaldıqca düşmənim də artırdı. Artıq mənə çayçı dükanlarında çay da verilmirdi".

     Hətta Məmməd Səid üçün sui-qəsd belə hazırlanır. Lakin təsadüf nəticəsində ədib sağ qalır. Məmməd Səid mehmanxanada şam edən zaman onu öldürməyə boyun alan Kəblə Zeynalı görür və  stoluna dəvət edir. Yeyib-içəndən sonra Kəblə Zeynal qılıncı yerə atıb tapdalayır və deyir: "Seyid, sən bilmirsən, bu xəncər böyük bir xətaya hazırlaşırdı. Səni öldürmək üçün vəzifəni mənə tapşırmışdılar. Bunda mənim qardaşım, Mehtixan, Orucəli Nəcəfov və sairləri də iştirak edirdi. Mən səni bir həftə əvvəl körpü başında  "Qaspər"in balkonunun altında öldürmək istədim, mümkün olmadı. İki gün əvvəl evinizdə yatdığın yerdə doğramaq istəyirdim, sən evdə olmadın. Bu gecə isə son gecə idi. Mən səxavətli və səmimi bir adamı məhv edəcəkdim. Lakin sənin bu günkü alicənablığın buna mane oldu. Ancaq buradan çıxıb getməyi sənə məsləhət görürəm". Bütün təqiblərə, təhdidlərə baxmayaraq, ədib qələmi yerə qoymur,  əksinə,  yaradıcılığını daha da inkişaf etdirir.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)